İntihara sürüklənənlər («Qaraqovaq çölləri» romanına bir nəzər)

İntihara sürüklənənlər («Qaraqovaq çölləri» romanına bir nəzər)

Səksənincilər ədəbi nəslinin görkəmli nümayəndəsi  Əlabbas «Qiyamçı»  romanından sonra  «fasilə» etsə də,  bir neçə hekayə, «İkinci oğul»  povestini və «Qaraqovaq çölləri» romanını yazdı. Bu «fasilə»də Əlabbas  «Mən Qarateli sevirdim» adlı bir kitab da  nəşr etdirdi və bu kitaba onun müsahibə, məktub, portret yazıları və s. daxil oldu. Yazıçının küll halında publisist yazıları  çox maraqlıdır, dəyərlidir və mən bunları çox yüksək qiymətləndirirəm. Onun publisistikası nəsrini tamamlayır. Digər yazıların dəyərini azaltmadan mən o kitabdan «Mən Qarateli sevirdim», «Onlar kimi öldürmədilər?»  və «Ədəbiyyatın çinsiz generalı»nı xüsusi qeyd edərdim…
               
***

Şəxsən tanıdığım və tanımadığım, ancaq istedadını qiymətləndirdiyim insanların yeni əsərləri çap olunana qədər  məni nigarançılıq hissi tərk etmir - yeni əsər necə olacaq?       

Düşünürdüm ki, «Yalqız» və «Könül elçisi»ndən sonra N.Əbdülrəhmanlının yeni əsəri  necə olacaq? Ancaq payızda yeni romanının əlyazmasını oxudum və «Yolsuz» əsərindən zövq aldım.

İndi düşünürəm ki, Aqil Abbas «Dolu» romanından sonra necə əsər yazacaq?

Aslan Quliyevin «Keçmiş döyüşçü və oğlan», «Yazıçının savaşı», «Payız» romanlarından sonra nə yazacağını da, həmçinin  Əlabbasın da «Köhnə kişi» və «Qiyamçı»dan sonrakı əsərini də eyni nigarançılıqla gözləyirdim.

Yazıçının son (şərti olaraq) əsəri  əvvəlkindən zəifdirsə, özünü təkrar edirsə,  oxşar mövzu ətrafındadırsa, onda yazmamaq ən düzgün qərardır, nə qədər çətin olsa belə…
                                      

***

«Qaraqovaq çölləri» romanı ilə «Qiyamçı»nın davamı gəldi.

Bu romanla ədəbiyyatımıza qəlbində Vətən sevgisi olan, Vətən uğrunda ölümə gedən, ancaq hərəkətləri başqaları tərəfindən lazımınca qiymətləndirilməyən, o səbəbdən də  pisikdirilən düz yolundan sapdırılan, çıxılmaza salınan, gəncliyini - ömrünün baharını yaşamayan daha bir ədəbi qəhrəman -   Əfsun gəldi…

«Qaraqovaq çölləri» həm də müəyyən məsələlərə düzgün yanaşması ilə fərqləndi. Bu düzgün yanaşma Günel Anarqızının Qarabağ mövzusuyla bağlı əsərlərində, A.Abbasın «Dolu»  romanında da  ifadə olunub ki, bu haqda biz bir az sonra danışacağıq.
***
Azərbaycan dilinin izahlı lüğətində çöl sözünün üç mənası  göstərilir: 1) qumluq, susuz düzənlik, səhra, bozqır, biyaban; 2) tarla; 3) bayır, dışarı, eşik, həyət.

Ümumən, çöl sözündə  genişlik çaları da var (dəniz, okean… kimi)

Əlabbasın yeni romanı «Qaraqovaq çölləri» adlınır və əsərin ideyası da budur ki, bu çöldə - genişlikdə Vətənin dar günündə Xabarovskdan, hərbi xidmətdə olduğu hissədən qaçıb gələn, Qarabağ müharibəsində igidlik göstərən, başına pul qoyulan qeyrətli döyüşçünün - Vətən övladının ev tikməsi üçün bir parça torpağı ona vermirlər. Əfsunun - canını Vətən yolunda qurban verməyə hazır bir döyüşçünün öz igidliyi bir yana, ailəsinin başına gələnlər, bacısının erməni əsirliyində olması və s. ona mənəvi imtiyazlar da verirdi.  

