Mehman Qaraxanoğlu . Maskanı çıxarmayın, ahəng pozular... (Ədəbi sezintilər)

Mehman Qaraxanoğlu . Maskanı çıxarmayın, ahəng pozular... (Ədəbi sezintilər)

Təsadüfən ağacların dibinə düşmüş ağ vərəqlər də qüssəli görünür...

 ***
Sonradan qırla doldurulmuş asfalt çalalar heyrətdən bərəlmiş qapqara gözlər kimidir...

 ***

Pərdə asılacaq iplər öz qurbanını gözləyir...

 ***

"Cavan olsaydım, səni sevərdim...”. Sevmək üçün cavanmı olmaq lazımdır? Cualın cavabı altşüurda girov düşmüş sözlərdədir. Əgər biz "girov”ları dəyişsək, belə alınar: Cavan olsaydım, səninlə yatardım...

 ***

Şahidi olmuşam; bəzən əlinə planşet almayan uşaq hətta "qarşok”a da oturmur. Bu, sivilizasiyanın qarşokdan başlanmasına bir işarətdir. ("Biz Avropa sivilizasiyasına kanalizasiyadan qoşuluruq”. Oljas Süleymanov belə deyir. Bu da arzusunda olduğunuz plagiatlıq...)

 ***

Cümlə ilə, qatil öz qurbanı ilə necə davranırsa, o cür davranmaq lazımdır...

 ***

İlan öz qurbanına məhəbbətlə sarılır. Biz də sözə o cür sarılmalıyıq... 

 ***

Bəzən şeirin forması da mətnə qüssə yansıdır...

***

Hanı İlahi söz?! Öz cızma-qaralarımıza bəraət qazandırmaq məqsədilə uydurmuşuq belə cəfəng şeyləri! Söz, oyun daşı kimi bir şeydir. Loto oyununda nömrələnmiş daşlari yada salin! Məhz bizə lazım olanını torbadan çıxarmalıyıq. Bəziləri illərlə gözləyir. Çıxmayacaq!

 ***

Bərabər məsafələrdə basdırılımış işıq dirəkləri insanoğlunun ahəngdarlığa hansı riyakar yollarla nail olması haqda təsəvvürlərimizi genişləndirir. Həyatda beş-altı işıqlı adamın eyni fikir müstəvisində "sıralandığını” gördünüzmü?!

 ***

Ölüm sanki güzgünün sındığı məqamdır. Reallıq isə həmişə sınmış yerdən təhrif olunur.

 ***

O ağac dünyanın ən qəddar ağacıdı. Gör nə qədər yarpaq asıb!

 ***

Uzunboylu ağaclar gör kimin üstünə kölgə salır?! Ayaq tutub yeriyə bilməyən otcuğazların...

 ***

O qadını gördünmü?! Qarşısında  sanki döşlərinin arasıyla axıb gedən çaya özünü atırmış kimi dayanıb atan...

***

"Yeddi ildi ki, əjdaha suyun qabağını kəsib, hər gün bir qız aparıb onun ağzına atırlar”. ("Məlikməmməd” nağılı) Göründüyü kimi, su yalnız insanla (məhz qadınla!) əvəzlənir. Həyat mənbəyi olan suyun insanla eyniləşdirilməsi yaradılışın əvvəlində Tanrı Qara Xanın görən, suyun isə tək görünən olması haqqında ilkin mifoloji mətnləri yada salır. "Dədə Qorqud” eposundakı Təpəgöz də qəddar və qüssəli naturasına görə əjdahaya bənzəyir... 

 ***

Maskanı çıxarmayın, ahəng pozular...
 
***

Adi söz oyununu qəbul eləmirəm, bu, uşağın öz əlləriylə boğduğu cücələrlə oynamasına bənzəyir, üstəlik, uşaq qapıda görünən anasına gülə-gülə söyləyir ki, cücələr yatıb. Söz, özü öz oyununu oynamalıdı. Gerçək söz oyununda müəllif arxa plandadı, oyunun qaydalarını diktə edən əlahəzrət sözün özüdür. 

 ***

Xalamın qoyma dişləri üzərdi kiçik bir kasada. Düz on altı dişciyəz qayıqda otururmuş kimi... Bircə avarları çatmırdı. İndiki ağlım olsaydı, mən o "dəniz quldurları”nın qarşısını kəsib suda batırardım...

 ***

Qrammatikaya cani-dildən bel bağlayanları başa düşə bilmirəm. Ağappaq qədim mişar daşlarından hörülmüş hasarlara bir də baxın. Solmuş, qaralmış, hətta üstünü mamır basmış daşlar qədim ağlığını itirməyən daşlarla bir sırada dayanıb. Bu əsl qrammatik tablodur!

 ***

Dünya haqda olan təriflərə birini də əlavə edin: Dünya həm də yaradıcı insanların yarımçıq işlərinin kədərli qovluğudur...