Çarlz Dikkens. “İki şəhərin hekayəsi” romanından bir fəsil

Çarlz Dikkens. “İki şəhərin hekayəsi” romanından bir fəsil

Şərab dükanı

Böyük çaxır çəlləyi küçənin ortasında düşüb sındı. Çəlləyi arabadan düşürdəndə saxlaya bilmədilər, yerə düşdü, taxtaları saxlayan dəmir halqalar yerindən qopdu, çəlləyin taxtaları qoz qabığı kimi parçalanıb şərab dükanının qapısı ağzına dağıldı.

Yaxınlıqda kim vardısa, hamı əlindəki işi qoyub çaxır içmək üçün qaça-qaça gəldi. Çaxır küçəyə döşənmiş kobud, cilalanmayan, keçən adamları əzən daşların arasına süzülüb gölməçələr yaratmışdı və hər gölməçənin yanında xeyli adam yığışmışdı. Kişilər diz üstə oturub ovuclarını doldurub içir, ya da başlarının üstündə dayanıb qabağa əyilən qadınlara uzadırdılar, qadınlar da çaxır barmaqların arasından süzülməmiş içməyə çalışırdılar. Bəziləri hardansa tapdıqları balaca qabları doldurub içirdilər, qadınlar yaylıqlarını açıb çaxırı hopdurur, uşaqların ağzına sıxırdılar. Bir dəstə adamsa palçıqla gölməçələrin qabağını kəsməyə çalışırdı ki, çaxır daşların arasıyla axıb getməsin, ikinci mərtəbədən baxanlar çaxırın hardan axdığını göstərir, kişilər qabağını saxlamaq üçün tez ora qaçırdı. Bəzilərisə çəlləyin qalıqlarıyla məşğul idi, canına çaxır hopmuş taxta parçalarını götürüb sovururdular. Nəticədə bütün çaxırı içib qurtardılar, amma çaxırla bir yerdə küçənin palçığını da içdilər, buraları tanımayan, buraların adətləriylə tanış olmayan birisi küçəni görsəydi, elə bilərdi ki, küçəni təzəlikcə təmizləyiblər, buralardasa küçələr təmizlənmirdi.

Çaxır içilən vaxtı küçədən gülüş səsləri eşidilirdi, hamının kefi kökəlmişdi. Heç kimkobudluq göstərmirdi, hamı zarafatlaşırdı, şənlənirdi. Yoldaşlıq havası hökm sürürdü, hamı bir-biriylə yaxınlaşmaq istəyirdi. Kim ki zarafatcıl təbiətlidir, onlar dəstə-dəstə yığışıb sağlıq deyirdilər və ya on iki nəfərlik qruplarla oynayırdılar.

Çaxır qurtarandan və daşların arasında əmələ gələn gölməçələrin yerində sadəcə barmaq izləri qalandan sonra tamaşa birdən-birə başladığı kimi,birdən-birə də kəsildi. Dülgər emalatxanasına qayıdıb taxtaların arasına tulladığı rəndəsini götürüb yenə işə davam elədi, özünün və ya uşağının donmuş barmaqlarını qızdırmaq üçün bir qab isti kömür aparan qadın, evin kandarına qoyduğu qabı götürüb evə girdi, zirzəmilərdən çıxan kişilər yenə zirzəmilərə qayıtdılar və küçəyə qaranlıq çökdü, bu qaranlıq küçəyə günəşdən və bayram havasından daha çox yaraşırdı.
Çaxır qırmızı idi və Parisdəki Sen-Antuan məhəlləsinin bu dar küçəsini də qırmızıya rəngləmişdi. Həmçinin çoxlu əlləri və üzləri, yalın ayaqları, taxta ayaqqabıları da rəngləmişdi. 

