Fariz Bayramov - Sivilla

Fariz Bayramov - Sivilla

Qədim dinlər haqda öz dayaz biliyimə əsaslanaraq deyim ki, əfsanəyə görə, Romalıların böyük önəm verdikləri Sivilla kitabları mövcudmuş ki, hansı ki gələcəkdən xəbər verdiyinə inanılırmış və dövlət rəhbərləri tez- tez bu kitablara baş vurumuşlar. Bu kitabların günümüzə gəlib çıxıb- çıxmadığı haqda dəqiq məlumatım təəssüf ki yoxdu. Bu kitablarda da Sivilla kahin, rahibə qadın demək imiş. Həmən bu qadın tanrının dili ilə danışaraq gələcəkdən xəbər verə bilirmiş… Yox yanlış anlamayın, əsər bu əfsanənin üstündə qurulmayıb və burdakı Sivilla da həmən qadın deyil. Sadəcə yazar bu əfsanədəki bəzi nüanslardan yaralanaraq, iki kəsişən həyatın – lənətlənmiş bir qadınla lənətlənmiş bir kişinin həyatının – fonunda oxucularına yenə də bir Tanrı, insan taleləri anlatmağa çalışıb ki, əsəri oxuyarkən nə demək istədiyimi anlayacaqsınız.


Nobel mükafatlı İsveçli yazar Per Laqerkvist, " Varavva”da olduğu kimi, bu əsərində də hadisələrə tamam fərqli prizmadan yanaşıb. Doğrusu, bu əsəri anlamaq üçün həm miladdan əvvəlki dinlər haqqında, həm də xristianlıq tarixi haqqında normal bilik sahibi olmaq daha yaxşı olar deyə düşünürəm. Özüm bu sarıdan çox da məlumatlı olmasam da, yenə də sizlər üçün bu əsərdən anladıqlarımı anlatmağa çalışacağam.

Kitabı bitirdikdən sonra özümdə bu qəti qərara gəldim : Əsərin haqqında danışarkən məcburən süjet ilə paralel danışmalı olacam. Çünki hətta belə danışaraq anlatsam belə, yenə də sizlər əsəri oxumadan məni anlatdıqlarım silzər üçün tam anlatım olmayacaq. Ona görə də bu dəfə bu üsulu seçərək əsərin məğzini elə süjeti danışa- danışa açmağa cəhd edəcəyəm.

Həyat yoldaşı və oğlu ilə xoşbəxt bir ömür sürən bir kişi, bir gün evinin önündən keçən və edama məhkum edilmiş dustağı elə çəkiləcəyi çarmıx ilə birlikdə aparan əsgərləri görür. Əldən düşmüş və zəifləmiş məhkum, bir az yorğunluğunu çıxarmaq üçün başını kişinin evinə söykəyərək dayanır. Bu məhkumun görünüşündən gözü su içməyən ev sahibi, dustaqdan uzaqlaşmasını, onun evinin divarına söykənməməsini istəyir. Yorğun gözləri ilə ona baxan məhkum " Başımı sənin evinə söykəməyə izn vermədiyin üçün sənin bədbəxt ruhun dünya durduqca rahatlıq tapmayacaq. Sən heç vaxt ölməyəcəksən, bütün dünyanı dolaşacaq, sakitlik tapa bilməyəcəksən " . Elə o gündən sonra bütün rahatlığını itirən adam, həmən məhkumun Tanrının oğlu olduğunu, Məsih olduğunu öyrənir. Özünün bir Tanrı oğlu və ya Tanrının insan vücudunda zühuru olan kəs tərəfindən ( yeqin her kes bunun Isa peygember oldugunu anladi ) lənətlənməsindən necə qurtula biləcəyini öyrənmək üçün uzaq səyahətə çıxır. Nəhayət ki ona, Delfa şəhərində bir dağın kənarında yaşayan qarını nişan verirlər. Bu qarı, Delfa şəhərinin müqəddəs məbədində ( orakulda ) vaxtlə pifiya ( kahin qadın ) olmuş, Tanrı gəlini adlandırılmışdır. Öz anormal oğlu ilə dağ başında yaşayan bu qadının yanına çataraq başına gələnləri danışan adam, ardıyca qadının hekayətini dinləməli olur və öz başına gələnlərdən də qəribə əhvalat eşidir… Əsərin əsas hissəsi də məhz bundan sonra başlanır.

