Azad Müzəffərli. Əbdülün sərgüzəştləri (Hekayə)

Azad Müzəffərli. Əbdülün sərgüzəştləri (Hekayə)

Ay Əbdül, oyunun olsun sənin. Salqayadibi kəndi böyüklü-kiçikli yenə də səbirsizliklə sənin yolunu gözləyir. Yamanca darıxıblar sənin üçün. Hamısı arzulayır ki, kaş, tətil tez gələydi. Sənin hoqqabazlıqlarından ötəri burunlarının ucu göynəyir...  Söylə, bir az da səbr eləsinlər, elə mən də onların günündəyəm. Bir yerdə qərar tuta bilmirəm. Təxəyyülüm gicişir. Bu dəfəki sərgüzəştlərim lap ələdüşməz olacaq, heç yuxuda da beləsini görə bilməzlər. De, səbrlərini bir az da körükləsinlər, daha bir şey qalmayıb. Bu dəfə dastan yazacam e, kəndin tarixinə düşəcək dastan.  

Bakıda dünyaya göz açan Əbdülün hər yay tətilində Salqayadibiyə gəlişi bayrama çevrilərdi. Cüvəllağının biriydi. Kənd uşaqlarını başına yığaraq çıxarmadığı oyunbazlıq qalmazdı. Onun həlləm-qülləmlikləri dillər əzbəriydi. Kəndə ilk gəlişində gur  bulaqdan qaynaqlanan arxın qabağını kəsib çimməyə xol  düzəltdirmişdi. Kiminki həyətində tikinti işi gedirdi, qumunu çırpışdırıb tökmüşdülər kəndin yeni "çimərliyi”nin sahilinə. Kənd uşaqları burada uzanıb özünü günə verər, kefə baxardılar. Əbdülün fitnəsiylə xəsislərin bağlarına-bostanlarına od qoyardılar, qoyunlarını, keçilərini sağardılar. Yaxınlıqdakı çaydan tutduqları iri balıqlarla yiyələrini şişirdə-şişirdə zəncirdəki itlərini yemləyərdilər. Xətirlərinə dəyənlərin maşının təkərlərinin altına gizlincə mıx yerləşdirərdilər. Mal-qara kəndə dönəndə dərisinə sığmayan öküzlərdən bir neçəsinin quyruğuna iplə hay-hayı gedib, vay-vayı qalan qazan bağlayardılar. Bu dingiliş heyvanlar da ta sahibləri imkan eləyib onların quyruğundan qazanı açana qədər min-bir oyundan çıxardılar. Tamaşasına bütün kənd yığışardı. Bu hələ harasıdır. Bir dəfə kənddə dərədə otlayan uzunqulaq cütlüyünə nə təhər bumbuz pivə qonağlığı vermişdilərsə, həmin binəvalar da eləmə tənbəllik, gündüzün günorta vaxtı gecə klublarındakı oyunbazlıqlardan çıxıblarmış. Toy günü bəylə gəlinə "hədiyyə elədikləri” üstündə "Xoşbəxt olun” yazılmış qutudakı "Gələcək əkizləriniz üçün” lentinə bəndlənmiş bir cüt əmzik hələ də dillər əzbəridir. Kəndin küçələri boyu sıralanan daş hasarları incəsənət sərgisinə çevirmişdilər. Əbdül başda olmaqla kənd uşaqları  tabaşir, kösöv, əhəng, boya, daha nə bilim nə ilə sənət inciləri araya-ərsəyə gətirməkdən yoruldum demək bilməzdilər.  Şikayət-şikayət dalınca gəldiyindən Əbdülün babasının qulağı yağır olmuşdu. O da özünə görə lotunun biriydi, bu qulağından alıb, o biri qulağı ilə yola verərdi. Nəvəsini həddən çox istəyirdi, sanki fırt eləyib burnundan düşmüşdü. Axı, babası da yeniyetməliyində dəcəllikdə Əbdüldən dala qalmamışdı. 

