Elçin Hüseynbəyli. Adəm və Həvva (Pyes)

Elçin Hüseynbəyli. Adəm və Həvva (Pyes)

Əfsanə ilə reallığın arasında olan Pyes iki hissə, iki şəkildən ibarətdir.
İştirakçılar adi, müasir geyimdədir.


İştirakçılar:

Adəm
Həvva - hər ikisi iddiaçı rolunda.
Birinci vəkil-cavabdehin, yəni xalqın müdafiəçisi
İkinci vəkil -Adəm və Həvvanın müdafiəçisi
Hakim -qətiyyətsiz birisi
İblis - şahid qismində, məğrur görkəmdə
Prokuror -dul qadın, emansipasiya tərəfdarı, o elə hesab edir ki, Adəm onun Həvva nənəsini yoldan çıxarıb.
Məhkəmənin katibi -O daim stolun altından araq şüşəsini çıxarıb, oğrun-oğrun içir, imkan düşəndə sevgilisinin qədrini bilmədiyini danışır və ən gərgin hallarda "mama miyo" deyərək başını tutur, yaxud ora-bura qaçır.


Qeyd 1. Müəllifin bəzi izahatları rejissorı və aktyorları yönləndirmək məqsədi daşıyır.
Qeyd 2. Rejissor istifadə etmək istəsə, səhnənin küncündə Alma ağacı da ola bilər.
Qeyd 3. Musiqili komediya janrında da işləmək və səhnələşdirmək olar.

Birinci hissə

Birinci şəkil

Məhkəmə zalı. Hakim gəlir. Səhnənin ortasında dayanır və tamaşaçılara üzünü tutaraq deyir.

Hakim
Bu gün qəribə məhkəmə prosesi olacaq. Bu da iddia ərizəsi (Ərizəni yellədir). Mən qətiyyətli olmalıyam.

O gedir. Prokuror gəlir.

Prokuror
(istehza ilə)
Çox qəribə…məhkəmə! Bu da iddia ərizəsi (Ərizəni yellədir).

O gedir. Cavabdehin vəkili gəlir.

Birinci vəkil
(mavilər kimi)
Biz bu qəribə prosesi mütləq udacağıq. Hamısı burda yazılıb (Əlindəki kağızı yellədir).

O gedir. İddiaçının vəkili gəlir.

İkinci vəkil
(istehzalı və məlum jest)
Udacaqlar! (Əlindəki kağızı yellədir).

O gedir. İblis gəlir. O, qara mantiyadadır, geyimi təmtəraqlıdır.

İblis
Məhkəmə prosesi!? Özü də mənim iştirakımla! (Qəhqəhə çəkir) Ha..ha..ha!

O gedir. Katib gəlir.

Katib
Mama miyo! Vurmaq lazımdır!

Katib qaça-qaça səhnədən çıxır.

Adəm və Həvva qol-boyun və öpüşə-öpüşə gəlir.

Həvva
(məftunluqla zala baxır, sevincək).
Deməli, bizim məhkəməmiz burda keçəcək.

Adəm
(sevinclə).
-Hə! (Həvvanı öpür).

Həvva
(ətrafa baxmaqda və fırlanmaqda davam edir).
Necə də gözəldir! Bu cür məhkəmədən yalnız ədalət gözləmək olar (Şıltaq qızlar kimi atılıb müttəhimlər kürsüsünün məhəccərində oturur).

Məhkəmənin katibi gəlir. O, iddiaçıların ərizəsindən xəbərdardır. Həmişəki kimi, yüngülcə sərxoşdur, deməli, kefi kökdür.

Katib
Mama miyo, necə də gözəldirlər, sanki mələkdirlər. Deməli, mənim babam və nənəm də sizin kimi gözəl və yaraşıqlı olublar, eləmi?

Həvva
(şıltaq qızlar kimi).
-Elədir! (Məhəccərdən yerə atılır. Adəm onu qucaqlayır).

Adəm
Hə!

Katib
(qibtə hissilə)
Amma mən onun qədrini bilmədim.

Həvva
(gəlib katibin başını sığallayır, onun dövrəsində fırlanır, katibin saçı ilə gül ləçəklərilə davrandığı kimi davranır).
Hər kəs ömründə bir dəfə səhv edir. Məsələn, bütün xalq elə bir səhv edib ki, biz neçə min illərdən sonra bunu təkzib etməyə məcburuq. Daha doğrusu, biz Adəm babamızın və Həvva nənəmizin gen daşıyıcıları kimi bu ittihamların puç olduğunu rədd etməyə borcluyuq. Biz sübut eləyəcəyik ki, Adəm babamız və Həvva nənəmiz bir-birilərini ürəkdən seviblər. Elədirmi, əzizim? (Adəmi qucaqlayır. Adəm də onu qucaqlayır)

Məhkəmə heyəti gəlir. Hakim qabaqda, prokuror və digərləri onun arxasınca.

Katib
Qalxın, məhkəmə gəlir!

Hamı ayaq üstündə olduğundan Adəmlə Həvva bir-birinə baxıb gülürlər.
Hakim oturur. O biriləri də onun kimi. Adəm və Həvva ayaq üstədir.

Hakim
Deməli, iddiaçılar bunlardır, hə?

Katib
Bəli, cənab hakim.

Hakim
Çox gözəl. Qoy, öz yerlərində əyləşsinlər.

Adəm və Həvva tamaşaçıların cərgəsində oturmaq istəyirlər. Amma hakim imkan vermir.

Hakim
Orada yox, bax orada (müttəhimlər kürsüsünü göstərir).

Adəm
Orada niyə?

Həvva
Biz ki, cinayətkar deyilik.

Hakim
Hər halda günahkarsınız.

Həvva
Biz günahkarıq? Biz elə ona görə gəlmişik ki, günahsız odlduğumuzu sübut edək.

Hakim
Sübut başqa, fakt başqa. Siz günahsız olduğunuzu sübut edənə qədər orada oturmalısınız. Necə deyərlər, tülkü tülkülüyünü sübut edənə qədər dərisini dartıb boğazından çıxarırlar. Elə deyilmi, cənablar? (Üzünü prokurora tutur. Prokuror başı ilə təsdiqləyir).

Prokuror
Elədir. Əlbəttə, elədir.

Birinci vəkil
Elədir.

İkinci vəkil
(Adəm və Həvvaya yekəxana və özündən razı bir tərzdə)
Ürəyinizi sıxmayın, əzizlərim, biz onsuz da qalib gələcəyik!

Birinci vəkil
Hələ ona baxarıq

İkinci vəkil
Baxarıq.

Hakim
Sakit! (əlindəki taxta çəkiclə qarşısındakı stola vurur) Pauza. Deməli, belə. Siz iddia edirsiniz ki, Adəm və Həvvanın gen daşıyıcısı olduğunuza görə, neçə min illər keçəndən sonra onların hüquqlarını bərpa etməyi qarşınıza məqsəd qoymusunuz və bunsuz xoşbəxt ola bilməzsiniz. Sonra iddia edirsiniz ki, alma əhvalatı uydurmadır, siz bir-birinizi sevirsiniz, indi də sevməkdə davam edirsiniz, ona görə də əlaqələrinizi rəsmiləşdirməyə gəlmisiniz. Ərizənizdə bu barədə açıq-aşkar yazılıb. Dünyaya meydan oxuyursunuz. Nə olar.Qoy olsun. Bir halda ki, müstəqil ölkəyik, insanlarımız azaddır, nə istəsələr onu da edə bilərlər. Amma…Amma, qanun qanundur. İddia sübut olunmalıdır.

