Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ)

Alpay Azər. Çinin Azərbaycandakı MTN-çisi, yoxsa...? (HEKAYƏ)

"Siyasi-psixoloji tipajlar” silsiləsindən

Müəllif qeydi: Anadolu türkcəsində gedən dialoqların bizim dildəki qarşılığı tam deyil, bəzi çətin başa düşülən sözlərin qarşılığı mötərizədə verilmişdir.


-  Alo.
-  Buyurun.
-  Ben Nazim beylemi konuşuyorum?
-  Evet, buyurun. 
   "Bu kimdi?” - Nazim  ona zəng edən adamı tanımadı.
-  Siz türkce konuşuyorsuzmu? - çinliydi, ya da koreyalı, ləhcəsindən o tərəflərdən olduğu bilinirdi.
-  Tabii, konuşuyorum.
- Sizinle azeriler demişken, danışan Çin Halk Cümhuriyyetinin Baküdəki büyükilçiliyinin (səfirliyinin) birinci katibi Çjimin Çzian. Ben burda bir az Azeri dilini öyrendim, - deyib güldü. - O yüzden yarıazeri, yarıtürkce konuşuyurum burdakı insanlarla, - güldü.
   "Azeri dili yox, Azərbaycan türkcəsi,” - Nazim mexaniki fikirləşdi.
-  Zaten ben de türkce aynen sizin kibi konuşuyorum, - Nazim dedi.
-  Anladığımca, siz Bakü Hazar Universtitesinin hocasısınız (müəllimisiniz).
-  Evet.
- Ben sizin ceb telefonunuzu çalıdığınız dekanlıkdan buldum, Nazim bey. Önce qazetelerden makalelerinizi okudum, çok hoşuma gitdi.
-  Teşekkür ederim... - çinlinin az əvvəl eşitdiyi adı yadından çıxdığından soruşmağa utandı.
-  Nazim bey, haftasonu nasıl, meşqulsunuzmu? Ben sizi Baküde Çin restoranına davet etmek istiyorum. Sizinle daha yakından tanış olmam için.
-  Hafta sonu?... Olur, müsaidim, o zaman görüşe biliriz.
- İyi. Onda ben size cuma günü öyle zamanı bir daha telefon ederim, nerde ve ne zaman görüşmemizi netleşdiririz (dəqiqləşdirərik). 
-  Olur. Teşekkür ederim, - az qaldı adını soruşsun Nazim, özünü saxladı. 
-  Rica ederim, Nazim bey.
-  Görüşmek üzere, güle-güle.

   "Bu, yüz faiz rezidentdi (1) , "verbovat” (kəşfiyyat məqsədilə öz tərəfinə çəkmək) eləmək istiyir məni, yəqin internetdə bir-iki məqaləmi oxuyub, ola bilsin, lap doğrudan bəyənib, sonra öyrənib ki, elə də yaşlı adam deyiləm, tez ələ almaq olar məni. Day bilmir ki, Nazimin bir dəfə başına gəlib artıq... Yaxşı, Çin hardan çıxdı? Adətən, belə işlərdə Rusiya, İran, ABŞ kəşfiyyatı qabağa düşür. Amma... Bir dəyqə... Nəydi o şirkətin adı. Hə, Sinopek. Deyəsən, bu şirkətin Şahdəniz 2-də payı var, yəni maraqları var Azərbaycanda.  O ölkədəki maraq var, məntiqlə orda kəşfiyyat da var. Üstəlik, dünya liderlərindən biri sayılan ölkə... Bu gün-sabah Amerikanı ötüb keçəcək. Adı da yadımda qalmadı bunun. Eybi yox, onsuz da zəng edəndə yenə adını deyəcək, nömrəsini adıyla bir yerdə telefonumun kontaktlarına yazaram... Ya bəlkə yazmıyım?... Zibilə düşmədik... A çinli, məni rusların FSB-si yoldan çıxarda bilmədi, indi sizin... Sizdəki nəydi? Ruslarda FSB, yəhudilərdə Mossaddı, amerikanlarda Mərkəzi Kəşfiyyat İdarəsi, sizinki məşhur olsaydı, adı dillərə düşərdi”.
   
  Nazim Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (məşhur MQİMO) aspirantı olanda, konfransların birində Azərbaycanın balanslı xarici siyasəti haqqında çıxış etmişdi. İki gün sonra instituta girəndə, birinci mərtəbənin dəhlizində alçaqboylu bir cavan oğlan onun qabağını kəsmişdi: "Serqey Vadimoviç, FSB-nin kapitanı”, - özünü təqdim edib qırmızı vəsiqəsini açıb göstərmişdi. Sonra Nazimin konfransdakı çıxışına qulaq asdığını, bəyəndiyini demişdi. "Təşəkkür edirəm, şad oldum,” - demişdi Nazim və o dəqiqə başa düşmüşdü ki, Bakıya dönmə ərəfəsində, - üç aydan sonra elmi işini müdafiə edəcəkdi, - FSB onu gələcəyin agenti kimi ələ almaq istəyir. 

   Serqey Vadimoviç Azərbaycanın MTN-iylə əməkdaşlıqlarından danışıb axırda onu öz idarələrinə dəvət etmişdi. Nazimsə sifətində təbəssüm dəvətə "yox” demişdi: "Serqey Vadimoviç, mən bura elm öyrənməyə gəlmişəm. Mən siz deyənlərdən deyiləm. Amma əməkdaşlıq təklif etdiyiniz üçün təşəkkür edirəm”. Serqey Vadimoviç Nazimin etika xətrinə dediyi axırıncı cümlədən tutub bir xeyli dil tökmüşdü, ("Cəmi bircə dəfə idarəmizə gəl, sonra səni qətiyyən narahat etməyəcəyik”), xeyri olmamışdı. "Elə hər şey bir dəfəynən başlayır”, - fikirləşən Nazim ondan aralanandan sonra özünü söymüşdü: "Təklifə yox deməyini başa düşdüm, bəs təşəkkür edirəm nə demək idi?” Sonralar təsadüfən bir-iki dəfə avtobusda Serqey Vadimoviçlər üz-üzə gələndə hər ikisi bir-birinə gülümsəyərək, başlarını tərpədib salamlaşmışdılar.

