Arturo Uslar Pietri. Simeon Kalamaris (HEKAYƏ)

Arturo Uslar Pietri. Simeon Kalamaris (HEKAYƏ)

(1906 – 2001) Venesuelalı yazıçı, tarixçi, şair, esseist, müəllim, siyasətçi. Yeddi romanın, üç şeir kitabının, iki pyesin və çoxsaylı esse, hekayə toplularının müəllifidir.


Bu, ömrümdə gördüyüm birinci meyit idi. Dar seksiya stolunun üstündəki meyitdən gözümü çəkmirəm, üstünə döşəkağı salınıb, ağ döşəkağının qabaran hissələri silsilə dağları xatırladır. Elə bil rahat zalda bizdən başqa heç kim yoxdur. Bir yerdə işləməli olduğum tələbə hələ gəlməyib. Mənimlə qəribə forma almış ağ döşəkağıdan başqa heç kim. Döşəkağının altında isə - meyit.
Əynimdəki xalat da ağ rəngdədir, əlimə geyindiyim şəffaf rezin əlcəklər də. Ehtiyatla döşəkağını qaldırıb meyitin sifətini görürəm. Kişi sifəti. Cod qarabuğdayı dəri, dərilmiş əzələlər. Açıq gözləri boz rəngdədir. Saçı çallaşıb, saqqalı da gümüşü rəngə çalır. Saqqalı xəstə və ya avaraların saqqalı kimi təkəmseyrək çıxıb. Dişləri ağappaq, böyük, dördküncdür, elə bil qarğıdalı dənələridir. Belə dişləri olan adamlar bərkdən gülür, möhkəm öpüşür.

Qoca deyil. Daha çox tez qocalana oxşayır. Üzü qırışıb. Gözlərinin altından ağzının qıraqlarına qədər və enli alnında boydan-boy qışırlar var. Adətən günəşli və küləkli yerlərdə yaşayanların üzündə belə qırışlar olur. Yəqin dənizçidir, bəlkə də kəndli, ya da bütün günü meşədə, günün altında işləyən daşyonan. Bəlkə də evsiz-eşiksizdir. Gəz ki gəzəsən. Küçə yuxarı, küçə aşağı, günbəgün. Əgər bu adam sağ olsaydı, bu saat bu məsələni aydınlaşdırardım. Soruşardım ki: "Dostum, sizin peşəniz nədir?” Yox, meyitə dostum deyə bilməzdim. Çox güman "senyor” deyərdim. Bir də ki, kimliyi məlum olmayan meyitə necə müraciət etməyin nə fərqi var? Yəqin ki, sağ olanda heç vaxt onunla görüşməyəcəkdik. İşdir birdən görüşsəydik də, çətin ki, marağımı çəkməzdi, dayanıb söhbət eləməzdim. Hər gün küçədə o qədər adamla rastlaşırsan ki. Dayanıb hamısıyla söhbət eləyən deyilsən. Düzünə qalsa, təsadüfi adamlara heç görmürsən də. Elə bil suda üzən balıqdı, camaatın arasında gördün, çıxdı getdi.

Birdən bu özü məni saxlayıb nəsə soruşsaydı? Üzündən görünür ki, mənə "senyor” deyə müraciət edərdi. Hansısa küçəni və ya saatı soruşardı, ya da alışqan istəyərdi. Pul da istəyə bilərdi. Mənsə çox güman ki, kobud cavab verərdim, bəlkə də heç üzünə baxmazdım. Küçədə saxlayıb nəsə deyən adam nəyimə lazımdır? Heç nəyimə. Və əgər həmin küçədən keçən adam bu olsaydı, onu başqalarından fərqləndirməzdim, bu görüşdə qeyri-adi heç nə hiss eləməzdim, heç ağlıma da gəlməzdi ki, tezliklə onun meyitini mənə verəcəklər və o, bax beləcə, qabağımda uzanacaq.

İndisə vəziyyət başqadır. Onun meyitini mənə veriblər. Xalat, əlcək, müxtəlif pinsetlər, mişar, qayçı da variblər. Bir də onun meyitini. O mənə verilib, tapşırılıb, o mənimdir, dənizdə batanın bədəni sahilə çıxıb qaldığı kimi, onun da meyiti mənim rastıma çıxıb.

Bu dünyada qırx, ya da qırx beş il yaşayıb, bəlkə də əlli il. Qırışlarına baxsaq, günü də xoş keçməyib. Və nəhayət mənim rastıma çıxıb. Keçmişsiz və gələcəksiz halda. Axı onun da bir həyatı vardı, dostları, düşmənləri, adı vardı.

Və artıq o boyda həyatdan heç nə qalmayıb. Bircə üzündəki qırışlardan başqa. Keçib getmiş həyatın yazıq izləri. Döşəkağını qurşağına qədər çəkdim. Üstünü bütün açmağa ürək eləmədim. Enli sinəsi, əzələli qolları var. Döyüşçü bədəni, bəlkə də muzdur. Bədənində heç bir yara, zədə görünmür. Əllərinə baxmaq lazımdır. Sol əlinə bağlanmış plastmas lövhəciyi gördüm. Əyri çap hərfləriylə yazılıb: "Simeon Kalamaris”. Adı beləymiş. İtlərin boynundan belə lövhələr asırlar. Bir də yüklərin üstünə sahiblərinin adını.

Meyitə tərəf əyilib yaşadan dedim:

- Simeon Kalamaris.

Heç nə olmadı. Sağ olsaydı, diksinərdi. Dönüb təəccüblə baxardı. Kimsə onun adını çəkmişdi axı. Heyrətlənərdi, bəlkə də sevinərdi. Kimsə onun adını çağırırsa, deməli, tanıyır. İndisə onun üçün fərqi yoxdur, istəyirsən çağır, istəyirsən çağırma. Haçansa bu adı eşidəndə baxırdı, indi isə yerindən tərpənmir, elə bil heç vaxt bu adı eşitməyib. Əgər hansısa itin xaltasından asılan lövhəcikdə yazılan adını oxuyub bərkdən desəydim, mənə baxardı, quyruğunu tərpədərdi. Bu meyitin etinasızlığı daha çox yük tayasına oxşayır.

- Bəxtin heç gətirməyib, Simeon Kalamaris.

İstər-istəməz ona "sən” dedim. Uşaqlar və heyvanlarla belə danışırlar. Ona "siz” deyə bilməzdim. O, çılpaq halda qabağımda uzanıb. Elə bil ki, mənimdir. Mənim itimdir. Böyük, sakit, soyuq it.