Prokuror
Amma siz bunu sübut etməlisiniz.

Hakim
(hövsələsiz, çəkici stola vurur).
Dedim ki, sakit. Bəli. Amma siz bunu sübut etməlisiniz.

Katib
(əli ilə başını tutur).
Mama miyo!

Hakim
(çəkici stola vurur, katibə).
Siz sakit olacaqsınız, ya yox!?

Katib
Bəli, cənab hakim! (Qaçıb hakimə su gətirir və yazmağına davam edir).

Hakim
Deməli…

Prokuror
(istehzayla).
Deməli!

Hakim
(çəkici stola çırpır, hamı dik atılır).
Deməli, siz iddia edirsiniz ki, bir-birinizi sevirsiniz və sizin aranızda olan o məsələ öz istəyinizlə olub (çoxmənalı və sirli şəkildə prokurora göz vurur).

Həvva
Elədir, cənab hakim mən Adəmi sevirəm. Eləmi, əzizim? (Adəmi öpür).

Adəm (Həvvanı qucaqlayır).
Elədir!

Hakim
Buyursun cavabdehin vəkili.

Birinci vəkil
(seksual orientasiyası dəyişmiş adamlar kimi əzilib-büzülür və eyni tonda da suallar verir, hərdən xoruzlanır da).
Mənim ilk sualım belədir: Siz bir-birinizi nə zaman və hansı şəraitdə gördünüz? Yox, yox bu sualımı geri götürürəm. Əvvəlcə deyin görüm, xoşbəxtlik nədir?

Adəm
Qoy Həvva desin.

Birinci vəkil
İcazə verin soruşum: Niyə Həvva?

Adəm
Çünki o, məndən yaxşı danışır. Qadınlar həmişə fikirlərini kişilərdən dəqiq ifadə edirlər.

Prokuror
(ədalı-ədalı)
Bax burası düzdür!

İkinci vəkil
(Təşər-təşər saçını geri atır).
Mən etiraz edirəm. O, mənim podzaşitniklərimə təzyiq edir.

Hakim
Etiraz qəbul olunur.

Həvva
Xoşbəxtlik?! (düşünür) Xoşbəxtlik kimisə sevməkdir.

Birinci vəkil
Kimisə sevmək konkret cavab deyil. Belə çıxır ki, siz Adəmnən başqasını da sevə bilərdiniz.

Həvva
Yox, mən elə demək istəmirdim. Mən yalnız Adəmi sevə bilərdim.

Birinci vəkil
Cavab məni qane etməsə də, ikinci sualı verməyə məcburam. Siz necə və hansı şəraitdə tanış olmusunuz?

Həvva
Mən bağda gəzirdim…

Birinci vəkil
(istehzalı).
Bağda! Hm…Görüş üçün pis yer deyil! (Prokurora göz vurur. Sonra özünü düzəldir, ciddiləşir). Ayıb olmasın, nə zaman?

Həvva
Deyəsən, səhər idi.

Adəm
Yox, əzizim axşama yaxın idi. Gün qüruba enirdi.

Həvva
Hər nəydisə gün üfüqdən qızarırdı, çox sirli bir məqam idi, (Adəmə) elədir əzizim? (Adəm başı ilə təsdiqləyir və onu qucaqlayır). Birdən ayağım nəyəsə ilişdi, yerə yıxıldım, zarımağa başladım. Sağ ayağım (bax bu ayağım, donunun ətəyini qaldırır, ayaqları görünür, kişilər böyük maraq və hərisliklə, prokuror isə ikrahla onun ayağına baxır) əzildi. Onda Adəm özünü çatdırdı.

Prokuror
(kinayəli).
Adəm özünü çatdırdı. Adəm quş-zad idi ki, özünü dərhal çatdıra!?

Birinci vəkil
(kinayəli).
Bəlkə Adəm sizi güdürmüş?

İkinci vəkil
Mən etiraz edirəm. O, mənim podzaşitnikimə təzyiq edir.

Hakim
Etiraz qəbul olunur. Mahiyyətə yaxın danışın.

Birinci vəkil
Ona qədər siz Adəmi görmüşdünüz?

Həvva
Xeyr, görməmişdim, amma görən kimi…(romantikcəsinə). Bu hissləri vermək çətindir. O, məni qucağına aldı və alma ağacının dibində oturtdu. O elə güclüydü ki, sanki qucağında körpə uşaq aparırdı.

Birinci vəkil
Siz onun gücünü yalnız o zamanmı hiss etdiniz!? Bəlkə…Əvvəllər də…

Həvva
(qürurla).
Bəli!

Birinci vəkil
(qalib kimi).
Gördünüz?! (Katibə) Xahiş edirəm ki, bunu xüsusi qeyd eliyəsiniz.

Həvva
Bəli, ilk dəfə o, məni qucağına alanda hiss etdim.

Birinci vəkil
(narazı).
Onda deyin görək, niyə məhz alma ağacının?

İkinci vəkil
Mən etiraz edirəm. cavabdehin vəkili mənim podzaşitnikimə təzyiq edir.

Hakim
Etiraz qəbul edilmir. Davam edin.

Həvva
Ona görə ki…

Adəm
Bizə ən yaxın yer oraydı.

Prokuror
(yerdən atmaca).
Amma o, səni uzağa da apara bilərdi. Deyək ki, eyvana və orada çarpayıya uzada bilərdi. Sizsə quru yerdə əziyyət çəkməzdiniz. Mən quru yerin necə də əziyyətli və ağrıdıcı olduğunu bilirəm (ədalı və nazlı). O qədər ağırlığa dözmək olar!? Amma o, bunu etməyib, canına yazığı gəlib, kişilərin hamısı belədir. Fu! (əzilib-büzülür və əl dəsmalı ilə dodaqlarının qırağını silir).

İkinci vəkil
Mən etiraz edirəm.

Hakim
(əlinin işarəsilə).
Etiraz qəbul olunmur. Davam edin.

Həvva
(həyəcanla).
Ağacın dibində oturtdu, sonra…

Prokuror və Birinci vəkil eyni zamanda maraqla:
-Sonra!?…

Katib
Mama miyo!

Həvva
Sonra donumun ətəyini yuxarı qaldırdı.

Hakim bir qədər dikəlir. Katibin gözləri bərəlib.

Prokuror və Birinci vəkil
(eyni zamanda).
Yuxarı qaldırdı!?…

Prokuror
(yerdən atmaca).
Özü də birinci dəfədən. Mən deyirdim axı, kişilərə heç zaman inanmaq olmaz. Məsələn, mənim keçmiş ərim…

Hakimin gözləri hədəqədən çıxıb və bir qədər ayağa qalxan kimidir. O, əlinin sərt işarəsilə prokurorun sözünü ağzında yarımçıq qoyur.Yəni, qoy danışsın görək, hadisənin ən maraqlı yerində mane olursan. Katibə isə işarə edir ki, yazmaqda davam eləsin.

Katib
(başını tutur).
Mama miyo!

Həvva
Donumun ətəyini yuxarı qaldırdı, əlini…

Prokuror və Birinci vəkil
(bir ağızdan).
Əlini!!!

Hakim
(Yarıdikəlidir və diqqətlə Həvvanın danışığına qulaq asır, nəysə sirli bir hadisənin baş verəcəyinə ümüd edir).
Davam edin, davam edin.

Həvva
(həyəcanı getdikcə artır).
O, əli ilə mənim ayağımı sığallamağa başladı, bədənim sustaldı, ruhum sakitləşdi və…

Hakim, prokuror və Birinci vəkil
(eyni zamanda).
Və!?

