
Kamal Abdullanın metafizik Labirinti (düşüncə fraqmentləri)
Tənqid
- 10.01.2013
- 0 Şərh
- 3312 Baxış
Tehran Əlişanoğlu
***
Kamal Abdulla bizdə son illərin ən diri, ən populyar, ən işlək yazıçısıdır, – desəm, yanılmaram. İldə bir kitab, üstəlik biri də artıq (təkrar və yaxud xaricdə nəşr) – bu artıq məhsuldarlığın Avropa standartlarıdır...
Etiraf etməliyəm, bir tənqidçi (oxu: Oxucusu) olaraq hər kitabından sonra Yazıçı ilə dialoqu bitmiş sanırkən, hər dəfə də daha təzə söhbətlərə meydan açılır. Bu ki: Kamal Abdulla həm də günün ən gözlənilməz yazıçısıdır; aktuallandırdığı məqamlar istər-istəməz azart doğurur...
***
Kitabın adı – "Labirint”, üç silsilə hekayələrdən ikincisinin adı "Labirint” və hətta ayrıca bir hekayə də "Labirint”... – bu ki, bilməyə nə var, müəllif kod verir; arif olandan həssaslıq gərək. Həm də məgər elə yaradıcılığı uzunu dolaşa-yıxıla-dura, yazıçının ipucu verdiyi Ariadna sapının iziylə gəlib-gəlib də, dirəndiyimiz deyilmi; fərqindəyik, yox, məgər şüurlu hər birimizin situasiyası, içində oluşduğu deyilmidir Labirint?!
***
Kitabın üç bölümü yaradıcılığın üç mərhələsi kimi: 1. Labirintə qədər ("Hekayələr” kitabından, Bakı, 2009); 2. Labirintin içində (eyni adlı silsilə); 3.Labirintdən çıxırkən ("Bilgə əhvalatları” silsiləsi)... Kitaba Ön söz yazmış Salam Sarvanın bələdçisində: birinci mərhələ mif mərhələsidir, hər şey hələ "qaranlıq mistikadır”sa; ikincidə "qaranlığa işıq” düşür: "sanki Kamal Abdulla bu silsilədə axtardığını, gizlində olanı, gizlənmiş olanı tapıb...” Üçüncü silsilədə isə, "ümumiyyətlə, mif reallığa, qaranlıq işığa, Allah insana çevrilir”...
***
Kamal Abdulla hekayəçiliyinin birinci dövrünü "axtarışlar” kimi də səciyyələndirmək olar... Hardasa insasanlar ölkəsində dəvə yağışı yağır... ("Dəvə yağışı”); uzaq Elladada Olimp Allahlarının şıltağı tutur... ("Parisin seçimi”); bir dəfə Zərdüşt bir kəndliyə rast gəlir... ("Son gəliş); Misir fironu I Psammetixin zülmündən çiçəkli çəmənlər insan bədəni keçirilmiş çəngəllərə çevrilir... ("Çəngəl çiçəyi”) və s. "Axtarış” sözü hərçənd Kamal Abdulla kimi qələm ustası üçün nə dərəcədə məqbuldur bilmirəm, amma yenə də: mövzu, problem, mətləb... – ümumfəlsəfi axtarışlar mənasında; və təbii ki, bunun ifadəsi: janr-üslub-poetika...
***
Təkcə mənim fikrim deyil: "Dəvə yağışı” son illərin (bəlkə də bütövlükdə Azərbaycan ədəbiyyatının! – bu artıq mənim qənaətimdir) uşaqlar və böyüklər üçün yazılmış ən gözəl nağılıdır; necə göydən yerə dəvə yağışı yağır, insasanlar şirləri necə aldadır və necə şirlər bir uşağa və dəvənin göz yaşına rəhm edib, insasanlara dəymir, şəhəri tərk edirlər...
***
Mübaliğəsiz: "Parisin seçimi” bizdə son illərin ən şöhrətli hekayəsidir; ruscası məşhur "Litqazeta”da çıxırkən qibtə doğurmuşdu, bəs antik mifi belə də yazmaq olarmış! Şəxsən mənə hekayədə göylərin və yerlərin məntiqinin toqquşması: və əcəb, Parisin göylərin acığına, məhz öz seçimini etməsi xoş gəlir; özüm heç vaxt Paris kimi edə bilməsəm də...
Eləcə də: həyat və ölüm məntiqinin hacətləri barəsində növbənöv pritçalar... ("Son gəliş”, "Çəngəl çiçəyi”) – fərqlidir, qəribə görünür və hətta: çaşdırır deyərdim...
