Alpay Azər.  Ömürlük sırğa (Povest)

Alpay Azər. Ömürlük sırğa (Povest)

...Fizzə bir qədər fikir eləyib bir də soruşdu:
- Yaxşı, ana, nə olur gedəndə? Get da! Niyə getmirsən ki?
-Bala, mənə nə olub ərə gedəm? Mən yekəlikdə arvadlar ərə getməzlər ki! Qızlar ərə gedərlər. Mənə nə olub ərə gedim?
-Yaxşı, ana, Zəhra bibim səndən yekə arvaddı, bə niyə ki, o, ərə getdi?
Zeynəb Firəngizin bu sualına heç bir söz tapmadı desin.
                                         Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları”
 
***

   Mərhumun dayısı - ağsaçlı kişi mağarın ortasına qoyulmuş mafəyə heyrət və qorxuyla baxan uşaqlardan birinə dedi: "A bala, qaç arvadlara de ki, Əflatun dayı deyir, tez aşağı düşsünlər,” - saatına baxıb narazı-narazı başını buladı. Uşaq həvəslə yerindən götürüləndə Əflatun əlavə elədi: "Gecikmək bunların peşəsidi də, - yanındakılara üzünü tutaraq, - özünüz gördüz, on dəyqə əvvəl arvada zəng eliyib dedim ki, tez düşün aşağı, molla Yasini oxuyub qutarıb, meyidi aparıb basdırmalıyıq”.

   Axırı, arvadlar gəlib çıxdılar, ağlaşdılar, ağı dedilər, mərhumun dayısı gördü, ağlaşma çox çəkəcək, boğazını arıtlayıb gur səsiylə elan elədi: "Hə, Allah Quluya rəhmət eləsin! Allah o dünyasını rahat eləsin! - mollaya üzünü tutdu. - Hacı, halallıq məsələsini də de, cənazəni götürək, tərpənək yavaş-yavaş,” - qol saatına baxdı.     
                         
   Beləcə, yeddi yaşlı qızı və dördüncü sinifdə oxuyan oğluyla bir yerdə dul qalan Leylinin qaynanalı günləri başladı. İki il əvvəl yetmiş iki yaşlı ərini itirmiş qaynana, - Nisə arvad otuz yeddi yaşlı oğlu Qulunun ölümüylə heç cürə barışammırdı. (Üç ilin içində hər ikisi xərçəngdən getmişdi). Bir dəfə ərinin şəklinin qabağında dayanıb: "Ay bəxtəvər, yenə sənin yetmiş iki yaşında ölməyinə dözmək olar, amma Qulu dağ çəkdi mənə, dağ” deyib əliylə bir neçə dəfə sinəsinə zərbə vurmuşdu. Sonra üzünü göyə tutub demişdi: "Ay Allah, uşaxların xeyir işini görməmiş nə məcburuydu, oğlumu bu yaşında əlimizdən alasan?” İçi hikkəylə dolu olsa da, qohum-tanış arasında sakit, fağır kimi tanınan Nisə xalaya az-çox təsəlli verən oğlundan qalan iki nəvəsiydi.
   Leyli hələ ki çalışırdı qaynanasıyla yola getsin. Bəxtlərindən üç otaq varıydı ixtiyarlarında. Qaynana böyük otaqdakı televizorda Xoşqədəmin, Zaurun ailə qovğaları haqda verilişlərinə baxmaqla bir təhər başını qatırdı. Oğlunun  qırxından beş ay keçmişdi, amma gəlinin yanında sevgi seriallarına baxmağa həya edirdi, - Qulu sağ olanda, gəlin-qaynana həmin otaqda susa-susa, bir-birilərinə baxmaqdan çəkinə-çəkinə yüngülvari öpüşmə səhnələrinə tamaşa edirdilər. (İş öpüşməkdən o yana keçəndə, ya gəlin sakitcə durub öz otağına keçirdi, ya da qaynana pultu götürüb başqa kanala keçirdirdi). İndi isə Leyli çəkilmişdi öz otağına, televizorun səsini azaldıb o cür kinolara, konsertlərə rahatca baxırdı.

   Ev işlərini öz aralarında bölmüşdülər: qaynana yemək bişirirdi, gəlin qabları yuyurdu, hərə öz otağını silib-süpürürdü. Paltarları yuyub qurulamaqla "Bosch” aparatı məşğuluyudu.
   Leylinin ilk qırğını qaynanasıyla  yox, baldızlarıyla oldu. Qulu öləndən iki ay sonra bacıları başladı analarının beynini yeməyə: evi Elsevərin adına keçirt. Elsevər nənənin ilk nəvəsi, böyük qızının oğluydu. Qızlar bunu əsas gətirirdi: rəhmətlik qardaşları Leylini qaçırdıb özünə arvad etsə də, ortada kəbin, "zaqs” sənədi, gəlinin o evdə qeydiyyatı yoxdu. Evə o qədər hərisiydilər ki, qardaşı uşaqlarını belə veclərinə almırdılar. Nisə bir ara qızlarının təsirinə düşmüşdü, gəlindən gizlin evi böyük nəvəsinin adına "keçirim-keçirmiyim?” sualının üstündə baş sındırmışdı. Söz-söhbət gəlinin qulağına çatanda, nəslin ağsaqqalı, rəhmətlik ərinin dayısı Əflatuna zəng edib ondan kömək istədi.

   Ağsaqqal əvvəlcə bacısıgilə gəldi, mətbəxin qapısını bağlayıb, təklikdə onu bir xeyli danladı. "Ayıbdı e, Nisə. Sən bu evi Elsevərin adına keçirsən, Qulunun ruhu səni bağışlamaz, o dünyada sənə deyər ki, ay ana, Leyli tutaq ki, yaddı sənə, bəs mənim uşaqlarıma, öz doğma nəvələrinə yazığın gəlmədi?” Elə həmin gün axşam Əflatun hər iki bacısı qızına zəng edib abırlarını ətəyinə bükdü. Bacısının böyük qızına dedikləri bu oldu: "Yazıq qız təkbaşına iki yetim böyüdür, siz də utanmaz-utanmaz durub ev davası eliyirsiz. Sizin bəyəm eviniz yoxdu, yetimlərin evinə göz dikirsiz?” O biri dünyada qardaşlarıyla üz-üzə gələcəklərini onlara da dedi.

   Bu söhbətdən sonra baldızlar bir müddət gəlinlərindən əl çəkdilər, o biri dünyada oğlunun danlağından qorxan Nisə arvad evi qız nəvəsinə vəsiyyət etməkdən birdəfəlik vaz keçdi. Amma mülk ehtirası sırtıq virus kimi başqa cür öz işini görürdü, qızlar analarına zəng edib onu tez-tez qızışdırırdılar: "Əlini ağdan qaraya vurma, bütün işləri qoy o görsün. Dünənə qədər kənddə tövlə silib-süpürürdü, indi zəhmət çəksin otaqların hamısını o süpürsün. Üstəlik, özü də, uşaxları da sənin pensiyəndən yeyirlər”. "Pensiyəndən yeyirlər” məsələsinə qalanda, Qulu öləndən üç-dörd ay sonra, yetimlərin uşaqpulu düzələnə qədər evə gündəlik şeyləri qaynana alırdı. Onda Leyli heç yerdə işləmirdi, ayda iki dəfə atası kənddən ət, yağ, pendir göndərirdi. 
   Ev məsələsi ortaya çıxandan Leylinin canına vəlvələ düşmüşdü, beyninə əcaib fikirlər dolurdu. "Bunlardan nə desən çıxar, adamı lap zəhərliyib öldürərlər”.  

   Analarını görməyə gələn qızlar qardaşı uşaqlarıyla oynayırdılar deyə, istər-istəməz gəlinlə aralarında isnişmə gedirdi. Artıq oturub bir yerdə çörək yeyirdilər, çay içirdilər, arada deyib gülürdülər, elə bil, bir ay əvvəl ev üstündə düşmənçilik edən bunlar deyildi. Amma Leyli mətbəxə çay, yemək gətirməyə gedəndə, hələ də elə bilirdi, böyük baldızı tezcə özünü verəcək onların otağına, düyünlənmiş sapa bəddua pıçıldayıb soxacaq döşəyin altına, cadu öz işini görəcək, ev əldən çıxacaq. Ona görə mətbəxdə iş görə-görə cürbəcür bəhanələrlə ("Xrustal stəkanları harda qoymuşam?”, "Necə huşsuzam e, stəkanları götürmüşəm, nəlbəkilər yaddan çıxıb”.) qonaq otağına girirdi. Bir-birilərinin üzünə gülsələr də, gəlin-baldızlar arasında olan qarşılıqlı nifrət hələ də öz yerindəydi. Hər dəfə Leyli onları yola salıb qapını bağlayandan sonra arxalarınca deyinirdi: "Rədd olub getdilər ifritələr”.

   Peraşki, qutab sexində işə düzəlib ilk maaşını, - üç yüz manatı alan gündən Leyli həyətdə dik qamətlə yeriməyə, televizorda gedən seriallara, verilişlərə baxmağa başladı. Qonşu arvadlarsa öz aralarında qeybətləşirdilər: bu qız niyə forslu-forslu gəzir, peraşki bişirir də, nazirlikdə işləmir ki. Bir sözlə, bu, dərdlə, kədərlə təzəcə vidalaşmış ərə getmək istəyən dul qadının nazlı, ehtiraslı yerişiydi. Həm də çatdırmaq istəyirdi ki, ərinin ölümü onu sındırmayıb.

   Leyli sifətcə yarımcazibədar idi, konkret bir şey deməyə çətinlik çəkənin ağzından ən azından, "Belə də, pis deyil” sözləri çıxırdı. Amma fiqurasından söz düşəndə, kişili-arvadlı çoxu baş barmağını yuxarı qaldırırdı. Qulu elə onun fiqurasına hayıl-mayıl olmuşdu. İki uşaq doğmağı belə o gözəlliyə xətər yetirməmişdi. "Elə bil illərlə fitnesə gedib,” - qonşu arvadlardan biri belə demişdi.

   İşə düzələndən sonra başlamışdı qaynanasına söz qaytarmağa. Bir dəfə qızının qulağını buranda, Nisə arvad gəlinə əsəbiləşmişdi: "Niyə elə bərk burursan qulağını, ağrıdır axı?” Gəlin üstünə çəmkirmişdi: "Yaxşı eliyirəm. Bu gün qulağını burmasam, sabah başımda oturar”. Baldızları gələndə, əvvəlki kimi çay dəmləməkçün əl-ayağa düşüb mətbəxə cummurdu, qəsdən, qəsdən astəgəllik edirdi.

   Yavaş-yavaş fantaziyalarına baş vurmağa başlamışdı: əvvəlcə dörd-beş gün gözünə yuxu gedənə qədər sevdiyi bir-iki türk aktyoruyla vaxt keçirdi. Bir həftə sonra birbaşa ər kimi gördüyü, keçmiş sinif yoldaşı Vaqiflə xəyallarında görüşdü, təsəvvürünə gətirdi ki, Vaqif arvadından boşanıb, boşanan kimi də gəlib Bakıya, onların qapısını döyür. O, qapını açır, Vaqifi içəri buraxır və platonik sevgililər bir-birinə sarmaşıb ehtirasla öpüşməyə başlayır. Xəyallarından necə ehtiraslandısa, kənddə yaşayan rəfiqəsinə zəng etdi, xoş-beşdən sonra söhbəti yavaş-yavaş gətirdi əsas mətləbə: "Vaqifgildən nə xəbər var?” Leylinin niyyətini havada tutan rəfiqəsi qəhqəhəli gülüşlə dedi: "Aaz, Vaqifi hələ də başından çıxardammırsan da? Yoox, boşanmıyıb. Amma yaxşı xəbər olan kimi mütləq sənə çatdıracam”. Əsəbiləşdi Leyli: "Ay qız, sənnən soruşan oldu ki, boşanıb, ya boşanmıyıb? Adama rahatca şər atarsan e”. Özünə söz verdi, Vaqiflə bağlı bir də heç kimdən heç nə soruşmayacaq. Eyni zamanda anladı ki, əsəbiləşməyinin əsas səbəbi bir yandan, rəfiqəsinin onun ürəyindəkini oxuya bilməsi, o biri yandansa Vaqifin hələ də evli olmasıdır. Sexdəki qızlarsa elə hey ona ürək-dirək verirdi: cavansan, qəşəngsən, təcili yaxşı bir dul, ya boşanmış kişi tapıb ərə getməlisən. Bu sözlər də bir yandan onun ərə getmək istəyini alovlandırırdı. Ürəyindən keçirdi "Hardadı məndə o bəxt?” desin, qorxurdu ki, desə, söz gedib qaynanasıyla baldızlarının qulağına çatar, təzə-təzə düzələn münasibətlər korlanar. Ərə getmək ehtiyacı, ehtirası isə günü-gündən güclənirdi.

   Baldızlar sanki gəlinin ərə getmək istəyini fəhmən hiss edirdilər, əsəbiləşirdilər buna görə, analarına bəzən hikkəylə, əmr tonunda deyirdilər ki, ay mama, gəlindən gözdə-qulaqda ol, adımızı biabır eləməsin ha. Leylinin işlədiyi peraşki sexi qaldığı binanın yanındaydı deyə, qaynanası eyvanda oturub saatlarla gözünü aşağı zilləyirdi görsün, kim girir, kim çıxır, sexə girən kişi nə qədər ləngiyir orda. İstənilən ortayaşlı kişi sexdən gec çıxanda, Nisə arvad yerində qurcuxurdu, elə bilirdi, kişi Leyliyə girişir, halbuki, sexdə başqa gözəgəlimli qız-gəlin da var idi.
   Leyli sexdən çıxanda, bir neçə dəfə başını qaldırıb, səkkizinci mərtəbədəki eyvanlarına baxmışdı, həmin an qaynanası başını geri çəksə də, gəlin görmüşdü onu, cin vurmuşdu təpəsinə, "Ay kaftar, elə sənin acığına, qızlarının acığına ərə gedəcəm,” - pıçıldamışdı öz-özünə. Bloka girib pilləkənlərlə yuxarı qalxanda həm iş yorğunluğundan, həm də bəxtsizliyindən başlamışdı gileylənməyə: "Əşi kimdi e bunnan sonra məni iki uşaqla alan? İndi işi-gücü olan dul kişi də gedib qız uşağı alır. İkinci dəfə toy gecəsi keçir könüllərindən. Axı kimə pislik eləmişdim ki, cavan vaxtımda  ərimi itirdim?”

