Fyodr Dostoyevski. Gülməli adamın yuxusu - HEKAYƏ

Fyodr Dostoyevski. Gülməli adamın yuxusu - HEKAYƏ

Fyodr Mixayloviç Dostoyevski  

Gülməli adamın yuxusu

Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbətdə, özümə yox — onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, onlarsa yox. Ooh, həqiqəti tək bilmək adama necə də çətindir! Amma onlar bunu başa düşməz. Yox, başa düşməz.

Əvvəllər isə gülməli göründüyümə görə yaman sıxılırdım. Yox, gülməli görünmürdüm, elə gülməliydim ki var. Mən həmişə gülməli olmuşam, bunu bəlkə də doğulduğum gündən bilirəm. Ola bilsin, artıq yeddi yaşımdaykən gülməli olduğumu bilirdim. Sonra məktəbdə oxudum, daha sonra universitetdə, amma, nə işin, oxuduqca gülməli olduğumu daha çox aşkarlayırdım. Axırda bütün universitet elmi elə bil ona görə mövcuduydu ki, onun dərinliklərinə vardıqca gülməli olduğumu mənə daha çox anlatsın. Həyatda da beləydi. İldən-ilə gülməliliyim haqqda fikrim hərtərəfli artıb möhkəmlənirdi. Mənə hamı və həmişə gülüb, amma onların heç biri bilmir və ağlına da gətirmirdi ki, dünyada gülməli olduğumu ən çox bilən adam varsa, o da elə özüməm. Bax, mənə ağır gələn də bu idi ki, bunu bilmirdilər, ancaq günah özümdəydi: hər zaman o qədər qürürlu olmuşam ki, bunu heç kimə açmaq istəməmişəm. Bu məğrurluğum ilbəil artırdı, birdən kiminsə yanında da gülməli olduğumu təsadüfən boynuma alsaydım, məncə, onda oradaca, elə o axşam başımı tapançayla dağıdardım. Ooh, yeniyetməlik çağlarımda dözə bilməyib qəflətən yoldaşlarıma e´tiraf edəcəyimdən necə də əzab çəkərdim. Gəncləşdikcə bu dəhşətli xüsusiyyətim haqqda getdikcə daha çox öyrənsəm də, nədənsə bir az sakitləşdim. Məhz nədənsə, iş orasındadır ki, bunun nədən belə olduğunu hələ indi də tapa bilməmişəm. Bəlkə də buna səbəb məni son dərəcə üstələyib qəlbimə yığışan qorxunc bir kədər idi. Dünyanın hər yerində hər şeyin eyni olduğu fikri ağlımı sarmışdı. Çoxdan bunu hiss etmişdim, amma axırıncı il birdən-birə buna tamam əmin oldum.

Dünyanın mövcud olub-olmamasının mənə fərq etmədiyini hiss etdim birdən. Bütün varlığımla ətrafımda heçnəyin olmadığını duymağa başladım. İlk əvvəl mənə elə gəlirdi ki, bunun əvəzində öncələr çox şey olub, ancaq sonra başa düşdüm ki, heç o vaxtlar da heçnə olmayıb, ancaq elə gəlib ki, guya nəsə var. Yavaş-yavaş yəqin etdim ki, heçvaxt da heçnə olmayacaq. Bundan sonra birdən-birə adamlara acıqlanmağımı yerə qoyub, demək olar, heçkəsə fikir vermədim. Doğrudan da, bu hətta lap boş şeylərdə özünü büruzə verirdi: məsələn, yolda adamlarla toqquşurdum. Fikirli olduğumdan yox: nə haqda düşünə bilərdim ki, o vaxt düşünməyin daşını tamam atmışdım: heçnəyin fərqi yoxuydu mənə. Öz suallarıma cavab axtarsam yaxşı olardı, eh, onlar o qədəriydi ki, amma heç bircəciyini də həll etmədim, mənə fərqi olmadığından suallar da yoxa çıxdı.
Sonra da həqiqəti tapdım. Həqiqəti keçən noyabrda, özü də üç noyabrda tapdım, o vaxtdan da hər bir anım yadımdadır. Çox tutqun, zülmət qaranlıq idi. Axşam saat onbirdə evə qayıdırdım, dəqiq yadımdadır, fikirləşdim ki, görəsən, bundan da ürəksıxıcı qaranlıq olarmı? Hətta fiziki cəhətdən. Yağış bütün gün yağırdı, bu, ən soyuq və zülmətli yağışıydı, hətta vahiməli idi, yadımdadır, sanki adamlara qarşı aşkar bir düşmənçiliklə yağırdı. Saat onbirdə yağış birdən-birə kəsdi, əvvəlki nəmişlik və soyuğu daha betər rütubət əvəzlədi. Hər şeydən də — hər küçədəki daşdan, hər görünən döngədən buğ qalxırdı. Birdən ağlıma gəldi ki, hər yanda qaz sönsəydi, bundan yaxşı olardı, axı qaz hər şeyi işıqlandırıb ürəyi sıxır. O gün, demək olar ki, nahar etməmişdim, axşamdan da bir mühəndisgildə idim, məndən başqa ora iki səfeh qonaq da gəlmişdi. Elə hey susduğumdan, deyəsən, camaatı da bezdirmişdim. Onlar nədənsə mübahisə edir, hətta birdən-birə özlərindən çıxırdılar da. Amma gördüm ki, onlara fərqi yoxdur, elə-belə qızışırlar. Elə birdən bunu onların üzünə dedim. "Cənablar, axı sizə fərqi yoxdur,” — dedim. Küsmədilər, eləcə gülüşdülər. Ona görə ki, tə´nəsiz-filansız dedim, sadəcə mənə fərqi olmadığından dedim. Onlar da bunu görəndə sevindi.
Küçədə qazı düşünərkən göyə baxdım. Göy dəhşət tutqun idi, param-parça buludların arasından da aydınca çox tünd ləkələr görünürdü. Bir qara buludun üstündə gözümə xırda ulduz dəydi. Diqqətlə ona baxdım. Səbəb bu idi ki, ulduz ağlıma bir fikir saldı: bu gecə özümü öldürməyi qət etdim. İntihar etmək fikrinə hələ iki ay öncə gəlmişdim. Nə qədər kasıb olsam da, ə´la bir tapança alıb elə həmin gün də içini doldurmuşdum. Amma üstündən iki ay keçsə də, o hələ də qutudaydı. Hər şeyə o qədər biganə olmuşdum ki, axırda biganə olmadığım barı bircə dəqiqə tapmaq istəyirdim, niyə — heç özüm də bilmirəm. Beləliklə, bu iki ayda hər gecə evə qayıdarkən özümü güllələyəcəyimi düşünürdüm. Elə hey o dəqiqələri gözləyirdim. Bu balaca ulduz isə indi ağlıma fikir saldı, mən də qərara gəldim ki, məsələ hökmən elə bu gecə olacaq. Balaca ulduzun bunu ağlıma salma səbəbini isə bilmirəm.

