
İradə Tuncay: “Məndən lazımi qədər istifadə etmirlər...”
ƏDƏBİYYAT
- 07.04.2014
- 0 Şərh
- 1417 Baxış
"Xitab etməkdə şəxsə məharətli natiqdi, tuti tək danışmaqda, dinməkdə də sadiqdir.” M.C. Rumi
Interpress.az-ın "Qadın istəsə...” layihəsinin budəfəki qonağı yazıçı, publisist İradə Tuncaydır.
"Sarı odalar”dan boylanıb "belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox aldatmısan” söyləyən qadın. Sonra onu lap yaxından tanıdıq, axı "Yol” yoldaşı olmuşuq. Bu dəfə də yol gedirik. İradənin iradəli dünyasına. Uşaq məsumluğunun hopduğu parlaq təbəssümlü çöhrə, bulud kimi gah dolub,gah boşalan mənalı gözlərlə üz-üzəyik.
-İradə xanım, bu gün ruh halınız necədir?
-Bu gün mənim ruh halım hava kimidir, hava mənə təsir edir.Hərdən günəş çıxır, hərdən də onun qarşısını buludlar alır ...
-Amma mən sizə baxanda əhvalım yaxşılaşır,sizdən qəribə bir enerji gəlir. Rəfiqələrimdən biri deyir ki, adam İradə xanıma baxanda cəsarətlənir.
-Cəsarətlənir?
-Bəli. Özümü cəsarətli insan hesab etmirəm. Sadəcə, mən içimdən keçənləri doğru-dürüst ifadə edirəm,insanlar ona görə elə düşünür. Deyim ki,ömrüm boyu cəsarətli addımlar atmışam, yox, bu olmayıb. Bir də insanın içində böyük sevgi olur.İnsanlar sevgi sözünün leksik mənasını tam anlamırlar. Sevgi təkcə fərd olaraq bir qadınla kişi arasından keçən şey deyil. Bəşəriyyətə,məsum görünüşlü cocuğa,yanında oturub zingildəyən küçüyə- hər şeyə olan hissdən söhbət gedir,budur sevgi. Əgər,bu, insanda doludursa,onu ötürürsən ətrafdakılara. Yəni nifrət yox, pozitiv ötürürsən. İnsanlarla münasibətdə bu da vacibdir.
- Niyə qadınlar onlara qarşı laqeyd olan kişiləri sevirlər?
-Bunu təkcə qadınlara şamil etməyək. İnsan istəyir ki, həmişə əl çatmayana əl yetirsin, onu özününkü etsin. Amma olurmu? Olmur...
-Bəs siz?
-Mən də insanam, yəqin ki, istəyərəm laqeyd bir insanın diqqətini cəlb edəm.
-Ümumiyyətlə, bir soyuq baxış, laqeyd münasibətdən küsüb-inciyənsiniz?
-Bunu birmənalı izah etmək olmur. Çünki bir çox amillə bağlıdır: səhər gözünü açanda yadına düşən xatirələrlə, rastlaşdığın insanlarla. Elə insan var ki, vampirdir, adamın bütün enerjisini aparır. Eləsi var ki, əksinə, onu görürsən ovqatın yaxşılaşır. Ümumiyyətlə, mən içimdə yaşayan insanam.
-Kiməsə lazım olmaq, sevilmək qadına özünütəsdiq üçünmü lazımdır?
- Mənim bununla bağlı öz fərziyəm var. İnsanı Allah tam olaraq yaradıb. Sonra görüb ki, o darıxır, onun qabırğasından qadını yaradıb. Yarısını axtarmaq üçün hərəsini bir tərəfə atıb. Yarısını axtarmaq prosesi bəşəriyyət yaranandan gedir. Min nəfərin içindən birini sevə bilərsən. Mən bunu insanın kimyasıyla bağlayıram. Kimdə hansı elektron çatışmır, hansı elementi cəzb etmək istəyir. Qəribə cütlüklər görürsən ki, zahirən heç uyğun deyillər. Demək, daxili aləmləri uyğundur. İnsanlar o zaman yenidən cənnətə qayıdırlar ki, tam olurlar. Həm fizioloji, həm də ruhsal mənada. Bu isə çox az olur...
-Siz necə tamı tapmısınızmı, fizioloji və ruhsal mənada.
- Formalaşma dövründə ,mənimçün obrazlar qəhrəmanlıqla bağlı idi. Cəmiyyətdə fərqlənə bilsin. Mənim cocuqluq aşkım Ernesto Çe Gevaradır. Ölümündən 40 ilə qədər vaxt ötüb, onu hələ də sevirlər... Amma həyat göstərir ki, bu xəyallardır. Reallıqla barışmaq lazımdır. Əks təqdirdə yaşamaq olmaz. İnsan özündən küssə də sülh yaratmaq elə özünə düşür. Məcbur olursan reallıqla barışmağa.