Həvva
Və ayağımın ağrısı getdi. Onun əli elə isti və yumşaq idi ki…Eləmi, əzizim?

Hakim
(heyrətlə).
Elə bu!?

Katib
Mama miyo! Olar mən də bir söz deyim!? (Hakim onun bu atmacasını qulaq ardına vurur).

Gərginlik kəsilir, hakim oturur. Prokuror və Birinci vəkilin fısı yatır. Katib şışəni stolun altından çıxarıb, xəlvətcə bir qədəh süzüb içir.

Adəm
Əllərimin isti, ya yumşaq olduğunu mən deyə bilmərəm. Onu yalnız sən hiss eləmisən. Çünki sən çox həssassan. Mənsə sənin ayaqlarının necə də sığallı və hamar olmasından danışa bilərəm.

Həvva
Ax, əzizim! Bütün bunları eşitmək necə də xoşdur!

Birinci vəkil
Sentimentallığı qurtarın. Deyin görək, sonra nə oldu?

Həvva
Sonra…

Birinci vəkil
Bəli-bəli sonra?

Prkuoror
(əlinin cestilə).
Sonra, sonra?

Həvva
Sonra…(Düşünür) Heç nə?

Birinci vəkil
Necə yəni, heç nə?

Prokuror
Necə yəni, heç nə?

Həvva
Hərçənd ki, bir məqamı unutdum.

Birinci vəkil
(ədalı tonla).
Mərc gələrəm ki, siz o məqamı qəsdən unutmusunuz.

Prokuror
(çoxbilmiş kimi, Birinci vəkilə göz vurur).
Mən sənin mərcinə şərikəm, kolleqa.

Hakim
(Böyük maraqla) .
Sakit! (Çəkici stola çırpır). Sakitliyə riayət eləmək hamının borcudur. Davam edin.

Həvva
(xəyalpərvərcəsinə).
Adəmdən elə gözəl bir qoxu gəlirdi ki…Elə bil…(romantikcəsinə). Ah! Sözlə demək çətindir. Gərək özün onu duyasan!

Birinci vəkil
O nə qoxusuydu elə?

Həvva
Mən bunu deyə bilmərəm. O, çox məftunediciydi.

Birinci vəkil
Deməli, demək istəmirsiniz?

İkinci vəkil
Mən etiraz edirəm. Hissiyyat fərdi bir şeydir, onu necə izah eləmək olar.

Hakim
Etiraz qəbul olunur (Birinci vəkilə). Davam edin.

Birinci vəkil
Bəlkə biz sizin yadınıza salaq, Həvva xanım, siz deməsəniz də, bizim şahidimiz var. (Qapıya tərəf).
Şahidi çağırın!

Katib çıxır və qayıdır.

Katib
O yoxdur.

Hakim
Necə yəni yoxdur? (Katib çiynini çəkir). Həmişə belədir də, hadisələrin maraqlı yerində o aradan çıxır.

İblis qara paltarda, pompez geyimdə pəncərədə görünür.

İblis
(təntənəli şəkildə).
Mən burdayam!

Hakim
Allaha şükür! Keçin yerinizdə oturun və hər şeyi düz deyəcəyinizə, nəyisə gizlətməyəcəyinizə and için.

İblis pəncərədən atılır, təşər-təşər gəlir, əlcəyini çıxardır, şlyapasını qoltuğuna vurur və qürurla dayanır. Onun səsi titrəyir, özü də qürurqarışıq ədayla danışır.

İblis
(sağ əlini yuxarı qaldırır).
Taxt-tac sahibilə bağladığımız sazişə and olsun ki, heç nəyi gizlətməyəcək və həqiqəti olduğu kimi deyəcəm.

Müqəddəs kitab gətirilir.

İblis
Mən ona inanmıram. Mən, ümumiyyətlə, kitablara inanmıram. Çünki kitabları adamlar yazır. Mən yalnız taxt-tac sahibinin verdiyi sözə güvənirəm.

Hakim
İblis ki, İblis. Aparın kitabı (Birinci vəkilə). Buyurun, davam edin.

Birinci vəkil
Rica edirəm ki, İblis müəllim, bildiklərinizi bizə danışasınız.

İblis
(ədalı-ədalı).
Birincisi bildiklərimin hamısını deyən deyiləm. Elə şey var ki, taxt-tac sahibilə yalnız ikimizə aiddir. İkincisi isə, cənablar, xahiş edirəm ki, mənə müəllim yox, İblis Həzrətləri deyəsiniz. Hər necə olsa da, mən Allahın ən sevimli mələyiyəm.

İkinci vəkil
(yerdən atmaca).
Allahın keçmiş mələyi, indi hamı müəllimdir.

İblis
Bunun məsələyə dəxli yoxdur. Mələk mələkdir.

İkinci vəkil
Mələyin qanadları olur, sizinsə qanadlarınızı vurublar.

Birinci vəkil
Mən etiraz edirəm. İddiaçının vəkili mənim podzaşitnikimə təzyiq edir.

İblis
(yüksək tonda).
Mənə heç kim təzyiq edə bilməz!

Hakim
Davam edin.

İblis
Davam edin deyəndə ki, bu (Həvvanı göstərir)…

Həvva
(onun sözünü kəsir).
Danışığınıza fikir verin, İblis müəllim, mən işarə əvəzliyi deyiləm.

İblis
Müəllim, deməli müəllim. Siz onsuz da mələklərin hamısını bəni-adəm cildində görürsünüz. Deməli bu… Həvva xanım hər gün alma ağacının dibində durub, ona məftunluqla baxırdı. O, almalara vurulmuşdu, amma taxt-tac sahibi qadağa qoyduğundan, hər gün ona baxıb, suyunu axıdırdı.

Adəm
(sərt ayağa qalxır).
Ey, ey, dilini dinc saxla, necə yəni suyunu axıdırdı?

Hakim
Yəqin İblis həzrətləri ağzının suyunu demək istəyib…

Həvva
(Adəmi qucaqlayır).
Hirslənmə, əzizim!

Adəm oturur.

İblis
Mən həmin vaxt ağacın başındaydım. Və o, məni gördü…Gördü və…

İkinci vəkil
(ayağa qalxır).
cənab hakim, istərdim ki, Həvva bu məsələyə münasibət bildirsin.

Hakim
İcazə verirəm.

Həvva
(günahkarcasına başını aşağı salır).
Bəli, mən onu gördüm.

Birinci vəkil
Görürsünüz!? Bizim hələ çox sürprizlərimiz olacaq, necə deyərlər, xoruz səsi eşitməmiş…

Hakim
(İblisə).
Davam edin.

İblis
Mən ona göz elədim.

Həvva
(ayağa qalxır).
Nəəəə?

Adəm
(ayağa qalxır).
Nəəəə?

İblis
Sakit olun, sakit olun, mən o mənada göz eləmədim, soruşmaq istəyirdim ki, alma istəyirmi?

Adəmlə Həvva oturur.

Birinci vəkil
Bəs o nə cavab verdi?

İblis
Yaxşısı budur qoy o özü desin.

Həvva
Mən…?

Birinci vəkil
Bəli, sən?!

Həvva
Mənim yadımnan çıxıb.

İblis
Mən sənin yadına salaram. Həvva dedi ki…Pauza.

Prokuror və Birinci vəkil
(eyni zamanda).
-Dedi ki?…

Hakim dikəlir.

Katib
Mama miyo!

