Azərbaycanlıların teatrda qeyri-adi sərgüzəştləri

Azərbaycanlıların teatrda qeyri-adi sərgüzəştləri

Kukla Teatrında tamaşaçıların qeyri-adi davranışları haqda əhvalatları təqdim edirik.
 
                                ***
 Nəzarətçi tamaşaçı qadına deyir:
 
- Popkornla içəri girmək olmaz.
 
- Niyə olmaz? Bə mən buna pul vermişəm, hara qoyum?
 
-  Qarderoba verin.
 
- Maşennik. Camaatın popkornunu alıf özünüz yeyirsiniz. Görməmişlər.
 
Nəzarətçini gülmək tutur.
 
Qadın:
 
- Az keçi,  niyə gülürsən? Nəyə də oxşayır e, keçiyə.
 
- Kukla Teatrına popkornla girmək olmaz.
 
- Boyyy, teatrda işləyir, mədəniyyəti yoxdur, mənə gör nə deyir. Buna görə teatrda işləyənləri almırlar e.
 
- Hamımızı alıblar, sizdə evdə qalan varsa gətirin ərə verək.
 
                         ***
 
İşə yeni gələn nəzarətçi qızlardan biri digərinə deyir:
 
- Keçən il burada teatr işçilərindən kimi döyüblər?
 
- Heç kimi.
 
- Bəs bir tamaşaçı deyir ki, oğlum burda birinə ilişmişdi, gəldim onu pilləkənlərdə sürüdüm.
 
- O xanımı mənə göstər.
 
Görür ki, ağbirçək qadındır. Soruşur.
 
- Kimi sürümüsüz burda?
 
- Bu teatrı demirəm e, başqasını deyirdim.
 
                             ***
 
Günlərin birində salondan qəribə qoxu gəlir. Teatr əməkdaşları tez salona qaçırlar. Görürlər ki, bir qadın evdən balaca qazanda çığırtma gətirib, uşağı yedizdirir.
 
Deyirlər:
 
- Axı, belə olmaz.
 
- Nə etməliyəm, uşaq ac qalsın? Ürəyi gedir acından.
 
                             ***
 
Tamaşa gedir, nəzarətçilər ağlayan bir uşağı zaldan çıxarırlar. Zala səslənib, uşağın anasını soruşurlar,  cavab verən olmur. Valideynlər oturan yerə baxırlar, orda da tapa bilmirlər. Düşünürlər ki, yəqin harasa çıxıb, tamaşadan sonra uşağı gəlib aparar. Uşağa şirniyyat verib birtəhər sakitləşdirilər. Tamaşa bitir. Və uşağın valideyni tamaşa zalından çıxır.
 
                            ***
 
Yeni ildə zal ağzına kimi doludur. Bayırda da basabas, tamaşaçı növbə gözləyir. Bu məqamda qapının ağzında bir qadının ürəyi gedir. Teatr əməkdaşları onu içəri aparır, su verir, ayıltmağa çalışır.  Qadın gözlərini açmadan «oğlum hardadır » soruşur. Oğlunu da gətirirlər. Gözlərini açıb deyir ki, mən hardayam? Deyirlər, içəridəsən. Ayağa qalxır, uşağını qoltuğuna vurur, biletlərini də göstərib deyir: "Belə elədim ki, məni içəri buraxasız”.
 
                                  ***
 
Teatra bir uşaq əlində skeyt gəlir. Və teatrda skeyt sürmək istəyir. Nəzarətçi uşağa deyir ki,  teatrda skeyt sürmək olmaz : « Qaredoba verin, çıxanda götürərsiz ».
 
Bu məqamda enlikürək, hündür bir qadın yaxınlaşır.
 
- Nə olub ?
 
- Sizin uşaqdır?
 
- Bəli.
 
- Skeyt sürmək istəyir. Teatrda olmaz.
 
- Necə yəni sürə bilməz. Mənim oğlum dəfələrlə Fransada teatrda olub, Avropa teatrı görüb.  Başa düşürsən sən bunu ?
 
Bu zaman onların yanından ötən bir tamaşaçı söhbətə qarışır:
 
- Fransada teatrlar böyük olur, yəqin orda  velosiped sürürmüş.
 
                               ***
 
Bir uşaq teatrın əsas qapısından keçəndə ayaqqabılarını soyunur. Nəzarətçilər uşağın ayaqqabılarını geyindirib, başa salırlar ki, burda ayaqqabı soyunmurlar. Və uşaq bu dəfə salona keçəndə ayaqqabılarını çıxarıb.

Kulis.az