Epik şeir nümunələrində süjet qaynaqları

Epik şeir nümunələrində süjet qaynaqları

Elxan Nəcəfov

XVII-XVIII əsr Azərbaycan ədəbiyyatının epik şeir nümunələrində süjet qaynaqları
(elmi məqalə)

Çoxəsrlik tarixə malik ədəbiyyatımız dünya ədəbiyyatının içərisində özünə məxsus zənginliyi ilə seçilir. Ədəbiyyatımız daha çox özündə şərq ədəbiyyatının təsirlərini yaşadır. Burada diqqəti daha çox cəlb edən süjet ortaqlığıdır . Ortaq süjetlər üzərində qurulan fərqli əsərlər özünəməxsusluğu ilə diqqəti cəlb edir. XVII-XVIII əsr sənətkarları əsərlərinin süjetlərinə görə nə qədər Füzulinin təsiri altında olsalar da, Hind ədəbiyyatından və ərəb-müsəlman ədəbiyyatından da mükəmməl şəkildə faydalanıblar. Şərq ədəbiyyatında dərin iz buraxan "Bəxtiyarnamə”, "Tutinamə”,  "Sindibadnamə”, "Həzar əfsanə”, "Yüz bir gecə”, "Min bir gecə”, "Yeddi vəzirin hekayəti”, "Qırx vəzirin hekayəti” nağılları bizim ədəbiyyatımızda oxşar əsərlərin yaranmasına səbəb ola bilmişdir. Bir çox bədii sənət nümunələrimiz bu əsərlərin təsiri ilə yazılıb.
         Ədəbiyyatımızın bu dövrü üçün əsas süjet qaynaqları olan həmin əsərlər, əsasən, əhvalatlar şəklindədir. Bunların içində geniş yayılan əsərlərdən biri "Bəxtiyarnamə”dir. "Bəxtiyarnamə” "On vəzir” adı ilə də tanınır. Şərq ədəbiyyatında geniş yayılmış əhvalatlar toplusudur. "Sindibadnamə” adlı Hind əhvalatlarının təsiri ilə formalaşıb.  "Bəxtiyarnamə”də də əvvəlki şərq nağıl və əhvalatlarında olduğu kimi mövzuya aid olan hadisəyə başqa hadisələr də əlavə edilmişdir. Əsərdəki əhvalatlardan birində müharibə vaxtı oğlunu tərk edən padşahın sonradan tamam başqa adla yenidən tapması və müxtəlif hadisələrdən sonra onu ölümə məhkum etməsi təsvir edilir. "Bəxtiyarnamə” əsəri biri-birini tanımadan mübarizə aparan ata-oğul motivinin maraqlı bir nümunəsidir. Padşah Azadbəxt müharibə vaxtı çətin vəziyyətdə qalıb düşmənin qarşısından qaçarkən yeni dünyaya gəlmiş oğlunu tərk etmək məcburiyyətində qalır. Uşaq düşmən əsirliyində böyüyür. İllər sonra həmin düşmənlə müharibələrdən birində Azadbəxt xeyli əsir götürür. Əsirlərin içərisində şahın vaxtı ilə itirdiyi oğlu da olur. Padşah öz oğlunu tanımasa da, ona Bəxtiyar adını verərək vəzifə başına gətirir. Bütün bunları şahzadə öz istedadı sayəsində qazanır. Bu vəziyyət qarşısında vəzirlər narahat olmağa başlayır və Bəxtiyara şər atırlar. Bəxtiyarla padşahın xanımı arasında yaxınlıq olduğunu deyirlər. Şah isə bundan qəzəblənərək Bəxtiyarı və xanımını zindana salır. Vəzirlərin əsl məqsədi Bəxtiyarı öldürmək idi. Ən çətin vəziyyət isə padşahın xanımının qorxudan bütün günahları Bəxtiyarın üstünə atması ilə başlayır. Bu hərəkət edam qərarının verilməsinə əsas səbəb olur. Vəzirlər qərarın tezliklə tətbiq edilməsi üçün çox çalışırlar, amma istəklərinə nail ola bilmirlər. Bəxtiyar hər gün vəziyyətə uyğun nağıl danışaraq 10 gün edamın gecikməsinə nail olur. On birinci gün  edam vaxtı Bəxtiyarla bağlı həqiqətləri bilən bir nəfər meydana çıxır və olanları danışır. Bundan sonra vəzirlər edam edilir. Azadbəxt hakimiyyəti könüllü olaraq oğlu Bəxtiyara verir.