Həə, göyə baxdığım vaxt birdən bu qızcığaz dirsəyimdən yapışdı. Küçə artıq boşalmış, demək olar, heç kəs yoxuydu. Uzaqda dayanan arabada bir faetonçu yatırdı. Qızın səkkiz yaşı olardı, başında kiçik yaylıq, əynində də don, tamam islanmışdı, yadımda isə əsasən onun cırıq yaş başmaqları qaldı, indi də yadımdadır. Onlar xüsusi gözümə dəydi. O, qəfildən dirsəyimdən dartıb məni çağırmağa başladı. Ağlamırdı, amma qızdırma içində tir-tir titrədiyindən düzəməlli tələffüz edə bilmədiyi sözləri qırıq-qırıq qışqırırdı. O, nəyəsə görə vahiməyə düşüb "anacan! anacan!” deyib çığırırdı. Bir istədim üzümü ona tərəf çevirim, amma heçnə deməyib yoluma davam etdim, o isə arxamca qaçıb məni dartır, səsində də ürkək uşaqların dilindəki çarəsizlik duyulurdu. Bu səsi tanıyıram. Sözləri qırıq-qırıq desə də, anladım ki, hardasa anası ölür, ya da orda başlarına bir iş gəlib, o da kimisə anasına yardıma çağırmağa, nəyisə tapmağa cumub. Lakin onun dalınca getmədim, tərsinə, birdən onu qovmaq istədim. Əvvəl ona dedim qorodovoyu tapsın. Qızcığaz isə balaca əllərini büküb hıçqıra-hıçqıra, tövşüyə-tövşüyə hey böyrümcə qaçır, məni buraxmırdı. Bax, onda ayağımı yerə vurub üstünə çığırdım. O, yalnız "cənab, cənab!” deyərək qışqırdı, sonra da birdən-birə məndən əl çəkib cəld küçəni keçdi: yolda bir başqası görünmüşdü, yəqin, məndən ona qaçdı.

Beşinci mərtəbəmə qalxdım. Kirayə evdə yaşayıram. Otağım kasıb, balaca, pəncərəm də çardaxlı, yarımdairəvidir. Mənim müşənbə divanım, üstü kitablı masam, iki oturacağım və rahat, çoxdanın köhnəsi olsa da bir volter kürsüm var. Əyləşdim, şamı yandırıb fikirləşməyə başladım. Yanımdakı o biri otaqda, arakəsmənin dalında mərəkə davam edirdi — ayın üçündən davam edirdi. Orda istefaya çıxmış bir kapitan yaşayırdı, yanında da altı avara qonağı varıydı. Onlar araq içib köhnə kartlarla ştoss oynayırdı. Keçən gecə aralarına dava düşmüşdu, bilirəm, iki nəfər saçyolmaya da qalxmışdı. Sahibə qadın şikayət etmək istəyirdi, amma kapitandan yaman qorxur. Bizdən başqa bu kirayə evlərdə alçaqboy arıq bir hərbçi xanımı yaşayır, üç balaca uşağı burda xəstələnmiş. Bu qadın da, uşaqları da kapitandan elə qorxur ki, bütün gecə əsir, xaç çevirirlər. Körpəsininsə qorxudan tutması tutmuşdu. Bu kapitan, dəqiq bilirəm, hərdən Nevskidən keçənləri dayandırıb pul istəyir. Onu xidmətə götürmürlər, amma, qəribə işdir (elə buna görə danışıram), kapitanın burda yaşadığı cəmi bir aydır, amma mənə heç bir dilxorçuluq yaratmayıb. Tanışlıqdan, əlbəttə, lap əvvəldən boyun qaçırdım, elə onun özü də ilk gündən mənimlə darıxdı, arakəsmədən nə qədər bağrışsalar da, neçə nəfər olsalar da, mənə heç vaxt fərq eləmirdi. Bütün gecə otururam, inanın da, heçkəsi eşitmirəm — o dərəcədə hamını unuduram. Axı artıq bir ildir ki, gecələr səhərədək yatmıram, bütün gecə masanın yanında kürsüdə boş-bekar otururam. Kitab yalnız gündüz oxuyuram. Oturub heçnə də fikirləşmirəm, sadəcə beynimdə cürbəcür düşüncələr fırlanır, mən də onları azadlığa buraxıram. Gecə şam tamamilə əriyir. Sakitcə masanın arxasına keçib tapançanı çıxartdım, qarşıma qoydum. Onu qoyarkən, yadımdadır, öz-özümdən "Eləmi?” — soruşdum, özümə qət´i cavab da verdim ki, "Elə!”. Yə´ni özümü güllələyəcəyəm. Bilirdim ki, özümü dəqiq bu gecə öldürəcəyəm, amma masanın arxasında hələ nə qədər oturacağam — bunu bilmirdim. Əlbəttə, özümü güllələyərdim də, bu qızcığaz olmasaydı.

