Çağdaş Azərbaycan şeiri içrə gəzişmələr
Tənqid
- 17.12.2012
- 0 Şərh
- 3418 Baxış
Elnarə Akimova
İlk baxışda belə görünə bilər ki, bu gün yaranmış nəsr bumunun içində sanki şeir bir qədər zəifləyib, onun ədəbi prosesin irəliyə doğru təkamülündə rolu arxa plana keçib. Bu həqiqətən belədirmi, yəni doğrudanmı "elə bir dövrdəyik ki, nəzm olub xar?” Ötən ilin poeziya nümunələri ilə tanışlıq bunun heç də belə olmadığını sərgiləyir. Dövri mətbuatda, ədəbi portallarda, müxtəlif dərgilərdə yer alan saysız-hesabsız şeirlər, o cümlədən şeir kitabları poeziyanın öz əzəli funksionallığını saxladığı qənaətini doğurur. Hətta qürbətdə yaşayan şairimiz M.İsmayıl ən son müsahibəsində milli şeirimizin intibah dövrünü yaşadığını da deməkdən çəkinmir. Təsadüfi deyil ki, digər şair V.B.Önər də öz müsahibəsində "nəsr şeiri arxada qoydumu” sualına belə cavab verir: "Bu heç vaxt ola bilməz. Şeir ədəbiyyatın ən xalturasız janrıdır. Orda nəinki artıq bir sözə, heç artıq bir nəfəsə də ehtiyac yoxdur.” Elə bu fakt da təsadüfi deyil ki, 2011-ci ilin Nobel mükafatını şair-isveçli yazıçı, tərcüməçi Tomas Tranströmer aldı.
Zaman dəyişir, gərginliklər artır, bütün dünya sanki bir xaos içindədir. Amma dünyanı düşünən aydınlar həyəcanı, narahatlığı dəf etməkdə yenə poeziyaya köklənir, zamanın harmoniya və mənəvi kamillik axtarışlarında şeirin nəfəsi ilə xaosu dəf etməyə, üstələməyə çaba göstərirlər. Ötən il sentyabrın 24-də yüzə yaxın ölkədə eyni anda ilk dəfə olaraq "Dəyişiklik üçün 100 min şair” poeziya festivalı təşkil olundu. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyində də "Dünya şeir bayramı günü” keçirildi. Hər halda poeziya sahəsində müəyyən ətalət yaranıbsa belə deməli, bu artıq bütün dünya səviyyəsində narahatlıq doğurur və aparılan bu kimi şeir hərəkatları onun əzəli gücünün bərpasına pozitiv qida verir.
Bu gün elə bir informasiya açıqlığında yaşayırıq ki, bütün dünya şeirini tanımaq şansımız var. Amma bu, təbii ki, məsələyə birtərəfli baxışdır. Önəmli olan bizim özümüzün də kifayət qədər seçilən sözümüzün, poetik yaşamımızın dünya informasiya məkanına çatdırılması, onun oxunması, tanınması üçün çaba göstərilməsidir. Bu baxımdan, 2011-ci ildə nail olduğumuz bir-neçə fakt var ki, həmin yöndə atılan müqtədir addımlardandır. Ötən il Tehranda "Məxməri inqilab” Modernist Azərbaycan Poeziyası antologiyası çap olundu. "Yaşmaq” kitab seriyasından olan və iki min nüsxə ilə çap olunan kitabda Ə.Kür, T.Abdin, S.Babullaoğlu və b. şairlərin şeirləri çap olunub. Bu sıradan, daha bir məqam-gənc şairlər Qismət və Əli Əlioğlunun Gürcüstan Yazıçılar Birliyinin təsis etdiyi Vaja Pşavela adına Ümumqafqaz Poeziya müsabiqəsinin qalibləri sırasında yer almaları bu yöndəki uğurlarımız sırasındandır.