***
Amma, amma və yenə də... İlk hekayələr kitabından daha da başqa-başqa mətnləri yada gətirib ("Qərar”, "İlişin qayıtmağı”, "Xaron, mərhəmətli Xaron”, "İstintaq”...), mən hər halda bu fikirdəyəm ki: yazıçı bu mərhələdə hələ "axtarır”; hansı ustad deyib, unutmuşam, Özünə çıxmaq üçün nasir gərək özünəqədərki hər üslubda yazmağı bacara; niyəsə, nə üçünsə nəyisə-necəsə qurmağa-quraşdırmağa çalışır burda, öz mifini yaradır Kamal Abdulla! Və elə bil (elə bir) qarşılıq görməyib az qala "təkcənə”, öz-özüylə oynayırmış kimi görünür...
Lap "Adaşlar” hekayəsində olduğu kimi, azartla oynayır: yuxular və gerçəklər, indi və dünən, olanlar və olmayanlar, ədəbiyyatın və həyatın sərhəddi, real və fərz olunan Kamal, o cümlədən Borxes və mən müstəvisində...
Həmin hekayə barəsində mən yazmışam: "Borxessayağı Kamal Abdulla” yazısında (bax: Tənqid.net, № 5, 2008)
***
"Labirint” silsiləsi. Problematika: İnsan həyat və ölüm, varlıq və yoxluq, sevgi və özgəlik... arasındakı labirintdə. "Ay işığı”, "Kamera teatrı”, "Üçrəng pişik balası”, "Bir yay axşamı”, "Bir sevgi hekayəti”, "Labirint”... – ən müxtəlif qəhrəmanlar ən müxtəlif (labirint-) situasiyalarda eyni bir metafizik müstəviyə gəlir...
Ədəbiyyatın əbədi teması – əbədiyyətin sirrinə varmaq. "Sirri-zəmanə” hekayəsinin qəhrəmanı hətta bu sirrin ardınca "qapı açıb” bir zəmanədən özgə zəmanəyə düşür... "Pəncərə” hekayəsinin qəhrəmanı hər gün baxdığı dünyadan qəfil özgə dünyalara "pəncərə” açıb-ağlayır... Ən gözlənilməz isə – "Labirint” hekayəsində, bir qətlin içindən çoxhədli qəhrəmanların çoxhədli dünyalar(d)a atdığı lağımlardır...
***
Bəllidir ki, "labirint” – postmodernizmin məşhur obraz-metaforalarından sayılır; və məxsusən X.L.Borxes və U.Ekonun bədii-fəlsəfi dünya-anlamının əsasında durduğu iddia olunur: labirint – həyatın, varlığın, ümumən yaradılışın təzahürü, idrak üsulu kimi...
Kamal Abdulla həmin məcaz-metaforanı ədəbiyyatımıza gətirir; həm də uğurla, məhz hekayəçilikdə, Azərbaycan ədəbiyyatında səbatı, ənənəsi olan bir janrda. Amma Qərbli həmkarlarından fərqli, Kamal Abdullanın qarşısında daha çətin iş var. Orda yüz il ərzində növbənöv modern hekayə tipləri Oxucunu hər növ özgəliklərə çoxdan öyrəşdirib; bizdə isə realiyaların ətaləti hələ də güclüdür, müvəffəq olmaq istəyirsənsə – bu ağırlığı qaldırmalısan...
***
Yüz il ərzində Azərbaycan hekayəçiləri bir onu eləyə biliblər ki, həyatın lirik-sentimental məzmununu yazıblar: "bir həzin axşam”, "bir qəmli xatirə”, "yenə o bağ olaydı”, "bir görüşün tarixçəsi”, "şanlı məktub” və s. (İstisnalar istisnadır, əlbəttə!). Sanki Kamal Abdulla da elə belə edir: "Ay işığı”, "Kamera teatrı”, "Üçrəng pişik balası”, "Bir yay axşamı”, "Bir sevgi hekayəti”, hətta detektiv ünsürlü "Labirint” hekayəsi də "ənənəvi sevgi macərası”na köklənir. Həm də necə: bütöv ömrə sığan sevgilər...
Salam Sarvan düz deyir: "Ədəbiyyat öz xəzinəsinə klassik etika ilə müasir estetikanı özündə birləşdirən mətnləri və bu işi uğurla bacaran müəllifləri daha fərəhlə qəbul edir...”
