Mehman Qaraxanoğlu.  Bezdirici təkrarlar (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Bezdirici təkrarlar (Ədəbi sezintilər)

İkinci Mahmudun ruhuna...

***
İnsanlar ölür... İnsanlar doğulur... İnsanlar ölür... İnsanlar doğulur... İnsanlar ölür... İnsanlar doğulur... Bötöv bir səhifəni eyni cümlələrlə doldursam, bezərsən, elə deyilmi?! Biz təkrardan bezib gedirik. Təkrardan da bezib geri dönəcəyik....    

 ***

İkinci Mahmud öldü... Nəsil şəcərəsində babası Birinci Mahmud olduğundan o, özünə İknci Mahmud təxəllüsünü götürmüşdü. İnsafən, bu təxəllüs ona yaraşırdı da... Açıq-aşkar sezdirməsə də, daxilində 30-cu Osmanlı Sultanı İkinci Mahmuda (1785-1839 ) xas olan bir reformator iddiası da vardı. Və bu iddiasını tədricən həyata keçirirdi. Son zamanlar Elçin Əlibəylinin verilişinə də onu gətirib çıxaran mövcud arxetip və tabulara qarşı üsyanı, yeniliyə sonsuz canatımları idi.  "Hekayənin metafizikası” məqələsində onun bir mətni haqqında da qeydlər eləmişdim: "Razılaşıram, düşüncələrin özü də hərəkətin bir formasıdır. Lakin bir qədər süst formasıdır. "Demə, göstər!” forması deyil, "De, dayan!” formasıdır. Rəşid Bərgüşadlının "Alın yazısı”, İkinci Mahmudun "Übermenşagen” hakayəsində ikinci hal daha qabarıqdır. Təhkiyəçilər qəhrəmanlarına lazım olduğundan daha çox "mərhəmət və şəfqət” göstərib onların "yükünü” də öz çiyinlərinə götürüblər. Ona görə də haradasa mizan itir. Hər iki yazıçının istedadına şübhə ola bilməz. Lakin dil, sonsuz lüğət onlara mane olur”. O, bu qeydlərimi də özünə xas olan aristokratik bir ağayanalıqla qəbul eləmişdi... Ruhu şad olsun!     

 ***
Ölüm gəncləşir, - deyirlər... Təsəllinin ən primitiv forması elə budur. Mən bu yaşda getsəm, nə deyərsən? Deyərsən ki, ölüm qocalır...?

 ***

Ədəbiyyatda "rəqəmsallığ”a qarşıyam - nə otuzuncu, nə əllinci, altmışıncı, nə səksəninci, nə doxsanıncılar? Bunu əla uydurublar. Zamanda bir qara dəlik açıb özlərini ora "dürtmək” cəhdindən başqa bir şey deyildir bunlar. Özləri uydurublar, özləri də inanırlar! Ədəbiyyatın zamanı yoxdur. Sənin üçün "Don Kixot” müəllifinin hansı əsrin "əllisi”ndə yaşayıb yaratmasının bir önəmi varmı?! Tarixin özü nədir? Dərin boşluq, ilğım, heçlik! Hardadır o? "Ədəbiyyatın tarixdən daha fəlsəfi olduğunu” deyib Aristotel.

***

Tənqidçi yaxşı yazıçıya necə yol göstərə, məsləhət verə bilər? Onda o yazıçı özünü assa yaxşıdı. (Düşünün ki, kimsə Tolstoya yol göstərir!) Fikir mübadiləsi ola bilər, vəssalam... Dünyada belədir. Yaxşı yazıçının özü ilk növbədə əla təhlilçi, tənqidçi, filosof, teoloq, semiotik, musiqiçi və rəssam olmalıdır. O, özünə Füzulinin, Mirzə Cəlilin, Haqverdiyevin, Markesin, Heminqueyin, Tolstoyun, Şukşinin, Nabokovun... gözləriylə baxmağı bacarmalıdır. İndi bəzi yazıçılar kolleksiya yığmaqla məşğuldurlar: Filan "məşhur” tənqidçi mənim haqda filan vaxtda bunu deyib, bunu söyləyib! Yığ, nə qədər yığırsan! Belə əcayib düşüncələr əvvəllər məndə də vardı. Sonra çıxarıb atdım "yoxluğ”a!  

 ***

Ədəbiyyat "Düma ilə Coys arasında”dır. (Kamal Abdulla) Nə qədər dartıb eləsən, əqrəbləri irəli, geri çəksən də belədir... 