II

Fikir verin: mənə heç nəyin fərqi olmasa da, ağrını ki, məsələn, hiss edirdim. Bir adam məni vursaydı, ağrını hiss edərdim. Beləcə də mə´nəvi cəhətdən: ürəkağrıdan bir hadisə baş versəydi, heçnəyə biganə olmadığım çağlarımdakı kimi narahat olardım. Yazığım da gəldi: kimə də eləməsəm, uşağa hökmən yardım edərdim axı. Onda qıza niyə kömək eləmədim? Ağlıma gələn bir fikrə görə: o qız məni dartıb çağıranda qəflətən qarşıma bir sual çıxmışdı, mənsə onu həll edə bilmirdim. Boş sualıydı, amma hirsləndim. Ona görə hirsləndim ki, bu gecə öz-özümlə vidalaşacağıma qərar vermişəmsə, onda, deməli, başqa vaxta nisbətən indi mənə heçnəyin fərqi olmamalıdır. Bəs mənə fərqi olduğunu və qıza yazığım gəldiyini niyə hiss etdim? Yadımdadır, yaman yazığım gəldi ona; hətta öz çətin və qəribə vəziyyətimdə dözülməz bir ağrı yaşadım. Doğrusu, içimdəki ötəri duyğuları daha yaxşı dilə gətirə bilmirəm, amma o hiss evdə də, masanın arxasında oturanda da davam edirdi, çoxdan belə acıqlı olmamışdım. Fikir fikrə qoşulurdu. Aydın olurdu ki, hələ ki insanamsa, hələ sıfır deyiləmsə və sıfıra dönməmişəmsə, deməli yaşayıram, beləliklə öz hərəkətlərimə görə əzab, xəcalət çəkib, hirslənə bilərəm. Qoy olsun. Lakin, özümü öldürəcəyəmsə, məsələn, iki saatdan sonra, onda qız nədir, utanmaq-zad nədir? Mən sıfıra dönürəm, mütləq sıfıra. Birazdan tamamilə yoxa çıxacağımın, heçnəyin də, deməli, daha mövcud olmayacağının dərki nə qızcığaza qarşı mərhəmət hissinə, nə etdiyim əclaflıqdan sonrakı xəcalət hiisinə təsir etməmişdimi görəsən? Axı mən elə bu səbəbdən ayağımı yerə döyüb bədbəxt uşağın üstünə vəhşi səslə bağırdım: "yəni, nəinki yazığım gəlmir, zalımlıq da eləsəm, elə indi edərəm, çünki iki saatdan sonra hər şey sönəcək”. İnanırsınızmı, buna görə qışqırdım? İndi, demək olar, buna əminəm, indi həyatın, dünyanın sanki tək məndən asılı olduğunu aydınca görürəm. Hətta, belə deyək, dünya indi elə bil tək məndən ötrü yaradılıbmış: özümü öldürüm — dünya da olmayacaq, hər halda mənim üçün. Hələ onu demirəm ki, bəlkə həqiqətən də məndən sonra heçkim, heçnə olmayacaq, və yalnız mənim şüuruma mənsub bir şey kimi, bir kabustək bütün aləm də yoxa çıxacaq, sönəcək, çünki, bəlkə də bütün bu dünya və bütün bu insanlar tək elə mən özüməm. Yadımdadır, oturub düşünərkən, ard-arda yığışan bütün bu yeni sualları tamam bir tərəfə qoyub, lap yenisini uydururdum. Məsələn, birdən ağlıma qəribə fikir gəldi ki, görəsən, əvvəllər Ayda və yaxud Marsda yaşasaydım nə olardı, qorxulu yuxularda yalnız təsəvvür edilə bilən həyasız və şərəfsiz iş görsəydim orada, ona görə də orda söyülüb rüsvay olsaydım, sonra da yerə qayıdıb başqa planetdə etdiklərimi idrak etsəydim, bundan da əlavə, oraya artıq bir də heçvaxt qayıtmayacağımı bilsəydim, yerdən aya baxanda mənə fərqi olardı, ya yox? O hərəkətə görə xəcalət çəkərdim, yoxsa yox? Suallar mənasız və artıq idi, çünki tapança gözümün qabağındaydı, mən də bütün varlığımla bilirdim ki, bu mütləq olacaq, amma suallar məni qızışdırır, mən də cinlənirdim. İndi nəyisə əvvəlcədən həll etməmiş ölə bilməzdim sanki. Bir sözlə, bu qızcığaz məni xilas etdi, çünki suallarla atəşi gecikdirdim. Bu arada kapitanın da otağı sakitləşməkdəydi: onlar kart oynamaqlarını bitirib yatmağa hazırlaşır, hələlik isə mırtlana-mırtlana, ərinə-ərinə söyüşmələrini başa vururdular. Bax elə burda, məndən çıxmayan iş, birdən masanın arxasında, özümdən xəbərsiz kürsüdə yuxuya getdim. Məlumdur, yuxular çox qəribə olur: bə´zən bir şeyi zərgər dəqiqliyiylə olduqca aydın görürsən, bə´zən də sanki məkan və zamanın üstündən tullanırsan. Deyəsən, yuxuları zəka yox — istək, baş yox — ürək yönləndirir, amma bununla belə ağlım hərdən elə hoqqalar çıxarır, gəl görəsən! Bə´zən yuxuda elə şeylər baş verir ki, lap mat qalırsan. Misal üçün, qardaşım beş il bundan öncə rəhmətə gedibdir. Hərdən onu yuxuda görürəm: o işlərimdə iştirak edir, başımız nəyəsə qarışır, bununla bərabər onun öldüyünü və basdırıldlğını bütün yuxu boyu bilirəm, unutmuram. Onda o ölü olsa da burda, yanımda mənimlə birgə çalışmağına necə təəcüblənmirəm? Ağlım niyə bunlara yol verir? Ancaq daha bəsdir. Keçirəm yuxuma. Hə, bu yuxunu onda gördüm, üç noyabrdakı yuxumu! Onlar indi bunun sadəcə yuxu olduğunu deyib mənə sataşırlar. Bu yuxu mənə həqiqəti açıbsa, onun yuxu olub-olmamasının nə fərqi var axı? Bir dəfə həqiqəti görüb tanıdınsa, bilirsən ki, yuxu ve ya gerçəklikdə olursa olsun, bu həqiqətdir və bundan başqası yoxdur. Yuxudusa — qoy yuxu olsun, ancaq siz tə´rifini göyə çıxartdığınız bu həyatı mən intiharla söndürmək istəyirdim, yuxum isə, mənim yuxum — ah, o mənə yeni, böyük, təzələnmiş, güclü həyat xəbərini verdi!

