"Kor ərəb"in qəzəli

Fikrət Əmirovun Hüseyn Cavidin sözlərinə bəstələdiyi məşhur "Kor ərəbin mahnısı”nın ilk ifaçısı Məmmədəli Sail (Əliyev) dövrünün gözəl xanəndəsi olmaqla yanaşı, həm də divan ədəbiyyatı ruhunda şeirlər yazan şair idi.

Yarpaq.az Məmmədəli Sailin bir qəzəlini oxucularına təqdim edir:

 

 

Bu dari-fənadan birisi şah idi, getdi,

Bir qeyrisi həm mehri-rüxi mah idi, getdi.

 

Ad qoy bu cahan içrə, ölərkən deməsinlər,

Hal əhli deyildi özü, bədxah idi, getdi.

 

Çox nazlı gözəllər gömülüb xakə, əzizim,

Bir çoxları da könlümüzə rah idi, getdi.

 

Bu qanlı fələk fitnəsini işlədib hər an,

Dünyadan, inan, çoxları gümrah idi, getdi.

 

Firon da deyərdi, mənəm allah yer üzündə,

Bilməm bu riyakar necə allah idi, getdi?

 

Dün sübhə kimi ahu-fəğan eylədi Sail,

Ustadi-qəzəl, şeirimizin Vahidi getdi.