***
...Klassik ibrət alınası süjetlərdir. Necə hekayə qəhrəmanının atası Alı ömrün ahıl çağında da olsa, ilk sevgisinə sahib durub, Pəri arvadı evinə gətirir və: "ömrünü rahat yaşayıb rahat bir şəkildə son nəfəsini verdi və bu dünyadan köçünü sürüb arxayın getdi, arxada gözü qalmadı...” ("Ay işığı”). Necə qoca Əhməd müəllim uzaq gəncliyində ayrı düşdüyü sevgisinin günlərin bir günü yuxusunu görür və bütün həyatının bir yuxu olduğunu bilib, (o) dünyasına qovuşur ("Kamera teatrı”). Necə həyatının Nifrət zolağına çatan Yasin bir tarazlıq günündə sevgisizliyin bədəlini məhz sevgisiylə, xoşbəxt ölümə qovuşmaqda tapır ("Üçrəng pişik balası”). Necə bir öpüşün tarixçəsi Orxanı sevgilərin saf, yeniyetmə çağlarına aparır; və işə bax, əyan olur ki, ölümlərin saflığı da heç uzaq deyilmiş: "İki ildən sonra bu uşaqların dördü də könüllü olaraq cəbhəyə yola düşdü. Ağdam uğrunda döyüşlərdə bir həzin yay axşamı dördü də həyatını qurban verdi. Vətən bayrağına bürünmüş tabutları gəldi...” ("Bir yay axşamı”). Necə: uzun bir sevdanın yolları Hamidin ömründə Yasəmin adlı acı boşluq yaradır ("Bir sevgi hekayəti”) Və ən nəhayət, problematik sual: yəni bir sevginin adı-dadı-bahası – "ölüm”: qətl və ya intihardımı? ("Labirint”)...
***
Amma təkcə "ibrət”mi? Bəs "müasir” – modern estetika və onun ənənəvi "etika”ya münasibəti necə olsun? Əgər həssas olsaq, oxuduğumuz həmincə "sevgi hekayələri”nin eyni qədər də "ölüm hekayələri” olduğunu görərik. Yadınızdasa, "Ay işığı” hekayəsi quşların gətirdiyi Arifə xalanın ölüm xəbəri ilə başlayır və təhkiyə planı: ölümdən-ölümə adlamaqla daha üç ölümü – qəhrəmanın (Şahinin) sevimli qardaşı Əşrəfin dəfni, atasının, Pəri arvadın ölümü ilə bağlı xatirələri ehtiva edir (təhkiyə planında olmayan ananın ölümünü də saysaq, bütünlükdə 5 ölüm olur). Belə çıxır ki, qəhrəmanın yaxınlarına sevgi dolu dünyası "ölümlər”dən yada düşür, bəlli olur...
"Bir yay axşamı”nda da belədir; hekayənin qəhrəmanı Orxan həyatın sevgi çağlarını on beş il sonra, "sevimli xalasının, anasının vəfatından sonra onun qeydinə qalan yeganə adamın yeddisi” mərasimində (1, 2 ölüm) xatırlayır; amma yox, təhkiyə nöqtəsi daha iki il bu yanadır, həmin məclisdə sağ gördüyü, sevgi əhvalatının əsas personajlarından qardaşı Qoşqar və dostları da (daha 4 ölüm) artıq həyatda yoxdurlar...
"Üçrəng pişik balası” mistik bir ölüm barəsində hekayədir; hekayə qəhrəmanı Yasin bir tarazlıq günündə üçrəng pişik balası ilə yox ki, həyatı ilə çiling-ağac oynayır... "Bir sevgi hekayəti”ndə birbaşa ölüm yoxdur, ayrılıq və (hərçənd burda da ata ölümü və qəhrəmanın Vətənə yolunu Yekaterinburq-Bakı reysini kəsən şlaqbaum kimi bağlamış "Ölsəm, ölümün üstünə gəlməsin”qarğışı var) qəhrəmanın bu fonda bütün həyatı ilə oynaması var... Həmçinin "Kamera teatrı”nda qəhrəman heçlik-yoxluq səhnəsində özünü oynayır; o yerdə ki, Əhməd müəllim var, həyatı yoxdur, o yerdəki həyatı durur, özü yoxdur... "Labirint” isə ümumən qətl hadisəsindən başlayır və hekayə boyu təhqiqatı üzərində davam tapır...
Bu ki: K.Abdullanın hekayələrində isti sentimentlər ("etika”) hər yerdə soyuq "ölümlər”lə ("günün estetikası”) baş-başadır; Rüstəm Kamal haqlıdır: "Onun hekayələrində sentimentallıq yoxdur, sərt təhkiyə "narkozu” ucuz duyğusallığı "keyləşdirir” (Tənqid.net jurnalı, № 6, 2009)... Həyat ölüm-itimlərdən boy verir, görünür bu hekayələrdə...
***
Çün: K.Abdullanı bir hekayəçi kimi təkcə bilavasitə, yaşadığımız gerçək hadisələr dünyası deyil, eyni qədər, hətta bəlkə daha artıq incə materiyalar sferası maraqlandırır: hissi(yyat)-instinktiv-mistik qatlar, dipdiri yuxular aləmi, xatirə-yaddaşın şıltaqları, "adilik çərçivəsinə sığmayan nəsə”lər, içində oluşduğumuz mif dünyası və s. "Ay işığı”nda quşların gətirdiyi xəbər, ayın şahidliyi; "Üçrəng pişik balası”nda "fəsil qış fəsli... əsl tarazlıq günü”, "elə bil başqa planetdən gəlmiş” Yasin, "üçrəng pişiyin xoşbəxtlik gətirməsi”; "Kamera teatrı”nda Əhməd müəllimin gerçək qədər yuxu dünyası və "Pəncərə”də qəhrəmanın yuxu qədər gerçək dünyası; "Bir yay axşamı”ında "Orxan da qocalarmış...” replikasından diksinib-oyanan xatirələr; "Sirri-zəmanə”də ölümsüzlük, "Labirint”də bir qətlin Minotavr mağarası qədər antik dərinliyi və s.