***
Poeziya daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub və məna çalarlarına imza atıb? Yəni, bu dəyişikliklərə, fərqli düşüncə kontekstinin parametrlərinə əsaslanıb poeziyamızın tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kontekstdə fikirlərimizə izah etməyə çalışaq. Bəzi şeirləri oxuyanda hiss edirsən ki, dəyişən sadəcə sovet dövrünün imperativləridir, əmək qəhrəmanlarının, qırmızı bayraqların tərənnümünə, rejimin tərifinə, şəxsiyyətə pərəstişin təqdirinə, gülün-bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsinə formal olaraq son qoyulub. Yəni, əvəzində eyni patetik formada çılız vətənpərvərlik hisslərini təsvir etməklə, ilin-günün bu vaxtında cəmiyyətdəki ictimai-siyasi proseslərə fəal müdaxilə yolu tutmaqla deyil, gözlərimizi və qulaqlarımızı yağır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi böyük məqsədə çevirməklə. Halbuki, ənənəvi ritmi və intonasiyanı özündə daşıyan köhnə şeir müəllifləri var ki, şeirlərinin təravəti əzəli poetik gücünü və siqlətini qoruyub saxlamaqdadır. Bu mənada, ötən ilin poeziya nümunələrini izlədikcə yaxşı mənada heyrətləndim, bir daha fərqinə vardım: şeirin uğurlu alınmasında yaş senzi yoxdur. Biz nədənsə, yaxşı, təzə-tər şeiri gənclikdən oxumağa öyrəşmişik, halbuki, yaşlı nəsildə də poetik yaşam öz gücü və siqləti ilə seçilir, lirik duyğularla oxucu qəlbinə hakim kəsilə bilir. Musa Yaqubun, Məmməd İsmayılın, Sabir Rüstəmxanlının, Füruzə Məmmədlinin, Mehman Qaraxanoğlunun, Rafael Tağızadənin, Nazir Rüstəmin, Sabir Sarvanın son illər yaradıcılığı bu qənaəti hər dəfə təsdiqləyir. 1960-80-ci illər şeirinin bioqrafik ölçüləri bu şairlərin poetik qəhrəmanlarının birbaşa "mən”ində ifadə olunur. Onları oxuduqca istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan:
”Desələr şeirimin avazı köhnə,
Od kimi, su kimi köhnəyəm, bala”
Musa Yaqub əvvəlki kimi poeziyasını təbiət rübabı üstə kökləyib. Bütün yaradıcılığı boyu biz M.Yaqubu belə gördük, belə tanıdıq. Təbiət daim şairin hisslərinin tərcümanı oldu, içindəki yanğıyla qara daşa can verməyə çalışdı. Musa Yaqub təbiətə aşinalığını gənclik illərindən bu günədək quruyub saxlayıb. Onun yaradıcılığında sözlə təbiətin təması ruhla canın vəhdəti kimidir, biri digərinin məhəbbət, ilham qaynağıdır. Budur, artıq ömür qüruba enib, şair "yol üstündə qoca dərvişə” çevrilib, fəqət onun lirik-romantik poeziyasında təbiət yenə də əvvəlki kimi canlı və qüdrətli obraz səciyyəsindədir.
Söz padşahın, dağlar hələ bizimdi,
Orda izim, amma köhnə izimdi.
Yoxuşlarda gücdən düşən dizimdi,
Ayaqlarım daş cığırı tuturmu...
Daha mənə gül verərmi yaylağım,
Göz-göz olub buludundan mən yağım.
Palıd kökü qayalarda qarmağım
Qövsi-qüzeh göyə qurşaq atırmı?
Sabir Rüstəmxanlının "kulis.az”saytında yer alan yeni şeirləri müəllifinin bir çox mətləblər haqqında poetik düşüncələrini sərgiləyir. Qarabağ mövzusundan tutmuş təbiət lövhələrinin təsvirinə, kənd nisgilinə, istimai-siyasi gündəm mövzularına və o cümlədən, sevgi duyğularının çözümünə qədər...
Nəfəsim gəlib-gedir
Ağlım da başımdadır.
Bir yol var keçmişimdə
Bir yol da qarşımdadır.
Gül yolu, çiçək yolu,
Göz yolu, ürək yolu
Var olmağın tək yolu
Sonsuz savaşımdadır.
Bu şeir həyatın meditativ çözümünə köklənməklə yanaşı Sabir Rüstəmxanlının yaşam kredosu kimi də səslənir. S. Rüstəmxanlının şeirləri müəllifinin vətəndaşlıq mövqeyinin fəallığının göstərisidir. Bu coşğu, savaş əzmi şairin demək olar ki, bütün şeirlərinə hakimdir, vətən mövzulu şeirlərində qisas, ictimai-siyasi mövzularda etiraz, təbiət, kənd lövhələrinin təsvirində heyrət, sevgi duyğularının çözümündə isə həsrət şəklində üzə çıxır:
Könlümdə əbədi gəncliyin odu,
Bəs həsrət deyərək çağlayan nədir?
Yoxsansa, yoxluğun sevgisi olmaz,
Varsansa, bəs yolu bağlayan nədir?
Sabir Rüstəmxanlının sevgi şeirlərində lirik ovqat yaşanmış duyğuların təzahürü kimi canlı, poetik alınır. Düzdür, şair bəzən bu şeirlərdə sevgi əvəzinə sevgi effekti yaradır, lirik düşüncə poetik yaşamın nəticəsi kimi mənalanmır. Məsələn, bu şeirdə olduğu kimi:
Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə.
Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə.
Dolsun gözləriməAy işığıtək
Qoxlayım sübhədək çiçək yerinə.
Yanğımı soyudan sərin suyumsan,
Ya da bərəkətim-çörək yerinə.
Daha taleyindən danışma mənə
Toxunma qəlbimin kövrək yerinə.
Qeyd edək ki, şeirimizin yaşlı qanadında seir rübabı əzəli gücünü və poetik siqlətini saxlayıbsa belə ümumilikdə pessimist ovqat, ruhi düşkünlük, küskünlük duyğusu onların şeirlərinin aparıcı xəttinə çevrilib. Bunu həm yaşın gətirdiyi ovqat dəyişimi- "nəslin yarpaq tökümünün”, xatirəsi yaddaşlara köçənlərinin nisgili ilə, həm də arzu və istəklərin zamanın sərt işləkləri önündə fiaskoya uğramasıyla əlaqələndirmək olar.
Məsələn, Musa Yaqub fəal ictimai mövqeyini, eləcə də aşinası olduğu təbiəti vəsv məqamlarını şeirlərində sərgiləməyi təqib qılsa da onların canına hopan ağrı, nisğil şairin demək olar ki, bütün şeirlərindən boy verir. Musa Yaqubun son illər yazdığı şeirlərə küskünlük, yorğunluq, zamandan şikayət kimi məqamlar hakim kəsilib. Şairin şeirlərinin hətta adları belə bu ovqatı sərgiləyir: "Nə olacaq, olacaq”, "Payıza gedir ürəyim”, "Ümidin sarı qanadı” vəs, və i.