Lövhəcik asılan əlinə baxmağa başladım. Nazik, uzun əl. Sən demə ölünün əli dirinin əlindən daha ağır olurmuş. Elə bilirdim yüngül olmalıdır, axı həyatın, nəfəsin, canın çəkisi olmalıdır. Haçansa hamısı bu bədəndə idi, onu canlı insan edirdi, amma indi heç biri yoxdur, deməli, bədən indi daha yüngül olmalıdır. Güclü əldir, amma qabarlı deyil. Çətin ki, bu əl çəkic və ya kətmən tutmuş olsun. Bu əldə nəsə zəriflik var. Rəssam, yazıçı, musiqiçi əlinə oxşayır. Hər halda daşyonan, dəmirçi əli deyil, heç bağban əli də deyil.

Bəlkə də bu oğru əlidir. Gecə təhlükələrinə öyrəşmiş adamın güclü əli. Qəlp pul kəsən və ya divara dırmaşıb pəncərələrdən düşməyə adət etmiş səssiz gecə qonağı, başqa adlar altında yaşayıb polisləri azdırmağı bacaran oğru. Bəlkə də lövhəcikdə yazılan ad onun iz azdırmaq üçün dəyişdirdiyi axrıncı ad olub.

Bizim tərəflərdə nadir eşidilən adlardandır. Bu adda uzaq, gizli nəsə var. Yunan və ya yəhudi adına oxşayır, bəlkə də Simeon Korfudan, Salonikidən, İskəndəriyyədən, Beyrutdan, ya da İstanbuldan gəlib. Qədim yunanların, latınların, ərəblərin maraqlı adları olur. Bir neçə dənə belə ad bilirəm. Filmlərdən, romanlardan, romantiklərin şeirlərindən öyrənmişəm. O adlarda qədim, möhtəşəm, Aralıq dənizi sahilləri xalqlarının qarışığından yaranmış, xəyal gücünü işə salan aura var. Bu adı daşıyan adam, minarələrin, xarabalıqların, Bizans kilsələrinin olduğu şəhərdən gəlməlidir. Turistlərin, küçə qadınlarının və kontrabandistlərin dolu olduğu, hündür qəsrlərin yerləşdiyi bəyaz, çəhrayı şəhərdən. Orda dəniz, yelkənlər, zeytun, şam, küknar ağacları var.

Bəs sənin doğma dilin hansıdır, Simeon Kalamaris? Bəlkə də sən heç ədəbi dildə danışmırdın, Aralıq dənizinin şərq sahillərindəki xalqların danışdığı dialektlərdən hansındasa danışırdın? Sənin kimilərə qədim kitablarda Levant deyilir. Yolun uzun olub, Simeon Kalamaris, gəmilərə kişmiş, zeytun yağı və şərab yüklənilən limandan başlayıb, Avropanın yarımadalarının, Atlantik okeanındakı adaların yanından keçib. Hamısı da ona görə ki, axırda tibb fakültəsinin seksiya stolunun üstündə uzanasan, mənim əlimə düşəsən. Çox gəzmisən, çox yol qət etmisən və axırda bizim görüşümüz qismətinə yazılıbmış. Mənsə vəzifəmi yerinə yetirib döşəkağını üstündən atıram, üzünə baxıram.

Yenə meyitə nəzər salıram, yox, yara və zədə izi yoxdur. Deyəsən ölümü qəfil olub. Ürəyi və ya aorta damarı partlayır və o asfaltın və ya çarpayının üstünə düşür. Sözünü deməmiş, işini görməmiş, yazıb qurtarmamış, nəyisə yerinə yetirməmiş, gözləməmiş…

- Burda ölü var, - onu birinci görən adam deyib.
- Ölüb?
- Ölüb.

Adını pansion sakinlərinin siyahısında, cibindən çıxan kağızlarda axtarıblar, bəlkə də köhnə zərfin üstündən ünvanını götürüblər. Ya da təzəlikcə tanış olduğu kimsə tapılıb.

- Deyirdi ki, adı Simeon Kalamarisdir.
- Siz onu çoxdan tanıyırsınız?
- Yox, bu yaxınlarda necə oldusa tanış olduq, o da adını dedi.

Hər necə olubsa da, qolundakı lövhəciklə bura gəlib çıxıb. Çirkli iplə biləyinə bağlanmış lövhəcik.

İndi o burdadır – mənimdir. O mənim üçündür. Mənə verilib, mənə təyin edilib. Qəribə hisdir. Hələ heç kim bu meyit kimi bütünlüklə mənə aid olmamışdı. Simeon Kalamaris – mənimdir, bütünlüklə mənimdir. Valideynlərdən, bacıdan, dostlardan, evdən daha artıq mənimdir. Mənim və ancaq mənim.

Elə bil yuxudan oyandım, ikinci tələbənin də gəldiyini görüb təəccüblə ona baxdım. Elə baxırdım ki, elə bil birinci dəfədir görürəm. Bu vaxt zalda başqa seksiya stollarının da olduğunu və onların ətrafında ağ xalatlı adamların fırlandığını gördüm. Tələbə alətləri götürüb mənə deyir:

- Başından başlayaq. Mişarı götür.

Nahardan sonra atam adəti üzrə qəzeti götürüb lampanın yanındakı kresloda oturdu, anam hörməyə başladı, çəhrayı yumaq dizinin üstündəydi, qara tüklü itimiz ayaqlarının altında uzandı. Bacım güzgünün qabağındaydı, hörüklərini açıb saçını düzəldirdi, balaca saç sancaqlarını ağzında tutduğu üçün az danışırdı, danışanda da sözlər ağzından tökülürdü, səsi burnunda çıxırdı.
Bir qıraqda oturub Simeon Klamaris haqda fikirləşirdim.

- Bu gün heç danışmırsan, - anam dedi.
Cavabında nəsə mızıldandım.

Bacım sancaq dolu ağzını birtəhər tərpədə-tərpədə dedi:
- O belədir də. Bizimlə danışmaq istəmir. Biz onun üçün savadsızıq.

Bacımacavab vermədim. Atama baxdım, qəzetə aludə olmuşdu, heç nə eşitmirdi, heç nəyə fikir vermirdi. Elə bil ətrafına qara qəzet sətirlərindən çəpər hörmüşdü. Atamın çal bığına, səliqəylə qırxılmış daz başına, gombul əlinə və çeçələ barmağındakı qızıl üzüyə baxdım.

Atamın əlləri Simeon Klamarisin əlindən daha vulqardır. Simeonun cod üzü də atamın üzündən daha nəcibdir. Danışmasa da, çox şeydən xəbər verən mənalı sima.

Simeonu evə gətirsəydim, əntiqə görüş olardı. Meyitini yox əlbəttə ki. Mənə rast gəlməmişdən qabaqkı diri halını. Bizimkilərin üz ifadələrinə baxmaq maraqlı olardı. Bu kimdir belə, quldura oxşayır? Ya da elə bil, kimsəsiz yoxsulun biridir. "Evə belə adamları gətirməyə utanmırsan?” – atam belə fikirləşərdi, bəlkə də deyərdi. Anam həyatda bəxti gətirmədiyi üzündən bilinən bu adama heyrətlə, bir az da canıyananlıqla baxardı. Bacım onun köhnə kostyumuna, üzündəki qırışlara etinasızlıqla baxıb saçını daramağa davam edərdi.