Dülgərlərin əllərindəki qırmızı ləkə kəsdikləri taxtaya keçdi, uşağını əmizdirən qadının alnı, bayaq çaxırla isladıb sıxdığı yaylığı təzədən başına bağladığı üçün qırmızı rəngdəydi. Çəlləyin sınıq taxtalarını sovuran adamlar pələng kimi ağızlarının qırağı qırmızı ləkələrlə dolu halda gəzirdilər. Hansısa uzunboylu, zarafatcıl biri barmağını çaxırlı palçığa batırıb divara yazmışdı: Qan.

Çaxırın bütün küçələrə dağılıb hər şeyi qırmızı rəngə boyayacağı vaxta artıq az qalmışdı.

Və Sen-Antuan məhəlləsində bircə dəqiqəlik işıldayan sevinc yoxa çıxdı, hər şey əvvəlki görkəminə qayıtdı, soyuq, çirk, xəstəlik və kasıblıq üzə çıxdı, amma kasıblıq hamısından daha güclü idi. Böyük dəyirmanda üyüdülən bütün bu adamlar – əlbəttə ki, söhbət nağıllardakı qocaları cavanlaşdıran dəyirmandan getmir – hər küncdə qorxudan titrəyirdilər, qapılardan girib-çıxırdılar, pəncərələrdən boylanırdılar, küləyin yellətdiyi cır-cındırın içində qorunurdular. Onların üyüdüldüyü dəyirman cavanları qocaldırdı. Burdakı uşaqların da üzləri qocaların üzləri kimi qırış-qırış idi və bu qırışlara bircə kəlmə həkk olunmuşdu – aclıq. Aclıq hamının və hər şeyin üstündə ağalıq edirdi. Aclıq hündür evlərin paltar zivələrindən dırmaşıb, dəlmə-deşiyi samanla, kağızla, cır-cındırla tutulmuş evlərin pəncərələrindən girirdi, aclıq heç vaxt yanmayan sobaların bacalarından boylanırdı, aclıq çörək dükanının piştaxtasındakı keyfiyyətsiz undan bişirilmiş balaca çörəklərin, dükanın rəflərindəki ölü it ətlərindən hazırlanan sosislərin yanından baxırdı. Aclıq hər yerdəydi.

Ətraf mühit də bu ümumi aclığa tərs-mütənasib deyildi. Küçə dar, əyri, çirkli, palçıqlı idi, hər yerdə cır-cındır içində üzən, üzlərindən ehtiyac və əziyyət oxunan adamlar gəzişirdi. Adamlar vəhşiləşmiş kimiydilər, amma dumanlı da olsa, hamısının üzündə, hər şeyin haçansa düzələcəyinə inam vardı. Hər nə qədər əzaba düçar olsalar da, alçaldılsalar da, hamısının daxili alovu gözlərinə vururdu, deyə bilmədikləri sözlər dodaqlarına pərçimlənib qalmışdı, dar ağaclarının fikri alınlarını düyünləmişdi, amma hələ qərar verə bilməmişdilər ki, o dar ağaclarından özləri asılacaq, yoxsa başqalarını asacaqlar.

Dükanların lövhələri də kasıblıqdan xəbər verirdi. Qəssabın lövhəsində mal və donuz ətinin ən yağsız yerləri çəkilmişdi, çörəkçinin lövhəsində bir neçə fal çörək şəkli vardı, şərabçının lövhəsindəsə su qatılmış şərab və ya pivə içə-içə bir-birinə tərəf sirr açırmış kimi əyilən kasıb görünüşlü adamlar təsvir olunmuşdu. Heç nə ürəkaçan deyildi, bircə iş alətləriylə silahlardan başqa. Səmir alətlər satılan dükandakı baltaların, bıçaqların tiyələri parıldayırdı, çəkiclər ağır idi, odlu silahlarsa adam öldürməyə hazır dayanmışdı.