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim sovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan sonra nə olacaq, olacaq.
Yaxud:
Keçən günüm, solub gedən gülümsən,
Günbatanda bir də mənə gülümsə.
Sarı gəlin qürubda da gülümsər,
Mənim ömrüm qürubumda qan ağlar.
M.İsmayıl, F.Məmmədli, C.Yusifzadə, S.Sarvan, Z.Qafarlı, Ə.Mədətoğlu və başqa şairlərin son dövr yaradıcılığı üçün də pessimist əhval-ruhiyyə xarakterikdir.
Qardaşlar! Bizi sevməyən günlər gəldi,
Ağızda diş seyrələn kimi sıramız seyrəldi.
...Gözəl günlərimiz xəzandı indi.
Bağban fələk od vurub yandırır; tüstüsü zil qara.
O tüstünün gölgəsində yazdım bu şeiri.
Bir nüsxəsi sizə çatacaq,
O biri –torpaq olmuş dostlara...
(Sabir Sarvan)
***
Şair Ramiz Rövşənin 1965-ci ildə yazdığı "Onbirlik üstündə” şeiri bu misralarla başlayırdı: "Gəlir təzə şeir, hecasız şeir, O "gül”süz, "bülbül”süz, hicransız şeir”. Həmin illərdə bu misraların poeziyada səslənişi "yeni hava”ya işarə olmağla yanaşı ardınca poetik yeniliklər gətirəcəyini vəd edirdi: Bəs bu gün necə? Ötən ilin şeiri nümunələri ilə tanışlıq göstərir ki, milli şeirin bioqrafiyasını daşıyan heca vəzninin meydanı getdikcə daha çox daralmağa başlayır. Bunu yalnız gənc ədəbi qüvvələrin deyil, elə yaşlı nəslin ifadə tərzində də görməmək mümkün deyil. Baxmayaraq ki, yaşlı nəsil "öz keçmişindən” heç də gülə-gülə yox, ürək ağrısı ilə ayrılır. Ç.Əlioğlu "Əlvida, on birlik heca şeirim...”də heca vəzninin meydanının daralmasına etiraz edir:
Dəyişdi dövranın avazı, ritmi,
Dedilər, bambaşqa ovqat doğulur.
Vəzndə dedilər, nə əksən bitmir,
Ciddi çərçivədə ahəng boğulur.
...Açıldı şeirə yeni bir axın,
Bəli, başqa dedik ovqat doğulur!
Bəs niyə demədik, bir yaxşı baxın:
Hər yüzdən tək biri babat doğulur.
"Yenilik” aşiqi, naşı "şəyirdlər”
Nəzmin ağ bəhrində sərbəst üzürlər.
Bax, meydan sulayır, at səyirdirlər
Sənə əski deyir, ağız büzürlər...
Nəzərə alsaq ki, yeni dövr poeziyasında ənənə zəncirini qıran və postmodern düşüncə tərzini ehtiva edən bir çox şeirlərin müəllifi də elə Ç.Əlioğlu olmuşdur, şeirdəki nostaljini, xəfif kinayəni də başa düşmək olar. Yola saldığımız ildə heca vəznində rast gəldiyimiz uğurlu poetik nümunələr şairlərin bu kontekstdə mühafizəkarlıqlarını qoruduqlarını sərgiləyir. V.Bəhmənli qoşmanın, B.Sadiq gəraylının uğurlu örnəklərini təzə-tər duyğuların qanadında poetik müstəviyə çıxarırlar.
Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı
- yazan şairə F.Məmmədli ona düşən "iki sözü”ü ötən il çap olunan iki kitabla deməyə çalışdı: "Dərd üzünü gizləyir” və "İki damla dəniz” kitabları ilə. Birinci kitabda şairənin heca, ikincidə isə sərbəst vəzndə yazdığı şeirlər yer alıb. F.Məmmədlinin sərbəst vəzndə yazdığı də şeirlər poetik cəhətdən uğurlu alınır, demək olar ki, müəllifn hecada istila elədiyi yeri sərbəstdə qazanmaq imkanı real görünür.
Yenə gözlərin
dənizi
çəkib gətirdi
qəlbimin
səhra quraqlığına.
Yenə baxışların
mavi göyləri endirdi
içimin qaranlığına;
cücərdi qəlbimdəki
ümidlərim.
Içərimin künc-bucağı
işıqlandı.
Qaldırdım
dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:
"Dünya gözəldir!”
Firuzə Məmmədli sözün məsuliyyətini dərk edən, özəl poetik yaşamı ilə seçilən şairlərdəndir. Hətta əminliklə deyim ki, Qarabağla bağlı poeziyamızda yaranmış müharibə mövzulu şeirlər daha çox onun poetik düşüncəsində layiqincə təcəssümünü tapa bilir. Son kitabları da müəllifin mövzuya həssaslığını bir daha təsdiqlədi. Məncə elə bu mövzunun şairədə yaratdığı deqradasiyanın, ümidsizliyin nəticəsidir ki, Firuzə Məmmədlinin son şeirləri dünya işləklərinin, siyasət oyunlarının, ictimai, mənəvi tənəzzül məqamlarına həssasdır, şikayətçidir, barışmazdır.
