Ekspert:

Ekspert: "Bizim televiziyalar evdar qadınların televiziyasıdır" - AÇIQLAMA

Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bir dünya var. O dünya televiziya dünyası adlanır. Televiziya və onun verilişləri hər zaman tamaşaçını cəlb etməlidir. Gəlin etiraf edək ki, bu gün efirlərimizdə yayımlanan verilişlərin əksəriyyəti plagiat verilişlərdir. Bunun səbəbi nədədir, nəyə görə öz ideyamız və özümüzə məxsus verilişlərimiz yoxdur?
"Problem yaradıcı azadlığın olmamasıdır"
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, ekspert Zeynal Məmmədlinin fikrincə, verilişlərimizin hamısını birmənalı şəkildə plagiat adlandırmaq bir az haqsızlıq olardı: "Televiziyada formalar bir-birini təkrar edir. Necə ki, bədii ədəbiyyatda süjet xətləri var, sən onun müxtəlif formalarını təkrar edirsən, nəticə etibarı ilə başqa bir əsər ərsəyə gətirirsən. Televiziya verilişlərində də bu tendensiya var. Amma sizin dediklərinizlə razıyam, Azərbaycan televiziya məkanında yaradıcı insanlar yoxdur. Yaradıcılığa meyil, konkret hədəfin və məqsədin olmaması sonda ona gətirib çıxarır ki, bizdə söz və mətbuat azadlığında ciddi problemlər var. Söz və mətbuat azadlığında problemlərin olması yaradıcı insanların yeni ideyalarının ortaya çıxmasının qarşısını alır. İnsanlar bəlli yasaqlarla yaşayır, bu hər bir sahədə öz pis nəticəsini göstərir. Mən problemin əsas səbəbini bunda görürəm. Əksər hallarda Azərbaycan televiziya məkanı başqa kanallardakı verilişləri çox bəsit yamsılayır. Buna görə məcbur oluruq ki, bu "kopyalamanı" oğurluq adlandıraq. Mən belə hesab edirəm ki, səbəb birmənalı olaraq yaradıcılıq azadlığının olmamasıdır. Cəmiyyət yaradıcılıq azadlığını həvəsləndirmir. Bu isə bütün sahələrdə öz pis nəticəsini verir".
"Televiziya məkanında çox ağrılı proseslər gedir"
Tele-jurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə, dünya təcrübəsində bir televiziya kanalının digər televiziya kanalının layihəsindən istifadə etməsi kimi nüanslar var: "Bunlar hamısı lisenziyalaşdırılmış formada həyata keçirilir. Amma bizdə, xüsusən də televiziya sahəsində hüquqi nüansların olmadığına görə, biri digərinin verilişini oğurlayır. Oğurlanan veriliş də çox zaman eybəcər şəkildə efirdə yayımlanır. Şübhəsiz ki, bu münasibət sivil qaydalara uyğun deyil. Mən hələ demirəm ki, oğurlanan verilişlər Azərbaycan mentaliteti, ictimai həyat və əxlaq üçün çox pis örnəkdir. Amma bütün hallarda bu oğurlanma prosesləri gedir. Televiziyalar hüquqi cəhətdən müstəqildir. Ona görə də yaradıcılıq sərbəstliyinə heç kəs müdaxilə etmir. Onlar da yayım siyasətlərini düzgün qura bilmədiklərinə görə, sonunda dediyimiz həmin eybəcər layihələr ortaya çıxır. İndi Azərbaycan televiziya məkanında çox ağrılı proseslər gedir. Televiziyalar faktiki olaraq cəmiyyəti ifadə edə bilmirlər, cəmiyyətdə gedən prosesləri göstərmək imkanlarına malik deyillər, xəbərlər çox sönükdür və aktual verilişlər yoxdur. Buna görə də bizim televiziyaları sözün həqiqi mənasında evdar qadınların televiziyası adlandırmaq olar".

"Həftə-içi"