Əlibala Əhmədovdan yeni şeir...
Poeziya
- 12.06.2021
- 0 Şərh
- 15389 Baxış
Evli olduğunu
Başqasında olduğunu
hətta başqasından uşaqlarının olduğunu
sənin
başqasıyla birlikdə ailə olduğunu bilsəm də,
mən səninləyəm.
Həm çiyninin
Həm ürəyinin
Həm qaşlarının
Həm qəlbinin dadını bilirəm
Həm də sən varsan deyə yaşamağın bu dünyada necə şirin bir həqiqət olduğunu...
Bütün ömürləri boyu
Nə ərin nə uşaqların
görə bilməyəcək, mənim səndə tapdığım şeyi...
Nə öz uşaqlığımda
məni incidən uşaqları
nə velosiped dəmirinin
nə maşın təkərinin qoxusunu
nə insan qəhqəhəsini
nə də balıq onurğası kimi çirkinliyi ilə
ruhumu örtən keçmişin sıxıntılarını
pis gerçəklik kimi xatırlaya bilmirəm, səni düşünərkən.
Kaş ki bir gecəliyinə ala bilsəydim səni
ərinin
uşaqlarının
işinin
ailənin əlindən
kaş ki Tanrının cənnətə verdiyi təravəti
eşqimdən gözləyib
ən qırmızı almaları
ən ağ pərdələri
ən yumşaq və yaş yarpaqları səninlə birlikdə
bir otaqda tapa bilsəydim.
Kaş ki bütün axşamı ispanca mahnılar oxusaydım sənə
bir
fransız hərbçisinin mundirini geyinib sevgilisindən ayrılmış əsgərin obrazını canlandırsaydım gözünün qarşısında...
Kaş ki sənin qarşında
Kaş ki sənə həsr olunmuş halımda
məni görsəydin
Təəccüb etsəydin, bir gecəlik də olsa qüssə üzərində necə tam qalib olduğuma...
Kaş ki özün duysaydın
həmin xoşbəxt gecənin diş ağrısının kəsildiyi an kimi xoş olan səhərində
Səninlə
gözyaşlarımın belə şor deyil
şirin olduğunu...
Kaş ki, özün inansaydın buna...
İntihar etmək istəsəm
ağlıma gəlirsən
hətta həmin intihar sənin üçün olsa belə..
sənə aşiq olmuş
səni ərindən daha çox sevən
sənə uşaqlarından daha çox möhtac olan bir qoca kimi
hər şeyi bitirmık istəyirəm....
Bu dünyanı tükənmiş olsam da
bir aşiq kimi tərk edə biləcəm sən varsan deyə..