 ***

Haqqında yazdığıma, əsərlərini yaxşı-pis təhlil etdiyimə görə Kamal Abdulla  heç bir zaman əlahiddə sevinc hissi keçirməyib. Heç buna ehtiyacı da yoxdur. Çünki mənə qədər həm burada, həm də xaricdə onun barəsində yetərincə gözəl mətnlər yazıblar və bu davam edir. Heç vaxt məhz onun yaradıcılığını tədqiq etmək istəyimlə də razılaşmayıb. "Niyə”sini də bugünəcən soruşmamışam. Əksinə, o, "dilimi açdığı”na, məni yazmağa ruhlandırdığına və imzamın ədəbi cameədə daha parlaq görünməsinə görə sevinib həmişə! Dövlət Müşaviri olduğu - vaxtının lap qıt olduğu zamanlarda sonuncu kitabımın əlyazmasını üç dəfə oxuyub. Oxuyub, qaytarıb. Qeydlər edib, yenə qaytarıb! Özü də poçtla göndərib! "Buranı belə yazsan, daha yaxşı alınar”, "bu fikirləri əlavə etsən, gözəl olar”, "bax, buranı çıxsan, mətn qazanar” qeydləri ilə bir yerdə! Hətta qrammatik və üslubi səhvlərimi də düzəldib. Sən demə, kitab belə doğulurmuş! Amma bəni-insandan fərqli olaraq onun köbəyi doğulmamışdan xeyli əvvəl dəfən-dəfən kəsilirmiş... Hərdənbir kitabımı vərəqləyirəm və  dodaqlarıma izaholunmaz bir təbəssüm qonur...   
 
***

Çevrəmdəki istedadlı insanlar haqqında həmişə onlardan xəbərsiz yazmışam. Yığsam, bir kitablıqdır! Amma "qazancım” nə olub? Haqqında yazmağa macal tapmadığım bəzi "dostlar” (Guya buna məhkumam!) bunları görməzdən gəlib və "darqursaqllıq edib” çayxana künclərində (Bir mətndə intiutiv yazmışdım: Çayxana – Şərq "despotizmi”nin cücərdiyi yerdir. Toplum orada çayı üfürə-üfürə ilıq "hücum” taktikasını seçir. Çayxana bir yandan da orta əsr "inkivizatorları”nın toplaşdığı məkana bənzəyir)  məni guya "məmur” yazıçılara (cəmdə yox, təkdə!) yaltaqlanmaqda suçlayıblar! Özü də əks cinsin arxasında məharətlə gizlənən "dostlar!”. Nə məmur yazıçı?! Dünyada belə bir bölgü varmı? İstedadlı və istedadsız yazıçılar vardır. Onda gərək Taqor, Oljas Süleymanov, Çingiz Aytmatov, Yevtuşenko, Neruda... və başqalarından ürəkdolusu yazanlar haqda da həmvətənləri belə düşünəydi! Sabir nə qədər haqlı imiş: "Özümüz öz başımıza əngəl-kələfik biz”.

 ***

"Ədəbiyyat qəzeti”nin ötənilki dekabr sayında Elçinin "Tut Budağı, Ərik Budağı, və Sarı Bülbülün nağılı” hekayəsini oxudum. Əməlli-başlı silkələdi məni. Əsl fəlsəfi pritçadır. Gözəl ipucları verir, haqqında yazmaq olar! Di gəl altşüurum hərəkətə keçdi: "Tələsmə, ikinci "cəbhə”ni açmağa tələsmə! Yaxşısı budur, gedib Nizamiyə, Mirzə Cəlilə, Haqverdiyevə "yaltaqlan!”. Ona görə də o "darıxan” dostlara belə bir simvolik məktub yolllayıram: "Əziz dostlar, bilirəm məni çox "istəyirsiniz”, amma bunları deyirəm, siz də agah olun: Çörəyimi yazıdan çıxara bilməyənlərin cərgəsindəyəm. Müəllimlikdən çıxır çörəyim. Mənə görə darıxıb eləməyin. Başımın üstə damım, əkib becərməyə torpağım, yumurtalamağa toyuğum vardır. (İnəyim də vardı, satdım!) Özünüzə yaxşı baxın, canınıza fikir verin! Sağ olun!”.
 
***

Tənqidçiyə (Təhlilçiyə) cıdır atı kimi baxmaq olmaz! Hansı mətn onu tərpədir, ürəyinə yatır, ondan yazmalıdır. Xoşu gəlmədiyi təamı insana necə zorla yedirtmək olar? Ortababların çoxu öz uğursuzluqlarını tənqidçilərin ayağına yazırlar: Guya onu vaxtında görməyiblər! Tənqidçinin ədəbiyyatı davamlı şəkildə "görməsi” və izləməsi absurddur. Sonacan tənqidçi obrazı və ambulasında qalan ədəbiyyatçı tanımıram! Bəlkə də heç yoxdur! 
 
***
Fotoda İkinci Mahmudun qəbri üstündə qalaqlanmış torpağa baxıb yazdım: "Burada torpaqlar da öz rəngini itirib...” Gerçəkdən belə idi...