Hakim
Sən də az miyolda!

İblis
Həvva dedi ki, istəyir.

Hakim
Mən başa düşmədim, necə yəni istəyir? Nəyi istəyir?

İblis
Almanı deyirəm də, almanı istəyir.

Hakim məyusluqla oturur. Görünür, daha maraqlı cavab gözləyirmiş.

Hakim
Mən də elə bildim ki…(İblisə). Lütfən davam edin, İblis həzrətləri.

İblis
Mən almadan birini qırıb ona atdım.

İkinci vəkil
(yerdən atmaca).
Deməli, birinci qadağanı sən pozmusan.

İblis
Mənim buna ixtiyarım vardı.

İkinci vəkil
(ayağa qalxır).
Necə yəni ixtiyarın vardı?

İblis
Ona görə ki, taxt-tac sahibinin özü mənə bu ixtiyarı vermişdi. (Adəmə). Bəlkə sənin yadından çıxıb. Mən sənə səcdə eləmədim. O isə məni dərgahından qovdu. Bəli, mən səcdə eləmədim. Çünki taxt-tac sahibinin sevimli mələyi palçıqdan yoğrulmuş bəni-adəmə səcdə eləməməliydi. O da səhvini başa düşmüşdü.

İkinci vəkil
Mən etiraz edirəm. O, küfr danışır.

Hakim
Etiraz qəbul olunur. İblis həzrətləri, küfr danışmayın.

İblis
Mən küfr danışıram? Mən sadəcə həqiqəti deyirəm. Mən ki, O-nun… (yuxarıya işarəylə). O-nun sevimli mələyiydim. Bəs necə qıydı ki, taxt-tac sahibinin ruhu məndə ola-ola palçıqdan yoğrulmuş bəni-adəmə səcdə edim, hə? Nədi-nədi yalnız bircə dəfə Adəmin üstünə…üfürüb. Sizdən soruşuram, hə? Məsələn, siz cənab hakim, razı olarsınızmı kaitibiniz sizə göstəriş versin.

Hakim
Təbii ki, yox.

Katib
Mama miyo! Mənim ağzım nədir. (Bir qədəh süzüb vurur, sonra ciddi-cəhdlə yazmaqda davam edir).

İblis
Onda mən ona dedim:-Ya bizi yaradan, ya taxt-tac sahibi, bütün kainatın hakimi, onda icazə ver, mən istədiyim vaxt insanların qəlbinə girib onları yoldan çıxarım. Onda baxıb görərik güclü kimdir, mən, yoxsa o!? O isə cavab verdi: (Xüsusi tonla). İcazə verirəm, amma bir şərtlə: əgər həmin adam tamahına sahib deyilsə. Bu da mənə bəs idi. Çünki bilirdim ki, zatı palçıqdan yoğrulanın, tamahı burnunun ucundadır. Bax bunun kimi (Həvvanı göstərir), həm də bunun kimi (Adəmi göstərir). Həvvanın burnu almanın iyini tutmuşdu. Məndən olsaydı, birinci onun burnunu kəsərdim, sonra isə Adəmin… orasını…

Həvva burnunu, Adəm isə paçasının arasını tutur.

İkinci vəkil
Xahiş edirəm ki, mənim podzaşitniklərimi təhqir etməyəsiniz. Katibdən isə xahiş edirəm ki, mənim bu iradlarımın hamısını protokola yazasınız. Əgər min illərdən sonra biz bu aktual məsəlyə qayıdırıqsa, nə bilmək olar, bəlkə bir min ildən sonra da bu məhkəmə prosesi yada düşəcək. Qoy, onda bilsinlər ki, İblis Adəm və Həvvanın nəvələrini zəhərləməkdə və təhqir eləməkdə davam edib.

Hakim
Replikalar sonra. İndi isə İblis həzrətləri davam etsin.

İblis
Deməli, mən almanı Həvvaya atdım. O, almanı iyləyə-iyləyə bağçada gəzişməyə başladı, amma yemədi.

Birinci vəkil
(Həvvaya).
Almanı yeməməkdə məqsədiniz nəydi?

Həvva
Çünki o, çox gözəl idi və qəribə ətri vardı, onu yeməyə ürəyim gəlmədi.

Birinci vəkil
(gəzişməkdə davam edir, sərt geri dönür və yüksək tonla).
Qadağalardan qorxdunuz!?

Həvva dinmir.

Birinci vəkil
(az qala qışqıra-qışqıra).
Qadağalardan qorxdunuz?

Həvva
(çaşqın).
Mən bilmirəm!

İblis
Amma mən bilirəm.

Prokuror və Birinci vəkil
(amiranə tonla).
Ancaq o bilir.

İblis
(özündən xeyli razı).
Bəli, mən bilirəm. Çünki o, almanı bax ona (Adəmi göstərir) saxlayırdı. Məqsədi Adəmi yoldan çıxarmaq idi. O, bir güllə ilə iki dovşan vurmaq istəyirdi.

Hakim
Bunu necə başa düşək? Orda dovşan da var idi ki!?

İblis
Yox, dovşan yox idi. Sadəcə, elə başa düşək ki, onlar əvvəldən bir-birilərini tanıyırmışlar, qadağaların pozulmasına hazırlıq gedirmiş. Alma əhvalatı isə günahları pozmağın başlanğıcıymış.

Həvva
(Dik qalxır).
Yalandır! Mən heç zaman Adəmi yoldan çıxarmaq istəməmişəm!

Hakim
(Həvvaya).
Siz əyləşin, Həvva xanım, sizə də söz veriləcək.

Həvva günahkarcasına Adəmə baxır və oturur.

Hakim
(İblisə).
Davam edin.

İblis
Deməli, Adəm almanı yeyir, qadağanı o pozur, Həvva isə həm almanı yeyir, həm də Adəmi.

Hakim
(küt-küt).
Necə yəni həm onu, həm də bunu yeyir?

İblis
Alma hardaydı? -Adəmin qarnında. Deməli, Adəmi ələ keçirməklə, o almanı da həmişəlik özününkü edirdi.

Adəm qınayıcı nəzərlə Həvvaya baxır.

Həvva
(nəvazişlə).
Əzizim, sən onun dediklərinə qulaq asma, axı o, İblisdir!

Adəm həvəssiz onu qucaqlayıb öpür.

Birinci vəkil
Məsələ aydındır. Deməli, Həvva Adəmi yoldan çıxarıb.

Prokuror
Hələ buna baxarıq. Şəxsən, mən burda hər şeyin təmiz olduğuna inanmıram. Lap tutaq ki, almanı Adəmə Həvva verib. Bəs, Adəm onun əvəzini nəylə çıxıb?

İkinci vəkil
Mən etiraz edirəm. Almanı Həvvaya İblis veribsə, deməli onun məqsədi Adəmlə Həvvanın yerə qovulmasına nail olmaq imiş. Bu mənada mən iblis müəllimi təbrik edirəm…(Hakimə və Prokurora). Elə sizi də…Əcdadlarınızın yerə qovulmasına nail olan İblisin sözlərinə inandığınıza görə! Bravo! (İstehzayla əl çalır).

İblis
Birincisi, mənim belə niyyətim olmayıb, yalnız xoş məramla almanı Həvvaya vermişəm. Hətta bu belədirsə də, bütün bəşəriyyət mənə minnətdar olmalıdır ki, onların yerə göndərilməsinə, törəyib artmalarına mən səbəb olmuşam. İndi orda (göyü göstərir) qalsaydınız, taxt-tac sahibi kefi istəyəndə adam yaradardı, kefi istəməyəndə isə yox.

