Ba Çzin. Yağış (HEKAYƏ)

Ba Çzin. Yağış (HEKAYƏ)

(1904-2005, Çin)

1

Bir neçə gündür ki, dayanmadan yağış yağır; səma bütünlüklə buludlarla örtülüb.

Səhərdən gecəyəcən yazı stolunun dalında otururam. Stol pəncərənin qabağında olduğu üçün başımı qaldıranda yağış damcılarının şüşəyə necə çırpıldığını görürəm. Nəzərlərim bayıra dikilir, orda ancaq monoton səslə həyətdəki daş plitələrə tökülən yağış görünür. 

Əvvəlcə bu səsi ancaq eşidirdim, sonra o ruhuma işlədi və daş kimi ürəyimə oturdu, fikrimi cəmləməyə mane oldu. Axşamüstü mətn gözlərimin qabağında dalğalanmağa başladı, kitabı örtdüm, otaqda gəzişib siqaret çəkdim.

Bir az sonra gözlərim qaranlıqlaşdı, amma mən əvvəlki kimi addımlarımın səsini dəqiqliklə eşidirdim.

Ağlıma vəhşi bir fikir gəldi: bəlkə mən bütün dünyada təkəm? Bu fikir məni evdən uzaqlaşdırdı. Bir an gecikmədən siqareti söndürdüm, paltomu və şlyapamı geyinib dal qapıdan küçəyə çıxdım. 

Dar dalanda sakitlik idi. Ayaqlarım səkinin yaş plitələrində sürüşürdü, damcılar üzümə çırpılırdı, eynəyimin şeşələrindən süzülürdü. Amma bunlara fikir vermirdim – daxilimdə elə bil ocaq qalamışdılar. Yağış yağdığına sevinirdim, çünki o içimdəki alovu söndürə bilərdi. Dalandan böyük küçəyə çıxdım – qarşımda soyuq boşluq var idi: fənərlərin ölüşgün işıqları dükan qapılarında titrəyirdi. Ətrafda lal kölgələr sürünürdü. Hər şey ölmüşdü. Ancaq yağış inadkarlıqla və dayanmadan səs salıb cansız torpağa tökülürdü.

Addımlarımı yavaşıtmadan tez-tez gedirdim. Şlyapamın qırağından eynəyimə su süzülürdü, amma mən onu silməyə çalışmırdım, heç əllərimi paltomun cibindən çıxartmamışdım. Qabaqda heç nə görmürdüm və görmək də istəmirdim. Nəsə gizli bir şey bütün ağırlığıyla üstümə çökmüşdü, mübarizə aparmaq mənasız idi. Mənə qalan yeganə şey – getmək idi, ancaq getmək.
Amma hara getmək – bilmirdim, heç bilmək də istəmirdim. Gölməçələrdən keçirdim, ayaqqabılarımı və corablarımı isladırdım. Bir fikir mənə hakim idi – ancaq qabağa getmək, elə bilirdim dayansam kiminsə əlləri məni tutacaq.

Bir keçəni keçdim... sonra ikincisini... qabağımda əvvəlki kimi soyuq boşluq var idi. Bilmirəm nə qədər getmişdim, nə soyuğu hiss edirdim, nə də yorğunluğu, içimdəki ocaq isə əvvəlki kimi yanırdı və paltarımın içinə girən damcılar da məni rahatlada bilmirdi. 

Hansısa dalanın ağzında dayandım və bunu nə üçün etdiyimi fikirləşməyə də macal tapmamış dalana girdim. 

Bu dalanda da sakitlik idi. Bəzi pəncərələrdə işıq yanırdı, amma nə danışıq, nə də gülüş səsləri eşidilmirdi. Üç nömrəli evin girişində ayaq saxladım və qapını döyməyə hazırlaşanda gülünc təəccüb və qorxu hissiylə başa düşdüm ki, burda Yuy yaşayır.

Görüşmədiyimiz bu dörd-beş gün ərzində onun onsuz da solğun olan siması daha da bozarmışdı. Məni görüb özünü bir az itirdi və sakitcə öz otağına apardı.

Yuy:

- Nə üçün gəlmisən? Demişdim axı gəlmə, - desə də əlkimi dostcasına bərk-bərk sıxdı.