Simeon hamıyla salamlaşır. Anamın əlindən öpür. Zərif təbiətli xaricilər adətən belə edir. Ona vəcdlə baxır. Bəlkə də deyir:

- Mən artıq sizinlə tanışam, çünki sizin oğlunuzu tanıyıram. Necə də gözəl və mehriban qadınsınız.

Anam qürurla gülümsəyir.

Simeon bacımla salamlaşır, onun gözəl, məftunedici olduğunu iddia edir, amma müraciət edəndə "qız” kəlməsini işlətmir. Hansısa xarici söz deyir, bəlkə "jeune fille” (fr.), ya da "girl” (ing.), bəlkə də "ragazza” (ital.).

Atam Simeonu soyuq qarşılayır, oturmağı təklif etməmiş soruşur:

- Nə işlə məşğul olursunuz?

Simeonsa uzun-uzadı cavab verir:

- Sizə "heç nə ilə” cavabını vermək istəmirəm, çünki bu doğru olmaz. Düzü, bura təzəlikcə gəlmişəm. Maraqlı planlarım var, amma əvvəlcə hər şeyi yerli-yataqlı öyrənib vəziyyəti dəyərləndirmək lazımdır.

Sonra şəhərimizdən aldığı təəssüratları bölüşməyə başlayır, qədim dar küçələrdən, barmaqlıqlı evlərdən, müasir memarlıqdan, şirniyyatçı vitrinini xatırladan müxtəlif rəngli və formalı villalardan danışır. Deyir ki, gecələr evlərin işıqları yananda görünən mənzərə ona Aralıq dənizi sahillərindəki hansısa limanı xatırladır. Və Tanjirin, ya da Əlcəzairin adını çəkir. Əlcəzairdə qala var, onu kinoda görmüşəm. Ya da Navplionun adını deyir. Navplion mənzərələrini bir alman albomunda görmüşəm.

Söhbət getdikcə şirinləşir. Atam qəzeti bir qırağa qoyub, anam daha toxumur, bacım da qonağa qulaq asır. Anamın gözləri parıldayır, Simeon artıq onun xoşuna gəlməyə başlayıb. Axı bu sadəcə hansısa xarici deyil, oğlunun dostudur.

Simeon Kalamaris. Qonağın adını eşidəndə atamın nə fikirləşdiyini təsəvvür edirəm. Adi şarmankaçı adı. Şarmanka "O, sole mio” (Mənim günəşim – ital.) oxuyur, qusar şalvarı geyinmiş meymun tullanıb-düşür, tamaşaçılar yerdəki şlyapanın içinə qəpik atır. Amma Simeonun uzaq vətənində bu ad qeyri-adi səslənmir. Heç kim onu eşidəndə təəccüblənmir. Hamının eşitdiyi tanış addır. Bizdə bu ad fırıldaqçı və ya qaçaqmalçı adı kimi səslənir, amma orda bu dənizçi, maliyyəçi və ya şəhər qubernatoru arvadıyla bir yerdə sinaqoqdan və ya kilsədən çıxanda onlara təzim edən müfəttiş adıdır. 

Necəsə söhbət əsnasında "fırıldaqçı” və "qaçaqmalçı” sözləri işlədilir. Simeon özünü o yerə qoymur, adi şəkildə daimi yaşayış yeri olan adamların gözlənilmədən dönüb qaçqın, köçkün, hətta fırıldaqçı ola bildiklərini deyir. Müharibə və təqib çoxlarını çarəsiz qoyur, onlar gizlənməyə, qaçaqmalçılıqla məşğul olmağa məcbur qalır. Çörək tapmaq və ya əziz birini xilas etmək üçün riskə getmək lazım olur. Hərdən də o biri tərəfdə olan dostlara vacib xəbər ötürmək lazım gəlir. Biz casus və cəlladların əhatəsində, indiyəcən icazə verilmiş şeylərin birdən-birə cinayət hesab edildiyi dünyada yaşayırıq.

Və Simeon tam təbii şəkildə deyir:

- Axırda heç özün də bilmirsən ki, elədiyin qanunidir, yoxsa qanuna zidd. Heç kimə belə şeyi yaşamağı arzu etmirəm.

Bilirəm ki, bütün bunlar atamın fikrincə iyrəncdir. Atam heç vaxt tərəddüd etməyib, qanuni şeylə qeyri-qanuni şeyi asanlıqla bir-birindən ayıra bilib. Pisin pis, yaxşının yaxşı olduğuna heç vaxt şübhəylə yanaşmayıb. Hərdən cəsarətlənib ona etiraz edirdim, kimin haqlı, kimin haqsız olduğunu seçməkdə çətinlik çəkdiyim hansısa bir hadisəni ona danışırdım. Atam hirslənib deyirdi: "Ancaq zəif və əliəyri adamlar  şübhə edə bilər”. Heç vaxt atama deməsəm də, həmişə Fransiskin də, Pyotrun da, başqa müqəddəslərin də xeyirxah əməllə məşğul olduqlarına şübhəylə yanaşdıqlarını fikirləşirdim. Atam bunu eşitsə bərk hirslənərdi.

Atam Simeon Klamarisin sözlərinə də hirslənir:

- Siz bəlkə də olar-olmazları seçməkdə çətinlik çəkirsiniz, amma mən qətiyyən.

Simeon cavab verir: "Hər şey şəraitdən asılıdır”. Atam etiraz edir. Atam əyilməz, dönməz adamdır, ən azından tonu belədir. Xüsusən xoşuna gəlməyən adamla danışanda.
- Bəsdir, senyor. Hər şey şəraitdən asılıymış. Onda belə çıxır ki, hər şeyə haqq qazandırmaq olar. Təmizə çıxmaq üçün istənilən bəhanə kifayət edər. Amma bilin ki, oğru heç vaxt doğru ola bilməz.

Bu yerdə söhbətə qoşulub dostumu müdafiə etməliyəm. Atamın onu təhqir eləməyinə icazə verə bilmərəm. Qızğınlıqla Simeonu müdafiə etməyə başlayıram. Adamı belə mühakimə etməzlər axı. Buna baxmayaraq, Simeon gedən kimi atamın belə deyəcəyini də bilirəm:

- Bu adam haqda nə bilirsən? Hələ təzə tanış olmusunuz. Onu hardan tapmısan? Çox güman elə də hörmətli olmayan yerdə rast gəlmisən.

