Mahir Bayram. Platonik məhəbbət xəstəlikdirmi?

Mahir Bayram. Platonik məhəbbət xəstəlikdirmi?

Min illərdir ki, insan öz sevgi və istəklərini dodaqaltı pıçıltılarda , zümzümələrdə, mahnılarda , şeirlərdə.., bir  sözlə yaratdığı hər bir nümunədə  yaşadır. Yaşadır, ona görə ki , sevgidəki həzz və əzab bir-birinin içiindədir. İnsan instiktiv olaraq duyur ki , sevgi – yaşlaşdıqca  öləziməkdə  olan həyat enerjisini geriyə -- gəncliyə səsləyən,  başqasının da diqqətini daim özünə tərəf yönəldə biləcək.., ideal , ruhi varlıqdır. İndiki zamanda -- internet ağuşundakı vertual görüşlərin reallığında , hər şeyin adiləşdirildiyi , həm də informasiya bolluğu  içərisində insanın özünü itirib tapmadığı bir halda,  Platonik məhəbbət axtarmağa dəyərmi ? Birinci , bu platonikliyin özü nədir , insanlıq dünyasında yeri nə?
       
Sevğiyə yönəlik şeirlər , mahnılar , sənət nümunələri hər gün , özü də çox , lap çox yaranır. Amma , bu sevgi şeirlərinin , nümunələrinin  99 %-i   şeir sayını artırmaq , nəşr olunmaq , özünü göstərmək , söz , ifadə naxışı toxumaq və s. xatirinə yaradılır. Belə yaradıcılıq üçün , sadəcə ,sevginin nə işə yaradığını bir az bilmək kifayətdir. Milyonlarla sevgi şeirləri heç sevginin üzünü görmədən yazılır və yazılacaq. Bütün bunları gözəl başa düşdüyündən M.Füzuli (1494-1556) deyirdi: “Aldanma ki , şair sözü , əlbəttə , yalandır!” (Bizim şair xalq və şeir sevən olduğumuzu nəzərə alıb , nə qədər yalan eşidib dilə gətirdiyimizi , nisbətən təsəvvür etmək olar.)
        
Qayıdaq sevgiyə. Başqa canlılarda da əks cinsə sevgi , onun xoşuna gəlmək üçün əldən-ayaqdan getmə , hətta, ömürlük sədaqət və s. var.(Məs; göyərçin,tülkü,qaratoyuq,pinqivin və s.və i.a.) Amma , insan bu sahədə də bütün əndazələri aşır. Məhəbbətin əndazəni aşan təzahürlərindən biri və birincisi – Platonik məhəbbətdir. Sevginin , məhəbbətin əsas məramı , qayəsi , nəticəsi genetik kod baxımından  nəsil artırmaqdırsa , bəs ifrata varma – dəli olmaq dərəcəsində sevmə , “getmə gözümdən,gedərəm özümdən”, “ya o, ya da ölüm”, “o mənimçün bütün dünyadan qiymətlidir”, “atadan anadan yar şirin olar” kimi inadkar konsepsiyanın peyda olması, sevgiliyə qovuşmayanda intihar -- nədən irəli gəlir? Bütün hərəkət və məqsədlərin sonunda (birbaşa və ya dolayısı ilə) mənfəət dayandığından, bəs burada “mənfəət” nədir? Deyəcəksiniz  , insan elə bir varlıqdır ki , hər şeyin son həddinə, nöqtəsinə çatmaq , axırına çıxmaq istəyir. Razıyam. Onda, gəlin biz də, bu axırın axırına varmağa , “niyə?”sinin köklərini və zirvəsini axtarmağa çıxaq. (Onlardan deyilikmi?)
        