Ürəyiyananlıqla ona baxıb əlini buraxdım və pıçıltıyla soruşdum:

- Nə xəbər var?

Yuyun gözlərində kədər sezildi; o ölü ümidsizliklə başını yellədi.

- Deməli heç bir ümid yoxdur? – özüm öz sualımdan səksəndim.

Əlini çiynimə qoydu:

- Belə bərk danışma. – Bir az susub əlavə etdi. – Onun harada olduğunu bilmədik, amma deyirlər həbsxana qanunları ciddidir.

- Bu dəqiqdir?

- Kim bilir? Hər halda bildiyimiz budur. Biz çoxuna onun haqqında nəsə öyrənməyi tapşırmışıq, hələ ki bir faydası yoxdur. Qorxuram bir daha onunla görüşə bilməyək.

Yuy özünü sakit aparmağa çalışırdı. Bir neçə gün əvvəl də bu sözləri demişdi, deyəsən o vaxtdan heç nə öyrənə bilməyib. Birdən qışqırdı:

- Dayan! Su içindəsən ki. Bura gəlməməliydin. Ehtiyyatlı olmaq lazımdır.

Kədərli təbəssümlə paltomu və yaş şlayapamı çıxartıb taburetin üstünə qoydum və yazı masasının dalında oturdum.

- Daha belə yaşaya bilmirəm, - necə dediyimi özüm də bilmədim. – Öz otağımda tək boğuluram. Necə qorxulu olduğunu bilmirsən, həbsxanadan  daha qorxuludur.

- Dözümlü ol! Bir də əzablarını unut. – O da oturdu, mənə baxdı və titrəyən səslə məni dilə tutmağa başladı. – Səbirli olmaq lazımdır. Guya mən səndən yaxşıyam? – O susdu və əliylə saçlarını qarışdırmağa başladı. Görünür, ona nəsə əzab verirdi, bəlkə xatirələr? Bilirdim ki, Yuy onun haqqında fikirləşir.

- Onun anası gəlmişdi. – Əllərini stolun üstünə qoydu, bir az güc yığıb davam etdi. – O burda yaşayır. Ona qızının başına nə gəldiyini deməyə hünərim çatmır, heç gizlətmək də asan deyil. O axı həm də xalamdır, gözünün qabağında böyümüşəm. O Xuaya demişdi ki, bura köçəcək. Xua mənə demişdi. Amma bunun olacağı ağlımıza da gəlməzdi. Özün fikirləş, həqiqəti ona necə deyə bilərəm – cavan deyil, tezliklə əlli yaşı olacaq.

Onun səsi titrədi və yanımda ağlamamaq üçün susdu.

Xua anasını çox sevirdi, haqqında bizə az danışmamışdı: dul qalandan sonra təzədən ərə getməyib ki, qızını böyütsün, oxutsun. Bu ağıllı və ürəyitəmiz qadın elə çox istəyirdi ki, Xua yaxşı adama ərə gedib xoşbəxt olsun. Qızını başa düşmədiyi vaxtları olsa da onu bütün varlığıyla sevirdi. Indi isə... Xuanın mənə dediyi sözləri xatırladım.

- Hansı yolla olur olsun onu xilas etmək lazımdır. -  Elə yavaş dedim ki, elə bil öz-özümə danışırdım. Mən ciddi-cəhdlə qızı necə qurtaracağımız haqqında fikirləşirdim, birdən başım ağırlaşdı, fikirlərim dondu.

- Nə fikirləşəcəksən ki? Heç kim onun hara aparıldığını bilmir. – Yuy kədərli səslə cavab verdi.

Bunun sadəcə söz olmadığını bilirdim, Yuy Xuanın harda olduğunu öyrənmək üçün mümkün olan hər şeyi edirdi.

"Bəlkə o daha həyatda yoxdur” – bu fikir qəfil ağölıma gəldi; onu başımdan çıxartmağa çalışsam da baxarmadım və istəmədən bərkdən dedim.

- Tox, yox, bu ola bilməz! – Yuy qızğınlıqla dedi. Elə bil onun həyatı da Xuanın həyatından asılı idi. Səsi bir az möhkəmləndi. Qızı düşmənlərin əlindən qurtarmağa qərarlı olduğu görünürdü. -  O axı qeyri-qanuni heç nə eləməyib.