Ev tikmək yurda bağlılıqdır, doğma ocağın odunun sönməməsi deməkdir - axı cavanların şəhərə axışdığı, başqa ölkələrə getdiyi bir zamanda Əfusunun ev tikməsi, həmişəlik doğma el-obada qalması ən azı təqdir olunan hərəkət idi. Ancaq Əfsun nə niyyətə düşsəydi, ona qətiyyən imkan verilməyəcəkdi. Çünki Əfsun hamı kimi deyildi, «palaza bürünüb elnən sürünmək» istəmirdi. Əfsun fərqli düşənən idi. Fərqli düşüncə çoxluğun əleyhinə getməkdir. Çoxluq isə bunu sevmir.

Dəyərli araşdırıcı, şərqşünas-türkoloq, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov çöl sözünə başqa yöndən yanaşır.  Bu yanaşma da tamamilə doğrudur və romanın (eləcə də kitabdakı digər əsərlərin) ümumi ruhu ilə səsləşir - elə mənəviyyatın səhralaşması, yoxsulluğudur ki, Qarabağ döyüşçüsü sonda özünü də öldürür.

Romanda təsvir olunan hadisələr keçən əsrin 90-cı illərinin əvvəllərində baş verir. M.S.Qorbaçov hakimiyyətə gələndən sonra SSRİ-də əvvəl gizli, sonralar aşkara çıxan böyük oyunlar başladı ki, nəticədə bu oyunlar SSRİ-nin dağılmasına, dünyada bir sıra proseslərin  baş verməsinə səbəb oldu.

Çox təəssüf ki, bu oyunlara cəlb edilən dövlətlərdən biri də Azərbaycan oldu. Ən çox itirən də Azərbaycan oldu. Hakimiyyət uğrunda amansız mübarizə, hərc-mərclik vahid komandanlığın olmaması, ordu hissələrinin ayrı-ayrı adamların tabeliyində fəaliyyət göstərməsi  və s. Azərbaycanı hələ də düzəldilməsi mümkün olmayan duruma saldı - təbii ki, mən ilk növbədə torpaqlarımızın işğal olunmasını nəzərdə tuturam.

Bu dövrdə mənəviyyatımıza da böyük zərbələr dəydi. Mənəvi aşınmalar, müharibənin  amansız nəticələri  Qarabağ döyüşçülərinə münasibət, az qala repressiya illərinin xofu, şübhəsi, qorxu, haqlı insanların təklənməsi, susdurulması…  kimi məsələlər «Qaraqovaq çölləri» romanında bədii ifadəsini tapdı.

Qarabağ mövzusu tarixdir. Bu mövzuya müraciət edən sənətkar ilk növbədə tarixi  real, olduğu kimi əks etdirməlidir. Məlumdur ki, yazıçı  tarix  yazmır, prosesləri, onun təzahürlərini də istədiyi kimi yaza, təhrif edə bilməz. Burada bədii təxəyyülün meydanı tarixi faktlarla dəqiq hüdudlanıb. Tarixi mövzuda yazan yazıçının hətta  ehtimalları da faktlara, faktlardan çıxan məntiqi nəticələrə əsaslanmalıdır ki,  hətta uzun zaman keçdikdən sonra  belə yazıçının dedikləri təsdiqini tapsın.

Əlabbası yazıçı kimi Qarabağ müharibəsinin nəticələri - müharibədə yaralanan, sağlamlığını itirən, müharibədə igidlik göstərmiş (bizim əsgərlərimiz Qarabağ müharibəsini döyüşdə uduzmayıb, daxili çəkişmələr, mənəmlik, başsızlıqdan irəli gələn səbəblərdən, xəyanətdən uduzdurulub, hətta zorla uduzulmaq durumunda qalanda belə  igidlik göstəriblər) döyüşçünün sonrakı taleyi, onların ailələrinin sonrakı taleyi,  əsirlikdən qurtaranların sonrakı taleyi daha çox düşündürür.  

