Mehman Qaraxanoğlu. Korrida öküzü...  (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu. Korrida öküzü... (Ədəbi sezintilər)


Bəzi "oturuşmuş” "qoca” məmur-ədiblər fəxarətlə deyirlər: Biz sosial şəbəkədə yoxuq! ("Qoca” deyərkən onların fiziksəlliyini deyil, məmur stajını nəzərdə tuturuq) Gerçəkdən yoxdurlarsa, bu, onların haqqı. Amma... Bu saxta cavab bir neçə sual doğurur: 1. Sosial şəbəkədə olmaq niyə həqarət sayımalıdır? 2. Bu cür tiplərin sosial şəbəkədə olmaları və ya olmamaları nəyi dəyişə bilər və bu millətə nə verər? 3. Onların saxta profillə şəbəkədə olmamaları və yaxud onlara məlumatların ötürülməməsi haqda kim zəmanət verə bilər? 4. Əgər belədirsə, (Və 99% belədir!) sosial şəbəkəni hərəmxana gözlüyündən pusmaq nə dərəcədə əxlaqi və etikdir?!

***

XXI əsrin paradoksu: İmkanlı adamlardan şairin alimentini ödəməyi rica edirik... 

***

Sən oturub ilham pərisinin gəlməyini gözləyirsən. Guya o gələcək və sən də onun iri döşlərindən şeir əməcəksən... "Romalı qızın ata sevgisi...” Sənə bir xoş xəbər verim: O gəlməyəcək! Bir az əvvəl sənin imkanlı hesab elədiyin və sənətə nifrət edən milli burjuaziya onu zorladı...

***

Bu sevimli əsrdə mənim qismətimə ilham pərilərinin "uğur” pərilərinə hansı murdar və məkrli yollarla çevrilməsini izləmək düşdü. Gördüklərimi heç kəsə danışa bilmərəm. Onları özümlə qəbrə aparacağam...

***

Don Kixot və Mirzə Səfər... Onların nə zamansa bir-biri ilə görüşəcəyinə tam əminəm. Bəlkə də bu sətirləri yazarkən onlar artıq görüşürlər...

*** 

Dünyanın cəngavərlərə ehtiyacı vardır. Don Kixot qayıdacaq! Dünyanın Mirzə Səfərlərə ehtiyacı vardır. Amma o qayıtmaya bilər... Niyə? Onu sizdən soruşuram!

***

Rosinantlardan Qıratlara keçid bizə çox baha başa gəldi... Qıratlardan Rasinantlara keçid isə... Biz dəyərləri ucuzlaşdırmağımızın faciəsini yaşayırıq...

***

Bəzən təşbehlər və metaforlar Don Kixotun köhnə yaraq-yasaqları kimi kiçik bir zaman sürəsində cəngavərlik effekti yarada bilər, vəssalam...

***

Çox sayda istedadlı söz adamları vardır ki, məmura çevriləndən sonra (içərilərində cavanı, orta yaşlısı, yaşlısı da vardır!) məlum səbəblərə görə ilham pəriləri onlara arxa çevirdi.  "Formada olduqlarını” əfkari-ümumiyə nümayiş etdirməkdən ötrü hərdənbir şeirdən, nəsrdən, köşədən, zaddan yazırlar. Daha çox törənlərə qatılır və orada nitqdən-zaddan vird edir, həm də özlərinə mükafatdan-zaddan verdirirlər. Taleyin qəfil zərbəsindən tez-tez noktauna düşən həmin yazarcıqlar səndirləyə-səndirləyə ayağa qalxıb hər iki əlini qaranəfəs böyürlərinə vururlar, yəni, huşum başımdadır, özümdəyəm, vuruşa bilərəm. Amma gecdir, cənablar çox gecdir! Ya istedad, ya maddiyat! Siz qızmış kəllər kimi dostlarınızı da ayaqlar altına salıb ikincinin üstünə cumdunuz. Çox tələsdiniz! Elə istedadınızın gücü ilə də o maddiyatdan artığını qazana bilərdiniz. Ədəbiyyatın verdiyi sonsuz azadlığı, konturları irəlicədən məlum olan maddi firavanlığa dəyişən və özünü hamıya dost, hami kimi göstərən bu riyakar qövm çox qorxuludur. Onlar bütün istedadlı insanlara nifrət edirlər. Həm də onları çox "sevirlər”... 

***

Yüz əlli il eyni murdar təbəssümlə gəzib dolaşan yazar gördünüzmü?! Mən gördüm!

***  

Səhnədə fonoqram ilə oxuyan müğənni eyzən sirkdəki təlxəklər kimi atılıb düşərək sağ və col əliylə havanı sıxırmış kimi publikadan alqış istəyir. Sanki o, öz əllərində gözəgörünməyən bir hava nasosu tutmuşdur. O, kütlədəki ekstaz təkərlərinin boşaldığını hiss edərək hava nasosunu daim işlək vəziyyətdə saxlamağa cəhd edir. Və buna nail olur. Vəzifəsinin və imkanlarının açıq səmasında süzərək pul-parasından keçib özləri haqda rəy maşınlarının paradını təşkil etdirən yazıçıların da amacı bəlli...
***

İspandilli ədəbiyyatın ən müəmmalı dahisi Xuan Rulfo – magik realizmin bu naturaçı rəssamı 31 il susdu. Çünki əbədiyyət onun qarşısında "soyunmuşdu...”

***

Buğlanan çayda rəqs edən xırda çay qaşığına diqqət etmisinizmi? O, balaca, ovalvari və girdə sifətini təkrar-təkrar bizə çevirərək gülümsəyir. Mətndə öz yerini tutan hər bir söz də eyzən o cürdü...

***

Ədəbiyyat, kürəyinə nizə sancılmış korrida öküzüdür... Amanın günüdür, qırmızı donlu balalarını onun qarşısına çıxarma!!!