Hə, budur, kənd bayram libasını əyninə keçirmişdi; nəhayət, Əbdül özünü yetirmişdi. Ələlxüsus da, onun həmyaşıdlarının sevinci yerə-göyə sığmırdı. Onbirinci sinfə keçmişdi, yekə oğlan olmuşdu. Babasıgilin məhəlləsində qonşu uşaqları ilə birgə şıdırğı söhbətləşirdilər. Yenicə tətilə çıxan məktəblilər fizika müəllimindən yaman yanıqlıydılar, elə hey döşəyirdilər:

-     Bizə göz verir, işıq vermir, günümüzü qara əsgiyə bükür. Dərsi bilməyənlərin barmaqlarına söyüd çubuğu ilə döyəcləyir. Sinifdəkilərin əksəriyyətinin barmaqları qaramat bağlayıb... Valideynlərin də çoxsu ilə üz-gözdü... Daha baxmır ki, bu fizika dediyin hamının başına girmir, axı?

-      İşə bir bax, bəlkə, biri heç oxumaq istəmir, özü bilər, kimin nə borcuna,– deyə Əbdül filosofcasına ocağın üstə benzin tökdü.

-      Yox, o, kor tutduğunu buraxmayan kimi, dediyini deyəcək... Hünərin var, dərsi bilmə, döymə ustaları sayağı söyüd çubuğunu əlinə alacaq, vəssalam...

-      Yaxşı, indiki belə oldu, mənə deyin görüm, o, heyvan-qara saxlayır?

-      Əşi, kəndin sürüsündə elə öndə gedən onun ala-bula keçisidi də, qoyun-quzusu, inəkləri də var...

-      Hə, bu lap göydəndüşmə oldu... Təcili mənə bir dənə şax-şux qalstuk tapın, bir də ki qızılgül kolunun üstündə qönçələri və açılmış gülləri olan budaqlarından ikisini qırıb gətirin, qalanı mənlikdi...

       Uşaqlar gözünü döyə-döyə bir-birinə baxışdılar. Fitil onlarlıqdı deyə, əlacsızcasına axşama Əbdülün istədiklərini tapıb gətirdilər. O da tənbəllik eləməyib elə günü o gün tədbir gördü. Nobatda olan kəndçilərinin gözündən yayınıb təzəbəyə layiq qalstuku bağlatdırdı fizika müəlliminin keçisinin boynuna, qızılgülün budaqlarını da bənd elətdirdi qoşa buynuzlarına. Təsəvvür eləyin də, davar sürüsü axşamüstü örüşdən kəndə qayıdır, öndə də hələ uzaqdan gəl-gəl deyən qalstuk boynunda özünü çəkən bir dıbır, təpəsində də qızılgüllərdən fata. Kənd camaatına da bamazəlikdə çətinki kimsə çata. Nə təhər uğunub getdilərsə, növbəti həftəyə də özlərinə gələ bilmədilər.

        Səhərisi Əbdül kənddə məhəllələr arası futbol yarışı düzənləmişdi. Kəndin nisbətən enli küçələrindən birində top qovurdular. Uşaqlardan kiminsə zərbəsi kəllə-mayallaq alındığından top kəndin mollasının həyətinə düşdü. Darvazanı döyüb topu istəyəndə molla bir vay-şüvən qopardı ki, gəl, görəsən; yaramaz uşaqları, yaramazlar, göyərtilərimi kor qoymusunuz. Səsini başına atan molla topu da param-parça elədi. Kimsə dilləndi ki, baş qoşmayın, il yarı olub hələ də kənddə hüzr düşməyib, ona görə bizdən yanıqlıdır. Şahidi olduqlarından bayaqdan qovrulan Əbdülə elə bu lazım idi. Belə sərrast ötürməni fövtə verə bilməzdi, bu onluq deyildi.  Tələm-tələsik uşaqları başına topladı, dedi gəlin qafiyə tutaq. Sinələri doluydu demənə, bir bəndlik şeri anındaca tarazladılar. Əbdülün puluynan kəndin mağazasından ağ rəngdə boya və bir də palazqulaq bir fırça aldılar. Başladılar, mollanın qara rəngə boyanmış darvazasında şairanə yaradıcılığa.

     Yamanca dadanmışam müftəyə,

     İl yarı oldu, göz dikmişəm siftəyə.

     İnsafa gəlin, barı, heç olmasa,

     Bircəcik yasınız düşsün, bu həftəyə.