Küçələrə döşənmiş daşlar hamar deyildi, ucları şiş, araları dərə idi, su və palçıq daşların arasında göllənib qalırdı. Səki ümumiyyətlə yox idi. Su axmaq üçün düzəldilən arxsa düz küçənin ortasından keçirdi və ancaq güclü yağış yağanda arxdan su axırdı, çox vaxt da güclü yağış yağanda arx suyu süzməyi çatdırmırdı və palçıqlı su birbaşa evlərə axırdı. Küçə boyu tarım dartılmış iplərdən bir-birindən xeyli aralı fənərlər asılmışdı, gecələr fənərçi ipi boşaldıb fənərləri yandırır, təzədən ipi tarımlayırdı. Dənizdə gecə vaxtı uzaqdan görünən mayak işıqlarına oxşayan zəif işıqlı fənərlər adamların başı üstündən sallanırdı. Bu küçənin sakinləri doğrudan da dənizdə idilər, gəmini də, gəmidəkiləri də fırtına izləyirdi.

Fənərçinin darıxdırıcı işinə baxan ac və əzabkeş adamların ağlına bəzi fikirlər gəlirdi.  Fənərçi kimi ipləri tarımlayacaq, amma ipdən fənər yerinə adam asacaqdılar. Amma o vaxt hələ gəlib çatmamışdı, Fransada əsən külək hələ ki əskiləri, zir-zibili oyan-buyana aparırdı, əlvan lələkli quşlar gözəl mahnılarını oxuyurdular hələ.

Şərab dükanı küçənin tinindəydi, görünüşüylə başqa dükanlardan çox fərqlənirdi. Şərab dükanının sahibi küçə qapısında dayanmışdı. Əynində sarı jilet, yaşıl şalvar vardı. Sakitcə dayanıb sınıq çəlləyə və çaxır içən adamlara baxırdı.

- Bu mənlik deyil, - o çiyinlərini çəkib dedi. – Çəlləyi bazardan gətirən hamballar günahkardır. Qoy gedib təzəsini gətirsinlər.

Bu vaxt o yolun o biri tərəfində yazı yazan həmin zarafatcıl kişini görüb qışqırdı:

- Ey, Qaspar, orda nə yazırsan?

Uzunboylu kişi özündənrazı halda zarafatını ona izah elədi, amma istədiyi nəticəni əldə etmədiyi üçün çox utandı, zarafatcılların başına belə hadisələr tez-tez gəlir.
- Nə edirsən? Ağlın başındadır? – şərab dükanının sahibi deyib küçəni keçdi, bir ovuc palçıq götürüb divardakı həriflərin üstünə çəkdi. – Heç belə şeyi küçənin ortasında yazarlar? Burdan axı adamlar keçir. Bunu yazmaq üçün daha münasib yer tapa bilmədin?

Bunu deyə-deyə qəsdən, ya da qeyri-ixtiyari təmiz əlini Qasparın ürəyinin üstünə qoydu. Oğlan da öz əliylə həmin yerə vurdu, sonra bir ayağından çirkli ayaqqabısını çıxartıb əlində tutdu və yerində tullanıb hansısa rəqs hərəkətini göstərdi. Bu vaxt oğlanın üzündə canavar soyuqluğu vardı.

- Bəsdir, bəsdir. – dükançı dedi. – Ayaqqabını geyin.

Sonra palçıqlı əlini Qasparın köynəyinə sildi, çünki əlini onun ucbatından batırmışdı, sonra təzədən küçəni keçib dükana girdi.

Dükançı otuz yaşlarında, qırmızı peysərli, iri bədənli biriydi. Çox güman sağlam bədəni vardı, çünki soyuq olsa da, jiletini geyinməmişdi, sadəcə çiyninə atmışdı. Köynəyinin qolları da dirsəyəcən qatlanmışdı. Qısa vurulmuş qara qıvrım saçlı başına da papaq qoymamışdı. Qəşəng gözləri geniş açılmışdı.