-Neçə ildir Aqil müəllimlə evlisiniz?
-30 ildən artıq.
- Açıqfikirli insansınız, hətta mətbuatda belə onun bəyənmədiyiniz xüsusiyyətləri haqqında danışırsınız. Bununla belə, örnək olaraq göstərirsiniz ki, yəni ailə xatirinə bəzi şeylərə dözmək də olur.
-Təkcə ailə xatirinə deyil. Mən onu dəlicəsinə sevib ailə qurmuşdum. Bilirsən, insanlar yeni-yeni görüşəndə, hər kəs özünün pərdəli çağını yaşayır. O da özünü yaxşı göstərir, sən də. Amma həmişə oynamaq mümkün deyil axı. Bir gün hər şey üzə çıxır. Onda isə fikirləşirsən ki, sən harada yaşayırsan? Atdığın addım cəmiyyətdə necə qarşılanacaq? Nəzərə alsaq ki, həmişə projektorun altında yaşayan insansan, üstündə adlar var... Çılğın hərəkət edib nəyisə dağıda bilərsən. Sonra o xarabalıqların altından qalxmaq məsələsi var. Bizdə qala qurulub, ona heç kim toxuna bilməz.
-Qalanı qorumaq üçün İradə xanıma yəqin möhkəm iradə lazım olur. İradəli insansınız?
-Çox.
-Tez-tez işlətdiyiniz bir ifadə var-süpürgə qadınlar. Obrazlı ifadə etsək, hansı qadınlar birləşir o başlıq altında?
- Süpürgə qadınlar, konkret hansısa zümrəyə aid deyil. Lap nazir də ola bilər, qulluqçu da. O, xarakterlə bağlıdır. Heç nəyi gözləmədən öz vəhşi instinktlərinin qurbanı olan insanlar var da. Mən onlara deyirəm. Hər şeyə razı olurlar... Təki işləri düzəlsin, sonra da bunu danışırlar. Bununla fəxr edən insanlar var, başa düşürsən?
-Maraqlıdır, onları bu incitmirmi? Hər halda adamın vicdanı ilə baş-başa qalma məsələsi var.
-Hər adamdan yüksək ruhsal keyfiyyətlər gözləmək, sadəlövhlük olar, Elnura. Onda hər kəs fərqlənən, sevilən olardı. Bir var iki dəqiqəlik fizioloji ehtiyacı ödəyən insanlar, bir də var ruh üçün olanlar.
- A. Çexovun bir sözü var, deyir, ömründə bir dəfə qadının əlindən öpdülər, dözmədi, ərinə xəyanət etdi. Bəlkə, sevgisizlik problemidir mənəvi aşınmanı gücləndirən?
-Əgər qadın vəzifəli kişinin yanına gəlirsə, ətəyini qaldırıb istəyinə nail olursa, kimdir daha aşağı? İstər kişi, istərsə də qadın-insan özünə hörmət etməlidir.
-İradə xanım, cəmiyyətdə hansı hissləri yadırğamışıq?
-Çox laqeyd olmuşuq. Sevgi yoxdur içimizdə.Defisitdir sevgi. Hamı yalandan bir-birini tərifləyir, bir-birinə əl çalır. Bu sevgisizlik şəraitində hər şey bozarır, cücərmir. Hər kəs və hər şey üçün sevgi lazımdır. Mən evdə çox heyvan saxlamışam. Bir neçə itim də olub. İtlərdə gördüyüm sevgini, hərarəti insanlarda görməmişəm. Bunun səbəbləri çoxdur. Birdən-birə böyük bir rejim çökdü, insanlar illərlə yığdıqlarını bir gündə itirdilər. Sonra fikirləşdilər ki, necə edək qazanaq, ac qalmayaq. Tək-tək adamlar bunun içindən təmiz çıxdı.
-Təmiz çıxanlar da uğur qazana bilmədilər.
- Cəmiyyətə nümunə olan kəslər gərəkdir. İnsanlar da baxdılar ki, təmiz qalanlar acdırlar. Pislik edən, badalaq gələn hansısa mərtəbəyə yüksəldi, o da örnək oldu. Cəmiyyəti korlayan amillərdən biri də budur.
-Məmməd Araz yadigarı İradə xanım, Aqil Abbasın həyat yoldaşı İradə, publisist, "Ədalət”qəzetinin baş redaktoru İradə xanım. Sadaladıqlarımdan hansı sizi həyatda nazlandırdı, hansı möhkəm etdi?