Hakim
Mahiyyəti üzrə danışın, İblis həzrətləri. Yeganə şahid sizsiniz. Kim-kimi yoldan çıxarıb və sonra nə olub?

İblis
Sonrası hamıya bəllidir də…

Prokuror
(istehzayla).
Əlbəttə, bəllidir!

İkinci vəkil
(sərt dikəlir).
Nə bəllidir? Demək istəyirsiniz ki…

Birinci vəkil
Biz heç nə demək istəmirik, sadəcə, fakta işarə edirik. (Qəribə bir cest edir).

Həvva
Yalandır! Burda heç bir günah-zad yoxdur (əzilə-büzülə). Mən bakirəyəm!

Prokuror
(istehzayla).
Təzə xəbər. Min illərdir Adəm və Həvvanın nəvələri yer üzündə gəzir, törəyib artır. Bu da deyir ki, bakirəyəm.

Birinci vəkil
(sərt).
Mən ekspertiza tələb edirəm!

İkinci vəkil
Mən etiraz edirəm. İndiki zamanda nə ekspertiza!? İndi uşaq dünyaya gətirmək üçün kişiylə qadının cinsi əlaqələri elə də vacib deyil. Bu çoxdan köhnəlmiş üsuldur.

Hakim
Etiraz qəbul olunmur. Ekspertiza, deməli, ekspertiza. Bu məhkəmədə adi haldır. İndiyə kimi o qədər adamları ekspertizadan keçirmişik ki…(Pauza). Şəxsən…(Prokurora). Eləmi kolleqa?

Prokuror çoxmənalı təbəssümlə onun baxışlarını cavablandırır.

Hakim
(çəkici stola çırpır).
Fasilə. Məhkəmə fasiləyə yollanır.

Adəmlə Həvva bir yerdə getmək istəyir.

Hakim
Bir yerdə yox, ayrı-ayrı. Məhkəməyə vacibdir ki, siz əsil həqiqəti deyəsiniz, sözü bir yerə qoyub xalqı aldatmayasınız.

Adəmlə Həvva könülsüz bir-birindən ayrılıb, hərəsi bir tərəfə gedir. Hakimlər heyəti də yerindən qalxıb dağılışmağa başlayır. İşıqlar sönür.
Pərdə düşür.


İkinci hissə

Həmin məkan. Hamı öz yerindədir. İblis şahidlər kürsüsündə, Adəmlə Həvva müttəhimlər kürsüsündə. Hakim, katib, prokuror.

Hakim
(katibə).
Ekspertizanın cavabı hazırdırmı?

Katib
(qorxa-qorxa ayağa qalxır, ləngərləyir, dili dolaşa-dolaşa və astadan).
Bəli, cənab hakim, hazırdır.

Hakim
Nə yazılıb orda?

Katib
Oxuyum?

Hakim
(istehzayla).
Yox, oxuma, suya sal, iç. (sərt). Oxu!

Katib
Mama miyo! (Üzünü tutur). İnanılmazdır! (Hamı gərginliklə ona qulaq asır. Katibin gözləri hədəqəsindən çıxıb, ağzını marçıldadır).Oooo! (gərginlik artır). Oooo! O bakirədir! (Həvvaya tərəf qaçır, büdrəyir, yıxılır, sürünə-sürünə ona çatır və qarşısında diz çökür). İcazə verin əlinizdən öpüm, siz bakirəsiniz!? İlahi mən onun qədrini bilmədim. O necə də gözəl və məsum idi…Həm də günahsız…Bəlkə də bakirə!…

Prokuror
(sərt).
cənab hakim, mən bütün bunları başa düşə bilmirəm. Bu nə oyundur? Min illərdir bunlar bir yerdədir və bu (sərt tonla deyir və Həvvanı göstərir) bakirədir!?

Katib ayağa qalxır, başını aşağı salır, gəlib yerində oturur və araq şüşəsindən bir qədəh töküb içir.

Hakim
(günahkarcasına).
Mən heç nə deyə bilmərəm, kolleqa, həkimlər bu qərarı çıxarıb. Mən onalara təzyiq edə bilmərəm ki. (pafosla). Keçdi köhnə zamanlar! İndi məhkəmə müstəqildir. Ya gərək haqlı olasan, ya da o qədər pulun olsun ki, haqqını pulla alasan!

Prokuror
(narazılıqla).
Mən buna heç cür inana bilmərəm ki, Həvva bakirədir. Bəs onda bu qədər insan hardan törəyib artıb?

Həvva
(qürurla).
Nə olsun ki, Müqəddəs Məryəm də bakirəydi, amma İsa peyğəmbər kimi müqəddəsi dünyaya gətirdi!

Birinci vəkil
İsa Məsihin bura nə dəxli? Biz müsəlmanıq.

İkinci vəkil
Bütün dini kitabların xəmiri bir yerdən yoğrulub. İnsanlar hamısı bir palçıqdan yarandığı kimi. Məsələn, mən Adəmin övladıyam və ondan əmələ gəlmişəm. Amma siz (Birinci vəkili götərir)! Pauza. Meymundan!

Birinci vəkil
Meymundan? Biz meymundan, sənsə Adəmnən? Maraqlıdır, həm də gülməli!

İkinci vəkil
Bəli, mən Adəmdən, siz isə meymundan.

Birinci vəkil
Bu necə olur?

İkinci vəkil
Elə olur ki, siz insanın meymundan əmələ gəlməsi barədə Darvin nəzəriyyəsini qəbul etdiyinizə görə, Adəmlə Həvvanın təmiz sevgisinə inanmırsınız, inanmırsınızsa, deməli, onlardan doğulmağınıza da inanmırsınız, deməli, siz meymundan əmələ gəlmisiniz. Çünki…Pauza…Çünki onda gərək bic doğulduğunuzu etiraf edəsiniz.

Birinci vəkil
(qeyzlə).
Bu nə danışıqdır!?

İkinci vəkil
(əlinin işarəsilə).
Bir dəyqə, bir dəyqə! Amma siz bic doğulmağınızı heç vaxt etiraf etməyəcəksiniz. Hər halda bic doğulmaqdansa, atanın olması vacibdir, lap elə meymun olsa da. Elə deyil, kolleqa!? (Pafos və qürurla). Bax belə!

Birinci vəkil
(qeyzlə).
Bu lap ağ oldu!? Siz burda oturanların hamısının meymundan əmələ gəldiyini iddia edirsiniz!

İblis yavaşca aradan çıxır, bir sözlə əkilir.

İkinci vəkil
Xahiş edirəm ki, hamının əvəzindən danışmayasınız. Məsələn, siz Allaha inanırsınız?

Birinci vəkil
(bir qədər sakitləşir).
Əstəğfürullah! Əlbəttə. Başqa nə cür ola bilər ki? Biz hamımız Allaha inanırıq! Elədirmi, cənablar? (Üzünü hakimə və prokurora tutur. Amma onlar heç bir reaksiya vermir).

İkinci vəkil
Şəxsən mən sizin Allaha inanmağınıza inanmıram.

Birinci vəkil
İcazə verin soruşum, niyə?

İkinci vəkil
İcazəsiz-filansız deyim ki, əgər siz Allaha inansaydınız, Adəmlə Həvvanı bu qədər sorğu-suala tutmazdınız. Çünki Adəmi və Həvvanı Allah yaradıb. Deməli…Pauza…Deməli, mən Adəmə inandığıma görə insandan, siz isə inanmadığınıza görə, meymundan əmələ gəlmisiniz.