- Bəyəm bunun mənası var? – Mən stola dirsəklənib durdum və onun səbəblərini təkzib etdim. – O başqaları kimi yazıq olmaq istəmirdi, fikirləşdiyini deyirdi, lazım bildiyini edirdi. Bu bəs deyil?

Yuy özünü itirib sakitcə mənə qulaq asırdı. Sakitləşib yerimə oturdum. Gözlərimin qabağında yekə kisə canlandı. Kisəni çaya atırlar, kisədə meyit var... Bunu görməmək üçün gözlərimi elə bərk yumdum ki, gözlərim ağrıdı, əlimlə yüngülcə ovuşdurdum.

- Ola bilməz. O sağdır, - Yuy elə əminliklə dedi ki, gözlərimi açdım. Amma onun əminliyi tezliklə yox oldu, sakitcə dedi. – Hər şey elə tez baş verdi ki. Indi elə vaxtdır ki, əminliklə heç nə demək olmaz.

Yuxarıdan öskürək səsi eşidildi və tezliklə kəsildi. Yuy daha heç nə demədi. Otaq sakitliyə qərq oldu, amma mənə elə gəlirdi ki, arvadın öskürəyini hələ də eşidirəm. Bu Xuanın anası idi və mən yenə qızı xatırladım. Ağrı və hirs yenə məni bürüdü.

- O hələ yatmayıb, o ancaq gecə yarısı yuxuya gedir. – Yuyun üzü yenə tutqunlaşdı və o kədərlə mənə baxdı. – Ancaq qızı haqqında fikirləşir. Məncə artıq nədənsə şübhələnib. Mən yalan danışa bilmirəm, ola bilər özümü ələ vermişəm. O mənə kədərli nəzərlərlə elə baxır ki...

- O başa düşməyib. – Dediyimə özüm də inanmadım.

Mən onu sakitləşdirməyə çalışmırdım -  sadəcə nəsə deməli idim, elə özüm də rahatlaşdım.

- Gün gələcək özüm ona hər şeyi danışacağam, daha yalan deyə bilmirəm.- deyib mənə baxdı; elə bil nəsə deməyimi gözləyirdi, amma mən heç nə demədim. Üzüməbaxıb qorxmuş halda dedi:

- Qaan. Sənin üzündə qan var.

Əlimi üzümə çəkdim, ovcumda qan vardı.

- Qan, cəmi bir-iki damcıdır. Böyük şey olub. – soyuqqanlılıqla dedim.

Yuy susdu; üzündə nə həmin təəccüb, nə də həmin qorxu vardı.

Onun səsini eşitməkdən qorxurdum, nəzərlərimizin qarşılaşacağından qorxurdum, bu boğuq səssizlikdən qorxurdum. Ayağa durub paltomu geyindim, şlyapamı qoydum və heç nə demədən aşağı düşdüm. Addımlarım yəqin ki, Aua ananı narahat etmişdi: o yenə öskürdü. Öskürək səsləri məni qamçı zərbələri kimi qovurdu. Pilləkanlardan tez qaçdım.

Yuy dalımca dabanbasma aşağı düşdü; sakitcə, amma ötkəmliklə mənə ehtiyyatlı olmağı tapşırırdı. Bunu birinci dəfə eşitmirdim. Nəsə mızıldanıb küçəyə çıxdım.

Görünməyən alov əvvəlki kimi məni yandırırdı. Yağış hələ də yağırdı. Suyu ətrafa sıçradaraq gölməçələrdən keçirdim. Isti üzümə soyuq yağış damcları çırpılırdı, ətrafda qaranlıq idi. 
Yaxalığımı qaldırıb yoluma davam etdim.

Elə bil qabaqda hər şey dumana bürünmüşdü. Dırnaqlarımacan islanmışdım, şlyapam islanıb ağırlaşmışdı, şalvarıma palçıq sıçramışdı. Amma mən elə hey gedirdim, əzab çəkdiyim həmin soyuq və boş otağa qayıtmamaq üçün gedirdim.

Küçələrin hesabını itirmişdim; olduğum küçəni keçib dalana girdim, hansısa evin qabağında dayanıb başımı qaldırdım, narıncı rəngli qapıya üstünə qara rənglə 10 yazılmış ağ kağız yapışdırmışdılar. 