   Leyli evdə qız qarımaqdan qorxan, "Təki ərim olsun, hər xasiyyətinə dözərəm” fikriylə yaşayan kənd qızıydı deyə, tezbazar Quluya qoşulub qaçmışdı. Qulu onu Bakıya gətirdiyi günün səhərisi ilk əmrlərini vemişdi: anam sənə nə desə, etirazsız-filansız deyirsən baş üstə, başa düşdün? Leyli qorxa-qorxa ərinə "Hə” demişdi. "Tək çölə çıxmırsan, çıxsan da, ancaq mənimlə, ya da anamla. Balkonda oturursan, amma aşağı dəxli yoxdu, adamlara, ya maşınlara baxmağı sənə qadağan edirəm. Balkonda oturub gözünü zilliyirsən düz qabağa. Anamla atam evdə olmayanda, qohum, əqraba, işıq pulu, su pulu, heç kimə qapını açmırsan,” - Qulu gündə bir əmr vermişdi. "Bəs birdən atamgil kənddən gəlsələr?” - Leyli yazıq sifət alıb soruşmuşdu. "Hə, yaxşı ki, soruşdun bunu. Elə indidən onlara de ki, həftə səkkiz mən doqquz Bakıya gəlməsinlər. Nəsə vacib bir iş olsa, xəstəxanalıq-filan, əvvəlcə mənə zəng eləsinlər, mən sənə nə desəm, o da olacaq,” - əri ötkəmlə demişdi. "Bəs elə-belə gələ bilməzlər?” - "Nə var e Bakıda? Kənddə inək-qoyunlarını otarsınlar, - acı, lağlağı təbəssümlə deyib əlavə eləmişdi. - Yaxşı, ananla-atan bir dəfə yayda iki-üç günlüyünə gələrlər, aparıb şəhəri gəzdirərik”. Başını aşağı salıb dinməyən Leyli başa düşmüşdü ki, artıq geriyə yol yoxdu.

   Bir gün qaynanası kiçik qızıgildə olanda, qapının zəngini basmışdılar. Gözlükdən baxanda, ərinin Qurban əmisini görmüşdü. Qapını açmaq istəyəndə, Qulunun zəhmli-zəhrimar sifətlə verdiyi tapşırığı xatırlamışdı, soyuq tər basmışdı onu. "Ay Allah,  bax, mən bədbəxt neyniyim indi? Açmıyım qapını? Qoca əmisinə görə durub mənə söz deyəsidi?” 

   Yaşı səksəni keçən, hələ də qıvraq, yanaqları qırmızı, sağlam Qurban kişi əvvəllər bir neçə dəfə Quluyla, qaynatasıyla onlara gəlmişdi. Leyli qabaqlarına çay, yemək qoymuşdu və evdəki söhbətlərdə onun haqqında heç vaxt pis bir söz eşitməmişdi...

   Leyli qısa tərəddüddən, "Əmisinə görə heç nə eləməz” ümidiylə qapını açmışdı. Qurban kişi oturub bir stəkan çay içmişdi, bir az qardaşı nəvələriylə oynamışdı, "Yox, sağ ol qızım, toxam,” - dolmadan imtina edib Leylidən alətlərin yerini soruşmuşdu. Leyli ona eyvanda təsərrüfat malları olan dolabın yerini göstərmişdi. Qurban ordan çəkic, mişar, balta götürüb atmışdı paketə, sağollaşıb evdən çıxana yaxın demişdi ki, Quluya deyərsən, Qurban əmin gəlmişdi, bu, bu şeyləri götürdü.

   Əri axşam işdən gələndə, qorxusundan günorta əmisinin gəldiyini deməmişdi. Bir neçə gün sonra Qulu dolabda eşələnəndə, təşvişlə "Çəkiclə mişar hanı?” soruşmuşdu. Leyli dili topuq çala-çala olanları danışmışdı. "Ay itin qızı, bəs bunu niyə mənə o gün demədin?!” - deyib Leylinin qulağının dibinə şappıltılı bir sillə vurmuşdu. ”Deyirsən, doğma əmini, o yaşda kişini blokda gözlədəydim?” - Leyli ağlaya-ağlaya soruşmuşdu. "Birinci mənə zəng eləməliydin! Sən bu evə gələndə demişdim, heç kimə qapını açmırsan, mənə zəng eliyirsən əvvəlcə... Dillən də, ay itin qızı. Demişdim, ya yox,?!” - "De-de-mişdin” - kəkələmişdi Leyli. - "Qaldı ki, əmimə, o, sənnən də, mənnən də sağlamdı. İki dəyqə gözləsə, dünya dağılmazdı. İkincisi, o, hər halda mənim əmimdi, mənə doğmadı. Yenə deyirəm, söhbət ondan gedir ki, dediyim şeyi eləməmisən, başa düşdün?!” - "Başa düşdüm”. Leylini soyuq tər basmışdı, ərinin hirsdən əyilən sifətinə baxıb anlamışdı ki, artıq-əskik nəsə desə, ikinci sillə gələcək.

   Bir müddət sonra Qulunun tünd xasiyyətindən, əzazilliyindən xəbər tutan atası, kiçik qardaşı Leyliyə xəbər göndərmişdilər: vaxtında bizdən halallıq almamısan, özün ona qoşulub qaçmısan, ona görə canın çıxsın, axıra qədər döz. Kiçik qardaşı sonda nöqtəni belə qoymuşdu: "Bundan sonra kəndə ancaq meyitin gələ bilər”.

   Qulu on il içində arvadına sillə, qapaz vurmaqçün həmişə bəhanə tapmışdı: "Aşağı mərtəbədəki oğlana niyə salam verdin?!”- "Uşaxdı e, məktəbdə oxuyur.” - "Uşağın on beş yaşı olmur.” - "Mənə görə o, uşaqdı”. - "Yenə mənnən mübahisə eliyirsən, ay itin qızı!” - dalınca ər qapazı...

   Tez-tez Leylinin telefonunu yoxlayırdı, görəndə ki, rəfiqələrinə zəng edib, dava salırdı. "Atan, anan, qardaşlarından, bir də mənim bacılarımdan başqa kiməsə zəng eləməyi qadağan eliyirəm sənə. Bunu da sırğa elə, as qulağından!” Qaynana isə belə mübahisələrə ümumiyyətlə qarışmırdı. Beləcə, bu cür sırğaların, əslində, iri mismarlarla qəlbinə pərçimlənən qandalların sayı günü-gündən artmışdı və sonda gəlin həyatıyla barışmağa məhkum olmuşdu.

   Leyli daha çox anası və Bakıda yaşayan rəfiqəsi Mehribanla dərdini bölüşürdü. (Öz otağında pıçıltıyla danışıb qurtarandan sonra rəfiqəsinin zəngini tez silirdi.) Anasından hər dəfə aşağı-yuxarı eyni şeyləri eşidirdi: qızım, o gül balalarına görə döz, gözünü yumub açassan ki, qızına elçi gəlib, sonra oğlunu evləndirəssən, qabaxdakı xoş günlərə görə döz. Bir-iki şilləynən dünya dağılmaz. Atan məni cavan olanda o qədər döyürdü, amma sizə görə dişimi dişimə sıxıb dözdüm, dilimi qısa elədim, indi heç peşman deyiləm. Mənim yaşıma gələndə, özün görəssən ki, boş şeyləriymiş ərinin vurduğu şapalaqlar. Mehribanınsa son dediyi həmişə bu olurdu: "Vallah, özün bax. Dözmək asandısa, döz. Yox, görsən, daha mümkün deyil, bıcax sümüyə dirənib, onda boşan”.  Beləcə, uşaqlara görə boşanmaq fikrini özündən qovan Leyli on il Qulunun xasiyyətinə dözmüşdü.

   İsti bir avqust günündə Leylinin oğlu təngənəfəs sexə girib dedi ki, ay ana, tez ol gedək, nənənin ürəyi ağrıyır. Oğluyla evə girəndə, nənə artıq o dünyadaydı.

   Qohumlar, yaxınlar tökülüşüb gəldilər, aparıb dəfn elədilər Nisə arvadı, ağlaşma, çadır, ehsan-filan da öz yerində. Dəfn günü axşam, ağlaşma kəsiləndən,  sifətlər durulandan sonra, baldızları başladı, arada altdan-altdan kinli baxışlarını gəlinlərinin üzünə zilləməyə. "Hə, ürəyində anamızın ölməyinə sevinirsən hə?” Leylisə onların hücum çəkən fikirlərinə, baxışlarına ürəyində belə cavab verdi: "Neynəmişəm ki? Bu on ildə ananızın qulluğunda durmuşam, üstəlik, siz gələndə qabağınıza çay, çörək qoymuşam. İndidən deyirəm, ev mənimdi. Mənimdi deyəndə, sonda sizin doğmaca qardaşınızın balalarına çatacaq ev”.  
                        
   Qaynanasının qırxından on gün sonra özünə təzə paltarlar alan dul gəlinin makiyajlı-kosmetikalı həyatı başladı. İşdən sonra uşaqlarını götürüb bulvarda dik qamətlə gəzə-gəzə onu görüb tanıyanlara çatdırmaq istədi ki, ərim ölsə də, sınmamışam, halal pul qazanıb uşaqlarımı böyüdürəm. Bircə baldızlarıyla üz-üzə gəlmək istəmirdi, bilirdi ki, ilk eşitdiyi bu sual olacaq: "Aa, nə yaxşı belə gəzməyə çıxmısız?” Vəssalam, tək elə bu sözlərə görə burnundan gələcəkdi həmin gün. Ona görə şəhərdə olanda çalışırdı, adamların üzünə baxmasın. 
   Ayda bir dəfə gəlinlərini, qardaşı uşaqlarını görməyə gələn baldızlar konfetindən, şokoladından tutmuş oyuncaqlara qədər alıb gətirirdilər, arada uşaqların hərəsinin cibinə iyirmilikdən, əllilikdən basırdılar. Böyük baldız bir vaxtlar ailəlikcə Almaniyanı, Avstriyanı, Çexiyanı gəzib dolaşmaqlarından danışanda, Leylinin içinə od salırdı. Ona elə gəlirdi, baldız qəsdən, yandıq verməkçün bu şeyləri həvəslə, şövqlə danışır, yəni, sən indiqə qədər öz kəndinizdən, rayonunuzdan, Bakıdan başqa, Azərbaycanın bir kəndində belə dincəlməməsən, amma biz gör haralarda olmuşuq.
   
                                                               *  *  * 
  Mənzil İstismar İdarəsində (MİS) illik ev pulunu verib çıxanda, oranın işçilərindən biri, keçəl, bığlı kişi Leylini çoxdan tanıyırmış kimi ərklə dirsəyindən tutub nəsə demək istədi. Leyli onun qolunu itələyib üstünə bozardı: "Ay kişi, neyniyirsən?! Başın xarab olub?!” İçəridəkilərin hamısı bir anda onlara baxdı, qulağının dibinə qədər qızaran kişinin gücü boğuq səslə "Ay qız, nə qışqırırsan, səni yemədim ki?” deməyə çatdı...

   Üç ay sonra Leyli yenə MİS-ə gələndə, həmin sırtıq kişi gözlərini ondan yayındırdı. Leyli ordan çıxıb on-on beş metr aralanmışdı ki, arxadan öz adını eşitdi.

-  Leyli xanım, bir dəyqə olar sizi? - otuz-otuz beş yaş arasında olan yaraşıqlı bir kişiydi.
-  Nə lazımdı? - çevrilib çaşqın halda tanımadığı kişiyə baxdı.
- Xanım, çox xahiş eliyirəm, heç olmasa, üçcə dəyqə mənə qulaq asın.
"Yəqin eşidib ki, dulam, girişir” - fikirləşən Leyli dedi: - Eşidirəm.
- Xanım, mənim otuz dörd yaşım var, bilirəm, adınız Leylidi, yoldaşınız rəhmətə gedib. Allah rəhmət eləsin. Mənim də yoldaşım üç il əvvəl rəhmətə gedib, iki uşağım var, oğlandılar.

   Bayaqdan soyuq-soyuq oğlana baxan Leylinin sifəti bir az dəyişdi, hiss etdi ki, hardasa daxilən oğlana isnişməyə başlayır.

-  Bunları mənə niyə deyirsiz ki? - Leyli sualı soyuq tonda versə də, oğlan özünə qarşı gizli marağı o dəqiqə duydu. "Deyəsən, xoşuna gəldim,” - sevincək fikirləşdi.
- Leyli xanım, iki aydan çoxdu sizə fikir verirəm. Jekdə o sırtıq kişini yerində oturdandan xoşuma gəlirsiz. Qısası, sizinlə ailə qurmaq istəyirəm, yəni, fikrim ciddidi. Üçüncü mikrarayonda üçotaqlı evim var, təzəcə remont elətdirmişəm. Siz hələ cavab verməyə tələsməyin. Hə, yadımdan çıxdı deyəm, adım Ramildi, Şərurdanam, nəqliyyat polisində işləyirəm. Oldu, mən gedim, biz hələ görüşəcəyik, - bunları deyib tələsik Leylidən aralandı.

   "Görən, buna ərə gedə bilərəm?” O gündən bu sual Leylini girinc etməyə başladı. Ramil necə xoşuna gəlmişdisə, artıq ona ərə getmək barədə düşünürdü. Bir yandan da, oğlanın səsindəki əminlik Leylinin ərə getmək həvəsini gücləndirirdi. "Bircə kobud olmayaydı”, rəhmətlik ərindən çox çəkmişdi deyə, hardasa ehtiyat edirdi. Həm də qorxurdu ki, Ramil aldadar, gəzib-gəzib axırda atar onu. "Elə də dərindən tanımıram axı... Amma nəysə şorgöz adama oxşamır,” - yavaş-yavaş xəyalən körpü atırdı Ramilə tərəf. "Üç otaq məndə, üçü də onda. Görən, hər ikimiz evləri satıb beşotaqlı novostroyka ala bilərik? İki yüz kvadratmetrlik. Ondansa həyət evi almaq daha sərf eliyir. Bəs görən, uşaxlarından başqa kim qalır evlərində? Anası, ya bacısı?” Ərə getməyən yaşlı bacı, həyasız qaynana versiyası ağlından keçəndə üşənən kimi oldu.

   Evə yaxınlaşanda, öz baldızları yadına düşdü. Əminiydi ki, onun ərə getmək istəyindən xəbər tutsalar, qırğın qopacaq. Yerinə girən kimi fantaziyası işə düşdü: yanında uzanan Ramilə qısılmaq istəyirdi ki, xəyalının başqa qapısından qəfil içəri girən kiçik qardaşı Yaşar əlində bıçaq, gözləri az qala, hədəqəsindən çıxmış halda başının üstündə peyda oldu. Heç nə demədi, eləcə baxışlarıyla çatdırdı: cürətin çatırsa, barmağının ucuyla toxun ona. Leyli qorxusundan Ramili xəyalından qovdu, dərindən nəfəs alıb dodaqaltı deyindi: "Tüpürəsən belə həyata ki, sənin hər addımını izliyirlər”.