              *    *    *

  Şənbə günü "Honkonq” restoranında görüşdülər. 
-  Ne istersinizse söyleye bilirsiz ofisianta, - çinli diplomat menyuya diqqətlə baxan Nazimə ərklə dedi.
-  Teşekkür ederim, - "Serqey Vadimoviç”, sonuncunu Nazim ürəyində dedi, sonra başını qaldırıb gülümsədi, - Yemek işinde bana yardım etseniz iyi olur. Benim Çin yemekleri ile ilgili bilgim çok deyil.
-  Tabii, yardım ederim.
-  Bir de, çok üzr dilerim, sizin isminizi unutdum.
-  Ha-ha-ha, - diplomatlara xas məcburi-süni qəhqəhəylə güldü, - üzr dilemeye gerek yok, efendim. Ben sizi iyi anlıyorum, bizim isimleri hatırlamak zor bir iş. Cjimin ismim.
-  Evet, size Çjimin bey desem olarmı?
-  Olur, olur, tabii, - Çjimin güldü.
-  Sizde genelde nasil söyleyirler bey derken?
-  Sienşın.
   "Nə qələt elədim bu sualı verdim. Adı kimi, bu söz də yadımdan çıxacaq”.
-  Sienşın Çjimin o zaman? - Nazim soruşdu.
-  Aksi, Çjimin Sienşın, - çinli gülə-gülə cavab verdi. - Amma bunu söylemek zorsa, bey de söyleye bilirsiz, - Çjimin sanki Nazimin ürəyindəkiləri oxudu.
   Çinli balıq şorbası və ördək qızartması məsləhət gördü. Nazim "okey” deyib razılaşdı, eyni zamanda beynində təkrar-təkrar tələffüz etməyə başladı: "Çjimin, Çjimin... Bıy, cijimin. Əla, yadımda qalacaq. Olsun kişi variantında cijim”. Çinli bir daha Nazimin saytlarda, qəzetlərdə çıxan məqalələrindən söz saldı, onları həvəslə oxuduğunu deyib xeyli təriflədi, hal-hazırda nə yazdığını soruşdu. "Elə bil, mətləbə tez yaxınlaşırsan, ay cijim”.

-  Bir kaç gün sonra Azerbeycanın dış politikasında Asiya ülkelerinin yeri haqda bir makale yazmaq var planımda, - Nazim qəsdən, xoşa gəlmək üçün bunu dedi, hərçənd, elə bir şey yazmaq fikri yoxuydu.

   Amma o biri tərəfdən fikirləşdi ki, MTN-nin əks-kəşfiyyat işlərinə baxan zabiti çox güman, onların masanın üstündəki mobil telefonlarının dalğalarıyla danışıqlarına qulaq asır, və elə bilir, Nazim qəsdən Azərbaycanın xarici siyasətində Asiya ölkələri məsələsini deməklə əməkdaşlığa hazır olduğuna bir növ işarə vurur. Lap yaxşı pul versəydilər də, razılaşmazdı, heç milli maraqlar xatirinə belə MTN-lə bu cür əməkdaşlıq etmək həvəsində deyildi. Yaşı qırxı keçən Nazim ömrünün axırına qədər müəllimlik etmək fikrindəydi.

-  ...Oo ne güzəl, - çinli reaksiya verdi. - Azerbaycanın dış politikasında Asiya.
- Tabii, Çinin özel yeri olacak makalemde, - Nazim indi daha çox məzələnmək həvəsindəydi.
-  İyi.
-  Çin Amerikadan güclü olacak.
-  Yeminmisiniz? (Əminsiniz?) - çinli diplomat bic-bic gülümsədi.
-  Yüz faiz yeminim.
   "Qoy bir az sevinsin... MTN-miz lap qulaq assın. Heç vecimə də deyil. Dövlət sirri satmıram, ya gizli əməkdaşlıq-filan təklif eləmirəm ki, qara siyahılarına düşəm. İkincisi, heç bir mühüm dövlət postu da tutmuram ki, strateji sirr satmaq ehtimalı-filan olsun”.
-  Efendim, qazetelerdən okudum, Çin Şanxay İşbirliği Örgütündə (Şanxay Əməkdaşlıq Təşkilatı) lider olmaq üçün çabalar yapıyor (səylər göstərir.) - Nazim dilləndi.
-  Evet haklısız. Bütün ülkeler zaten bu dünyada lider olmaq için çabalar yapıyor.
   "Ay kişi, dünyada demədim, Şanxay Əməkdaşlıq Təşkilatında dedim”.
- Azerbaycan NATO-ya üye olmak isteyindemi? - çinli qəfil Şanxay Əməkdaşlıq Təşkilatından NATO-ya keçdi. "Uff, bu axı niyə belə sadəlövh sual verir. Guya bilmir ki, Azərbaycan hələ NATO-ya üzv olmaq istəmir”. 
-  Azerbeycan, biliyorsunuz, NATO-ya üye olmak istemiyor. Sebebler zaten belli. Biliyorsunuz, kuzeydə Rusiya, güneyde İran, şimdiki durumda üyelik geosiyasi acıdan mümkün deyil.
   "Davay keç o biri suallara”. Sonra ofisiant yeməkləri, təzə sıxılmış alma və portağal şirələrini gətirdi. Yeməyə başladılar, çinli asanlıqla iki barmağının arasında tutduğu çubuqlarla suşiləri qabdan götürüb bir-bir içəri ötürürdü. Nazim ördək qızartmasından yeyə-yeyə sözarası dedi ki, gələn dəfə sizi Azərbaycan mətbəxinə qonaq edəcəm. Çjimin sevindi, "Teşekkür ederim, hocam,” - dedi.

   Söhbət vaxtı məlum oldu ki, Çjimin Pekinin Xalqlar Univesitetinin türk filologiyasını qurtarıb, üstəlik, üç il ölkəsinin Türkiyədəki səfirliyində ikinci katib işləyib.

   Yaşıl çay içib durana yaxın Çjimin yanındakı stula qoyduğu portfelini götürdü, açıb ordan çıxardığı içi dolu bir paketi uzatdı Nazimə. "Nə tez?” Qıraq masalarda bir ailəydi (ər, arvad, iki məktəbli qız), iki ortayaşlı dostuydu,  bir də cavan sevgililər. Nazim əminiydi ki, onu izləyən ailə başçısı MTN-çidi, gözdən pərdə asmaq üçün ailəsiylə gəlib restorana.