Mehriban adama oxşasa da, hər halda qərarlı və nə istədiyini bilən biri olduğu da görünürdü. Hər iki tərəfi uçurum olan dar keçiddə üzbəüz gəlib ona yol verməyən adamın işi çətin olardı.
O dükana girəndə, arvadı madam Defarj piştaxtanın arxasında oturmuşdu. Madam Defarj əriylə yaşıd olardı, dolu qadındı, ətrafa nadirən nəzər salan diqqətli gözləri vardı, iri əllərinin barmaqlarında üzüklər parıldayırdı, üz ifadəsi soyuqdu, hərəkətlərisə çox sakit, özündən əmin idi. Özünə aid olan işlərdə çox diqqətli olduğu, heç vaxt çaşmadığı bilinirdi. Madam Defarjın soyuğa davamı yox idi, buna görə də qalın kürkünə bürünmüşdü, başına isə yun şal bağlamışdı, amma uzun sırğa taxdığı qulaqları açıqda qalmışdı. Hörgüsünü dizinin üstünə qoyub çöplə dişini qurdalayırdı. Əri içəri girəndə heç nə demədi, alçaqdan öskürüb qara qalın qaşlarını qaldırdı. Əri işarəni başa düşüb, küçədə olduğu vaxt dükana girən müştərilərə diqqətlə  baxmağa başladı.

Küncdə yaşlı kişi ilə cavan qız oturmuşdu. İki nəfər kart oynayırdı, iki nəfər domino oynayırdı, piştaxtanın qabağında dayanan üç nəfərsə, onsuz da az olan çaxırı yavaş-yavaş içirdilər ki, gec qurtarsın. Müsyö Defarj piştaxtanın yanına getdiyi vaxt, küncdə oturan kişinin işarəylə onu cavan qıza göstərdiyini hiss etdi. Kişi elə bil demək istədiydi ki: "Odur!”
"Görəsən onlara nə lazımdır? – müsyö Defarj fikirləşdi. – Mən heç onları tanımıram.”

Özünü elə göstərdi ki, guya kişiylə qızı görmür, piştaxtanın qabağındakı üç nəfərlə danışmağa başladı.

- İşlər necədir, Jak? – Üç nəfərdən biri müsyö Defarjdan soruşdu. – Dağılan çaxırın hamısını içdilər?
- Bir damcısı da qalmadı, Jak. – müsyö Defarj dedi.

Bir-birinə xristian adıyla müraciət edilən bu qısa dialoqdan sonra, hələ də dişlərini qurdalayan madam Defarj yenə də öskürdü və qaşlarını bir az qaldırdı.

- Hə, - ikinci adam müsyö Defarja müraciətlə dedi, - bu heyvanların çoxusu çoxdandır çaxır içmirdi, onlar ancaq qara çörəyin dadını bilirlər. Elə deyil, Jak?
- Elədir, Jak. – Müsyö Defarj cavab verdi. İkinci adamla da bir-birinə eyni xristian adını dedilər. Madam Defarj bir də öskürdü və qaşlarını daha da qaldırdı.

Üçüncü müştəri boş stəkanı piştaxtanın üstünə qoydu, dodaqlarını marçıldatdı və dedi:

- Sən nə danışırsan! Onların ağızlarında acı tam var, güzəranları ağırdır, Jak! Düz deyirəm, Jak?
- Düz deyirsən, Jak. – müsyö Defarj dedi.

Onlar üçüncü dəfə eyni adı çəkəndən sonra madam Defarj dişlərini qurdaladığı çöpü tulladı, yüngülcə durub oturdu.

- Hə... düzdür! – müsyö Defarj dodaqaltı dedi. – Cənablar, mənim arvadım burdadır!

Çaxır içən üç müştəri şlyapalarını çıxartıb madam Defarja təzim etdilər. Qadın hər üçünün salamına başını yüngülcə tərpətməklə cavab verdi və bir-bir hamısına diqqətlə baxdı. Sonra piştaxtanın üstünə baxdı, dizinin üstündəki hörgünü götürüb qayğısız görkəmdə toxumağa davam etdi.