   Ramilə ərə getmək istəyi baş qaldırandan bəri, ərinin ruhu sanki onu qarabaqara izləyirdi: rəhmətliyin şəklinə baxmağa çəkinirdi, gözləri divardan aşlına şəklə sataşanda, tez başını aşağı salırdı. Axırı, bir gün şəklin qabağında dayanıb, özündə cəsarət tapıb ürəyini boşaltdı: "Ay kişi, məni qınama, başa düş, dul olsam da, cavanam hələ. Getdin o dünyaya, məni əvvəlcə pensioner ananın ümidinə qoydun. Məcbur oldum səhərdən axşama qədər cəhənnəm istisində tər tökə-tökə peraşki, qutab bişirməyə. Mənim indi evdə oturub ər çörəyi yeyə-yeyə uşaqları böyütmək vaxtımdı, ona görə də ərə getməliyəm, başa düşürsən? Ona görə indidən sənə deyirəm, bir gün o kişiyə ərə getsəm, o biri dünyada məni döyməyəsən ha”.

   Qorxusu ikicə gün çəkdi. Üçüncü gün ərinin şəklinin qabağında dayanıb acıq verirmiş kimi dilini çıxartdı, dilləndi: "Əvvəl-axır ərə gedəcəm, ay Qulu. Lap əcəb də eliyəcəm. O biri dünyada da heç nə eliyəməzsən mənə, çünki Allah mənim tərəfimdə olacaq, - əliylə sinəsinə vurdu. Sonra kiçik qardaşı yadına düşdü, fantaziyalarında Ramillə sevişməsinə işarə vuraraq, - Qaldı ki, Yaşar sənə, yox bir, kənddə oturub ordan bura ürəyimdən keçənləri oxuyassan”. Elə həmin gecə yerinə girəndə, xəyalən Ramilə qısıldı və əmin oldu ki, ertəsi gündən başlayaraq istədiyi qədər fantaziyalarında sevişəcək onunla. "Əşi cəhənnəm olsun hamısı. Guya Yaşar arvadsız yaşayır?! O, qəhbə-qühbəylə gəzə bilər, mən ərə gedəmmərəm?”

   İyirmi altı yaşlı subay qardaşı Yaşar köhnə Opelinə minib Bakıya, Sədərək ticarət mərkəzinə mal dalınca gələndə, - kənddə təsərrüfat malları mağazası varıydı, -  barlardan fahişə götürüb ucuz bir oteldə bir-iki saat, pulu çox olanda, gecədən səhərə qədər ehtiras məsələsini həll edirdi.

   Bir dəfə Bakıda yaşayan qohumu gecə işdən qayıdanda, sərxoş Yaşarı ucuz bir fahişəylə bardan çıxıb ləngər vura-vura köhnə Opelinə tərəf getdiyini görmüşdü. Qohum elə həmin gün atasına zəng edib məsələni çatdırmışdı. Yaşar kəndə qayıdanda, atası qaşlarını çatıb demişdi: "Bakıda nə qələt eliyirsən elə, amma zibil xəstəliyə tutulub bizi kənddə biabır eləmə ha. Belə də ki evlənmək vaxtındı”. Yaşar susub qıpqırmızı qızarmışdı. Xülasə, bunu kişi arvadına, arvadsa Leyliyə danışmışdı. Bu xəbərdən bacı hətta daxilən qürrələnib ürəyində özünə demişdi: "Kişidi qardaşım”...

   Ertəsi gün axşamüstü qapı döyüləndə, Leyli kefsiz ayağa durdu, baldızlarını heç görmək istəmirdi. Gözlükdən baxıb, qapının ağzında Ramili, yanında yaşlı və cavan qadını gördü, birinin anası, o birisinin isə bacısı olduğunu təxmin edən Leyli "Açım, açmayım?” sualının beynində çox var-gəl etməsinə imkan vermədi, cəftəni açıb çağırılmamış qonaqların içəri buraxdı.
   Qadınlar Leylini illərdi tanıyırmış kimi, bərk-bərk qucaqlayıb o üzündən-bu üzündən marçamarç öpdülər. Sonra hər şey öz axarıyla davam etdi, Leyli çay dəmlədi, peçenye və mürəbbələri gətirib masaya düzdü. Anasıyla bacısı məram-niyyətlərini açıb dedilər, Ramili bir xeyli təriflədilər: ailə qədri biləndi, inan bizə, sənin balalarına da öz balaları kimi baxacaq, güldən axır söz deməyəcək, amma bir xasiyyəti var, axşam işdən gələndə, gərək yeməyi hazır olsun. "Rəhmətlik atasına oxşuyub o barədə,” - anası əlavə elədi. Uşaqlarsa həvəslə qonaqlara diqqət kəsilmişdi. Oğlu yekə adamlar kimi sınayıcı, ciddi nəzərlərini potensial ataya dikmişdi, qonaqlar içəri girən kimi utandığından o biri otağa qaçıb gizlənən qızsa az sonra qayıdıb, gah çəkinə-çəkinə, gah da təbəssümlə Ramilə baxdı. Söhbət edə-edə Leylinin ürəyi əsirdi, birdən baldızları gəlsə, necə onları qonaqlarla tanış edəcəkdi, qonaqlar gedəndən sonra qırğın qopacaqdımı. Tez də cavab tapdı. "Ramil fərasətli oğlandı, məni çətin vəziyyətdən çıxardar”.

   İkinci stəkan çayı içəndən sonra Ramilin anası ayağa durdu, ərklə Leylinin qolundan tutub qırağa çəkdi:

-  Hə, qızım, sən çox xoşuma gəldin. Ramilin sənə münasibəti ciddidi, özün gördün ki, biz yalançı adamlara oxşamırıq. Sözümün canı, səni öz gəlinim kimi görmək istiyirəm. Qızım Nailə, bayaq dediyim kimi, ərdədi, burda üçüncü mikrarayonda qalırlar. Mən Şərurda yaşıyıram, ildə bir dəfə Bakıya gələm. ya yox. Nailəni baldızın yox, bacın hesab elə. Bu həftə Bakıdayam, ona görə elə günü sabah zəng elə atangilə. Məsləhətdisə, gələn həftə lap sizin kəndə gedərik elçiliyə. Yox, əgər sizinkilər bura gəlsələr, onda lap yaxşı, elə bura gələrik.

   Bir-birilərinə telefon nömrələrini verdilər, ayrılanda "Səndən sabaha xəbər gözlüyürük” deyən Ramilin anası, bacısı Leylini qucaqlayıb öpdülər. Qonaqlar gedəndən sonra qaşlarını çatan oğlunun anasına ilk dediyi bu oldu: 
-  Mən sənin ərə getməyinə hə deyirəm. Yaxşı adamdı.
-  Mən də hə deyirəm, - bacısı cingiltili səslə ona qoşuldu.
-  Ay sizə qurban olum, - deyib Leyli hər ikisinin başını sinəsinə sıxdı.

  Ramil məsələsi ortaya çıxandan Leyli ata-anasını, baldızlarını, kiçik qardaşını başının üstündə tavandan asılmış qılınclar kimi hiss edirdi. Hər gün Mehribana zəng edirdi. "Qalmışam belə, bilmirəm neyniyim?” - sonda sözünün canı bu olurdu. Rəfiqəsi isə elə hey Leylinin beyninə yeridirdi ki, heç kimi vecinə alma, Ramil xoşuna gəlirsə, ərə get, qaldı ki, baldızlarına, onlar səni iki uşaqla evdən çıxara bilməzlər, cavan gəlinsən, sənə də, uşaqlarına da arxa-dayaq lazımdı, ona görə öz işində ol.

   Rəfiqəsinin dedikləri yağ kimi canına yayılırdı, ruhlanırdı, amma telefonun dəstəyini yerinə qoyan kimi kiçik qardaşının qəzəbli baxışlarını xəyalına gətirib vahimələnirdi. Elə bilirdi, rəfiqəsi dediyi kimi, heç kimi vecinə almayıb ərə getsə, baldızları dabanbasma özlərini yetirəcəklər ki, sən hansı ixtiyarla, hansı cürətlə doğma qardaşımızın, ölən ərinin evinə kişi gətirirsən, ay qızıxmış. Baldızlarıyla saçyolduya çıxmağı heç istəmirdi.

   Axırı, özünü məcbur edib kəndə, anasına zəng etdi, hər şeyi təfsilatıyla danışdı. Anası arada səsi titrəyə-titrəyə, qızının sözünü kəsə-kəsə suallar verdi. "Sən necə onları içəri buraxdın?”, "Qonşulardan görən oldu?”, "Ay qızım, doğrudan ərə getmək belə ürəyindən keçir?” Cavabları eşidəndən sonra xısın-xısın gülüb dedi: "Vallah, nə deyim, özün də bilirsən ki, bizim evdə mən heç vaxt söz sahibi olmamışam. Gərək atanla, qardaşlarınla danışım, görək nə deyirlər”.

  Anası axşam ehtiyatla, qorxa-qorxa məsələni açıb ərinə danışdı. Kişi matdım-matdım arvadına baxıb qəfil soruşdu: "Özü elə birdən-birə durdu dedi ki, ərə getmək istiyir?” - "A kişi, bu nə sualdı verirsən? Özü deməmiş, kim deyəcək?” Atası yenə susub-susub axırda dilləndi: "İlin-günün bu vaxtı çox vacibdi iki uşaxnan ərə getsin? Otursun evində onları böyütsün də. Hər halda rəhmətlik ərinin evində yaşayır, üstəlik, hamımız bilirik ki, baldızlarının o evdə gözü var, onlara elə bir bəhanə lazımdı evi ələ keçirsinlər. Ona görə lazım deyil közün üstünə neft tökmək”.
   Ertəsi gün anası qızına zəng edib ərinin dediklərini çatdırdı, sonda "qardaşlarınla da bir məsləhət eliyərik” deyəndə, Leylinin dalağı sancdı, bildi ki, böyük qardaşı konkret bir söz deməyəcək. Kiçik qardaşı isə yenə əlində bıçaq başının üstündə dayanmışdı.

   Axşam saat doqquzda balaca qardaşı Yaşardan zəng gəldiyini görəndə ürəyi qopdu, uşaqlar heç nə eşitməsin deyə, tez mətbəxə keçib qapısını örtdü. Başını bulaya-bulaya, nırç edə-edə yaşıl düyməni basıb telefonu qulağına tərəf apardı. Yaşar salamsız-kəlamsız, hikkəli-hikkəli birbaşa mətləbə keçdi:
-  Qulaq as, eşitmişəm, ərə getmək istiyirsən. Düz söhbətdi?
-  ...
-  Nə susursan? Cavab ver də!.. Onda qulaq as. Bax, eşidəm-biləm, o gədəyə ərə getmisən, Bakıya gəlib səni səkkizinci mərtəbədən yerə atacam, başa düşdün?!...
   Leyli davamını eşitmək istəmədi, söhbəti kəsib telefonu hirslə divanın üstünə atdı. Qardaşının növbəti zənginə cavab vermədi, bildi ki, "Niyə atboy verdin?” soruşacaq, axırda hədə-qorxu gələcək. Zəngsə davam edirdi...
   Hələ subay vaxtlarında, ata evində Yaşarla tez-tez mübahisələri olurdu: çölə çıxma, ora baxma, bura baxma, belə şeylərin üstündə aralarında qırğın olurdu. Anası oğlunun üstünə təpinirdi: "Sənə görə bacın evdə qalacaq. Başa düş, bu qız əvvəl-axır ərə getməlidi. Niyə ona zülm eliyirsən? Heç biriniz oxuyan zibil olmadız, qoy heç olmasa qız ərə getsin”. "Eee, - Yaşar anasına etiraz etmişdi. - Camaat necə ərə gedir? Bəyəm hamısı çöldə sülənir? Arifin qızı Şəfiqəni ərə gedənə qədər sən, ya anam onu çöldə heç görmüşdüz? Ya Əlizaminin qızı Elnarəni?” Anası razılaşmamışdı: "Sən bəyəm Şəfiqəylə Elnarəni bütün günü güdürdün ki, biləsən, çölə çıxırlar, ya yox. İkincisi, Şəfiqə öz qohumuna ərə gedib, sənin bacına nə yaddan, nə qohumdan elçi gələn var”. 