Birinci vəkil
(sərt).
Cəfəngiyyatdır. Mənim atam da, anam da, ulu babalarım da Adam olublar.

İkinci vəkil
Amma siz Adəmə inanmırsınız, deməli, meymundan əmələ gəlmisiniz!

Birinci vəkil
(hakimə əsəbi və çaşqın).
cənab hakim, mən daha bacarmıram.O, məni və nəsil-nəcabətimi təhqir edir.

Prokuror
Vot tebe, na! Necə yəni biz meymundan?

İkinci vəkil
(çox nəzakətlə və şirin dillə).
Sizinlə heç kimin işi yoxdur. Şəxsən mən belə düşünürəm ki, sizin kimi, gözəl bir xanım yalnız Adəmdən əmələ gələ bilərdi. İcazə versəydiniz, əlinizdən öpərdim! (Prokurora yaxınlaşır).

Prokuror
(üzünü ondan döndərir).
Naxal! (güzgünü çıxarıb baxır).

İkinci vəkil
(özünü o yerə qoymar və geri qanrılaraq).
Deməli, belə! Hərçənd ki, siz də biologiyadan Darvin nəzəriyyəsini əla bildiyinizə görə beş almısınız. Bu o deməkdir ki, siz də onun nəzəriyyəsinə inanmısınız.

Prokuror
(əzilib-büzülür, naz satır).
Hətta bütün bunlardan sonra da mən Adəmlə Həvvanın bir-birilərini ürəkdən sevməsinə inanmıram. Çünki insanı ağlı yox, hissləri idarə edir. Biz bunu dəfələrlə sınaqdan keçirmişik. Elə deyil, kolleqa? (Hakimə baxır).

Hakim
(sanki onu eşitmir və görmür).
Bu meymun məsələsi məni lap bezdirdi. Bizə əsil həqiqət lazımdır. Bilməliyk ki, görək, doğrudan da Adəmlə Həvva bir-birini sevib, yoxsa onlardan hansısa o birini yoldan çıxarıb.

Prokuror
Məsələ də bax budur!…

Hakim
(hakim əsəbi və yorğun jestlərlə).
Həvva ilə Adəm, qoy, bu barədə ciddi düşünsünlər və əsl həqiqəti açıb desinlər, şahidsçiz-filansız. Görürsünüz, İblis həzrətləri də əkildi, yəqin indi alma ağacının başında dayanıb, hansısa bədbəxti yolundan çıxarır. Müqəddəs kitabımızda nə deyilir? İnsanın ən böyük savaşı öz nəfsiylədir. Məsələ də elə budur…

Prokuror
(qürurla).
Budur!

Katib
Mama miyo. Mən onun qədrini bilmədim. Kim bilir, bəlkə o mənim qədrimi bilmədi? (Arağı süzüb içir).

Birinci vəkil
Deməli, mən suallarımın ikinci və vacib hissəsinə başlayıram? (Adəm və Həvvaya). Siz bir-birinizi sevməyi necə sübut edə bilərsiniz?

Prokuror
(ayağa qalxır).
cənab hakim, mən etiraz edirəm? Bəs bu bakirə məsələsi necə olsun? Əgər o, bakirədirsə, deməli, yaxşı qız deyil. Yaxşı qız olsaydı, bakirə qalmazdı, yəni Adəm onu o qədər ürəklə sevsəydi, dərhal üstünə atılardı. (Qəribə cest). Məsələn, mənim keçmiş…

Adəm
(dik qalxır).
Mən at deyiləm.

Hakim
Etiraz qəbul olunur (Birinci vəkilə). Davam edin.

Prokuror və Adəm oturur.

Birinci vəkil
Mən cavab gözləyirəm. Siz bir-birinizi sevməyinizi necə sübut edə bilərsiniz?

Həvva
Necə? (Düşünür).

Birinci vəkil
(israrla).
Hə, hə! Necə?

Həvva Adəmə baxır. Onlar pıqqıldayıb gülüşürlər, yəni bu nə sualdır?

Adəm
Sevirik də. Sevənlərin buynuzu olur ki?

Birinci vəkil
Olur. Buynuzlu sevənlər azdır ki…

İkinci vəkil
Mən etiraz edirəm. cavabdehin vəkili mənim podzaşitniklərimin ülvü sevgisini şübhə altına alır.

Hakim
Etiraz qəbul edilmir. (Çəkici sərt şəkildə stola çırpır).

Həvva
Mən ilk baxışdan ona vurulmuşam. Məyər siz ilk baxışdan vurulmağa inanmırsınız?

Birinci vəkil
(istehzalı təbəssümlə).
Onda deyin görək, günahsız xanım, siz Adəmlə tanışlığınızın neçənci günündə o, sizə evlənmək təklif elədi?

Həvva
(sevincək).
Üçüncü günündə.

Birinci vəkil
Bu necə və hansı şəraitdə baş verdi.

Həvva
Mən Adəmin otağında gözləyirdim.

Birinci vəkil
(çoxmənalı).
Adəmin otağında!

Prokuror
Adəmin otağında! Qız uşağının yad kişinin otağına getməsi qəribədir. Özü də tanışlıqdan cəmi üç gün sonra. Məsələn, mənim keçmiş ərim…

İkinci vəkil
(istehzayla).
Ərlərim…

Prokuror
Bunun məsələyə dəxli yoxdur…

Hakim
(Prokurorla İkinci vəkilə).
Keçmiş ərlər məsələsi sonra. İndi isə imkan verin, müttəhimlər mahiyyəti üzrə danışsın. (Həvvaya) Davam edin!

Həvva
(qürurla).
O yad deyil, mən onu sevirəm!

Birinci vəkil
Siz onun otağında nə edirdiniz?

Həvva
Biz onunla danışdığımız kimi alma ağacının…Bizi qovuşduran Alma ağacının dibində görüşməliydik. Amma o gəlmədi.

Prokuror
(Güzgüyə baxa-baxa və istehzalı).
Şəxsən mən heç zaman kişilərin sevgisinə inanmamışam. Həyatda əsl sevgi yoxdur.

İkinci vəkil
(qışqırır).
Mən etiraz edirəm!

Hakim
Etiraz qəbul olunur. (Həvvaya). Siz də qurtarın da!

Həvva
(həyacanla və tez-tez).
Adəm gəlmədi, axşam da düşürdü. Mən narahat oldum və onun otağına getdim. Çünki ondan başqa kiminsə otağını tanımırdım. Mələklər bizimlə bir yerdə yaşamırdılar. Biz yalnız iki bəni-adəm idik.

Birinci vəkil
(çoxmənalı).
Maraqlıdır, hətta mən deyərdim ki, çox maraqlıdır.

Həvva
(davam edir).
Bəlkə ona görə ki, mən Adəmin qabırğasından yaranmışam. Məni onu sevməyə məcbur edən də elə budur.

Birinci vəkil
Sonra.

Həvva
(həyəcan artır).
Sonra o gəldi. Elə gözəl və vüqarlıydı ki…Sən demə o, mənə qarlı dağların başından çox sevdiyim edelveys gülü gətirməyə gedibmiş. Axı edelveys yalnız qarlı zirvələrdə olur. O isə soyuqdan qorxmadan həmin dağlara dırmaşmış və mənə edelveys gülü gətirmişdir.

Birinci vəkil
Anlamadım, cənnətdə nə qar, nə yağış, nə soyuq?