Tükənmir də gün-güzəran dərd-səri,
Yoxa çıxıb həyat-ölüm sədləri.
Tanrım, elə ağırlaşıb şərtləri,
Çəkmək olmur şələsini dünyanın.
Bir anadır, doğduğundan pərt olub.
Yuxa qəlbi, yumşaq üzü sərt olub.
Yerdən-Göyə bir çəkilməz dərd olub,
Qarabağı, Fələstini dünyanın.
Dünya konteksti poetik fikrimizdə daim narahat düşüncənin mərkəzində olub. Bu gün dünyada baş verən qarışıq proseslər, çalxanmalar, hədsiz informasiya bolluğunda yüklənən düşüncənin poetik dünyadüyumu bəlkə daha artıq zamana müvafiq çeviklik, hadisələrə yönəli olan münasibət fəallığı tələb edir. Budur, şeirlərində daim ekzistensial məqamlara, mətləblərə həssas olan Qulu Ağsəs çağın mənzərələri içrə gəzişir, bu gəzişmə mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərlərinin hesabatını dini-ilahi qatda arayır. Bəşərin qarışıq mənzərələri önündə çaşqınlığa uğramış insanlığı itirdiyi ilahi bağlara bağlamağa çalışır:
Sular sonası da su altda qalıb,
Yağış havası da su altda qalıb...
Örtüb üstümüzə bu yağış-ağı,
Biləndə ölmüşük -enib aşağı
Onda gələcək ki, haya Yaradan
Sağ ikən görməsin onu bir adam...
Dünya konteksti fonunda qabarmış hər cür çalarlar- lirik, dramatik, əxlaqi-didaktik, seyrçi-fəlsəfi notlar şair Vaqif Bəhmənlinin ötən il çap olunan "Hamı” adlı kitabında uğurlu təcəssümünü tapır.
Hansı namərd kəsib kəndiri görən,
Tanrı niyə düşüb quyu dibinə?
İndi ağırsa da, heç batma yasa,
Axı nə faydası, Tanrını çağır?
Əgər haray çatan bir quyu varsa,
O quyu içindi, içinə bağır!
V.Bəhmənlinin "Hamı”da yer alan qoşmaları isə klassik aşıq havasının, havacatının ritmini, ruhunu, bədii siqlətini o qədər mükəmməl ifadə edir ki, oxucunu mil il əvvəlin aşıq şeirinə çəkib aparır.
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda!..
Lütf elə, bu sirri kimsə bilməsin,
Kəsik baş gəzdirən kisə bilməsin,
Məscid eşitməsin, kilsə bilməsin,
Qalsın Allah ilə öz aramızda...
Hecadan sərbəstə keçidi hələlik uğurla realizə edən şair Balayar Sadiq bir çox şeirlərini metafora ilə, bədii sual, bədii xitablarla yükləyir, bəzən bu hədsiz (bəlkə də yersiz) istifadə olunan ifadə vasitələrinin yükü altında müəllifin demək istədiyi mətləb görünmür. Şeirin sənin beynində doğurduğu assosiasiyaları yara-yara gedirsən və...üzünə heç nə hasil etmədiyin mənzərə açılır, xərclədiyin yolçuluq enerjisinə heyfin gəlir.
Gördünmü heç
Sükutun
köynəyini çırıb,
necə kişnəyir çöllər?
Sörüşdünmu, gecələr niyə
qaraltıya hürür
ağaclar?
Daşların
yaddaş damarını tutub,
ürək döyüntülərini
saydınmı heç?
Bu suallar
palçıqlı kənd yoludur.
Ayaqqabından
uğursuz abituriyent
əhvalı boylanır.
2011-ci ildə "Ulduz” jurnalında B.Sadiqin "ömrün gəraylı çağları” silsiləsindən gəraylıları çap olunub. "Ömrümü su basdı”, "Ömrümün əsəl yeri”, "Həyat bir əlçim məktubdu”, "Bir payız nağılı”, "Göz yaşımı sər” vəs., və i.- bütün şeirlərdə həyatın, ömrün faniliyinə, puçluğuna köklənmək kimi bir mövzu, məzmun monotonluğu varsa da, uğurlu poetik ifadələr bu qədim janrı fərqli biçimdə bədii müstəviyə gətirir. Məsələn, "Qəbirlər torpaq çəpərdi,/ Həyat-ölüm arasında”; "Səp ömrün söz qoxusunu,/ Alın qırışın altına”; "Üzürəm bir göz yaşımda,/İçimdəki sözə sarı”; "Kipriklərim dar ağacı,/ Asıb özünü göz yaşım”; "Ana, bir dəsmal əvəzi,/ Gözlərimə sözü sarı”. Şair bir növ şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqinda meditativ düşüncələrini bölüşür, amma dünəndən bu günə, keç(il)miş zaman(ın)dan indilərə varmaqla- axı bunlar "ömrün gəraylı çağları”nın məqamlarıdır.
