Mariya Pilkin. Sevgililər (hekayə)

Mariya Pilkin. Sevgililər (hekayə)

Mariya Pilkin (d. 1982) – şair, yazıçı, ədəbi tənqidçi. Moldova Yazıçılar birliyinin və Rumıniya yazıçılar birliyinin üzvü. "İvan Qoq, sənin üçün şeirlər” (2015, Piteştı) şeir kitabının, "Tənqidi astanalar” (2013, Yassı) və "Böyük Cokerlə əl-ələ” (2013, Kişinyov) esse və tənqidi məqalələr kitablarının müəllifidir. İlk hekayələri "Qısa proza kitabı” antologiyasında (2015, Kişinyov) və "Dacia literara” jurnalında (2016, Yassı) jurnalında çap olunub. Moldova və Rumıniyanın aparıcı mətbu orqanlarında çap olunur. Yaradıcılığı haqqında Kişinyovda və Buxarestdə məşhur tənqidçilər məqalə yazıb. Moldova və Rumıniyanın nüfuzlu ədəbi mükafatlarının laureatıdır.

 

 

Sevgililər

 

Onlar ayda bir, ya da iki dəfə şəhər mərkəzində görüşürdülər. Restoranda oturub  içməyə nəsə sifariş verirdilər. Çox vaxt onlara qulluq edən ofisiant Oktavian deyir ki, onların sevimli yeri küçəyə açılan pəncərənin qabağındakı masa idi.

Onlar gəlirdilər, bir-birinin yanağından öpüb otururdular və söhbətə başlayırdılar. Özlərini olduqca qəribə aparırdılar. Elə bil, ətrafda nələr olduğunu görmürdülər. Qadın danışırdı, kişi qulaq asırdı. Sonra kişi danışırdı, qadın qulaq asırdı. Kişinin çantasından kitab və nəsə hesab və ya əlyazma kağızları çıxartdığını Oktavian bir neçə dəfə görmüşdü. Onlar uzun müddət bir-birinə baxırdılar, jestlərlə danışırdılar, bərkdən gülürdülər. Qadın güləndə ağzını əliylə tuturdu, buna görə də Oktavian onun ailəli olduğunu bilirdi. Çünki qadının barmağında üzük vardı.

Hərdən də sakitcə oturub pəncərədən baxırdılar. Küçədən adamlar keçirdi, onlarsa tutqun şüşənin dalından baxırdılar. Sevgililər üçün qəribə davranışdır, Oktavian fikirləşdi, adətən sevgililər gözə görünməməyə çalışırlar.

Onlar çox xoşbəxt görünürdülər və restoranın qlamur quruluşuna qətiyyən uyğun gəlmirdilər. Oktavian gözəgörünməz olub yanlarında dayanmaq, nə danışdıqlarına qulaq asmaq istəyərdi. Onların gülüşləri sirayətedici idi. Oktavian onlarla oturmaq istəyirdi.

Oktavian əvvəlcə belə fikirləşirdi ki, onlar mehmanxanadan qabaq nəsə yemək üçün restorana gələn sevgililərdir. Restorana belə cütlüklər çox gəlirdi. Direktor katibəsiylə, qırx-qırxbeş yaşlı müfəttiş iş yoldaşıyla, imkanlı rəis az qala qızı yaşında olan cavan işçisiylə... Qızlar bacardıqları kimi dolanmağa çalışırlar, Oktavian stəkanları silə-silə özlüyündə deyirdi. Bu ölkədə başqa cür mümkün deyil. Stəkanları silib salfetləri düzə-düzə fikirləşirdi ki, Parisdə də belədir. Və bu həmişə belə olub. Buna görə də qadınlar Oktavian üçün çox da maraqlı deyildilər. Oktavian qadına fikir vermirdi. Pulu qadının yanındakı verirdi. O portmanat idi. O başçı idi, qərarları o verirdi. Qadınasa fikir vermək lazım deyil. Bu gün odur, sabah onun yerində bir başqası olacaq. Qadın dekorasiyadır, əhəmiyyətsiz şeydir. Danışan ətəklər.

Amma bu cütlük o biri cütlüklərə oxşamırdı. Hərdən lap üç saat otururdular. Onlar başqaları kimi tələsmirdilər. Söhbət edirdilər. Gülürdülər. Hə, onlar çox və bərkdən gülürdülər. Bunlar adi sevgililərdən deyillər, Oktavian fikirləşdi.