Bu məsələlər - yazıçı düşüncələri onun hekayələrində və «Qaraqovaq çölləri» romanında əksini tapır. Bu əsərdə o reallıqlar təsvir olunur ki,  o reallıqlar ört-basdır edilir. Həqiqətləri «gizlətməklə», erməniyə «dığa» deməklə nəyə nail olmaq olar?!

Bizə «Dolu», «Qaraqovaq çölləri» kimi əsərlər lazımdır ki, ərazimizin nə üçün işğal olunmasının səbəbləri haqqında düşünək. Qarabağ döyüşçülərini incidib, bezdirib çıxılmaz vəziyyətə salan  məmurlar elə torpaqlarımızın işğal olunmasının səbəbkarları deyilmi?

«Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qaniçənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə yeksan etdiyiniz evimin əvəzi!... Tüpürürəm sizin mənfur simanıza! Siz yalnız buna layiqsiniz!»

Bu sözlərdən sonra Əfsun özünü də güllələyir. Roman Əfsunu bu addımı atmağa gətirən səbəbləri, hadisələri incələyir.

Əfsun hansı mühitdə böyüyüb? Atasının onlara verdiyi  sualları yada salaq: «Bakı nə vaxtdan paytaxtdı, Azərbaycan dövlət kimi  nə vaxt formalaşıb, Xətai dövründə onun ərazisi nə qədər olub, indi nə qədərdi?» «Vətən hardan başlanır, evlə Vətənin fərqini nədə görürlər?» «Sizlərdən hansınız suya düşüb boğulan dostunu xilas üçün canını fəda edər?» «Alışıb-yanan evdə qalmış ata-ananı qurtarmaq üçün köməyə gedən olarmı, bilə-bilə ki, onu da labüd ölüm gözləyir…»

Bunlar təsadüfi, gəlişigözəl suallar deyil, Qüdsi müəllimin (Əfsunun anası da müəllimdir, el anasıdır) bütöv bir tərbiyə sistemidir, əqidə və dünyagörüşüdür. Qüdsi müəllimin övladlarının  haqsızlığa, ədalətsizliyə  qarşı mübarizə ruhunun təməli, özülüdür. İllər uzunu aşılanan vətəndaşlıq ruhunun nəticəsidir ki, Əfsun Xabarovskdan vətənə gəlir, silah götürüb sərhədə gedir. Ancaq Əfsunun cəbhəyə  getməsi də asan olmur: əgər məcbur qalıb yaşlı bir hərbçini komissar vəzifəsinə gətirməsəydilər, «şeşəbığ» zabit heç onun cəbhəyə getməsinə də imkan verməyəcəkdi. Əfsun cəbhəyə gedir, tərbiyə aldığı ruhda döyüşür, əfsanəvi döyüşçü kimi ad çıxarır…

Cəbhədən qayıdanda isə görün hansı səhnə ilə üzləşir? «Sən niyə o biriləri kimi ölməmisən? Üç ilə bir güllə yarası almamısan?»

Bu münasibət bir nəfəri yox, döyüşlərdə şəhid olmuş, itkin düşmüş onlarla döyüşçünün ruhunu təhqir etməkdi.

90-cı illərdən sonra bir neçə haray-həşirçinin «filankəslər niyə repressiyadan  sağ çıxıb?» iddiaları kimi, Qarabağ müharibəsinin iştirakçılarına da  bu münasibət nadan, gülünc və amansız bir yanaşmadı.