***
Qeyd elədik ki, yenilik, daxili təzələnmə ədəbiyyata daha çox gəncliyin, gənc nəslin qədəmləri ilə daxil olur. Burada bir zaman-nəsil asılılığına, təsirlənməsinə ehtiyac hiss olunur. Nədən ki, şairin yetişdiyi, poetik təfəkkürünün formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Yəni, mübadilə qarşılıqlıdır: " Hər dövr və nəsil öz şairini elə ona görə böyük poeziyaya gətirir ki, əvəzində şair də öz nəslini, dövrünü böyük poeziyaya gətirsin. Əks təqdirdə isə, bu böyük bədii estetik qanunauyğunluğun pozulduğu yerdə isə poetik nəsillər və fərdiyyətlər arasında təbii münasibətlərin də qanunauyğunluğu pozulur və tarixə, əbədiyyətə yeni nəsillər əlavə olunmur.” (Yaşar Qarayev. Ədəbi üfüqlər. Bakı, Gənclik, 1985, səh.35)
Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeirləşmə- bu sahələrin arasında çulğalaşma, yaxud differensiallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziyasının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş şeirdə bu iki hissin parametrlərini ayırd etmək və şeirə onlardan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq olmur. Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellektuallıq arasındakı təzad, fərq aradan çıxmaqdadır. İllərdir ki, milli şeirimizin canına hopmuş pafos, patetika daha sürətlə düşünər, intellektual məcraya yönəlir. Xüsusilə, poeziyaya yenicə qədəm qoyan gənclər fikir buxovunu daha çox sərbəstdə, düşündürücü kontekstdə mənalandırmağa çalışırlar. Gənc şairlərin şeirlərinə zamanla barışmaz mövqedə dayanan şair obrazı gəlir. Hətta vətən, şəhər, torpaq anlayışları belə bu şairlər üçün zamanı dərkin dərinlik ölçüsü kimi mənalana bilir. Bir qism şairlərdə bu qəlb iztirabları şəklində, bir qismində isə zamanın acı gerçəklərini qəlbindən daha artıq zehnindən keçirərək ifadə eləməsiylə sərgilənir. Niyə belədir? Bəlkə ona görə ki, gənclərin yaradıcılığında ömrün uşaqlıq fəsli artıq yoxdur. Rojdestvenskinin məqalələrinin birində belə bir fikirlə rastlaşırıq: "Uşaqlıqdan savayı deyiləsi nə var ki...”. Birdən birə böyümə, vaxtından tez müdrik olmağa çalışma sanki poeziyamıza bir ağırlıq gətirib. Abstrakt mühakimələr, fəlsəfi dramatizm və sərt psixologizmlə süslənmiş şairlərimizdə bəlkə çatışmayan nəsnə də elə bu məqamla bağlıdır: uşaqlığın nağıl kimi şirin aldanışı əvəzinə "daha nağıllara inanmayacaq qədər” böyüməyin anlamaq dərdi. Hətta ən son gəncliyi təmsil edən yeni imzaların şeirləri belə dünyanın meditativ çözümünə, seyrçi-fəlsəfi inikasına köklənib. Məsələn, onlardan birinin, Aqşin Evrənin "Həqiqətin iç üzü”, "Öyrəndikcə qocalıram” şeirlərinin adlarından artıq müəllifin ehtiva elədiyi fəlsəfi mündəricə məlum olur.
Həyatdan iki əlli yapışmışıq,
əziz dost,
Salam verməyə də boş əlimiz qalmayıb…
Nə gülər gözlərimiz var,
nə çatılmış qaşlarımız
Həqiqəti hayqırmağa da dilimiz qalmayıb…
Zamanın dəyirman daşları
üyüdür cizgiləri…
Gənclərin modernizə axtarışları, eksperimentləri davam edir. Onlar daha çox qərb cərəyanlarının təsirinə düşərək həyat, zaman, fərdi əhval-ruhiyyələri ilə bağlı məqamlara varırlar. Bu şeirlərdə kanonik şeir təsəvvürlərini qırıb da fərqli duyğular vasitəsilə yeni zamanın düşüncələrinə, durumuna varmaq meyli qabarıqdır. Bəzi məqamlarda bu şeirlərlə poetik fikrimizdəki sözün sərt həqiqətləri, fakt və detalın bədii emosiyası bir qədər də güclənir, estetik fəallığını artırır, bəzən də bu cəhd "beyindən də, ürəkdən də əli üzülmüş absurd mətnlər”(A.Məmmədov) şəklində meydana çıxır. Detallara varaq.
Əli Əlioğlu həyatın sərt işləkləri altında təzyiqə düçar olan insanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və onu öz keçmişinə layiq şəkildə davranmağı təlqin edir: "Atanızı şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə Əli insanı bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır. A.Əlioğlunun şeirlərində ilk baxışda, sevgi də var (məs., "İzabellaya yazdığım şeir”) lirik həyat lövhələri də, cəmiyyət hadisələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə hüdudlarının var-gəl etdiyi müstəvilər də ("Uşaq səsi”, "Yetimlər”). Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi, tənhalığı və ruhi sərgərdanlığı dayanır:
Tarix kitabını eşələdim,
Mən yox idim...
Xəritəyə baxdım,
tapammadım...
ağacların dalına girdim
budaqların arasında
gizlənib dayandım:
hardansa uşaq səsi gəldi,
çıx, tapdım...
O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin, predmetin mənalandırılmasından nəşət edir, o zaman onlardakı poetik yaşam da real, canlı təsir bağışlayır. Əks halda, müəllifin lirik qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, belə məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, mühakimələr və sillogizmlər şəklində meydana çıxır.