III

Dinləyin.
Demişdim, yuxuya birdən-birə getdim, elə bil həmin o materiyalar haqda yuxuda da düşünürdüm. Birdən yuxuda gördüm ki, tapançanı götürüb oturduğum yerdəcə düz ürəyimə tuşlayıram, başıma yox – ürəyimə. Axı mən əvvəldən gülləni hökmən başımdan vurmağı düşünmüşdüm, özü də sağ gicgahımdan. Tapançanı döşümə dirəyib sonra bir ya iki saniyə gözlədim, birdən şamım da, masam və divar da qarşımda tərpənib yırğalanmağa başladı. Dərhal çaxmağı basdım.
Hərdən yuxuda hündürlükdən yıxılırsız, ətinizi kəsir ya da sizi döyürlər, amma heçvaxt ağrı hiss etmirsiniz, həqiqətən çarpayıda zədə almamışsınızsa: onda ağrıdan oyanırsınız. Mənim də yuxumda belə oldu: ağrını hiss etmədim, ancaq mənə elə gəldi ki, atəşim içimi yerindən oynatdı, hər şey də birdən söndü, hər tərəfimi dəhşət qaranlıq bürüdü. Elə bil lal-kor oldum, bir bərk şeyin üstündə uzanmışam, gözüm heçnə görmür, kiçik bir hərəkət belə edə bilmirəm. Ətrafımda gedib-gəlirlər, qışqırırlar, kapitan bağırır, sahibə ciyildəyir, sonra ara birdən sovuşur və artıq — budur — məni örtülü tabutda aparırlar. Tabutun yırğalanmağını da hiss edirəm, o haqda düşünürəm, bu vaxt öldüyümə qəfildən təəcüblənirəm, öldüyümü bilirəm, buna şübhə də etmirəm, heç nə görmür və tərpənmirəm, amma bununla belə hər şeyi duyur və düşünürəm. Lakin tezliklə bununla razılaşıb yuxuda adət edildiyi kimi həqiqəti dinməzcə qəbul edirəm.
Budur, indi məni yerə basdırırlar. Hamı gedir, tək qalıram, tamam tək. Tərpənmirəm. Qəbirdə necə basdırılacağımı əvvəllər təsəvvür edəndə qəbri həmişə rutubət və soyuqla bağlayırdım yalnız. İndi də hiss etdim ki, üşüyürəm, əsasən də ayaq barmaqlarımın ucu donur, amma başqa heçnə hiss etmədim.
Uzanmışdım, qəribədir də ki, ölünün heçnə gözləməyə lüzum olmadığını mübahisəsiz qəbul edib heç nə gözləmirdim. Amma nəmişlik idi. Nə qədər vaxt keçdiyini — bir saat, bir neçə gün, yoxsa daha çox — bilmirəm. Birdən tabutun qapağından örtülü sol gözümə bir su damcısı düşdü, bir dəqiqədən sonra onun dalınca ikincisi, daha bir dəqiqədən sonra üçüncüsü və sair və ilaxır, hər dəqiqədən bir. Qəflətən ürəyimdə dərin hiddət alışdı və bu hiddətimdə fiziki bir ağrı duydum: "Bu mənim yaramdı, — fikirləşdim, — bu a´təşdi, orda da güllə…”Damcı isə elə hər dəqiqə örülü gözümə damırdı. Birdən, hərəkətsiz olduğumdan səslə yox, bütün varlığımla başıma gələn bütün bunların Hökmdarını çağırdım:
"Kim olursan ol, gerçəkdən də varsansa və olqulardan daha ağıllı bir şey varsa, onun burda da olmasına izin ver. Yox, gələcək varlığımın eybəcərliyi və yömdəmsizliyilə səfeh intiharımdan qisas alırsansa, onda bil ki, mənə verilən bu işgəncə heç vaxt və heç cür, lap milyon il davam etsə də, nifrətimə bərabər ola bilməyəcək!..”
Çağırıb susdum. Dərin sükut bir dəqiqə davam etdi, hətta yeni damcı da düşdü, amma bilirdim, sonsuz dərəcədə bilir və inanırdım ki, indi mütləq hər şey dəyişiləcək. Budur, birdən-birə qəbrim aralanır. Daha doğrusu, onun qazılıb açılmasını bilmirəm, amma bir qara na´məlum məxluq məni götürüb fəzaya qaldırır. Birdən gözlərim görməyə başlayır. Gecədən xeyli keçmişdi, heç zaman, heç vaxt da belə qaranlıq görməmişdim! Artıq yerdən çox uzaqlardaydıq. Məni aparan varlıqdan heçnə soruşmur, gözləyib fəxr edirdim. Özümü qorxmamağıma inandırırdım, qorxmadığıma da heyrətlənirdim. Yadımda deyil, nə qədər uçduq, təsəvvür də edə bilmirəm: hər şey yuxudakı kimi məkan-zaman, varlıq-şüur qanunlarından adlayıb yalnız ürəyin arzuladığı nöqtələrdəki kimi baş verirdi. Yadımdadır, qaranlıqda bir kiçik ulduz gördüm. "Bu Siriusdur?” – heç bir sual vermək istəməsəm də özümü saxlaya bilməyib soruşdum. "Yox, bu, sən evinə qayıdarkən buludların arasında gördüyün ulduzdur,” – məni aparan cavab verdi. Bilirdim ki, o, bir növ insanabənzərdir. Qəribə işdir, bu məxluqdan xoşum gəlmirdi, hətta ona dərin nifrət bəsləyirdim. Gülləni düz ürəyimə vurmağımın səbəbi mütləq bir yoxluq həsrətiydi. İndi isə bir canlının, əlbəttə, insan yox, amma mövcud olan bir məxluqun əlindəyəm. "Elə çıxır ki, qəbirdən sonra da həyat var!” – adətən yuxuda keçirilən yüngül təəccüb hissiylə fikirləşdim, qəlbimin mahiyyəti isə bütün dərinliyiylə mənimləydi: "Bir də olmaq lazımsa, — düşündüm, — yenə də kiminsə dəfedilməz idarəsiylə yaşamalıyamsa, məni yenildib alçaltmalarını istəmirəm!” "Bilirsən ki, səndən qorxuram, ona görə də mənə nifrət edirsən,” – alçaldıcı sualdan özümü saxlayammayıb birdən yol yoldaşıma bunu e´tiraf edib ürəyimdə aşağılanma sançısı keçirdim. O, sualıma cavab vermədi, amma duydum ki, heçkəs mənə nifrət etmir, gülmür, hətta yazıqları da gəlmir, yolumuzun da naməlun, sirli və tək mənə aid məqsədi var. Ürəyimdəki qorxu artırdı. Bilinməz bir bilgi səssizcə, lakin əzabla, susqun yoldaşımdan mənə ötrülür, sanki içimə yayılırdı. Tutqun və əsrarəngiz fəzada uçurduq. Tanış bürclər artıq çoxdan gözümə dəymirdi. Göyün dərinliklərində şölələri yalnız min və milyon illərdən sonra yerə gəlib çatan ulduzların olmasını bilirdim. Bəlkə bu fəzaları da uçub keçmişdik. Müdhiş və haldan düşmüş ürəyimdə nəyisə kədərlə gözləyirdim. Qəflətən bir tanış və olduqca çağırıcı bir hiss məni silkələdi: birdən günəşimizi gördüm. Bilirdim, bu, bizim yerimizi yaradan günəş ola bilməz, günəşimizdən hədsiz uzaqdayıq, ancaq bunun bizim günəşin təkrarı və oxşarı olduğunu nədənsə bütün varlığımla anladım. Qəlbimdə şövqlə bir şirin, çağırıcı duyğu coşdu: məni də yaratmış bir işığın doğma gücü ürəyimi diriltdi və həyatı, keçmişdəki həyatı, qəbrimdən sonra ilk dəfə duydum.
— Lakin bu günəşdirsə, bu tamamilə bizim günəşdəndirsə,– qışqırdım, — bəs yer hanı? – Yoldaşım da qaranlıqdakı zümrüd işiğı saçan balaca ulduza işarə elədi. Düz ona sarı uçurduq.
— Kainatda belə təkrarlar mümkündürmü, təbiətin qanunu doğrudanmı beləymiş?… Orada da yerdirsə, görəsən, o da bizim yer kimi… tamamilə bədbəxt, yazıq, lakin əziz və həmişə seviləndir? Görəsən, bu yer də bizim yer kimi ən nankor evladlarında da özünə məşəqqətli sevgi yaradan yerdirmi?.. — tərk etdiyim əvvəlki doğma yerə olan heyrət dolu coşğun məhəbbətimdən həyəcanlanıb qışqırırdım. İncitdiyim o fağır qızcığazın surəti keçdi ağlımdan.
— Hər şeyi görəcəksən, — kədərli səslə yoldaşım cavab verdi. Sür´ətlə planetə yaxınlaşırdıq. O, gözlərim önündə böyüyür, indi okeanı, Avropa çevrəsini seçirdim, birdən-birə ürəyimdə qeyri-adi böyük, müqəddəs qısqanclıq hissi urəyimi bürüdü: "Belə təkrarlıq necə və nədən ola bilər? Mən, nankor mən, gülləni ürəyimə çaxıb həyatımı söndürərək qan damcılarım tökülən o yeri sevirəm və sevə bilərəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əl çəkməmişdim, hətta, bəlkə də, o gecə, onunla ayrılan məqam, ola bilsin, onu əvvəlkindən də güclü sevirdim. Bu yeni yerdə əzab varmı? Bizim yerdə yalnız əzab və fə´qət əzabdan dolayı əsil sevə bilirik! Başqa cür sevməyi bacarmırıq, başqa cür sevgi də tanımırıq. Əzab çəkmək istəyirəm ki, sevim. Qoyub gəldiyim o yeri elə bu an göz yaşlarımla sulayıb öpmək istəyirəm. İstəmirəm, başqa yerdəki həyatı qəbul etmək istəmirəm!”
Yoldaşım isə artıq məni tərk etmişdi. Birdən, elə bil özümdən gizlin, cənnət kimi günəşli, füsünkarlı parlaq gün işığına düşdüm bu başqa yerdə. Bizim yerdə Yunan Arxipelaqını təşkil edən adaların və ya Arxipelaqa bitişik qit´ənin sahilboyu sahəsində durmuşdum sanki. Ah, hər şey bizdəkitək idi, amma hər tərəf elə bil bir bayram yaşayır, böyük, müqəddəs bir zəfər saçırdı. Mülayim, zümrüdvari dəniz sahilə ləpə vurur və elə bil şüurlu sur´ətdə sevərək sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar bütün zənginliyiylə dayanmış, saysız-hesabsız yarpaqları isə, əminəm, məni öz asta mülayim səsiylə salamlayır və sanki sevgi sözləri söyləyirdilər. Yaşıllıqdan ətirli çiçəklər saçırdı. Quşlar dəstə-dəstə havada uçur, qorxmadan çiyinlərimə, əllərimə oturur, öz yumşaq, titrək balaca qanadlarıyla sevinə-sevinə mənə çırpınırdılar. Nəhayət, bu bəxtəvər torpağın insanlarıyla tanış oldum. Onlar özləri yanıma gəldi, başıma yığışdı, məni öpdülər. Ah, onlar necə də gözəl idilər — günəş evladları, öz günəşlərinin evladları! Bizim yerdə insanda belə gözəllik heç vaxt görməmişdim. Bəlkə yalnız uşaqlarımızda, yaşlarının ən ilk çağlarında, bu gözəlliyin zəif də olsa, uzaq in´ikasını tapmaq olar. Bu xoşbəxt insanların gözləri nur, sifətləri şüurlu arxayınlıqla dolu bir məna saçırdı. Amma fərəhli idilər: bu insanların söz lərində, səslərində uşaq sevinci duyulurdu. Ah, mən elə o andaca ilk baxışımdan hər şeyi anladım! Bu torpaq çirkinliklərlə murdarlanmamış torpaq idi, onun üstündə günaha batmamış insanlar yaşayırdı. Onlar bəşər rəvayətinə görə günah etməmişdən öncə yaşayan əcdadlarımızın cənnətinə bənzər cənnətdə yaşayırdı, bir fərqlə ki, burdakı torpağın hər qarışı cənnət idi. Bu üzü gülər insanlar mənə yaxınlaşır, məni oxşayırdılar; öz yanlarına aparıb hər biri məni sakitləşdirməyə can atırdı. Ooh, onlar məni sorğu-suala tutmur, amma elə bil artıq hər şeyi bilir, üzümdəki iztirabı da tezliklə silmək istəyirdilər.