Simeonla harda tanış olmuşam? Nəsə fikirləşmək lazımdır. Deyərəm ki, onu ortaq tanışımız vasitəsiylə tanımışam. Ya da deyərəm ki, Simeon tibb fakültəsində bizə dərs deyən müəllimin dostudur. Axı hər şeyi olduğu kimi deyə bilmərəm. Simeonu tanımıram. Amma onu sata bilmərəm. Ən azından, o bir müddətlik mənimdir, mənə məxsusdur. Onu xilas etməliyəm. Onun ömür yolunu bərpa etməliyəm.

O məndən böyükdür. Ən azı məndən iyirmi yaş böyükdür. Tələbə oğlanın kimliyi, hardan gəldiyi bəlli olmayan yaşlı adamla dostluq etməyi qəribə görünə bilər. Düzünə qalsa, onu mən axtarmamışam, mən seçməmişəm. Adam öz valideynlərini, qardaş-bacılarını, övladlarını seçə bilmir. Onlar adama verilir. Adam onları qazanır.
- Simeon Kalamaris də mənə verilib.

Bu sözləri pıçıldadığımı zənn edirdim, amma sən demə bərkdən demişəm. Ad qonaq otağının sükutunda əks-səda verdi. Bacım mənə tərəf döndü, anam hörməyini saxladı, atam qəzeti aşağı saldı.

- Nə dedin?

Üçü də maraqla mənə baxırdı.

- Heç.

Atam israr etdi:

- Yox. Sən kiminsə adını çəkdin.

Özümü sakit aparmağa çalışırdım.

- Ad? Hə, Simeon Kalamaris.

Bu ad yenə qonaq otağında səsləndi. Onlar heç vaxt bu adı eşitməmişdilər, bu ad onlar üçün heç nə ifadə etmirdi. Atam bayaq fikirləşdiyim sözləri dedi:
- Simeon Kalamaris. Əsil meymun oynadan şarmankaçı adıdır.

Çox axtarmalı oldum, amma nəhayət bu evi tapdım. Elə bil itib-getmiş hansısa cığırla və ya meşədə heyvan izinə düşüb gedirdim. "Təcili tibbi yardım”da axtarış aparmağa başladım, oranın işçilərini siyahılara baxmağa məcbur etdim. Yuxulu növbətçinin karandaşla qaraladığı çətin tələffüs edilən adlar.

- Karamali?
- Yox, Kalamaris.
- Simon?
- Yox, Simeon.
- Çoxdan gətirilib?
- Üç-dörd gün bundan qabaq.

Onun ömrünün axırıncı günlərini qaplayan duman yavaş-yavaş dağılırdı. Küçədə yıxılıb qalıb – ürək tutmasından. Onu polis görüb, xəstəxanaya gətiriblər. Amma huşu özünə gəlməyib, bir neçə saata keçinib. Cibində sənədləri olmayıb. Cibindən bir-iki kağız çıxıb. Onları polisdə mənə göstərdilər. Yunanca yazılmış köhnə məktub idi. Məktubu tərcümə etməyiblər. Tanımadığım hərflərdən ibarət qarışıq yazıya baxdım. İmza yerində bircə ad yazılıb. Əlbəttə, bu addır. Çox güman qadın adı. Üstündə tarix yoxdur, amma kağız sürtülüb, büzüşüb, məktubun çoxdan gəldiyi bilinir. Bu məktubu aylarla, bəlkə də illərlə cibində gəzdirib. Cibindən məktubdan başqa köhnə lotoreya bileti və hansısa jurnaldan kəsilmiş Oxatan bürcünün ulduz falı çıxıb. Ulduz falı iddia edirdi ki, bu adam xeyirxahdır, təhlükə anında soyuqqanlığını saxlaya bilir, hər yerdə lider olmağı bacarır.

Cibindən çıxan ən təzə kağız iki həftə qabaq lombarddan verilmiş çek idi. Lombarda gedib girov qoyulan əşyayla maraqlanmışdılar: Qorqona başı formasında hazırlanan qızıl üzük. Çekdə girovu qoyan adamın ünvanı da yazılmışdı. Amma məlum olub ki, o adam çoxdan dır burda yaşamır. Bura köhnə şəhərin kasıb məhəllələrindən birində yerləşən, miqrantların yaşadığı səliqəsiz, səs-küylü, çirkli pansion idi. Simeonun pansiondan çıxandan sonra harda yaşadığını bilmirdilər, elə Simeonun özünü də güclə xatırladılar. Bütün günü miqrantların yaşadığı pansionları gəzdim. Ümidsiz halda axtarışlarımı davam etdirirdim. Adını deyirdim, görünüşünü təsvir edirdim, qeyri-müəyyən, qarışıq cavablar verirdilər.

Və təsadüfən gəlib bu evə çıxdım. Əvvəlcə bura girmək istəmirdim. Çoxlu pansion gəzmişdim, hər yerdə eyni şeyi soruşmuşdum və heç yerdən dəqiq cavab almamışdım. Ev köhnə dəmiryolu stansiyasının yaxınlığında, küçələrin kəsişdiyi yerdəydi. Səhərdən ayaq üstdə idim, yorulmuşdum, evə qayıtmaq istəyirdim. Amma bu evin yanından keçəndə, nə üçünsə içəri boylandım. Giriş qapısından üstünə sellofan örtük çəkilmiş divan, yaşıl rənglənmiş balaca yağ çəlləklərində əkilmiş əyri palmalar və üstünə şüşələr düzülmüş stollar görünürdü. Radiodan rəqs havası yayılırdı. İstər-istəməz içəri girdim. Sahibə bütün günü gəzdiyim pansionların sahibələrinə oxşayırdı – kök, yaşlı, çirkli fartuk bağlamış qadın. Bütün günü verdiyim sualı ona da verdim.

- Hə, burda yaşayır, amma neçə gündür gəlib-getmir. Onu tanıyırsınız?
- Hə, tanıyıram. – Əminliklə dedim. Onunla dost olduğumuzu da demək istədim, amma özümü saxladım.
- Başına nəsə gəlib? Bir həftədir ortada yoxdur, özü də iki həftəlik otaq pulunu borcludur. Bu heç xoşuma gəlmir.
- Narahat olmayın, hər şey qaydasındadır. Kalamaris qısa müddətlik gedib. Vacib işi vardı.

Amma sahibə yumşalmırdı. Sözlərin axırını yeyə-yeyə, xarici aksentlə danışırdı. Simeon düz eləməyib. Gərək getməmişdən qabaq borcunu ödəyəydi. Əslində sahibə özü günahkardır. Gərək pulu əvvəlcədən alaydı. Amma Simeon yaxşı adama oxşayırdı. Sahibə Simeonun borclu olduğu pulun miqdarını dedi. Çox az məbləğ idi.
- Birdən-birə durub gedir, heç xəbər də vermir. Vicdansızlıqdır!

