Ezra Paund. ... Sonra bir əyyaşla evləndi (Şeirlər)

Ezra Paund. ... Sonra bir əyyaşla evləndi (Şeirlər)

Katay

Amerikan şair və tənqidçi Ezra Paund (1885 – 1972) ingilisdilli modernizmin və imajizmin yaradıcısıdır. Professor Ernest Fenollozanın araşdırmalarından bəhrələnərək qədim Çin poeziyasından etdiyi tərcümələri 1915-ci ildə "Katay” ("Səmavi”) adıyla çap etdirib. Məhz bu kitab Amerika ədəbiyyatında verlibr (sərbəst şeir) ənənəsinin əsasını qoyub. Dünya poeziyasından etdiyi çoxsaylı tərcümələr və müxtəlif şeir kitablarından əlavə, 1917-ci ildən 1970-ci ilə qədər "Kantos” ("Nəğmələr”) eposunu yazıb. Amma eposu tamamlamaya bilməyib. Siyasi düşüncələrinə, Mussolinini dəstəklədiyinə və faşizmi təbliğ etdiyinə görə həbs olunmağına baxmayaraq, Paund XX əsr dünya poeziyasının qabaqcıl simalarındandır. Yuxarıda adıçəkilən "Katay” kitabından iki şeiri təqdim edirik:



Şu oxatanlarının nəğməsi

Buradayıq, ilk ayıdöşəyi köklərini yığırıq,
Və deyirik ki: görəsən haçan qayıdacağıq evimizə?
Buradayıq, Qen-inlər düşmənlərimizdir çünki,
Monqolların ucbatından rahatlığımız qalmayıb.
Yaz ayıdöşəyi köklərini qazıyıb çıxartırıq,
Kimsə "qayıdış” desə, kədərlənirik hamımız.
Kədərliyik, aclıqdan və istidən əziyyət çəkirik,
Tezliklə qayıdacağımıza da ümidimiz yoxdur.
Payız ayıdöşəyi köklərini yığırıq,
Görəsən oktyabrda qayıda biləcəyikmi?
Borcumuzu yerinə yetirməsək asudə olmarıq,
Dərdimiz böyükdür, amma geri çəkilməyəcəyik.
Görəsən vətəndə hansı çiçəyin açan vaxtıdır?
Bəs o kimdir arabayla gəlir? Sərkərdəmizdir.
Arabaya qoşulan atlar da yorulub. Onun atları da yorulub.
Rahatlıq nədir bilmirik. Ayda üç döyüş olur.
İlahi, onun atları da yorulub.
Zabitlər seçmə atlara minib, əsgərlər yanlarıyca piyada gedir,
Onların oxları fil dişindən hazırlanıb.
Düşmən cəlddir, ayıq olmalıyıq.
Yola düşəndə baharı salamlayırdı söyüd ağacları,
Qar yağıb, indi qayıdırıq.
Acıq, susuzuq, ağır-ağır gedirik –
Dərdimizi kim başa düşər, halımıza kim yanar?

Bunno
E.Ə. 1100-cü illər


Gözəl bəzək

Mavidir, mavidir çayın sahilindəki otlar,
Sahildəki bağdan boylanan söyüd ağacları.
Evin gənc, gözəl, ağbəniz xanımı,
Qapıda dayanıb.
İncə əlini uzadır yarıaçıq qapıdan.

O haçansa kurtizanka idi,
Sonra bir əyyaşla evləndi.
Əri içib küçələrdə veyillənir
Və xanım çox vaxt tək qalır evdə.

Mei Sheng
E.Ə. 140


Tərcümə: Həmid P.