IV

Bilirsiniz nə var? Yenə də deyirəm — yuxuydusa — qoy yuxu olsun! Lakin bu mə´sum və gözəl insanların məhəbbəti içimdə əbədi olaraq qaldı və hiss edirəm ki, onların məhəbbəti indi də ordan mənə saçılır. Onları özüm görmüş, tanımış və inanmışdım ki, onları sevirəm, onlara görə sonralar əzab çəkmişdim. Ooh, elə həmin an, hətta oradaykən anlamışdım – bir çox məsələdə onları qətiyyən başa düşməyəcəyəm. Onlar çox şey bilsələr də bizim elmimizə malik olmamaları, məsələn, müasir rus tərəqqipərvər və əclaf peterburqlu olan mənə həlledilməz gəlirdi. Amma tezliklə başa düşdüm ki, onların biliyi, bizim yerdən fərqli olaraq, başqa tə´sirlərdən qidalanır, arzuları da bizimkilərdən tamamilə fərqlidir. Onlar heçnə arzulamır və rahat idi, həyatı bizimtək dərk etməyə can atmır, həyatları dolğun olduğundan. Amma bununla belə bilikləri bizimkindən dərin və ali idi; bizim elmimiz isə başqalarına yaşamağı öyrətmək üçün həyatın izahını axtarır, onu dərk etməyə çalışır. Onlar isə elmsiz də necə yaşamağı ə´la bilirdi, bunu anladım, o biliklərini isə anlaya bilmədim. Onlar mənə ağaclarını göstərir, mən isə o ağaclara sevgi dolu baxışlarının gücünü başa düşə bilmirdim: onlar sanki özlərinə bənzər canlılarla danışırdı. Bilirsinizmi, desəm ki, onlar ağaclarla danışırdı, yə´qin, səhv etmərəm! Bəli, onlar ağacların dilini tapmış və əminəm, ağaclar da insanları anlayırdı. Onlar bütün təbiətə də bu cür baxırdı: insan məhəbbəti ilə fəth edilən canlılar insanlarla sülh içində yaşayır, onlara hücum etmir – onları sevirdi. Bu insanlar ulduzları göstərib onlar haqqda dərk edə bilmədiyim bir şeylər söyləyir, amma əminəm – onlar göy ulduzlarıyla — xəyalən yox — bir növ canlı təmasdaydılar. Ooh, bu adamlar onları anlamağıma çalışmırdı, onsuz da məni sevirdi, ancaq buna müqabil bilirdim ki, onlar da məni heç vaxt başa düşməyəcəklər, bu səbəbdən də bizim Yer haqqında onlara, demək olar, danışmırdım. Yalnız üstündə yaşadıqları o torpağı gözləri önündə öpür, onlara sakitcə pərəstiş edirdim, onlar da bunu görür, pərəstiş etməyimdən utanmadan buna imkan verirdi, çünki özləri də çox sevirdi. Hərdən göz yaşları içində onların ayaqlarını öpəndə, əzab çəkmirdilər, mən isə mənə güclü məhəbbətlə cavab verəcəklərini urəyimdə sevinclə bilirdim. Arabir təəcüblə öz-özümdən soruşurdum: bunlar indiyə qədər mənim kimi bir adamı necə təhqir etməyib və mənim kimisində qısqanclıq və həsəd hisslərini necə oyatmayıblar? Bir neçə dəfə özüm özümə sual vermişəm — necə olub ki, lovğa və yalançı mən bunların bilmədiyi, təsəvvür belə eləmədikləri şeylərdən danışmamışam, lap elə onları sevdiyimə görə onları bildiklərimlə necə təəcübləndirmək istəməmişəm? Onlar uşaq kimi şən və şux idi. Gözəl ağaclıq və meşəliklərində dolaşır, öz gözəl mahnılarını oyuxur, yüngül yeməklər yeyir, ağaclarının barı, meşələrinin balı və onları sevən heyvanların südüylə qidalanırdılar. Yemək və geyim üçün az çalışırdılar. Onlar da sevir və uşaq doğurdular, amma bizim başımıza gələn və yer üzündəki bəşəriyyətin bütün günahlarının yeganə mənbəyi olan o şiddətli şəhvət ehtirasını onlarda heçvaxt görmədim. Onlar dünyaya gələn uşaqlara səadətlərinin yeni iştirakçısına sevinən kimi sevinirdilər. Aralarında inciklik və qısqanclıq yox idi, bunların nə olduğunu da hətta anlamırdılar. Uşaqları hamının uşağı idi, hamı bir ailə təşkil etdiyindən. Onlarda ölüm olsa da, xəstəlik, demək olar ki, yox idi, qocaları da sakit ölürdü, onunla vidalaşanların əhatəsində sanki yuxuya gedir, yerdə qalanlara xeyir-dua verərək gülümsəyir, əvəzində də nurlu təbəssümlərlə yola salınırdı. Bu zaman nə kədər, nə göz yaşları deyilən şey görmədim, yalnız sanki artırılmış, lakin sakit, seyirçi bir heyrətlə dolu məhəbbət var idi. Adama elə gəlirdi ki, onlar ölənləriylə hətta ölümdən sonra da ünsiyyətdə olur, dünya ilə əlaqə ölümlə kəsilmirdi. Əbədi həyat haqqında soruşanda, məni, demək olar, anlamırdılar, lakin, görünür, əbədi həyata əmin olduqlarından bu onlarda sual doğurmurdu. Mə´bədləri yox idi, amma Kainat Bütövlüyü ilə gündəlik canlı və ardıcıl əlaqələri var idi. İnamları yox idi, ancaq əvəzində dəqiq bilirdilər ki, dünyəvi sevincləri təbiətin hüdüdlarını ötəndə həm yaşayanları, həm də ölənləri üçün Kainat Bütövlüyüylə təmasları daha da genişlənəcək. Onlar bu anı sevinclə, lakin tələsmədən, iztirabsız gözləyir, sanki bunu öncədən duyur və bu haqda bir-birlərinə xəbər verirdilər. Axşamlar, yatmaqdan öncə birlikdə ahəng mahnılar oxumağı xoşlayırdılar. Bu şərqilərdə onlar arxada qalan günün verdiyi bütün duyğuları əks edir, onu alqışlayıb onunla vidalaşırdılar. Təbiəti, torpağı, dənizi, meşələri öyürdülər. Bir-biri haqda mahnı qoşmağı sevir və uşaq kimi bir-birini tərifləyirdilər. Mahnılar olduqca sadə idi, amma ürəkdən süzülüb gəlir axır və ürəklərə yayılırdı. Təkcə şərqilərində yox, elə bil, bütün yaşamları bir-birilərinə baxıb ləzzət almaqla keçirdi. Buna bir-birinə vurğunluq demək olardı. Digər heyrət dolu və təntənəli mahnılarını isə qətiyyən anlamırdım. Sözlərini başa düşsəm də, mə´naya tam vara bilmirdim. Amma mə´na mənə əlçatmaz qalsa da, get-gedə artaraq sanki qeyri-şüuri olaraq içimə dolurdu. Tez-tez deyirdim ki, bunların hamısını hələ çox öncələr hiss etmişdim, bütün bu sevinc və fərəh mənə hələ bizim yerdə, hərdən dözülməz kədərə dönən, haralarasa səsləyən həsrətlə özünü büruzə verirdi. Deyirdim ki, onların əzəmətini ürəyimin yuxularında və ağlımın xülyalarında duymuşdum. Deyirdim ki, günəşimizin qübarına çox vaxt gözü yaşsız baxa bilmirdim… Deyirdim ki, bizim yerdəki insanlara qarşı nifrətimdə həmişə bir kədər varıydi: niyə onlara olan nifrətimin içində onlara sevgim də var idi, niyə onları bağışlamaya bilmirdim, onlara bəslədiyim məhəbbətim niyə bu qədər kədərlidir? Onlar mənə qulaq asırdı, görürdüm ki, dediklərimi təsəvvür edə bilmirlər, amma dediklərimə peşman deyildim: bilirdim, tərk etdiyim adamların qüssəsini çəkmə gücünü duyurdular. Bəli, onlar mülayim, sevgi dolu baxışlarıyla mənə baxanda, mənim ürəyimin də onların ürəyi tək mə´sum və dürüst olduğunu hiss edəndə onları anlamadığımdan təəsüflənirim. Həyat dolğunluğu nəfəsimi kəsir, mən də dinməzcə onlara dua edirdim.
Ooh, indi hamı mənə gülür və məni inandırır ki, söylədiyim bu təfsilatları yuxuda da görmək mümkünsüzdür, sayıqlayarkən yuxumda ürəyimin yaratdığı bir duyğunu görmüş ya da dərindən hiss etmişəm, ayrıntıları isə oyanandan sonra uydurmuşam yalnız. Ürəyimi açıb onlara deyəndə ki, ola bilsin ki, gerçəkdən də belə olub — ilahi, məni ələ salıb necə də sevinirdilər… Bəli, əlbəttə, mən yalnız bir yuxu duyğusuyla məğlub edilmişdim və yaralı qəlbimdə tək o duyğu sağ-salamat qalmışdı: ancaq bununla belə yuxumun gerçək obraz və biçimləri, həqiqətən yuxumda gördüklərim o qədər ahəng, valehedici və gözəl, o qədər doğru idi ki, yuxudan oyananda onları bizim zəif sözlərimizlə ifadə etməyə, əlbəttə, gücüm çatmırdı. Ona görə də onlar ağlımda zəifləməli idi, və, deməli, həqiqətən, ola bilsin, təfərrüatları sonra qeyri-şüuru olaraq özümdən uydurmalıydım, onları tezliklə və necə olur-olsun ifadə etmək istədiyim üçün. Lakin bunlara necə inanmayım ki? Bəlkə nağıl etdiklərimdən min dəfə yaxşı, saf və fərəhliydi? Yuxudursa — qoy yuxu olsun, ancaq bunlar olmaya bilməzdi. Qoy sizə bir sirr açım: ola bilsin, bunların heç biri yuxu deyildi! Çünki sonra elə dəhşət həqiqi bir olay baş verdi ki, adamın yuxusuna da girməz. Bu yuxunu ürəyim uydurmuşsa — uydursun, lakin sonra başıma gələn dəhşəti uydurmağa ürəyimin gücü çatardımı? Tək mən onu necə uydura ya da ağlıma gətirə bilərdim? Cılız ürəyimlə qərarsız, dəyərsiz ağlım həqiqət izharına yüksələ bilərmiş?! Ooh, özünüz fikirləşin: bu vaxtadək gizlədirdim, amma indi bu həqiqəti də axıradək nağıl edəcəyəm. İş orasındadır ki, mən… onların hamısını yoldan çıxartdım!