Həvva
Bu, Tanrının lütfüydü. O özü istəmişdi ki, Adəm mənə sevgisini sübut eləmək üçün hansısa bir fədakarlıq göstərsin…Taxt-tac sahibi, yalnız xüsusi məqamlarda bizə qarlı anlar bəxş edirdi. Ah! Elə gözəl idi ki…

Birinci vəkil
Nə gözəl idi? Adəm, yoxsa, güllər?

Həvva
(sanki gözləri yol çəkir).
Əlbəttə ki, güllər. Mən qarı görmədim ki, Adəm onu görmüşdü, deyirdi ki, qar taxt-tac sahibinin zərrələrinə oxşayırdı, ağ, yumşaq və səssiz idi.

İblis qəfil peyda olur. Yenə də eyni qiyafədədir. Pəncərədən düşür.

İblis
Bir dəqiqə, cənab hakim. Mənim sözüm var.

Hakim
Buyurun. Biz sizi dinləyirik.

İblis
Orada dağ-zad yoxuydu. Gülü mən Adəmə vermişdim.

Həvva
(romantik ovqatı yox olur, həyəcanla Adəmə).
Bu belədirmi, əzizim?

Adəm
(günahkarcasına).
Heç də hər şey o deyən kimi deyil. O özü mənə yaxınlaşdı və dedi ki, sənin qəlbindən xəbərdardır. Sən məni sevirsən və mənə gülü verdi ki, bu, sənin çox sevdiyin güldür, mən də etiraz eləmədim. Axı mən sənə nəysə gözəl bir şey hədiyyə eləməliydim. Sevgimizin xətrinə.

Həvva
(bir qədər incik).
Hətta belə olsa da, sən məni alma ağacının dibində gözlətməməliydin.

Adəm
(günahkarcasına).
Mən istəyirdim ki, əzizim, sənə sevgim və sənə evlənmək barədə təklifim təsirli və möhtəşəm olsun. Axı biz gün qüruba enəndə tanış olmuşduq. Günəş üfüqdə çox sirli görünürdü. Amma mən səni orada tapmadım və məyus oldum. (Sevincək). Sən demə, məni otağımda gözləyirmişsən. (Həvvanı böyük ehtirasla qucaqlayıb öpmək istəyir. Həvva hələ də incikdir və onu itələyir).

Birinci vəkil
(Həvvaya).
Davam edin. Mən gözləyirəm. Sonra nə oldu?

Həvva
Sonra o məni qucaqladı, biz bir-birimizə sarıldıq. Mən onu öpdüm.

Birinci vəkil
Harasından?

Həvva
Yanaqlarından.

Birinci vəkil
Bəs o?

Həvva
O da mənim yanaqlarımdan öpdü. Sonra isə…

Hamı diqqətlə izləyir.

Birinci vəkil
Sonra isə?

Həvva
Sonra isə dodaqlarımdan.

Birinci vəkil
(ehtirasla).
Sonra, sonra…

Həvva
Sonra…O mənə dedi ki, məni sevir.

Birinci vəkil
Siz də inandınız?

Həvva
Bəli! O elə inamlıydı ki…

Prokuror
(istehzalı).
Kişilər hamısı o məsələyə kimi (məlum jest) belə deyir.

Birinci vəkil
İlk dəfə "sevirəm" sözünü kim dedi?

Həvva
Əlbəttə ki, Adəm!

Adəm
(yumşaqca etiraz edir).
Mənə elə gəlir ki, əzizim, sevirəm sözünü birinci sən dedin.

Həvva
(incik).
Yox, sən! Sən dedin ki, məni sevirsən! Bir də ki, bunun nə əhəmiyyəti var!? Əsası odur ki, biz bir-birimizi sevirik.

Prokuror
(yerdən).
Cəmi üç gündə bir-birilərini sevmək? Bu bir qədər şübhəlidir.

İkinci vəkil
(sərt tonla və hündürdən).
Mən etiraz edirəm. cənab prokuror əsassız yerə müdaxilələr edir və mənim podzaşitniklərimin təmiz hisslərini artıq neçənci dəfədir ki, şübhə altına alır. (Daha da sərt və hündürdən). Neçə dəfə demək olar ki, hissiyyat fərdi hissdir və Tanrı tərəfindən hərəyə bir cür verilir. Hamı qayğanağı eyni iştahla yemir! Vəssalam.

Hakim
Etiraz qəbul olunur. Çünki mən də qayğanağı çox sevirəm. (Həvvaya). Davam edin.

Həvva
Sonra mən təklif elədim ki, taxt-tac sahibinin dərgahına gedib, bir-birimizi sevdiyimizi ona etiraf edək. Belə də etdik.

Adəm
(yumşaqca etiraz edir).
Yox, əzizim, o təklifi mən verdim.

Həvva
(daha da incik).
Yox, mən! Mən dedim ki, biz O-nun yanına gedib (yuxarını göstərir və nədənsə donunu aşağı çəkir)… xeyir-duasını almalıyıq.

Adəm
(nəvazişlə).
Yaxşı əzizim, hirslənmə, sən dedin, biz də getdik. Əsası odur ki, bir-birimizi sevirik. (Onu qucaqlayıb, öpmək istəyir, Həvva bu dəfə daha inadla onu itələyir).

Həvva
(həyəcanla).
Biz O-nun yanına getdik, bir-birimizi sevdiyimizi dedik. O isə…

Prokuror və Birinci vəkil
(böyük maraqla).
O isə!?

Həvva
O isə dedi ki, nəfsimizə tam sahib olana qədər evlənmək olmaz.

Birinci vəkil
Amma siz nəfsinizə sahib ola bilmədiniz.

Həvva
Yalandır! Bütün bunlar İblisin uydurmasıdır. Özünüz də gördünüz ki, mən bakirəyəm. Və ona görə də indi vaxt tamam olandan sonra, mən-Həvva nənəmizin adının daşıyıcısı və bu (Adəmi göstərir)-Adəm babamızın həmadlısı sübut eləmək istəyirik ki, bir-birimizi sevirik və bunun üçün əlaqələrimizi rəsmiləşdirməyin zamanıdır.

Birinci vəkil
(şübhəylə).
Necə ola bilərdi ki, qadir və hər şeyi görən Allah İblisin sözlərinə inansın?

Həvva
Kim dedi ki, Tanrı İblisin sözlərinə inanıb?

Prokuror
Bəs onda O, (yuxarıya işarəylə) sizi cənnətdən niyə qovub?

Həvva
O, bizi qovmayıb, sadəcə deyib ki, nəfsimizə sahib olana kimi, günah işlətməyək. Biz də indi hesab edirik ki, nəfsimizə qalib gəlmişik və əlaqələrimizi rəsmiləşdirməyin zamanıdır. Əgər o bizi lənətləsəydi, Adəm və Həvvanın nəsli yer üzündə olmazdı, onlar sonsuz qalardılar. Amma biz inanırıq ki, bizim övladlarımız hələ yer üzündə çox yaşayacaq və daim artıb törəyəcək.

Prokuror
(hakimə).
İcazə versəydiniz, kolleqa.

Hakim
Buyurun!

Prokuror
Siz sevginizə əminsiniz?

Həvva
(bir qədər inamsız).
Bəli!

Prokuror
Amma səsiniz titrəyir.

İkinci vəkil
Cənab hakim, bu biabırçılıqdır. Bura kilsə, bu isə (Prokuroru göstərir) keşiş deyil ki, gənc aşiq-məşuqun bir-birini sevib-sevmədiklərini soruşsun. Bu qədər sorğu-sual nəyə lazımdır. Onlar dedilər ki, bir-birilərini sevirlər və qətnamə çıxarılmalıdır ki, bu, həqiqətən də belədir. (Səsini artırır). Heç bir günah-filan olmayıb! (Əsəbiliklə oturur).