      Kənddə can qalar. Laqqırtıdan birtəhər olmuşdular. Əbdülün bu şəbədəsinin sorağı qonşu kəndlərə də gedib çıxmışdı.  Eşidən-bilən qarnını qucaqlamaq məcburiyyətində qalırdı. Beləcə o gecə Salqayadibi kəndi sakinlərinin gözünə yuxu getmədi, səhəri dirigözlü açdılar, az qala gülməkdən bağırsaqları tökülə. Molla elədiyinə peşiman olmasa da, ovqatı təlxdi. O da gecəni gözünün çimirini ala bilməmişdi. Onun qarınağrısı isə tam başqaydı. Əbdül yaşda oğlunu səhər obaşdandan yanına çağırıb, eşidən-bilən olmasın deyə qulağına nəsə pıçıldadı. İki dənə şax əlli manatlığı da onun cibinə basdı. Oğlu da dediklərin çatdı anlamında qafasını təkrar-təkrar yellədi. 

       Hava isti olduğundan Əbdülgilin dəstəsi bir də axşamüstü toplaşdı. Kimsənin gözləmədiyi halda mollanın oğlu da onların arasındaydı. Özünü o yerə qoymur, şənlənməkdə məhəllə uşaqlarından geri qalmırdı. Hava qaralana qədər cürəbəcür oyunlardan çıxdılar, taqətdən düşənədək top qovdular. Söhbətləri də şirin alındı. Hərə görüb-götürdüyündən basıb-bağladı. Axşam saat təxminən on-on bir radələrində qəfil mollanın gədəsi dedi ki,  oğul istəyirəm içinizdən biri mənimlə mərcə girə və indi gedə kəndin qəbirstanlığına, yüz manat lələşinizdən. Hamı anladı ki, hədəfdə Əbdüldü, gözlər ona dikildi. Bu qoçaq da deyiləni göydə tutdu.

-      Mən razı, amma nədən biləcəksən ki, ora gedib-getməmişəm? Gərək, sübut üçün bir əşyayi-dəlil olsun da?

-      Al, bu da mənim yay şəpkəm, qəbirstanlığın ortasındakı köhnə qəbirlərdən birinin başdaşına keçirərsən. Səhər tezdən heyvanlar örüşə yola salınanda gedib birlikdə baxarıq, dediyimi eləmisənsə, yüzlük oradaca sənə qurbandı, - deyə mollanın oğlu gərnəşərək əlini cibişdanına salıb iki dənə ütülənmiş əlliliyi çıxararaq nümayişkaranə şəkildə havada yellədi.

-      Gəl belə eləyək, kasıb vaxtınızdır, yeri gəlsə bizə lap əlli manatın biri də bəsdi, necə lazımdı yeyib-içərik. Amma sən get evinizdən dədənin köhnə papaqlarından birini gətir ki, başdaşına mən onu keçirim. Yoxsa, birdən külək qopar, sənin o yüngül-müngül şəpkəni atar kənara, cığallıq eləməyə əlinə fürsət düşər. Əgər, doğrudan da mərcə girirsənsə, başqa söhbət yoxdu, haydı tərpən, gecə düşür, evə getməyin vaxtıdır.

      Çıxılmaz vəziyyətdə qalan mollanın oğlunun dədə-bala yanıqlıydılar deyə Əbdüllə razılaşmaqdan başqa çarəsi qalmadı. Bir göz qırpımında atasının papaqlarından birini gətirib Əbdülə verdi. O da bircə dəfə də  olsun geriyə qanrılmadan yol aldı qəbirstanlığa sarı. Bu dəmdə mollanın oğlunun çöhrəsinə sanki Ay işıq saldı.

       Qəbirstanlıq kəndin yuxarı başındaydı. Oracan haradasa bir kilometrdən çox yol qət etməliydin. Əbdül üçün çətini kəndin qırağındakı gur sulu arxı aşıb taxıl zəmilərinin arasıyla uzanan torpaq yola çatanacan idi. Gecələr kəndə sakitlik çökəndə sahibsiz itlərdən tutmuş qurd-quşa qədər nə desən yamaclardan buralara axışardı. Dəfələrlə canavar, çaqqal, tülküyə rast gələnlər olmuşdu. Əbdülün bəxtindən hər şey yaxşı ötüşdü. Elə ki torpaq yola qədəm qoydu, bu dəfə siçovullarmı, yoxsa hansısa başqa xırda heyvanlarmı özlərini ara-sıra taxılın içirələrinə vurduğundan qəfil xışıltı eşidirdi. Yolun bir hissəsini təxmini nişanlayıb gözlərini yumaraq bacardıqca qaza basırdı. Yeyin addımlarla özünü şirəliyə çatdıranda bildi ki, daha qəbirstanlığa beş-on addım qalıb, bir az toxdadı. Tərslikdən ətrafdakı mənzərə də qorxuncdu. Kənd camaatının çoxusu hələ də dədə-baba qaydasınca evlərinin divarlarını buradan çıxardıqları şirəylə suvadıqlarından mağaralara bənzər kahalardan gecələr eymənərdin. Qorxu hissi Əbdülə yad olduğundan o, heç nəyi vecinə almırdı. Beləcə gəlib yetişdi düz qəbirstanlığın ortasındakı köhnə qəbirlərin yanına. Papağı keçirtdi ən hündür başdaşılardan birinə.