M.Füzuli babamız məhəbbətin lap uca zirvəsinə çıxmışdı , sevgi dəryayasının ənginliklərinə baş endirmişdi. Və orada dünyanın bütün kədər yükü ağırlığından tarıma çəkilmiş insani hisslərin, göz yaşından su içərək bulud tək dolmasından,  çaxan şimşəyin öz başına enməsindən.., qəribə dərd həzzindən başqa bir şey tapmamışdı. Ən qəribəsi , qeyri-adisi isə --kədərlə yoğrulmuş bu hiss və həzz onun bütün həyatının ali mənası idi;

                 Kəsmədi məndən səri-kuyində azarın rəqib,
                 Ey Füzuli,nişə cənnət içrə yox, derlər, əzab.
                                                                  
(Rəqib onun yolunda cəfasını məndən kəsmədi , Ey Füzuli , niyə deyirlər ki, cənnətdə əzab yoxdur.)
Göründüyü kimi, Füzuli  həm də, hamının primitiv məntiqlə inandığı  “Cənnət – kef yeridir” anlayışını, böyük sevgı  yanında sual qarşısına çıxarır. Çünki, Füzuli cənnəti – Dünyanın özü boyda  əzab yükünü daşıya  bilmək hünərinə meydan verən, maddiyat sevdasına meydan oxuyan -- Platonik məhəbbətdir;

                Eşq dərdindən olur aşiq mizacı müstəqim,
               Aşiqin dərdinə timar etsələr,bimar olur.

(Aşiqin dərdi -- xəstəliyi eşq dərdi ilə sağalar,onun dərdinə müalicə etsələr,xəstə olar)
               
(Playonik məhəbbətə aid ən sanballı ədəbi nümunələri M.Füzuli yaratdığından (“Leyli və Məcnun”, “Qəsidələr divanı” və s.) ona yön tutmağı münasib saydıq.)

Eşq qəmi insanı ah-nalə qanadında həm göyə qaldırır,həm də həsrətlə yanan varlığını əzab dəryasının dibindəki ən qaynar alovun içinə buraxır,acizləşdirib eşq qarşısında əridir. O özü bir ictimai fərd kimi fəaliyyətdə deyil,ancaq dərddədir. Məhz, buna görə də, Şərqin realist nəhəngi M.F.Axundov (1812-1878) M.Füzulini şair hesab eləmirdi.Səhərdən axşama,axşamdan səhərədək bir gözəlin dərdini çəkib ağlamaq,bu dərd yükünü daşımağı özünə həyat kredosu seçmək,bununla da sosial və ictimai passivliyə düçar olmaq!!!  Belə qəhrəman , Axundov dünyagörüşünə qətiyyən lazım deyildi və o, öz mövqeyində tam haqlıdır. Axundova hər gün oturub ağlayan şair,millət nümayəndəsi yox,onsuz da min cür problemlər icində çabalayan xalqın bu gününü,sabahını düşünüb,daşınan,qolunu çırmalayıb iş görən, öncül şəxsiyyət lazım idi.(M.Ə.Sabir (1862-1911) isə deyirdi:

                    Kişi ağladıqca qeyrətsiz olur,
                   Necə ki,ağladı İran oldu!