   Leyli bu cür söz-söhbətlərdən bezdiyindən, anasıyla Bakıya, bir qohumunun hüzrünə gedəndə, qonşu blokda yaşayan, onlar qalan evdən mağara stul daşıyan Quluyla tanış olub dəhlizdə iki-üç dəqiqə şirin-şirin pıçıldaşandan sonra onun "Mənə gələrsən?” sualına tezcə başını tərpətməklə razı olduğunu bildirmişdi. Bu söhbətdən sonra bir həftə içində gizlincə telefonda danışmışdılar və Leyli maşınıyla rayon mərkəzinə gələn Quluya qoşulub Bakıya qaçmışdı.
   Məsələdən xəbər tutan Yaşar evdə çığır-bağır salmışdı. "Bakıya gedib qızı da, oğlanı da tapıb doğruyacam! Bizi camaatın içində biabır elədi!”, sonra anasına təpinmişdi: "Koruydun?! Hara baxırdın?! Niyə Bakıda olanda imkan vermisən, qızın o gədəylə söhbət eliyib?!” On gün sonra oğlangil tərəfdən zənglər gəlmişdi: "Gəlin barışaq, onsuz da bir qız bir oğlanındı, üstəlik, bunlar bir-birilərini sevirlər”. Leylinin anası telefonda demişdi ki, kiçik oğlum hələ çox əsəbidi, bir az keçsin, sakitləşsin, biz deyəndə gələrsiz”. Axırda barışmışdılar.
   Bir müddət balaca qardaş bacısını dindirməmişdi, kəndə gələndə dilucu salam versə də, üzünə baxmamışdı, yan gəzmişdi ondan. Leylinin oğlu dünyaya gələndə, balaca dayı rəhmə gəlmişdi, yeznəsiylə tanış olmuşdu. Kənddəkilər şəhərdən gələnlərin şərəfinə quzu kababı bişirmişdi, tostlar deyilə-deyilə araq qədəhlərin toqquşdurmuşdular, nəhayət, Bakıda bacısının qabağına qoyduğu çayı içəndən sonra aralarındakı buzlar ərimişdi…

   Az öncəki telefon danışığından sonra hirsindən və qorxusundan əsən, gözləri dolmuş Leyliyə elə gəldi ki, kiçik qardaşı onu elə o vaxt Bakıya qaçandan bəri bağışlamayıb, üzdə özünü barışmış kimi göstərsə də, hələ də nifrət edir ona və ikinci dəfə ərə getmək məsələsi ortaya çıxanda, həmin kin, hikkə vulkan kimi püskürüb çölə çıxıb. Qardaşını söyə-söyə telefonu götürüb, Mehribanı yığdı, salam-kəlamdan sonra keçdi əsas məsələyə:
-  Bir az qabaq Yaşar zəng elədi, ağzına gələni dedi mənə. Dedi ki, o oğlana ərə getsən, kənddən gəlib səni səkkizinci mərtəbədən yerə ataram.
-  Aaz, başını daşa döyür, p.. yeyir, - Mehriban güclə özünü "Atabaatasıyla bir yerdə” deməkdən saxladı. - Xox gəlir sənə, heç nə eliyəmməz.
-  Sən tanımırsan onu, dediyini eliyər.
-  Nə istiyir e sənnən? Ay qız, yaşın otuzu keçib, gözünü yumub açassan ki yaş qırx oldu. Dayan görüm, o gicbəsər qardaşının neçə yaşı var?
-  İyirmi altı.
- Ona sual ver ki, neyləməlisən sən? Deməli, bizim bu alçax kişilər gedirlər Rusiyaya, yüzüynən gəzirlər, aylarnan evə gəlmirlər, gələndə də arvadlarına yüz cür zibil xəstəlik salırlar. Amma dul, ya boşanmış arvad ərinə, qardaşına, qaynatasına, qaynına, nə bilim, yeddi arxa dönəninə görə ömürlük qabağını qıfıllamalıdı.
-  Ha-ha-ha, tapırsan da bu sözləri. Balaca, yoxsa yekə qıfıl vurmalıdı?
- Yekə, kənddə tövlənin qapısına vururlar ha, ondan, - Mehriban isterik halda güldü.
-  Ha-ha-ha, - Leylinin kefi açıldı. - O qıfıllar çox vaxt paslı olur.
- Ay sağ ol. Elə bizim həyatımız da o beyni paslı kişilərə görə axırda pas atır, - iyirmi altı yaşlı subay Mehriban bunu deyib elə dərindən köks ötürdü, sanki dul özüydü, sanki ona zülm edən qardaşı, əri varıydı. - Ərdi, qardaşdı, bunnar istədikləri vaxt evlənə bilərlər, qəhbə yanına gedə bilərlər, amma dul arvad ərə gedə bilməz. Aaz, bilirsən, nəyə yanıb tökülürəm? Müğənnilər, aktrisalar istədikləri qədər sağa-sola gəzilər, axırda bir varlı kişi tapıb ərə gedirlər, hələ bir təmtəraqnan toy da eliyib televizorda yandıq da verirlər camaata. Amma sənin kimi namuslu arvad ikinci dəfə toysuz belə ərə gedəmmir.
-  Demə-demə.
- Deyirsən, qardaşının iyirmi altı yaşı var, mənnən yaşıddı da. Oğlan uşağıdı qardaşın? - istehzayla, bir az da bic təbəssümlə soruşdu.
-  Hə, bu dəyqə. Hər dəfə Bakıya mal almağa gələndə, gecə özünü verir bardakı şortuların yanına. Anamın dayısı nəvəsi öz gözüylə görüb.
-  Sən çox nahaq atboy vermisən qardaşına, sən ona sual verməliydin ki, ay qardaş, mən bəyəm pozğunluq eliyirəm, ya kiminsə aşnası oluram? Ərə gedirəm də, ay qanmaz.
-  Ağzında qanmaz deyirsən, qanmaza nə desən, xeyri yoxdu.
-  Nətəər əsəbiləşdim e, - dəstəyi qulağıyla çiyninin arasında sıxıb iki əliylə özünü yellədi, püfüldədi. - Sən belə elə, qardaşının telefonunu ver mənə, özüm onla necə lazımdı danışacam.
 -  Yox bir, çaşıb hələ qıfıl məsələsini də deyərsən. Ha-ha-ha.
 - Niyə demirəm? Belələri adam dili başa düşmür ki. Yaxşı, bəs böyük qardaşın nə deyir?
-  Əfəlin biridi. Ona nəsə deməyin xeyri yoxdu.

   Yaşarın telefon zəngindən sonra Leyli həm kiçik qardaşına, həm də baldızlarına nifrət edirdi. Bir tərəfdən, baldızlarına olan nifrətinin necəsə  üzə çıxmasını istəyirdi, başa düşürdü ki, məsələni açıb desə, lap sonda ərə getməsə belə, ürəyini boşaldıb azca rahatlanacaq. O biri tərəfdənsə cəsarəti çatmırdı buna, bilmirdi, hər şeyi özlərinə desin, yoxsa kiminsə vasitəsiylə çatdırsın. "Mehri elə rahat deyir ki, baldızlarını vecinə alma, - öz-özünə danışırdı, - elə bil asandı. Tutaq ki, günü sabah Ramilə ərə getdim və iş elə gətirdi ki, Ramil bu evdə olan gün baldızlarım bizə gəldilər. Onlara deməliyəm axı bu adam kimdi, nəçidi. Nə qədər olmasa, bunların qardaşı evində qalıram”. Axırda baldızlarının xalasını bu işə qoşmaq qərarına gəldi. Əminiydi ki, ürəyiyumşaq, az-çox müasir düşüncəli bu qadına ürəyini açsa, bacısı qızlarını yola gətirməyi xahiş etsə, xala məmnuniyyətlə razı olacaq...   Elə də oldu. "Hə, o nə sözdü? Gedib danışaram qızlarnan. Cavan gəlinsən, lap əcəb eliyib ərə gedirsən,” - Maral xala Leylinin xahişini yerə salmadı.

   Bu arada Ramil tez-tez zəng edirdi: "Nə oldu bəs? Atangillə danışmadın?” Hər dəfə bir bəhanə gətirirdi Leyli: "Atam xəstədi, rayon xəstəxanasında yatır, ürəyi ağrıyır. Ona qətiyyən həyəcanlanmaq olmaz, anam deyir, hələ heç nə deməyək, qoy xəstəxanadan çıxsın, danışaram”. - "Ay qız, yalan danışma! - telefonun o başında Ramil hökmlə qışqırdı. - Bu dəyqə maşına minib gedərəm Cəlilabada, girərəm rayon xəstəxanasına!” - "Yox, yox, qurban olum, elə şey eləmə,” - səsi titrəyən Leyli ikili hisslər keçirdi. Bir yandan qorxurdu, bilirdi ki, Ramil dediyini edər, maşınına minib gedər onlara, aləm qarışar bir-birnə. Ən çox qorxduğu şey isə Ramilin Yaşarla kəllə-kəlləyə gəlməsiydi. O biri tərəfdənsə sevgilisinin ərklə, hökmlə üstünə qışqırması, qətiyyəti ona ruh verirdi. Ramil, Leylinin telefonda iki cümlədən bir kəsik-kəsik nəfəs almasından, arada naz atmasından hər şeyi hiss etdi, tez başqa tona keçdi: "Darıxıram səndən ötrü, gəl görüşək”. - "Hə, mən də səni görmək istəyirəm, - Leyli titrək səslə dilləndi: - Amma uşaqlar...”. - "Uşaqları da götür, axşam saat altıda gəl Zabitlər bağına. Bir şey fikirləşərik”.
   Bir şey fikirləşib tapdı Ramil, yolüstü uşaq mağazasından iki samokat aldı. Uşaqlar sevincək samokatlarını sürüb onlardan uzaqlaşan kimi, gözdən uzaq, skamyaların birində oturub doyunca öpüşdülər, sarmaşdılar bir-birinə...

   Onlar öpüşüb əlləriylə bir-birinin bədənində gəzən vaxt Leylinin baldızları xalalarını divara dirəmişdi. "Nə danışırsan, ay xala? Başını daşa döyür! O ev qardaşımındı, orda yad kişi nəfəs belə ala bilməz,” - böyük baldız hikkəylə dedi. Sonra balaca baldız ortaya atıldı: "Buna bir bax hələ. Heç iki il keçməyib Qulunun ölümündən, ərə getmək istiyir”. Maral xala söz çatdırammırdı, qalmışdı iki bacının arasında: biri qurtarmamış, o birisi başlayırdı, arada səsləri qarışırdı bir-birinə. Bacıların son sözü bu oldu: Leyli belə ərə getməkdən ötrü ölürsə, zəhmət çəksin, evin açarlarını gətirsin versin bizə, kimə istəyir ərə getsin, lap köçsün Afrikaya, neqrə ərə getsin. Axırda yenə xalalarını danladılar: ay xala, onu başa düşdük, bəs sənə nə düşüb, Əhmədlidən durub gəlmisən, yad bir qıza görə səhərdən qanımızı qaraldırsan? Ardınca yenə gəlinlərinin qarasınca danışdılar: bunun tülkülüyünə bax, özü bizə heç nə demir, sənin başını bişirib bura göndərib. Maral xala yalandan and-aman etdi ki, Leyli ərə getmək məsələsini ona danışsa da, gəlmək istəyi özünün olub. Baldızlar inanmadı: xala, bizə də yox də, uşaq deyilik axı.
   Leyli parkdan qayıdan kimi yataq otağına keçdi, qapını ehmalca örtüb çarpayıya uzanıb rəfiqəsinə zəng etdi. Xoş-beşdən sonra Zabitlər parkında Ramillə görüşüb öpüşdüyünü dedi. Rəfiqəsi sevincək onu təbrik edib soruşdu: "Tez danış görüm, necə bişirdi səni?” Başqa suallara keçdi rəfiqəsi, Leyli heç nəyi gizlətmədi, əvvəlcə Ramilin əlini onun belinə dolamasından, kürəyini, boynunu, başının arxasını sığallamasından, qucaqlaşmaqlarından, nəhayət, öpüşməklərindən, az qala, huşunun başından çıxmağından həvəslə danışdı. Necə maraqla danışdısa, telefonun o başında Mehribanın nəfəsi daraldı, qulaq asa-asa ayağını, dizlərini sığalladı, illər öncə Pedaqoji Universitetdə heç vaxt barmağıyla toxunmadığı, amma sevdiyi, paralel qrupda oxuyan Nicatın ağuşunda təsəvvür etdi özünü. Bir-iki intim sual verib, cavablar alandan sonra Leyliyə dedi: "Sükanı belə saxla, baldızlarını, gicbəsər qardaşını, tək onları yox e, heç kimi vecinə alma”.
   Ertəsi gün axşam Maral xala dilxor sifətlə Leyligilə gəldi, oturan kimi "Yox, yox, çay lazım deyil. Evdə içib gəlmişəm” dedi, qırımından Leyli pis xəbər eşidəcəyini anladı. Xala, bacısı qızlarıyla olan söhbəti danışandan sonra dedi: "Başıbatmışlar elə bil dünən kənddən gəliblər. Dedilər, ərə getmək istiyirsə, gətirsin açarları qoysun bizdə. - Leylinin dinmədiyini görüb köks ötürdü. - Ahh, kaş bacım sağ olaydı”. Son dediyi cümlənin süni alındığını özü də hiss etdi, yəni, bacım sağ olsaydı, əksinə lap pis olardı kimi alındı və qəfil yaranan cansıxıcı sükut Leylini əsəbiləşdirdi, qonaq hiss etdi ki, getmək lazımdır. "Hə, qızım, mən yavaş-yavaş gedim,” - Maral xala bunu deyəndə, bir himə bəndiymiş kimi Leyli ondan qabaq ayağa durdu. Qapının ağzında xala pıçıltıyla Leyliyə dedi: "Qızım, sən öz bildiyini elə. Demirsən, o oğlanın ayrıca evi var? Tüpür hər şeyə, lap açıq deyəcəm, tüpür bacım qızlarına, apar açarları tulla üstlərinə, onların acığına uşaqları göstərmə, telefon nömrələrini sal bloka. Oldu, Allah işini avand eləsin,” - deyib pilləkənlərlə aşağı düşdü. "Buralarda ol. Ev uşaqlarımındı e. Onlar da sənin doğma bacının nəvələridi... Günah məndədi e, axı buna niyə deyirəm ki, Ramilin evi var?” - xalanın arxasınca baxa-baxa Leyli ürəyində dedi.

   Divanda oturub fikrə gedən Leyli ürəyində əzazil qardaşını, ona dəstək olmayan ata-anasını, böyük qardaşını söydü. Kiçik qardaşına nifrəti o həddə çatmışdı ki, ürəyindən keçirdi Zabitlər parkında Ramillə öpüşməyini kimsə görüb ona çatdırsın, qardaşı da kənddən durub gəlsin, salsın onu təpiyinin altına, Leyli də qayıdıb üzünə tüpürsün və desin ki, əcəb eləmişəm, axırda qardaşı onu bıçaqlayıb öldürsün, canı qurtarsın hamıdan. Uşaqları yadına düşdü, "Rədd olsun e hamısı” - pıçıldadı. Sonra səbəbsiz yerə rəfiqəsini söydü, axırda Ramilə də bir-iki pay düşdü. "Sən hardan çıxdın e? Hələ ki, dərddən başqa heç nəyə yaramırsan”. 