- Cənablar! – Parlaq gözlərini arvadından çəkməyən müsyö Defarj dedi. – İcazə verin sizə uğurlu gün arzulayım. Nə qədər ki, evdəyəm, istəsəniz, dediyim mebelli otağı sizə göstərə bilərəm. Onu hələ kirələməyiblər, o beşinci mərtəbədədir. Girişi həyətdəki pilləkandandır, bax, solda, pəncərədən görünür. – Əliylə pəncərəni göstərdi. – Deyəsən hansınızsa bir dəfə orda olmusunuz. Elə o yolu göstərər. Sabahınız xeyir, cənablar!

Müştərilər çaxırın pulun verib getdilər. Müsyö Defarj hörgüyə başı qarışmış arvadına baxırdı. Küncdə oturan yaşlı cənab dükançıya yaxınlaşdı və ona bir neçəkəlmə demək üçün icazə istədi.
- Qulluğunuzdayam, cənab. – Defarj qapıya tərəf gedə-gedə dedi.

Söhbət qısa, amma qəti oldu. Elə birinci kəlmədən müsyö Defarj həyəcanlandı və diqqətlə qulaq asmağa başladı. Bir dəqiqə keçməmiş başını tərpətdi və çıxdı. Yaşlı centlmen gənc qıza işarə elədi, onlar da çıxdılar. Madam Defarj hörgüsünə davam edirdi, nə başını qaldırdı, nə də bir şey gördü.

Mister Cervis Lorri və miss Manett həyətə çıxıb bayaq dükançının üç müştərini göndərdiyi qapıya tərəf getməyə başladılar.

Balaca həyət çox çirkliydi, burdan pis iy gəlirdi, bir neçə binanın qapısı bu balaca həyətə açılırdı. Alaqaranlıq giriş qapısından girdilər, pilləkanın ağzında müsyö Defarj köhnə ağasının qızının qabağında diz çöküb onun əlini öpdü. Bu hərəkət çox mədəni hərəkət idi, amma incəliklə edilməmişdi. Bir neçə saniyə ərzində, mister Lorrinin üzündəki mehriban, gülümsər ifadə yox çıxmışdı. İndi o sirrli, hirsli, təhlükəli adam idi.

- Pilləkanlar hündürdür, çıxmaq bir az çətin olacaq. Yavaş-yavaş çıxaq. – müsyö Defarj quru səslə mirter Lorriyə dedi.
- O orda təkdir? – mister Lorri pıçıltıyla soruşdu.
- Təkdir. Tanrı qorusun, o kiminlə ola bilər ki? – müsyö Defarj da pıçıltıyla cavab verdi.
- Deməli, o həmişə təkdir.
- Həmişə.
- Öz arzusu ilə?
- Şərait belə tələb edir. O vaxt, o mənə rast gələn gün, məni axtarıb tapdılar və soruşdular ki, onu saxlamağa və şəxsi təhlükəsizliyim üçün bunu gizli saxlamağa razıyam, ya yox. Razılaşdım. Onda necəydisə, indi də elədir.
- Çox dəyişilib?
- Hə, çox!