Fikrim gözlənilmədən aydınlandı, qapını döymədim, iki addım dala çəkilib işıqlandırılmamış pəncərəyə baxdım. Bir müddət əvvəl burda dayanıb "Xua” çağıran kimi pəncərə açılırdı, qız mənə əl eləyəndən sonra aşağı düşüb qapını açırdı. Qonaq otağında çay işə-işə müxtəlif mövzularda söhbət edirdik. Mən görüşmədiyimiz bir-iki gün ərzində nə elədiyimi danışırdım, o isə öz işindən; hərdən böyük, qara gözlərini incə baxışla mənə dikib hansısa kitab haqqında sual verirdi, o ruhundakı hər şeyi açırdı, mən də öz növbəmdə ən gizli sirrlərimi ona deyirdim. Belə görüşlərimiz tez-tez olurdu, hərdən Yuy da gəlirdi. Hardasa on gün əvvəl Yuyla mən onu ziyarət edib bu otaqda bir neçə saat oturmuşduq. Amma indi hər şey dəyişmişdi, özü də gözlənilmədən.

Dostlar mənə bu evə bir daha gəlməməyi tapşırmışdılar, amma Xuanı burda tapmayacağımı bilsəm də ayaqlarım qeyri-ixtiyari bura gəlib çıxmışdılar. 

Getməyə gücüm çatmırdı. Dayanıb qaranlıq pəncərəyə baxırdım, ola bilsin təzə sakinlər hələ gəlməmişdilər. birdən mənə elə gəldi ki, Xua evdədir və sadəcə yatıb, bu fikrimə bərkdən güldüm. Bu vaxt gözümə iri qara gözlər göründü, elə bil eynəyimə düşən damcılar onları yaxşı görməyimə mane olurdu. Hələ də əvvəlki kimi yağışın altında qonşunun qapısı çırpılanacan dayandım, səsi eşidən kimi isə ordan uzaqlaşdım, məni görə bilərdilər.

Ölgün fənərlər küçəni güclə işıqlandırırdı, papiros satan mallarını yığışdırırdı, rastıma iki-üç çətirli adam çıxdı. Amma elə bil bütün bunların mənə heç dəxli yox idi. Birdən-birə özümü bu böyük şəhərdə yad hiss etdim, içimdəki alov isə daha şiddətlə yanmağa başladı. Heç yağışı da hiss etmirdim. Körpünün yanıyla gedirdim, siqnal səsi eşidən kimi yüksək sürətlə gələn maşını görüb qırağa çəkildim. Üstümə palçıq sıçradı, sonra gülüşmə səsi eşitdim.

"Adamlar bir-birinə nə qədər yaddır” fikirləşdim. Bir-birindən qorxulu fikirlər mənim beynimi deşən vaxt bir başqası qayğısızca gülür. Mənim əzablarım heç kimə lazım deyil. Tənhalıq məni üzürdü, mənə izaholunmaz sıxıntı verirdi. Donmuş barmaqlarım paltomun cibində yumruq kimi sıxılıb şıqqıldadı. Qoy yağış yağsın, sel məni və ətrafdakı hər şeyi aparanacan yağsın!
Yağış daha əvvəlki kimi yağmırdı. Mən gedirdim. Daha soyuq küçələri görmürdüm. Hara getdiyimin mənim üçün mənası yox idi. Budur, yenə dalan. Ora girib üç nömrəli evin qabağında dayandım. Gülünc qorxu və qərarsızlıq hissiylə qapının ağzında dayandım: girim ya yox?

Mən bura gəlmək, qəmli dostumu görmək və qadının öskürəyini eşitmək istəmirdim, amma ayaqlarım məni bura gətirmişdi. 

Yuxarı baxdım:  pəncərə bayaq gördüyüm pəncərə kimi möhkəm bağlanmışdı, işıq gəlmirdi. Yəqin qadın yatıb! Onun bu saat yuxuda nə gördüyünü öyrənmək üçün çox şey verərdim. Şühəsiz şən, həyat dolu Xuanı. Fikrim yenə Xuanın anasının yanına qayıtdı. Onu mehriban siması vardı. Xua mənə onun şəklini göstərmişdi. Xuanın gözləri və ağzı anasınınkına oxşayırdı. Birdən Xuanın anasını görmək istədim, bu hiss elə güclüydü ki, qabağını kəsə bilmədim. Amma onun quru öskürəyi varlığımı incitdi, ona baxa bilməyəcəyimi başa düşüb yoluma davam etdim.
Evə tez çatdım, elə bil məni qovurdular. Nə dayandım, nə harasa baxdım, evə girəndə çox yorğun idim.

