Anardan yeni kitab: “Səhər-səhər”

Anardan yeni kitab: “Səhər-səhər”

"Mütərcim” nəşriyyatında çıxan kitabda müəllifin 2017-ci ildə "525-ci qəzet”də dərc olunmuş şənbə yazıları – esseləri və publisistik məqalələri toplanıb. "Səhər-səhər” və "Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın ön sözünün müəllifi "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, son sözünün müəllfi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qapağındakı "Səhər” fotosu müəllifin özünə, arxa qapağındakı "Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.
 
Rəşad Məcid kitaba yazdığı "Anarın və hamımızın "Səhər-səhər”i adlı ön sözdə Xalq yazıçısı Anarın əsərlərinin "525-ci qəzet”də qəzetin fəaliyyətə başladığı ilk illərdən böyük məmnunluqla çap olunduğunu xatırladır, yazıçının bir sıra əsərlərinin ilk dəfə məhz "525”də işıq üzü gördüyünü qeyd edir: "Onun məşhur "Kim Dali, yaxud yaşasın söz azadlığı” hekayəsini ardıcıl bir neçə il 3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çap etdiyimiz yadımdadır. "Gecə düşüncələri” silsiləsindən olan esseləri də "525-ci qəzet”də çıxıb... "Ağ qoç, qara qoç” romanını ilk dəfə bütöv halda oxumağımı, kiçik bir giriş sözü ilə qəzetdə hissələrlə çap etməyimizi heç unutmuram”. Ön sözdə Anarın Azərbaycan üçün taleyüklü bir məqamda "Ağ qoç, qara qoç” kimi dəyərli bir əsər ortaya qoyması "böyük vətəndaşlıq mövqeyi, ən ciddi ziyalı missiyası” kimi qiymətləndirilir. R.Məcid daha sonra Xalq yazıçısının "Yaşamaq haqqı” traktatının hələ Azərbaycan dilində kitab halında çap olunmazdan əvvəl hissə-hissə "525-ci qəzet”də oxuculara təqdim olunduğunu, düz bir il davamlı dərc edilən yazıların çox böyük maraqla qarşılandığını vurğulayır. Qeyd edir ki, Anarın bir il ərzində yazdığı və "525”də dərc olunan esse və publisistik yazıları yazıçının yaradıclığının məntiqi davamıdır: "...Bu il Xalq yazıçısı Anarın 80 illik yubileyi qeyd olunur. Yazıçının bu yubileyi münasibətilə bir çox yazılar, kitablar işıq üzü görüb. Bu kitab da yubileylə bağlı nəşrlərdən biridir. Düşünürəm ki, "Səhər-səhər” 80 yaşlı Xalq yazıçısı Anarın da, 25 yaşlı "525-ci qəzet”in də ömründə xüsusi hadisə hesab edilə bilər”. 

 Kitabda yer alan yazıların hər birində  – istər "Səhər-səhər”, istərsə də "Başqa yazılar” bölümündəki esse və publisisktik qeydlərdə Xalq yazıçısı ən müxtəlif mövzilara toxunur, "Yeni il gecəsində add-budda fikirlər”dən "Qarabağımızın qövr eləyən yaraları”na, "Cocuq Mərcanlının cocuqları”na, "Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında” qeydlərə qədər "Vətənimiz... Paytaxtımız... Dilimiz”in problemlərinə işıq salır, konkret məsələlərlə bağlı fikir və mülahizələrini bildirir. Bir il ərzində "525-ci qəzet”in şənbə saylarında dərc edilən, sonda bir toplu halında işıq üzü görən kitabda cəmlənmiş yazıların mahiyyəti, qayəsi ilə bağlı suala, ən müfəssəl cavabı elə Xalq yazıçısının bu kitabda yer alan "Əlvida 17, salam 18!” başlıqlı essesində tapmaq olar: "Düz bir il bundan qabaq "525-ci qəzet”in redaksiyası mənə hər həftə "Səhər-səhər” adlı rubrikaya yazılar yazmağı təklif etdi. Razılaşdıq ki, qəzetin hər şənbə nömrəsində dərc ediləcək çeşidli yazılar ən müxtəlif mövzularda, müxtəlif janrlarda olacaq. Doğrudan da bir il ərzində bir şənbəni də boş buraxmadan bu rubrika üçün fərqli janrlarda yazılar yazdım, esselər, məqalələr, kiçik hekayələr, şeir tərcümələri, xatirələr, yubiley təbrikləri, resenziyalar, romandan parçalar, müsahibələr... Bir çox hallarda ölkədə və dünyada baş  verən ictimai siyasi hadisələrə münasibət bildirildi, mədəniyyətlə, ədəbiyyatla, sənətlə bağlı problemlər barədə mülahizələr söyləndi”. Və bu yazıların hər birində oxucunun yoluna mahir yazıçı, müdrik ağsaqqal uzaqgörənliyi işıq salır. Yazıçı Pərvinin kitaba yazdığı "Səhərin səfiri” başlıqlı son sözündə deyildiyi kimi, "Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb. Təkcə publisistikası, kinoları, siyasi çıxışları, Azərbaycançılıq ideyalarını əks etdirən nəsri yox, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş, başqa adam təsiri bağışlayan Təhminə də xalq mahnılarından danışır, onların məzmununu təhlil edir öz aləmində. Bu mənada elə "Səhər-səhər” kitabı da Anarın böyük ideyasını əks etdirir”.
 


 525.az