Əlabbas: «55 yaşın astanasında özümə yazıçı deməyim, bəs nə deyim?» - MÜSAHİBƏ
- 29.10.2011
- 0 Şərh
- 984 Baxış
Yazıçı Əlabbas uzun illərdir ki, yaradıcılıqla məşğul olur. Onun “Qaraqovaq çölləri”, “Qiyamçı”, “Köhnə kişi”, “Mən Qarateli sevirdim” kimi maraqlı kitabları nəşr olunub. Az-az gözə dəyən və daha çox əsərləri ilə gündəmə gəlmək istəyənlərdəndir. Əsil yazıçıdır, iddiasız-filansız, sakit, işləri ilə məşğul olan yazıçı. Kəsəsi, indiki zamanın adamı deyil.
- Sizdən söz düşəndə, yazıçı Əlabbas deyəndə soruşurlar ki, hansı Əlabbas, “Köhnə kişi?”. Biz bilirik ki, sizin “Köhnə kişi” adlı bir povestiniz var. Əsərin yazıçının obrazına çevrilməsi sizcə nədən irəli gəlir?
- Sualdan görünür ki, siz mənim yaradıcılığıma az-çox bələdsiniz. Bəzi jurnalistlər olur ki, müsahibə götürmək üçün gəlir, amma suallarından görürsən ki, bu adamın cari publisistikadan başqa heç nədən başı çıxmır. Gələk sənin sualına. Mən bu haqda çox danışmamışam, amma çox yazmışam. Bəzi düşüncələrim heç çap olunmayıb. Amma eyib etməz. Heç kəs üçün qalmasa da, təkcə öz balalarım oxusa kifayət edər. Mən Bakı Dövlət Universitetinin bitirəndən sonra kəndə getdim. O vaxtlar da Bakının Bakı vaxtları idi. Mənim ilk sevgimin, həm ilk peşə fəaliyyətimin, ümumən, həyata atılışımın eyni dövrə təsadüf etməsi, qəlbimdə qəribə nostalji yaratdı və o yazını yazdım. Amma indi o cür əsər yaza bilmərəm. O əsər, 1981-ci ildə «Azərbaycan» jurnalında verilmişdi, amma 1988-ci ildə dərc olundu. Dərc olunandan sonra Əkrəm Əylisli məni dərhal yanına çağırtdırdı və sənədlərimi SSRİ Yazıçılar İttifaqına təqdim etdi. Mən o əsərlə tanındım. Əvvəllər mənə “Köhnə kişi” deyəndə utanırdım, sonra başa düşdüm ki, yəqin o əsəri yarada bilmişəm.
- 80-ci illərdə az-çox modern ənənələr vardı, həmin dövrdə əsərə “Köhnə kişi” adı vermək haradan ağlınıza gəldi?
- Əsərin adı barədə onu deyim ki, 1979-cu ildə əmim həbs olundu, onu nahaqdan tutmuşdular. Bir müddət sonra əmimə bəraət verdilər və başa düşdüm ki, əmim həqiqətən günahsız yerə tutulub. Bəraət verilməsəydi, bəlkə də onun günahkar olduğuna inanardım. O əsəri işləyərkən düşünürdüm ki, əmim həbsdən necə qayıdacaq? Başladım əmimin obrazını yaratmağa və qəribəydi ki, mən necə təsəvvür etmişdimsə, elə o cür də qayıtdı. Az müddət sonra vəfat etdi. Əmim respublikanın tanınmış ziyalılarından biri idi.
- Mətbuatda az-az görünürsünüz və düzü, bir qədər passiv təsir bağışlayırsınız.
