Aqşin Yenisey. Toğlugötürən (hekayə)

Aqşin Yenisey. Toğlugötürən (hekayə)

Aqşin Yenisey

Xarrat Nifti hindəki qoca xoruzun yersiz banını eşidib, artıq həyat yoldaşdan da çox sevdiyi qalın yorğanın altından dik atıldı; bu əndişəyə yuxudan qalxmaq yox, bəlkə də, "qəbirdən xortlamaq”, "kəfəni yırtmaq” demək daha obrazlı səslənərdi. Gün günorta olsa da, xarratın külfəti hələ dünən axşamkı yuxuda idi, çörəyi mal-qaradan deyil, taxta-tuxtadan çıxdığı üçün Niftinin evi kənddən bir evnə gec oyanırdı. Bu qoca xoruz həyətdə itəvəzi idi; banlayırdısa, deməli, evin başında bir qal vardı.

Nifti hovuzdan çıxan köpək, ya da məzardan qalxan Qiyamət ölüsü kimi dalbadal bir neçə dəfə silkindi, başını aşağı əyib var gücüylə sağdan-soldan qapazladı. Nəhəng və müftə şikarın dirildiyini görən qarışqalar pərən-pərən oldular, qaçmağa, vurnuxmağa başladılar. Həyətin o başından boy sırası və eyni hərbi ritmlə irəliləyən qara qoşunun arasında birdən-birə çaxnaşma düşdü, milyonlarla balaca əsgər gücünü boğazına verdi, bizə məlum olmayan dünyada elə bir səs-küy qopdu ki, yerin qulağı olsaydı kar olardı.

Geri çəkilmək o qədər də asan məsələ deyildi, çünki kiçik addımlar üçün, böyük zamanlar tələb olunur həmişə.

"Kərtənkələ quyruğu sandınız məni, eləmi?” – Nifti deyinə-deyinə köynəyini çıxardı, yonqar şirəsi qoxusuna gəlib onun boynunun-boğazının tərinə daraşan qarışqaların qaçdığı səmtə çırpdı, təzədən başına keçirdi. Paçasındakı, balaqlarındakı altıayaqlılar yerə tökülsünlər deyə onların arxasınca, necə deyərlər, həyətin ortasında beş-altı şıllaq atdı. Qarışqalar onun saçlarının cəngəlliyindən üzünün çöllüyünə, üzünün çöllüyündən qarnının bataqlığına, qarnının bataqlığından ayaqlarının sıldırımlarına yıxıla-dura götürülüb, fəth edə bilmədikləri qaladan qaçan əsgərlər kimi qaçatbasdı üzüaşağı tökülüşməyə başladılar. - "Bu xoruz bu vaxt nəyə banladı belə?” 

Xarrat Nifti üç ay əvvəl əldamında kəndin ən cavan qarısına cəhrə düzəldə-düzəldə, üç qızdan sonra ona oğlan doğan arvadına verdiyi sözü tutdu, yəni arvadını oğluna bağışladı, evləndikdən sonra, onsuz da, arvadından çox istəməyə başladığı yorğanını götürüb həyətə, evi mühasirədə saxlayan cücülərlə - eşqbazlıq nəğmələri oxuyan çəyirtkələrlə, ilan ağzında yalvardığı, yoxsa söyüş söydüyü anlaşılmayan qurbağalarla, gecə gəzintisinə çıxan saysız-hesabsız böçəklərlə yatmağa yollandı, əsmər ay onu tuman-köynəkdə və qoltuğu yorğanlı görüb utancaq-utancaq gülümsədi və üzünü qara bir buludla gizlədi.

Bütün gecəni yuxuda oğluna ad fikirləşmişdi; elə bir ad ki, kənddə heç kimdə olmasın, heç qonşu kəndlərdə də heç kimə qoyulmayan bir ad olsun. Yuxuda kəndləri ələk-vələk elədi,  sahibi olmayan bir ad yox idi, adamlar adların hamısını özlərinə qoymuşdular, hətta elə adamlar vardı iki adı qamarlamışdı; evdə İbrahim idi, çöldə İbiş. Elə adlar da var idi ki, sahibi ölsə də, ad özü kənddə yaşayırdı, ölmüş sahibinin xatirələrinə ağızlarda keşik çəkirdi. Həm də Nifti oğluna ölü adı qoymaq istəmirdi; ad həm də taleyin ünvanıdır, ölü adı daşımaq başqasının viran qalmış evində yaşamaq kimidir! Nifti ilk dəfə yuxuda gördü ki, kənddə qənd, duz, un kimi ad tapmaq da müşkülə çevirilib, qıtlıqdı, hətta bəzi evlərdə bir adı iki-üç adam öz aralarında bölüşmüşdü; məsələn, qonşusu Məmmədtağı öz adını iki yerə bölüb, Məmmədi böyük, Tağını kiçik oğluna qoymuşdu. "Nifti”də də bölünəsi bir şey yox idi, özünə güclə yetirdi, hətta peşəsinin adını da "Nifti”nin böyrünə mıxlamışdı ki, heç olmasa, adı el içində bir az abırlı görsənsin.

