Cəmil Salmanlı - Şeirlər

Cəmil Salmanlı - Şeirlər


çətin suallara
çöllərdə cavab axtarıb.
sorqasız qeyb olanlardan,
bizə bizə bir cümlə qalıb.
"həyatın harasında ölsən xeyirdi"
bütün yollar evə aparmır.
zamanın ən istənməyən
bədbəxt,
düz danışan adamı.
sil üzündən tüpücəyi bağır.
xoşbəxtlərin hamısı yalançıdır.
əvvəl uşaqlar anasının qarnından yoxa çıxdı,
quraqlıq oldu.
yağış üçün dua etdi qara camaat,
göydən daş yağdı.
aclıq başladı.
cavanlar dəri çarıqları gəmirdilər,
qocalar hamısı öldü.
ağaclar yeriyib başqa yerə köçdü.
sonra kəndin itləri özünü asdı.
hardansa bir sürü qarğa dimdiyində köz gətirib
samanlığa tökdü.
yandı,
yandı,
yandı,
bu müharibədən hamı evə sağ qayıtdı.
cünki düşmən zabiti əmr verdi
"atəş , bütün güllələri göyə atın
bu gün sonu olsun qətliamların"
xəbər cəbhə- cəbhə yayıldı.
mənimsə yorğündur vicdanım.
qan gölü içində oynamaq istəyir uşaqlığım.
yandır olan- qalanını.
hər şeyini at alova,
həqiqəti işıqlandır.
xoşbəxtlərin hamısı yalançıdır.

*  *  *

elin ağzı 
torba deyil bükəsən
qeybətlərin mövzusuyuq deyəsən
kimi görsəm 
söhbət eyni söhbətdi
soruşurlar
neçə vaxtdır getmisən?
bir ümidim qalıb
hava proqnozuna
yağış deyir boran deyir
gəlməyindən
bir söz demir niyəsə
sənsiz ev də
çox soyuqdur bilirsən ?
qış da gəldi, sən gəlmədin
sən keçən il
qışdan qabaq getmisən
gedən adam tam gedər
güzgüdə pəncərədə
susuz qaynamaqdan
altı düşən çaynikdə
ya şorba boşqabında
axşam yemək yeyəndə
hara baxsam elə sənsən
hanı çıxıb getmisən ?
şəklin var hələ də
gündüz geyib gəzdiyim
yorğun-arğın yatanda
üstümə çəkdiyim
pencəyin döş cibində
bəs orda ola-ola
bir yerdə çəkdirdiyimiz
divardakı şəkildən 
necə çıxıb getmisən?

Cəmil Salmanlı
kult.az