- Düz deyirsən, tamamilə doğru müşahidədir. Heç vaxt burda mən varam deyə döşünə döyən, özünü gözə soxanlardan olmadım. Yaşıdlarım var ki, əsəri hələ əlyazma şəkilində olanda qəzetdə özü haqqında rəylər yazdırır. Əsər oxucu ünvanına çatmamış məqalələr yazdırırlar. Bizim yazıçılar başa düşmürlər ki, ədəbi tənqidçidən əvvəl oxucu var. Ona görə də əsər çıxandan sonra bütün yazıçılar onu paylayırlar tənqidçilərə, amma heç kəs oxucu haqqında düşünmür. Ədəbi tənqid yazıçı ilə oxucu arasında bir körpüdür. Bu yaxınlara qədər özümə heç yazıçı demirdim, böyük sənətkarlarla müqayisədə biz kimik ki? Amma, bu gün mən 55 yaşın astanasında özümə yazıçı deməyim, bəs nə deyim? İşin bu tərəfi də var. Yaxşı-pis nəsə yazdıq. Elə bilirəm ki, vaxt hər şeyi özü nizamlayacaq. Özümü təbliğ edən adam deyiləm. Məni dəfələrlə televiziya verilişlərinə çağırıblar, özüm də istəmişəm danışım. Amma, getməmişdən əvvəl zəng edən adama demişəm ki, əgər ürəyimdən keçənləri danışa biləcəyəmsə gəlim, yox əgər boş-boş şüarçılıqla məşğul olacağamsa bu heç kəsə lazım deyil.
- Əsərlərinizdə Qaratel obrazı tez-tez xatırlanır. Bildiyimə görə o qızı gənclik illərinizdə sevmisiniz, amma sevginiz daşa dəyib. Bu gün həmin qadının ailəsi, ya özü bilirmi ki, illərdir onun obrazını yaradırsınız?
- Çox qəribədir ki, mən 50 yaşa qədər elə bilirdim ki, həyatımda nəsə dəyişə bilər. Amma 50 yaşdan sonra başa düşdüm ki, hər şeyə nöqtə qoyulub. Amma, o qızı sevməyim və qovuşmamağım mənə çox şeylər verdi. Mən “Qaraqovaq çölləri” romanımın ön sözündə də yazmışam ki, o qız mənim bütün əsərlərimin senzoru olub. Həmişə fikirləşmişəm ki, o qız bu əsəri oxuyub nə deyər, görəsən? Adam var ki, onun ziyanından da xeyir görürsən. Mən o qızın məhəbbətindən çox xeyr görmüşəm. Mənim qadın qəhrəmanlarımın hamısında o qızdan nəsə var?
- Sizcə, yazılarınızı oxuyub?
- Mənim yazılarımın hamısı ona gedib çatıb. Bir də bir məqamı da qeyd edim ki, Qaratel o qızın əsl adı deyildi. 50 yaşına qədər sevmək asan iş deyil e... Özü bütün yazılarımı oxuyub, amma ailəsini-filan deyə bilmərəm.
- Nostalji hisslərdən ədəbi söhbətimizə qayıdaq. Ötən il MKM-in mükafatını alan ərəfələrdə bir müsahibə vermişdiniz. Onda belə bir fikir bildirmişdiniz ki, əsər mükafat alana qədər “Qiyamçı” romanına maraq az idi, indi isə çox adam maraqlanır. Bu da ədəbiyyat adamlarının şakərlərindən biridir ki, daha çox mükafat alan əsərlərə maraqlı olurlar. Ədəbi mühitdəki belə yanaşmalara münasibətiniz necədir?