Bu baxımdan Sabir də Axundovla bir cəbhədədir.) Ağlamaq və inkişaf – bu iki anlayış çətin ki,bir arada uzlaşsın. Bəs onda, Füzulini rəğbətlə niyə tərənnüm edirik? Bu yazıda izaha cəlb etdiyimiz ideyanı,onda, bir kənaramı tullayaq? Hansının tərəfində dayanmalıyıq – Füzulinin, yoxsa  Axundovun? Biz tərəfsizikmi, mövqesizikmi? İkisindən birini ata bilərikmi?.. Bu barədə düşünəndə, istər-istəməz fəlsəfənin quyruğu görünür; inkar, inkarı-inkar, əksliklərin vəhdəti, mahiyyət və təzahür... Bir az kənardan başlayıb, nəzərə gətirək ki, kvant fizikası və fəlsəfədə işıq şuasının xassəsi -- iki, bir-birinə heç oxşamayan, bir-birinə əks olan, həm də mövcudluq zərurətindən bir-birini tələb edən – dalğa və korpuskula şəklində qəbul edilib. Elmi təmələ əsaslanıb, belə də ehtimal etmək olar ki, yaranışın səbəbi olan – cəzbetmə, sevgi də elə işığın böyük və mürəkkəb xassəli təzahürüdür. İnsana aid olan nur da,-- insani sevgi ilə həmahəng, həmxasiyyətdir.  M.Füzuli bir gözəli öz nurunda ən əlçatmaz zirvələrə qaldırdı. M.F.Axundov isə millətə olan sevgi nuru ilə, onun nurunu rədd etdi, milləti nurlandırmanı ən uca zirvədəki məqsəd gördü. Sevginin iki əks təzahürü. Mahiyyəti sevgi olanın bir-birini inkarı!..Hər halda, dünyanın ədalət və tarazlıq prinsiplərinə arxalanaraq, ilk baxışda yaxşı görünməyən hər bir  “pis” şeydə də yaxşı cəhət axtaranda, məlum olur ki, kədər aşiqi və mücəssəməsi olan Füzuli babamız nə yaxşı ki, dünya ədəbiyyatında Platonik məhəbbətə ən sanballı heykəl ola biləcək bədii əsər (“Leyli və Məcnun”) yaratmışdır. Qəm fəlsəfəsinin ən uca zirvəsində dayanıb, bu dünyadan beşəlli yapışmaq istəyən canavar xislətli adamlar arasında dalğın-dalğın, gözü yaşlı çöməlib, bu dünyadan müqəddəs sevgi yolunda şam kimi əriməkdən, bu alovlanmaya dözüm həzzindən başqa bir şey ummayan M.Füzuli insani duyğunun tərənnümçüsü və fəxridir.(Xəlvətcə etiraf edək ki, biz özümüz onsuz da, sızlamaqdan həzz almağa meylli xalqıq. Bayatılarımızdan tutmuş, muğamlarımızadək bunun izlərini nə qədər istəsəniz tapıb göstərmək olar. Şairlərimizin də əksəriyyəti-- sevgiyə qovuşmaqdan daha çox, onu hicranın ayağına yazmağa, hicranı isə dartıb--dartıb uzatmağa meyllidirlər.) Amma, köks ötürərək, onu da diqqət mərkəzinə gətirməliyik ki, qəm , kədər elə məhz insani keyfiyyətdir. Məhz, insan olan bəndə qəmlənə bilir.Böyük alman filosofu F.Nitsşe də (1844-1900) insanlara müraciətlə   “Sizin baxışınızda kədər niyə belə azdır?!” deyirdi. (Haşiyə: Nə M.Füzuli, nə də F.Nitsşe həyatın reallıqla bağlı xoşbəxtliyini dada bilmədilər (və dada bilməzdilər də). Çün ki, hiss və düşüncələri həmişə qəm karvanının yoluna boylanıb, o yola proqramlaşdırılmışdı. F.Nitsşe həm də, öz dostu Vaqnerin arvadına vuruldu və huşu başında olan vaxtlaradək, bu aşiqliyin acı peşimançılığını çəkdi.  Bəs, M.F.Axundov necə, xoşbət idimi? Fikrimizcə, xalqına işıqlı sabah açmaq fəaliyyətinə görə özünü xoşbəxt, cəhalətdən möhkəm yapışmış kütlənin, məhz onun xalqı olduğunu görəndə isə bədbəxt sanırdı. Füzuli kimi eşq xəstəliyinə də tutulmamışdı. Buna yəqin ki, vaxt , şərait və daim beynini məşğul edən millət dərdi imkan verməmişdi. Yoxsa, dahilərdən biri demiş; “Sevmək özü də istedaddır.”  İstedadlıların vurulmaq, eşqə düşmək ehtimalı həmişə yüksəkdir.)
 
