Mehman Qaraxanoğlu. Mənə “huşsuz” sözlər verin...

Mehman Qaraxanoğlu. Mənə “huşsuz” sözlər verin...

(Ədəbi sezintilər...)

Payız ucalıqlardan yerə enməyi kübarcasına bacarır. Bütün bu müddət ərzində o məhz buna hazırlaşırmış...

***

İri gövdəli ağaclar bir ana ördək qədər də deyillərmiş. Ana ördək yağışa, küləyə, tufana sinə gərərək öz balalarını özündən bir quş qədəmincə də aralı buraxmır. Amma "nəhənglər” bunu bacarmırlar. Onların gözü qarşısında yarpaqlar düşür, çırpınır, qıvrılır və külək qabağına qatıb məchulluğa aparır...

***

Ədəbiyyat sükutla "oynamaq” elmidir...

***

Əvvəllər inşa yazılarının "qaralama”ları olardı. Dalısınca da "ağlama”lar (və ya "ağarma”lar) gələrdi. Lap həyatda olduğu kimi; əvvəl səni şərləyib qaralayandan sonra özünü "təmizə” ("ağlama”ya) çıxarmaq üçün mücadilə aparırsan...

***

Ömür çox qısadır. Paradoksallıq odur ki, "uzun ömür” dediyimiz də çox qısadır... Mən qısa cümlələr yazmaq istəyirəm...

***

Mətn istedadlı, lakin şıltaq bir balerina kimidir. O, ayaqlarını musiqinin ritminə uyğun olmadan da qaldıra bilər. Yazıçıya, sadəcə, bu səhnəni seyr eləmək qalır...

***

Özünü qaranəfəs otağa – dörd divar arasına atan külək də azadlıqdan usandığını etiraf edir...

***

"Huşsuz” sözlərlə işləməyi sevirəm. Çünki onlar öz yaddaşlarında mənimlə bağlı heç bir iz qoymurlar...

***

Bugün ədəbiyyat "yalnız nüfuz qarşısında duyduğu qorxu” (Şopenhauer) içərisindədir...

***

Markes "Patriarxın payızı”nı nikaraqualı şair Ruben Darionun poeziyası dili üzərində qurduğunu deyir. Kamal Abdullanın da "Yarımçıq Əlyazma”sı "Dədə Qorqud” eposu və Şah İsmayıl dövrünün dili üzərində qurulduğu şəksizdir. Hər iki əsər çox maraqlı alınıb! Bir yerdə durmaq lazım deyil, bir qədər də "irəli” gedib, tutaq ki,  totalitar dövrünü təcəssüm etdirən hər hansı bir əsəri Hüseyn Cavid, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun, Məmməd Rahim, Rəsul Rza, Süleyman Rəhimov və başqalarının dili üzərində qurmağınız gərəkir...

***

Cümlə, mətn özünü qoruya bilir. Necə ki, Yuli Sezara vurulan 35 xəncər zərbəsindən bu cümlə özünü qoruyub sağ-salamat bizə gəlib çatıb: "Brut, sən də...?!”

***

Dərs dediyim sinfin pəncərəsindən qəbristanlıqda sıralanan başdaşılar apaydın görünür. Sinfə girən kimi onların da mənim üçün ayağa durduğunu zənn edirəm...
- Salam!

Sükut...

... Bilmirəm nə deyim ki, onlar "otursunlar”...

***

Sözlər də insanlar kimi çox "mədəni” və "intellektual” görünmək istəyirlər. Təəssüf...

***

Miqyassız qəddarlıq olsa da insanları bir yerdən başqa yerə köçürmək olur. Mətni isə heç bir zaman...

***

-Mənə bugünəcən heç kəsin eşitmədiyi sözlər gətir!
-Əvəzində nə verəcəksən?
-Sən bazarmı açırsan?!
-Mən niyə? Məgər ilk işarələri Finikiya tacirləri yaratmadımı? Sözlərdən bazar qoxusu gəldiyini hiss etmirsənmi?!

                                                                              ***

Ölümsüz mətnləri "Əshabi-Kəhf”ə bənzətmək olar. Onların personajları üç yüz ildən sonra da üç-dörd saat bundan əvvəl yatmış "mağara adamları” kimi oyanıb "oxucu” dalınca şəhərə yollanacaqlar...