"Ən yaxşı peyvənd sevgidi..."

Azərbaycanlı gənc şairə Nigar Arifin koronavirus pandemiyası mövzusunda yazdığı şeir "COVİD-19- Dünya şeir antalogiyası"na daxil edilib. O, bu barədə özünün "Facebook" hesabında yazıb:

"Bu gün aldığım xəbərə görə Afrikanın Keniya universitetində hazırlanan "World Poetry Antholgy- (Covid 19- Dünya şeir antalogiyası)nda dünyanın müxtəlif ölkələrindən pandemiya dövrünə həsr olunan şeirlər arasında mənim də "Adamların yağışı"- "Humans rain" şeirim yer alıb".

N.Arif təəssüratını "Sherg.az"la bölüşüb:

"Təbii ki, bu gün aldığım ən xoş xəbərlərdən biri oldu. Müxtəlif ölkələr arasında Azərbaycan adını görmək və ölkəmizi təmsil etmək fəxrdir. Bəli, bu şeir məhz pandemiya dövründə yazılıb və COViD-19-un yaratdığı mənzərəni əks etdirir. Şeirdə kədərli təsvirin olmasına baxmayaraq, sonda hər şeyin yaxşı bitməsinə dair bir inam, ümid işığı da var. Şeirin həm ölkə, həm də beynəlxalq səviyyədə sevilməsinin əsas səbəbi, bəlkə, elə budur. "Adamların yağışı" ispanca, türkcə, ingiliscə tərcümələrdə müxtəlif yerlərdə dərc olundu. Xarici həmkarlardan xeyli xoş rəylər aldım".

Şairə yaxın gələcək üçün nəzərdə tutulan layihələrdən də danışdı:

"Yeri gəlmişkən, bu yaxınlarda başqa bir layihə də baş tutacaq. Xaricilərin təşəbbüsüdür. Hər ölkədən yalnız bir şair olmaqla 51 ölkənin nümayəndəsi məhz pandemiya dövründə yazdığı şeirini ingiliscə və ya bu dildə alt yazı ilə səsləndirib. Orada da Azərbaycan nümayəndəsi olaraq mən "Humans Rain" ("Adamların yağışı") şeirimlə ingiliscə çıxış etmişəm. İnşallah, yaxın zamanda bu çıxışım da xarici səhifələrdə və Youtube-da paylaşılacaq".

Həmin şeiri təqdim edirik:

....Adamların yağışı....


Bu şəhərdən qopub gedir adamlar,

İzlərini yağış yuyur, qar yuyur,

Bu izlərin hər səhər

başına günəş vurur,

Küləklər ovuşdurur,

Di gəl silinmir, anam,

silinmir ki silinmir...

Çopur-çopur üzündən,

yaddaşına hopub gedir adamlar,

Rəngi qaçır şəhərin,

rənglərini qapıb gedir adamlar

Boz danışır, boz dinir,

Bu şəhərin gözlərindən yağır-yağır adamlar,

Islanır ürəyində

qaçıb gedə bilməyən fağır-fağır adamlar...

Yağdıqca yağır-yağır,

Xəstə yağışlarında

Təcili yardımları

çətir kimi fırlanır..

Yağdıqca adamları

laxlayır gecəsi de,

gündüzü də yerindən

Dünya düşür gözündən...

Bu dunyanın içində

boş qalır küçələri,

yolları,kafeləri...

Tez-tez dolub-boşalan

ağır dükanlarından,

əyilir çiyinləri...

Qollarının altından

boylanır qorxa-qorxa,

ölke-ölke dolaşan,

şəhər-şəhər yoluxan

çılpaq ölümə doğru

binaları,evləri...

Tozlu ayaqlarında

ağacları darıxır,

Darıxır çəməni-çiçəkləri,

Başının üstündəki quşlar da darıxır

yavaş-yavaş gözdən itən

adamlardan ötəri...

Bəlkə elə öz dillərində

söyürlər də

hamının gizləndiyi,

heç kimin sevmədiyi

bu lənət karantini...

Deməli şəhərlər də xəstələnə bilirmiş,

ölkələr də...

Nə deyim axı?

Narahat olma,ana,

narahat olma,

Yaxşı olar axırı...

Indi saçlarının ucunacan ümidlərimiz yeriyir bu şəhərin,

Hər gün dualarımız əlini alnına qoyub yoxlayır hərarətini...

Bəlkə də ən yaxşı peyvənd sevgidi...

sənin dediyin kimi...