Fərid Muradzadə. Qırmızı güllələr uçurdu havada... (ŞEİRLƏR)

Fərid Muradzadə. Qırmızı güllələr uçurdu havada... (ŞEİRLƏR)

Şəkil qaleriyası ...
Bir-birindən fərqlənən 
Rənglərin palitrası
Bir də kənarda durub 
şəkilləri seyr edən
Uşağın iç dünyası...
Ağıllı gözləriylə arabir gülə-gülə
Arzuları bəlkə də
Dünyadan böyük olan
Balaca şirin uşaq
diqqət ilə baxırdı 
divardakı şəkilə.
Elə parıldayır ki, uşağın göz giləsi 
Bu uşağın önündə
Nə qədər balacaymış
Milyonların arzusu 
Böyük Eyfel qülləsi...

***

Qəfil güllələr pozdu
Bakirə gecənin bəkarətini...
Zülmət qaranlıqda 
Qırmızı güllələr uçurdu havada
yana-yana.
Bu qırmızı güllələrdən neçə-neçə 
Gəncin ömrü, arzuları yetdi sona...
İnsan vəhşiliyi, insan qəddarlığı
Kiminin məsumluğu, kiminin günahkarlığı
Yazılırdı göyün üzünə.
İnsan fəryadı qarışmışdı
Qaranlıq gecədə güllə səsinə...
Hamı özünü haqlı sayırdı
Bəs kimdir günahkar?!
Ərşə dirənmiş ahlar
öz haqqını istəyir 
Hamısı deyir: 
Diri canlar, ölü ruhlar
-odur günahkar, budur günahkar!
Tələsməyin...
Tanrının dərgahında 
Sorulacaq günahlar!
O gecə qərəzsiz bir şahid vardı
İnsan vəhşiliyinə .
Ay şahid idi o gecə
göy üzündən yer üzünə
Dalan-dalan, döngə-döngə, küçə-küçə...

***

Sənin şəklini çəkdim 
Rəngsiz fırçalarımla.
Paltarların, əllərin
Yarıboz, yarıqara. 

Sənin şəklini çəkdim,
Cizgisində özün yox.
Şəklin bir qüsuru var,
Göz yerində gözün yox.

Sənin şəklini çəkdim,
Əllərin buz parçası.
Alnında görünürdü,
Xəcalətin damğası.

Sənin şəklini çəkdim 
Üzünə rəng yaxmadım. 
Çünki, sənin üzünə, 
Düşəcək rəng tapmadım.