Müharibə on minlərlə insana zərbə vurduğu kimi, əslində Əfsuna da sağalmaz yaralar vurub. Atasının dostu Sabutay müəllimin böyük ailəsindən yalnız bir nəfər (Mehri)  sağ qalıb, qardaşını zorla ruhi xəstəxanaya salıblar, bacısı Əfruz erməni əsirliyindədir. Zülfü müəllim, dostu Qəflət və Mehridən başqa, Əfsunun tərəfində olan bir adam da yoxdur, daha doğrusu, Əfsunu müdafiə edənləri də  qorxu altında saxlayırlar. Polis zabiti Əfsunu müdafiə edən Səfurə müəlliməyə deyir: «Yaxşı olar sən mumlayasan! Elə olmasın, səni də bunlara qatıb aparaq. Baxmaram qadınsan, başını qırxıb salaram dama, onda bilərsən, artıq-əskik eləmək necə olur?!»

Bütöv ömrünü şərəfli maarif işinə, ləyaqətli nəsil yetişdirməyə  həsr etmiş bir ağbirçək  qadına belə söz demək məmur səviyyəsinin göstəricisi olmaqla, həm də başqalarını qorxutmaq məqsədi daşıyır. Rolis zabiti məqsədinə nail də olur. Əfsunu açıqcasına müdafiə edən olmur. Əfsunun yenə də göstərdiyi qəhrəmanlıq həbslə «qiymətləndirilir» Səfurə müəllimənin «niyə bu cavanların gözünü qırırlar?» sualı isə cavabsız qalır.

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş vermiş hadisələri, ictimai-siyasi prosesləri əks etdirən bədii əsərlərdə («Maestro», «Dolu», «Keçmiş döyüşçü və oğlan», «Serjant mülki geyimdə», «Payız», «Qaraqovaq çölləri»…) repressiya illərinə bənzər bir ab-hava var. Bəlkə də, yeganə fərq gecəyarısı naməlum adamların qapını döyüb vətəndaşları birdəfəlik aparmamalarıdır. Repressiya illərində cəza, dəhşətli işgəncələr, izləmə, qorxu, xof… var idi, 80-ci illərin sonu, 90-cı illərin  əvvəllərində  isə hakimiyyətsizlik, xaos, biryolluq məhvetmə əvəzinə, bezdirmə, pisikdirmə, mərdi qova-qova namərd etmə, tədricən «məqsədə» çatana qədər  vətəndaşı asiyə, üsyankara…  çevirmək…

«Haqqı deyənin dilini kəsərlər? Qeyrəti olanı dama basarlar?» - İmdad bu sözləri  qardaşı  Əfsun haqda demişdi, sonra özünü də ruhi xəstəxanada həqiqi xəstəyə çevirirlər. Daha bir gəncin həqiqət axtarışları belə sonuclanır.

Əfsunun yaşı çox deyil, gəncdir, ancaq üzləşdiyi hadisələr o qədər ağırdır ki, o, vaxtından əvvəl yaşlaşıb, gəncliyini yaşamadan qocalıb.

[caption id="attachment_15111" align="alignleft" width="198" caption="ƏLABBAS"][/caption]

Adama elə gəlir ki,  hər yerdə bir-birinə oxşar  məmurlar sanki Əfsun üzərində «eksperiment» aparırlar, onun iradəsini, dözümünü yoxlayırlar. Əfsunun iradəsini heç nə qıra bilmir, «onun azadlıq ruhunu, həyat eşqini əlindən ala bilmirlər»

Normal düşüncə ilə Əfsunun xarakterindəki dönməzlik, qürur, qəti vətəndaş mövqeyi, həyat eşqi, azadlıq ruhu… təqdir olunmalı, başqalarına örnək göstərilməlidir. Ancaq yaxşı mənada başqalarından fərqlənmək onun faciəsini sürətləndirir.

Hamı onu inandırmağa çalışır ki, kənddən getməlidir. Hətta Zülfü müəllim də. Doğrudur, o bunu istədiyindən edir və gerçəkliyə əsaslansaq,  Zülfü müəllim  haqlıdır: «sönmüş ocağı üfürməyin nə nəfi? Hələ onu demirəm, gərək durub-oturub  sənli-bizli şükür eləyək ki,  səni də İmdadın gününə qoymayıblar»

Zaman Zülfü müəllimin haqlı olduğunu sübut edir.