-  Bu da size bir hediyye.
-  Oo, çok teşekkür ederim, - istədi, desin, "nə əziyyət çəkirdiz”, fikirləşdi ki, başa düşməz bu sözü.
-  Bi şey deyil, - Çjimin dedi..
   Metroda paketi aralayıb içindəkilərə baxdı: Çinin tarixi, gəzməli yerləri olan rəngli, sığallı kağızı olan qalın, ağır bir kitab və Çin səddinin yekə maketi. "Kitabdansa yaşıl çay qoyaydın”, - zəhləsi gedirdi o cür kitablardan, xarici ölkələrdə iştirak etdiyi cürbəcür konfranslarda yetərincə elə kitablardan hədiyyə etmişdilər ona, heç bir Asiya ölkəsində olmayan Nazim Pekini, ən əsası, Böyük Çin səddinin özünü görmək arzusundaydı. "Yəqin indidən məni şübhəyə salmaq istəmir. Mən okey verəndən sonra daha bahalı şeylər verəcək”.

   Nazimə ləzzət edirdi bu oyun, ürəyindən keçirdi, iki gün sonra MTN-ə çağırsınlar onu, çinliylə bağlı əməkdaşlıq təklif etsinlər, - Çjimindən hansısa lazım olan məlumatı qopartmaqçün. Çağırsaydılar, onunla söhbət edən əməliyyatçıya sonda deyəcəkdi ki, yox, filankəs məllim, bu iş mənlik deyil, mənim işim tələbələrə dərs deməkdi, savad verməkdi, müəllim kimi mən ölkəyə daha çox xeyir verirəm. Əminiydi ki, MTN-də onun əməkdaşlıqdan imtina etməyinə normal yanaşacaqlar. Sadəcə, prosesin özü ona ləzzət edirdi. 

  Təsəvvürünə gətirirdi ki, səhər on birə on dəqiqə işləmiş mühazirə dediyi vaxt 050 211-lə başlayan nömrədən ona zəng gəlir və avtomatik fikirləşir ki, görən hansı dövlət orqanından ona zəng edirlər.

-  Salam. Nazim müəllimlə danışıram? - mədəni tonda ortayaşlı bir kişinin səsi eşidilir.
-  Bəli, kimdi danışan?
-  Sizi Milli Təhlükəsizlik Nazirliyindən Rüfət Quliyev narahat edir.
-  Buyurun, eşidirəm sizi, - deyib rahat danışmaqçün dəhlizə çıxır.
-  Nazim müəllim, siz sabah nahar fasiləsi, yəni saat 1-2 arası istisna olmaqla, bizim nazirliyə gələ bilərsiz?
-  Hə, gələrəm, problem deyil. Amma bilmək istərdim, nə məsələdi?
-  Narahat olmayın, sizi çox saxlatmayacayıq. Qısa söhbətimiz olacaq.
-  Oldu, gələrəm.
- Nazirliyə daxil olanda aşağıda, postda öz adınızı, bir də, mənim adımı Rüfət Quliyev, deyərsiz, sizi buraxacaqlar. 
-  Neçənci mərtəbə, hansı otaq?
-  Narahat olmayın, onu da deyəcəklər postda. Hə, bir də, üstünüzdə şəxsiyyət vəsiqəsi olsun...

   Nazim biləcəkdi ki, MTN kimi idarələrdə qısa söhbətlər çox vaxt uzanır. Həvəslə gedəcəkdi ora. Söhbət hardasa bir saatdan çox çəkəcəkdi, əməliyyatçı nə qədər Nazimi Çjiminlə bağlı əməkdaşlığa cəlb etməyə çalışsa da ("Məllim, bəlkə bir-iki gün fikirləşəsiz? Biz hələ tələsmirik”), alınmayacaqdı onun bu niyyəti ("Yox, Rüfət məllim, mən dediyimi dedim artıq. Bu iş mənlik deyil”.) və sonda əməliyyatçı bikef halda Nazim müəllimlə vidalaşacaqdı. 

   Nazirliyin həyətindən çıxan Nazim dərindən nəfəs alıb, sakitcə özünə deyəcəkdi: "Elə mən də bunu istəyirdim”.

              * *  *

   Onlar İçərişəhərdə "Qala” restoranında oturmuşdular. Masanın üstünə yarpaq, tərəvəz dolması, ayran, salat düzülmüşdü. Bir azdan kabablar gələcəkdi.
-  Ben sizin yemekleri çok severim, - çinli yarpaq dolmasını həvəslə ağzına aparıb dedi.
-  Evet, bizim yemekler çox leziz. Ünlü dünya yarışmalarında bir kaç yıl önce birinci yer aldı bizim yemekler.
-  Öylemi? Ne güzel. Bunu ilk defa sizden duydum, doğrusu.
-  Evet, bizim yemekler Fransa, İtaliyan yemekleri gibi dünyada çok meşhur.
-  İyi, iyi.

   Sonra yeməklərdən yeyə-yeyə məişət mövzularına keçdilər. Aydın oldu ki, çinli də Nazim kimi evlidir, iki oğlu var, ikisi də ali təhsillidir, hərəsinin öz evi, işi var, amma hələ evlənməyiblər. 

 - O doğrumu, küresselşmeye (qloballaşma) rağmen, Çin ailelerinde patriarkat, yani erkek son söz sahibi? - Nazim soruşdu. 
-  Şimdi durum deyişmiş, indi bayanlar da ailelerde söz sahibi, - çinli qımışıb cavab verdi.
   "Deyəsən, arvadı bunun başında qoz sındırır”. 
-  Sizde nasıl, durum aynımi? - çinli soruşdu.
-  Bizde de aynı durum.

"Yəqin bu da mənim haqqımda eyni şeyi fikirləşir”.

- Tabii, dünya deyişir, küreselleşme gelenekleri etkiliyor (Qloballaşma ənənələrə təsir edir).