Şərab dükanının sahibi dayandı, yumruğunu divara döyəcləyib dodaqaltı lənət yağdırdı. Bundan daha dəhşətli lənəti təsəvvür etmək çətindir. Mister Lorri hiss elədi ki, yuxarı qalxdıqca sahibin vəziyyəti də ağırlaşır. Parisin köhnə kvartallarındakı evlərin hamısında pilləkanlar bu cürdür, o vaxt üçün normal ölçü sayılsa da, çox xoşagəlməz təəssürat yaradırdı, elə indinin özündə də nabələd adamda dəhşət yaradır. Bu qaranlıq, çirkli evin hər mənzilindən bayırazir-zibil axırdı, mənzillərin qapıları açılan balaca meydançalardakı zibillər adamın ayağına yapışırdı, elə həyət də başdan-ayağa zir-zibiliçində idi, deyəsən sakinlər zibilləri elə pəncərədən bayıra atırdılar. Zibil iyi havanı ağırlaşmışdı, bundan başqa, səfalətin qoxusu da ona qarışıb dözülməz abu-hava yaratmışdı. Bu iyrənc atmosferdə böyük pilləkanları çıxmaq lazım idi. Fikrinin qarışmasına və gənc yol yoldaşının getdikcə artan həyəcanına baxmayaraq, mister Lorri nəfəsini dərmək üçün iki dəfə dayanmışdı. Mister Lorri içəri azca təmiz hava sızdıran barmaqlıqlı balaca pəncərələrin qabağında dayanıb dincəlirdi. Bu pəncərələr də tutqun idi, heç bayırdakı qonşu binalar da əməlli-başlı görünmürdü, ümumiyyətlə, bu tərəflərdə sağlam həyat əlamətləri görünən yaşayış yerinə rast gəlmək mümkün deyildi, bircə Notr Damın iki qülləsi mənzərəni bir az açırdı.

Yuxarı mərtəbənini meydançasına çatanda, yenə dayanıb fasilə verdilər. Burdan daha da ensiz və daha hündür pilləkanlar yuxarı, çardağa aparırdı. Bütün yolu qabaqda gələn və gənc qızın cavabını verməyə çətinlik çəkəcəyi hansısa sualı soruşacağından qorxduğu üçün mister Lorrinin qolundan tutan dükançı çiyninə atdığı jiletinin cibindən açar çıxartdı.

- Siz qapını bağlı saxlayırsınız? – Təəccüblənən mister Lorri soruşdu.
- Bəs necə! Həmişə. – müsyö Defarj utana-utana dedi.
- Bədbəxt centlmeni bağlı qapı dalında saxlamağı lazım bilirsiniz?
- Qapını açarla bağlamağı lazım bilirəm.

Müsyö Defarj bu sözləri onun qulağına pıçıldadı.

- Nə üçün?
- O uzun illər bağlı qapı dalında yaşayıb, ona görə də indi birdən-birə qapını açıq qoymağa qorxdum, dedim birdən qorxar, özünü divara çırpar, hətta ölə bilər.
- Bu ola bilməz! – mister Lorri qışqırdı.
- Ola bilər, həm də necə! – Müsyö Defarj kədərlə dedi. – Qəribə zəmanədə yaşayırıq, hər şey ola bilər, hətta ağlımıza gəlməyənlər də. Və bunlar təkcə mümkün deyil, hətta olur, hər gün olur, gözümüzlə görürük, günün günorta vaxtı... Lənətə gəlsin! Gedək.

Onlar çox yavaşdan danışırdılar, dedikləri sözlərin heç biri gənc qızın qulağına çatmırdı. Bununla bərabər qız daxili həyəcanın təsirindən titrəyirdi, üzündən həyəcan, dəhşət və qorxu oxunurdu, mister Lorri ona ürək-dirək verməyə çalışdı:

- Özünüzü ələ alın, miss! Möhkəm olun! Bu ciddi işdir. Bir dəqiqə də keçsin, hər şey qurtaracaq. İndi içəri girəcəyik, işin ən ağırı arxada qalacaq. Sonranı fikirləşin: siz atanıza nə boyda yaxşılıq edəcəksiniz, ona nə boyda sevinc, fərəh gətirəcəksiniz! İcazə verin müsyö Defarj da o biri əlinizdən tutsun. Bax, belə. Möhkəm olun!

Asta-asta və ehtiyatla çıxırdılar. Pilləkan az idi, onlar tezliklə çardağa çatdılar. Meydançaya çıxan kimi qapının ağzında dayanıb qapının üstündəki deşiklərdən içəri baxan üç nəfəri gördülər. Səs eşidən kimi o üç nəfər üzünü çevirib təzə gələnlərə baxdı, bunlar bayaq çaxır içən və bir-birini eyni adla çağıran həmin üç müştəri idi.