Hakim
Madam ki, belədir, onda sözü Prokurora verək. O, tərəflərin mövqeyini eşitdi, hadisədən və iddia ərizəsindən xəbərdardır, özünün də mülahizələri var, deməli, Adəmlə Həvvanın taleyi onun əlindədir, qismən, əlbəttə.

Prokuror
(ayağa qalxır, istehzalı ifadə üzündən əskik deyil).
Şəxsən, mən bu cür tanışlığa bir qədər, bir qədər də yox, tam şübhə ilə baxıram. İnanmıram ki, bu iki növcavan bir-birilərini möhkəm sevgiylə sevsinlər. Düzünə qalsa, mən sevginin özünə ciddi yanaşmıram. Qız uşaqları həmişə romantik və xəyalpərvər olurlar, bəzən xoşlarına gəldiyi kişilər haqqında evlənməmişdən əvvəl planlar qurur, hətta dünyaya gətirəcəkləri uşaqları belə təsəvvür edirlər. Fu! Nə qədər miskin düşüncə.
(Sərt). Hardadır, təmiz sevgi? Məsələn, mən beş dəfə sevmişəm, hər halda mənə elə gəlib, elə bu məhkəmənin böyründəcə beş dəfə kəbin kəsdirmişəm. Hanı indi o sevgi? (Səsini qaldırır). Yoxdur! (Səsini daha da qaldırır). Bura (sinəsini göstərir) boşdur! Ona görə də düşünürəm ki, Həvva da səhv edir, o, nəinki Adəmi sevir, hətta bəlkə də bu fikirləri dediyinə də peşimandır. (Həvvaya üzünü tutur). Elə deyilmi? (Həvva başını aşağı salır). Ona görə də (temp aşağı düşür) mənim qərarım belədir ki, Həvva ilə Adəm heç zaman bir-birilərini sevməyib və sevməyə-sevməyə günah işlədiblər.

Adəm
Yalandır! Heç bir günah olmayıb!

Prokuror
Amma deyə bilməzsiniz k, siz sevdiyiniz, hərçənd ki, mən buna bayaq dediyim kimi şübhə edirəm, Həvvanı xəyalınızda qucaqlamamısınız, onu öz yatağınızda təsəvvür etməmisiniz? Bəlkə bu da yalandır? (sərt tonda) cavab verin, bəlkə yalandır? (Adəm başını aşağı salır). Yox, yox, mən sizi qınamıram. Bu, təbii hisslərdir, çünki hər bir kişi bunu arzulayır…Sevdiyi qadını qucaqlamaq istəyir…(Temp düşür). Təbii, əgər…impotent deyilsə…(Sınayıcı nəzərlərə Adəmə baxır).

Həvva
(sınayıcı nəzərlə Adəmə baxır).
İstəmirdin?

Adəm
Yox! Niyə ki…Mən…

Prokuror
Yenə də təkrar edirəm, Həvvanın xatirinə, hər sevən kişi məşuqəsini yuxularında da, xəyallarında da, necə lazımdır sevir!

Həvva
(Adəmə qınayıcı nəzərlərlə baxır).
Mən də elə bilirdim ki…

Adəm
Əzizim, bu elə bir hissdir ki… səni necə başa salım!?

Həvva
(sərt).
Məni başa salmaq lazım deyil! (Adəmdən bir az da aralaşır və üzünü yana çevirir).

Prokuror
İndi mən sizdən təkrarən soruşuram: Həvva xanım, siz sevginizə əminsinizmi?

Uzun və gərgin bir pauza. Hamı Həvvaya baxır. Adəm də Həvvaya baxır, amma onun baxışları bir qədər öləziyib. Əvvəlki parıltı yoxdur.

Prokuror
(Ona yaxınlaşır. Nəvazişlə ona baxır).
Əminsənmi?

Həvva dinmir. Tərəddüd edir.

Prokuror
Əminsənmi?! (Həvvanın başını tumarlayır). Əminsənmi!?

Həvva
(astadan).
Yox, əmin deyiləm!

Prokuror müttəhimlər kürsüsünün lap yanındadır. Həvva onu qucaqlayır, sanki onu yanlış addımdan çəkindirdiyinə görə prokurora minnətdardır. Prokuror onun çiyninə vurur, sanki ovundurur və qəfil kənara çəkilir. Həvvanın zəifliyindən istifadə edir.

Prokuror
(hündürdən və sərt).
Bərkdən deyin: əminsinizmi!?

Həvva
(hündürdən).
Yox! Əmin deyiləm!

Katib
(başını tutur).
Mama miyo! Olar mən də bir söz deyim!? (Hakim onun atmacasını qulaqardına vurur).

Adəm
(çaşqın).
Həvva!

Prokuror
(razı halda).
Kifayətdir. Onlar bir-birilərini sevmirlər. Mən belə də bilirdim və xoşbəxtəm ki, günahsız bir qızcığazı bu despotun (Adəmi göstərir) əlindən aldım.

Həvva
(yavaşdan etiraz edir)
O, despot deyil, o, ürəyiyumşaq adamdır, amma mənim sevgimə layiq deyil. Mən elə düşünürdüm ki, o, mənim bir sözümü də iki eləmiyəcək. Amma o, hər dəqiqə mənim sözümü kəsirdi və onu yalana çıxarmaq istəyirdi. Mən artıq dözə bilmirəm (qəhərlənir). Mən gedirəm! ( Kürsüdən düşmək istəyir).

Adəm
(yalvarışlı nəzərlərlə).
Həvva!?

Hakim
(əlacsız).
Dayanın! Getməyin! Mən heç nə anlaya bilmədim. Siz məhkəməyə gəlib, ərizə vermisiniz, bir-birinizi sevdiyinizi demisiniz, arada heç bir günah olmadığını iddia etmisiniz, indi isə gedirsiniz. Niyə? Biz ki, sizə yalnız xeyirxahlıq eləmək istəyirdik. Öz sevginizdə nə dərəcədə əmin olmağınızı öyrənmək istəyirdik. Sizsə gedirsiniz. Bəs, indi biz neyliyək?!

Həvva
(sanki deklomasiya deyir).
Biz ona görə kəbin kəsdirmək istəyirdik ki, sizin, ey insan əhli, günahdan yox, əsl sevgidən əmələ gəldiyinizi sübut edək və sizi günahlardan qoruyaq. Sizsə bunu istəmədiniz. Sizə daim günahlar içində yaşamaq xoşdur. Qoy, belə olsun! Biz gedirik! Sizsə günahlarla yaşayın! Belə məhkəmədənsə, daim şaiyələr və günahlar içində yaşamaq yaxşıdır!

Müttəhimlər kürsüsündən düşüb gedir. Prokuror və Birinci vəkil məmnundur. Adəmin Həvvanı saxlamaq istəyən əli havada qalıb. Katib bir qədəh vurandan sonra başını tutur.

Hakim
Dayanın, hara gedirsiniz?

Adəmlə Həvva hərəsi bir tərəfə gedir.

Prokuror
Mən onu heç zaman bağışlamayacam. O, heç toyumuzu da gözləmədi. İlk görüşdən məni günaha batırdı.

Katib
O necə də məsum və günahsız idi!

İblis pəncərədə peyda olur.

İblis
(qəhqəhə çəkir).
Çünki mən varam!

Pərdə.

Son