Diqqət etsək: qabartdığım məqamlar mətndə sadəcə bədii detal, simvolika-rəmz, metafora-məcaz olmayıb, "əsas mövzu”ya (sevgi-həyat-ölüm) paralel, eyni hüquqda hekayənin yükünü üzərinə götürə, "əsas ideya”ya şərik, iddialı ola bilir...
"Ay işığı” bir "sevgi hekayəsi”, "ömür nağılı” olduğu qədər də sadəcə "xəbər”dir, (hekayənin başlanğıcını bir daha ansaq:) "quşların gətirdiyi xəbər”; (süjeti ansaq:) xeyli qədər də "ayın şahidliyi”nin yalanını üzə çıxaran xəbər, (sonluq yadınızdamı): "Bu eşqin müqabilində atamıza o xəbəri kim gətirmişdi, kim gətirməmişdi – bunun bir mənası varmıydı?! Xəbəri gətirənə inanmamaq mümkünmüydü?! Xəbəri quşlar gətirmişdi.” – ilahi-mistik informasiya ilə açılan mətn bu qatda da tamamlanır...
"Üçrəng pişik balası”ndakı mistik qatı xatırlayaq; "pişik miyoltusu” qəhrəmanın (Yasinin) beynindən keçən dəmdən hekayə həm də "üçrəng pişik balası”nın hekayətinə çevrilməyə başlayır; hələ bəlkə daha da çox mistik bir ustalıqla mətn məhz onunku (üçrəng pişik balasının) olur... Bundan sonra qəhrəman nə edirsə, məhz həmin mistik havaya gedir, uşaqlığının Qarağacını mürgüdən oyadır, "çətinliklə də olsa, ayaqlarını haman deşiklərin birinin içinə salıb o birindən çıxara-çıxara pişik balasına tərəf yuxarı dırmaşmağa başladı. Bu zaman pişik balası zarımağını kəsib diqqətlə ona baxdı..” Və sonluğa diqqət edin: "Yerə yıxılmağıyla Yasinin canını tapşırmağı bir oldu. Üçrəng pişik balası cınqırını da çıxarmadı, ona elə gəldi ki, bütün bunlar əvvəlcədən elə bu cür də nəzərdə tutulub...” Bu yerdə təhkiyə nöqtəsi ümumən itir, demə, o ümumən bir "tarazlıq günü”nün havasının ifadəsiymiş: "...Sonrası heç kimin yadında deyil”.
"Kamera teatrı”nın hekayə boyu gerçək planda gördüyümüz qəhrəmanı Əhməd müəllim həm də təhkiyə(çi)nin daim bürüməyə-açmağa çalışdığı mistik haləyə – sirrə malikdir. Odur ki, hekayənin sonunda bu dünyanın adamı olmayan ("necə ki, buralarda nagahan peyda olmuşdu, o cür də günlərin bir günü qeyb olub gedir...”) Əhməd müəllimin "sirri”nə məhz olduğu yerlərdən (qeybdən) dönüb vaqif olmağına dəyir: "...Onun baxışları gəldiyi yerə – geriyə zillənmişdi. Orada getdikcə kiçilərək işıqlı nöqtəyə dönməkdə olan bir ulduz vardı. Nəhayət, bu ulduz kiçilib-kiçilib vaxtilə kamera teatrının səhnəsinə düşən işıq zərrəsi boyda oldu. İşıq zərrəsi artıq çox-çox uzaqlarda qalırdı və bir an sonra gözdən tamamən itəcəkdi ki, Kişi üzünü o işıq zərrəsindən çöndərib səfər yoldaşlarının baxdığı səmtə o da baxmağa başladı”. Hər insandan ulduzunun axıb-getdiyi yerdə beləcə işıq izi qalmırmı?!.
***
K.Abdulla hekayəsinin özünəxas, çoxplanlı poetikası buradandır. Ənənəvi rakurslarla yanaşı, burda həm də həmin baxışların dekonstruktəsi gizlənir...
Dünya modernizminin son cərəyanlarından biri ekzistensializm oldu; İnsan fərdinin-məzmununun-mündəricəsinin dəyərini, ölçüsünü, qədərini həyat–ölüm, varlıq–yoxluq sərhədində duyur, faş və (özünü)dərk edir... Əslində, ən yaxşı təzahürlərində (Anar, R.Rövşən...) Azərbaycan nəsri də bura qədər gəlmiş...