- Bunlar tamam yadımdan çıxmışdı, - müsyö Defarj mister Lorriyə dedi. – Uşaqlar, gedin. Bizim burda işimiz var.

Üç nəfər heç nə demədən sakitcə çıxıb getdilər.

Çardaq mərtəbəsində elə bircə qapı  vardı, müsyö Defarj da onu açmaq üçün qabağa getdi. Mister Lorri kifayət qədər hirsli tonda ona pıçıldadı:

- Siz camaata cənab Manetti göstərirsiniz?
- Hə, eynilə indi gördüyünüz kimi onu camaata göstərirəm, amma ancaq seçilmiş adamlara.
- Və sizcə bu yaxşıdır?
- Məncə bu yaxşıdır.
- Bəs bu seçilmişlər kimlərdir? Nəyə əsasən seçim edirsiniz?
- Mənim adım Jakdır və ancaq adaşlarıma icazə verirəm ki, gəlib ona baxsınlar. Bir də ki, burda danışmalı bir şey yoxdur. Siz ingilissiniz, bunu çətin ki, başa düşəsiniz. İndi zəhmət olmasa qırağa çəkilin və bircə dəqiqə gözləyin.

O əliylə mister Lorrini və miss Manetti qırağa çəkilməyə məcbur etdi, sonra səs-küy salmaq niyyətiylə bir neçə dəfə divara yumruq vurdu, bir neçə dəfə də qapını döydü. Açarı kilidə salıb mümkün qədər səs-küy salmağa çalışaraq qapını açdı.

Qapı yavaş-yavaş içəri tərəfə açıldı, dükançı başını içəri soxub nəsə dedi. İçəridən çox zəif səs cavab verdi. Hər ikisi bircə söz dedi.
Defarj çiyninin üstündən baxıb onları dalınca çağırdı.

Mister Lorri əlini qızın belinə dolayıb möhkəm sıxdı, belə eləməsəydi, qız yıxılacaqdı.

- Bu iş görüşməsidir, sadəcə iş görüşməsi... – mister Lorri pıçıldadı, amma eyni zamanda yanağından bir neçə damcı tər süzüldü.
- Gəlin, gəlin.
- Mən qorxuram, - qız dedi.
- Nədən qorxursunuz? Kimdən?
- Ondan... atamdan qorxuram!

Müsyö Defarjın onları gözlədiyini görən mister Lorri qızın əlini boynundan aşırtdı, belindən qucaqlayıb qaldırdı və içəri keçirtdi. Qızı qapının yanında divara söykətdi, qız da mister Lorrinin çiynindən tutub dayandı.

Defarj açarı kiliddən çıxartdı, qapını örtüb içəridən kilidlədi, açarı kiliddən çıxartıb əlində saxladı. Bunu edəndə mümkün qədər bərkdən səs salmağa çalışdı. Sonra qəti addımlarla otağın o biri tərəfinə, pəncərənin qabağına keçdi, dayanıb üzünü qapıya tərəf çevirdi.

Odun və təsərrüfat ehtiyatlarını saxlamaq üçün nəzərdə tutulan çardaq yarıqaranlıq idi. Pəncərə dediyimiz əslində dama çıxmaq üçün qapı idi. Onun şüşələri yox idi, ikilaylı idi və altdan dəstək üçün taxta bərkidilmişdi. İçəri soyuq girməsin deyə, pəncərənin bir layı tutulmuşdu,o biri layınınsa bir hissəsi açıq idi. O deşikdən çox az işıq düşürdü, içəri alaqaranlıq idi, ancaq uzun müddət belə alaqaranlıqda yaşayan adam burda hərəkət edə bilərdi. Bura həm də iş otağı idi.

Arxası qapıya, üzü pəncərəyə tərəf alçaq skamyada oturan ağsaçlı kişi qabağa əyilib iş görürdü:  ayaqqabı yamayırdı.


Tərcümə: Həmid P.