"Bəs bundan sonra doğulan uşaqların axırı necə olacaq, o qədər adı hardan tapacaq yazıq ata-analar?” demişdi ki, birdən göydə, başının üstündə quzu mələdi, Niftinin başını qaldırmağıyla həyətdəki ot tayasının üstünə kəlləmayalaq ağ bir quzunun düşməyi bir oldu. "Ay sənin gözün çıxsın!” Evin divarına söykədiyi yemişan saplı yabaya əl atıb altdan-yuxarı söyə-söyə tayanın yanına qaçdı, yabanı havaya batıra-batıra, ayağının altında hərlənən iri qara kölgəni tapdalaya-tapdalaya, üzüyuxarı qarğış etməyə, göydəkini hünəri varsa, aşağı enməyə çağırmağa başladı: "Bu yabanı sənin o çatmaqaş gözlərinə soxacağam, qoca şoğərib! Körpə-körpə, quzu-quzu daşıyıb qurutdun bu kəndi. O gen göyü başına dar edəcəyəm, hələ bir düş yerə!..”

Erkək quzu qorxsa da, canını göyə tapşırmamışdı, ağ yunu belinin ortasında bir neçə yerdən qızarırdı, eləcə ot tayasının üstündə dayanıb səntirləyir, key-key ətrafa baxırdı, ot yumşaq olduğundan ayaqları dəngəsini saxlaya bilmirdi. İri kölgə tayanın ətrafında bir müddət hərlənəndən, Niftini cin atına mindirəndən sonra asta-asta sürünüb çubuqlardan hörülmüş qapıdan üzünün suyu süzülə-süzülə əliboş çıxdı. Nifti tir-tir əsən quzunu yerə düşürüb tayaya söykədi, özü isə kölgənin arxasınca götürüldü; kölgə dəliqanlı itlərin, həyasız qazların, dərdli inəklərin, ağsaqqal keçilərin, yorğun arabaların üstündən sürünüb kənddən uzaqlaşdı, günəşi hər axşam qarşı dağların arxasına yola salan, yaşlı, kök arvada oxşayan bir təpəyə qalxdı, sonra uğursuzluğun sinəsindən qopan ah kimi qəfildən nəhəng bir qartaltıya çevrildi və qanadlarını çalıb göyün dərinliklərinə bülənd oldu. Nifti kök arvada oxşayan təpənin üstündə bir əli yabanın sapında, bir əli qaşlarının sirtində onun arxasınca baxmağa başladı; qartal – Niftigilin kəndində hamı ona "Toğlugötürən” deyirdi - qeybdən gəlib sürünən əcdadlarının tarixi intiqamını yer üzündən alaraq geri qayıdan məğrur və yorğun bir qəhrəman kimi ağır-ağır yenidən qeyblərə, əbədi dumanlara bürünmüş üfüqlərə doğru səssiz-səssiz uçurdu, hətta yerdən onun uçuşuna baxdıqca Niftinin də hirsi soyumağa, nəhəngliklə ucalığın bu möhtəşəm qardaşlığından bir anlıq zövq almağa başladı, ancaq əlindəki yaba onu dümsükləyib oyatdı; uça bilməyənlərin həmişə qisas peşində olmalarını, düşmənin nəhəngliyinə və ucalığına heyran olanların aqibətinin həmişə aclıq və köləlik olduğunu sahibinin yadına salmağı özünə borc bildı. "Biz yabalar dünyada elə buna görə mövcuduq, Nifti, acların və kölələrin öz taleləri ilə haqq-hesab çürütmələri üçün”. Bunu deyib yaba havanı bir neçə yerdən dəlik-deşik elədi, bir gün geri qayıdacağı gedişindən bəlli olan qara nəhəngliyin və əngin ucalığın arxasınca hədələdi. Nifti də içində yenidən kükrəyən qəzəbi ağzında bir lomba tüpürcəyə çevirib qartalın arxasınca göyəmi, yerəmi tüpürmək gərəkdiyini bilmədiyindən kor-peşman yenidən uddu.

Qartal arxayın-arxayın uçur, Nifti zalım-zalım baxırdı. Quş indi uzaqlarda milçək boyda görünürdü, uzaqlığın dibsiz mədəsi get-gedə onun nəhəngliyini kölgəsiqarışıq əridirdi, Nəhayət, göylərin sultanı bit boyda oldu və buludların altında bir-birilərinin yanında bardaş qurub tanrıya qovuşacağı günün xiffətini çəkən, bədənlərinin ehtiyaclarına asi çıxaraq aclıq və susuzluqdan balacalaşıb başlarındakı şiş uclu papaqlar boyda olan sufi-dağların səmtində yoxa çıxdı. Hələ onlar dağ idilər deyə yaxşı qalmışdılar, məsafələr onların yan-yörəsindəki hər şeyi əridib, önlərinə boz bir pərdə çəkmişdi; özünə dağ deyən o dərviş papaqlarından başqa oralarda gözə dəyən heç nə qalmamışdı; hər şey zamanla əriyib tanrıya qovuşmuşdu, yalnız dağların imtahanı hələ bitməmişdi; dağlar bu cansız, boz çöhrəli çölləri özlərinin qaçırılıb hərəmə qatılmış nakam sevgililəri bilirdilər və vaxtaşırı o çölləri əllərindən almış insanlara, onların əkinlərinə, sürülərinə özlərinin daşaparan selləri, yalqız canavarları, tənha qartalları ilə hücumlar edirdilər.