Borc elə azdır ki. Çox güman bu pansionda pis yemək verirlər. Heç kim burda çox qalmır. Gəlirlər, bir-iki gün qalırlar və gedirlər – yoldan keçənlər, köçəri quşlar. Hamısı iş axtarır və heç birinin cibində bir qəpik də yoxdur. Bəlkə Simeonun borcunu verim, deyim ki, onun tapşırığı ilə gəlmişəm. Amma pulu verməyə ürək eləmədim, birdən sahibə nədənsə şübhələndi. Səsimi çıxartmadım.

- Gəlin baxın, görün mənimçün nə qoyub gedib. Gəlin, gəlin.

İçəri həyətdən keçib o biri evə girdik. Ev boş idi, hələ heç kim qayıtmamışdı. Böyük otaq kartonla balaca otaqlara bölünmüşdü, kartonların üstünə qəzet-jurnal vərəqləri yapışdırmışdılar. Otaqlardan birinə girdik. İçəridə iki dənə dar çarpayı, iki dənə tumba, bir də əlüzyuyan vardı.

Sahibə çarpayının altından köhnə, tinləri yeyilmiş, üstü ləkəli çamadan çıxartdı. Çarpayının üstünə qoyub qapağını açdı.
- Baxın görün mənimçün nə qoyub burda.

Hirslə çamadanı eşələyib əşyaları çarpayının üstünə, yerə atmağa başladı.
- Baxın.

Sakitcə baxırdım. Çamadandan köhnə sviter, dizləri süzülmüş şalvar, çirkli köynək, corab və geyinilməkdən ucları əyilmiş köhnə ayaqqabı çıxdı.
- Bircə bu nəyəsə dəyər.

Balaca, dairəvi gümüş şəkil çərçivəsi. Çərçivədə qız şəkli var. Uzun hörüklərini lentlə bağlayıb, əynində milli geyim var. Bir də balaca taxta ikona. Qucağında körpə tutmuş bakirə Məryəm və mələklər. Şəkillə ikonanı sahibədən alıb ehtiyatla çarpayının üstünə qoydum. İkinci çarpayıya baxdım.

- Bəs burda kim yaşayır?
Bu adam iki həftə ərzində Simeonun otaq yoldaşı olub. Bəlkə o nəsə bilir, nəsə eşidib? Simeon ona öz haqqında danışıb.
- İtalyan idi. Amma o artıq köçüb. Onu neynirsiniz? Nəsə lazımdır?
- Yox, elə-belə soruşdum.

Sahibə yenə deyinməyə başladı. Simeonu fırıldaqçı adlandırdı, özünü xeyirxahlığına görə danladı.
- Narahat olmayın, pulunuzu alacaqsınız. Simeon borcunu verməyi mənə tapşırıb.

Dəhlizdən səs gəldi:
- Simeondan xəbər var?

Bir qadın otağa boylandı. Elə bil üzü nur saçırdı. Gənc, iri gözlü, nazik burunlu qadın idi, rəngsiz, az qala ağ saçını yığıb lentlə bağlamışdı. Əyninə kip oturmuş paltarı gözəlliyini daha da qabardırdı. Sahibə ona baxıb narazılıqla dedi:
- Bu bilir.
Qadın içəri girib boş çarpayıda oturdu. Ayağını ayağının üstünə aşırtdı, paltarının ətəyi dartıldı, dizləri açıldı. Özümü saxlaya bilməyib ayaqlarına baxdım. Ağ, incə dərisi vardı. Təzadı fikirləşdim, bu qadının gənc, təravətli dərisi vardı, Simeonunsa yaşlı, quru dərisi. Tanıdığım qızları yadıma saldım, bəzilərini çimərlikdə, bəzilərini isə dekolte paltarda görmüşdüm. Gözümü qadından çəkə bilmirdim, ətli baldırlarına, dik döşlərinə, gözəl simasına baxırdım.

- Simeona nə olub?
O da xarici aksentlə danışırdı. Birdən fikirləşdim ki, Simeon bu qadını sevirdi. İstəklə ona baxırdı. Bu kasıb evdə, bu gözəl qadın Simeonun həyatını nurlandırırdı. Qadın gözəlliyi istənilən evi gözəlləşdirə bilər. Simeon Kalamarisin gözləri parıldayırdı, boğazı quruyurdu, titrək barmaqlarıyla qadının incə dərisini sığallayırdı.

Kobud dodaqları qadının incə, gülümsər dodaqlarını axtarıb tapırdı.

Sahibə deyəsən üzümdən nəsə hiss eləyib getdi.

Qadının yanında oturdum. Qabağımızdakı çarpayıda və yerdə Simeon Kalamarisin paltarları atılmışdı.
Dedim ki, Simeon bir neçə gün qabaq pansiona gəlib borcunu ödəməyi mənə tapşırıb, amma işim olduğu üçün indi gələ bilmişəm. Simeon gedib. Amma çox uzağa yox. Yəqin ki, tezliklə qayıdacaq.

- Mənə nəsə deməyi tapşırmayıb?

Nə cavab verəcəyimi bilmədim. Simeon Yola çıxmamışdan qabaq mənə, gənc dostuna nə deyə bilərdi? Pansiona gedib borcunu ödəyim, əşyalarını götürüb o gələnəcən saxlayım. Bəlkə bunu da deyərdi: "Orda bir qadın görəcəksən, o qadın yəqin ki, məni soruşacaq. Aramızda ciddi heç nə olmayıb, amma o həmişə mənə isti münasibət bəsləyib. Bir yerdə yaxşı vaxt keçirdirdik. Ona salamımı çatdır, başqa heç nə demə”.

- Adın nədir?
- Mado.
- Fransızsan?
- Hə. Simeon mənim haqda nəsə deyib?

Hə, o, Mado haqda danışırdı. Tez-tez xatırlayırdı. Bir də görürdün bir-iki bokal pivə içəndən sonra danışmağa başlayırdı. Madonu sevgiylə xatırlayırdı. Bir yerdə necə xoş vaxt keçirtdiyinizi deyirdi. Altdan-altdan Madoya baxırdım, necə sevindiyini, gülümsədiyini görürdüm. Xeyli belə şeylər danışdım.

- Qəribədir.
- Nə qəribədir?
- Mənim haqda bu qədər danışmağı qəribədir. Yanımdasa sakit otururdu. Əslində onun sakitliyini sevirdim. Görürdüm ki, deməli çox sözü var, amma danışmır. Hərdən bu xasiyyətinə görə ona hirslənirdim.