         "Bəxtiyarnamə” XII əsrdə farsca olaraq Şəmsəddin Məhəmməd əl-Dəkaiki tərəfindən nəsrlə qələmə alınmışdır. XIV-XV əsrlərdə isə "Bəxtiyarnamə” əsəri mükəmməl şəkildə Anadolu türkcəsində də qələmə alınıb.
     "Tutinamə” əsəri isə şərq ədəbiyyatında hekayə janrının ən önəmli əsərlərindən sayılır. Sanskritcə adı "Sukasaptati”dir.  Əsərdə tutuquşunun dilindən bir çox fərqli hekayələr verilir. Xüsusilə, kişi-qadın münasibətlərindən bəhs edən hekayələr, əsasən, nəsihət xarakteri daşıyır. Bir çox şərqşünaslara görə bu şərq ədəbiyyatının ən önəmli əsəridir.  "Tutinamə”də də bir hekayə içində bir neçə hekayə verilir. Bu proses bir mövzudan digər mövzuya keçmək şəklində təşkil edilir.
       Əsərdə atasının istəyi ilə tacir olmuş Səid  Mahuşəkər adlı qızı dəlicəsinə sevir. Səid bir gün bazarda çox zəkalı olan tutuquşunu görür və onu satın alır. Tutuquşu nəsihətləri ilə Səidə çox kömək edir və sahibinin imkanlarının yaxşılaşmasına səbəb olur. Səid isə tutuquşunun sıxılmaması üçün onun yanına başqa bir dişi tutuquşu alıb gətirir.
       Bir gün Səid səfərə çıxmaq qərarını verir. Tutuquşuya isə tapşırır ki, qayıdandan sonra bütün hadisələri ona danışsın. Bu səfər zamanı uzun müddət tək yaşayan Mahuşəkər bir cavan oğlana aşiq olur. Mahuşəkər öz dərdini dişi tutuquşuya danışır. Tutuquşu isə buna çox açıqlanır. Qəzəblənən Mahuşəkər tutuquşunu  yerə çırparaq öldürür. Həmin gün Mahuşəkər öz sevgilisinin yanına getməkdən imtina edir. Səhəri gün yenə getmək istəyəndə bu dəfə dərdini erkək tutuquşuna danışmaq istəyir.  Bu tutuquşu Mahuşəkəri başa düşür və ona haqlı olduğunu deyir. Bununla bərabər, hər dəfə ona uzun-uzadı öyüd-nəsihətlər də edir. Bu öyüd-nəsihətlərdən sonra Mahuşəkər həmin gün sevgilisinin yanına getməyə imkan tapmır. Beləcə hər gün tutuquşudan məsləhət alan Mahuşəkər heç vaxt sevgilisi ilə görüşə bilmir. Günlər keçir və Səid səfərdən geri dönür. Tutuquşu Səid səfərdə olan zaman əhvalatların hamısını ona danışır. Xeyirxah Səid öz arvadını bağışlayır, tutuquşunu isə azadlığa buraxır.
      "Tutinamə” müxtəlif hekayələrlə zəngindir. Həmin hekayələr çox dəyərli nəsihətlər ifadə edir. Əsərdə həm bəşəri ideyalar ifadə edən, həm də islam əxlaqını təbliğ edən hekayələr var. Əsər islamdan daha əvvələ aid süjetlərlə də zəngindir.