"Aha!”, - dedi xarrat Nifti və əlində yüyən gəmirən dördqanad yabanı çiyninə qoyub gentuman kök arvada oxşayan təpədən endi.

Həyətdə izdiham vardı, quzunu göydəki qartalın caynağından almaq üçün yerdəki kölgəsinin dalınca yüyürən sahibi və yol boyunca ona qoşulan kəndlilər tayanın ətrafına toplaşıb yırtıcı quşun qarasına asıb-kəsirdilər. Baxışlardan kin, ağızlardan söyüş, əllərdən əlacsızlıq yağırdı; səs-küyə arvadı da yuxudan oyanmışdı Niftinin. Kişik qızını əllərinin üstündə dalına alıb kəsdirmişdi kişilərin çənəsinin altını. Gün günortaydı. Adsız oğul isə hələ də beşikdə dünyadan xəbərsiz uyumaqdaydı. Bəlkə də, yeni dünyanın çağası qoyub gəldiyi dünyanın qocası kimi evin bir küncündə xatirələrə dalmışdı. Nifti əvvəldən axıra hər şeyi; neçə vaxtı gecələr arvaddan ayrı həyətdə yatdığını, bu gecə yuxuda kəndləri gəzib oğluna ad axtardığını, tapa bilmədiyini, dünyada daha fərli kişi adı qalmadığını, qarışqaların onu kərtənkələ quyruğu sandığını (bu zaman sübut üçün harasındansa bir qarışqa da tapıb göstərdi), göydən başına quzunun düşdüyünü, yerdə iri bir kölgənin hərləndiyini, kölgənin təpədə göyə qalxıb qartala çevrildiyini, göy üzünün aydın olduğunu, buna görə əlini gözünün üstünə qoyub qartalı yuvasına qədər izləyə bildiyini, kəndin ruzisini hansı dağa daşıdığını öz gözləri ilə gördüyünü kəndin kişilərinə söylədi, arvadı da orada olduğu üçün bir az da genələ-genələ "gedib yuvasını dağıtmasaq, yenə qayıdacaq o mirət, həmişəki kimi” - deyib yabasını ayağı ilə yerə batıraraq sözünü bitirdi. - "De, hı!” Tayanın dibində müzakirə başladı; kənddən o dağa neçə günlük yoldur? Kimlər getsin? İndiyəcən gedib-qayıdan olubmu? Rəhmətliklər xatırlandı. Qartalı öldürmək, yuvasını dağıtmaq günahdırmı, deyilmi? Bu barədə allaha və keçmişə ən yaxın olan əyri-üyrü qarılarda bir bilgi varmı? Bəs arvadlar kişilərin bu fikrinə nə deyirlər? Bunu deyəni hamı ələ saldı. Nəhayət, Nifti dedi: "Oğlanlarımız, qızlarımız böyüyür, biz onların gələcəyini öz acizliyimizin və tənbəlliyimizin dərd-səri ilə doldura bilmərik. Onlar bizi ələ salacaqlar, xatirələrimizi unudacaqlar, qəbirlərimizin üstünə gəlib şam yandırmayacaqlar. Günü sabah mən gedirəm, kim getmək istəmirsə, özü bilsin, o dağ lap dünyanın axırında, o yuva lap allahın yanında da olsa, mən bu işi oğluma saxlamayacağam. Kim getmək istəsə, səhər bu tayanın yanında olsun!” Kəndlilər arvadları ilə məsləhətləşib qərar vermək üçün dağılışdılar. Quzunun sahibi də onlara qoşulanda Nifti arxadan qışıqırdı: "Əliş, quzu qaldı!”, "Qoy o, sənin oğlunun ilk ruzisi olsun, Nifti, o daha mənim deyil”, o da geri baxmadan Niftiyə qışqırdı.