   Rəfiqəsindən zəng gələndə, əvvəlcə deyindi. "Bax, nəyə zəng eliyirsən? Onsuz da heç nə eliyəmiyəssən”, hiss etdi ki, danışsa, yüngülləşəcək, yaşılı basdı:
- ...Necə olacam? Pisdən də betər...  Ehh, deyirsən də, Mehri, öz doğmalarım məni başa düşmürsə, səncə, necə ola bilərəm? - sonra qaynanasının bacısını bu işə qoşmasını, baldızlarının evin açarını istəmələrini rəfiqəsinə danışdı.
-  Ay tupoy, baldızlarından nə gözlüyürdün ki? Mən axı yüz dəfə demisəm sənə, baldızların sənə heç nə eliyəmməzlər, qaldığın o ev qanunnan sənin uşaqlarınıa çatır. Sil onları həyatından, ay qız. Durub hələ adam göndərmisən ora. İndi əsas məsələ sizinkiləri yola gətirməkdi. Diqqətlə qulaq as, sənə bir əhvalat danışacam, məəttəl qalassan ki, necə kişilər olub bu həyatda. Deməli, hardasa yüz il əvvəl ulu nənəm Səkinə, ulu babam, kəndin axundu Yusiflə evliymiş, üç oğlu, dörd qızı varıymış bunların. Deməli, babam qırx iki yaşında Həcc ziyarətindən qayıdandan bir ay sonra xəstələnib düşür yatağa, nənəmi çağırır yanına, deyir, ay arvad, bir-iki günə, uzağı üç günə bu dünyadan köçəcəm. İndidən halallığımı verirəm, mən öləndən dörd ay sonra gedərsən dul Mirhaşıma ərə. Nənəm utandığından qıpqırmızı qızarır. Babam gülür, deyir, mənə də yox də, guya görmürəm, ürəyindəndi dediklərim. Nənəm buna qayıdır ki, ay kişi,  ayıb olsun sənə, mən ərə getməyin hayındayam indi. Babam gülə-gülə deyir ki, indi demirəm, mən öləndən dörd ay sonra. Həmin Mirhaşım cavanlığında nənəmi sevirmiş, nəyəsə görə bunların evlənməyi alınmayıbmış, babam da bunu bilirmiş. Qısası, babam rəhmətə gedəndən altı ay sonra Mirhaşım ulu nənəmə öz bacısını elçi göndərir. Nənəm də abır eliyir, deyir qoy bir il keçsin, cavab verərəm. Qısası, bir ildən sonra Səkinə nənəm həmin kişiyə ərə gedir, ondan da iki oğlu, iki qızı olur. Sən təsəvvür elə, rəhmətlik nənəmin hər iki ərindən olan uşaqları ölənə qədər can deyib can eşidiblər, bir dəfə də aralarında mülk, torpaq üstündə söz-söhbət olmuyub. İndi o gic qardaşın internet dövründə sənə deyir ki, ərə getmək günahdı. Yox e, gedib sizinkilərin başına ağıl qoymasam, ürəyim parttıyar.

- Yaxşı, ay Mehri, çox ürəyindən keçirsə, get kəndimizə, get ağıl qoy onların başına.

   Leyligilin kəndinə getməyə hazırlaşdığı bir vaxtda qəfil Mehribanın bacısının əri avtomobil qəzasında öldü... 

   Leyli də hüzrdəydi, ortaya qoyulmuş cənazənin ətrafında oturub arvadlarla bir yerdə ağlayır, sıtqayır, susur, ölən əzizləri yadına düşəndə, yenə hönkürtüylə ağlayanlara qoşulurdu. Arada Mehribanın dul qalmış bacısına baxıb fikirləşirdi görən, bir azdan bu da mənim kimi ərə getməkdən ötrü əldən-ayaqdan gedəcək. Sonra rəfiqəsinə göz atdı, ona elə gəldi, Mehriban "Evlənim, yoxsa hələlik subay qalım?” sualının qarşısında aciz qalıb, fikirləşir ki, Leylinin əri öldü, iki uşaqla ərə getmək istəyir, gic qardaşı imkan vermir, indi bacım dul qaldı, görək, bir gün ərə getmək istəsə, qaynı, qaynatası, qaynanası nə hoqqalar çıxardacaq.

   Bacısı ərinin qırxından on gün sonra Mehriban Cəlilabada yola düşdü. Avtobus yerindən tərpənəndən Leylinin yaxınlarına hansı cümləni, sözü hansı tonda demək lazımdı, buna qədər fikirləşdi. "Adil dayı. (Leylinin atası) Yox, alınmadı... Adil dayı... Eeh, yenə alınmadı, - yanında heç kim oturmamışdı deyə, özüçün rahat məşq edirdi. - Sözləri elə deməliyəm, bu taxtabaşlar başa düşsünlər ki, qızları mütləq ərə getməlidi. Adil dayı... Aha alındı. Siz hansı zəmanədə yaşıyırsız? Siz başa düşmürsüz ki.... Uy daa, nə Adil dayı? Leyli demişdi axı, aləmi bir-birinə qatan balaca qardaşı Yaşardı...”

   Mehriban çiynində çanta, sağ əlində hədiyyələrlə dolu paket Leyligilin həyətinə girəndə, baltayla odun yaran iricüssəli cavan oğlan şəhərli qıza diqqətlə baxdı.
-  Sən Mehribansan? - oğlan salamsız-kəlamsız soruşdu.
- Hə, - utana-utana cavab verən Mehriban "Bu, yüz faiz həmin qardaşıdı.” - fikirləşdi.
-  Xoş gəlmisən, keç içəri, - ərklə, ciddi-ciddi deyib Yaşar baltayla odunu yardı.
-  Kim var sizdə?
-  Keç-keç, içəridə adam var, - baltanı başının üstünə qaldırdı.

   Mehriban tez-tez pilləkənlərlə yuxarı qalxdı, qapıya çatanacan gözünü ondan çəkməyən Yaşar həvəslə əllərinin içinə tüpürüb, baltanı çaldığı odundan çıxardı.
    Zibeydə xala Mehribanı bağrına basıb o üzündən, bu üzündən marçamarç öpüb, "Ay qızım, xoş gəlmisən,” - deyə-deyə divanda yer göstərdi. "Yəqin Leyli zəng eliyib gəlməyimi xəbər verib,” - Leyli ani fikirləşdi. Zibeydə xala "Nə əziyyət çəkmisən, qızım?” - deyib şokolad, peçenyelərlə dolu paketi götürdü, mətbəxə tərəf getdi, qonağın qeyri-iradi dediyi "Əziyyət deyil, xoşdu” sözlərini eşitmədi. Mehriban otağa göz gəzdirməyə başladı. "Mebel şkafı elə də ucuz deyil. Amma pol...”  Döşəmə rəngi getmiş taxtadan idi. "Belə götürəndə, kənd yerində pol parketdən olmasa da olar”. Bu vaxt Yaşar içəri girdi.

-  Anam hanı? - qaşlarını çatıb soruşdu.
   Mehriban əliylə mətbəx tərəfi göstərdi. "Qaşlarına bax bunun, guya indi bu ciddidi”.
-  Leylini görürsən? - Yaşar həminki qaşqabaqla soruşdu.
-  Hə, görürəm hərdən.
-  Bə niyə zəng eləmir mənə?
   Mehriban mənalı-mənalı çiyinlərini çəkdi, bir növ, işarə vurdu ki, doğma bacındı, özün fikirləş gör, niyə zəng eləmir.
- Yenə gic-gic danışır?
-  Nə? - üzünü turşudan Mehriban o dəqiqə bildi, Yaşar nəyə işarə vurur.
-  Ərə getmək-zad istiyir.
-  Nə olar ki, ərə gedəndə?
-  Qələt eliyir, qız bir dəfə ərə gedə bilər.
-  İki dəfə də gedə bilər, - Mehriban səs tonunu qaldırdı.
   Bu vaxt Zibeydə xala əlində sini, üstündə çaylar, konfetlər, heyva mürəbbəsi içəri girdi. Mehribana dediyini yeridə bilməyən Yaşar hirslə başını bulayıb həyətə çıxdı. Az sonra çöldən hikkəli balta zərbələrinin səsi gəldi. Mehriban tez pıçıldadı:
-  Ay xala, Leyliyə görə Bakıdan vurub bura gəlmişəm e, - qorxa-qorxa qapıya baxdı.
-  Leyliyə görə niyə, a bala? Nə olub Leyliyə? - anasının rəngi ağardı.
-  Yox, yox, ay Zibeydə xala, narahat olmuyun. Heç nə olmuyub, - yenə qapıya baxdı, hərçənd, Yaşar hələ də odun yarırdı. - Niyə imkan vermirsiz qızınız ərə getsin?
-  Qorxdum e, dedim görən nə olub. Axx Leyli, ömrün boyu keçi kimi tərslik elədin. Demək, səni bura göndərib ki...
-  Yox, ay xala, əksinə, neçə vaxtdı deyirdi ki, getmə. Öz istəyimnən gəlmişəm. Axı nə pis iş tutur ki, Leyli? Niyə imkan vermirsiz yazıx qız öz həyatını qursun?
-  Deyirsən də. Yaşı otuzu keçib e. Üstəlik, iki uşaxla nə məcburdu bu yaşda ərə gedə?
-  Məcburdu, çox məcburdu.
-  Sən özündən danış, ay Mehriban. Sən niyə ərə getmirsən?
-  Ay xala, mənə görə narahat olma. Mən gec-tez ərə gedəcəm. 
-  Neçə yaşın var?
-  Ay xala, yenə deyirəm, mən ərə gedəcəm, - sualdan cırnadı, - sən Leylidən danış.
-  Çayını iç, soyudu, - Zibeydə xala incik-incik dedi.
-  İçirəm, - candərdi bir qurtum alıb gözlərini Leylinin anasına dikdi, yəni, qızının xeyrinə danış, onun-bunun təsirinə düşmə.
-  Qızım, yenə deyirəm, mən bu işə razı deyiləm. Birincisi, bizim nəsildə indiyə qədər belə bir şey olmuyub. Ana nənəmin iki oğlu, iki qızı olub, babam gedib Böyük vətən müharibəsində ölüb, orda da basdırıblar. Amma nənəm uşaqlarını böyüdüb, özünü elə aparıb ki, nə müharibə vaxtı, nə də müharibədən sonra kənddəki kişilər o qadının zəhmindən üzünə belə baxmağa qorxublar. 
- Ay Zibeydə xala, yaxşı ki, bunu danışdın. Qoy o birilər də gəlsin, mən sizə bizim nəsildə olan bir hadisəni danışacam. Görərsiz, necə kişilər olub.
-  Yaxşı, de görüm, Leyli neyniyib ki, oğlan nəslini yığıb töküb gətirib o evə?
-  Ay xala, nəslini gətirmiyib, oğlan anasıyla, bacısıyla bir yerdə gəlib ki, Leyliylə tanış olsunlar.
-  Deyirəm də, Leyli üz göstərib onlara. İfritə baldızları bəhanə axtarırlar ki, evi ələ keçirsinlər. İndi bunun ərə getməyinin yeridi heç?
- Yeridi, niyə yeri deyil? Baldızları qələt eliyir, o ev qanunla Leyliyə çatır, çünki uşaxların atası Quludu.
- Qanunla, - istehzayla dedi. - Sabah məhkəməyə puldan basarlar, qanun olar baldızlarının tərəfində.
-  Elə şey yoxdu, dərəbəylik-zaddı bəyəm? Ehh, ay Zibeydə xala, mən elə bilirdim, bu evdə yenə siz məni başa düşəssiz. Sizə güvənib gəldim, Leylinin xoşbəxtliyi üçün. 
-  Leyli xoşbəxtdi də. Gül kimi balaları var. İndi Allahın işiydi, əri cavan getdi. Sən çayını içmədin, onda gedim yemək... - ayağa durdu.
-  Yox, nə çay, nə də yemək, - önündəki stəkanı əliylə itələdi. - Küsdüm sizdən.
   Zibeydə xala xısın-xısın güldü:
-  Yox, ay qızım, elə demə, indi sənin ərə gedən vaxtındı. Qaldı ki, Leyliyə, bu evdə üç kişi var, bir ərim, iki oğlum. Onlar da mənim kimi razı deyillər bu işə. Yaşar heç razı deyil, - qorxa-qorxa qapıya baxdı. - Nazim, böyük oğlum burda deyil, arvadıyla qonşu kəndə bir qohumumuzun qırxına gedib. Nəysə, mən gedim yeməyi gətirim.
   Zibeydə xala ayağa durub mətbəxə keçdi, az sonra qapı açıldı, Yaşarla atasıydı. 
-  Ay xoş gəlmisən, qızım, - Adil kişinin gur səsi otağa yayıldı.
   Mehriban ayağa durub ona tərəf getdi. Qucaqlaşıb doğmalar kimi öpüşdülər. 
-  Ana! - Yaşar qışqırdı.
-  Həə! - mətbəxdən anasının səsi gəldi.
-  Yemək nə oldu?!
-  Hazırdı, indi gətirirəm!

   O dəqiqə hiss olundu ki, Yaşar özünü Mehribana göstərməkçün o cür tonda anasıyla danışır. Masaya yaxınlaşıb sərt hərəkətlə stulu çəkib oturmağıyla da eyni şeyi çatdırmaq istədi. "Özünü mənə göstərir,” - Mehriban fikirləşdi.

   Az sonra Zibeydə xala buğlama dolu məcməyilə içəri girdi. Masaya xiyar-pomidor gələndə, Adil kişi dedi ki, qonağımızın şərəfinə sabah günortaya quzu kəsib kabab bişirəcək. Mehriban elə həmin axşam Leylinin ərə getməyi məsələsində onları yola gətirib, səhər rayon avtobusuyla Bakıya qayıtmağı nəzərində tutmuşdu. Başını aşağı salıb narahat-narahat ət tikələrindən, kartofdan yeyə-yeyə, "Görən bir şey alınacaq?” sualının əlində girinc qalmışdı.

-  Qızım, - Adil kişi dilləndi, - Leyli bizə demişdi ki, sən məktəbdə işliyirsən, düzdü?
-  Hə, dil-ədəbiyyatdan dərs deyirəm.
-   Lap yaxşı. Uşaqlar dərs oxuyur, yoxsa boş-boş avaralanırlar?
-  Oxuyanı da var, siz demişkən, avaraçılıq eliyəni də.

   Mehribana elə gəldi ki, Adil kişi vaxt öldürməkçün bu sualları verir, əslində isə qonağın Leylidən söz salmağını istəyir. Mehriban özü də səbirsizlənmişdi, bir yandan da, Yaşarın onu gözləriylə yeyən baxışlarından sıxılırdı. Həyəcandan avtobusda məşq etdiyi cümlələr yadından çıxmışdı. Beynində var-gəl edə-edə, o cümlələri axtarırdı deyə, Zibeydə xalanın arada qızıyla bağlı verdiyi sualları eşidəndə, "Necə?” deyib təkrar verdirirdi onları.