-Heç biri nazlandırmadı. Bunların hər biri ağır yükdü. Hər biri ağır olub mənimçün. 13-14 yaşım olanda atam xəstələndi, ondan sonra biz onun üçün çalışmışıq. Mənim üçün edə biləcəyi heç nə yox idi. Ailə qurdum, Aqil kasıb oğlan idi. Birlikdə çalışdıq ki, nəsə quraq. Sonra hansısa mərtəbələrə çatanda, artıq onunla maraqlananlar çox oldu, mən keçdim başqa plana... Qələmlə özünə gün ağlamaq da ağır bir şeydir. "Mənəm”i təsdiq etmək zəhmət tələb edir.
-Qələmdən söhbət düşmüşkən, yaradıcılığınızda yenilik varmı?
-Çoxdandır heç nə yaza bilmirəm. Bilmirəm nəylə bağlıdır... Daha doğrusu bilirəm, böyük bir hadisənin ərəfəsindəyəm. Böyük bir planım var, istəyirəm həyata keçirim. Bilirəm ağır olacaq. Amma olacaq. İnşallah...
-Mən həmişə düşünürəm ki, İradə xanım böyük bir roman yaza bilər. Siz fərqli düşüncə tərzinə maliksiniz.
- Bu gün roman nəyə deyirik? Iradə Tuncay "Səfillər” həcmində roman yaza bilməz. Mən kapasitemi bilirəm, amma yaşadıqlarımı gözəl təsvir edə bilərəm. Uşaqlıqdan bu günə kimi gördüklərimi yazmaq istəyirəm. Mənə elə gəlir ki, maraqlı olacaq.
-İnşallah. Ruh halından danışdıq bayaq. Ruh halınızın nizamda olduğu uzun bir müddət olubmu?
-Yox, olmur. Uşaqlıqdan belədir. Düşüncələr, problemlər, qayğılar. -Yəqin dərketmə qabiliyyəti ilə bağlıdır. Bəlkə də hamıda belədir, bilmirəm.
-Onun nəyi yoxdur həyatda, niyə bu, dərin fikirlərə dalıb özünə zülm edir-haqqınızda belə düşünənlər də var.
-Var, çoxdur. Özümə münasibətdə qıcıq hiss edirəm insanlarda. Deyirlər bəxtəvərdir. Hər insanın içində özünün bildiyi ağrılar var. Bunlar genetik də olur. Hərdən düşünürəm atamın ağrılarıdır mənə keçib yəqin. O adamlar ki, mənə həsəd aparırlar, bir saat yerimdə ola bilməzlər.
-Əhvalınızdan asılı olmayaraq həmişə sığallı görünürsünüz.
- Düzdür, buna çalışıram, amma mənim kefim olmayan kimi bilinir.
- Ümumiyyətlə, özünüzə çox vaxt ayırırsınız?
-Yox. Bütün günü massaj, gözəllik salonlarında düşüb qalmağa vaxtım çatmır. Sadəcə, bünövrə var da. Kifir adamı nə qədər çalışsan da düzəldə bilməyəcəksən. Mən də gəncliyimdə çox qəşəng idim axı.
-Siz elə indi də qəşəngsiniz.
-Əks-sədadır da qalıb.(gülür)
-Hansı an sizi xoşbəxt edir?
-An da deyil, anın bir hissəsidir. Atomun hissəcikləri kimi. Konkret bir resept yoxdur mənim üçün. Bəzən səyahətlərimdə təbiətlə baş-başa qalmaq, yaxud Avropada bir kilsəyə girirsən, ordakı vitrajlarda hansısa naxış səni xoşbəxt edir. Bəzən möcüzə gözləyirsən olmur, bəzən əksinə. Maraqlı insanlarla görüşürsən o, səni mutlu edir. Bəzi qadınları zinət əşyaları xoşbəxt edir. Amma məni çoxdandır belə şeylər xoşbəxt etmir. Vaxt vardı mən bir ətir alanda sevinirdim, indi bir dolab ətir var, amma məni sevindirmir. Bəlkə var belədir, bilmirəm. Bəlkə bunu oxuyub məni qınayacaqlar da. Dünya malı məni cəlb etmir.
-Sufizmlə aranız necədir?
-Onlar böyük adamlar olublar. Allah sevgisiylə yaşayıblar.
-Bəlkə siz də elə mərtəbəyə yüksəlmisiniz ki, dünya malı sizi cəlb etmir.
- Yalan olar. Buddizmdə də nirvana mərhələsi var. Mən hələ o mərtəbədə deyiləm.(gülür)
- Deyirlər, insan məhəbbətin tərəzisini tapanda xoşbəxt olur. Sizin məhəbbət tərəziniz varmı?
-Yox, o şey ki, məhəbbətdir, onu ölçmək olmaz.
- "Yaxınlarım” çevrənizə kimlər daxildir?