Kamal Abdullanı bundan sonrası məşğul edir; təkcə "varlıq” yox, eyni qədər də varlıqdan o yana – "yoxluq” bildiyimiz də varlıq kimi; "yoxluq” yoxdur, o da bilmədiyimiz varlıqdır... Belə ki: K.Abdullanın hekayələrində: ölüm, yuxu ("kiçik ölüm”), ayrılıq (zaman-məkan aralığı), xatirə (yaddaş), möcüzə (irrealiya) ... – yoxluq bildiklərimizin varlığına açılan "pəncərə”lərdir... Yaxud da Labirint-dünyanın dolambac keçidləri; insan Ruhu darıxanda-darılanda məhz bu darlıqdan keçib, ekzistensiyasını başqa aləmlərdə arayır ...
"Qardaşının yoxluğuna Orxan bu gün də alışa bilmir” – "Bir yay axşamı” hekayəsi bütöv bir xatirə-əhvalat qədər, mətnin həm də bu son cümləsi üzərində durur. Əslində, tərsinədir: "xatirə-əhvalat” Orxanın qardaşının yox deyil, məhz var olduğuna boylanmaq üçün oxucuya təklif olunan bir "pəncərə”dir... Heç demaqoji gündəmdən düşməyən Qarabağ müharibəsi mövzusunun "bir cümlədə” yazılmasını gördünüzmü?; özündə bütöv bir hekayə gizləmiş cümlədə...
Yaxud "Pəncərə” qəhrəmanının başına gələn əhvalat, "günün günorta çağı hər şeyin adidən də adi olacağını son dərəcə etinasızlıqla gözlədiyiniz bir vaxt” "qəflətən gözəgörünməz elektrik cərəyanları bir-birinə sarmaşıb-qarışıb” beyin qırışlarınızda heç "rəngbərəng, əyri-üyrü şimşək xətləri”nə döndümü? Bax belə: "... bir an sonra bədənindən vicvicə keçməsini, ürək döyüntülərinin tezləşməsini, gözünün önünə rəngbərəng göyqurşağına bənzər zolaqların gəlməsini o, beyninin ən dərin qırışlarının birində belə izah etdi: Nə isə həmişəki kimi deyil. Bir an bundan əvvəl nəsə baş verdi...” Belə bir ani şimşək ecazı-rəngarəngliyi-əlvanlığı yanında (ki, doğma real dünyamızı bizə içimizin irrealiyaları fonunda açıb-göstərir), sakit-firavan, gündəlik vərdişlərə pərçim, eyni birölçülü ritmlərə tabe həyatımız, həqiqətən, Yuxu deyilmi?! Bu yuxuyamı sevinməliyik, ya bəlkə özgə, paralel, saysız sayda dünyaların varlığı möcüzəsinəmi?..
***
Bu ki: K.Abdullanın yazıçı dünyası heç də antropomorf, İnsan-mərkəzçi deyil; bir az əvvəl Ruh sözünü "insan”dan heç əbəs fərqləndirmədim... Amma məhz antropomorf vasitələr: dil, mif, yaddaş, sənət, idrak... – dünya-kainat Labirintini tanımaq, bu "möhtəşəm ahəngi” duymaq üçün İnsana verilmiş xoşbəxtlikdir...
"Labirint” hekayəsi bütünlükdə həmin dünyanın xaoskosmosunu əks etdirir, xəbər verir bizə. Hekayə boyu "Qıraqdakı stolun arxasında oturub gözündə eynək, başını qarşısındakı nəyə isə təəccüb edib ağzı açıq qalan kompüterə soxmuş... yaşılköynək oğlan” yadınızdamı? Mətni qurub-quraşdıran sanki odur; müasir detektiv yazarı kimi: ilk cümləsindəncə hekayədə qətl hadisəsindən danışılır... Amma yox, bir azdan mətnə antik mif motivi daxil olur və başlayır məşhur Ariadna sapı ilə Tesey əhvalatını toxumağa; və əgər: "Qaya ilə birləşdiyi yerdə dağın ağzı, elə bil nə üçünsə bərk təəccüb edəndən sonra açıq qalmışdı...” və "ağzıaçıq kompüter” məcazlarına həssas olsaq, Minotavr mağarası ilə müasir qətl hadisəsi arasındakı paralelizmə də təəccüblənməyəsiyik... Bu hələ harasıdır, bir az sonra Dil də öz məntiqini işə salır: məlum qətl ətrafında Qadın və Kişi, Nazilə və Səlim, Aydın və Mətanət, Cəmilə və Nizami, Şəfiqə və Əşrəf, Samirə və Vaqif, Dürdanə və Vaqif və s. sevgi cütlüyünün dialoqu başlayır... Mahiyyətcə sanki eyni cütlükdür – (hekayədə:) kriminalist və jurnalist; amma adlar, nüanslar, yanaşmalar hər halda fərqlər də yaradır: eyni mahiyyət fərqli Adlarda variasiyalar edir... Məsələ təkcə adların dəyişməsində də deyil, eyni zamanda kişi və qadın başlanğıcları arasında sevgi- məişət münaqişələri- psixoloji yaşam- mənəvi düsturlar dövriyyəyə daxil olur və hər sıra da öz məntiqini gətirir, diktə edir... O qədər ki, son halda Mətnin təklif etdiyi "açar söz” də maraqsızlaşır, mənasını itirir...
