Aqşin Yenisey. Yeni şeir

Aqşin Yenisey. Yeni şeir

“Hisslərin tarixi xronologiyası” silsiləsindən

1845-ci il

Sənin təkliyin bizə baha oturdu
Yoxluğuna təklik adı qoyuldu.
Sənə olan ümidlər edam olundu, başı kəsildi, dərisi soyuldu
Bitirdiyin çiçəklərin hamısı inəklərə,
əkdiyin ağacların yarpaqları küləklərə qismət oldu.
Hamı yaratdığın dünyada
ayrılacağı günü gözünün altına alıb sevir:
Həmişəki kimi şübhən xoşbəxt, sevgin bədbəxtdi!
Ömrümün elə bir yaşına gəldim ki,
incimə, artıq sənə güvənim qalmadı.
Vaxtilə "var, var, var" deyib bağırırdım.
indi ağlayıb pıçıldayıram "yoxdu, yoxdu, yoxdu!"

1846-ci il

gecə...
binamızın önünə sərilmiş küçə...
adamların elə yalqız görkəmi var ki,
sanki, ilk insandılar, Adəmdilər.
sanki, onlara yol göstərən yoxdu,
yəni göndərilməyib ilk peyğəmbər
külək elə bərk əsir,
insanları əyninə geyinib qızınır ayrılıqlar,
üşüyür küçələrdəki çılpaq sevgilər.

1847-ci il

Kənddir, gecədir, zülmət elə qatıdır ki,
Elə bil, Tanrı bu qaranlıqla dünyanı gizləmək istəyir kimdənsə.
Sönmüş işıqlar yuxu görür evlərin qapısı ağzında.
Hətta itlər belə hürmür naməlum səsə.
Hamı öz ürəyini qucaqlayıb yatır.
Mənsə,
yuxusuzluqla dalaşıram, evdəki güzgülərə baxıram.
Heç bir güzgü özümü göstərmir mənə.
Güzgülərdəki əksim də atıb gedib məni!

Darıxıram... darıxıram...
Mən səni yox, sənin gəlməməyini gözləyəcəyəm.
Şəhərdə tanıdığım bütün ağacları yuxuna göndərəcəyəm.
Küçələrdəki bütün yiyəsiz itləri arxanca hürdürəcəyəm.
Sənin gəlmədiyin hər yerə gələcəyəm.
Ürəyimə damıb ki, o günü görəcəyəm:
Mən sənsiz - əliboş öləcəyəm.

1849-cu il

gecə əynini soyunur küçədə
yatmağa hazırlaşır qaranlıq
göy üzünü üstünə örtür yer üzü
Hamı Tanrını unudur bir anlq.
yuxusu ərşə çəkilir gecənin
yadına düşür bir vaxtlar sevdiyi şehli səhər -
heç vaxt bir yerdə olmayıblar,
amma həmişə bir-birilərini seviblər.

1850-ci il

Qarları yağmadı bu qışın
Amma biz küçələrdə üşüdük...
Yağışları yağmadı bu payızın
Amma biz etiraz aksiyalarında şaquli deyil,
Üfüqi yağan polis yağışlarında islandıq...
Gülləri açmadı bu yazın
Amma biz məhbəs həyətində solduq...
İstiləri tez düşdü bu yayın
Amma biz, iki yalqız,
Bir-birimizə sarılıb donduq.

1851-ci il

qürub...
sevdiklərim taleyimin arxasında batır.
demə, hamı getmək üçün gəlirmiş bu evə
indi qədim kənd kimi qərq oluram qaranlığa.
niyə belə tez öldünüz, ümidlərim?
arzularım, niyə belə tez qocaldınız?
Demə, sevginin vurma cədvəli beləymiş:
"iki vur iki" bərabərdi "iki yalqız"

1852-ci il

yaşamamaqdan ötrü elə darıxıram ki...
qorxuram ölüm də bu xiffəti unutdura bilməsin.
pəncərədən baxıram.
Heç kimin qulaq asmadığı küncdəki qəmli nəğmə kimi yalqızam.
Bu gün qaranquşları qayıtmayan yazam,
Köçən durnalarının arxasınca əl yelləyən payızam.
Amma xahiş edirəm, bunu kimsəyə deməyin,
Bunu kimsə bilməsin.
Pəncərədən baxıram,
sığırçınlar havada həyəcanla uçurlar,
sanki, göylərdə axtarırlar
dünyanın itkin düşmüş yiyəsin.

1853-cü il

Sevdiyim insanların çoxu
bir yerdə çəkdirdiyimiz şəkillərdə itkin düşdü, yoxa çıxdı.
vaxtilə sevdiyim qadınla yanaşı çəkdirdiyim şəklə baxıram.
o, indi şəkildə də yoxdu.
Sevdiyim qadınların hamısı o idi.
İndi tək qalan bütün adamların hamısı mənəm.
Gözləri yuxuma girir hər gecə və üzr istəyir:
“Bağışla, biz kor idik, görə bilmirdik”.

Publika.az