Əlabbasın yazıçı mövqeyi kimi bir məsələyə münasibəti də təqdir olunmalıdır.  (Belə mövqe Qarabağ mövzusunda yazan digər müəlliflərə, məsələn, G. Anarqızına, A.Abbasa da xasdır) düşmənə və sıravi «böyük Ermənistan» təbliğatı ilə zəhərlənmiş erməniyə münasibətdir. Əfsun bacısını əsirlikdən qurtarmaq üçün yol arasa da, sonuncu variant kimi bacısını erməni ilə dəyişmək fikri üzərində dayanır və həyatını təhlükəyə atıb sərhəd xəttini keçir, Arşak adlı bir ermənini aldadaraq Qaraqova gətirməyə nail olur. Kənd camaatı həmin an ermənini məhv etmək istəyir. Bu istəklərində onlar heç haqsız da deyillər.  Ancaq Zülfü müəllim, Qəflət, hətta əsirlikdə olanda barmaqları kötüyün üstündə baltalanan Əfrasiyab da Əfsunun tərəfini saxlayırlar və ermənini öldürməyə qoymurlar. «Onun oğlunu, Raffini ona görə öldürüblər ki, silah götürüb sizin üstünüzə gəlməyib. Vuruşmaqdan imtina eləyib. Deyib, çörəyini yediyim adamlara güllə atmağa əlim gəlməz. Azərbaycanda mənim düşmənim yoxdur. Düşmən yazıq xalqdı, fəqir-füqəranı fəlakətə sürükləyənlərdi. Mən Azərbaycana vətən demişəm. Ölənəcən də deyəcəm…». 

Məgər belə düşünənlər azdır?

Həqiqi sənətkar, istedadlı insan nifrət, düşmənçilik, ədavət hissi təbliğ edə bilməz.   

Romanın bu məqamı ilə bağlı böyük ziyalımız, akademik Bəkir Nəbiyevin bir dəyərləndirməsi olduqca maraqlıdır: «Vaxtilə oxuduğum antitürk, şovinist «Xent» adlı romanın müəllifinin də adı Raffidi. Əlabbas elə bil ki,  humanist Raffi obrazı vasitəsi ilə şovinist erməni yazıçısı Raffinin mənəvi dəyişməsini, çevrilməsini, haqqı tanımaq imkanı qazanmasını vermək istəyib. Biz də bu inamdayıq ki, gec-tez belə də olacaq»

Haqqında bəhs etdiyimiz  epizodda diqqət çəkən bir əsas məqam da var. Düşmən Sabutay müəllimin 18 nəfərlik ailəsini güllələyib, bu ailədən sağ qalan Mehridir və o, nifrət ruhunda böyüdülməyib.

Oğlu Elturan Qarabağ müharibəsində həlak olan Zülfü müəllim də nifrətlə yaşamır.

Barmaqları  balta ilə kəsilən Əfrasiyab da Arşakın ölümünə razı olmur. (halbuki o da aqressiv olmalı idi)

Bu nədir? Yersiz güzəşt, humanizm, bir millət olaraq xarakterimizdəki alicənablıq, günahdan keçmək «damarı», yoxsa insani duyğular?

Əfsunu başa düşmək olar: axı o, Arşakı bacısı ilə dəyişmək üçün gətirib. Bəs qalanları?

Məncə, bunlar təsadüfi deyil. Yazıçının subyektiv yanaşması da deyil (hərçənd ki, belə olsaydı da, yazıçını qınamaq olmazdı. Bu, türkün böyüklüyünü sübut edən faktlardan biridir. Bu insani duyğu ana südü ilə keçir (əslində bu elə bir ali duyğudur ki, bütün xalqlarda olmalıdır) bəzi məsələlərdə, məqamlarda bu «zəiflik» olsa da, belədir.

Sabutay müəllim Dağbasar kəndində küçədəki qapının üstündə Həzrət Əlinin bu kəlamını yazdırıb: «Haqqı həyatınız bahasına olsa belə, müdafiə edin».