2

Küçə soyuqdur. Tutqun göyüzü axırıncı ümidləri də öldürür. Özümə yer tapa bilmirəm, nə uazana bilirəm, nə otura bilirəm, otaqda gəzə-gəzə başım fırlananacan siqareti siqaret dalınca çəkirəm.

Dünən yanıma heç kim gəlməyib və mən heç nə bilmirəm. Xua haqda fikirlər mənə əzab verir.

Dostların nəsə xəbər gətirəcəyini gözlədim, amma heç kim qapımı döymədi. Xuanın evinə gedib evin yanında bir az gəzişdim, sonra qayıtdım. Bütün gecəni yuxuda Xuanı, onun simasını, incə bədənini gördüm.

Amma yuxudan durandan sonra onu həmin dəqiqliklə xəyalımda canlandıra bilmədim.

Yenə otaqda gəzişdim, yorulub stolun dalında oturdum. Hansısa kitabı vərəqlədim, bir neçə cümlə oxudum, amma oxuduqlarımın mənasını anlamadım.

Qapı yavaşca cırıldadı. Başımı qaldırdım, Xua sakitcə otağa girib adəti üzrə gülümsədi.

- Xua! – sevinclə qışqırıb ayağa durdum.

Amma qapı bağlı idi. Yox, Xua gəlməyəcək!

Mən qızı xatırladan nəsə tapmaq üçidiylə stolun çəkməcələrində, şkafda eşələndim. Hər şeyi qurdalasam da heç nə tapmadım. Nə kağız, nə məktub. Düzdür, gündəliyimdə onun haqqında az yazılmayıb və mən gündəliyi vərəqləyəndə o qabağımda canlanırdı; tez-tez gülə-gülə ona deyirdim ki, sən mənim gündəliyimdə yaşayırsan. Amma gündəlik də məhv edilmişdi. Onun xəyalını necə canlandırmaq olar?

Köhnə kitabların birinin içindən gözlənilmədən köhnə bir şəkil tapdım. Şəkildə Xua, mən və başqa iki yoldaş çəkilmişdik. Adətən qrupla şəkil çəkdirmirdik, amma onda – səbəbini bilmirəm – parkda çəkdirmişdik. Bu iki il əvvəl olmuşdu, onda hələ Xuanın hörükləri vardı.

Həmin xoşbəxt anı xatırlamaq üçün şəkilə xeyli baxdım, amma rəngi getmiş şəkildə Xuanı tanımaq çətin idi. Şəkili əlimdə saxlayıb qəmli dayanmışdım, bilirdim ki, onu məhv eləmək lazımdır.

Gecəni güclə gözlədim, Yuy gəldi. Görüşmədiyimiz iki gün ərzində saçında ağ tüklər çoxalmışdı.

- Nə xəbər var? – qorxa-qorxa soruşdum.

- Qorxuram, artıq hər şey qurtarıb, - deyib yorğun adamlar kimi çarpayıya uzandı.

Mən bu cavabı gözlədiyim üçün daha heç nə soruşmadım, otaqda gəzib siqaret çəkdim.

- Xuan, - Yuy çarpayıdan durub məni səslədi. – Deyəsən ümid yeri yoxdur. Onlar Xuanın orda olduğunu təkzib edirlər. Deyirlər bizdə belə adam olmayıb. Çox güman o artıq həyatda yoxdur. Sən haqlı idin.

O gözlərini mənə dikmişdi, elə bil bu saat hönkürəcəkdi. Amma o özünü saxladı, sadəcə ağrıdan üzünü turşutdu.

Yuy həmin gecə onlarda dediyim sözü təsdiqlədi, amma bu dəfə mən qorxdum.

- Xuanın anası nə olacaq? – soruşdum.

- Evə qayıdacaq.

- Evə? Qızını gözləməyəcək?