Sökük divarlardı vətən,
Qazılmış yerdi torpaq...
Soyuqqanlı qadındır ana,
Küçələrə tökülmüş
ölü göyərçinlərdi yollar...
...Məzar torpaqdan başqa bir şey deyil,
Şəhid də məzardan başqa...
Ümumilikdə, bu hər şairdə nə qədər alınır, milli ölçilərin izi, təcrübəsi burda nə qədərdir, düşündürür. Məsələn, deyək ki, yuxarıda nümunə gətirdiyimiz Alik Əlioğlunun impressionist şeirləri bu güc qarşısında durum (davam) gətirə bilirsə, digər gənc eksperimentçi yazarı- Mətləb Muxtarovun sürrealistik baxışları fiaskoya uğrayır:
Bizi həbs etdilər yağışlı oktyabr gecəsi
məni, Pablonu və azadlıq heykəlini
ayaqqabısı cırılmışdı gecənin,
su keçirirdi başımıza, islanmışdıq.
Azadlığın əlində yanırdı molotov kokteyli
yağış onu söndürməmişdi,
yağış onu söndürə bilməzdi,
çünki yağış bizim dostumuz idi.
Yəni, burda şairin nə demək istədiyi tam aydın olmur. Müəyyən nəzərəçarpan detallara rast gəlsək də ümumən, poetik mexanizm bütün gücüylə işləmir. Şeirin yaranmasına təkan verən impuls, enerji yetərincə deyil, çünki ilk əvvəl şairin ruhunun dayaqlandığı milli mündəricə zəifdir və bu təəssüf ki, çağdaş poetik təsərrüfatı təklik edən yüzlərlə şeir nümunələrinin səciyyəvi xüsusiyyətidir.
Ötən ilin poeziyasında modernizə cəhdlərini uğurla realizə edən gənclərdən Qismətin adını çəkmək olar. "Onun şeirləri modernist forma axtarışları ilə diqqəti çəkir- istər qrafik, istər struktur, istərsə də obrazlar sistemi baxımından. Bu şeirlərlə poeziyaya yeni nəfəs daxil olur, intellektual şair obrazı yaranır, həm də ...təhqirsiz, hər çür vulqarizmlər, yardımçı vasitələrə üz tutmadan. Bunu görmək üçün təkcə elə onun bəzi şeirlərinin adına baxmaq yetərlidir- "Eşqin gözləri Vanqa”, "Panelopa və ümid”...(Ə.Cahangir)
Bəzən dünyadakı
təkrar səhərlərdən,
yorğun axşamlardan bezib,
bütün, bütün adamlardan bezib
dəli bir axtarılmaq həsrətiylə
itmək istəyir adam.
"Getməyin qeyri-mümkünlüyü” şeirindəki bu sərgərdanlıq, bir qədər əvvəl bəhs etdiyim için çöküşü, dekadans ovqatı Qismətin də bəzi şeirlərində sərgilənir və bu təbiidir. Digər yaşıdları kimi bu gənc də üzərinə çox böyük yüklər götürür, "dünyanı düşünmək yükü”nün yorğunluğu isə hərdən ona da özündən, içindən qaçış diqtə eləyir. Amma gənc yazar bununla belə "getməyin qeyri-mümkünlüyü”nü hiss edib (bizə tanış olan "bu Ramizi kim aparar, bu Ramiz olmayan yerə” misralarının sərgilədiyi həmən rakursdur) ruhun nəhayətsizlik sevdasına tapınaraq dünyaya, yaşamağa ehtiraslı bir ümid işığı axıdır. "Bağışlanma” şeiri bu məzmundadır:
Özünə məhkum olduqca
özün cavab verdikcə öz suallarına
çəpərlərin böyüyər, hasarların ucalar
adamlar o tayda qalar,
sən eynəklərin arxasında...