Təbiət, həyat bizə göstərir ki, məhəbbətsiz, adi istəklə də nəsil artırıb, həyatda var olmaq olar. İnsanda bunun hər ikisi var; məhəbbət və adi istək. Bizim üçün maraqlı olan – Platonik məhəbbətin mahiyyəti və ən əsası insanlıq sferasında onun vaciblik dərəcəsidir. Ümumiyyətlə, bu Platonik məhəbbət nə üçündür? Xeyri nədir, ziyanı nə?.. Bəri başdan deyək ki, normal, qayğısız həyat tərzi, nəsil artırmaq, həyatda qalmaq baxımından, onun xeyirli bir şey olması inandırıcı deyil. Əvvəldə qeyd etdiyimiz kimi, ilk ağıla gələn budur ki, canlılar içərisində yeganə insandır ki, həmişə öz boyundan, hətta öz potensialından yuxarı tullanmağa cəhd edir. Özünə və heç yerə sığmır; “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam!”(İ.Nəsimi).  Həssaslığın bolluğundanmı , ya  ağılın çoxluğundanmı , ya da bu keyfiyyətlərin qüdrətindən vəcdə gələrək – daha ali gözəllik,qəribəlik,qeyri-adilik axtarışındanmı, ya mənəvi aclığın tələbindənmi, ya da avanturistlikdənmi.., insan qalaktikaya can atır,kosmosa çıxır,yerin təkinə,atomun, molekulun içinə, dənizin dibinə girir... Bir sözlə, insan imkanının üfüqləri tam görünmür. Amma, “qarğa çoxbilmişdiyindən tora düşdüyü” (atalar sözü) kimi, insan da ifrata varmalardan həmişə əziyyət çəkəcək! Neyləyək ki, bu əziyyətdən ləzzət alan, xüsusi növ adamlar da var: -- Füzuli kimi, Məcnun kimi... Bu da, hüdudsuzluğun bir nümunəsi.

