Daniyil Xarms. Mışinin qələbəsi (Hekayə)

Daniyil Xarms. Mışinin qələbəsi (Hekayə)

Mışinə dedilər:
- Ey, Mışin, dur!
Mışin dedi:
- Durmayacağam.
Və döşəmədə uzanmağa davam etdi.
Belə olanda Kaluqin Mışinə yaxınlaşıb dedi:
- Əgər sən, Mışin, ayağa durmasan, onda mən səni durmağa məcbur edəcəyəm.
- Yox, - döşəmədə uzanmağa davam edən Mışin dedi.
Bu dəfə də Selizneva Mışinin yanına gəldi:
- Siz, Mışin, həmişə koridorda uzanırsınız, əl-ayağa dolaşırsınız, bizə mane olursunuz.
- Mane olmuşam və yenə olacağam, - Mışin dedi.
- Bilirsiniz… - Korşunov sözə başladı, amma Kaluqin onun sözünü kəsdi:
- Nə üçün uzadırıq? Milisə zəng eləyək.
Zəng edib milis çağırdılar.
Yarım saat sonra milis dalandarla içəri girdi.
- Nə olub? – milis soruşdu.
- Özünüz baxın, - Korşunov dedi, amma Kaluqin onun sözünü kəsdi:
- Baxın. Bu vətəndaş bütün günü koridorda uzanır, bizim gediş-gəlişimizə mane olur. Nə qədər deyirik, kar görmür…
Selizneva Kaluqinin sözünü kəsdi:
- Ona deyirik ayağa dursun, amma o durmur.
- Elədir, - Korşunov dedi.
Milis Mışinə yaxınlaşdı.
- Vətəndaş, nə üçün yerdə uzanmısınız?
- Dincəlirəm, - Mışin dedi.
- Burda, vətəndaş, dincəlmək yeri deyil, - milis dedi. – Siz harda yaşayırsınız?
- Burda, - Mışin dedi.
- Sizin otağınız hansıdır? – milis soruşdu.
- O bizim mənzildə qeydiyyatdadır, amma otağı yoxdur, - Kaluqin dedi.
- Siz mane olmayın, vətəndaş, - milis dedi. – Özüm indi onunla danışacağam. Vətəndaş, siz harda yatırsınız?
- Burda, - Mışin dedi.
- İcazə  verin… - Korşunov sözə başladı, amma Kaluqin onun sözünü kəsdi.
- Onun heç çarpayısı da yoxdu, quru döşəmədə uzanır.
- Sakinlər çoxdandır ondan şikatəy edir, - dalandar dedi.
- Koridordan keçmək mümkün deyil, - Seliznova sözə başladı. – Mən həmişə kişinin üstündən atlana bilmərəm. O isə ayaqlarını uzadır, əllərini uzadır, özü də kürəyi üstdə uzanıb baxır. Mən işdən yorğun gəlirəm, dincəlmək istəyirəm.
- Qatılıram, - deyə Korşunov dedi, amma Kaluqin onun sözünü kəsdi:
- O gecələr də burda uzanır. Qaranlıqda hamımız ona toxunuruq.
Selizneva dedi:
- Həmişə də cibindən mıx tökülür. Koridorda ayaqyalın gəzmək mümkün deyil, diqqətli olmasan mıx ayağına batır.
- Bu yaxınlarda onu kerosinlə yandırmaq istədilər, - dalandar dedi.
- Biz kerosini onun üstünə tökdük, - Korşunov dedi, amma Kaluqin onun sözünü kəsdi:
- Biz onu qorxutmaq istəyirdik, yandırmaq istəmirdik.
- Mən heç icazə verməzdim ki, yanımda diri adamı  yandırsınlar, - Selizneva dedi.
- Bəs nə üçün bu vətəndaş koridorda uzanır? – milis qəfildən soruşdu.
- Salam-məlekim! – Korşunov dedi, amma Kaluqin onun sözünü kəsdi:
- Çünki onun başqa yaşayış yeri yoxdu. Baxın, bu otaq mənimkidir, bu biri o otaqda qalır, o biri də o biri otaqda. Mışin isə burda, koridorda yaşayır.
- Belə olmaz, - milis dedi. – Hamı öz yaşayış yerində uzanmalıdı.
- Axı onun koridordan başqa yaşayış yeri yoxdu, - Kaluqin dedi.
- Elədir, - Korşunov dedi.
- Buna görə də həmişə koridorda uzanır, - Selizneva dedi.
- Belə olmaz, - milis bunu deyib dalandarla bir yerdə getdi.
Korşunov Mışinin yanına gəldi.
- Nə baxırsan? Xoşuna gəldi?
- Gözləyin, - Kaluqin dedi və Mışinə yaxınlaşdı. – Milisin nə dediyini eşitdin? Tez ol, dur ayağa!
- Durmayacağam! – Mışin uzanmağa davam etdi.
- O bundan sonra bilə-bilə burda uzanmağa davam edəcək, - Selizneva dedi.
- Məlum məsələdir, - Kaluqin hirslə əlavə etdi.
Korşunov dedi:
- Buna şübhə etmirəm. Parfaitement!

8 noyabr 1940
Tərcümə: Həmid P.

HƏMÇİNİN OXU: