Fernando Pessoa. Doğum günü (ŞEİR)

Fernando Pessoa. Doğum günü (ŞEİR)

Doğum günümün bayram olduğu vaxtlar…
Onda xoşbəxt idim, hələ hamı sağ idi,
Köhnə evimizdə yığışırdılar – bu ənənəmiz idi,
Mərasim kimi, ritual kimi, təntənəli bir şey.
Doğum günümü qeyd edirdik hamılıqla.

Doğum günümün bayram olduğu vaxtlar…
Hamı məni tərifləyib ağıllı olduğumu deyirdi, axı mən hələ nə qanırdım ki?
Mənə ümid bəslədiklərini deyirdilər – deməli, ümid bəslənilməyə layiq idim.
Amma özüm ümid etməyə başlayanda, artıq ümidim qalmamışdı.
Həyatda nələrisə başa düşməyə başlayanda da, artıq onun mənası yox idi.

Hə, deyəsən, təkcə məni sevənlərin ürəyində
Hələ də bir az dəyərim qalmışdı. Axı bunların hamısı hara getdi?
Doğum günümün bayram olduğu vaxtlar hara qeyb oldu?
İndi divarları çatlamış evə oxşayıram,
(Göz yaşlarımın dumanlandırdığı gözlərimlə gördüyüm köhnə evə)
Sakinləri köçüb getmiş, artıq heç kimə lazım olmayan evə.
Yanmış kibrit çöpünə oxşayır həyatım.

Doğum günümün bayram olduğu vaxtlar…
Onda hələ sevə bilirdim, özümü nəsə hesab edirdim, böyük adam olmağa ümidim vardı.
Reallıqdan qaçıb xəyallara sığınırdım daha çox,
Və həqiqətən mövcud olmağıma şübhə etmirdim.
Artıq bunların heç biri qalmayıb, hər şey itib-batıb tələskənliyin içində -
Heç əməlli-başlı dadına da baxa bilmədim heç nəyin.

Ətrafda nə olduğunu ayırd etməyən kor kimiyəm,
Yuxu kimi gördüyüm stola, stolun üstündəki qab-qacağa baxıram,
Müxtəlif yeməklər, meyvələr, şirniyyat düzülüb stolun üstünə,
Yaşlı xalalarım, xalam uşaqları da burdadır. Hər şey mənim üçündür –
Eynən doğum günümün bayram olduğu vaxtlardakı kimi.

Ürəyim, dayan! Özünü yormağa dəyməz.
Müxtəlif günlər əlavə olunub, amma aralarında bayram yoxdur.
Mən özümdən çox yaşadım. İlahi, pərvərdigara!
Necə ağırdır – doğum günümün bayram olduğu vaxtları
Özümlə apara bilməmək.

Tərcümə: Həmid P.