       İgid oğlandı. Eləmə tənbəllik, gecənin yarısı olmağına baxmayaraq nənəsinin və qonşuluqdakı yaxın qohumlarının qəbirlərini də ziyarət eləməyi unutmadı.  Dualarını bitirib qəbirstanlıqdan çıxa-çıxda qulağına təzə qəbirlər sarıdan insan səsləri gəldi. Əvvəlcə duruxsa da, məhəl qoymayıb ay işığında səs gələn səmtə yönəldi. Hələ üstü götürülməyən qoşa qəbirlərin üzərində üzbəüz oturan iki gənc – oğlanla qız şirin-şirin söhbətləşirdilər. Maraq ona güc gəldi. Əbdül bir az da ürəklənib onların bir-iki addımlığına qədər yaxınlaşdı. Mobil telefonda nəyəsə diqqətlə baxan gənclər başlarını qaldırıb mehribancasına ona sarı boylandılar. Əbdülün matı-qutu qurudu.

-      Axşamın xeyir...

-      Salam... Axşamınız xeyir...

-      Nə yaxşı oldu, sənin buralara gəlib çıxmağın. Zəhmət olmasa, telefonla bizim şəklimizi çəkərsən? – deyə məhrəmcəsinə ona üz tutdular.

-      Əlbəttə... Amma işıq azdır, alınacaqmı?

-      Sən qətiyyən narahat olma, hər şey qaydasındadır, - deyən  oğlan telefonunu ona sarı uzadaraq basacağı düyməni göstərdi.

     Əbdül onların bir neçə şəklini çəkdi. Telefonu yiyəsinə qaytaranda şəkillərə bir də göz yetirdi, əməlli-başlı işıqlıydı. Çaş-başdı. Gənclər şəkillərə xeyli baxaraq barmaqları ilə birini nişan verdilər, deyəsən, ən çox xoşlarına gələn həmən şəkil olmuşdu.

-      Çox sağ ol, əla şəkillərdir. Zövqlə çəkmisən... Əgər, bizi qırmazsansa, səndən başqa bir xahişimiz də olacaq... Amma bəri başdan deyirik, bizdən sənə xətər dəyməz, qətiyyən qorxma...

-      Gördüyünüz kimi, məndə hər şey qaydasındadır, qorxsaydım, gecə qəbirstanlıqda nə itim azmışdı... Kənddə mərcə girib bura gəlmişəm...

-       Əla... İndi səbrini azacıq basıb bizi dinlə... Bu gördüyün qoşa qəbir bizimkidir. Bu gün-sabah valideynlərimiz qəbirüstü daşları sifariş verəsidilər. Biz səndən mobil telefonunun nömrəsini xahiş edəcəyik, birazdan sənin wotsapına başdaşımız üçün  indi bəyənib seçdiyimiz şəklimizi və qəbirüstü abidəmizin təxmini eskizini göndərəcəyik... Çox xahiş eləyirik, günü sabah onları bizim valideynlərimizə çatdırasan... Bir də  deyərsən ki, onlardan narazılığımız yoxdur. Şükür, heç olmasa, o biri dünyada bizi ayırmadılar, bu da bizə yetər. Tanrı günahlarından keçsin...

-      Oldu, mütləq çatdıraram...

-       Sənə şəkil və qəbrimizin eskizi "cənnətməkan” adıyla gələcək,  bunları valideynlərimizə yetirəndə bizə cavab mesajı göndərməyi unutma, ondan sonra bizim nömrəmiz birdəfəlik qapanacaq... Bu başdan dərin təşəkkürümüzü bildiririk...

-      Baş üstə... – Əbdül bircə bunu dilinə gətirə bildi, daha nə deyəsiydi ki.