   Nəhayət, masaya çaylar, şirniyyat gəldi və ilk qurtumdan sonra Mehriban ürəyində "Ya Məhəmməd, ya Əli” deyib dilləndi:
-  Mənim əzizlərim, - sifəti allandı, bunu hiss edib duruxan kimi oldu.
   Üstəlik, evdəkilərə "Mənim əzizlərim” sözləri qəribə gəldi nədisə, ona qəribə-qəribə baxdılar. Qovuşan boğazını arıtlayan Mehriban davam etdi:
-  Bayaq Zibeydə xalaya da dedim, mənim bura gəlməkdə məqsədim bacım kimi çox istədiyim rəfiqəm Leylinin ailə xoşbəxtliyinə nail olmaqdı. Bilirəm, bu evdə bir az narazılıq var, heç istəmirəm buna görə kimisə qınıyam. Amma çox istiyirəm biləsiz ki, Leylinin yenidən ailə qurmasına doğrudan ehtiyac var. Sizə asan gəlməsin, iki uşaq böyüdür. Uşaqların ata qayğ...
-  Bir dəyqə, - bayaqdan fısıldayan Yaşar sözünü kəsdi. - Uzatmaq lazım deyil. Bildik niyə bura gəlmisən. Uşaxların atası ölüb, bundan sonra o uşaxların atası ola bilməz.
-  Niyə? - Mehriban soruşdu. - Nə olar ki, uşaqların atası olanda?
-  Ona görə ki, uşağın bir atası olur, doğma ata. Yad kişidən ata olmur. Necə ki ögey ana olur, o cür də ögey ata olur, başa düşdün?
-  Yox, başa düşmədim. Ona görə ki, elə ögey atalar, analar var, doğma ata-analardan geri qalmırlar. Hələ elə olur, onlardan yüz dəfə yaxşı....
-  Eee, elə bil məktəbdə uşaqlara dərs deyirsən. Sizin rayonda ola bilsin, belə şeylərə adi baxırlar. Amma nə bizim kənddə, nə də nəslimizdə hələ indiyə qədər belə bir şey olmuyub ki, əri ölən, iki uşağı olan arvad təzdən ərə getsin. Heç boşanan bizdə ərə getmir, o ki qala dul arvad. Bir də, hardan bilirsən, ikinci dəfə ərə gedən xoşbəxt olur?
-  Ona görə ki, bacın tanıyır o oğlanı. 

   Yaşar sərt nəzərlərini anasına zillədi, yəni, bu, nə danışır, "o oğlanı tanıyır” nədi, olmaya, qızın görüşür oğlanla. Mehribansa məzəmmətlə Adi kişiyə baxdı, yəni, niyə susursuz, bir söz deyin də, əsas, siz danışmalısız indi. Anasının sifətində isə "A bala, bayaq sənə dedim axı, mən kiməm ki, bu evdə nəsə deyim?” yazılmışdı. Mehriban əsəbindən ürəyində "Bura gələndə ayaqlarım qırılaydı” qarğışı elədi özünə, sonra yenə Adil kişinin sifətinə baxdı. Bu baxışlara bəndiymiş kimi kişi dilləndi:
-  Ay qızım, sən ki mənim qızıma görə Bakıdan bura gəlmisən, tək elə buna görə sağ ol düşür sənə. Bundan sonra nə vaxt gəlsən, qapımız üzünə açıqdı. Gəlib istədiyin qədər qala bilərsən bizim evdə. Məni əmin, Yaşarı qardaşın, Zibeydəni xalan hesab edə bilərsən. Qaldı ki, Leylinin təzədən ailə qurması məsələsinə. Əvvəla onu deyim ki, Leyli gözümün ağı-qarasıdı. O, doğulanda...

   "Off, elə bil, leksiya oxuyur zalım oğlu,” - Mehriban tıncıxdı. Adil, qızının doğulmasından, böyüməsindən, fərasətindən, tərbiyəsindən, amma vaxtilə Quluya qoşulub qaçmasına görə evdə qan-qaraçılığa səbəb olmağından, oğlan nəvəsi doğulandan sonra onu bağışlamağından on dəqiqə danışıb keçdi əsas məsələyə:
-  ...Biz qızımızın təzədən ailə qurmasına yaxşı baxmırıq. Birincisi, bizim dədə-baba adətimizə uyğun deyil. Yaşar bayax dedi, yəqin Zibeydə xalan da deyib, - arvadı "hə” mənasında başını tərpətdi, - bizim nəsildə uşağı olan boşanmış arvad bir yana, hələ uşaqlı dul arvadın durub arsız-arsız ərə geməyi ümumiyyətlə olmayıb.
-  Ay dayı, arsız-arsız ərə getmək nədi? - Mehriban bu dəfə dözəmmədi, səs tonunu qaldırdı. - Ərə getmək niyə arsızılq olsun ki?
-  Mən ikinci dəfə ərə getməkdən danışıram.
-  Bildim. Amma istənilən halda...
-  Bir dəyqə, qızım, sözümü kəsmə. İkincisi, lap deyək, qızım günü bu gün ərə getdi. Sən, ya mən hardan bilirik ki, o adam nəvələrimə atalıq edəcək?
-  Yaxşı, hardan bilirsiz ki, etməyəcək?
-  Yaşar bayaq dedi, çünki ögeydi. Üstəlik, oğlanın özünün iki uşağı var, üstəgəl iki nəvəm. Deyirsən də, dörd uşağa baxmaq, öz də şəhər yerində asan məsələ deyil.
- Lap yaxşı, bir yerdə böyüdərlər uşaqları. Leyli onlara ana olar, Ramil də nəvələrinizə ata. Bir də, bayaqdan elə ögey, ögey deyirsiz. Bəyəm eşitməmisiz ki, mehriban ögey ataları olur?
-  Ay qızım olur e, amma yüzdən bir, mindən bir.
-  Hardan bilirsiz, bəlkə elə Ramil yüzdən bir yaxşı olanlardandı?
-  Ee, - Yaşar müdaxilə etdi. - İki dəyqədən bir onun adını çəkmə burda.
-  Adı Ramildi də, - Mehriban təəcüblə Yaşara baxdı, - Bəs nə deyim, Famil deyim?
-  Adını çəkmə, oğlan de, gədə de, - Yaşar dedi.

   Mehriban nəhayət, son vasitəyə əl atdı: başladı, həvəslə, bir az da əsəbi halda, - əsəbiliyinin səbəbi heç kimi dediklərinə inandıra bilməməsiydi, - ulu babasının ölümqabağı ulu nənəsinə Mirhaşıma ərə getməyə halallıq verməsindən, ulu nənəsinin ərinin vəsiyyətinə əməl etməsindən, anabir övladların bir-biriylə mehriban olmaqlarından danışmağa. Adil kişi sıxılırdı, sanki qonağın ulu babasının yerində özünü hiss edirdi, hiss olunurdu ki, söhbətin tez bitməsini istəyir. Arvadı isə boynunu büküb çaşqın halda gah ərinə, gah da oğlunun hirsli, arada lağlağı təbəssümlü sifətinə baxırdı. Bircə dəfə Mehriban anabir övladların bir-biriylə mehriban olmalarından danışanda, Zibeydə xala xəfif təbəssümlə "Həə, lap yaxşı,” - dedi, amma oğlunun sərt baxışlarından çəkinib tez ciddi sifət aldı. Bu söhbət bitəndən sonra Adil kişi narazı-narazı dilləndi:
-  Nəysə inanmağım gəlmədi. Nə vaxt olub bu danışdıxların?
- Hardasa on doqquzuncu əsrin sonlarında. İnanmırsız deyəndə, bizim nəsildə, elə kənddə də bunu bilməyən yoxdu, - Mehriban ümidli gözlərini Adil kişiyə zillədi, elə bildi, nəhayət, onun fikirlərində nəsə dəyişiklik baş verəcək.
- Nənən heç düz eləmiyib, - Yaşar dilləndi. - Nə olsun əri elə deyib? Gərək ərə getməyəydi, - qonağın ulu nənəsini məzəmmət edirmiş kimi, başını bulayıb yenə dedi: - Heç düz eləmiyib.
   Mehriban bu sözləri eşidəcəyini gözləmirdi deyəsən, diksinən kimi oldu, Adil kişini əvvəlcə gülmək tutdu, qonağın pərt olduğunu görüb aranı yumşaltmaq istədi:
-  Yaşar, hər yerin öz adəti var, onlarda belədi, bizdə başqa cürdü, - halbuki, az əvvəl belə bir şeyə inanmadığını demişdi.
   Yaşar qəfil gözlərini qıyıb müəmmalı-müəmmalı qonağa baxdı,  bu baxışlardakı gizli ehtirası hiss edən ətli, pəmbə dodaqlı, badamı gözlü Mehriban ani fikirləşdi: "Yüz faiz dodaqlarım xoşuna gəlib”. İçindən giziltili bir qorxu keçən qonağa elə gəldi ki, Yaşar bu gecə onu qaçırdacaq. "Ona görə gözlərini bic-bic qıyır, beynində plan cızır”. O dəqiqə qərarını verdi: səhər lap tezdən oyanıb sakitcə əkilmək, özünü rayon avtovağzalına çatdırmaq.

   Axşam saat doqquzuydu, artıq başqa şeylərdən danışırdılar, Leylinin ərə getmək məsələsinə heç kim qayıtmaq istəmirdi. "Atan, anan necədi? Anan yenə işləmir? Qardaşın evləndi?” kimi suallara candərdi cavab verən Mehriban lap tezdən oyanmaqçün tez yatmaq istəyirdi. 

-  Ay arvad, qızın yerini Leylinin otağında salarsan, - deyib Adil kişi ayağa durdu, üzünü qonağa tutub dedi. - Nə istəyin olsa, çəkinmə xalana de, - çölə çıxdı.
   Mehriban yerində qurcuxdu, "Ömründə orda yatmaram”. Elə həmin andaca təsəvvürünə gətirdi ki, yuxuda olanda, Yaşar dostlarıyla bir yerdə o yatan  otağa girir, ağzını yumub, əl-qolunu kəndirlə bağlayıb onu qaçırdırlar. Bu səhnədən diksinən Mehriban tez Zibeydə xalaya dedi:
-  Xala, mənim yerimi öz yanında salarsan, yaxşı?
   Yaşar hirsli-hirsli onun üzünə baxdı, qonaqsa guya bu baxışları sezmədi.
-  Tək qorxursan yatmağa? Leylinin otağı düz bizim otağa bitişikdi, - Zibeydə xala dedi.
-  Hə, qorxuram, - səsində əsəblə qorxunun qarışığı hiss edildi. 
-  Onda kişiyə deyərəm, Yaşarla yuxarıdakı otaqda yatarlar.
-  Xala, avtobus məni yaman yorub, mümkünsə, yerimi elə indi salardın.
-  Yaxşı, qızım, - Zibeydə xala ayağa durdu.
    Mehriban da ayağa duranda, Yaşar dilləndi:
-  Bir dəyqə, sən otur. Bir-iki şey soruşacam.

   Mehriban bildi, nə eşidəcək, ayağa durmaq istəsə də, qorxdu, ya hipnoz vəziyyətinə düşdü, nədisə, oturdu, özünü bilməməzliyə vuran baxışlarını Yaşara zillədi. Zibeydə xala isə dayanıb şübhəylə oğluna baxdı, yəni, hər şeyi danışdıq qurtardıq, daha nə sualın ola bilər ona.
-  Sən niyə dayandın? - Yaşar qeyzlə anasına dedi. - Get qızın yerini aç da.
   Anası heç nə demədən getdi, o biri otağa girən kimi Yaşar gözlərini Mehribana zilləyib dedi:
-  Mənə gələrsən?
-  Yoxx, - hikkəylə cavab verdi. "Başı işləmir e bunun”.
-  Niyəə?
-  Elə. 
-  Kəndçiyəm, ona görə?
-  Heç şəhərli olsan da, gəlməzdim sənə.
-  Niyəə?
-  Elə. Heç ağlının ucundan belə keçirmə. "Zəhrimaar, ə-ni uzatmağına bax”.
-  Dükanımı satıb, gəlib Bakıda ev alaram, öz evimiz olar.
-  Lazım deyil, öz evim var.
-  Bəlkə fikirləşəsən.
-  Ehtiyac yoxdu. "Nə tüpürüləsi sifəri var bunun”.
-  Səbəbini de də. Niyə gəlməzsən mənə? Çirkinəm, şikəstəm, nəyə görə...?
- Artıq suallar verirsən e, - Mehriban ayağa durub yeyin addımlarla yatacağı otağa tərəf getdi, arxadan eşitdiyi "Bir dəyqə dayan!” sözlərinə reaksiya vermədən addımlarını  sürətləndirdi.
   Yerinə girən kimi Mehriban beynində plan cızmağa başladı. "Saat beşdə dururam,  sakitcə paltarlarımı geyinirəm, sumkamı götürüb, barmaqlarımın ucunda evdən çıxıram, kənddə bir maşın tapıram, yiyəsinə artıqlamasıyla pul verib altının yarısına özümü çatdırıram rayon avtovağzalına. Bakıya ilk çıxan avtobusa minirəm, yəqin saat altıda çıxar o avtobus... Arvad yuxudan oyansa, deyərəm ki, ayaqyoluna gedirəm”.

   Zibeydə xala otağa girəndə, Mehriban tez gözlərini yumub özünü yuxuluğa vurdu. Zibeydə xala dərindən köks ötürüb "Yaşını da demədin, ay qız. Sən ərə getməlisən e, Leyli yox,” - deyindi...
   Avtobus artıq rayondan çıxmışdı, başını pəncərəyə söykənib yuxuya gedəndə, - gecəni yarıyuxulu, yarıoyaq keçirmişdi, - tanımadığı nömrədən bir neçə dəfə dalbadal gələn zəngləri götürmədi, təxmin etdi ki, zəng edən Leylinin anası ola bilər. "İmkan ver gözümə yuxu getsin də. Durub təzdən kəndə qayıdası deyiləm ki?” - ekranda nömrəyə baxa-baxa deyindi. Az sonra Leyli zəng etdi:
-  Ay qız, hardasan?!
-  Avtobusda, Bakıya gəlirəm.
- Təcili zəng elə anama, səhərdən sənə zəng eliyir, niyə götürmürsən? Arvadın ürəyi parttadı.

   Mehriban könülsüz Leylinin anasına zəng edib yalandan dedi ki, telefon çantasında olub deyə, gələn zəngləri eşitməyib. "Səhər həyətə çıxdım təmiz kənd havası alam, evdən zəng gəldi ki, anamın vəziyyəti ağırdı, təcili Bakıya qayıt, mən də sizi narahat eləməməkçün evə qayıtmadım, birbaşa getdim rayon avtovağzalına,” - xəbərsiz-ətərsiz evdən çıxmağının "səbəb”ini dedi.
   Yol gedə-gedə Mehriban öz-özüylə danışırdı: "Yazıx Leyli, o vaxt da səni Qeysə vermədilər, yüz illər keçib, indi də atan, qardaşın gic-gic səbəblər gətirib səni Ramilə vermirlər”. Sonra özünə sual verdi ki, Yaşarın ona gözü düşməsəydi, söhbət necə alınardı. "Daha cəsarətli olardım”, az sonra başqa qənaətə gəldi. "Onda söhbət lap qısa olardı. Yaşar yəqin yumruğunu masaya vurub deyərdi ki, uzatma söhbəti, bacım ikinci dəfə ərə gedə bilməz, vəssalam”. 
   Bakıya çathaçatda Leylinin anasından yenə zəng gəldi. "Ee indi nə istiyirsən?” - əsəbi-əsəbi deyindi.
-  ....Hə, Zibeydə xala.... Anam?... Həkim çağırıblar, iynə vurub, təzyiqini aşağı salıblar,... İndi yaxşıdı... İnşallah gələn dəfə Leyliylə bir yerdə gələrəm... Hə, elə onda quzu kababı yeyərik... Yoo, incimək nədi, ay xala?... Sağ olun....
   "Ay hay. Quzu yox e, ceyran kababı versəz belə, qələt eliyərəm bir də sizin kəndə ayaq basaram”. Sonra Yaşar yadına düşdü. "Ögey ata, ögey ata deyir, dalınca da sırtıq-sırtıq durub mənə eşq elan eliyir.”