      Müsəlman şərqində geniş yayılmış süjet qaynaqlarından biri də "Sindbadnamə”dir. Bu əsər Hind ədəbiyyatına məxsus hekayələr silsiləsidir. Hekayədə şərq əsilli bir hökmdarın oğlunun təhsilini Sindibad (P.S "Min bir gecə” nağıllarındakı Sindibad ilə qətiyyən qarışdırılmamalı) adlı bir lələyə həvalə etdiyi nəql olunur. Sindibad şahzadənin bəxtində bir uğursuzluq olduğunu görür və bir həftə ərzində heç bir söz danışmazsa, uğurzuluqdan xilas ola biləcəyini deyir. Hadisələrdən xəbərsiz olan hökmdar oğlunun danışmadığını görəndə narahat olur və bir cariyəsinə onu danışdırıb məsələnin səbəbini öyrənməyi tapşırır. Lakin cariyə bu işi bacara bilmir, hökmdara oğlunun ona qarşı gəldiyini və buna görə də onun öldürülməli lazım olduğunu deyir. Hökmdar da buna inanır. Bu hadisə ilə əlaqədar olaraq ölkənin yeddi vəzirinin hər biri qadınların hiylələrinə aid bir hekayə danışaraq yeddi gün boyunca hökmdarın başını qatırlar. Beləcə, vaxt tamamlanır və şahzadə danışmağa başlayır. O, cariyənin nə etmək istədiyini danışır. Həqiqət ortaya çıxanda hökmdar cariyəsini cəzalandırır və taxtını oğluna həvalə edir.
      "Min bir gecə”: VIII əsrdə Abbasi xəlifəsi Harun Ər Rəşid zamanında Bağdad önəmli kosmopolit şəhər idi. İran, Çin, Hindistan, Afrika və Avropadan gələn tacirlər ilə dolub-daşmaqda idi. Bağdad mədəni tərtibatı ilə də diqqəti cəlb edirdi. İnkişaf etmiş Ərəb mədəniyyəti, xüsusilə də digər Şərq mədəniyyəti ilə sıx əlaqədə idi. "Min bir gecə” nağıllarındakı hekayələr də elə bu dövrdə xalq hekayələri olaraq meydana çıxmışdır. Dildən-dilə yayılan bu hekayələr, sonra bir əsərdə cəmlənmişdir. Hekayənin mənbəyini qədim Fars ədəbiyyatına məxsus olan  "Həzar əfsanə”  ( "Min bir əfsanə” ) təşkil etmişdir.  IX əsrdə hekayələri toplayan və ərəbcəyə tərcümə edənin Əbu Abdullah Məhəmməd əl-Gahşigar olduğu söylənilir. Əsərdəki hekayələrin əsasını təşkil edən Şəhrizad əfsanəsinin XIV əsrdə artırıldığı ehtimal edilir.
       "Min bir gecə” nağılları Ərəb ədəbiyyatının ən gözəl əsərlərindəndir. İstər qədimliyi, istərsə də anonimliyi bu nağılların sürətlə yayılmasına yol açmışdır. Hətta çox sonralar "Min bir gündüz” adında başqa bir əsər də ortaya çıxmışdır. Demək olar ki, bütün dünya dillərinə tərcümə olunan nağıllar arasında "Əlibaba və qırx quldur” və "Ələddinin sehrli çırağı” da yer almaqdadır.
       Hekayəyə görə, fars hökmdarı Şah Şəhriyar  Hindistan ilə  Çin arasındakı bir adada hökmdarlıq edir. (Əsərin daha sonraki formalarında bunun yerinə Şəhriyarın Hindistanda və Çində hökmdarlıq etdiyi yazılır). Şəhriyar arvadının onu aldatdığını öyrənir və hiddətlənir. Bütün qadınların sədaqətsiz və nankor olduğuna inanmağa başlayır. Əvvəlcə arvadını öldürtdürür, sonra da vəzirinə hər gecə onun üçün yeni bir xanım tapmasını əmr edir. Hər gecə yeni bir gəlin alan Şəhriyar, gecəni həmin qadınla keçirdikdən sonra dan yeri açılanda onu edam etdirir. Bir müddət belə davam edir. Vəzirin ağıllı qızı Şəhrizad bu pis gedişata son vermək üçün bir plan qurur və Şəhriyarın növbəti arvadı olmasına qərar verir. Evləndikləri gecədən başlayaraq, qardaşı Dünyaminin hekayə dinləmədən yata bilmədiyini söyləyir. Hər gecə Dünyaminin köməyi ilə çox gözəl və həyəcanlı hekayələr danışır. Amma dan yeri söküləndə, hekayənin ən həyəcanlı yerində hekayəni danışmağı dayandırır. Hekayənin sonu ilə maraqlanan Şəhriyar, Şəhrizadın hekayəyə ertəsi gecə davam etməsi üçün o gecəlik edamı təxirə salır. Hər gecə bir öncəki nağılın davamını anladıb, yeni bir hekayəyə başlayır və yenə də dan yeri söküləndə hekayənin ən həyəcanlı yerində nitqini kəsir. Kitabın sonuna qədər yer alan hekayələr Şəhrizadın Şəhriyara danışdığı hekayələrdir. Əsərin sonuna qədər Şəhrizad üç oğlan uşağı dünyaya gətirir və evliliklərindən uzun müddət keçir. Bu müddət ərzində Hökmdarın qadınlara olan kini və pis düşüncələri aradan qalxmış olur və Şəhrizadın sədaqətinə inanır.
