Aynur Cavid. Qarabasmalar (şeirlər)

Aynur Cavid. Qarabasmalar (şeirlər)

Bir işarə gözləyir
korşalan duyğularım.
Səhərlərim narahat,
Qarışıq yuxularım.

Bir işartı, bir işıq,
bir ovuc ümid göndər.
Nə olar, bu bəndənə
Qıyma, yoluna döndər.

Məni məndən uzağa
Atmısan, tapammıram.
Tanrı, gəl qurtar məni,
Özümdən qopammıram.

***

İndi yuxuma gəlib
duyğuları oyatma,
nə mən mənəm,
nə sən sən,
ürəyimi ovutma...
Hardadı sevgi dolu
bahar nəfəsli illər?
Nəfəsimi göynədir
o dəli xatirələr.
Gecələrə sığınıb,
gizlənmək istəyirəm.
Yuxuma gəlmə, vallah,
unutmaq istəyirəm.

***

Mən avarsız qayıqdayam ölümə sürgün
rüzgar iti, rüzgar kəskin
kəsilirəm, doğranıram
ilmə-ilmə sökülürəm
ovuc-ovuc səpilirəm
Səma şahid
Sular şahid
Susqun dodaqlarım hayqırır
qulağım kar, gözlərim kor
Bir görünməz əl saplanıb boğazıma
Dalğalara çırpır məni
Al cismimi, al parçala
cismim günah, cismim tabu
Ac qağayı gözlərimə yerikləyir
Gözlərimin yuvasından qan süzülür dərinliyə
Ac balıqlar qan qoxusun mənimsəyir
Al ruhumu çək yanına
At cismimi dəryalara, balıqların qarnı doysun
Səma sussun 
Sular sussun
Bitsin, bitsin
canlıların içindəki cansızlığım
Ovcum dolu ruhum təşnə susuzluğum
Bitir Tanrım...
Günahımın bədəlini dönə-dönə
öz içimdə ölə-ölə
milyon dəfə ödəmişəm
Ölə-ölə dirilmişəm
Bitdi Tanrım... Ruhum azad
bir kəpənək
Əllərini uzat mənə gəl birləşək

***


Unut məni düşsəm əgər yadına,
xatirəndən qopar məni, at məni.
Səadəti qıymadığın qadınam,
Kəniz deyib sultanlara sat məni 

Bu yazının  hecaları qarışıq,
yazıq ürək acılara alışıq,
yolda qaldım,  nə səs gəlir, nə işıq,
Gecələrin zülmətinə qat məni.

Qollarımda mürgüləyər  gecə ay,
Yuxularım ulduzlara gedər pay.
Mən uduzdum, daşlarını bir də say,
Piyadaydın, necə etdin mat məni?

***

Hər gecə yuxularımda uçub düşdüyüm
o qara boşluqdasan
udur məni bu dünyanın xəyanət çökəkliyi
Hər gün minlərlə haqsızlığın
yüzlərlə yalanınn içində əriyirəm bir az da
Gecə təsəlli kimi gəlir ömrümə
Gecəni qucaqlamaq istəyirem
Nə yaxşı gəldin deyib 
pıçıldamaq istəyirəm qulağına
onda ayılıram ki, məni öz qaranlığında
batırır gecə
yenə qalib gəlir səhərə
ötən gündüzlə gələn səhər yoxa çıxır
qalıram gecənin ekvator xəttində
Yuxularla oyaqlığın arasında
Çəkisizlikdə dolanıram gecəni
o ulduzdan bu ulduza
Uçuram xəyalların yorulmayan qanadlarında
Su rəngli mələklə, atəş rəngli iblis
savaşır mənim uğruma
Hərəsinin dırnağında bir parçam yoxa çıxır.
Ağrılarımı duymuram
yorulmuram
acmıram
Gecə udur məni
Mən zülmət adamıyam.
Səhərlər pərdələri açmıram.

***

Yoxluğun dilək ağacı,
Budağından asılmışam.
Bu dünyanın yox bucağı,
o bucağa qısılmışam.

Yoxluğun bilinməyən
Dərdlərimin ilacı.
Dini yox imanı yox,
Nə qardaşdı, nə bacı.

Yoxluğun dərd otağım
Pəncərəsiz, qapısız.
Əriyib yox oluram,
çarəsiz və  əlacsız.

***

Xoşbəxtlik bir ovucmuş
Ürəyim ovuclarımda çilik-çilik
Dünəninim səhvləri səpilib sabahıma
Çiliklənmiş ürəyim ayağımı qanadacaq 
bir ömür… bilirəm

kimsəm yox ki... çiynində ağlayası
dörd divarların çiyni də yox söykənəm
hardayam? necəyəm?
unutmuşam zamanı, məkanı
yaddaşımı… silirəm

Qışqırsam  diskinərmi ulduzlar?!
qaranlığa bağırsam, qorxub geri çəkilərmi
Bircə damcı işıq yol taparmı
Bu cəhənnəmə yolçuluq tunelinə
Dəli kimi gülürəm

Həzin bir səs, bir çağırış, kimdi gələn?
Gözlərimə işıq gəlir
Ruhumda bir titrəyiş var, 
Bu nə qoxu, bu nə ətir
Lap uzaqda bir parıltı
Nəhayət ki... ölürəm..