***
Çoxsaylı müsahibələrindən də, əsərlərindən də bilirik: gerçək dünyamızla yanaşı mövcud paralel çoxluqların təsbiti Kamal Abdullanın yaradıcılıq stixiyasının, bədii axtarışlarının hədəfində durur. Hətta Kamalsevərlər romanlarından çıxış edib, yazıçının: mərkəzi mifoloji Qarağac olmaqla "möhtəşəm ahəng”in hökm sürdüyü belə bir paralel dünyalar çoxluğuna çıxdığını da yazırlar (bax: Arif Acaloğlu, Qarağacın kölgəsində kainatı çözmək// Tənqid.net jurnalı, № 7, 2010)...
Amma etiraf edim ki, Niyazi Mehdinin ardınca mən də bu həqiqətə yalnız "Labirint” silsiləsindən sonra gəlib-çıxdım və inandım. Belə ki, mənimcə: "Unutmağa kimsə yox” romanında cızdığı "paralel dünyalar”ın təsvirində yazıçı ayrı-ayrılıqda nə qədər mahir, müvəffəqdirsə də, məhz onu düşündürən başlıca mətləbin: "möhtəşəm ahəng”in roman həllini, poetikasını hələ tapa bilməmişdi. O da təsadüfi deyil ki, roman-ətrafı müzakirə-mübahisələrdə mətni hər yozan istədiyi səmtə çəkə bilirdi (o cümlədən mənə: romanın nəfəs aldığı sosial-mənəvi dünya daha doğma gəlmişdi – bax: T.Əlişanoğlu, Modern mifin bitdiyi yerlərdə// Tənqid.net jurnalı, № 8, 2011)...
"Yarımçıq əlyazma”da bir az başqadır; orda paralel – şifahi və yazılı tarix, epos və roman dünyalarını bir araya gətirən "kitabxana”dır-"əlyazma”dır və yazıçı müasirliyin alt qatında (mərtəbələrində) duran həmin postmodernist obraza-məcaza uğurla girə bilir... Eynən bizə bəlli "realist hekayə”nin (təhkiyənin) alt qatlarında gizlənmiş Labirintə girə bildiyi kimi...
***
K.Abdulla hekayəsində J.Derrida dekonsturktəsinin özünəxas təcrübəsi-işi var; Maks Statkiyeviçin ardınca (bax: [leech=http://kulis.az/xeber_%3Cb%3EAmerikalı_professorun_Kamal_Abdulla__2629.html)]http://kulis.az/xeber_%3Cb%3EAmerikalı_professorun_Kamal_Abdulla__2629.html)[/leech] K.Abdulla mətnlərinə nəzərən bu adı çəkməkdən çəkinməyək. Hər hansı mətndə "boşluq” tapıb, onu (mətni) məhz o nöqtədən söküb-soyundurmaq... və Mətni əsl (Günün!) mənalarına açmaq! İntəhası, Derridanın sırf fəlsəfi idrak nöqtəsindən gördüyü işi K.Abdulla bədii qatda gerçəkləşdirir...
Ənənəvi-realist estetikadan poetik struktura, üslubi qata, cümləyəcən yazıçının klassik mətni necə söküb-"soyundurub”, növbənöv "sitatlar”dan ibarət təzə, postmodern mətnə-mənalara çevirməsi özü bir sirdir, məharətdir, ustalıqdır... Yalnız yarıyacan duyub-oxuya bildiyimiz Ə.Haqverdiyev (məsələn, "Ay işığı”nda), Anar ("Kamera teatrı”nda), Elçin ("Pəncərə”də), Ə.Əylisli ("Bir sevgi hekayəti”ndə)... mövzu-motiv-mənaları, obraz-metaforaları, yozum-yanaşmaları mətndə necə "çat verib”, polemik K.Abdulla rakursuna açılır, təzədən tərs üzünə düzülür – sezmək çətindir. Bu ki, bugün biz başdan-başa mətn olan, mətnləşmiş dünyamızı K.Abdulla cümləsində bir daha təzədən oxuya biləndə həzz və heyrətdən özgə nəyəsə lüzumumuz qalmır.