Gülümsədim:
- O yaxşı adam idi?
- Əlbəttə, çox yaxşı.
Mado birdən Simeon haqda keçmiş zamanda danışdığımıza fikir verdi.
- Nə üçün onun haqda "idi” deyirsən?
- Çünki o bir də qayıtmayacaq. Onun qayıtmayacağı səni kədərləndirir?
Simeonu tapmaq üçün onu başa düşməliydim. Onun yaddaşında Simeondan canlı nələrsə qalmışdı. Simeon hələ də onun xatirəsində yaşayırdı.
- Bunu nə üçün soruşursan?
- Onun nəyindən xoşun gəlirdi?
Qadın maraqla mənə baxıb gülümsədi.
- Çox şeyindən.
- Məsəlçün?
- Hər şeyi sənə deyə bilmərəm.
Mən soruşmağa davam edirdim:
- Heç olmasa nəsə de.
- Biz fransızca danışırdıq.

Deməli belə, Simeon fransızca bilirmiş. Görəsən fransız dili onun nəyinə lazımdır, daha doğrusu, lazım idi? Həddindən artıq kişi tanıyan bu qadının onu xatırlaması üçün. Onlar bu pansionda, bu otaqda fransızca danışırdılar. Simeon çılpaq qadınla fransızca danışırdı.

Ayağa durub tumbanın üstündən çərçivəylə ikonanı götürdüm, onları qadına uzatdım. Simeon onları başqa kimə vəsiyyət edə bilərdi ki?

Yenə qadının yanında oturdum. İçəri qaranlıqlaşırdı, o biri otaqlardan səslər gəlirdi. Kirayənişinlər qayıtmağa başlamışdı. Kobud səslər, kobud gülüşlər.
- Bunları mənə verirsən?
Başımla təsdiqlədim.
- Simeon dedi ki, mənə verəsən?
Yenə başımla təsdiqlədim.
Qadın bir çərçivəyə, bir də ikonaya baxdı, sonra mənə tərəf çevrildi, gözlərində minnətdarlıq, hətta vəcd vardı.
- Çox sağ olsun. Sən də sağ ol ki, gəlib bunları mənə verdin.
O nəzərini yayındırmadan mənə baxırdı, azca sıxılırdım. Qaranlıq qatılaşıb biz bir-birimizə yaxınlaşdırırdı.
- Öp məni. İstəmirsən?

Onun boynunu, yanaqlarını, gözlərini öpdüm, sonra dodaqlarını öpməyə başladım. Pencəyimi çıxartıb yerə atdım, qalstukumu açdım, köynəyimi çıxartdım. Onu qucaqladım. Dibsiz uçuruma yuvarlanmağa başladıq. Onun bədənini sığallayırdım. Daha adi sözlərlə danışa bilmirdik, sinəmizdən ah, dərin nəfəs qopurdu.

Vaxt da, bu yoxsul pansionda paltarlarımla bir yerdə harasa yoxa çıxmışdı. Axtarırdım, həsrətlə nəyisə axtarırdım. Nəyi? Kimi? Sonra durub qaranlıqda paltarlarımı geyinməyə başladım. Paltarlarım Simeon Kalamarisin paltarlarına qarışmışdı. Paltarlarımı götürdükcə Simeondan qopurdum, ayrılırdım.
- Yenə gələcəksən? – qadın soruşdu. 

Cavab vermədim. Qapını açıb dəhlizə çıxdım, kirayənişinlərə qarışdım.

Evə girən kimi atamla qarşılaşdım. Qapını açmağımı eşidib qabağıma çıxmışdı, elə bil bayaqdan məni gözləyirdi.
- Saatdan xəbərin var? Səhərdən yoxsan. Neçə gündü özündə deyilsən. Nə olub?

Əvvəllər belə hal olsaydı, qorxardım, amma indi qətiyyən qorxmurdum, səbəbini bilmirəm nəydi. Atama sakit-sakit cavab verə bilərdim. Cavab verməsəydim də olardı.
Və deyə biləcəyim tək şeyi dedim:
- Heç nə olmayıb.
Atam bu cavabı gözləmirdi. O heyrətləndi, özünü itirdi.
- Necə yəni "heç nə”? – Atamın səsi kəskinləşdi. – Evdə yoxsan, dərsə də getməmisən. Elə bilirdin xəbər tutmayacağam? Artıq neçə gündür dərsə getmirsən. Universitetdən öyrənmişəm.
- Gedə bilərdim, amma getmədim.
- Nə üçün getmədin?
- Başqa işlərim vardı.

Atam hirslə mənə baxdı, mənsə sakit halda dayanmışdım. Əvvəllər bu baxış məni qorxurdu, indi yox. Atama qulaq asırdım, amma ağlıma başqa fikir gəldi. Bunu harda, haçan eşitdiyim yadımda deyil, bəlkə də özüm fikirləşmişəm. Oğlanlar müharibəyə uşaq gedir, kişi qayıdır. Və onda atalarıyla da yaşıd kimi danışırlar. Dənizə çıxan oğlanlarda da belə olur, bir neçə aya qayıdırlar, amma elə bilirsən, aradan neçə illər keçib.

Atam tonunu aşağı saldı, mehribanlıqla dedi:

- Tibb tələbələrinin əksəri birinci dəfə meyit yarandan sonra xeyli özünə gələ bilmir, bəziləri heç çörək də yemir. Bəlkə səndə də belə olub? 
Bunun məhz belə olduğunu, mənim də başıma belə hadisə gəldiyini deyə bilərdim, onda atam məndən əl çəkərdi, amma tərs kimi heç bir bəhanənin dalında gizlənmək istəmirdim.
- Yox, elə deyil. Başqa şeydir.

Atam özünü səmimi söhbətə hazırladı.
- Bəs onda nədir, oğlum?
- Çox şey.

Bu vaxt atam elə bildi ki, lazım olmayan adamlara qoşulmağa başlamışam.
- Əvvəllər belə deyildin. Kimsə səni yoldan çıxartır. Axır vaxtlar kimlərlə oturub-durursan?
Sakitcə gülümsədim.
- Kimlərlə?
Nə olar, düzünü deyərəm, ən azından deyilə və qəbul edilə biləcək tərzdə.
- Simeon Kalamarislə.
- O kimdir?
İndi düzünü demək daha da çətinləşirdi, atamın başa düşə biləcəyi sözləri necə tapım?
- Adamdır da.
- Şübhəm yoxdur.
- Nə üçün şübhə etmirsən? Bəlkə o əvvəl adam idi, indi artıq deyil?
Atam yenə özündən çıxdı:
- Adam kimi danış. O kimdir və nə üçün onu tanımıram?
- Açığı mən də az şey bilirəm, amma axır vaxtlar ondan çox şey öyrənmişəm.
- O harda oxuyur?
- O artıq oxumur. Heç bilmirəm hardasa oxuyub, ya yox, amma çox bilir.
- Bəs sənə nə öyrədir? Bütün günü avaralanmağı?
- Bunu səninlə danışmağın mənası yoxdur. O saat bildim ki, o sənin xoşuna gəlməyəcək, gələ bilməz. Belə də oldu: o sənin xoşuna gəlmədi.
- Necə yəni xoşuma gəlmədi? Mən axı heç onu tanımıram. Heç tanımaq da istəmirəm.
- Məncə sən onu tanıyırsan. Onu bizə gətirmişdim, amma bu tanışlıq sənə heç nə vermədi.
- Amma sənə lazımlı göründü, hə?
- Zamanla görəcəyik.

