Elnur Astanbəyli. Atan gözüsulu adamdı, oğlum... (ŞEİRLƏR)

Elnur Astanbəyli. Atan gözüsulu adamdı, oğlum... (ŞEİRLƏR)


Atan gözüsulu adamdı, oğlum...

Atan gözüsulu adamdı, oğlum,  –
Durduğu yerdəcə hönkürə bilir;
Oxlanır arabir bağrının başı, 
Göllənir arabir gözünün yaşı – 
Göllərin sonası ağladır onu...
Kövrəlir dağların göy dumanına,
Dumandan sonrası ağladır onu...

Atan gözüsulu adamdı, oğlum, –
Durduğu yerdəcə hönkürə bilir;
Dənizin mavisi, otun yaşılı
Sünbülün sarısı ağladır onu...
Bu zalım dünyanın, zulum dünyanın 
Beşikdə bəbəsi, 
                             qara qəbirdə 
Qocası, qarısı ağladır onu...

Atan gözüsulu adamdı, oğlum, –
Durduğu yerdəcə hönkürə bilir; 
Bu zalım dünyanın, zulum dünyanın 
Daş altda gürzəsi qəhərləndirir ,
Gül üstə arısı ağladır onu... 
Vaxt olur lap elə sən dişdədiyin
Almanın yarısı ağladır onu...

Atan gözüsulu adamdı oğlum...

noyabr, 2018


Müharibədən parça

("Pis havalar" silsiləsindən)

həmişə ərinin yaddaşsızlığından - 
ad günlərini 
toy ildönümlərini
unutmasından gileylənən qadın 
yaman narahatdır indi - 
nə gündüzlər dincliyi var
nə gecələr yuxusu
ona bir an olsun rahatlıq vermir
ərinin ayaqlarını 
cəbhədə unudub 
qayıdacağı qorxusu...

2014

Tanışlıqlar

Ağac, ağac! Tanıdım səni –
başındakı quş yuvasından tanıdım
Payız, payız! Tanıdım səni – 
Quşların boş yuvasından tanıdım 

Dəniz, dəniz! Tanıdım səni –
torpağa küs gəmilərin 
dalğın fitindən tanıdım
Küçə, küçə! Tanıdım səni – 
fahişəndən, fanarından, 
bir də itindən tanıdım

Mavi, mavi! Tanıdım səni –
heyran-heyran baxdığım 
göyün üzündən tanıdım
Yarpaq, yarpaq! Tanıdım səni –
yorğun-yorğun axdığın
suyun üzündən tanıdım

Tütək, tütək! Tanıdım səni –
bu üzü tüpürcəkli dünyada
belə yanıqlı ötməyindən tanıdım
Sevgi, sevgi! Tanıdım səni –
dondurma aldığımız uşaqların
bizə gülümsünüb öpməyindən tanıdım... 

aprel, 2015