Nifti quzunun yaralarını yudu, onu yemləmək üçün bayaqdan əllərində tut yarpağı dayanıb baxan, çay dibindən qara çınqıllar kimi işıldayan altı iri gözün önünə gətirdi, özü isə ovuclarına tüpürülmüş gümrah əllərlə yola hazırlaşmağa başladı; xeyli odun yardı, quyudan su çəkib bütün qab-qaşığı doldurdu, çəpərin uçuq yerlərini quru çubuqlarla hördü, yabanın sapını təzələdi. Axşam o, yenə həyətdə, arvadı, adsız oğlu, qızları və quzu evdə yatdılar. Nifti pəncərənin bu üzündə həyətdə, arvad pəncərənin o üzündə evdə, yanbayan yatmışdılar; aralarında yarıyacan divar, yarıdan yuxarı pəncərəni örtən keçə pərdə vardı. Arvad Niftinin qartalın dalınca getməsini istəmirdi, odur ki, divarın və pərdənin arxasından deyingən bir tonla dedi: "Axı sən niyə getməlisən, qoy kimin qoyunları həftə səkkiz, mən doqquz göydə uçur, onlar getsinlər! Mən sənin yerinə olsam, o qartalla dost olaram, sənin oğluna ilk hədiyyəni o gətirmədimi?” və susub ərinin cavabını gözlədi, çəyirtkələr oxudu, qurbağalar yalvardı, itlər hürüşdü, ulduzlar qımışdı, Niftidən səs çıxmadı. Arvad daha da ürəkləndi, "axı sənə nə pisliyi keçib o quşun? Xalqın dərdi sənəmi qalıb? Hərə zəhmət çəksin, öz evini özü qorusun!..” Nifti həyətdə pəncərənin altında arxası üstə uzanıb, ayda çarşaflı qadınlar kimi oğrun-oğrun güzgülənib keçən qara buludlara baxa-baxa, ağzındakı saman çöpünü oynada-oynada qulaq asır, susur və fikirləşirdi. "İndi kənddə bütün arvadlar bütün kişilərə belə deyir yəqin. Ax, zəriflik qiyafətində gizlənmiş tamahkar quldurlar! Gələcəyin kişi lənətləri keçmişin qadın sevgiləri deyilmi? Hə, Nifti, cavab ver öz suallarına! Cavablar Niftini çox uzaqlara apardı. "Adəmlə Həvva cənnətdə evli idimi? Adəm Həvvanı sevirdimi? Cənnətdə sevgiyə ehtiyac vardımı, görəsən? Həvva Adəmin, cənnətdəki yeganə kişinin sevgisini qazanmaq fikrinə hardan düşdü, bunun üçünmü ilan qılığına girmiş şeytanla əlbir oldu? İlanmı ona bədənlərində cənnət həzzindən daha güclü bir həzzin olduğunu dedi? Adəmin ona bir qadın kimi ehtiyacı olsun deyə onu xoşbəxtliyin əl əməyi ilə qazanıldığı və insanın həmişə köməyə möhtac olacağı, bir sözlə, onsuz, Həvvasız yaşaya bilməyəcəyi bir yerə götürməsini və bunun üçün, sadəcə, qadağan olunmuş meyvəni yeməsini onun beyninə ilanmı soxdu? Yoxsa Həvva sevgisi uğrundamı günaha batdı? Həvva Adəmi dünyaya qovdurar-qovdurmaz özünün ona cənnəti yenidən yaşadacağına söz verdimi? Yoxsa Həvva, sadəcə, doğmaq istəyirdi? Oho! Haralara gedib çıxdın, Nifti?!  – Suallar da qarışqalar kimi canına daraşdı və Nifti cavabların yoxluğundanmı, ağlının azlığındanmı əsəbiləşib yorğanın altında sağ böyrü üstündən sol böyrü üstünə sac üstündəki qovurğa kimi atıldı: "Qartalın yerini ancaq mən bilirəm, mənsiz getsə, camaat yolunu azar, itkin düşər, bu işin sonrasını fikirləşsənə?! Kənd var, amma el yoxdu!” "Cərə get, cəhənnəmə get” arvad da divarın o biri üzündə arxasını Niftiyə çevirib daş dəymiş qurbağa kimi şişdi. Susdular. Uzaqlarda təbiətin həqiqi sosialistləri, yalnız acından ölməmək üçün parçalayan qurdlar uladı.

Səhər bütün kənd tayanın ətrafına yığılmışdı; arvadlar kişilərə, uşaqlar arvadlara qoşulub gəlmişdilər. Kişilər dedilər, hamımız getməyək, axsaqlar, əli ağac tutmayanlar kənddə qalıb gedənlərin də arvad-uşağına baxsınlar. Bu söz arvadlara yer elədi: "Özümüzə nə olub ki, axsaq-uxsaq bizə baxsın? Özümüz becərib uşaqlarımızı böyüdərik, təki o qartalın caynağı kənddən kəsilsin!” Kişilər dedilər: "Bəs biz yolda olanda qartal yenidən kəndə qayıtsa necə olacaq, axı dünyada heç kim arvadlardan və uşaqlardan qorxmur?” Onda arvadlar dedilər: "Biz sizin paltarları geyinərik, saçlarımızı sizin saçlarınız kimi kəsərik, əllərimizi sizin əlləriniz kimi yelləyərik, səsimizi sizin səsinizə bənzədərik!” Kişilər zarafata keçdilər: "Bəs birdən biz oralardakı qadınların xoşuna gəlsək, geri qayıtmasaq necə?” Arvadlar zarafata zarafatla cavab verdilər: "Bəs biz bu qədər oğlan uşağını nə üçün doğmuşuq? Həm də sizin kimi vecəyaramazlara bizdən başqa yiyə duran olmaz!”