   Çjimin söhbəti davam eləmək həvəsindəydi, Nazimsə bilmirdi nədən söz salsın ki, tək yeməklə məşğul olmasınlar. Araya cansıxıcı sükut çökdü. Sonra çinli yenə  yeməklərdən söz saldı, aydın oldu ki, döymə kababı çox xoşlayır, buna görə naharı çox vaxt "Tonqal” restoranında edir. "Bu, indi bilmir ki, mətləbə necə gəlsin. Yazığı qınamaq da olmaz, tapşırıq veriblər, yerinə yetirməlidi. Maaş alır axı buna görə”.

   Masaya çay gələndə, Çinin bu gün dünya iqtisadiyyatına meydan oxuya-oxuya, dünyaya inteqrasiya edə-edə öz adət-ənənələrini qoruyub saxlaya bilməsindən danışdılar. Və Çjimin gələn dəfə görüşmək arzusuyla Nazimlə sağollaşdı.

   "Bu dəfə heç cəhd eləmək bir yana, cəhdə yaxın da heç nə eləmədi. Yəqin təlimatı verən belə öyrədib: birdən-birə olmaz, başa düşər, qaçar səndən. Maraqlıdı, bizim MTN-də bu işlərə baxan adam bizim söhbətlərə qulaq asıb nə fikirləşir? Nə fikirləşəcək? Aparatın qabağında oturub gözləyir ki, mən görüşlərin birində pula şirnikləşəcəm. Bundan sonra  zabit öz müdirinə məruzə edəcək, başlayacaqlar məni izləməyə və lazım olan anda MTN-nin operativ əməliyyatçıları qandalları keçirəcəklər nazik biləyimə”.

   Onlar nəhayət, üçüncü dəfə "Mado” restoranında görüşdülər. Nazim əminiydi ki, bu görüşdə yoldaş rezident nəhayət, yavaş-yavaş mətləbə keçəcək. Suşidən yeyə-yeyə Çin fəlsəfəsindən, Konfutsinin pritçalarından danışdılar. Masaya yaşıl çay gələndə, Çjimin əsas məsələyə bir az yaxınlaşan kimi oldu: balaca çantasını açıb içindən iki yerə qatlanmış qalın bir kağız çıxarıb Nazimə uzatdı.

-  Bu, size davetiyye, iki ay sonra, noyabrda Pekində baş tutacak uluslararası konferansa azeriler demişken, davet mektubu.
-  Oo, teşekkür ederim. Konu ne? (Mövzusu nədi konfransın?) - Nazim dəvətnaməni götürüb açdı. - Gördüm, Çinin dış politikasında Güney Kafkas ülkelerinin yeri, - ingilis dilində yazılmış konfrans mövzusunun adını tərcümə etdi. - İyi, sayın Çyimin. Bir daha teşekkür ederim.
-  Vizayla ilgili zaten sorun olmayacak. Onu bizim sefirlik hall edecek.
-  İyi, teşekkür ederim, konu da iyi. Ben önce universitetimizdən izn alıb, iki gün sonra size telefon ederim.
-  Tabii, acele etmeyin. Zaten konferans iki ay sonra olacak. Fazla zamanımız var.

              *    *    *
-  Əlbəttə, icazə veririk, - dekan Nazimin adına gələn dəvətnaməyə göz atıb konfransda iştirakına etiraz etmədi. - Sən indi götür rektorun adına ərizə yaz ki, filan-filan tarixlərdə Pekində filan mövzuda beynəlxalq elmi konfransa dəvət almışam. Öz hesabıma Pekinə elmi ezamiyyətə icazə vermənizi xahiş edirəm. 

   Nazim kəşfiyyat haqda kitablar oxumuşdu deyə, bir az o sahədən başı çıxırdı, bilirdi ki, Pekindəki konfransa rahatca gedə bilər, çıxış edər, ən əsası, restoranda, ya oteldə onu "yoldan çıxarmağa” gəlmiş xüsusi xidmət orqanının gülərüz əməkdaşının qarmağına düşməyə bilər. Ən azından, FSB-dən imtina etmək təcrübəsi vardı. Amma o biri tərəfədən, fikirləşirdi ki, bu çinlilər göründükləri kimi axmaq, sadəlövh deyillər axı? O boyda təyyarə, beş günlük otel, yemək puluna xərc çəkirlər, hər halda mənim bunların təklifindən imtina etməyim ağıllarından keçə bilər. "Yenə də adamın ağlına seks şantajı gəlir. Fikirləşərlər ki, ehtiraslı qafqazlı, gözəl çinli qızı görüb dayana bilməyəcək və sonda məsələ çarpayıda həll olunacaq, sonda isə "Bizlə əməkdaşlıq etməsən, videonu yutuba, feysbuka qoyacayıq” şantajı. Yaxşı, deyək ki, gülərüzlü, incəsəsli, qönçə ağızlı çinli qız tapşırığa uyğun lap oteldəki nömrəmə qonaq gəlmək istədi. Buna da mədəni şəkildə "yox” demək olar. Deməli, seks  şantajı variantına bir quş. Bəs başqa hansı yola əl ata bilərlər?”

   Çinə getmək ehtirası baş qaldıranda isə Nazim başqa cür düşünməyə başlayırdı: "Çinə pulsuz getmək şansı, Allah bilir, bir də nə vaxt əlimə düşəcək. Hər şey adamın özündən asılıdı, səni "verbovat” eləmək istiyirlər, ayıq ol, artıq-əskik hərəkət eləmə, hər çağrılan yerə getmə, höküməti tənqid eləmə, de ki, uğurlu daxili və xarici siyasət aparır ölkəmiz, üstəgəl Dünya Bankının hesabatına görə keçən il iqtisadi artım sahəsində birinci yer tutmuşuq, Avroviziya-filan. O biri tərəfdən, hər şey Allahın əlindədir, əgər alnıma yazılıbsa, hansısa səhv edə bilərəm, ilişərəm, bir sözlə, taledən qaçmaq olmaz məsələsi. Bir də ki, bu, nə axmaq xasiyyətdi məndə, bəlkə elə doğrudan məqalələrim cijimin xoşuna gəlib, mənlə tanış olandan sonra ikiqat simpatiyası yaranıb mənə qarşı. Hər halda, mən də ona qarşı diqqətcil olmuşam, milli restorana dəvət, söhbətlər-filan. Konfransdan da xəbər tutub, tanıyır məni, savadıma bələddi deyə, məni dəvət eliyib, yaxşı jest eləmək istəyib. Mən niyə axı bunu o dəyqə pis yerə yozuram?”