Bir şey məlumdur, K.Abdulla hekayəsinin öz fəlsəfi kvintessensiyası, məxsusi poetikası var: lirik-sentimental xatirə də ("Ay işığı”), ekzistensial iç hekayəsi də ("Kamera teatrı”), psixoloji yaşam situasiyası da ("Üçrəng pişik balası”), ağrılı gündəm mövzusu da ("Bir yay axşamı”), yüz dəfə üzü köçürülmüş mətn də ("Sirri-zəmanə”), qəfil detektiv hadisəsi də ("Labirint”), qanadlı fantaziya dünyası da ("Pəncərə”), ap-adi məişət süjeti də ("Bir sevgi hekayəti”)... – üzünü (özünü) elə çevirməlidir ki, metafiziki dərinliklərə açılsın, gizlətdiyi paralel mənaları (məna çoxluqlarını) iç etsin, aşkarlasın...
***
Dil məsələsi. Çox vaxt K.Abdulla dilinin asanlıqla qrammatik normaları pozması, yaxud K.Abdulla cümləsinin qəfil nahamvar, sanki dolaşıq düşmüş sintaksisi naşı oxucunu çaşdırır. Axı adi xəbər cümləsindən əlavə, bu dilin eyni zamanda daha neçə mətləbə "işləməsi”, ayrı-ayrı ("paralel”) informasiyalar daşımasının fərqində deyil bu oxucu. Labirint-mətləbin, labirint-təhkiyənin labirint-dili də olmalıdır, təbii.
Fikrim aydın olsun deyə, çəkdiyim filan qədər misallara daha birisini artıraq:
"...Həyat bizə öyrədir ki, dünyada əbədi heç nə yoxdur. Günlərin bir günü Əhməd müəllim öz prinsipinə dönük çıxır. Bunu ondan heç kim gözləmirdi. Gərək belə olmayaydı, amma olur...” "Kamera teatrı” hekayəsindən aldığım: ard-arda bu dörd sadə cümlənin sanki hərəsi bir ayrı tərəfə baxır. Burda təkcə 3-cü cümlə hadisə planından xəbər verir. 2-ci cümlədə Əhməd müəllimin xarakter çizgilərinə diqqət var. 1-ci cümlə ümumən əbədiyyət plankasına "işləyir”. 4-cü cümlə isə əbədiyyət plankası ilə xarakter (Əhməd müəllim) arasındakı hadisəyə (təzahürə) konkret (ümumun, cəmiyyətin) münasibətini açır... Belə görünə bilər ki: epizod informasiyalarla ziyadə yüklənmişdir; amma bu təbii şəkildə, bədii mətləblə gəlir və mətləbi hekayənin dilinə yükləyir...
Yazıçının niyyəti – təkcə realist hekayədə (məsələn, Ə.Haqverdiyevdə) olduğu kimi: milli portreti tanıtmaq, yaxud (Anarın "təklik kamera”larında olduğu kimi:) iç dünyasını "kamera teatrı”na çıxarıb ekzistensiyasına boylanmaq deyil ki; onu da, bunu da həmçinin "əbədiyyət müstəvisi”ndən baxıb, "qiymətləndirmək”dir... "Əbədiyyət” informasiyası isə bütöv bir qat kimi hekayənin ilk cümləsindən ("O buralara hardan gəlib çıxmışdı – bunu bilən yox idi...”) sonacan ("Doğrudan da, Əhməd müəllim necə ki, buralarda nagahan peyda olmuşdu, o cür də günlərin bir günü qeyb olub gedir...”) mətndə hadisə-arası özünü görükdürməkdən heç vəch qalmır. Məsələn, daha bir ştrix: "O qadın min il eyni yolu gəlirmiş kimi yarıqaranlıq, əyri-üyrü dəhliz boyu balıq suda üzən kimi əyilib-büzülərək keçib heç kimdən bir şey soruşmadan gəlib düz Əhməd müəllimin oturduğu otağın qapısı ağzında dayandı...” Bu "sintaktik qarmaqarışıqlıq”da məcazların xəbər verdiyi növbənöv sıra informasiyalar içərisində ("əyri-üyrü dəhliz”, "balıq suda üzən kimi əyilib-büzülərək”, "heç kimdən bir şey soruşmadan”) "əbədiyyət notu”na da (min il eyni yolu gəlirmiş kimi) həssas olmaq bəsdir... Hakəza, bütün hekayədə də beləcə.
***
K.Abdulla Labirintinin özəlliyi nədədir? Dedik, burda "labirint” – sadəcə özgəlikləri anlamaq, dərk etməkçün metafora-məcaz olmayıb, əslində: varlığına yazıçının tam əmin olduğu (özgə növ) Realiyalardır... Ki: təmas gərəkir, biz də buna inanaq, fərqində olaq, ləzzətini aparaq! Məgər sənətin missiyası məlumdan naməluma, qeyri-məluma daim bəsirət gözümüzü açmaqdan ibarət deyildirmi?! Bəsirətli Xorxe Luis Borxesin (bir yazıçımızın dediyi "kor Borxes”in yox!) kitabxanalar qalınlığından işıq salıb, bu obrazı kəşf eləməsindən bir gör nə qədər zaman keçibdir...
