Acıdil Nobelçi - Çap olunmayan yazılar

Acıdil Nobelçi - Çap olunmayan yazılar

Mərhum tənqidçi Elnarə Tofiqqızının "Acıdil Nobelçi" yazısı
 
"Çap olunmamış yazılar" layihəsində:
 
Hazırcavab, acıdil, müdrik, təkrarsız, ən ciddi məsələyə belə qeyri-adi ironiya ilə yanaşmağı bacaran, güclü yumor hissinə malik insan… Corc Bernard Şou haqqında deyilən bütün fikirləri bu sözlər birləşdirir. Hətta Nobel mükafatına layiq görülərkən də Bernard Şou bunu istehza hədəfinə çevirmişdi: «Dinamiti kəşf etdiyinə görə bəlkə də Alfred Nobelin günahından keçmək olardı. Ancaq Nobel mükafatını yalnız bəşəriyyətin düşməni olan şəxs təsis edə bilərdi».
 
İngiltərənin dünyaya bəxş etdiyi bu irland əsilli dramaturq, musiqişünas və tənqidçinin həyata güclü sarkazm və ironiya ilə yanaşmasının səbəbi təkcə qeyri-adi düşüncə tərzindədirmi?
 
Bu suala cavabı onun həyat yolunda axtarmaq istəyənlərin məntiqini başa düşmək olar. Çünki bütün, pyesləri, məktubları, hətta adi danışığı belə sarkazma bürünən, ictimai xadimlərin ən çox istinad etdiyi Bernard Şounun həyatı çox çətin keçib.
 
1856-cı il iyunun 26-da Dublində anadan olub. Atası əvvəlcə dövlət qulluğunda çalışıb, daha sonra isə ticarətlə məşğul olmağa cəhd göstərib və biznesdəki uğursuzluqları getdikcə onun içkiyə qurşanması ilə nəticələnib. İstedadlı musiqiçi kimi anılan anası isə artıq içki düşkünü olan ərindən boşanıb və həyatını yenidən qurmaq üçün Londona köçüb.
 
Kübar nəslin davamçısı olsa da, ailənin düşdüyü vəziyyətə görə Corc Bernard Şou 15 yaşından işləməyə məcbur olmuşdu. Anasının ardınca, 1876-cı ildə Londona gələn Corc qısa müddətdə sonra sosializm ideyalarının təsiri altına düşdü və İngiltərə sosialistlərinin Fabian klubuna üzv oldu. Sosial bərabərlik, əmlakın ədalətli bölünməsi və hər kəsin təhsil haqqına sahib olması düşüncəsi ömrünün sonuna qədər Bernard Şounun sadiq qaldığı ideya idi. Bütün ziddiyyətlərinə və daxildəki totalitarizminə baxmayaraq, Şou Sovet hakimiyyətinə xüsusi rəğbətlə yanaşırdı, hətta Moskvaya səfər edərək, Stalinlə görüşmüşdü.
 
Uzun müddət çalışdığı sahələrdə heç bir uğura nail ola bilməməsi və  anasının aldığı cüzi təqaüdün ümidinə qalması, əlbəttə, gələcəyin məşhur və zəngin dramaturqunun xarakterinə təsirsiz ötüşə bilməzdi.
 
1885-90-cı illərdə populyar «Uorld» və «Star» qəzetlərinin teatr və məsiqi tənqidçisi olan Corc Bernard ziyalılar arasında artıq tanınırdı. Həmin illərdə ingilis yazıçısı D.Oden onu «bəlkə də bütün zamanların ən yaxşı tənqidçisi» adlandırmışdı.
 
Gələcəyini yalnız yaradıcılıqda görən, bunun üçün xüsusi həyat proqramı hazırlayan və gündə dəqiqliklə 5 səhifə yazan Corc Bernardın ədəbi taleyi onun üzünə çox gec güldü. 1891-ci ildə Avropanın nüfuzlu ədəbi simalarından olan norveçli İbsen haqqında yazdığı «İbsenizmi mahiyyəti» kitabçasından sonra teatr rejissoru T.Qreynin təkidi ilə ilk pyesini yazan Şou heç bir uğur qazanmadı. 1992-ci ildə ilk pyesi – «Dul qadının evi» ikinci tamaşadan sonra səhnədən yığışdırıldı. 1998-ci ilə qədər daha 9 pyes yazmasına baxmayaraq, heç biri səhnəyə yol tapmadı, əksinə, əxlaqsız qadınların həyatından bəhs edən «Missis Uorrenin peşəsi» adlı pyesi ümumiyyətlə senzuranın qadağası ilə üzləşdi.
 