- Elə səninlə bu haqda danışmaq istəyirdim. – O yaxınlaşıb stola oturdu. – Mən dözə bilməyib hər şeyi ona danışdım. Dünən gecə gec qayıtdım, onun otağında qaranlıq idi. Elə bildim yatıb. Bu vaxt içəri girdi. Saçları dağınıq idi, yorğunluqdan ayaq üstdə dayana bilmirdi. Dedi neçə gecədir yata bilmir, qızının başına nəsə gəldiyini hiss edir. Düzünü deməyim üçün yalvardı. Çox şeydən şübhələnmişdi. Ona demək istəmirdim, onda o ağladı. Sən ki, bilirsən, Xuan, mən onun yanında böyümüşəm, o mənə analıq edib. O hər şeyi olduğu kimi bilmək istəyirdi. Onun yalvarışlarına necə dözə bilərdim? Yadımdadır, Xua institutda oxumağa gələndə xala mənə ondan göz-qulaq olmağı tapşırmışdı, hər dəfə onlara gedəndə də buna görə mənə təşəkkür edirdi. Indisə... Xuan, ona yalan danışa bilərdim? Sözlərimin onu öldürə biləcəyini unutmuşdum... Hər şeyi ona danışdım...

Yuy ölü kimi idi, özünə nəzarəti itirmişdi.

Onu anlayırdım və içimdəki alovun təzədən qızışmağa başladığını hiss edirdim; nəzərlərimlə "bəs sonra?” soruşdum. Bir az susandan sonra Yuy davam etdi:

- Qeyri-adi heç nə eləmədi. Heç qışqırmadı da. Ancaq bütün bədəni əsdi, elə bil bu saat yıxılacaqdı. Yaş dolu gözləri təəssüflə mənə dikilmişdi. "Mən bunu çoxdan gözləyirdim” dedi, "çoxdan. Baxmayaraq ki, bütün bu iyirmi ili bunun olmamasını arzulayırdım”. O küncdəki stula çöküb hönkürdü, onun hönkürtüsündə həm gülüş, həm də nərilti vardı. Ağlının yerindən oynayacağından qorxdum. Yaxınlaşıb kədər əks olunmuş üzünə baxdım, dəlilik əlaməti yox idi, yanaqlarından su axırdı. Nə deyəcəyimi fikirləşəndə o dedi: "Məni sakitləşdirmək lazım deyil. Hər şeyi başa düşürəm və çoxdan buna hazır idim. Xuanın xasiyyətdə atasına çəkib, onun da axırının atasının aqibəti kimi olacağından qorxurdum. Onu Jo-xua* çağırırdım, ona kitab oxumurdum, istəyirdim ancaq toxumağı öyrənsin və böyüyəndə ərə gedib sakit və xoşbəxt yaşamağını arzulayırdım. Elə olsaydı çəkdiyim əziyyət bada getməzdi. Amma onu çox sevirdim – onu sevməmək olmazdı. Elə yalvardı ki, onu oxumağa buraxım, imtina edə bilmədim. Ona istədiyini etməyə icazə verirdim. Ürəyiyumşağam axı. Onu oxumağa buraxmasaydım bütün bunlar da olmazdı. Sən əminin – onun atasının başına nə gəldiyini bilmirsən. Bunu Jo-xuadan da gizlətmişəm. O həbsxanada öldü, heç iki ay da davam gətirmədi. Bu 1911-ci ildə olmuşdu, ana olmağa hazırlaşırdım. Həbsxanadakı görüşlərdə bunu nə üçün etdiyini danışdı. Özü üçün qorxmurdu, mənə və körpəmizə görə. O oğlu olacağına əmin idi, istəyirdi ki, o da böyüyüb atasının yolunu davam etdirsin. Soruşdum ki, qız olsa onda necə? Kefi pozulmuş halda dedi ki, istədiyin kimi böyüdüb ərə verərsən. O öləndən iki ay sonra Jo-xua doğuldu. Qız olduğu üçün sevinirdim, düşünürdüm ki, onu qoruya biləcəyəm... Onun da atasının dalınca gedəcəyini kim deyə bilərdi ki?” O susdu. O vaxt başa düşdüm ki, o hər şeyi məndən daha yaxşı dərk edir. Danışdıqları məni həyəcanlandırdı, bununla bərabər axırıncı ümidimi də öldürdü. Gözlənilmədən başa düşdüm ki, olanlar hamısı qanunauyğundur, bundan qaçmaq mümkün deyildi. Xala ayağa durub mənə yaxınlaşdı: "Səni günahlandırmıram, heç nədə günahlandırmıram” dedi. Öz otağına getdi. Bu gecə yəqin ki, gözünü də yummayıb, bütün gecəni öskürüb. Onun öskürəyi ağır həyatını xatırladırdı. Öz dərdimlə bərabər onun da dərdini çəkməyə başlamışdım. Mənim də yuxum gəlmirdi. Səhər evdən çıxmağa hazırlaşırdım. Xalanın otağından səs gəlmirdi, elə bildim yatıb. Amma mən otağımdan çıxanda o öz otağının qapısını açıb məni səslədi. Üzü ağarmışdı. Zəif səslə dedi: "Bir gün də gözləyəcəyəm. Sabah nahardan sonra evə qayıdacağam.” Cavabımı gözləmədən qapını bağladı. Pilləkanda dayanıb düşünürdüm ki, yanına gedib söhbət edim ya yox. Bu vaxt ağladığını eşitdim, halım pisləşdi. Ona mane olmamaq üçün tez uzaqlaşdım. Işdən sonra bir-iki yerə dəydim, sonra da bura gəldim. Hamı deyir xəstələnmişəm. Bu iki gün ərzində xəstələnməyə bilərdimmi? Bu vəziyyətdə çox davam gətirməyəcəyəm.
Yuy durub çarpayıya yaxınlaşdı, ölü kimi uzandı. O danışanda mən onun üzünü görmürdüm, o da mənimkini görmürdü. Hava çoxdan qaralmışdı, mənsə işıq yandırmamışdım.
Yuyun indicə durduğu stula oturdum. O sakitcə uzanmışdı.