Soyuq hiss və ağılla yanaşdıqda, sevilməyə layiq olan gözəllərin hamısı – fiziki, fizioloji, bioloji və s.tərkib baxımından “bir bezin qırağıdırlar”. Saç, qaş, göz, sifət,bədən və s. eyni materialdan, xammaldan, fakturadan ibarət olduğu halda, nədən bu gözəllər arasında birini kəskin fərqləndirmək, ilk baxışdanca, mələklərdən yuxarı qaldırıb ilahiləşdirmək vacibiymiş?!  “Ey bu qızın dərdindən dəli-divanə olub yata bilməyən, çöllərə düşən şəxs, əgər, həmin qızın saçlarını, qaşını qırxıb yerə töksələr, yenə həmin – ifrat, Platonik məhəbbətin yerində qalarmı? Doğrudur, yerdəki saçları qucaqlayacaqsan, üzünü ona sürtəcəksən, əzizləyəcəksən. Ancaq, nə o qız həminkidir, nə də o saclar! Nədən, yerdə, başqaları üçün heç nə olan bu saçlar, o qızın başında olanda səni dəli-divanə eləmişdi, ilan kimi “boğazına dolanıb”, arxasınca qul kimi sürüyürdü?!.. Müddət keçəcək, yerdəki saçlar səninçün də adiləşəcək...” Heç nə sayıla bilən bu saç, qaş tükü-- nədən bir nəfər üçün bu qədər sirli, sehirli, cazibədar idi?! Burada sirr  varmı?.. Əslində, dünyada hər şey həm sirlidir, həm də adi. Baxır ona haradan, hansı bucaqdan, hansı gözlə və ya hansı beyinlə baxırsan. Konkret  burada isə, sirr ola biləcək nəsnə ondan ibarətdir kı, saç və qaş tükləri yerdə nə qədər əhəmiyyətsiz görünsə də, öz yerində -- insanın başında gözəlliyi tamamlayan (həm də, başın və gözün sağlamlığını qoruyan), çox vacib komponentlərdən biridir. Məsələ heç bununla bitmir və bu qədər sadə də deyil. İnsanın zahiri görkəmi haqda araşdırmalardan məlum olub ki, saç və onun düzülüşü, saçın (eləcə də qaşın) forması – sahibinin daxili durumunun, iddia və tələbatlarının, ruhi vəziyyətinin, hətta, potensial inkan və keyfiyyətlərinin də göstəricisi ola bilər və olur. (Bu cəhətlərə əsasən, fizionomist, kriminalist və psixoloq qarşısında kimin dayandığını, danışıqsız müəyyən edə bilir.) Bu keyfiyyət və gözəllik qabağında – qəlbi həssas, zərifliyin və göləlliyin harmoniyasını istedadla duyan əks cinsin nümayəndəsi (Məcnun) neyləsin, necə dözsün?! (“Su axar, çuxuru tapar”—atalar sözü) Əlbəttə, qızın daxili zərifliyini, təbii işvəkarlığını üzə çıxaran saç düzümü, qaş forması, sifət cizgiləri çox mənalar daşıyır  və aşiq olmaq üçün yaranmışı, onsuz da, rahat buraxmayacaq! O başqa məsələ ki, bu aşiq olma, dərdə düşmə,-- o yazıq bəndəyə lazımdır, ya yox?! Hisslər bu barədə əvvəlcədən ağıldan heç nə soruşmur  və cavab gözləmirlər. Güclü sevgi – hədsiz həssaslığa və əslində istedada bağlıdır.( “Məndə Məcnundan füzun aşiqlik istedadı var.”—M.Füzuli) Hər halda, dünya bizə bir şeyi də öyrədib ki, hər şeyin azı da pisdir, çoxu da. “Orta hədd qızıl həddir” (Aristotel) .

                          Bir inci saflığı varsa da suda,
                         Artıq içiləndə dərd verir o da. (N.Gəncəvi)

Bu yanaşma sevgiyə də aid olur. Hədsiz  sevənlər – platoniklər  sevgiliyə qovuşanda, ona görə axıradək  xoşbəxt olmurlar ki, sevgilisi  əvvəlki kimi göylərdə və ya onun xəyalında deyil, artıq yerdə -- onun evində, ovcunun  içindədir. İlahilik səviyyəsinə qaldırılmış gözəl, sən demə, sıradan bir nəfər imiş! ( Bu, artıq sarsıdıcıdır!) Platonik bunu dərk edəndə...  Dərketmə -- adiləşdirməyə aparan yoldur. Tam dərk edilməyən və ya əl çatmayan – hələlik qeyri-adidir, cəlbedicidir, daha gözəldir. Dərketmənin özü də gözəldir. ( Çün ki, sağ qalmaq, problemləri aşmaq üçün əvəzi yoxdur.) Bax, burada obyekt gözəlliyi öz yerini dərketmə gözəlliyinə verir. Dərketmə gözəlliyi obyekt gözəlliyinin konturlarını özünə sığışdırır, onu mənimsəyir,  “yeyir” və doyur. Doymaq – özü gözəldir.  Doyan --tələbatı, həzzi ödənildiyindən süfrədən durar, aralaşar.  “Yeməli” gözəllik artıq yoxdur!..  M.Füzuli bu həqiqəti yaxşı hiss etdiyindən, Leyli və Məcnunu qovuşdurmadı.  (Günəşin yerə, əl içinə endirilməsi yaxşı olarmı?)