   Ertəsigün axşamüstü rəfiqələr "28 molda”kı Mado restoranında görüşdülər, ofisiant sifarişləri yazıb aralanan kimi, Leyli altdan-altdan rəfiqəsinə sınayıcı nəzərlə baxıb dedi:
-  Qardaşım sənə vurulub.
-  Sənə uje zəng eliyib deyib? Heç ağlına gətirməsin, özünə də dedim.
- Deyir, ərə getməyimə o vaxt razı olar ki, sən ona ərə gedəsən, - hələ də həmin sınayıcı nəzərlə rəfiqəsinə baxırdı. Bu baxışdan cırnayan Mehriban əsəbiləşdi:
- Nooldu? Bəs dünənə qədər qardaşın səni asıb-kəsirdi, adətdən, namusdan dəm vururdu? Mənə vurulan kimi, dediyi o müqəddəs adətlər bir dəyqənin içində yoxa çıxdı?
-  Belə götürəndə... Sən də özünə görə düz deyirsən. Yaxşı, onda sənə bir sual verəcəm, amma söz ver ki, düz cavab verəssən.
-  Hə, ver görək sualını, - Mehriban könülsüz dedi.
- Bax, təsəvvür elə, Yaşar mənim qardaşım deyil, mən də sənin padruqan deyiləm. Sənə sevgi elan eləsəydi, onda nə deyərdin?
-  Ay qız, qardaşın xoşuma gəlsə, deyərdim ki, xoşuma gəlir də. Durub bunu səndən gizlətmiyəcəydim ki? - isterik halda güldü. - Qəribə suallar verirsən e.
-  Söhbətdi də, eliyirik, - Leylinin sifətinə dərin kədər çökdü və qəfil gülümsədi: - Amma öz aramızdı, səndəki bu dodaqlar var, oğlan olsaydım, mən də sənə vurulardım, - güldü.
-  Şittiyindən qalmırsan da... Sənin söhbətini eliyəndə, anan mənə qayıdasan ki, niyə ərə getmirsən. Tay özünə deyəmmədim ki, elə bu cür şeylərə görə yüz dəfə fikirləşirəm, kimə ərə gedim, hardan yaxşı ər tapım. Ölkə deyil e, dəlixanadı. Bir şeyi heç cürə başa düşəmmirəm. Axı bu qardaşlar niyə bacıları məhz ikinci dəfə ərə gedəndə qarınağrısına düşürlər. Yəni, ərə getmək belə pis şeydisə, onda elə birinci dəfə ərə getmək məsələsi ortaya çıxanda, yumruqlarını stola vurub yox desinlər də bacılarına.
  Leyli küt-küt ona baxdı, yəni, fikrini tutmadım.
- Deməli, - Mehribanınsa ürəyi doluydu, - məktəbimizdə Yasəmən adında məllimə var, fizika dərsi deyir, göyçək də qızdı. Qız deyəndə, iki oğlu var, biri elə bizdə, dördüncü sinifdə oxuyur. Deməli, dədəsi vaxtilə bu Yasəməni axmax bir qohumuna ərə verib, yeddi il it-pişik kimi yaşayandan sonra boşanıblar. İndi əri həftə səkkiz mən doqquz buna vatasapa yazır ki, eşidəm-biləm ərə getmisən, gəlib dərini soyaram.
-  Niyə də niyə?
- Ay qız, sən mənə bu sualı verirsən? Sənin gic qardaşının tayıdı da. Bunnar xəstədi, havalanırlar keçmiş arvaddarını başqa ərin altında təsəvvür eliyəndə. Ehh, yüz dəfə sənnən danışmışıq bunu.
-  Bəs o məlliməyə nə məsləhət verirsən?
-  Deyirəm, gözəl-göyçək qızsan, xasiyyətin də ki qızıl. Deyirəm, feysbukda bir türklə tanış ol, ərə get, qaç get bu xarabadan, - ona qəribə-qəribə baxan Leyliyə dedi. - Deyirəm, türk sənin kimisini əlinin içində saxlayacaq. O Ramil olmasa, sənə də eyni şeyi...
-  Yox, yox, Türkiyə mənlik deyil. Üçotaqlı evi qoyub hara gedəcəm?...

   Yaşar başlamışdı Leylini dəng etməyə, hər gün zəng edib deyirdi ki, Mehribanı dilə gətir, inandır ki, ona yaxşı ər olacam, kənddəki dükanımı, maşınımı satıb gəlib Bakıda ev alacam, köçəcəm şəhərə. Bacısı isə heç cürə qardaşını başa sala bilmirdi ki, bu qızın səndən xoşu gəlmir, özünü məcbur edib sənə ərə gedəsi deyil. İkincisi, onun sənin evinə ehtiyacı yoxdu. Yaşar "Onda sən də heç vaxt ərə getməyəssən” deyəndə Leyli odlanırdı: "Bilirsən, nə var? Əcəb eliyir sənə ərə getmir, səni özünə kişi kimi yaraşdırmır! İyrənir səndən, başa düşdün?!” Dalınca telefonu keçirdib, hirslə divana atıb demişdi: "Uxxaay, nə yandırdım səni. İndi zəng elə görüm necə zəng eliyirsən”.

   Səhərisi bacı-qardaş yenə telefonda bir-birini qırmışdılar və söhbətin sonunda Yaşar demişdi: "Onda ərə getməyi ağlına gətirmə”. Leylininsə "Görərik.... görərik” deməyə gücü çatmışdı. Əsəbləri kəllə-çarxa çıxanda, ürəyində rəfiqəsini söyürdü: "Səni görüm ər üzünə... Yazıxsan... Sənə dedim axı kəndə getmə. Öz bildiyini elədin, beşqat oyun açdın başıma”.
   Qulağına çatmışdı ki, qardaşı, dostlarıyla Bakıya gəlib Mehribanı qaçırtmaq istəyir. Anasına zəng edib demişdi: "Yekəbaş oğluna de, özünü yığışdırsın ha. Sabah o, artıq-əskik hərəkət eləsə, iş polisə, məhkəməyə gedib çıxsa, birincisi, mənim başım ağrıyacaq. İkincisi, məhkəmədə Yaşarın üzünə duranlardan biri lap elə mən olacam, iki gündən bir zəng eliyib baş-beynimi aparmağını deyəcəm. Mehribanın başından bir tük əskik olsa, məhkəmədə deyəcəm ki, bu işdə əsas günahkar qardaşımdı. O ki mənim həyatımı zəhərlədi, qoy gedib bir az türmədə yatsın, görsün, adamın həyatını zəhərləmək nə deməkdi”.

   Kefinin pis vaxtında böyük baldızının oğlu Elsevərdən votasap profilinə mesaj gəldiyini görən Leyli əvvəlcə təəccübləndi, "Sən hardan çıxdın?” - öz-özünə deyindi... 
   İyirmi yeddi yaşlı Elsevər Nisənin ilk, həm də sevimli nəvəsiydi. Məktəbi əla qiymətlərlə bitirib altı yüz doxsan balla BDU-nun tarix fakültəsinə daxil olmuşdu. Dördüncü kursda, paralel qrupdakı sələfilərə qoşulandan sonra tarixçi olmaq arzusundan əl çəkmişdi. İbadətlərə vaxtı-vaxtında əməl etmək, sinəyə qədər saqqal buraxmaq-filan öz yerində, dinə təzə-təzə gələndə, evdəkilərlə tez-tez mübahisələri olurdu. "Niyə namaz qılmırsız? Niyə oruc tutmursuz? Qiyamət günü Allah Sübhanə və Təalənin qarşısında nə cavab verəssiz?” Atasını evə qonaq gələn qohum, ya dostlarıyla bir yerdə araq içdiyinə, anasıyla on səkkiz yaşlı bacısını hicab taxmadığına görə günlərlə, aylarla danlamışdı. Mübahisələrin birində atası oğlunun qulağının dibinə bir şapalaq ilişdirəndən sonra, evdə hərə öz bildiyi kimi həyatını sürməyə davam etmişdi.

   Evdəkilərlə ikinci həngaməsi indi evli olduğu qızla toyu ərəfəsində baş vermişdi... Bakalavr diplomunu alıb Sədərək ticarət mərkəzində işləyəndən bir müddət sonra, dindar dostugilin evlərində dostunun bacısını görüb vurulmuşdu ona. Elçilik problemsiz baş tutmuşdu, Elsevərin evdəkilərlə qırğını toy ərəfəsində olmuşdu. Atası araqsız, konyaksız nişana razı olsa da, toy məsələsində iki ayağını bir başmağa dirəmişdi ki, stolun üstündə araqdan tutmuş pivəyə qədər bütün spirtli içkilər olacaq, kişilər arvadlarla bir yerdə istədikləri qədər oynayacaqlar. Elsevərsə demişdi ki, yaxşı, arvadlar, kişilər bir zalda otursunlar, milli rəqslər oynasınlar, amma diskoteka, medlenni rəqs, bir də, masalarda spirtli içkilər olmasın, üstəlik. "Üstəlik, zövcəm toyda iştirak eləmiyəcək. Mən özüm iki saat oturub çıxıb gedəcəm,” - lap axırda bunu demişdi. Atası razı olmamışdı, axırı, ata-bala yarıxoş, yarızor son nəticəyə gəlmişdilər: iki toy baş tutmuşdu, - bir atasının elədiyi dünyəvi, - yemək, limonadlar və kompotlarda dolu masanın arxasında oturan bəylə gəlin başlarını aşağı salıb toyun axırına qədər ağızların heç nə almadığı, başqa masalarda spirtli içkilərin bol olduğu toy, o birisi isə  Elsevərin öz puluyla,  dindar dostlarının çağırdığı musiqisiz, rəqssiz, cürbəcür yeməklər, limonad və meyvə şirələriylə bol olan, hədis və dini rəvayətlərin söylənildiyi dini toy.

   Evlilikdən hardasa beş il sonra Elsevər ikinci arvad almaqdan söz salanda, zövcəsi səsini başına qaldırmışdı. "Elə şey ola bilməz. Evlənməmişdən qabaq elə danışmamışdıq”. - "Nəyi danışmamışdıq? Mən Quran ayəsinə tabeyəm, sən nəyə etiraz eliyirsən?” - əri ona demişdi. İş az qala, boşanmaya gedib çıxanda, Elsevərin atası yenə yumruğunu masaya vurmuşdu: "Ay bala, boşanmaq nədi? Birincisi, sənin o qədər pulun var ki, ikinci arvad saxlıyasan? İkincisi, üç yaşında qızın var, gedib təzə arvad alassan, ondan da bir uşağın olacaq, gərək ona da atalıq edəsən, bu şeylər sənə çox asan gəlir?” - "Ağ eliyirsən e sən. O vaxt  toy işimə qarışdın, tüpürdüm öz əqidəmə, haram toya razı  oldum. İndi ailəmi özüm saxlıyıram, yenə hər işimə qarışırsan. Olmaz axı belə,” - oğlu etiraz etmişdi.