Kişinin təxminən altmış yaşı olardı. Yaxşı görünürdü. Hətta yaraşıqlıydı. Simasından yorğunluq, insanlar tərəfindən atılmışlıq oxunurdu. Onun qəhvəyi dəri çantası vardı. Bahalı çanta. Saatı da bahalıydı. Adətən o çoxillik şərab və ya yaxşı konyak içirdi. Az, amma yaxşı yeyirdi. Çaypulunu çox verirdi. Əynində brend, zövqlə seçilmiş paltarlar olurdu, amma o markanı gözə soxanlardan deyildi. İmkanlı adam idi. Qısası, adi müştərilərdən deyildi. Bu onun yerişindən, menyunu götürməyindən, sual verməyindən bilinirdi. Hərəkətlərindən rəisə və ya hansısa şirkətin rəhbərinə oxşayırdı. Qıraqdan belə görünürdü. Özündənrazı deyildi, amma özünə hörmət edirdi. Kişilərin oynaşlarının yanında özünü necə apardığını, necə danışdığını Oktavian artıq bilirdi, bu kişi elə deyildi. O sakit idi, hərdən zarafat edirdi. Üzüyü yox idi. Onun qəşəng əlləri vardı. Oktavian buna onlara üçüncü dəfə qulluq etdiyi vaxt fikir verdi, amma düzgün müşahidə olmaya bilərdi, Oktavian subyektiv yanaşa bilərdi, axı çox çaypulu alacağını bilirdi. Belə görünürdü ki, kişi tək yaşayır. Bütün hərəkətlərindən, davranışından tənhalıq yağırdı. Bu onun hesab ödəməyindən bilinirdi. Pul kişi üçün heç nə idi, mənasız, lazımsız şey idi. Bir də bu kişidə xüsusi kədər var idi ki, bu da Oktavianda ona qarşı əlavə hörmət oyadırdı.

Növbəti dəfə Oktavian kişinin ofisiant qızlara necə baxdığını gördü. Kişinin qızların ətəklərinə necə baxdığını görəndə Oktavian fikirləşdi ki, onun yatağından az sərnişin keçməyib. Bircə baxışla bunu başa düşmək olar. Oktavian kişinin barmaqlarını gördü, o barmaqlarının pianoçular kimi oynadırdı. Amma onun aləti piano yox, xəyali qız baldırları idi. Oktavianın qabağında savadlı bilici, professor oturmuşdu. Kişilər bunu hiss edir, başa düşür, çoxluq içində it kimi bir-birini axtarıb tapır, amma onlar iyləməklə yox, baxışmaqla tapa bilir. Qorxu filmlərində vampirlərin bir-birini tapdığı kimi. Ancaq özlərinə məlum olan əlamətlərə görə bir-birini tanıyırlar.

Qız şən və özündən əmin idi. Təxminən iyirmi səkkiz yaşı vardı, çox olmazdı. Bir az kök idi, kifir demək olmazdı, amma dəhşət gözəl də deyildi. Bu elə qadınlardan idi ki, hər adam ömründə ən azı bir dəfə eləsi ilə yatmaq istəyir. Qız rola girmirdi, hərəkətləri və danışığı çox təbii idi. Çox yeyirdi. Adətən qızlar sevgililərin qabağında yemirlər. Oktavianın öz statistikası vardı. Qız yeyirdi, gülürdü, danışırdı, tez-tez həmsöhbəti ilə razılaşmırdı. Bir dəfə Oktavian öz-özünə sual verdi ki, görəsən kişi bu qızda nə görüb? O gözəl idi? Ola bilər, deyə özü özünə cavab verdi. Və o gündən başlayaraq qızı da müşahidə etməyə başladı. Qızın incə təbəssümü və sözlə ifadə etmək mümkün olmayan, ancaq qız danışanda hiss olunan nəsə vardı. Bir axşam Oktavian qıza xeyli baxdı, qızla seks səhnəsini təsəvvüründə canlandırmağa başladı. Bu elə qadınlardan idi ki, seksdən sonra onunla siqaret çəkmək və ya söhbət etmək olardı. Hər qadınla bu mümkün deyil. Qəşəng sinəsi vardı. Hə, dərisi də gözəl idi, ağ, ağappaq dərisi vardı... Südlü qan, ruslar demişkən. Zövqlər mühakimə olunmur, Oktavian fikirləşdi. Bir də ki, qadının kişinin yatağında nə etdiyini kim bilir? O odunlarla yatağa girən dünya gözəllərini də görmüşdü. Amma üzü çilli balacaboy bir qız Oktavianın erotik gözləntilərini dəyişdirmişdi, onda Oktavian tələbə idi və Klujedəki Filologiya fakültəsinin yataqxanasında qalırdı, hə, Oktavian o fakülteti oxumuşdu ki, gəlib Kişinyovda sevgililərin görüşdüyü restoranda ofisiant işləsin.

Bir neçə dəfə onların söhbətini eşidə bilmişdi. Əvvəl elə bilirdi qız kişinin asistentidir. Bu biri dəfəsə fikirləşmişdi ki, onlar hansısa xarici investisiyalı Avropa proyektində işləyirlər. Ümumiyyətlə, Oktavian onların nə işlə məşğul olduğunu tapa bilməmişdi.

- Xahiş edirəm, mənə ondan danış, - qız xahiş elədi.

- Məncə bu yaxşı ideya deyil, - kişi cavab verdi.