   ...Nazim Pekində Hilton otelinin yeddinci mərtəbəsinin "single room”undan kədərli-kədərli şəhərə baxırdı. Əl-üzünü yuyub restorana səhər yeməyinə düşəcəkdi. "Çox güman, birinci gün cəhd eləməzlər”. 

   Konfrans iştirakçılarının qeydiyyatı gedirdi. Çantasını, proqramı götürüb, Mr. Nazim Gurbanov, Azerbaijan yazılmış bədcini boynundan asıb foyedə gəzişə-gəzişə konfransda tanış olacağı adamlara nəzər yetirməyə başladı. Bu vaxt cavan bir oğlan ona yaxınlaşıb mədəni şəkildə bizim dildə soruşdu:
-  Bağışlayın, siz Azərbaycandan gəlmisiz?
-  Bəli. Sizi də bu konfransa dəvət edilər?
- Elədi. Mən də sizin adaşınız Nazim Qasımov. Səfirliyimizin birinci katibi, - deyib əlini uzatdı. - Bədcinizdə adınızı oxudum, - gülə-gülə barmağıyla Nazimin bədcini göstərdi. - Mən bilən, Nazim adını ancaq bizdə qoyurlar, başqa millətlərdə bu ada rast gəlməmişəm.

"Əks-kəşfiyyatçıdı bu”.

-  Hə, lap yaxşı. Bir də, adaş öz adaşını tez tapar.
-  Elədi, - səfirliyin birinci katibi güldü.
-  Maraqlıdı, deməli, bu konfransa səfirlik nümayəndələrini də çağırırlar.
- Adətən, çinlilər beynəlxalq konfranslarda səfirliyə də dəvət göndərirlər. Ölkənin imici məsələsinə görə... 
   Sonra standart suallar başladı: ”Təyyarəylə Bakıdan Pekinə necə uçduz?” "Oteldə rahat yerləşə bilmisiz, xoşunuza gəlir?” "Bakıda işləriniz necədir?” və s. Cavablar da elə standart idi. "Yaxşı”, "Rahat oteldi”, "Pis deyil universitetdəki işlərim, şükür, hər şey qaydasında gedir”.
-  Sizi burda bir türk restoranı var, axşam sizi ora dəvət edirəm, - birinci katib dedi.
-  Vallah, nə əziyyət çəkirsiz. Çinlilər burda bizi nətəər lazımdı, yedizdirirlər.
-  Qətiyyən əziyyət deyil, məllim, xoşdu bizə. Sizə bir şey deyim, mən başqa ölkələrin səfirliklərində də işləmişəm, yəni konfranslara gələn azərbaycanlılarla görüşmüşəm İki ildir burda işləyirəm, düzü, ilk dəfədir, beynəlxalq konfransda iştirak edən aəzrbaycanlı ilə rastlaşıram.
-  Hə, lap yaxşı. Bilsəydim, burda sizlə tanış olacam, sizə Bakı paxlavası gətirərdim. 
- Yox, məllim, o mənada demədim, - birinci katib güldü.
-  Elə mən də o mənada demədim, - dosent də ona qoşulub güldü.

   Axşam saat yeddidə otelin lobbisində görüşməkçün sözləşdilər, birinci katib səfirliyə, Nazimsə artıq konfransın başladığı zala keçdi. Elə oturan kimi gözünə dəyən adamların sifətinə guya etinasızcasına baxmağa başladı. Onu agent etmək istəyən adamı müəyyən etmək istədi, elə bildi, həmin adam da bu dəqiqə ona yalançı etinasızlıqla baxır və bu baxışlardan həmin "verbovşiki” tezcə tanıyacaq. Baxdı, baxdı, amma müəyyən edə bilmədi o adamı, başa düşdü ki, ona etinasızlıqla baxan adam "verbovşik” olmaya da bilər. Eyni zamanda Nazimə elə gəldi ki, səfirliyin birinci katibi ona diqqət göstərməklə hardasa işarə vurur ki, ehtiyatlı ol, nəzarətdəsən, artıq-əskik hərəkət eləmə. "Normal. Nə deyim, ayıqdırlar, sükanı belə saxla MTN,” - dosent fikirləşdi.

   Artıq konfransın plenar iclası qurtarmışdı, camaat nahara tələsirdi. Bir saatdan sonra mövzular üzrə çıxışlar, müzakirələr başlayacaqdı. Zaldan çıxıb ora-bura baxa-baxa fikirləşdi ki, alimlərə yaxınlaşıb tanış olmaq lazımdı. Liftə tərəf bir neçə addım atmışdı ki, Çjimini gördü. Hər ikisi təbəssümlü baxışlarla bir-birinə baxaraq, ürəklərində ani olaraq sanki belə bir qısa dialoqa girdilər.

   Nazim: "Axı sən deməmişdin, özün də Bakıdan vurub bura konfransa gələcəksən?”

   Çjimin: "Düzdü, deməmişdim, amma tələsmə o dəyqə məni kəşfiyyatçı hesab eləməyə, indi başa salaram sənə bura gəlməyimin səbəbini”. Bu gizli dialoqdan az sonra yaxınlaşıb əl verdilər bir-birilərinə.

-  O selam aleykum, Nazim bey.
-  Aleykum salam, Çjimin Şiensın.
-  Oo, siz aynen çinliler kibi, yani aksentsiz o kelimeni telaffuz etdiniz.
-  Doğrumu? 
-  Evet, evet.
-  Nazim hoca, size bir iyi haberim var. Azerbeycanın dış işləri bakanı bizim ülkemize üç gün sonra safer edecek. Bizim bakanlığın talimatıyla geldim, - Çjimin dedi.
   "Sən dedin, mən də inandım. Hamısını əvvəlcədən qurmusuz... Yaxşı, Nazim niyə bu barədə heç nə demədi”.
-  Çox güzel, Çjimin. Sizi gördüm, çok mutlu oldum. Sizi görenden sonra benim burda tek olmam zaten mümkün deyil.
-  Tabii, tabii. Bu akşam umarım, müsaidsiniz.