Əfsun üçün bu kəlam qanun kimidir və o bu qanuna sonadək əməl edir. Sonuncu addımı atmazdan xeyli əvvəl isə özü də dünyanın gərdişindən bəzi nəticələr çıxarır: «Əgər cəbəhədən qayıdan hər bir kəsin son aqibəti bu imişsə, çətin ki, innən belə hansısa ağıllı bu vətən uğrunda canından keçə… Elə ab-hava yaratmısınız, vətən deyəndə ilk növbədə  adam yalnız evini fikirləşir. İnsanları yalnız o dörd divarın arasını düşünməyə, yalnız onu vətən bilməyə məcbur eləmisiniz. Sizlər olan yerdə bu xalqa düşmən lazım deyil»

Bu ittiham (həm də nəticə) Əfsunu intihar etməyə cətirib çıxaran məmurların ünvanınadır.

Bir düşündürücü məqam da budur ki, hadisə baş verəndən sonra adamlar Əfsunu etdiyi hərəkətə görə yox, özünə qəsd etdiyinə görə qınayırlar: «Hələ gərək bu xaraba icranı da ora kimi şumlayaydı, insaf əhli imiş… Bir parça torpağa görə adamı bu qədər incitməzlər axı. O, yəni belə çox şey istəyirdi?»

Bu fikirlər Əfsunun hərəkətinə  bəraət qazandırmaqla yanaşı, məmur ordusuna - vəzifə sahiblərinə cəmiyyətin etirazıdı, passiv etirazdır, nəyisə dəyişə bilmir, ancaq etirazdır. Mən burada ordu sözünü dırnaqda yazmadım. Bu, həqiqətən, ordudur, özü də çox təhlükəli ordudur - adamları cinayətə və intihara sürükləyən ordudur.

Əfsunun özünü öldürməsinə heyfsilənənlərin sayı-hesabı yoxdur və onlar da bu düşüncələrini dilə gətirirlər: «Ölkə başçısı bilsə, mütləq əfv edərdi. Nəinki əfv edər, əksinə onu bu əmələ təhrik edənlərin dərsini verərdi»

Ancaq olan olmuşdu, heç nəyi geri qaytarmaq mümkün deyildi. «Qəflətə deyərsən məni bağışlasın, başqa yolum yox idi».

Doğrudan da, məmurlar Əfsuna başqa yol qoymamışdılar.

«Yaramı bağlama, qoy qanım bu torpağa qarışsın» - bu isə Əfsunun Mehriyə və Qəflətə dediyi son sözlər idi. Ancaq Əfsun vətəninə buna görə gəlməmişdi.

Heyrət ediləsidi: cəza maşını dayanmır, Zülfü müəllimi istintaqda deyilən «sən yaxşı kişi olsaydın, dırnaqarası qəhrəmana öz qızını verərdin. O vaxt bilirdin bu yaramazın başı qaldadı, gələcəkdə nələr ola bilər. Dostunun qızını ona sırımaqla müvəqqəti də olsa,  həm elin gözündə xal qazandın, həm də öz qızlarının canını qurtarmış oldun» - sözlər yatağa salır.

Taleyin oyununa bax ki,  Əfsunun ölümündən bir həftə sonra  Əfruz da əsirlikdən xilas olur. Əfruzun taleyi necə olacaq? Bunu Əlabbas 18 il  əvvəl yazdığı  hekayədə göstərmişdi. Əfsun bacısını qəbul etsəydi belə,  kənd, onu əhatə edən adamların söz-söhbəti, dedi-qodusu şübhəsi Əfruzu da intihara sürükləyəcəkdi.

«Biri xəstəxanada, digəri qazamatda olan Mehri ilə Qəflətdən başqa, onu dövlət nümayəndəsinə müqavimət ittihamı ilə saxlayıb, barəsində üç aylıq həbs-qətimkan tədbiri seçmişdilər, cəmi kənd düzlərə səpələnmişdi».

