Elşən Böyükvənd. Yeni şeirlər

Elşən Böyükvənd. Yeni şeirlər

Əsrük dayanınca

Yol ayrıcında önüm arxama dayanmışdım
Külək bir öpücük buraxdı yanağıma
Bulaqda səyriyən alatoran
Əyilib tökülürdü saxsı qan çanağına

Yol ayrıcında dikey yataya dayanmışdım 
Əsrük gözlərinin ayağına sürüldüyümdə 
Burax səsimi qoy qonsun çiçəklərinə

Qaya başında göyqurşağını çalır 
Barmaqları kəsilmiş Ozan
Qan soylayır
Ban suvarılır
Dan sovrulur
Gözüm qapaqlarına

Yol ayrıcında gözümü gözlüyümə taxmışdım
Korluğa qavuşmağa köhülünə tapınmışdım
Səsimin boş çuxurundan 
İşıq qığılcımlarının sorağını almışdım

Üzümdə izinin çiçəyi dəriləsi deyil gülüm
Solmayası barmaqlarına
Aç qapını
Ölüngən qollarıma.

Bir söz qırpımında 

Bir qovaq göyərçinidir gözlərin
Titrəşən qır ağacı budağının kipriklərində 
Sığraq sürür günəş
Qaraşın kürələrinə

Bir söz qırpımıdır yaşam
Utanqac düşlərin qəbristanlığı dilində
Qıvraq çapır sağış 
Gövdən düzənliyində 

Qonmaq keçincə qonur baxışım
Ürkək boyalı saçın dənizinə
Hörülür, açılır dalğalanır baxışım
Daraqla saç sevişməsinə

Yuxuma qonaq gəlmiş yağışlı yuxun
Görüşümə göz yaşlarını gətirmiş
İslanır gözlərim
İslanır sözüm.