Kişilər arvadlarla əngə verməyin faydasız olduğunu görüb bir-birilərini yola çıxmağa harayladılar; heybələrini yabalarının qanadına taxıb çiyinlərinə qaldırdılar. Ya allah! Arvadlar onları kəndin ətəyinəcən ötürüb geri qayıtdılar, uşaqlar və itlər isə Niftinin qartalı izlədiyi təpənin üstünəcən kişilərin arxasınca gəldilər. Kişilər təpənin üstündə son dəfə uşaqlarını öpdülər, itlərin başını sığalladılar, kəndin ətəyində dayanıb laqqırtı vuran arvadlarına əl yellədilər; hər birinin arvadı uzaqdan öz gözünə bir vaxtlar sevdiyi qız kimi göründü, kişilər arvadları son dəfə bir də sevdilər və tez öz hisslərini ört-basdır edib onlara arxalarını çevirdilər, əllərini gözlərinin üstünə qoyub Niftinin göstərdiyi səmtə baxdılar, yerlə göyün birləşdiyi yerdə boz dumanların arxasında xiffət çəkən, şiş uclu dərviş papağı boyda görünən dağa sarı yola düşdülər. Qartalın ayağı yalnız o dağda yerə dəyirdi.

Günəş arxaya, onlar irəli gedirdilər; bir-birilərini lağa qoyurdular, tənbəki sümürürdülər, mərc gəlirdilər, elə səs-küy qoparmışdılar ki, yuxulu dovşanlar, bir-birilərinə sarınmış ilanlar, yuvasını torpaqda quran torağayılar ayaqlarının dibindən baş götürüb hara gəldi yox olmağa qaçırdılar... uçurdular... sürünürdülər... Xeyli getdilər, birdən qabaqlarına yamacda kirli süfrə kimi açılmış ağ sürü çıxdı; cavan çoban sürü-süfrəsinin başında tək oturmuşdu. Nifti çobanı harayladı: "Hey, qardaşoğlu, sən gələn tərəfdə papağa oxşayan bir dağ olmalıdır, burdan çoxmu uzaqdır?” Cavan çoban qoyunların üstündən ayaqlarını aşıraraq iri addımlarla onlara yaxınlaşdı: "Biz o dağdan gəlirik – qoyunların da adından danışdı - qartalın əlindən qaçırıq”. "Deyirəm çoxmu uzaqdır?” Niftinin laqqırtı vurmaq, çobanın arı pətəyi kimi vızıldayan dərdli sözlərlə dolu ürəyinə çubuq soxmaq fikri yox idi. "Neçə müddətdi yoldasınız?” Çoban çomağı ilə qabağındakı key qoyunu yana itələdi ki, rahat sözünü deyə bilsin; qoyun, sanki, onun ayağına yox, dilinə dolaşırdı: "Biz başqa sürü ilə yola düşmüşdük, indi bu sürü, o sürü deyil”. Nifti çevrilib arxasında lal-dinməz dayanıb onlara qulaq asan kəndlilərə baxdı; qəliz mətləbləri onlar həmişə bir yerdə çözmüşdülər; necə yəni bu sürü o sürü deyil? O sürü yoxdusa, bu sürü hansıdır? "O, sənə qoyunların dilində cavab verdi”, nəhayət, kəndlilərin arasında bir ağıl dəryası tapıldı. "Onun dediyi o sürü bu sürünün anası imiş; dağ o qədər uzaqdadır ki, ana sürünün ömrü yolda başa çatıb, çoban yoluna bala sürü ilə davam etməli olub”. "Onda belə çıxır ki, bu qoyunların o dağdan, o qartaldan xəbəri yoxdur?” Başqa bir zəka küpü söhbətə qarşıdı. "Bəlkə də, nə vaxtsa bu sürüdən doğulan qoyunlar dünyada qartal deyə bir şeyin olduğunu bilməyəcək”. Mübahisə qızışdı. "Bəs bu çoban nə üçündür? O, həmişə öz sürüsündən təcrübəli və müdrik olacaq, çünki yaşca bütün qoyunlardan böyükdür, kimin xatirələri çoxdursa, tarixin sahibi odur”. – Başqa biri dedi. "Bəs bir gün çoban öləndə necə olacaq?” "Sürülərdən sürülər qaldığı kimi, çobanlardan da çobanlar qalacaq, onlar həmişə qartal haqqında danışacaqlar, ona şeirlər qoşacaqlar, mahnılar oxuyacaqlar, düz demirəm, qardaşoğlu?”. "Bəlkə də, başqa qoyunlar atalarını, analarını aparan qartalı sevgi ilə xatırlayacaqlar”. "Sənin, heç olmasa, arvadın varmı, qardaşoğlu?” Sual çox yersiz olduğu üşün Nifti həmkəndlisinə düzəliş elədi: "Yəni demək istəyir ki, səndən sonra sürünə sahib çıxacaq oğuldan-uşaqdan varındımı?” Çoban anlamadığı suallara, qanmadığı cavablara və arsız gülüşlərə hədəf olmaqdan başqa heç nəyə yaramadığını görüb kirli ağ süfrəsini yamaclardan yığışdırmaq üçün səs-küylə ona doğru götürüldü.