- Mən “Köhnə kişi”ni yazanda ədəbiyyata ciddi iddiam yox idi və düşünmürdüm ki, nə vaxtsa yazıçı olaram. Amma “Qiyamçı”nı yazanda artıq “Güdaz”, “Gəlin ayaqqabısı” kimi əsərlərimi yazmışdım və ciddi imza kimi ədəbiyyatda var idim. Amma, məni küsdürmüşdülər və fikirləşirdim ki, “Qiyamçı”nı yazıb dayanacaq və bir də yazmayacağam. Əgər mən bilsəm ki, bu gün ədəbiyyatda özümdən istedadlı bir adamın yerini dar edirəm, o dəqiqə ədəbiyyatdan gedərəm. “Qiyamçı”nı yazanda çoxlu dil materiallarından istifadə etdim. Amma bir dənə də dilçi o əsərlər haqında fikir bildirmədi. Adamlar olub ki, kitab verib demişəm ki, oxu, yazı yazma, sadəcə fikrini mənə de. Adamların o xahişi yerinə yetirməyə də etikası çatmayıb. Mən o əsərdə danışıq dilində qalmış bəzi sözləri yazı dilinə birinci dəfə gətirdim. Əsər mükafata təqdim olunana qədər baxdım ki, beş-on adam oxumuşdu. Amma mükafat alandan sonra çox oxundu. Bu gün mən əsərlərimi oxucuların sayına görə çap etdirirəm. Çünki yaxşı bilirəm ki, məni kimlər oxuyacaq. Əsərləri satışa da vermirəm. Bir dəfə o kitablarımı mağazalara pulsuz vermişdim ki, kitabla maraqlanan adamlar olsa, alıb oxusunlar.
- Niyə pulsuz paylayırdınız ki, məncə, kitabı pul verib almaq lazımdır.
- Adamlar var ki, oxumaq istəyir, amma kitaba veriləsi beş manatı yoxdur. Əgər varıdısa da, daha zəruri həyat ehtiyaclarını ödəmək üçün onlara lazımdır. Bilirəm ki, mənim belə həmkarlarım var. Sənət adamını bu cür sındırmaq, imtahana çəkmək olmaz. Bunu da bilərəkdən edirlər. Yazıçının əməyinə qiymət verən yoxdur. Əgər bu gün yazıçının iş yeri yoxdursa, neyləməlidir? Bütün bunları dövlət də yaxşı bilir. Bu gün 3-5 adama təqaüd verməklə bütün problemləri həll etmək olmaz.
- Bu gün böyük yazıçı ordusu var və çoxları da dövlətdən nəsə umurlar. Dövlət hər kəsə öz qiymətini verə bilməz axı. Bəzən bizim yazıçılar elə bilir ki, dövlətin işi ancaq ədəbiyyata, ədəbiyyat adamına diqqət ayırmaqdan ibarətdir.
- Mən o yazan çoxluq məsələsini yaxşı bilirəm. Bu gün desəm ki, yenidən senzura tətbiq edilsin, onda məni geri qalmaqda günahlandıracaqlar. Amma, əslində heç də belə deyil. Əvvəllər bədii şura vardı, bugünkü kimi axmaq mahnılar efirlərə dola bilmirdi. Amma indi? O mahnılar yaxşıdı, yoxsa bugünkülər? Senzura olmasa da, ən azından hansısa nəzarət olmalıdır. Bu gün bircə jurnallarda az-çox senzura qalıb. Yazı verəndə bəzən bəyənməyib geri qaytarırlar. Nəzarət yoxdur deyə, qiymət qoyan da yoxdur. Bu gün hərə öz bildiyi kimi iş görür. Odur ki, gənclər hamısı yaradıcılığa romanla başlayır. Roman yazanlar elə bilir ki, çox böyük qəhrəmanlıq edirlər. Onlar bütün enerjilərini romanda məhv edirlər, amma axırda görəcəklər ki, heç normal hekayə də yazmayıblar. Şukşin, Mopassan, Çexov, Mirzə Cəlil kimi nəhəng yazıçılar hekayə ilə qalmadılar dünya ədəbiyyatında?
- Bu gün roman janr kimi şəritiləşib. Pritçalar üstündə romanlar yazırlar. Məsələn, Koelyonun bu tipli iki romanı – ”İşıq savaşçısının kitabı” və s. Bizim ədəbiyyatda da bu və ya digər janr şərtiləşməsi gedir.