           Dahi psixoloq və filosof  Z.Freyd (1856-1939) öz təlimi ilə sübut edirdi ki, “İnsan nəin ki, xarici aləmdə, hətta, öz daxilində də baş verən hadisələri bütün təfərruatı ilə dərk edə bilməz... İnsanın – bu “kiçik dünyanın” müəmmasını, möcüzəsini şüurda deyil, qeyri-şüuridə axtarmaq lazımdır...  Qeyri-şüuri – unudulmuş dildir... Elə bir bilik vardır ki, insan onun haqqında heç nə bilməz...” Freyddən az əvvəl yaşamış alman filosofu A.Şopenhauerin  (1788-1860) bütövlükdə hər şeyin əsası haqqında fikri belə idi: “Varlığın başlanğıcı qeyri – şüuridədir... Qeyri- şüuri hər şeyin əzəli və təbii halıdır.” F.Nitsşe də kamilliyin kökünü qeyri- şüuridə axtarırdı.

            Təbiətdən və dahilərdən öyrəndiklərimizdən belə nəticə çıxarmaq olar ki, dünyanın mahiyyətində elə bir kök qanun var ki, o hər şeyin inkişafını və bir-birilərinə münasibətdə sağ qalma, mövcudluq kriteriyalarını dəqiqliklə tənzimləyir. Sadədən, mürəkkəbə bu hər şeyin əsasıdır. İnsan da bu dünyanın bir hissəsidir, həm də, onu öz daxili dünyasında gəzdirən hissəsi. Amma, dəqiq tənzimləyici bu qayda, qanun -- Platonik məhəddətdə öz hünərini göstərə bilirmi? (Sualın tam axırına çıxmağı, oxucunun öhdəsinə buraxaq.)

            Xülasə, əvvəlki nəticədən çıxış edərək, bir daha qeyd edək ki, Yer üzündə yaşamaq üçün yaranmış insan, onu göylərlə əlləşməyə vadar edən ən güclü sevgiyə -- Platonik məhəbbətə düçar olması – öz boyundan yüksəkdə dayanmağa cəhddir, normadan kənara çıxmadır, istedadlı ruhun, təxəyyülün xəstələnməsidir. Hisslərin öz dərinliyi və şaxəliliyi hesabına rezonans yaradıb vəcdə gəlməsi, bununla da bütün varlığı üstələməsi, əsir etməsidir! (Həssas adamın xəstəliyə tutulma ehtimalı həmişə yüksəkdir. “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”--atalar  sözü) Amma, bütün ruhi xəstəliklərdən fərqli olaraq, bu sağalan xəstəlikdir. Dərmanı – sevgiliyə qovuşma və bir də dərketmədir.

          Məşhur Qeştelt prinsipinə görə, tamın hissələrinin cəmi -- tamın özünə bərabər deyil, ondan azdır. Yaxyd, dünya dünyadakı şeylərin cəminə bərabər deyil, ondan artıqdır.   
                  
          Dünyaya  aid olan bütün mürəkkəbliklər insana da bilavasitə aid olduğundan, onu  axıradək  “oxumaq” mümkün olmayacaq. Platonik məhəbbəti də. Hər halda,anlaşilan həm də budur ki, Platonik məhəbbət-- insan duyğularının istedad tərəfinə aid olub,insaniliyin mühüm bir cəhətini qabartmaq, təsdiq etmək üçündür. Amma, bu ona nəin ki, bütün maddiyatı əldən verən, hətta, həyatı bahasına başa gələn təsdiq olur! Pərvanə özünü şamda niyə yandırır, görəsən? İnsan özünü sevgi alovunun ən gur yerinə -- Platonik məhəbbətə atmaqla özünü fəda edirsə, bu hal kimin və nəyin qarşısında özünü təsdiqdir, görəsən? Məhəbbətə məhəbbətin qarşısında? İnsan hisslərinin böyüklüyü, dərinliyi və əlçatmazlığı qarşısında? Yoxsa, lap dərinlərə baş vura bilmək qabiliyyəti qarşısında? Hər halda, bu da bir bacarıqdır. Bunu insan bacarır!