***
Ötən il poeziyada hansı mövzular qabarıb, yaxud belə deyək, hansı mövzularda yeni çalarlara varılaraq poetik yaddaşımız təzələnib.Vaxtilə poetik fikri zəbt edən kənd, el-oba, doğma ocaq məfhumları indi öz yerini daha çox şəhər, vətən anlayışlarının təsvirinə verib. Bu ifadələr əlbəttə, daim poetik sözün təcəssümünə çevrilmiş, bu və ya digər şəkildə şeirimizin əsas qanadını təmsil etmişlər. Ötən ilin poeziyasına nəzər saldıqda onun şəhər həyatına həssaslığını, bu mövzunun şeirimizin aparıcı qollarından biri olduğunu görürük. İstər köhnə Bakının əzəli mahiyyətinə, əxlaq prinsirlərinə sadiq qalan yaşlı nəsil, istərsə də paytaxtın gördüklərindən daha çox eşitdiklərinə, oxuduqlarına rəğmən nostaljisinə dalan gənc nəsil eyni çaba ilə onun dünənindən ayrılmaq tendensiyasını tənqid edirlər. S.Rüstəmxanlı "Xarici”yə etiraz edir, B.Sadiq "Hələ də mazuta bulaşmış əllərimi axtarıram, dostum ingilisin ciblərində...” deyir, Salam Sarvan "Belə də ölkə olar, ərazisi neft quyularının dərinliyindən, məscid minarələrinin hündürlüyünəcən”- deyə heyrət edir, X.Hüseynzadə "bu şəhərin göydələn burnu /havalarda, dostum... /Göz oxşayan parklar da/ yabançı bizə. /Daha ot da kökü üstə birmir / bu şəhərdə. /Xaricdən gətirirlər... /Burası bizə görə deyil, dostum, /Gedək burdan...” təklifini edir, Sabir Sarvan "Hər şey yenidir şəhərimizdə /Qabaq dişləri çoxdan çürüyən,/ Durmadan çörək dalınca yürüyən /Fəhlələrdən savayı” misralarında kinayə, qəzəb, ittiham tonu ilə düşüncələrini bölüşür. Bir sözlə, Bakının obrazı, onun yadlaşan, yaddaşsızlaşan görkəmi şeirimizə gəlməyə başlayır, özü də necə varsa eləcə: haşiyəsiz-boyasız, sərt neqativləri və mürəkkəbliyi ilə. Bu mövzu poeziyamızın ictimai-sosial məqamlara mövqeyinin güclənməsinə təsir göstərməklə yanaşı, onun axtarışlarına yeni istiqamət aşılamışdır. Bu şeirlərdə əsas, fərqli olan nəsnə şəhər, vətən anlayışlarının dünəndən fərqli şəkildə sərgilənməsidir. Onlarda şəhər, daha geniş kontekstdə vətən anlayışının şeirə gətirilməsi məqamı daha çox üsyan, etiraz xarakteri daşıyır. Hətta bu etirazı bir qədər əvvəlki dövrün, müstəqillik dönəminin ilk on ilinin poeziyasındakı revanşist ovqatla, ondakı radikal mövqe ilə müqayisə eləmək də olar. Həmin dönəmdə poetik fikrimzi zəbt edən, daha dərinlərə işləyən balta, kəsər indi daha çox etirazı sakit, həlim şəkildə deyib keçmək ədasına verib.
Gənc şair Qismətin 2011-ci ildə işıq üzü görən "Meqapolis hüznləri” kitabındakı şeirlər "sürətlə meqapolisə çevrilən Bakının yeni kodlarını, şifrələrini nişan verir.” Qismət şeirlərində yeni dünyanın, yeni insanın, yeni Bakının poetik lövhəsini yaradır. Bu sadəcə, təsvir etmək, az qala hamımıza tanış mənzərələrin, problemlərin, lövhələrin sözdə sərgilənməsi deyil, bu həm də poeziyanın yeni düşüncə, yeni poetik nəfəs orbitindən zamana çıxışıdır. Qismətin şeirlərində Bakının obrazı ictimai-siyasi, sosial müstəvilərdən şeirə gətirilir. Onun etiraz elədiyi yeniliyin alt qatında biz köhnə Bakının portretini görməyə müvəffəq oluruq. Qismət heç nə demədən oxucunu o qədimliyə apara bilir. Sanki bu nostalji duyguları misraların içinə hörülür, o qədər ki, qaldırılan hər layın altında bu hissləri duyub yaşamamaq olmur.
Nədir səni belə qəfil dəyişən,
De, görüm tufanmı qopub içində ?
Sən ki, qocaldıqca lap gözəllləşən,
Gözəl bir qadınsan şəhər cildində…
Götür bu dəsmalı sil o boyanı,
Səndən olmayana daha qoyma qol.
Tulla geyindiyin o dikdabanı,
Bir az balaca ol amma Bakı ol.
"Deyilişin tonu, münasibətin tipi elədir ki, mətn deklamasiya çərçivəsindən çıxır, ittiham aktı olmur, yəni bu hər gün baş verən hadisələrin ruhumuzda kəsişmə yeri deyilən fikirlərə nöqtə qoymur, alt qatdakı dərin məzmunun üzə çıxmasına yardımçı olur. Klassik şeirdəki "ikimərtəbəlik” burada da özünü göstərir, bir mərtəbədə seyrçi təsvir, o birində heç kəsə sırımaq istəmədiyin düşüncələrin. Qismətin səmimiliyi, onun hadisəyə, təsvirə münasibətində aydın şəkildə nəzərə çarpır.” (C.Yusifli)
Çırpmır ! üstündəki torpaqdı, gildi
Qanmır ki, o əvvəl belə deyildi,
Bir Allah bilir ki, son neçə ildi
Xəzərdə üzünü yumur bu şəhər
Hər tində ümidə bir qəbir qazan,
Adama xəcalət çəkdirən şəhər.
Şairi acından şeirlər yazan,
Mollası villalar tikdirən şəhər
Neyləyim sevməyə bilmirəm səni…
Qismətin əksər şeirləri Bakıdan, burada müşahidə etdiyi hadisələrdən, yaxud içərisində yaşatdığı duyğularından, həyat, ölüm və dünya ilə bağlı düşüncələrindən yaranan şeirlərdir. Qismət bu şeirlərdə, hətta ictimai məzmunla dolu şeirlərində belə heç bir hay-küy salmadan sadəcə müşahidəçi mövqeyi tutur, naturallığın duyumunu verməyə çalışır, hadisələri, gerçəkləri, yaşadıqlarını şeiri ölçüsündə, məna dərinliyində ifadə eləməyə nail olur. Hətta baxın, təbiətin ən gözəl hadisələrindən olan yağış məfhumuna gənc şairin yüklədiyi bəşəri çözüm nə qədər maraqlı və məzmunludur:
Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...
Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.
Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları...
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...
İlk baxışda yağışı təsvir və tərənnüm təəssüratı yaradan bu şerin mahiyyətində təbiətə baxışımıza yeni rənglər, çalarlar əlavə edən, onları yeni biçim və ahəngdə sərgiləyən motivlər var. Bu yenilik mahiyyətin tam ayrı biçimdə dərk edilməsi və bədii mətnin hər bir canlı toxumasının içində dəyişiklik yaratmasıdır. Şerdəki vəzn, musiqilik sözün sirayət gücünü birbaşa hisslərimizə yeridir, ondakı mövcud assosiasiya təfəkkür tərzimizi hərəkətə gətirir, daha sonra beynimizə, düşüncəmizə yeni məna, məzmun aşılanır, o qədər ki, oxucunu yağışın möcüzə yaradacağına, onu ağrılardan qoparacağına inandıra bilir.
Qismətin şeirlərində sosial-ictimai narazılığın ünvanı hələ şəhər obrazında üzə çıxırsa, R.Rövşəndə bu kontekst vüsətlənib vətən miqyasını alır. Son illər Ramiz Rövşənin yaradıcılığında müşahidə elədiyimiz qəzəb, sərt mövqe onun demək olar ki, bütün ictimai məzmunlu şeirlərinin əsasını təşkil edir. Şairin "Təpədən dırnağa hirs içindəyəm”, "Azad qadın heykəli”, "Nə gündəsən, Vətən” kimi şeirlərində şairin qəzəbinin, narazılığının ünvanlandığı hədəflər məlumdur. Cəmiyyətin sosal ziddiyyətləri və neqativləri. O qədər ki, şairin hətta dilənçi bir qadını belə şeirinin predmetinə çevirərkən bu ziddiyyətlərin fonu, periferiyanı deyil, əsas dominanat müstəvini zəbt etdiyini görürük.
Mənim daş olmağa yoxdur həvəsim.
Daş olub lap ulu Füzulinin də
Yanında durmağa yoxdur həvəsim.
Mən sənin yanında dururam, sənin.
Küçənin tinində dilənən qarı.
Başından var-dövlət yağan ölkənin
Bəxtəvər günündə dilənən qarı.
Deyirlər, əsl şair ruhu zamanla müxalif davranır. Ramiz Rövşənin şeirlərində zaman və ona müxalif davranan şair obrazı şəxsiyyət və cəmiyyət antiqonizmi şəklində üzə çıxır. Hərçənd şeir qəzəbi, aqressiyanı sevmir. R.Rövşən poeziyasının məzmun, mündəricə, fəlsəfə qatı həmişə bu məqamlara- cəmiyyət həyatına, milli insanın taleyinə, tənhalığına həssas olmuş, həqiqətin "Söz”ünə varmağı təqib qılmışdır:
Nə uzun çəkdi, vətən,
dönüb sənə qayıtmaq.
İçimin qürbətindən
bu vətənə qayıtmaq.
Hansı yolla qayıdım?
Yolların çəpərlənib.
Meşələrin, çöllərin,
göllərin çəpərlənib.
Bircə kol da qalmayıb -
kölgəsində yatmağa.
Bircə göl də qalmayıb -
sularında batmağa.
Ramiz Rövşənin bu şeirində vətən anlamı insan içinin çöküşü, dərin böhranı ilə harmonik verilir, milli-mənəvi-əxlaqi idealların tənəzzülə uğradığı yer(lər)dən, natur-fəlsəfi qatlardan nəşət tapır.
Vətən, səni sevə-sevə
axı necə itirdim?
İldən-ilə səni ev-ev,
küçə-küçə itirdim.
Rəngdən-rəngə düşə-düşə
günbəgün dəyişirsən.
Dəyişirsən küçə-küçə,
tinbətin dəyişirsən.
Saxlamağa gücüm çatmır,
əldən çıxıb gedirsən.
Təzə-təzə körpülərin
altdan axıb gedirsən.
Qürbətdə yaşayan şair M.İsmayıl da vətənlə bağlı şeirlərində sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtarır, amma pessimizmə qapılmır, bu dəyərləri mehrab kimi tapındığı Sözün yaşamında, gücündə, sehrində tapır. Onun üçün vətən elə sənətin var olduğu məkandadır, şairin içinin "sənətin qürbətindən sənətin vətəninə” doğru yol alan və daim sabit qalan mövqeyindədir. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misralarında yaşanan ən qüvvətli və səmimi duyğulardandır.
Gedərsən, məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən başlıyar.
Burnunun ucunu göynədən vətən
Yadına düşdüyü yerdən başlıyar.
Gedərsən, vətənin qalar vətəndə,
Içinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar.
***
Çağdaş Azərbaycan şeirimizin mənzərələri içrə gəzişmələrim bu qədər. Uğurlu hesab etdiyim şeir nümunələrini bacardığım qədər analiz etməyə çalışdım. Amma unutmayaq ki, dünyaya da, təbiətə də, sözun poetik gücü və estetik siqləti ilə bağlı düşüncələrə də ən dəqiq analizi elə poeziyanın özü edir. "Söz imiş hər nə var aləmdə” nəticəsini hasil etməklə...