- Bu gün yazılan romanları oxuyanda zaman dəyişikliklərində ciddi problemlərə rast gəlirəm. Ahəng elə pozulub ki, baxan kimi bilirsən ki, bunların heç biri yazıçı manevri deyil. Uşaqlar ataları kimi ifadələr işlədirlər. Bu cür ifadə olar? Yaxud da yazırlar: kitablar bilik mənbəyidir. Bunlar hamısı dili bilməməkdən irəli gəlir. Özü də çoxu filologiya fakültəsində təhsil alıb. Mən bir roman yazanda çapa verməmişdən əvvəl o romanı Nəriman Əbdülrəhmanlı, Azad Qaradərili, Eyvaz Zeynalov, Aslan Quliyev, Sabir Bəşirov kimi adamlar oxuyurlar. Sonra çapa verirəm. Amma, bugünkü cavanlar indi yazır, sabah aparır nəşriyyata. Ona görə bugünkü ədəbiyyatımız da özümüzə oxşayır. Mükafatlarımız da özümüzə oxşayır. Əvvəlki ədəbi tənqid məktəbi də daha yoxdur. Ona görə gənclərə yol göstərən yazıçılar da tapılmır. Məsələn, təzə yazılan romanlarda elə biədəb ifadə yoxdur ki, işlənməsin.
- Konkret kimlərədir iradınız?
- Məsələn, Kəramət Böyükçöl tərəkəmə həyatından roman yazıb, amma romanın süjetini birləşdirə bilməyib, roman çox dağınıqdı. Mən Aqşinin şeirlərini oxudum və fikrim budur ki, o çox yaxşı şairdir. Amma, nəsrə keçdi, axmaq şeylər yazdı. Onun qəhrəmanının adı Leş Əlidir. Belə qəhrəman adı olar? Cahandar ağa adına bax, Leş Əli adına bax? O, çox istedadlı adamdı, niyə belə əsərlər yazır, görəsən. Yaxud, Şərif Ağayar “Aftavalı antrakt” adında kitab yazıb. Şərif istedadlı insandı. Amma, niyə belə ifadələr işlətməlidir ki?
- Niyə bu cür aqressivsiniz, ədəbiyyatı həyatdan bu cür uzaq salmaz olmaz axı.
- Ədəbiyyat fotoqraf işi deyil, rəssam işidir. Yəni, həyatı gördüyü kimi yox, düşündüyü kimi təsvir etməlisən. Bu gün yaxşı yazan, ənənələrə sadiqliyi ilə seçilən Alpay Azər, Svetlana Quliyeva, Natiq Məmmədli, Elnaz Eyvazlı kimi yazarlar var, onların əsrlərini oxudum, çox xoşuma gəldi. Yaxşılar da var, amma yamanların kölgəsində çoxları itib-batır.
- MKM-də həvəsləndirici mükafat almanız bəzi adamlarda gülüş doğurmuşdu. İmtina etməyiniz də gözlənilirdi.
- Azərbaycanda ən ciddi şeyləri lətifəyə çeviriblər. Bu yaxınlarda mən MKM-in yer tutmuş kitablarının təqdimatında olanda gördüm ki, orada heç 15 adam da yoxdur. Başa düşdüm ki, Nigar xanımın o gözəl niyyəti puç olub. Daha o mükafata inanan adam demək olar ki, yoxdur. O, mükafatda dəllək müştəridən çox oldu. Söhbət heç məndən də getmir. Mənim üçün maraqlı olan o idi ki, I MKM-də maraqlı ədəbi ab-hava yaranmışdı. O havanı da murdarladılar. Layiqlilər dura-dura layiq olmayan adam aldı. Sonra da romanı qulbeçələrinə təriflədib camaatın gözünə kül üfürdülər. Onlar əvvəlcədən desəydilər ki, bizim məqsədimiz hansısa gənci üzə çıxarmaqdır, onda biz başa düşə bilərdik. Mən həvəsləndirici mükafatı alanda dedilər ki, gərək imtina edəydin. Amma mən hoqqabazlıq etmək istəməzdim.
Fərid Hüseyn
Kaspi.az