Kəndlilər çoban və sürü haqqında laqqırtı vura-vura daha iki gün yol getdilər, ta geridə qoyduqları kəndin üstündə qara buludlar qara qoçlar kimi kəllə-kəlləyə gələnə, bir-birinə zərbə endirən şimşək qılınclar qığılcım saçana qədər. Dayanıb geri baxdılar və arxalarınca gələn nəriltini də bu zaman eşitdilər. Nərilti hansısa naməlum bir yanlışın qısasını almağa gələn qəzəbli ordu kimi düz üstlərinə gəlirdi.

"Sel! Sel! Kəndə sel düşüb!” lap qabaqda dayanan kəndli iri ağac budaqlarını başı üzərinə qaldırıb dərə boyu nərildəyə-nərildəyə gələn nəhəng qaraltını göstərdi. Hamı qaçıb təpənin üstünə çıxdı və geridə qalan günlərin xatirələrini qorxulu yuxu kimi yığıb arxalarınca gətirən bulanıq mənzərəyə baxmağa başladı. Qəzəblə gücün, nifrətlə zalımlığın, şərlə acgözlüyün, kinlə cahilliyin horrası aşıb-daşaraq önünə çıxan hər şeyi uda-uda onların yanından kükrəyib keçirdi. Hamısı gözləri bərəlmiş halda təpədə dayanıb, sanki, bədheybət bir əjdahaya baxırdı. Ancaq bu əjdahanın nə başı görünürdü, nə quyruğu.

Qəfildən bir kəndli: "Ora baxın, bizim həyətdəki əncir ağacı!” qışqırıb selin ağzına alıb çeynədiyi əcinnə budaqları göstərdi. O birisi çör-çöplü lehmənin içində insan səsi ilə mələyən keçini görüb: "İlahi, nənəmgilin keçisi!” bağırdı. Başqa biri selin ağzında yeni doğmuş camışını gördü. Anasından ayrı düşən ağzı-burnu palçıqlı balaq qaynayan lehmənin içində anasına doğru çapalayır, hər şeyin başa çatdığını anlayan ana camış isə başını, sadəcə, ona doğru uzadaraq acı-acı böyürür, övladı ilə vidalaşırmış kimi get-gedə ondan daha da uzağa axıb gedirdi. Sel ana və balanı bir-birinin gözünün önündə boğurdu. Sonra tanışlıq növbəsi selin içində pərən-pərən düşən lehməli toyuqlara, ördəklərə, qazlara çatdı. Palçıqlı üzlər imdad diləyir, çəkməli ayaqlar yarıyacan nəriltinin içinə girsə də, aciz əllər havanı dartışdırmaqdan başqa bir işə yaramırdı. Kəndlilər hər şeyi unudub çığır-bağırla sel yuxarı qaçmağa başladılar. Qartaldan daha qorxunc düşmənlər varmış dünyada.

Nifti bağıra-bağıra aşağı, çığıra-çığıra yuxarı baş alıb gedən iki selin arasında tək qaldı. Qazandıqlarını itirmək qorxusu kəndliləri bir anda gözdən uzaqlaşdırdı. Nifti də evini, ailəsini xatırladı, indi kənddə arvadlar öz ərlərini, uşaqlar öz atalarını yenidən yanlarında görüb sevinəcək, təkcə onun arvadı, uşaqları yollara baxa-baxa qalacaq. Bəs o kişilər öz arvadlarına və uşaqlarına nədən danışacaqlar? Başlarını uca edən hansı xatirəni apardılar özləri ilə? Deyəcəklər ki, selin iki toyuğu apardığını görüb qayıdıb qaçdıq evə? Məqsədindən iki toyuğa görə əl çəkən ərləri arvadlar necə sevəcəklər, uşaqlar necə öyünəcəklər belə atalarla? "Yox, qoy bizim kənddə bir adam da qazandıqlarını itirmək üçün yaşasın, uşaqlarını yox, uşaqlarının uşaqlarını düşünsün, qoy bir arvad ərsiz, dörd uşaq atasız qalsın. Amma qoy bizim kənddən də dediyindən dönməyən, tüpürdüyünü yalamayan bir kişi çıxsın”, - dedi Niftinin içindəki adam, - "həyat özü-özlüyündə məqsədsiz ola bilər, amma insan gərək özünə məqsədlər yaratmağı bacarsın. Bax, sən qartaldan özünə bir məqsəd yaratdın, o, sadəcə, öz həyatını yaşayan yırtıcı bir quş idi, sən onu məqsədə çevirdin, düzdü, bir az əndirəbadi məqsəddir, amma ən azı, kənddə boş-boş veyillənməkdən yaxşıdır”. Nifti içindəki adamla razılaşmadı: "Axı onu məqsədə mən çevirmədim, o özü gəlib məni tapdı, caynağında da bir quzu. İkincisi, məqsədi quş tutmaq olan kişinin övladlarına gülməzlərmi?”. "O quşu məqsədə çevirən sənin indiyə qədər həyatda öz məqsədini axtarıb tapmaq arzundur, arzular məqsədə çevrilməyəndə, ümidə çevrilir və ölür”. - İçindəki adam bir az naqolay cavab verdi. - "İnsanın böyüklüyü məqsədinin əlçatmazlığındadır, məqsədi əlçatan olanlar heyvanlardır, yemək və doğub-törəmək. Kəndlə qəbiristanlığın bir fərqi olmalıdır, məqsədsiz insan ölü, məqsədsiz kənd qəbiristanlıqdır”.

