“GECƏ KANALI”nı İRAN TELEVİZİYASINDA BƏRPA ETMƏK İSTƏYİRİK”

“GECƏ KANALI”nı İRAN TELEVİZİYASINDA BƏRPA ETMƏK İSTƏYİRİK”

Həmid Herisçi: “Orada işləmək əyalət xarakterli Bakıda çalışmaqdan daha münasibdir”

Uzun müddət televizyonçu kimi fəaliyyət göstərən Həmid Herisçi-İlhamiyyə Rzayeva cütlüyü İrana köçməyə hazırlaşır. Ölkəmizdə peşəkar fəaliyyətə şərait olmadığından şikayətlənən H.Herisçi bizimlə söhbətində bu addımları ətrafında yaranan suallara da aydınlıq gətirdi. Müsahibimiz öncə İran televiziyasında işləmək qərarını necə verdiklərindən söz açdı.

- Siz bilirsiniz ki, biz mübariz insanlarıq. Heç vaxt qələmi yerə qoymamış, ən çətin anlarda belə divarlarla da savaşmışıq. Verilişimiz “Space” telekanalında xəyanət nəticəsində qapadılıb, “Gündəlik Azərbaycan” qəzetinə keçmişik. Sonra qəzet də bağlanıb, amma yenə mübarizə meydanına atılmışıq. Ardınca biz - bir dəstə Azərbaycan jurnalisti Qərb “demokratlarına” üz tutduq ki, bizə siyasi sığınacaq versinlər. Amma Qərb bizə dəstək olmadı. İnanın ki, bir tikə çörək davası aparmırıq. Dərvişliyə, zahidliyə həmişə hazır olmuşuq. Həyatımız heç zaman varlı olmayıb. Biz öz yaradıcılığımıza məşğul olmaq istəyirik.
- Bəs nə üçün məhz İran televiziyasında işləmək istəyirsiniz?
- Çox götür-qoydan sonra düşündük ki, Güneydəki hadisələr bu ölkəni dünyanın mərkəzinə çevirir. Orada qanlı-qadalı hadisələr gözlənilir. Mən özüm güneyliyəm, Təbriz fədailəri ailəsində doğulmuşam. Məşhur xalçaçı nəslindənəm. Bizim soyumuzun nümayəndələri əsrlər boyunca əlisilahlı olaraq istər Azərbaycanı, istərsə də İranı yadelli düşmənlərdən qoruyub. Bütün bunları nəzərə alaraq qərar verdik ki, geriyə - Güneyə dönək və öz verilişimizi də məhz orada bərpa edək. “Gecə kanalı”nın tamaşaçıları arasında güneylilər çox idi. Hətta Təbriz və Tehrandan zəng edib verilişlə bağlı fikir bildirənlər də olurdu.
- Artıq İran televiziyasına müraciət etmisinizmi?
- Öncə qərar qəbul etdik. Bir azdan Tehrana səfər edib orada bu məsələ ilə bağlı görüşlər keçirəcəyəm. Sözsüz ki, bu, siyasi bir məsələdir. Ən yüksək mərtəbəli İran yetkililəri ilə danışıqlar aparılmayıb. Mən siyasətdən kənarda qalıb yalnız ədəbi-mədəni, tarixi veriliş hazırlamaq istəyirəm. İran təbliğat dəzgahının kiçik parçasına çevrilmək fikrində deyiləm.
- Sizcə, bu, mümkün ola bilərmi?
- Gəlin bu işdə ilk qaranquş olaq. Məncə, verilişimizin Tehranda açılması ilə əlaqədar İran radio-televiziyası ilə aparacağımız söhbətlər Nuşirəvanla aparacağımız söhbətlərdən daha asan olacaq. Bilirsiniz ki, indi bir çox insanlar İranda həkim, mühəndis kimi çalışır. Başına iş gələn televiziya işçiləri də orada işləyə bilər.
- Verilişin hansı dildə olacağı barədə düşünmüsünüzmü?
- Verilişə Azərbaycan dilində icazə verməsələr, ssenariləri tərcümə etdirəcəyəm. Bilirsiniz ki, “Gecə kanalı”nın efirə getməyən ssenariləri ayrıca kitab şəklində, habelə “Alma” qəzetində çap olunub. Bunların hamısı hazır verilişlərdir və onları efirə çıxarmaqda heç bir çətinliyimiz olmayacaq. Ən pis halda İranda sənədli filmlər çəkə bilərik. Bu gün İran kinematoqrafiyası çox zəngindir.
- Belə çıxır ki, təki “Gecə kanalı” efirə qayıtsın deyə verilişinizin hətta fars dilində də yayımına hazırsınız?
- Bəli. Mən yazıb-yaratmaq istəyirəm. Təki mənə televiziyada öz işlərimi aparmağa icazə versinlər. Biz ölkə teleməkanında bəlkə də yeganə peşəkarlardanıq. Peşəkarları naşı televizyonçular işdən uzaqlaşdırır.
- Orada müstəqil ola biləcəyinizə inanırsınızmı? Sizcə, bir senzuranın pəncəsindən qurtulub başqa senzuranın pəncəsinə düşmək ehtimalınız real deyilmi?
- Orada ədəbi-bədii verilişlər sahəsində heç bir senzura yoxdur. Söhbət siyasətdən gedir. Ona da biz qarışmaq istəmirik. Təbii ki, biz İranın “Səhər” verilişində işləyəsi deyilik. Çünki əxlaqımza ziddir.
- Sizcə, bu qərarınız Azərbaycanda təpki ilə qarşılana bilərmi? Buna hazırsınızmı?
- Mən sonuncu damla qanımadək “Gecə kanalı”mız uğrunda mübarizəyə hazıram. Bu təpkilər məni maraqlandırmır. Ola da bilər, olmaya da.
- İlhamiyyə xanım da sizin bu qərarınıza qatılırmı? Arzunuz həyata keçərsə, ailəlikcə İrana köçəcəksinizmi?
- Bu qərarı İlhamiyyə xanım və iki yaşlı cocuğumuz İbrahimlə birlikdə qəbul etmişik. O ki qaldı ora köçməyimizə, burada heç bir problem yoxdur. Mənim Təbrizin mərkəzində 200 illik tarixi olan böyük mülküm var. Bütün şəhər Həmid Herisçini adla tanıyır. Mənim orada nə çətinliyim ola bilər ki?! Qohum-tanışlarımızın hamısı İranda vəzifə sahibləridir. Biz öz doğma vətənimizə qayıdırıq. Canlı, həqiqi Azərbaycanı Bakıda yox, Təbrizdə görürəm.
- İran televiziyasında müraciətiniz qəbul edilməsə, başqa ölkələrin telekanallarına da müraciət edəcəksinizmi?
- Bu gün Tehran dünyanın mərkəzi nöqtələrindən biridir. Orada çalışmaq, işləmək əyalət xarakterli Bakıda işləməkdən daha münasibdir. Bu, böyük bir yolun başlanğıcıdır. Mən ümid edirəm ki, İranda biz ədəbi-bədii, kulturoloji verilişlərimizi davam etdirə biləcəyik. Ola bilər ki, əvvəlcə fars dilində olacaq. Amma sonra “Gecə kanalı”nı doğma dilimizdə bərpa edəcəyik.//Yeni Müsavat