       Əsər ənənəvi fars, ərəb və hind hekayələrinin bir toplusudur. Bütün bu əsərlər təkcə Azərbaycan ədəbiyyatının deyil, Orta Asiya, yaxın və uzaq şərq ölkələrinin ədəbiyyatında dərin izlər buraxmışdır. Özü-özlüyündə böyük bir zaman kəsiyini əhatə edən bu əsərlər uzun müddət bir çox söz sənətkarı yaradıcılığında süjet qaynağı olaraq istifadə edilmişdir. Bu əsərlərin olduqca mühüm ortaq cəhətləri var:
1. Əsərlər ideyaca tam olsa da, tərkibində müxtəlif süjetlər əsasında qurulmuş hekayə, nağıl və əhvalatlardan ibarətdir.
2. Əsərlərin hamısı, əsasən, nikbin sonluqla bitir.
3. Əsərdə nağıllar və digər hekayələr hansısa obrazın dilindən söylənilir.
4. Əsərlərin hamısı əxlaqi-didaktik mahiyyəti ilə diqqəti cəlb edir.
5. Əsərlərin bəzisi islamdan daha əvvəl yaranmış süjetlərə malik olsa da, hamısında islam dininin mənəvi dəyərləri daha çox qorunur.
      Haqqında bəhs etdiyimiz  və başqa bu kimi qiymətli əsərlər Azərbaycan ədəbiyyatına təsirsiz olmayıb.
 XVII-XVIII əsr ədəbiyyatında bu əsərlərdən daha mütəşəkkil bəhrələnilmişdir. Bu dövrün sənətkarları XII əsrdən etibarən dünya ədəbiyyatına olduqca dəyərli töhfələr bəxş etmiş ədiblərimizdən də yüksək səviyyədə yararlanıblar. XVII-XVIII əsr ədəbiyyatımız özündən 3-4 əsr əvvəlki ədəbiyyatla müqayisədə nisbətən zəif inkişaf etmişdir. Bunun səbəbi isə mərkəzi dövlətin zəifləməsi, xarici basqınlar və daxili çəkişmələr idi. Amma problemlər nə qədər olursa-olsun, ədəbiyyat tamamilə sükut etmir. Şifahi xalq ədəbiyyatı xalqın sıxıntılı günlərində daha çox inkişaf edir. Ədəbiyyatımızın intibah dövrü sayılan XVII-XVIII əsr, bu intibahı daha çox şifahi xalq ədəbiyyatında ifadə edə bildi. Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım kimi el sənətkarları və "Şah İsmayıl”, "Aşıq Qərib”, "Abbas və Gülgəz”, ən əsası da "Koroğlu” kimi dastanlarımız bu dövrün nümayəndələri və nümunələridir. Xalq ədəbiyyatı bölgənin digər xalqlarını da təsiri altına ala bilmişdi. Erməni ədəbiyyatına aid hesab edilən Miran, Sayat Nova kimi aşıqlar Azərbaycan dilində yazıb-yaratmışlar.
       Yazılı ədəbiyyat da xalq ədəbiyyatının fonunda öz varlığını qoruyub saxlamışdı.  Bu dövrdə Fədainin "Bəxtiyarnamə”, Sadiq bəy Əfşarın "Fəthnameyi-Abbasi-namdar”, Məsihinin "Vərqa və Gülşa”, Saib Təbrizinin "Qəndəharnamə” poeması, Əmaninin mənzum hekayələri bu dövrün həcmli epik əsərləridir.