Müşahidə etmək Oktavianın xoşuna gəlirdi, o güdmürdü. Bu ona bir az xüsusi gəlirdi. Cütlüksə özlərini ələ vermirdi. Hərdən onların atayla qızı olduğunu fikirləşmək olardı. Aralarında nəsə bir sakitlik hökm sürürdü. Qadınla kişi arasında olan gərginlik bunlarda yox idi, xüsusən aralarındakı yaş fərqinin hardasa otuz il olduğunu nəzərə alsaq.

Ancaq söhbətlərdən kəsik-kəsik frazalar, ancaq jestlər.

- Əgər sənin üçün həqiqətən dəyərliyəmsə, onda bunu elə. – Qız bir dəfə dedi.

- Mən bunu edəcəyəm. – Kişi sakitcə cavab verdi.

Oktavian bir dəfə qızı supermarketdə gördü, rəflərin arasından onu bir az müşahidə elədi. O bazarlığı xüsusi tərzdə edirdi. Özünə əmin idi, məqsədinə çatacağına əmin olan pişiyin sakit və rəvan hərəkətlərinə oxşayırdı hərəkətləri. Oktavian bunu izah edə bilmirdi, amma qadında onu xüsusi edən nəsə vardı. Orda Oktavian hiss elədi ki, qadın adamlara qarşı çox seçicidir. Qadın elə tip qadınlardan idi ki, o özü ilk addımı atmamış ona toxunmağa çəkinirsən. Ömründə bir dəfə, heç olmasa cəmi bircə dəfə sahib olmaq istədiyin qar kraliçası. Telefonuna zəng gəldi və qadın təmiz fransız dilində cavab verdi. İntellektual qadındır, deyə qadının əlindəki GEOX çantasını görən Oktavian öz-özünə dedi. Dəri ayaqqabılar. Qadında hər şey qədərində idi, nə zinət əşyaları vardı, nə də həddindən çox kosmetika. Görəsən əlindəkini onun üçün kişi alıb? – Oktavian bir az arsızlıqla fikirləşdi, o özündən bunu gözləməzdi.

Bir dəfə də payız vaxtı bulvarda gəzən kişini gördü. O əmin addımlarla gedirdi. Əynində yaxalığı qaldırılmış qara plaş və cins şalvar vardı. Yaxşı görünürdü. Oktavian onun dalınca getməkdən özünü saxlaya bilmədi. O bilirdi ki, müştərilər ofisiantların üzünü yadda saxlamır. Kişi firma mağazasına girdi. Siqar aldı. Oktavian kişinin siqarlara necə toxunduğuna baxdı və özündə nəsə qəribə, möcüzəvi bir şeyin baş verdiyini başa düşdü. Oktavian bu kişi kimi olmaq istəyirdi, bu kişiyə oxşamaq istəyirdi, onun gözəgəlimliyinə, xarizmasına sahib olmaq istəyirdi. Oktavian mağazadan çıxdı, elə bil hipnoz olunmuşdu, sirkə qədər piyada getdi.

Bir dəfə cütlük mübahisə etdi, Oktavian bunu dayandığı yerdən aydın gördü. Həmin gün onlara Oktavianın iş yoldaşı qulluq edirdi. Qadın ayağa durdu, təsadüfən konyakı kağızların üstünə dağıtdı, pul çıxartıb stolun üstünə atdı və getdi.

Kişi bir az da oturdu, yüz qram da Kalaraşa sifariş verdi, sonra hesabı ödəyib çıxdı. Oktavian onları bir aya yaxın görmədi. Sonra bir yaz günündə cütlük yenə gəldi, həmişəki yerlərində oturdular. Oktavian yaxınlaşıb sifarişi qəbul etdi. Qız arıqlamışdı. Gözləri çuxura düşmüşdü, amma yenə gülürdü, pişik gözlərinə oxşayan gözləriylə gülürdü, Oktavianın xoşuna gələn gülüşüylə gülürdü. Sonra qız yüz qram Beluqa sifariş verdi. Birinci dəfəydi ki, qız alkoqol sifariş edirdi. O adətən meyvə şirəsi və ya çay içirdi. Oktavian uzaqlaşanda kişinin dediyini eşitdi:

- Razıyam. Mənə inana bilərsən.

- Çox sağ ol. – Qız cavab verib, çoxdan arzuladığı kuklanı aldıran uşaq kimi bərkdən güldü.

Kişi bir-iki dəfə öskürüb konyakdan bir qurtum içdi və sakitcə ona baxmağa başladı. Qız da uzun müddət ona baxıb dedi:

- Hə, mən qərar verdim. Sən mənim atam olacaqsan! Şənbə günü bizə gəl. İstəyirəm ərimlə tanış olasınız. Dovşan bişirəcəyəm. Gələcəksən?

Oktavian bunu eşidib bir anlıq donub qaldı.

- O özünə ata axtarır!

Oktavian o gecə evə qayıdan kimi anasına zəng edib, artıq otuz ildir ona əzab verən sualı verdi:

- Mənim atam kimdir? Söz vermişdin ki, bunu mənə deyəcəksən!

 

 

Tərcümə: Həmid P.