- Ailə sözsüz ki, o çevrəyə daxildir. Onun ağrısı ağrın, uğuru uğrundur. Bir də var sənin kimi düşünən insanlar gəlir həyatına. Tezlik məsələsi var da. Onların sayı çox azdır. Uşaq vaxtı adama elə gəlir ki, hamı sənin dostundur. Təmənna məsələsi var ki, dostluğa çəpər çəkir. Düşünürəm ki, daima şübhə içində yaşamaq da mümkün deyil.
- Etibar edəndə də bədəli ağır olur.
- Düzdür. Heç kimə etibar etmədən yaşamaq məcburiyyəti yaranır ki, bu da çox ağırdır. İnsanın sonadək etibar edəcəyi varlıq ancaq özüdür.
- Belə olmalı idi, olmadı.... başlığı altında nələri yazardınız?
- Mən insanlara inanırdım. O inamım yıxıldı. Belə olmamalıydı... Ən yaxınına da inamın itirsə, demək gözlədiklərin alınmayacaq.
- Jurnalistlərin hansı sualından bezmisiniz?
- Aqil Abbas,Məmməd Araz. Çünki oxumurlar, soruşurlar ki, Məmməd Araz necə ata olub? Məmməd Araz böyük şair olub,onun mənim atama nə dəxli var. Hamının atası necə olub, o da elə. Məmməd Araz bəşəri şairdir. Balaca xalqın böyük şairi olduğu üçün böyük arenaya çıxa bilmir. Azərbaycan mühitini hamımız bilirik də. Burada vəzifən yoxdursa, kim olmağının əhəmiyyəti yoxdur. Atamın misrası var,deyirdi: "Mən ömrümün aşrımında anlaya bildim, nəçiliyim kimliyimdən gərəkli imiş”. Mən də şair qızı olmuşam da, nazir qızı yox ki.
- Kimliyiniz də bəlli, nəçiliyiniz də . Niyə televiziyalar, ali məktəblər sizin təcrübənizdən kifayət qədər yararlanmır.
- Bilirsiniz, format məsələsi var. Onların formatı mənə uyğun deyil. Slavyan Universitetinə Kamal Abdulla dəvət etmişdi. Mənim də yuxum pis olduğu üçün səhərlər dura bilmirəm. Fikirləşə-fikirləşə qaldım, sonra da Kamal Abdulla oradan getdi.(gülür) Böyük çıxmasın məndən yetərincə istifadə etmir cəmiyyət. Mən bu cəmiyyətə lazımam. Nə qədər mənim kimi adam yetişəcək ki, Azərbaycan cəmiyyəti mənim kimi adamları xərcləyir. Təbib ola biləcək insanlardan istifadə etmək lazımdır.
- Bəs şəxsi təşəbbüslə nəsə yaratmaq istəmirsiniz? Sizin dəsti -xəttinizi davam etdirəcək gəncləri yetişdirmək üçün.
- O qanunları işlək olan cəmiyyətdə mümkündür, burda yox. Bu mühit qısırdır, arzular qəbrstanlığıdır.
- Vaxt itkisindən təəssüfləndiyiniz vaxt olubmu?
- Mətbuatdan uzaqlaşdığım vaxt olub. Çəkildim öz içimə. O illərə çox hayfım gəlir. Küsdürdülər, incitdilər, getdim.
- Niyə bizim cəmiyyət küsdürüb-incitmək "üsul”u ilə istedadlı adamları siradan çıxarır?
-Onu edən adam fikirləşir ki, bu gəlir, məndən güclüdür, cəsarətlidir, məndən qəşəngdir. Bir gün gəlib yerimdə otura bilər. Gücünü işə salır ki, onu neytrallaşdırsın. Bizdə çox olub belə hallar. İstedadlı insanları məhv ediblər. Bu da bəsit düşüncə ilə bağlıdır Mən heç vaxt güclülərdən qorxmuram. İstedadlı gəncləri ətrafıma toplayıram, nəsə etməyə çalışıram. Amma əlimdə rıçaqlar yoxdur.
-Aqil müəllim millət vəkili olmasaydı, siz necə namizədliyinizi irəli sürüb, özünüzü sınamaq istəyərdiniz?
-Yox. Mən hesab etmirəm ki, millət vəkilinin təsir gücü var. Mən gücümü bacardığım sahədə sınamq istəyərdim. İstəyərdim bildiklərimi tətbiq edəcək televiziyam olsun. Onda görərdilər ki, televiziya nə deməkdir.(gülür)
-Həyat yoldaşı və övladdan ötrü ömrü fəda etməyə dəyirmi?
-Bu söz bütün dillərdə mövcuddursa,deməli nəsə var. Olur olmur, dəyir dəymir çətin məsələdir. Ancaq edirsən...
-İradə xanım, söhbət zamanı könlünüzdən kim və nə keçdi?
-Cox şeylər keçdi... (uşaq məsumluğu ilə parlaq bir təbəssüm)
Söhbətləşdi: Elnura Cavadzadə
İnterpress.az