   Eyni zamanda "Müsəlmanın ailəsi dağılanda, Allahın ərşi titrəyir” hədisindən xəbəri olan Elsevər boşanmağa o qədər meylli deyildi. Amma "Boşanmaq Allahın bəyənmədiyi halaldı” hədisindən xəbəri varıydı deyə, bir uşaqla belə ("Artıqlamasıyla alimentini verərəm” - fikirləşirdi.) arvadını boşamaq arada ağlından keçirdi.
   ...Leyli axırı, Elsevərin votaspına yazdı: "Nə məsələdi?” - "Gəl sabah görüşək. Ciddi söhbətdi. Sənin xeyrinə”.  "Mənim xeyrimə? Evimi anan sənin adına keçirmək istiyir, yəni sizdən adama xeyir gələr?” - öz-özünə deyinən Leyli yazdı: "Sabah günorta saat 2-də Gənclikdəki Bazarstorun qabağına gələ bilərsən?” - "Hə gələrəm inşaAllah”.
   Ertəsi gün danışdıqları saatda, yerdə görüşdülər. Salam, necəsən-lər, uşaqlar necədirlər-dən sonra Elsevər sifətinə ciddi, bir az da ağayana ifadə verib dedi:
-  Leyli, niyə səni narahat elədim? Sənə evlənmək təklif eliyirəm, elə bilirəm, bu...
-  Nə? - Leyli sərt baxışlarını Elseverə zillədi. - Başın xarab olub? Nə danışırsan sən?
-  Sən mənə naməhrəmsən.
-  Ay uşax, nə naməhrəm? Buna görə məni çağırmışdın?
-  İyirmi yeddi yaşında uşax olmur. Bir də, sən guya çox böyüksən? Heç qırx yaşın yoxdu.
- Əşi mənim yaşımın sənə dəxli yoxdu, amma mənimçün sən həmişəlik uşaxsan. Off, deyirəm də, sizinkilərdən adama xeyir gəlməz.
- Nə xeyir? Ev məsələsini deyirsənsə, bizim evdə mən həmişə sənin tərəfini saxlamışam. Demişəm, o ev sənə çatır, mənə yox. Allaha and içirəm ki, bizim evdəki söhbət belə olub. - Elsevər bu sözləri həvəslə, ehtiraslı bir ümidlə dedi, elə bildi, bununla Leylidə özünə qarşı rəğbət oyadacaq və sonda söhbət onun istədiyi kimi alınacaq.
-  Hə, sağ ol, - Leyli duruxan kimi oldu, dilucu dilləndi. - Amma...
Bundan ruhlanan Elsevər "amma”dan sonraya imkan vermədi:
-  Yenə deyirəm, Qurana görə, sən mənə naməhrəmsən, yəni, mən sənlə evlənə...
-  Yenə başladın e, - Leyli başını buladı.
-  Həm də sevirəm səni, - tez başını aşağı saldı ki, Leylinin ona yazığı gəlsin.
- Aa, sən ağ eliyirsən ha. Dayının ruhu sənə qənim olsun. - gözlərini bərəltdi. - Qənim olsun!
-  Qənim olmaz. Allah mənim tərəfimdədi.
- Allahın adından danışma. Sənin dediyin bilirsən nəyə oxşuyur? Elə bil, mən gedib arvadı ölmüş dayıma deyirəm ki, vurulmuşam sənə, gəl məni al.
-  Yox, sən deyən ayrı şeydi. Mən sənin baldızının oğluyam, get Quranı aç oxu da.
- Bir dəyqə dayan, - sağ əlini qaldırdı. - Allaha da qurban olum, Qurana da. Amma sən dediyin şeylər mənim beynimə girmir, başa düşdün? Sağ ol, - deyib Leyli sürətli addımlarla ordan uzaqlaşdı.
-  Sən hər halda bir həftə fikirləş! - Elsevər ardınca qışqırdı.
- Heç bir gün də fikirləşmərəm! Bir gün yox e, bir saat da fikirləşmərəm, - Leyli addımlarını sürətləndirdi. "Əslində, bir dəyqə deməliydim,” - deyinə-deyinə, əsəbdən səpilmiş sol qolunu qaşıya-qaşıya metroya girdi. Vaqona girib oturandan başladı dodaqaltı Elsevəri, baldızlarını söyməyə, ona yönələn "Bu dəlidi?” yazılmış baxışları vecinə almamağa çalışdı.
   Axşamsa mətbəxdə öz-özüylə danışırdı: "Axmağın biri axmax. Bunun bicliyinə bir bax, ev məsələsində mənim tərəfimi saxlıyıb. Gözüm aydın. Hə, mən sənə ərə gedəcəm, sən də sonra başımı piyliyib evi öz adına keçirəssən. Yüz faiz anasıyla xalasının planıdı. Yuxunuzda görərsiz. Bir də, lap tutaq ki, evi qanunla öz adıma keçirdim. Heç onda da sənə ərə getmərəm axı. Bunların iştahına bir bax”.
-  Ay mama, kimə elə hirslənmisən? - böyük oğlu anasının həyəcanlı səsini eşidib hövlnak özünü yetirdi.
-  Heeç, ay bala, bir serial yadıma düşdü, ordakı bir aktyoru yamsılıyırdım, - zorla gülümsədi.
-  Hansı serial? Hansı aktyor? - diqqətlə anasına baxdı.
-  Hmm, nəydi adı? - Leyli əliylə alnını ovuşdurdu. - Yadımdaydı... Bir dəyqə...
- Elə serial göstərmirlər. Sən niyə Ramil əmiyə ərə getmirsən? - düz anasının gözlərinin içinə baxdı. Leyli sualdan diksinən kimi oldu, sonra ah çəkib dedi:
-  Ehh, ay bala, imkan verirlər ki?
- Kim imkan vermir? Yaşar dayı? Mən onnan danışaram, - oğlu, yekə kişilər kimi qaşlarını çatdı.
- Nə danışassan, a bala? O, söz başa düşür? - anası acı-acı gülümsədi, eyni zamanda sevindi ki, Mehribandan sonra oğlu bu cür ürəkdən onun ərə getməsini istəyir.
-  Ərə gedirsən də, burda nə pis şey var ki? Yaşar dayı qələt eliyir, mən sabah babaya zəng eliyib....
- Ay mənim kişi balam, - oğlunun başını sinəsinə sıxaraq saçlarını tumarlamağa başladı. - Heç kimə zəng eləmə. Baban da elə o ağıldadı. Mən özüm... - doluxsundu, səsi titrədi, - həll edərəm... inşallah, - oğlunun saçlarından öpdü.

   Gecə yerinə girəndə, bir anlıq baldızı oğlunu əri yerində təsəvvür etdi. "Üəəə, - əti çimçəşdi. - Allah ağıl versin sənə, ay Elsevər,” - deyib köks ötürdü. - Atam istədiyimə vermədi məni, anam qorxağın yekəsi. Nə də ki qardaşlarımdan yarıdım. Başdanxarab Elsever də bu yandan çıxdı”.

   Səhər mətbəxdə çaydanı qazın üstünə qoyanda, votasapına mesaj gəldi. Oxuyan kimi ekrana tüpürüb dedi: "Nə alçaq gədəymişsən sən”. Elseverəydi, "Mən hər halda sənə pis şey təklif eləmirəm, Allaha and olsun, dinimizin buyurduğu kimi sənə qarşı ədalətli olacam, uşaqlarına necə lazımdı atalıq eliyəcəm” - yazmışdı. Leyli hikkəylə fısıldaya-fısıldaya, barmaqlarıyla ekranı bərk-bərk döyəcləyib kontaktlar yazılan yerə girdi, Elsevərin anasının nömrəsini tapıb yaşılı basan kimi (zəng getməmiş) tez qırmızını basdı. "Əşi buna niyə deyirəm e? Həyasız adamdı, yalandan üzümə durub deyər ki, sən özün nə qələt eləmisənsə, oğlumuzun gözü düşüb sənə... Axx, dəli şeytan deyir, Elseverin nömrəsini ver dəli qardaşıma, Bakıya gələndə, buna bir-iki kəlmə ağır söz deyə”. Sonda Elsevərin nömrəsini bloka saldı...

   "Sən nə istiyirsən e?” - Leyli ekrana baxıb mızıldandı. Zəng edən kənddəki rəfiqəsi Nazlıydı. Leyli bildi ki, Nazlı söhbəti hərləyib-fırlayıb axırda Vaqifin üstünə gətirəcək, ekrana baxa-baxa deyindi: "Az, lap tutaq ki, Vaqif Maraldan boşanıb. Mən tək ərə getməyin dərdindən durub bundan sonra kəndə qayıdacam?” Hərçənd, Vaqifə hissləri közərən ocaq kimiydi, tam sönməmişdi. Ramilə isə hisslə yox, daha çox ağılla ərə getmək istəyirdi. 

   Leylinin Vaqiflə evlənməməyinin səbəbi nəsil düşmənçiliyi idi, - hardasa yüz il əvvəl bunların ulu babaları otlaq sahəsinin üstündə mübahisə eləmişdilər, söyüş üstündə Vaqifin ulu babası belin iti yeriylə Leylinin ulu babasının başına zərbə vurub öldürmüşdü onu və o vaxtdan iki nəsil olmuşdu qan düşməni. Sevgi məsələsindən xəbər tutanda, Adil kişi qızına demişdi: "Vaqifi ömürlük unut getsin. O nəsildən gələn elçiləri evə yox e, heç həyətə buraxmaram”. Leyli də çar-naçar razılaşmışdı atasıyla.
   Kənddən zəng edən Nazlı sözarası həvəslə deyəndə ki, Vaqif son vaxtlar Maralla yola getmir, qırırlar bir-birini, Leyli onun sözünü kəsdi: "Bunnarı mənə danışma, maraqlı deyil”. Rəfiqəsi təəccüblə "Nəmm, dedim bəlkə...” - davamını demədi. Bu söhbətdən sonra onlar bir də, Vaqifdən söz salmadılar.

   Neftçilər xəstəxanasında həkim işləyən Mehribanın dul bacısının qaynı isə qardaşının qırxından hardasa beş-altı ay sonra gəlindən "narahat” və "muğayat” olmağa başladı. Muğayatlılığını artıq sübut etmişdi, - dul gəlinlərinə təzə Mersedes maşını almışdı, arvadıyla ona mesaj göndərmişdi ki, heç kimə ərə getməsin, öz məntiqiylə rəhmətlik qardaşının qeyrətini çəkirdi. Arvadı kəşfiyyatçı kimi ayda bir dəfə dul eltisinə zəng edirdi: neyniyirsən, ay bacı, uşaqlar necədi, arada guya sezdirmədən "Nə yenilik var?” soruşurdu. Dul elti isə guya qaynı arvadının əsil niyyətini başa düşmürmüş kimi, "köhnə hamam, köhnə tas” deyib ürəyində onu söyürdü. "Ay şpion, nə vecinə? Ərin yanında, qayğın-dərdin yox. Deyə də bilmirsən ki, mənim onsuz da ərə getmək fikrim yoxdu, ona görə ərinə çatdır ki, məni güddürməyə ehtiyac yoxdu”.

    İndi Mehribanın iki düşməni varıydı, - biri Yaşarıydı, o birisi isə bacısının qaynı. Bir yandan da dul bacısının acizliyinə əsəbiləşirdi. "Sənin qaynını bu əllərimlə boğaram, amma birinci səni boğmaq istiyirəm, ay bacı”. - "Məni niyə?” - böyük bacı qəribə-qəribə ona baxmışdı. - "Ona görə ki sənə indi Mersedes yox, ər lazımdı. Apar qaytar maşını özünə. Şükür Allaha, o cür tanınmış xəstəxanada həkimsən, istəsən, pul yığıb iki maşın ala bilərsən özünə. Qaynından heç bir asılılığın da yoxdu, o kimdi ki, sənin şəxsi işinə qarışır?” - üzünə demişdi. "Az, boş-boş danışma, - bacısı cavab vermişdi. - Mən rəhmətlik Mübarizə görə ərə getmirəm, qaynımdan qorxduğuma görə yox. Mən sabah başqasına ərə getsəm, elə bilirəm, Mübarizə xəyanət eləmişəm. Onda gərək bəri başdan götürəm toy, ailə şəkillərimi yandıram, disklərimi sındırıb atam zibil yeşiyinə. İkincisi, yenə deyirəm, get öz həyatını qur, bu gün-sabah otuz yaşın olur. Sənin ərə getmək vaxtındı, mənim yox”. 

   Mehribanın keçmiş iş yoldaşı Yasəmən feysbukda türkiyəli iş adamı Haluk bəylə tanış olub dörd-beş ay gecə-gündüz yazışmışdılar, axırda bir-birini bəyənib evlənməyə qərar vermişdilər. Ata-anasından başqa heç kimə xəbər vermədən, işdən çıxmaq ərizəsi yazmadan, uşaqlarıyla bir yerdə gecə İstanbula uçmuşdu... 

   "Çox xoşbəxtəm, bacı. İstədiyim yar idi, yetirdi pərvədigar,” - bir ay sonra Mehribana zəng edib demişdi. Ərə getdiyi kişinin ipək fabriki varıydı, İstanbulda arxası meşəyə baxan üçmərtəbəli bir villada qalırdılar. Bir dəfə Mehriban zarafatla ona yazmışdı: "Ay yetim abla, görmədiyin günlərin dadını çıxart. Mənə də ordan bir iyi eş  tap də, noolar, ay paxıl. )))” - "Qurbandı sənə eş. Darıxma, sənə yaxşı bir eş tapacam inşallah. ” - Yasəmən cavab yazmışdı.

   Leyli artıq sexdə işləmirdi, evdə şəkərburadan tutmuş cürbəcür tortlara qədər bişirib marketlərə satırdı, əvvəlkindən qat-qat çox pul gəlirdi əlinə. Sürücülük vəsiqəsi almaqçün avtoməktəbə gedirdi, ilin axırına kreditlə "Nissan Tida” almaq varıydı planında.

   Tüpürmüşdü hər şeyə, nə ata-anası, nə də əzazil qardaşı vecinəydi. Həftədə iki-üç dəfə nahar vaxtı sevgilisinə dəyirdi, - onda hər ikisinin uşaqları məktəbdə olurdu, - bir saat-filan bir-birinə doyunca həzz verib, həzz alırdılar. Arada Ramillə molla kəbini kəsmək ağlından keçmişdi, amma xəbərin kəndə gedib çatacağından qorxmuşdu deyə, vaz keçmişdi istəyindən. Və hər dəfə Ramillə sevişəndən sonra həzzdən bədəni süstləşən Leyli ürəyində əzazil qardaşına deyirdi: "Bir qram belə özümü günahkar bilmirəm. Ramil məni sevir, mən də onu özümə halal ər bilirəm”. Oğluyla qızı həmişəki kimi "Ana, heç kimə fikir vermə, ərə get Ramil əmiyə. Qoy bizim də atamız olsun” deyəndə, Leyli yenidən kəbin barədə düşünürdü. Axırı, bir gün Ramillə bunu məsləhətləşmək qərarına gəlmişdi. "Mən hazır, ay qız. Günü sabah gedək Təzəpirə, molla kəbini kəsək,” - sevgilisi demişdi. Yenə atası, əzazil qardaşı yadına düşmüşdü, əl-qolu yanına düşmüşdü Leylinin. Evlənmək istəyən Yaşarsa sanki Allahın qəzəbinə tuş gəlmişdi: Mehribandan sonra xoşuna gəldiyi iki qızdan (öz kəndlərindən) "yox” cavabı almışdı deyə, hirsindən zəncir gəmirirdi, boş şeylərin üstündə evdə tez-tez dava salırdı, atasıyla anasının "Gəl sənə əmin qızı Sevdanı alar”, ”Gəl sənə xalanqızı Təzəgülü alaq” variantlarını isə yaxın buraxmırdı. Bacısına zəng edib "O qız yenə mənə yox deyir?” soruşanda, "O, ömründə sənə hə deməyəcək, bunu ömürlük sırğa elə, as qulağından” cavabımı almışdı. 

   Ümidini üzməyən Elsevər bir dəfə Leyliyə başqa nömrədən zəng etmişdi, Leylisə onu söyüb qarğıyıb o nömrəni də bloka atmışdı. Baldızoğlu, Leylidən əlini üzsə də, öz beyninə yeritmişdi ki, mütləq  başqa bir dul, ya boşanmış alıb savab qazanmalıdı, ona görə başlamışdı, o cür arvadları arayıb axtarmağa.

   Bir vaxtlar Yaşardan gələn zəngləri geri çevirib, nömrələrini bir-bir bloka atan Mehribansa hələ də istədiyini tapammırdı. Artıq Leylinin gizli, tammetrajlı sevgi görüşlərindən xəbəri varıydı, ona telefonda "Ay qız, bəs mən o vaxtdan sənə deyirdim ki, işində ol, heç kimi vecinə alma. İndi gördün, axırda mən haqlı çıxdım?” Danışıb qurtarandan sonra Mehriban öz-özünə "Yaşar, əcəb oldu sənə, vaxtında qoymadın bacın halal yolla ərə getsin, indi sən deyəndən betəri baş verir,” - demişdi.

26 noyabr, 2016 – 6 dekabr, 2020
Bakı