Qaranlıqda xeyli oturduq. O çətinliklə nəfəs alırdı. Heç nə düşünə bilmirdim. Hissiyyatımı itirməyə başlamışdım, ölü kimi idim. 

Yuy durub işığı yandırdı:

- Mən gedim. Nəsə öyrənsəm xəbər edərəm. Ehtiyyatlı ol və lazımsız yerə evdən çıxma!

O sakitcə getdi. Tək qaldım.

Onun nə dediyini eşitmişdim. Əməl etməyə də hazırlaşırdım. Amma heç bir saat keçməmiş özümü yenə küçədə tapdım. Ayaqlarım məni ürəyimin unutmağa çalışdığı yerə aparırdı.

3

Yuxudan gec oyandım, günəş artıq pəncərədən boylanırdı. Bütün gecəni küçələri gəzmişdim. Evə haçan qayıdıb haçan yatdığım yadımda deyil.

O dalandan çıxanda Xuaya çox oxşayan bir qız gördüm. Xeyli dalınca gəzdim, bir neçə dəfə çağırmaq istədim, amma səsim sözümə baxmadı. Özüm də bilirdim ki, bu qız Xua ola bilməz. Yuyun sözlərini xatırladım: "Qorxuram daha hər şey qurtarıb”. Amma Xuanı xatırladan qızı görməyim məni bir az sakitləşdirdi. O qızı keçidlərdən birində maşınlar yolumu kəsdiyi üçün itirdim, sonra daha tapmadım. O da Xua kimi yoxa çıxdı.

Yavaş-yavaş hafizəm təzələnirdi. Başımı pəncərədən çıxartıb günəşə boylandım, dünənki gecəni yadıma salmağa çalışdım. Bəlkə o qız doğrudan da Xua idi? Amma bu fikir daha məni sakitləşdirə bilməzdi. Yuyun məsləhətini xatırlayırdım, amma hər kəsdən qaçıb gizlənə bilməzdim axı.
Dayanmadan papiros çəkirdim, amma bu da kömək etmirdi. Nazik dumanın içində qara gözləri görürdüm, öskürək səsi eşidirdim. Bu əzabın heç vaxt qurtarmayacağını anlayırdım. Dəli olmamaq üçün nəsə eləməli idim.

Saat ikidə Yuy gəldi. Gözləri şişib qızarmışdı, ağladığı bəlli idi. Onu  gözləyirdim və nə deyəcəyini də bilirdim.