Yazar bu mistik ruhlu əsərində, böyük ustalıqla bu iki talenin fonunda insan inanclarına, insan hisslərinə, sevgiyə ən əsası isə qadın haqqlarına fərqli bir baxış atmağa çalışmışdır. Bir Tanrı gəlini olan, ömrünü Tanrıya həsr etməyə məhkum edilmiş bir qadın düşünün. Cəmiyyət tərəfindən daima izlənən, cəmiyyətdə öz xüsusi yeri, statusu olan bir qadın. Bütün dünyəvi hisslərdən məhrum edilmiş bir qadın. Axı niyə hər zaman qadın fədakar olmalı, qadın özünü fəda etməli, qadın özünə diqqət etməli, qadın özünü qorumalıdı? Nəyə görə həmişə qadından bir gözlənti olmalıdı? Bəşəriyyətin daimi və cavabı tapılmaq bilməyən sualı. Hələ- hələ bu qadın cəmiyyətin gözdələrindən olan qadındırsa bu suala cavab tapmaq daha da çətinləşir… Bir gün bu Tanrı gəlini olan qadın, əsl insanı sevgiyə rast gəlir və qadınlıq hisslərini məhz insan kimi yaşamaq istəyir. Görülməmiş ehtirasla və qızğın eşqlə sevgilisinə aşiq olan qadın heç düşünmədən tez bir zamanda özünü bu sevgiyə təslim edərək sevgilisi ilə birgə bu həzzi hər gün, hər fürsətdə yaşayır. Bu çılğın ehtirasdan qorxuya düşən sevgilisi bir gün onu güdərək Tanrı məbədinə girərkən görür və hər şeyi anlayır. Sürətlə qadından uzaqlaşmağa başlayan oglan bir gün məbədin yanındakı uçurumda, çayın kənarında ölü olaraq tapılır. Bəli, Tanrı özünə aid olan qadına toxunduğu, bakirəliyini pozduğu üçün bu bəşər övladını cəzalandırır. Qadını da bir ayrı cəzalandırır, insan övladını ondan daha çox sevdiyinə görə! Necəmi?… Belə ki, bətnindəki körpənin öz sevgilisindən olduğunu sanan qadın, doğuş gerçəkləşəndən sonra böyük bir yanılqıya uğrayır. Bunun nə yanılqı olduğunu isə əsəri oxuyarkən öyrənməniz daha məqsədə uyğundur. Bütün şəhər camaatı da onu daşqalaq etməyə, öldürməyə, didib- parçalamağa hazırdır… Düşünürəm də, elə bəlkə biz insanlarıq Tanrının da əvəzində qərar verən, cəzalandıran, cəmiyyətdən kənara itələyən? Biz deyilikmi ittiham edən? Biz deyilikmi qınayan?…

Tanrı tərəfindən cəzalandırılan bu iki insanın qarşılıqlı dərdləşməsi zamanı qadının üsyankar cümlələri insanın içini titrədir : " İnsanın taleyi bircə dənədir, başa çatınca bitər. Yalnız Tanrılardır bir çox taleyi olan.Onlar hər şeyi sınamışlar. Hər şeyi sınayıblar, təkcə insan xoşbəxtliyindən başqa! Yalnız onu bilmirlər və məhz buna görə də insanlara bu xoşbəxtliyi çox görürlər! Tanrıları bu qədər zalım edən də elə insanların xoşbəxt olmağa çalışmaları, bunu edərkən də onu unutmalarıdır. Bundan ötrü intiqam alırlar insanlardan! Tanrı qəzəblidir, acımasızdır! Tanrı ondan başqa kimisə sevənlərə nicat yolu qoymur! ". Bu cümlələrlə sanki Tanrıdan intiqam alan Laqerkvist, yenə də sonda Tanrıya nifrət etməyin məntiqsiz olduğunu dilə gətirir. Belə ki, qarının bu əhvalatını eşidərkən yuxarıda saydığım suallara cavab tapa bilməyən lənətlənmiş kişi, öz sualına cavab istərkən qarının ona verdiyi cavab bu olur : " Mən gələcəyə nəzər sala bilmirəm. Lakin mən insanlara bələdəm deyə təxmin edirəm ki, Tanrının lənəti və ya xeyir- duası olmadan heç kəs, heç vaxt yaşaya bilməyəcək. Nəyə inansalar, nə düşünsələr, nə etsələr belə, taleləri Tanrıdan ayrı olmayacaq”.
Belə əsərləri oxuduqdan sonra həmişə gələcəkdə bir də oxuyacağım qərarına gəlirəm. Çünki sanballı bilik, yaxşı mütaliə bazası tələb edən əsərlərdir. " Korlaşma”, " Varavva " və "Sivilla” artıq mənim ikinci dəfə mütləq oxuyacağım kitablar siyahısına düşüb.

Yazım nə qədər uğurlu alındı bilmirəm, amma özümün hələ ki anladıqlarımın bir hissəsini bu uzun- uzadı yazıda sizə anlatmağa çalışdım . Əminliklə deyirəm ki, əsəri oxumadan yazımı tam anlamaq çətin olacaq sizə. Mən sadəcə maraq oyatmaq istədim. Oxuyun, oxumağınıza peşman olmayacaqsınız. Xüsusən də xanımların oxumasını istərdim. Hər kəsə xoş mütaliələr!