Sel şoxdan ötüb keşmişdi. Nifti təkbaşına qalanda içində biri və daha ağıllısı olduğunu ilk dəfə kəşf etdi və sevindi: "Bəs sən indiyə qədər niyə susurdun? Başqalarının da içində səndən varmı?”, - soruşdu. "Hər kəsin içində tək qalanda dərdləşmək üçün biri var, amma siz heç tək qalmırsınız axı... atalar, analar, bacılar, qardaşlar, dostlar, həyat yoldaşları, uşaqlar, e-eeh, ver allahım, ver, bizə növbə çatır ki?..”, - içindəki adam gileyləndi. "Sən kişisən, yoxsa qadın? Səsin içəridən birtəhər gəlir”. - Nifti daha bir şübhəsini dilə gətirdi. "Əlbəttə kişiyəm, qadın olsaydım indiyədək susa bilərdimmi bu xarabada, yəqin, çoxdan dalaşıb ayrılmışdıq”, - içindəki adam özünün qadın olma ehtimalını belə kökündən baltaladı. Hər ikisi arvadların ağzını əyib güldü. Onda Nifti başqa bir sual verdi; içindəki kişinin yaşını soruşdu. "Mən sənin bütün babaların yaşdayam, sənin başına gələnlər mənim xatirələrimdir” - içəridəki səs öz cavabı ilə bu dəfə onu aşağıladı. "Sənin başına gələnlər mənim xatirələrimdir, hımm” - Nifti öz-özünə təkrar etdi, - "yaxşı, nə deyirəm ki, bundan sonra mən səni öz aramızda "ata” deyə çağıracağam, sən də mənə "oğulmu” deyərsən, "Niftimi” deyərsən, öz işindir. Bir halda ki, atamsan, onda de görüm, sel gedən tərəfəmi gedək, sürü gələn tərəfəmi?” "Həmişə sürünün əksinə get, həmişə!” - Ata yol göstərdi.

Üç gün dağdan-dərədən söhbət edə-edə yol getdilər, başları söhbətə elə qarışdı ki, üç gün otuz gün oldu, otuz gün üç il oldu. Getdikcə qartalı qoynunda bəsləyən dağ da böyüyür, elə bil, o da asta-asta onlara yaxınlaşırdı. Nifti yolda canavarların parçaladığı bir atın quyruğundan cələ hörmüşdü; bu keçən günlər, aylar, illər ərzində onları aclıqdan çələyə düşən çöl quşları və çaxmaqdaşı xilas etdi.

Gəlib dağın ətəyinə çatdılar. Bir əlində yaba, bir əlində cələ, saç-saqqal basmış başını qaldırıb qarşısında dayanaraq, sanki, onun yolunu kəsmiş nəhəng quldura oxşayan dağa baxırdı Nifti. Dağ da yuxarıdan aşağı ona baxırdı. Quşlar dağın ətəyində sürətlə ora-bura uçuşur, bu gözlənilməz qonağın gəlişi xəbərini qayadan-qayaya, ağacdan-ağaca çatdırırdılar; qayalar dağın keşikçiləri kimi sinələrini qabağa verib hazır vəziyyətdə əmr gözləyirdilər, ağaclar sadiq kənizlər kimi özlərini dağın qucağına qısıb çiyinləri üstündən oğrun-oğrun cındırından cin ürkən bu əliyabalı nabələd kişiyə baxırdılar. Bir xeyli baxışdılar. Birdən kolluqdan boz, gombul bir ayı çıxıb Niftiyə fikir vermədən donquldana-donquldana gündəlik qayğılarının arxasınca gedən ata kimi harasa çıxıb getdi və ayının bu saymamazlığı, açığı, Niftiyə bir az toxundu. Ayının yekəxanalığından sonra o, başa düşdü ki, gəlişi buradakıların o qədər də vecinə deyil. Onu burada adam yerinə qoyan yoxdu, ancaq "ayı, hər halda, boynumu qucaqlayıb üzümdən öpəsi deyildi” deyib qərara gəldi ki, o da dağa, dağın sakinlərinə qarşı eyni hörmətsizliyi göstərəcək, yəni onun ağacını ağac, qayasını qaya, ayısını ayı, özünü də dağ yerinə qoymayacaq. Odur ki, səndəlləri cırılmış ayaqlarını dağın üstünə muçqurdu. Bu zaman içindəki "atanın” da dili açıldı: "Cəsarətin ağlın qərarıdırsa, qorxma, amma ayını da yaddan çıxarma!” "Ayıya görə narahat deyiləm, qorxuram, bu qayaların, ağacların arasında azaq, hələ yuxarılar zalım adamın beyni kimi duman içindədir” – Nifti dedi. Ata: "Zirvəyə gedən yolda azmaq mümkün deyil, Nifti, sadəcə, sağa-sola caydırmadan həmişə üzüyoxuşa getməlisən”. "Orası elədir”, Nifti, elə bil, atanı yola vermək istədi ki, yenə əngə güc verməsinlər.