Uğur 1997-ci ildə, okeanın o tayından gəldi. Artıq 41 yaşını tamamlayan dramaturqun ABŞ-da səhnəyə qoyulan «Şeytanın şagirdi» tamaşası çox böyük reaksiyalar doğurdu və Şounu bütün Amerikada məşhurlaşdırdı. 1903-cü ildə ABŞ-da maraqla qarşılanan «Kandid» pyesindən sonra artıq İngiltərə də öz dramaturquna sahib durmaq istəyini nümayiş etdirməyə tələsdi.
 
1904-cü ildə Londonun Kort teatrında oynanılan «Corc Bullun başqa adası» tamaşası Bernard Şounun Avropadakı məşhurluğunun bünövrəsini qoydu. Deyilənə görə, ingilis kralı VII Edvard pyesi izləyərkən o qədər gülmüşdü ki, oturduğu stol qırılmışdı.
 
1907-ci ilə qədər Şounun pseyləri Kort teatrının əsas repertuarını təşkil edirdi: «Kandid», «Yaşayarıq, görərik», «İnsan və fövqəlinsan», «Mayor Barbara», «Həkim dilemma qarşısında» və s. ABŞ-ın tanıtdığı irland dramaturqunu bütün Avropada məşhurlaşdırdı. 1904-07-ci illərdə Kort teatrında oynanılan 988 tamaşanın 701-i Şounun pyesləri idi.
***
Bernard Şounun həyatında növbəti eniş dövrü Birinci Dünya müharibəsinə təsadüf edir. «Müharibə sağlam ağıl baxımından» irihəcmli oçerki ilə İngiltərə və Almaniya arasındakı müharibəni kəskin tənqid edən Şou vətənpərvərləri ələ salır, onları günahsız insanları ölümə aparmaqda qınayırdı. Döyüş ruhuna zərbə vuran bu məşhur oçerkə görə Şou çoxsaylı hücumlara məruz qaldı, ölkəsindəki nüfuzu zərbə altına düşdü. Bunun ardınca, 1916-cı ildə baş verən İrlandiya üsyanını dəstəkləməsi isə ona baha başa gəldi: Şounu Dramaturgiya klubunun üzvlüyündən xaric etdilər, barəsində təhqiramiz yazılar yazan düşmənlərinin sayı çoxaldı.
 
Ancaq bütün təhqir və təqiblərə baxmayaraq, Şou müharibəyə qarşı münasibətini qətiyyən dəyişmədi və sona qədər mövqeyini müdafiə etdi, müharibəyə qarşı çıxışlarla bərabər, əsərlər də yazdı. «Ürəklərin qırıldığı ev» tragikomediyası müharibənin, günahsız insan qətliamının səbəbkarlarının mənəvi miskinliyi üzərində qurulmuşdu.
 
Birinci Dünya müharibəsi başa çatandan və döyüş eyforiyası ötəndən sonra müharibənin itkiləri, sarsıntıları, sağalmaz yaraları ilə üz-üzə qalan cəmiyyət Şounun vətənpərvərlik deyil, insanpərvərlik mövqeyinə dəyər verməyə başladılar.
 
1925-ci ildə isə «idealizm və hümanizmlə səciyyələnən yaradıcılığına, müstəsna poetik gözəlliklə müşayiət olunan satirasına görə» Bernard Şou Nobelə layiq görüldu. Dramaturq əvvəlcə mükafatdan imtina etmək niyyətini gizlətmirdi. Lakin xanımı – yarım əsr bir yerdə yaşadığı və ona övlad nəsib etməyən irland sosialisti Şarlotta Peyn Tausend - Nobel mükafatının onun şəxsində əslində İrlandiyaya verildiyini israr etdikdə, bu məntiq qarşısında geri çəkildi. Mükafatın pul hissəsini isə İsveç ədəbiyyatının ingilis dilinə tərcümə olunması üçün yaratdığı fonda keçirdi. Bu, o vaxta qədər Nobel mükafatı tarixində ilk hadisəydi. Onun bu addımını sonradan Boris Pasternak və Jan Pol Sartr təkrarladı.
 