   Nazim istədi desin, bir az əvvəl səfirliyimizin burdakı birinci katibiylə tanış olmuşam, məni axşam restorana dəvət edib, fikrindən vaz keçdi. "Nəyə lazımdı axı buna artıq informasiya vermək?” Az sonra başqa cür fikirləşdi: "Əşi, məni izliyirlərsə, onsuz da görüblər kiminlə danışmışam”.

-  Müsaid deyiləm, bir arkadaşımla randevum var.
-  Sizin burda arkadaşınız var?
-  Evet, əski zamanlarda aynı universitedə okuduk, - tezbazar bunu da uydurdu Nazim.
-  Yarın akşam nasıl? Senin uçağın o biri gün, demi?
-  Evet bir gün sonra. Yarın akşam müsaidim.
- Pek iyi, sizi Vanfuçin sokağında ünlü, eski tarihi olan bir Çin restoranına aparırım.
-  Olur, teşekkür ederim.
-  Okey, ben o zaman yarın akşam konferans bitene yakın bura gelerim, sizi alıb arabayla gederiz restorana.
-  Teşekkür ederem. Çok mutlu etdiniz beni.
-  Tam aksi, Nazim bey. Siz bizim ülkeye gelmekle bizlere mutluluk verdiniz.

   "Ehh, görən bu mutluluğun axırı necə olacaq? Bu mutluluğu burnumdan gətirməsəz yaxşıdı”. Ayrıldılar, səfir Nazimə "Afiyet olsun” arzuladı. Nazim plenar iclasda tanış olduğu alman Tomasla bir yerdə restorana düşdü. Sinidə yemək götürüb boş masaların birinin arxasında oturdu. Az sonra həmin masanın arxasında yeməkləriylə birlikdə avropasifətli iştirakçılar da oturdular.  

   Yemək yeyə-yeyə yazdıqları elmi işlərdən danışmağa başladılar. Berta İsveçdən gəlmişdi, "Çinin xarici siyasətində Böyük İpək Yolu” mövzusunda doktorluq işi yazırdı. Tomas "Çinin Cənubi Qafqazda geosiyasi maraqları” mövzusunda ABŞ-ın Marşal Fondundan qrant udmuşdu. Söhbət vaxtı Nazim onların ənənəvi suallarına, - Azərbaycanın balanslı xarici siyasəti yenə də özünü doğruldurmu, prezident İlham Əliyevin NATO-ya münasibəti necədir, yeni neft ehtiyatları tapılıbmı - cavab verəsi oldu. Cavablar xüsusi yaradıcı yanaşma-filan tələb etmirdi deyə, Nazim danışa-danışa fikirləşirdi, görəsən, "verbovka” işində bu gün çinlilər nə edəcək, bizim MTN-çilərdən kimsə onu izləyirmi. Hansısa saytdan oxumuşdu ki, xüsusi xidmət orqanlarında kimyəvi maddələr var ki, gizlincə yeməyinə, suyuna, ya çayına atdıqları adamı  istədikləri kimi idarə edirlər. Qəfil Nazim təşvişə düşdü, ağlına gəldi ki, sabahkı restoran qonaqlığında onun yeməyinə o cür məhluldan-zaddan atarlar və Bakıya qayıdanda, Çjimin istədiyi kimi onu idarə edər. "Neyniyim? Yemək yeyəndən sonra qaçım tualetə, barmağımı boğazıma soxum, qusum və axırda Pekin səfərim sözün əsl mənasında burnumdan gəlsin? Yox, daha doğrusu, ağzımdan gəlsin”.

   Nahar edib restorandan çıxmağa hazırlaşırdı ki, bir nəfər ona yaxınlaşıb ərklə qoluna girdi, rus dilində gülə-gülə dedi:
-  Siz azərbaycanlıları harda görürəmsə, elə hey balans siyasətindən danışırsız.
   Ona tərəf çönən Nazim az qala qışqırdı:
-  Oo Mişa! Sən burda neyniyirsən?
-  Sözümü kəsmə, Nazim, sualıma cavab ver. Sizin balans siyasətinin axırı olacaq, ya yox?
-  Yox, Mişanya, bu siyasət ən azından üçüncü dünya müharibəsinə qədər davam edəcək.

   Mişa, yəni Mixaillə Nazim MQİMO-da aspiranturada eyni vaxtda oxumuşdular. Nazim Bakıya qayıdandan sonra Çinin post-Sovet məkanında xarici siyasəti haqda dissertasiya yazan bu adamla bir müddət imeylləşsə də, sonralar səbəbsiz-filansız araları soyumuşdu, yazışmamışdılar daha.

-  Onda, - Mişa balans siyasəti mövzusunu davam etdirmək həvəsindəydi. - Yəqin Türkiyə ikinci dünya müharibəsində necə hərəkət edirdisə (2) , siz də o cür siyasət aparacaqssız, düz başa düşdüm səni?
-  Düz başa düşdün.
-  Nazim, təxmin edirdim bu cür cavab verəcəksən. Gedək bara, yaşıl çay içək. O vaxt sən mənə, nə idi o stəkanın adı? Hə, yadıma düşdü, armudu stəkanda çay verirdin.  Nə qədər ki, burdayıq, bunların yaşıl çayından içməliyik. 
   Yaşıl çay içə-içə Mişa elə hey Putinin daxili, xarici siyasətini yıxıb-sürüyürdü, Nazimə elə gəlirdi ki, qarşısında oturan kəşfiyyatçıdır, onu provokasiyaya çəkmək istəyir, gözləyir ki, o da öz ölkəsinin iqtidarını, prezidentini tənqid etsin. Nazim əminiydi ki, Mişanın masanın üstünə qoyduğu Samsunq telefonun diktofonu quruludur.
-  Qulaq as, - Mişa səbirsizliklə dedi. - Bayaqdan mən öz hökumətimizi, prezidentimizi tənqid edirəm. Sən niyə özününküləri tənqid etmirsən?
"Deyirəm də. A kişi, Serqey Vadimoviç o vaxt bacarmadı mənnən. Mənə də gəlmə də.”
-  Mənim sahəm ancaq balanslı siyasət məsələləridir, o sahədə də bildiyin kimi tənqidə yer qalmır, - Nazim bic təbəssümlə cavab verdi.
-  Ha-ha-ha, yenə balans siyasəti. Nazim, - Mişa ona tərəf əyildi. - fərz edək, sən Azərbaycanda strateji qərar qəbul edənlərdən birisən, lap deyək, prezidentsəm. Rusiya ilə münasibətləri necə qurardın?
-  Çalışardım Rusiyanı öz tərəfimizə çəkim.
-  Necə?
- Yaxşı, bayaqdan sən sual verirsən, gəl indi də mən sənə sual verim. Sən Rusiyanın prezidenti olsan, Qarabağ məsələsində bizim xeyrimizə nə edə bilərdin?
-  Bu, asılıdı sənin Rusiya üçün edəcəyin güzəştlərdən, - Mişa elə ciddi sifət aldı ki, sanki bu gün-sabah Rusiya siyasətində söz sahibi olacaqdı.
-  Hərbi baza?
-  Hə.
-  Bir alay.
-  Azdı.
-  Ürəyindən diviziya keçir?
-  Ən azından, - rus bic-bic gülümsədi. - Amma tək diviziya ilə...
- Oxx, Mişa, -sözünü kəsdim, - on yeddi milyon kvadrat kilometrlik ərazisiniz var, yenə balaca dövlətlərdən güzəştlər istəyirsiz. Nəysə, gəl siyasətdən danışmayaq. De görüm, evlənmisən?...