Yuxarı qalxdıqca qayalar daha da sərtləşir keşikçidən daha çox cəllada, ağaclar daha da eybəcərləşir, kənizdən daha çox ifritəyə oxşayırdılar; bura o qədər yüksək idi ki, quşların uçmağa ehtiyacı qalmırdı, koldan-kola yeriyə-yeriyə keçirdilər. Zirvəyə doğru qalxdıqca bəzən iməkləmək lazım gəlirdi. İməkləyəndə Nifti otların arasında firavan həyat sürən rənbərəng böcəkləri görürdü, onların rahat güzaranlarına paxıllığı tuturdu: "davasız-şavasız bir dünya, ilahi, necə sakit və nəğmələrlə dolu bir həyatı var bu böcəklərin...” Ancaq tez qartarlı xatırlayırdı, o yırtıcı quşu. "Deməli, hər yerdə qan tökənlər böyüklərdi, onların qanlı dimdikləri, iti caynaqlarıdır”. Nifti onlardan birini yox etmək üçün iməkləyirdi üzü zirvəyə doğru. Qartaldan isə bir səs-səmir yox idi, bəlkə də, bu yırtıcı quş öz təkliyinin qisasını almaq üçün yenə kəndin göylərində hərlənirdi. Əgər zirvədə olmasa, Nifti məcbur idi ki, oturub onu yolunu gözləsin - başqa bir yolu da qalmamışdı – bütün kəndin dincliyi onun aparacağı xəbərdən asılı idi.

O, artıq zirvənin ucuna çatmışdı, daha iməkləmək də kara gəlmirdi, sürünmək, dartınmaq lazım idi. Nifti çıxıntılardan tuta-tuta zirvəyə dartınır, yabanı da özüylə sürüyürdü. Sakitlik idi, sanki, dağın özü də bu inadkar mübarizədən kimin qalib çıxacağını həyəcanla gözləyirdi; qayalar, ağaclar, quşlar, böcəklər – bütün dağ sakinlər səslərini udub aşağıdan-yuxarı bu inadkar insanın zirvənin ucuna doğru əzmlə sürünməsinə tamaşa edirdilər. Onlar ömürləri boyu ilk dəfə idi ki, həyatı bu qədər çətin olan birinə rast gəlmişdilər. Bəlkə də, onu bir-birilərinə göstərib deyirdilər, "Yazıq insan!”

Nəhayət, Niftinin əli zirvənin son çıxıntısına ilişdi və o, var gücü ilə gərilib yorğun bədənini zirvənin üstünə dartdı. Burada gördüyü mənzərə onu elə məyus etdi ki, az, qaldı, özünü kəlləmayallaq aşağı buraxsın. Zirvədəki qartal çoxdan ölmüşdü, həm də öz əcəli ilə. İndi ondan zirvəyə bir qalaq bir-birinə yapışmış tük topası və bu tük topasının ətrafına dağılmış xeyli sür-sümük qalmışdı. Külək qartalın artıq zirvəyə bitişmiş tüklərini yelləyib əylənirdi. Nifti əlindəki yabanı hirslə üzü aşağı tolazlayıb kor-peşman qartalın çoxdan dağa yapışmış cəsədinin yanında oturdu. İçindəki "Ata”dan da bir səs-səmir çıxmırdı, görünür, o da Niftinin özü kimi pərt olmuşdu. Nifti indi zirvədə tək-tənha qalmışdı. Amma onu sarsıdan bu deyildi, onu ağrıdan mübarizəsinin mənasızlıqla başa çatması idi. Belə çıxırdı ki, o bu qədər günləri, ayları, illəri boş bir məqsəd uğruna xərcləmişdi. Demək, bəzi şeyləri, sadəcə, gözləməklə də əldə etmək olarmış. O, indi zirvədə tək-tənha oturub öz inadkarlığının xəcalətini çəkirdi.

Nəhayət, Niftinin içindəki "ata” dilə gəldi; "Üzmə özünü, Nifti, sənin, heç olmasa, mübarizə haqqında bir əhvalatın, bir xatirən var, vay olmayanların halına...”