Atam kəskin şəkildə sözümü kəsdi:

- Bəsdi boş-boş danışdın. Sabahdan dərsə get.
Bacardığım qədər sakit səslə dedim:
- Yaxşı, sənin xətrinə gedəcəyəm. Amma düzünü deyim ki, istəsəm getməyə də bilərəm.
- Özün də yadında saxla, bir də heç vaxt onun adamın kandarına ayaq qoymayacaqsan.
- Buna söz verə bilmərəm. Çünki o adamın heç nəyi yoxdur, həmçinin evi də.
Atama söhbətin həyatdan və ölümdən getdiyini deyə bilərdim. Üstəlik, bunun tale olduğunu da əlavə edə bilərdim. Atamı "tale” sözü qədər hirsləndirən ikinci söz yoxdur.
İçəri keçdim, anam qabağıma çıxdı. O mənə yazığı gələ-gələ baxırdı, elə bil küçə iti idim.
- Yorğun görünürsən. Yemək verim?
Yox, yemək istəmirdim, heç nə istəmirdim, ən əsası, danışmaq istəmirdim.
- Çox işləmisən?
Başımla təsdiqlədim. Doğrudan da çox çalışmışdım, axtarmışdım və tapmışdım.
Birdən ağlıma gələn sualı anama verdim:
- Əgər kimsə məni qapının ağzına atıb getsəydi, sən yenə də məni belə böyüdərdin, belə sevərdin?
Anam təəccübləndi:
- Bu nə axmaq sualdır?
- Yox, sən cavab ver.
O ciddi sima alıb dedi:
- Yəqin ki, hə.

Mənə elə bu lazım idi.

- Görürsən? Kiminsə qapımıza uşaq atıb getməyi bəs edir ki, səninçün təzə həyat başlasın.

- Əlbəttə. Amma bunu nə üçün soruşursan? Hansısa tanışının başına belə hadisə gəlib?

Əlbəttə, hansısa tanışımın qapısına uşaq atıldığını deyə bilməzdim. Amma Simeon haqda da danışmaq olmazdı. Belə baxanda heç Simeon Kalamarisi atılmış hesab etmirdim. Atılmış uşaq təzə həyat başlamaq üçün peyda olur. Simeonsa əksinə, keçmiş idi. Əgər Simeon indi burda, yanımda olsaydı, nə edərdi?

O sakit-sakit evə girir, kiminsə gözünə görünməməyə çalışır. Atamla anamdan gizlənməlidir, buna görə də evə casus, oğru kimi girir. Əlbəttə, hər şeydən çox bacımın otağında olmaq istəyir. Çünki bu otaq onun indiyəcən vaxt keçirtdiyi qadınların otaqlarına oxşamır. Qız özü evdə yoxdur, amma otaqdakı hər şeydə nəfəsi duyulur. Tül, ipək, pərdələr, gül dibçəkləri, güzgülər, ətir şüşələri, ayaqqabılar, stulun üstündəki paltarlar, şkafın açıq qapıları, şkafın içindəki paltarlar, döşəmədə düşüb qalmış, ilanı xatırladan corablar və hər yerə səpələnmiş lazımsız bəzək əşyaları…

Simeon içəri girir, baxır, axtarır. Sürtülmüş pencəyinin cibindəki köhnə lotoreya biletiylə lombardın çekini yoxlayır. Stolun üstündə qızıl qəpik parıldayır, bacım onu medalyon kimi boynuna taxır. Simeon Kalamaris bu qəpiyin qiymətini yaxşı bilir. Çoxdadır ki, qızılın soyuq ağırlığını əlində hiss eləməmişdi. O qəpiyi sığallayır, barmaqlarının ucunu qəpiyin üstündə gəzdirir. Qəpik onun ovcunda qızışır. Etinasızlıqla qəpiyi cibinə atır. Etinasızlıqla? Yox, o xoşbəxtdir, çünki gözlənilmədən zəngin və həzz dolu həyatın qapısı üzünə açılıb.
Ağ çarpayılar düzülmüş zalda uzandım. Yatmaq istəmirdim, amma uzandım. Öz otağım deyildi, bizim evimiz deyildi, ümumiyyətlə, hara olduğunu bilmirdim. O biri çarpayıdan kimsə durub yanıma gəldi.

Qurşağa qədər çirkli döşəkağı sərimişdi, bədənindəki təzə yaraları görürdüm. Rəngi ağarmışdı. Bu Simeon Kalamaris idi. Onunla indi görüşmək istəməzdim. Əlindəki qızıl qəpiyi yanımdakı tumbanın üstünə qoydu.

- Bu nədir?

Simeonun səsi çox zəif gəlirdi. Birdən yadıma düşdü ki, heç vaxt onun səsini eşitməmişəm. gücsüz halda çarpayıda uzanmışdım, o isə başımın üstündə dayanıb danışırdı.
Nə dediyini çətinliklə başa düşürdüm. Onun borcu çoxdur, amma başqalarının da ona çox borcu var. Bütün borcları ödəmək lazımdır. Bu qəpiyin puluyla. Sahibələrə, əczaçılara pul vermək lazımdır. Qadınlara da. Hamısı gözləyir. Bax, bu qəpiyin puluyla. Yadıma düşdü ki, bu, bacımın medalyon kimi taxdığı qəpikdir. Qəpik bacımın stolunun üstündəydi. Simeon Kalamaris onu götürüb. Atam deyəcək: "Belə adamları evə gətirmək lazım deyil”. Bacım isterikaya qapılıb səs-küy salacaq. Simeonsa elə hey təkrarlayır: "Bax, bu pullarla. Onları özüm qazanmışam”. Onun əzabkeş, qırış siması, açıq yaraları, səsi bütün varlığıma hakim kəsilib.

O, başımın üstündə dayanıb, borcları qaytarmaq lazım olduğunu deyir. Əlbəttə, qaytarmaq lazımdır. Pansion sahibəsinin borcunu qaytarmaq lazımdır ki, ölənin dalınca ağzına gələni danışmasın. Simeonun başqa borclarını da qaytarmaq lazımdır. Qəlyanaltıxanadan bir qutu kibrit alıb pulunu verməmişdi. Pinəçiyə ayaqqabı yamatdırıb borclu qalmışdı. Lotoreya biletinin də pulunu verməmişdi.