              *    *    *
   Nazimlər axşam türk restoranında oturub ayrandan qurtum ala-ala çoban salatı, Urfa kababı yeyirdilər. Birinci katib Nazim bu ölkənin artıq yeməklərindən tutmuş çinlilərin çox şeylərinə öyrəşməyindən, tədbirlərdən-filandan, dosent Nazimsə Xəzər universtitetində dərs deməyindən danışırdı. Dosent söhbəti Azərbaycanın xarici işlər nazirinin yaxın günlərdə Pekinə səfər etməyinə gətirib çıxardı və birinci katib həvəslə bu barədə danışmağa başladı: "Məllim, təsəvvür eləməzsiz, işlərimiz nə qədər çoxdu. Buranın protokol idarəsiynən danışmaq bəzən zülümdü, çinlilər də çox gec başa düşən millətdi, rus dilində, ingilis dilində elə danışırlar ki, cümlənin yarısını başa düşmək olmur”. 

   Nazim söhbət edə-edə bayaqdan beynini deşən sualı vermək istəyirdi: ”Qardaş, bir şey soruşum, bu cür tədbirlərə gələnləri Çin kəşfiyyatı "verbovka” etməyə cəhd göstərirmi?” Amma başa düşürdü ki, bu ritorik sualla hardasa özünü axmaq yerinə qoymuş olacaq. Kəşfiyatdan bir az başı çıxan adam bilir ki, tədbirlər-filan bir yana, istənilən ölkədə xüsusi xidmət orqanları yüz cür oyuna əl atır ki, lazım bildikləri adamı əməkdaşlığa cəlb etsinlər. 

-  ...Məllim, sizi təşkilatçılardan aeroporta aparan olacaqmı? - ayrılana yaxın birinci katib soruşdu.
-  Hə, narahat olmayın, aparacaqlar, söz veriblər.
-  Bir şey lazım olsa, əlaqə saxlıyarsız, - deyib vizit kartını adaşına uzatdı.
   Səfirliyin maşını onu otelə gətirdi. Otaqda televizorun pultunun düymələrini bir-bir basaraq kanallarda maraqlı bir veriliş-filan tapmayıb sabahkı çıxışı, ən əsası, sabah axşam Çin restoranında onu gözləyən qonaqlıq barədə fikirləşdi. "Ayıq olmaq lazımdı, ayıq”. 
   Yatmamışdan əvvəl noutbukunu açıb internetə girdi, yandex.ru, google.com-da Çində verbovkayla bağlı məlumatlarla tanış olmağa başladı. "Hmm, bunlar bizimkilərlə adaş imişlər ki”.  Çində də kəşfiyyat, təhlükəsizlik işlərinə baxan qurumun adı Milli Təhlükəsizlik Nazirliyi idi. Daha sonra Nazim Çində xariciləri agent kimi ələ almaq, onlara işləmək qaydalarıyla bağlı bir-iki saytla tanış oldu: standart vasitələrdən istifadə olunurdu, - qız, pul, ölkəyə ideoloji simpatiya və sairə.

              *    *    *

   Konfransın ikinci günü Nazim seminarda çıxış elədi, suallara cavab verdi, iştirakçıların çoxunun onu maraqla dinləməyindən belə nəticəyə gəldi ki, yaxşı alınıb çıxışı.

   Nəhayət, axşam Çjiminlə restoranda oturub Çinin milli yeməklərindən təam edə-edə söhbət edirdilər. Nazim konfransa dəvətə görə bir daha təşəkkür edib hər şeydən çox razı qaldığını dedi. Danışa-danışa Nazim ürəyində elə hey deyirdi: "Cijim, keç mətləbə, uzatma görək, bilirəm, planında var, təlim də keçmisən, nəyi, necə demək lazımdı-filan. Başla görək”. 

-  ...Siz Çinin Azerbaycanla ilişkilerinin iyi olmasını isterdinizmi?
   "Guya yavaş-yavaş yaxınlaşır məsələyə”.
-  Tabii isterim. Zaten ilişkilerimiz iyi, - Nazim cavab verdi. - Nasıl düşünürsüz? Azerbaycan ve Çin strateji partnyorlar sayıla bilirmi? - özü suala keçdi.
   "Heç hənanın yeridi, bu nə sualıydı verdim,” - tez də ürəyində peşman oldu verdiyi suala.
-  Ola bilir. Hatta ben şöyle söylemek istiyorum. Azerbaycanla Çin tek strateji partnyor degil, strateji muttafıklar olmalı, demi?
-  Evet haklısız.

   "Nəysə, bununla hər dəfə görüşlərdə tez-tez "evet, haklısız” deyirəm, yəqin elə bilir ki, artıq təsirinə düşmüşəm”. Eyni vaxtda Nazimə çinli diplomatın onun "prikollarını” başa düşməməyi ləzzət edirdi. "O vaxt feesbeşniklə belə məzələnsəydim, çox güman, qayıdıb deyərdi, tı çto, izdevaeşsya nado mnoy? (Bu nədi, məni dolayırsan?)

-  ...Yani, Nazim bey, biz çabalar yapmalıyız ki, ülkelerimiz arasında olan ilişkiler strateji alanda daha da iyi olsun.
-  Tabii, yapmalıyız, zaten sorular aynı, amma uğurlarımız da aynı.

   Daha sonra onlar Çinlə Azərbaycan arasında "ilişkilerin daha da iyileşme potensialından” dəm vurdular. Nazim əminiydi ki, onun rouminqdəki mobil nömrəsi vasitəsilə telefonunu həm bizim, həm də çinlilərin MTN-i dinləyir, ona görə çox da dərinə getmədən ümumi sözlərlə söhbəti yola verirdi: hər iki ölkədə separatizm problemi var, hərçənd, Çinin heç bir faiz torpağı belə işğal olunmayıb, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 

   Araya sükut çökdü, Çjimin qol saatına baxıb dilləndi:
-  O zaman otelə gedelim?
-  Evet, - Nazim də saatına baxdı, on birə iyirmi dəqiqə qalırdı, - Evet, gedelim, - ayağa durdu. 
   Çinli ofisiantı çağırıb hesabı gətirməyi xahiş etdi. Nazim bir daha təşəkkür edib ürəyində çinlidən soruşdu: "Yaxşı, indi de görüm, axşama qız olacaq, ya yox? Ordan vurub on saat yol gələsən və axırda Çin gözəliylə kef eləməyəsən. Olmadı ki?”
    Çjimin maşınıyla Nazimi otelə gətirdi və təbəssümlü-xoşbəxt sifətlə otelin lobbisində sağollaşdılar. 

*    *    *

   Nazim Bakıya qayıdıb aldığı suvenirləri qohum, tanışlara payladı, universtetdə dərs deməyinə davam etdi, tələbələrinə, iş yoldaşlarına Pekin təəssüratlarından danışdı və əmin oldu ki, gec-tez Çjimin yenə zəng edəcək, yenə onu "ilişkiləri kalkındırıb daha yüksək müstəviyə keçirmək üçün” restorana dəvət edəcək. 

   Elə də oldu, hardasa bir ay sonra Çjimin zəng elədi:
-  Selamun aleykum, Nazim bey.
-  Aleykum selam, Çjimin Sienşın.
-  Nasılsınız?
-  İyiyim, siz nasılsınız?
-  İyiyim, Nazim bey, umarım Pekin konferansından mutlu kaldınız?
 -  Tabii, mutlu oldum, çok mutlu.
-  Pek güzel, siz bu pazar müsaidmisiniz?
-  Açığı, müsaid deyilim. Japon sefirliyinin birinci sekreteriyle Mado restoranında bir randevum var.
-  Aaa.
   Nazimə elə gəldi ki, Çjimin tutulan kimi oldu.
- Beni Tokioda bir uluslararası konferansa davet ediyorlar. Güney Kafkazların Japoniyanın dış politikasında yeri ile ilgili.
-  Aaa.
- Yani,  Çjimin bey, o yüzden pazar günü müsaid deyilim, maalesef. Amma sonrakı pazar günleri görüşe bileriz.
-  Anladım, anladım. O zaman ben size başka bir zaman telefon ederim.

   "Yaxşı ki, anladın, mən də elə bunu istəyirdim”. Təbii ki, "başka bir zaman” Çjimin Nazimə zəng eləmədi. Sonrakı bazar günlərinin birində çinli diplomat zəng etsəydi, Nazim ona deyəcəkdi ki, bu dəfə Cənubi Koreya səfirliyinin üçüncü katibi onu Cənubi Koreya restoranına nahara dəvət edib. "Maalesef o yüzden müsaid deyilim”. Və bununla da Çin-Azərbaycan münasibətlərinə olan "kendi katkı” (şəxsi töhfə) məsələsinə son qoyulacaqdı.

   Amma arada Nazim yenə öz-özünə fikirləşirdi ki, bəlkə, Çjimin heç kəşfiyyatçı, rezident-filan deyil, qəzetdə çıxan məqalələri doğrudan xoşuna gəlib, sonda özünə Azərbaycanda bir dost tapmaq istəyib. "Bəyəm, belə şeylər həyatda olmur ki?” - çinlinin isti münasibətinə haqq qazandırmaq üçün özünə bu sualı verdi. "Bəlkə heç adaşımın da MTN-lə əlaqəsi-zadı yoxuymuş, yəni, dediyi kimi, doğrudan, Çinin xarici işlər nazirliyindən dəvət alıbmış konfransa. Qaldı ki, Mişaya, bəlkə, onun da FSB-filanla əlaqəsi yoxuymuş, tapşırıq almadan o cür suallar verirmiş mənə. "Ən azından diviziya” deməklə məzələnirmiş əslində”.

   Nazim Çin səddinin maketini böyük otaqda televizorun üstünə qoymuşdu. Hərdən baxıb nəhayət ki, gözləriylə gördüyü ucu-bucağı görünməyən, enli Çin səddini yada salırdı. "Hunlar da özünə görə az aşın duzu olmuyub ha. O qədər bezdiriblər ki, axırda çinlilər məcbur olub...” Çinə səyahət haqqında rəngli, qalın kitabı isə otağının havasını dəyişmək üçün tez-tez açdığı pəncərənin altına qoymuşdu deyə, kitab Bakı küləyindən o tərəf-bu tərəfə hərəkət edən pəncərənin altında əzilib "şil-küt” olmuşdu. 

                                                                                                         

25 may – 18 dekabr, 2013,
Bakı – Altıağac – Bakı – Genuya – Bakı – Ankara – Bakı

Əlavə detal və təkrar redaktə: 24 sentyabr, 2019 – 24 fevral, 2020

--------------------

  (1) Hər hansı bir ölkədə fəaliyyət göstərən səfirlikdə təmsil etdiyi ölkənin kəşfiyyatına xidmət edən göstərən işçisi

  (2) Türkiyə 2-ci dünya müharibəsi dövründə vuruşan güclər arasında balanslı siyasət apararaq, öz maraqlarını qoruya bilmişdi.