Nəzərlərimiz toqquşdu. Birinci o danışdı:

- Xalanı yola saldım. Qatar tərpənəndə o ağlamırdı, mən ağlayırdım. O qızı ilə həmişəlik vidalaşırdı. Mənə Xua haqqında öyrənməyi tapşırdı, dedi ki, zərbə necə güclü olur olsun dözəcək. Amma mən buna inanmadım. Bu bir neçə gün ərzində o elə sınıxmışdı ki. Elə bil ağır xəstəlik keçirtmişdi. Bərk öskürürdü, arıqlamışdı. Özümü günahkar sayırdım, ona görə də ağlayırdım...
Səsi titrədi, yenə ağlamağa başladı.

Mənə çox ağır idi: bütün olanlardan sonra Yuyun da dərdi mənə yüklənmişdi. Dünya böyükdür, amma Yuy ancaq bu otaqda yüngülləşirdi. Onun gəlişini elə səbirsizliklə gözləyirdim ki. Amma o sadəcə ağlayıb ürəyimi daha da qubarladırdı.

- Nə üçün ağlayırsan, Yuy? Heç Xuanın anası ağlamırdı! O qədər göz yaşı axıdılıb ki – dəryacan. Nə xeyri? Özünü ələ al.

Yuyu sakitləşdirmək yox, dərdimizi yüngülləşdirmək istəyirdim. O qədər dərd çəkmişdik ki. Indi onları unutmaq vaxtı çatmışdı.

Yuy mənə nə olduğunu anlamayaraq baxırdı. Ancaq ağlamağı saxlayıb gözlərini sildi:

- Mən ağlamıram... ağlamıram... amma Xua artıq yoxdur...

O cibindən əzik-üzük olmuş kağızı çıxartıb mənə uzatdı.

Titrəyən əllərimlə kağızı aldım. Karandaşla yazılmışdı:

"Vəziyyətim ümidsizdir. Düzdür, başqa cür də ola bilər, amma axırımın çatdığını düşünürəm; təəccüblənmək lazım deyil. Tez-tez keçmişi xatırlayıram. Amma üzülmürəm, hətta sevinirəm və sizi ömür boyu xatırlayacağam. Anama yaxşı baxın. O məni çox sevir və bu zərbəyə dözməyə bilər. Birdən-birə deməsəniz daha yaxşı olar, hazırlayın əvvəlcə. Məni unutmayın, ehtiyatlı olun.
Xua”

Məktubu sözlər içimdə əks-səda verənəcən təkrar-təkrar oxudum. Elə bilirdim Xua yanımdadır və mənimlə söhbət edir. 

- Məktubu gətirən adam dedi ki, Xua artıq həyatda yoxdur. – Yuyun səsi kilsə zənginə oxşayırdı. – Xalaya demədim, Xuanın göstərişinə əməl etdim. Axırıncı dəfə yalan danışdım.
Yuy sakitcə ağlayırdı. Ürəyim bir az qabaq sakitləşsə də indi yenə bərk-bərk döyünməyə başlamışdı. Xuanın səsi gəlirdi: "Keçmişi tez-tez xatırlayıram!” Bu səsi axırıncı dəfə eşidirdim. Bəyəm indi Xuanı dala qaytarıb deyə bilərdimmi ki, keçmişi mən də xatrlayıram?! Artıq gec idi! Onunla mənim aramda bir dünya var idi. Ürəyim yenə sancılandı. Günəş də tutqunlaşdı, yağış hazırlaşırdı. Ətrafdakı hər şey sönük, bezdirici, ümidsiz idi.

Yuyun səsini daha eşitmirdim. Qoy o və başqaları mənə ehtiyatlı olmağı tapşırsınlar. Amma mən daha gizlənməyəcəyəm. Küçəyə çıxmalıyam, nəsə etməliyəm. Sonra çox gec olar!

- Yuy, gəl Çengilə gedək.

- Yağış yağır axı. – Yuy gözlərini sildi.

Pəncərəyə baxdım. Yağışın ilk damcıları şüşəyə çırpılıb süzülürdü. Dodağıma acı gülüş qondu. Sakitlik idi. İnad etdim. Yağış bizə neyləyəcək? Getdik!

1936

* Gül adı

Tərcümə: Həmid P.