Nobel medalını qəbul edən Şou mükafatın təqdimetmə mərasimində iştirakdan da qətiyyətlə boyun qaçırdı. Yada salaq ki, bir çox Nobelçi mükafatın təqdim edilməsi mərasiminə hazırlaşmaq üçün məşqlərə cəlb olunmalarını «aktyorluq və mənasız rəsmiyyət» adlandırsalar da, laureatların böyük əksəriyyəti təntənəli mərasimdən və kralın əlindən mükafat almaqdan imtina etməyib.
 
Yeri gəlmişkən qeyd edək ki, Bernard Şou həm Nobel, həm də Oskar mükafatı alan yeganə yazıçıdır. «Piqmalion» pyesi əsasında çəkilən filmə görə Şou 1938-ci ildə Oskar mükafatı qazanıb.
***
Bernard Şou özü haqqında danışarkən, təhsilin ona heç nə vermədiyini, daha doğrusu, mükəmməl təhsil almaq imkanından məhrum olduğu üçün yalnız öz üzərində işləmək və mütaliə ilə dünyagörüşünü inkişaf etdirdiyini bildirir, daha  çox Şekspir və Dikkensin əsərlərindən, «Min bir gecə nağılı»ndan, İncil və Qurandan bəhrələndiyini, bu kitabların onun təsəvvürlərinin formalaşmasında xüsusi rol oynadığını qeyd edir.
 
Təsadüfü deyil ki, Şounu Şekspirdən sonra İngiltərənin ən böyük dramaturqu adlandırırlar. Bernard Şounun Qurana və İslama münasibəti də hər zaman yüksək olmuş, gec-tez bütün Avropanın islam dinini qəbul edəcəyinə ömrünün sonuna qədər inanmışdır: «Mən həmişə Məhəmmədin dininə həyatiliyinə görə böyük hörmət hissilə yanaşmışam. Məncə, o, hər yerdə və hər zaman cazibəli və həyatın müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir» deyən Bernard Şou XXI əsrin sonuna qədər Avropanın xilas olmaq üçün İslam dinindən kömək umacağını xüsusi vurğulamışdı.
***
Şou yaradıcılığı ərzində iki məqama xüsusi sədaqət nümayiş etdirib: birinci, 70-ə yaxın pyes müəllifi öz sözünü güclü yumor və sarkazmla, lakonik dialoqlardakı dərin ironiya ilə ifadə edib. Əlbəttə, yaradıcılığının zirvədə olan vaxtında Şou realizmdən kənara çıxıb və müəyyən cəsarətli eksperimentlər aparmaqdan da çəkinməyib. Ancaq yalnız bir dəfə, Fransa qəhrəmanı Janna d Arkla bağlı yazdığı «Müqəddəs İonna» adlı yeganə tragediyasında öz ədəbi ənənəsini pozub.
 
Epistolyar janrda sistemli olaraq yazmaq vərdişinə isə sona qədər sadiq qalıb. Şounun uzun həyat yolu boyunca yazdığı 250 mindən çox məktub məlumdur. Bu məktublarda Bernard Şou beynəlxalq miqyasda ictimai-siyasi proseslərdən tutmuş teatr, ədəbiyyat və tənqidə qədər, müxtəlif mövzularda ictimai-siyasi və ədəbi-tənqidi baxışlarını yüksək peşəkarlıq və sadə üslubla qələmə alıb.
 
Bernard Şou həm də ömrünün sonuna qədər yazıdan ayrılmayan nadir istedad sahiblərindəndir. 1950-ci il noyabrın 2-də, 94 yaşında dünyasını dəyişən Şou son pyesini – «Bayandın milyardları»nı 1948-ci ildə yazıb.
***
«Cavanlıqda imkan vermirdim ki, ölüm qorxusu həyatımı idarə etsin, əvəzində isə yaşayırdım; siz isə yoxsulluq qorxunuzun həyatınızı idarə etməsi ilə razılaşırsınız, əvəzində çörəyiniz olacaq, ancaq yaşamayacaqsınız» deyən, insanları həyata fərqli gözlə baxmağa çağıran Corc Bernard Şounu ədəbi portretini həm də onun hazırcavablığı və çevik reaksiyası tamamlayır. Şounun əsərləri ilə tanış olmayanlar belə onun gözlənilməz vəziyyətlərdən çıxmaq qabiliyyətini özləri üçün həyat devizinə çevirir və bu böyük sənət adamını qiymətləndirməyi bacarırlar.
 
Bernard Şounun bu fitri qabiliyyəti yaratdığı bütün obrazlarda görünür və Şounu məşhur edən də sözü vaxtında, məqamında, obrazlı və yığcam demək istedadıdır.
 
1937.az