K.Abdullanın "Sirri-zəmanə” hekayəsini mən X.L.Borxes dünyasına təmasın ən tutarlı nümunəsi bilirəm; hətta dilimizə Borxesin yaxşı-pis tərcümələrindən də artıq. Hekayənin qəhrəmanı sirrədost birisi (Fərhad Qürublu) növbənöv əlyazmaların yönəltdiyi "materiya”ların (yuxu, gerçəklər, məsafə, zaman...) müqavimətini qırıb, sirrə vaqif ola bilir: "...Hər əsrin, hər dövrün, hər ölkənin, hər kimsənin belə öz zəmanəsi var... Sirri-zəmanə öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi də onu tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti oldu. O biri zəmanələrdə sirri-zəmanənin özü yox idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar, sən daxil... Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə keçə bilmir, elə öz zəmanəsində qalır...”
Post-modern epoxanın qisməti-həqiqəti budur... Heç bir "sirr” yoxdur artıq; elm və sənətin Kainat və İnsanın bütün sirlərinə vaqif olduğu bir zəmanədə hər hansı "paralel dünyalar” kəşf etmək azdır; yazıçının fikrincə: bu Labirintə girmək və ona yiyə durmaq zamanıdır... Yadınızdasa, "Labirint” hekayəsində sirri Minotavr mağarasınacan gedib çıxan qətlin effektindən ("açar söz”dən), məhz son halda imtina olunur; "yaşılköynək oğlan” müasir cütlüyün taleyini başqa cür yazır: "Xeyir, baş tutmamışdı. Sevən ürəklər bizim qulağımıza başqa şeylər pıçıldayır...” Və mətn antik mifdən utilitar nəticələr çıxarmağa tələsir: "Labirintə girməzdən əvvəl oradan çıxmaq barədə düşünməlisən... Bu bir... Xəyanətin ödənci var... Bu iki... Və nəhayət. Uca, sıldırım qaya başında arxanı heç kəsə çevirmə. Bu da üç”...
***
Doğrusu, yaxın zamanlaracan klassik düşüncəli birisi kimi biliklərin hər növ profanlaşdırılması, külli-cəmiyyətin ixtiyarına verilməsinin əleyhinə olmuşam. Gerçək hadisələr dünyası ilə yanaşı, mistik sferaların, paralel çoxluqların varlığı şəksizdirsə də, İlahi hökmlərlə sərbəst rəftar, sərhəd bilmədən bir dünyadan digərinə asan-rahatca müdaxiləmiz, "oralarda” istədiyimiz tək davranmaq və s. ağlıma heç cür sığışmayıbdır...
Qəza (!) belə gətirdi ki: təsadüfən (!) "Labirint” kitabının mütaliəsi ərəfəsində, qəfil xəstəlikdən özümdən on yaş kiçik bacımı itirdim (Ölüm!). 42 yaşında, öz ailəsi, əri, uşaqları, nə zamandır xəbərsiz olduğum həyatı (Ayrılıq!)... Nə qədər bu Dünyada varıq (!), elə də fərqində deyilik: axı zamanca-yaşca (Zaman!) sonra gələn bacımın mənim həyatımda, ömrümdə də (Ömür!) yeri-ərazisi-izi vardı (Xatirə-yaddaş!)... – bəs bunlar hara getmişdi?! Labirint-hekayələrin ip-isti təsirilə, ax, necə istəyirdim gecələrin birində, bir Ruh olaraq bacım indi haralardadırsa (Özgə dünyalar!), oradan Yuxuma gələ və gerçək bir dünyaymış kimi (Yuxu!) mənimlə qonuşa: nə-necə-nədən oldu, heç olmalı Olaydımı bu?! Heyhat!..
Sirrədost varlıqlar olmağımızdan ötrü, görünür, Sənətin görəcəkləri çoxdur hələ...
***
"Bilgə əhvalatları” silsiləsi haqda danışmaq istəmədim. Bu "sıra”ya təzəcə girirəm; və mənə elə gəldi ki, K.Abdulla sirrini gərəyincə bilmədiyimiz sırf "xatirə” fenomenini "söküb”-yığmağa girişmişdir burda. Nədənsə, düşündüm ki, yazıçının oxuyacağımız növbəti hekayələr kitabı: "Bilgə əhvalatları” olacaq...
24 avqust- 2 sentyabr, 9-11 noyabr, 22-29 dekabr 2012; 2-7 yanvar 2013
ANN.Az