Simeonun qazandığı qızıl qəpiklə borclarını qaytarmaq üçün nə qədər yol gedib neçə dükana girməli olduğumu bilmirdim. Bu haqda danışmaq istəməsəm də, pansiondakı fransız qadına da pul verməli olduğumu bilirəm. Ona çox pul verməliyəm, həm Simeonun əvəzinə, həm də öz yerimə. Verməliyəm ki, Simeon layiqli hörmətini qazansın. Sonra Simeonla mübahisə eləməli olmayım. Çox şeyə görə ona borcluyam, bunu da ona deməliyəm, amma deməyə cəsarətim çatmaz. Bundan başqa, onun izini axtaranda rastıma çıxan adamlarla etibarlı dostun rəftar eləməli olduğu kimi rəftar eləməmişəm.

İşdir birdən desəm, Simeon, əlbəttə ki, gülümsəyəcək, onun sümüklü üzündəki təbəssümü görəcəyəm. Simeon zərrə qədər də həyəcanlı deyil. Axı bunların hamısı ona görədir ki, mən nəsə öyrənim. Onun metodu belədir. Mənə eləməli olduğum hər şeyi öyrətmək.

Simeon Kalamaris özü heç nə bacarmır. Amma mənə elə bu da bəsdir. Mən axı bunu hədiyyə qazanmışam, Simeonun qızıl qəpiyi qazandığı kimi. Qızıl qəpiyin onun haqqı olmadığını deyə bilmərəm. Ona nəsə yaxşı söz deməliyəm, təşəkkür etməliyəm. Amma bu soyuq varlığa isti sözləri necə deyəsən?

Yox, mən onun dostu ola bilməyəcəyəm. Sənin dostun olmaq istəsəm də, Simeon, heç nə alınmayacaq. Mən səndən qorxuram. Simeon başımın üstündə dayanıb, ata və ya oğul kimi tələbkardır. Amma dost deyil, yaxın adam deyil. O məni qorxuya salır. Yaxşısı ondan uzaq gəzim.

Sakitləşməsi, məndən uzaq dayanması üçün ona daha nələr vəd etmirəm, amma gizlində ümid edirəm ki, bu vədlərin hamısı yadımdan çıxacaq, yerinə yetirməyəcəyəm. Gedib pansion sahibəsinə olan borcunu verəcəyəm. Nə üçün o razılıqla başını tərpədir?

Fransız qadının yanına gedəcəyəm, səndən salam çatdıracağam. Sənin izinlə bütün dükanları gəzəcəyəm. Simeon daş kimi başımın üstündə dayanıb, tərpənmir.

Qazandığın qızıl qəpiklə borclarını verəcəyəm. amma "sənin qəpiyin” və ya "sənə borclu olduğum qəpik” desəydim daha yaxşı olardı.

Amma bunlar azdır, Simeon Kalamaris sakitləşməyib, məndən uzaqlaşmır. Onun mənimlə danışmaq üçün ayağa durduğu çarpayıya qayıtmağını, bir də ordan durmamağını istəyirəm. Amma mən səliqəli zalda, ağ çarpayıda uzanmışam, bu mənim çarpayım deyil, bura mənim otağım deyil. Mən hardayam?

Küçədə oynayan uşağı çağırıb zərfi verdim və onu pansion sahibəsinə çatdırmağı xahiş etdim.
- Səni burda gözləyəcəyəm. De ki, zərfin üstünə imza atsın.
Dəhşətli gecədən sonra birtəhər özümə gəlib məktub yazdım və qızıl qəpiklə bir yerdə zərfə qoydum.
"Senyora, sizə borcumu ödəməmiş getmək istəmirdim, amma belə alındı. Nahaq yerə haqqımda pis fikirləşirsiniz. Borclu olduğum qədər götürün, qalanını Madoya verin. Mümkünsə mən qayıdanacan əşyalarımı da saxlayın. İki-üç həftəyə qayıdacağam”.
İmza da atdım: "Simeon”. Məktubu başqa xəttlə yazmağa çalışdım. Nə tarix, nə də ünvan yazdım. 

Bir az sonra uşaq qayıtdı. Üstünə həyəcandan titrəyən əllə imza atılmış zərfi gətirdi. Deyəsən sahibə qızıl qəpiyi görəndə özünü itirib.

- O nə dedi?
- Heç nə. Məktubu üç dəfə oxudu, sonra qəpiyi dişində yoxladı. Elə bildim bu saat qışqıracaq. Zərfin üstünü yazan kimi alıb qaçdım.
Mənə başqa heç nə lazım deyil. Uşağa xırda pul verib ordan uzaqlaşdım. Borcumu yerinə yetirdim. Bundan başqa heç nə eləməli deyiləm. Sahibə də, fransız qadın da, pansionun sakinləri də Simeon Kalamarisin adını təkrarlayacaq, onun adı qızıl qəpiyin cingiltisi kimi kartonla bölünmüş otaqlara yayılacaq.
Universitetə getdim.

Elə bil uzun səyahətdən qayıdırdım. İşıqlı, yeni həyata qədəm qoyurdum. Elə bil küçələr də canlanmışdı. Nəsə satan alverçilər, yavaş-yavaş hərəkət edən qadınlar, tində yığışıb söhbət edən kişilər. Heç nəyə fikir vermədən yoluma davam edirdim. Yəqin ki, bacım artıq medalyonun itdiyini görüb. Bəlkə də hələ xəbəri yoxdur. Ya da xəbər tutubsa da, harda itirə biləcəyini fikirləşir. Qəpiyin başına o qədər şey gələ bilərdi ki.

Fakültetə gəldim. Elə bil heç vaxt burda olmamışdım.

Pencəyimi soyundurm, qalstukumu açdım, kobud ağ parçadan tikilmiş xalatı geyindim. İndi çoxluğun arasında buxarlanıb itməyə  hazıram. Tərəddüd etmədən seksiya zalına girdim. Amma öz stoluma yaxınlaşa bilmədim. Uzaqdan tələbə yoldaşıma baxdım, bir yerdə işləməli olduğumuz meyiti yarırdı.

Müəllimin yanına getdim. Nə üçün dərs buraxdığımız izah etdim və xahiş etdim ki, məni başqa stola keçirtsin. Müəllim yer dəyişdirmək üçün səbəb görmürdü. Mən xahil edirdim, az qala yalvarırdım.

- İş burasındadır ki, mən o adamı tanıyırdım. Biz dost idik.
- Hə, əgər belədirsə…

Başımla təsdiqlədim ki, belədir. Buna əmin idim. Heç vaxt heç nədən belə əmin olmamışdım. Məni başqa stola keçirtdilər. Şən halda ora getdim. Skalpeli götürüb meyitin işarə olunmuş yerini kəsdim. Əminliklə, sakitcə işləyirdim. Qabağımda ancaq əzələlərdən, ətdən və sümüklərdən ibarət, keçmişi və adı olmayan meyit vardı.


Tərcümə: Həmid P.