Azad Müzəffərli -

Azad Müzəffərli - "Dirigözlü gecə" (hekayə)

Kefi kökdü, ayaq üstə güclə dayanırdı. Dost məclisindən gəlirdi. Qonaqlıq da onluqdu. Evə çatanda gecədən xeyli keçmişdi. Yataq otağının yanan işığı anındaca diqqətini çəkdi. Tələm-tələsik əlini cibinə atdı. Təsadüfən, ehtiyat açar cibindəydi. Ehmalca mənzilin qapısını açıb içəri keçdi. Qımırını da çıxarmadan yataq otağına yaxınlaşdı. Oradan iki səs gəlirdi. Sanki biri həzin mahnının sözlərini, o biri isə nəqəratını ifa edirdi. Arvadının səsinə elə bir əhəmiyyət vermədi. O biri səsə kökləndi.  Xeyli qulaq asandan sonra kor-peşiman halda divana sarı yönəldi. Əməllicə-başlı qısqansa da, indiki halında gözə görsənmək istəmədi. Hər şeyi səhərə saxladı. Ha çalışsa da, bütün gecəni gözünə yuxu getmədi. Bu, nə qısqanclıqdan, nə də keflilikdən deyildi. Axı, ilk dəfəydi doğma mənzilləri körpə qığıltısına bələnmişdi.