V

Bəli, bəli, hər şey onları pozmaqla bitdi! Bunun necə baş verdiyini bilmirəm, ancaq aydın xatırlayıram. Yuxu minilliklərdən keçib məndə yalnız bütövlük hissini saxladı. Bircə onu bilirəm ki, günaha batmanın səbəbkarı məniydim. Bütün ölkələrə yoluxan, bulaşan murdar trixin xəstəliyi kimi, taun atomu kimi mən də mənə qədər xoşbəxt, pak olan bu torpağı özümlə yoluxdurdum. Onlar yalan danışmağı öyrənib yalanı sevdi, yalanın gözəliyini tanıdı. Ooh, bu, bəlkə də, mə´sumanə, zarafatdan, nazdan, sevgi oyunlarından, gerçəkdən də, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş, xoşlarına gəlmişdi. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanclıq da qəddarlıq… Ooh, bilmirəm, yadıma gəlmir, ancaq tezliklə, çox tezliklə ilk qan töküldü: onlar təəcübləndi, dəhşətləndi və ayrılmağa başladı. İttifaqlar yarandı, amma bir-birlərinə qarşı. Narazılıqlar, tə´nələr başladı. Həya tanıdılar, həyanı da ləyaqət saydılar. Qeyrət məfhumu əmələ gəldi, hər ittifaqın da öz bayrağı qaldırıldı. Heyvanları incitməyə başladı, heyvanlar da onların əlindən meşələrə çəkilib düşmən kəsildi. Ayırma, ayrılma, şəxsiyyət, "mənimki-səninki” uğrunda mübarizəyə yol açıldı. Fərqli dillərdə danışmağa başladılar. Kədəri tanıyıb kədəri sevdilər, əzab həsrətiylə yaşadılar, həqiqətin də yalnız əzabla əldə edildiyini dedilər. Bu ərəfədə elmləri yarandı. Acı ürəkli olandan sonra qardaşlıq və insaniyətdən danışmağa başladı, bu ideyaları anladılar. Cinayətkar olandan sonra ədalət kəşf etdilər, onu qorumaq üçün özlərinə bir sürü qanun müəyyənləşdirdilər, kodekslərin mühafizəsi üçün isə qilyotin quraşdırdılar. Nələri itirdiklərini çox az xatırlayır, bir vaxtlar pak və xoşbəxt olduqlarına inanmaq da istəmirdilər. Əvvəlki səadətlərinin mümkünlüyünə hətta gülüb onu xəyal adlandırırdılar. Bunu heçcür təsəvvür edə bilmirdilər, amma — qəribə və möcüzəli işdir — keçmiş bəxtəvərliklərinə inamlarını bütünlüklə itiribkən, onu nağıl adlandırıbkən, bir daha mə´sum və xoşbəxt olmaq arzusuna yenidən elə düşdülər ki, ürəklərindəki arzularını uşaq kimi ilahiləşdirdi, mə´bədlər tikib bu öz ideyalarına, öz "istəklərinə”, bunların gerçəkləşməsinin mümkünlüyünə inanmasalar da, göz yaşları içində onu sevib, ona səcdə edib dua etdilər. İtirdikləri o mə´sum və sevincli günlərinə qayıtmaq imkanı olsaydı da, kimsə o səadəti onlara göstərib ona yenidən qayıtmaq istəyib-istəmədiklərini soruşsa idi, çox guman ki, onlar imtina edərdi. Mənə cavab verirdilər ki, "yalançı, acıqlı və ədalətsizik oluruq qoy olaq, bunu bilirik, buna görə ağlayır, özümüzü üzürük, özümüzə əzab veririk, bəlkə də, gələcəkdəki mühakimimiz, adını da bilmədiyimiz o mərhəmətli Hakimdən də çox özümüzü cəzalandırırıq. Lakin bizim elmimiz var, onun vasitəsiylə də yenidən həqiqəti axtarıb tapacağıq, amma bu dəfə onu şüurlu qəbul edəcəyik. Bilgi duyğudan üstündür, həyatı dərketmə — həyatdan üstün. Elm bizlərə hikmət verəcək, hikmət də qanunlara yol açacaq, xoşbəxtliyiyin qanunlarını bilmək isə xoşbəxtlikdən üstündür”. Gör onlar nə deyirdi, bu sözlərdən sonra da hərə özünü o birlərindən daha çox sevdi. Başqa cür edə də bilməzdilər. Hər kəs özünə o qədər vuruldu ki, digərlərinin ləyaqətini var gücüylə alçaltmağa, əksiltməyə çalışır, bunu da həyatının mə´nası sayırdı. Köləlik yarandı: zəiflər məmnuniyyətlə güclülərə ta´be olurdu, bir şərtlə ki, güclülər zəiflərin özlərindən də zəifləri əzməyə kömək etsin. Gözü yaşlı möminlər peyda oldu, bu adamların yanına gəlib onlara onların qürurundan, həddlərini aşdıqlarından, ahənglikdən və utanmazlılarından danışırdı. Adamlar onları daşa basır ya da üstlərinə gülürdü. Kilsə kandarlarında müqəddəs qan axıdılırdı. Əvəzində bə´ziləri baş sındırmağa başladı: yenidən necə birləşək ki, hər kəs özünü sevməyə davam etsə də, başqalarına ma´ne olmasın, beləliklə də yekdil cəmiyyətdə yaşamaq mümkün olsun. Bu fikir böyük savaşlara yol açdı. Savaşanların hamısı elmin, müdrikliyin və özünüqoruma hissinin insanı yekdil və ağıllı birliyə, nəhayət ki, məcbur edəcəyinə qətiyyətlə inanırdı. Buna görə də hələlik, işin sur´ətləndirilməsi naminə "müdriklər” onların fikirlərini anlamayanları və bu ideyanın zəfərinə ma´ne olan bütün "namüdrikləri” qırmağa çalışdı. Lakin özünüqoruma hissi sür´ətlə zəifləməyə başladı, kəbirli və şəhvətpərəst adamlar ortaya çıxıb ya hər şey — ya heçnə açıqca tələb etdi. Hər şeyi ələ keçirmək üçün cinayətə əl atır, o da alınmayanda – intihar edirdilər. Heçlik və əbədi sakitlik naminə yoxluq və özünüməhvetmə kultlarını ehtiva edən dinlər yarandı. Nəhayət, bu adamlar mə´nasız işdən yoruldu, sifətlərində əzab göründü. E´lan etdilər ki, yalnız əzabda mə´na olduğu üçün əzab gözəllikdir. Mahnılarında əzabı tərənnüm etdilər. Mən onların arasında çarəsizcə gəzir, ağlayır, amma onları sevirdim, bəlkə də sifətlərində əzab olmadığı, mə´sum və gözəl olduqları vaxtdan da