       Əslində, hər hansı əsər əsasında yeni bir əsərin yaranması Azərbaycan ədəbiyyatında XII əsrdən sonra müşahidə edilməkdə idi. Buna ən bariz nümunə "Leyli və Məcnun” poemaları ola bilər. İlk dəfə Nizaminin epik şeir nümunəsi kimi ortaya qoyduğu bu əsərdən çox sənətkarlar təsirlənib və fərqli əsərlər yazılıblar. Bu əsərlərin içərisində isə daha mükəmməl süjetə və fərqliliyə malik olanı isə M. Füzulinin "Leyli və Məcnun” poeması olub. Bundan sonra yazılan "Leyli və Məcnun”larda isə Füzuli təsiri daha çox duyulur. Deməli, ədəbiyyatımızda eyni süjetin əsasında yeni əsərlər yaratmağın möhtəşəm bir ənənəsi var. XVII-XVIII əsrdə isə bu süjet axtarışı sərhədlərini daha da genişləndirib. Bu dövrdə Fədai Təbrizi "Bəxtiyarnamə” ("On vəzir”) əsərini "Sindibadnamə”nin üzərində qurub. Ənənəvi mövzuda yazılsa da, əsər ideya-bədii baxımdan orijinallığı ilə də seçilir. Əslində bu orijinallığın əsas səbəblərindən biri də həmin mövzuya Azərbaycan ədəbiyyatında daha qədimdən mövcud olan süjetləri və mövzuları daxil etməsidir. Belə ki, "Bəxtiyarnamə” əsərində Nizami Gəncəvinin "Sirlər xəzinəsi” əsərinin təsiri güclü olub. Fədai burada da orijinallıq yarada bilib. O, Nizamidən fərqli olaraq, şahların yenidən tərbiyə olunması məsələsini deyil, xalq içərisindən çıxmış bir insanın hökmdar olması ideyasını irəli sürür. Ümumilikdə, "Bəxtiyarnamə” poeması "Dəhnamə”, "Sindibadnamə”, "Tutunamə” və bir az da "Sirlər xəzinəsi” əsərlərinə çox oxşayır.
      Məsihi də bu dövrdə yazmış olduğu "Vərqa və Gülşa” əsəri ilə süjet olaraq şərq ədəbiyyatından dahiyanə şəkildə faydalana bilmişdir. "Vərqa və Gülşa” əsərinin daha çox ərəb ədəbiyyatına məxsus "Urva və Əfra” əsərinin təsiri ilə yazıldığı ehtimal olunur. VII əsr ərəb ədəbiyyatına aid olunan "Urva və Əfra” əsəri müsəlman şərqində XI əsrdən başalayaraq daha geniş yayılıb. Məsihidən əvvəl ədəbiyyatımızda XIV əsrə aid ədibimiz Yusif Məddah "Vərqa və Gülşa” adlı əsər yazıb. Məsihi Yüsif Məddahdan fərqli olaraq, əsərin vəznini dəyişmiş və əsərdəki hadisələrə uyğun olaraq üç qəzəl də artıraraq on qəzəl daxil etmişdir. Əlbəttə, fərqlilik süjetdə də hiss olunur.
    Dövrünün Hafizi sayılan Saib Təbrizi də şərq ədəbiyyatından mükəmməl şəkildə faydalanmaqla bərabər Nizami və Füzuli ənənələrini yaşatmışdır. Saibin "Qəndəharnamə” poemasında Cəlaləddin Rüminin təsiri duyulur. Ümumilikdə Saib Təbrizi də digər söz ustadı kimi daha çox sözün mənasına, onun dəyərinə yeni töhvələr verməyi bacarıb. Bəhrələndiyi ədiblərin yaradıcılığına öz payını da əlavə etməklə ortaya mükəmməl bədii sənət nümunəsi çıxartmışdır.
Göründüyü kimi, XVII-XVIII əsrdə ədəbiyyatımız şərq ədəbiyyatının zəngin irsi olan "Bəxtiyarnamə”, "Tutinamə”, "Sindibadnamə”, "Min bir gecə” və s. kimi əsərlərdən bəhrələnməklə, özünün orijinallığını qoruyaraq dünya ədəbiyyatına dəyərli əsərlər bəxş etmişdir. Sözsüz ki, bu əsərlər də özündən sonrakı ümumşərq ədəbiyyatına təsir etmişdir.