Məmurların davam edən bu ədalətsiz hərəkətindən, dünyanın izahsız, məntiqsiz, şeytani işlərindən hətta «yer üzünün ən möhtəşəm zirvəsi tək vüqarla yüksələn Qaraqovaq dağları da o gün o səsdə heç vaxt olmadığı qədər tutqun, bürkülü və balaca gözə dəyirdi».
***

Əgər şair, yazıçı köləlikdən yazırsa, insanı azad görmək istəyir. Əgər dünyanın yalan donuna büründüyündən yazırsa, həqiqət, düzlük görmək istəyir. Əgər yazıçı qaranlıq, zülmət təsvir edirsə, bu, işıq, aydınlıq arzusu ilə bağlıdır.

Ən kiçik şeir parçası da, ən kiçik mətn də (nəsr örnəyi də) insan duyğularının ifadəsidir, dünya və həyat haqqında sənətkarın qənaətləri, düşüncələridir. Hər hansı bir əsər cəmiyyətdə gedən proseslərin gerçək, həqiqi təsvirini verməlidir, bu gerçəklik nə qədər sərt olsa belə…

Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindəki sərt, xaotik (və qəbuledilməz) gerçəklikləri təsvir edən bu romanda nə qədər işıqlı, inamlı surətlər  var - Sabutay müəllim, Qüdsi müəllim, Zülfü müəllim, Səfurə müəllimə, Mehri, İmdad, Qəflət...  Şərə qarşı onların hərəsi bir cürə mübarizə  aparırlar, o Şərə gücləri çatmasa belə… Ən başlıcası: bilə-bilə ki,  bu Şərə qalib gəlmək çox çətin, bəlkə də, mümkünsüzdür.

Maraqlı süjet, oxucunu gərginlikdə saxlayan hadisələr, bir-birini əvəz edən situasiyalar, müxtəlif xarakterli - özününkülərə və özgələrə bölünmüş adamlar, cəmiyyət…

Əlabbas bu əsərində də çağdaş «psixoloji nəsrin ustası, ən parlaq nümayəndəsi» (T.Əlişanoğlu) olduğunu bir daha sübut etdi. Görkəmli tənqidçi T.Əlişanoğlunun bir qənaəti də olduqca dəqiqdir: «Qaraqovaq çölləri» «Qiyamçı»nın davamıdır.
                                           
                                                 ****

Romandakı surətlərin bəziləri romanda birbaşa iştirak etmir, ya da az iştirak edir. Qüdsi müəllimin Əfsuna yazdığı - o zaman Əfsun Xabarovskda hərbi xidmətdə idi - 17 noyabr 1991-ci il tarixli məktubu onun təkcə bir pedaqoq olaraq tərbiyə sistemini deyil, sanki bütün xarakterini ortaya qoyur. Yaxud olsun  Sabutay müəllim, ya  da İmdad… Müəllimin qapı üstə yazdırdığı  ibrətamiz kəlam, İmdadın isə bircə odlu-alovlu çıxışı onların iç dünyasının ən xarakterik cizgilərini belə olduqca dəqiq rəsm edir. 

***

Nə qədər ki, müharibə bitməyib, Qaraqovaq çöllərində, o genişlikdə, intəhasızlıqda, bir parça torpaqda ev tikməsinə, yurd salmasına, yaşamasına imkan verilməyən namuslu bir vətən oğlunun acı hekayəti, o  çöllərin tən ortası ilə sərhədi keçib bu dəqiqənin içində də Qaraqovağa sarı irəliləyən,  əsir həyatı yaşamış bir azərbaycanlı qızının   faciəvi taleyi hər birimizi gözləyir.

Biz isə hələlik  saralıb-solmuş, bomboz  çöllərlə   sərhədə doğru axışan və nə edəcəyini bilməyən kənd camaatı rolundayıq.
***

Qəti qənaətimdi ki, «Qaraqovaq çölləri» romanı ilə Əlabbas öz yazıçı bioqrafiyasına daha bir əsər əlavə etməklə ədəbiyyatımızı da uğurlu bir əsərlə zənginləşdirdi. 
Sabir Bəşirov
fəlsəfə elmləri  namizədi