çox sevirdim.Bura bədbəxtlik gəldiyinə görə bu murdarladıqları torpaqlarını cənnət olduğu vaxtdan da çox sevdim. Əfsuslar, həmişə dərd-qəm sevmişəm, ancaq yalnız özüm üçün, özümə görə, onların bu gününə isə ağlayırdım, yazığım gəlirdi. Çarəsiz qalıb onlara yalvarırdım, özümü təqsirləndirir, lənətləyir, özümə nifrət edirdim. Deyirdim ki, bunların hamısını mən eləmişəm, yalnız mən; deyirdim — əxlaqsızlığı, çirkinlik və yalanı onlara mən gətirdim! Yalvarırdım ki, məni çarmıxa çəksinlər, onlara xaç düzəltməyi öyrədirdim. İntihar edə bilmirdim, buna gücüm çatmırdı, amma onların əlində əzab çəkmək istəyirdim, əzab həsrətindəydim, son damcısınadək qanımı bu əzablarda axıtmaq istəyirdim. Onlar isə sadəcə mənə gülür, axırda da məni dəli saymağa başladı. Mənə haqq qazandırırdılar, yalnız öz arzuladıqlarına çatdıqlarını, olub keçənlərin hamısının mütləq olası olduğunu deyirdilər. Nəhayət, mənə e´lan etdilər ki, onlara təhlükəli oluram, ağzımı yummasam dəlixanaya salacaqlar. O an kədərdən ürəyim elə sıxıldı ki, indicə öləcəyəmi hiss etdim və bu vaxt… bax, buradaca oyandım.
Artıq səhər açılmışdı, hava hələ işıqlanmasa da saat altı ra´dələriydi. Həmin kürsüdə oyandım, şamım əriyib təmiz qurtarmış, kapitangil də yatmış, mənzilimizdə nadir hal olan bir sakitlik ətrafı bürümüşdü. Fövqaladə təəccüb məni cəld yerimdən qaldırdı; hətta cüzi dərəcədə heçvaxt başıma belə şey gəlməmişdi: məsələn, hələ heçvaxt mən kürsüdə beləcə yuxuya getməzdim. Ayağa qalxıb özümə gələnədək birdən tapançam gözümə sataşdı, hazır vəziyyətdə, doldurulmuş — amma cəld onu özümdən itələdim! Ooh, indi yaşamaq və yaşamaq! Əllərimi qaldırıb əbədi Həqiqəti səslədim, yox, səsləmədim — ağladım. Fərəh, hədsiz bir fərəh bütün varlığımı sarırdı. Bəli, həyat və xütbə! Xütbə haqqda elə o dəqiqə qərara gəldim və əlbətdə ki — ömürlük! V´əz etməyə gedirəm, v´əz etmək istəyirəm. Nəyi? Həqiqəti, çünki onu görmüşəm, öz gözlərimlə görmüşəm, onun bütün əzəmətini görmüşəm!
O vaxtdan da v´əz edirəm! Bundan başqa — hamını sevirəm, mənə gülənləri isə hamıdan çox sevirəm. Niyə belə — bilmirəm, izah da edə bilmirəm, ancaq qoy belə də olsun. Onlar deyir ki, mən artıq indi də çaşıram, yəni, indi də belə çaşıramsa, get-gedə nə olacaq? Doğrudur: çaşıram, ola bilsin, vəziyyət getdikcə də pisləşəcək. Əlbəttə, necə v´əz etməyi tapıb öyrənənə qədər bir neçə dəfə çaşacağam da, çünki ona əməl etmək olduqca çətindir. Bunun hamısı mənə elə indi də gün kimi aydındır, amma baxın — kim çaşmır, kim səhv etmir ki?! Amma yenə də hamı eyni şeyə can atır, aqildən tutmuş son qulduradək, sadəcə fəqli yollarla. Bu köhnə həqiqətdir, içində yeni olan isə budur ki, çox yanlışlıq da edə bilmərəm axı. Çünki həqiqəti görmüşəm, görmüşəm və bilirəm ki, insanlar yerdə yaşamaq qabiliyyətlərini itirməmiş gözəl və xoşbəxt ola bilər. Pisliyin insanların normal halı olmasına inanammıram, inanmaq istəmirəm də. Bax elə bu inamıma da hamı gülür. Bəs necə inanmayım axı: mən Həqiqəti görmüşəm, uydurmamışam — görmüşəm, görmüşəm və onun canlı obrazı, sur´əti qəlbimə həmişəlik həkk olub. Mən onu elə bütöv, kamil görmüşdüm ki, insanlarda onun olmamasına inanammıram. Deməli, necə çaşa bilərəm? Kənara çıxacağam, əlbəttə, hətta bir neçə dəfə çıxacağam, bəlkə özgə sözlərlə də danışacağam, amma çox az: gördüyümün o canlı sur´ət həmişə mənimlə olacaq və səhvimi həmişə düzəldib mənə yol göstərəcək. Ooh, mən gumrah və təravətliyəm, gedirəm, gedirəm, lap min il getməyə hazıram. Bilirsinizmi, əvvəlcə onları mən yoldan çıxartdığımı gizlətmək istəyirdim hətta, ancaq bu yanlışlıq idi, artıq ilk yanlışlıq! Həqiqət isə yalan danışdığımı pıçıldadı mənə və məni qorudu, düz yola yönəltdi. Amma cənnəti necə təşkil edim — bilmirəm, çünki onu sözlə ifadə edəmmirəm. O yuxumdan sonra sözləri itirmişəm. Hər halda, bütün əsas, zəruri sözləri. Amma — olsun: gedib yorulmadan hey danışacağam, çünki necə olmasa da axı öz gözlərimlə görmüşəm. Mənə gülənlər də elə bax bunu başa düşmür, deyirlər: "Yuxu görübmüşsən, sayıqlama, qarabasma imiş”. Eh, güya bunlar ağıl dəryasıdır. Elə də öyünürlər ki! Yuxu? Nə deməkdir yuxu? Həyatımız bəs yuxu deyil? Bundan da artıq deyəcəyəm: qoy, qoy bu heçvaxt həyata keçməsin və yer üzündə heçvaxt cənnət olmasın (axı bunu ki daha anlayıram!) — yenə də v´əz edəcəyəm. Halbuki bu o qədər də çətin deyil: bircə gündə, bircə saatda hər şey dərhal düzələ bilər! Əsas məsələ — başqalarını özün kimi istə, bax, əsas şey budur, vəssalam, artıq heçnə lazım deyil — o saat hər şeyin yolunu tapacaqsan. Halbuki bu — bilyon dəfə təkrarlanıb oxunulan, ancaq baş tutmayan köhnə həqiqətdir! "Həyatı dərketmə həyatdan üstündür, xoşbəxtlik qanunlarını bilmək — xoşbəxtliyin özündən üstündür” — bax, bu fikirlə savaşmaq gərək! Savaşacağam da! Hamı istəsə, elə indi hər şey düzələr.

O balaca qızı isə axtarıb tapdım… Gedəcəyəm də! Gedəcəyəm də!