      Dabanına tüpürüb qaranəfəsə kəndə sarı götürüldü. Bütün bunlardan sonra qorxacağı nə ola bilərdi.  Yolu heç vecinə almadı. Bir də onda ayıldı ki, bayaqdan vahimə içərisində onu gözləyən yoldaşlarının yanındadı. Babası da xeyli vaxtdı onlara qatılmışdı,  səksəkə içində onu gözləyirdi. Mollanın oğlu şahidi olduqlarına heç cür inanmaq istəmirdi, yasa batmışdı. Qalanların çöhrəsindən isə sevinc yağırdı. Gecədən xeyli keçmişdi deyə sağollaşıb hər kəsən evinə yollandı. Əbdül babasına sezdirmədən telefonunun wotsapına gələnlərə gözucu nəzər yetirdi. Hər şey yerindəydi, deyilənləri göndərmişdilər.

      Səhəri dirigözlü açan Əbdül dünən gecə şahidi olduqlarını babasına nağıl elədi, şəkili göstərdi. Babasından öyrəndi ki, sən demə, qəbirstanlıqda gördüyü o gənclər bir-birini dəlicəsinə sevirmişlər. Valideynləri onların ailə qurmaqlarına qarşı olduqlarından əvvəlcə oğlan, sonra da bundan xəbər tutan qız özlərini həyətlərindəcə asaraq intihar ediblər. Camaatın təkidi ilə gənclərin valideynləri öz əməlindən peşiman olaraq övladlarına birgə yas tutub, qəbirlərini də qoşa qazıblar. Təxminən bir aydan sonra bu gənclərin ili olacaqdı.

     Əbdül babası ilə birgə rəhmətliklərin valideynlərigilə yollandılar. Söhbət əsnasında onları dünən gecə baş verənlərdən yerli-yataqlı hali elədilər. Əbdül wotsapındakıları onlara göstərdi və mərhumların valideynlərinin telefonuna yüklədi. Qəfil yadına düşdü ki, rəhmətliklərə cavab mesajı göndərməlidir. Əzizlərini itirənlərdən ürək sözlərini öyrənməyi də unutmadı. Bunu da mesaja əlavə elədi: - Dediklərinizi yerinə yetirdim, valideynləriniz peşimandılar, sizdən üzr diləyirlər. Bildirdilər ki, böyüklər də istəmədən səhvə yol verə bilərlər.  Dualadılar ki, o dünyanız  behişt olsun!

      O günü Əbdül özünə heç cür yer tapa bilmədi. Hələ yeniyetmə ikən həyatdan böyük ibrət dərsi almışdı. Məhəllə uşaqları ilə birgə dədəsinin papağının dalınca səhər tezdən qəbirstanlığa yollanan mollanın oğlunun təkidlə verdiyi yüz manata isə günorta necə lazımdı xudmani bir məclis qurdular. Əbdülün kefi bir az da olsa babatlaşdı. Axşamkı toy da lap yerinə düşdü. Əksər kənd toylarında şənlik mağarında sakinlər kişili-qadınlı bəylə gəlinin sevincini bölüşürlər. Kənddə yaşayanlar yaxşı bilirlər; gənclərdən kimlərinsə bəxt ulduzlaru elə məhz bu toylardaca qovuşur. 

     Qəbirstanlıqda iynə atsaydın yerə düşməzdi. Bütün kənd əhli böyüklü-kiçikli burdaydı. Rəhmətliklərin iliydi. Hamı həyatında ilk dəfə gördüklərindən mütəəssir olmuşdu. Nurlanla Ayselin qəbirlərini bircə başdaşı birləşdirirdi. Başdaşında rəhmətliklərin Əbdülün çəkdiyi qoşa şəklinin altında bu sözlər yazılmışdı: "Kəbinini Tanrı kəsənləri bəndələr ayıra bilməz!”

      İl mərasiminə qatılanlar kənd yaxında olduğundan qəbirüstündən piyada dönürdülər. Kimsə dilləndi ki, son vaxtlardakı yaşantıları Əbdülə nə təhər dərindən təsir eləyibsə, yazıq uşaq daha qaradinməz olub, haçandı hoqqalarını tərgidib. Düşündülər ki, yəqin yetkinləşib. Bu arada molla qayıtdı ki, bilmək olmaz, məncə o eşq tiyanına yuvarlanıb, deyilənə görə toy günü dördgözlüymüş.