Məmməd Süleymanov - Uşaqlıq illərimin şairləri

Məmməd Süleymanov - Uşaqlıq illərimin şairləri

Əyani tanıdığım ilk şair qaxlı Səməndər olub. Onun kimilərini unudulmuş yuqoslav yazıçı Siril Kosmaç öz "Tantadruy”unda "tanrının uşağı”, Səməndərin yerliləri isə binəva, divanə adlandırırlar. Belələri böyümür və kirlənmir. Uşaq kimi qalırlar: uşaq sadəlövhlüyü, səxavəti, küsəyənliyi, ümidləri və qorxuları ilə. 

Yeniyetməliyində qoz ağacının hündürlüyündən düşəndən sonra sarsılmış bədən, ancaq sağlam qalmış beyin. Fiziki qüsurları ilə ziddiyyət təşkil edən iti ağıl. Nitqinin çətinlikləri onu anlaşılmaz etsə də, yazdıqları apaydındır. Qafiyələrlə fikirləşir, misralarla yaşayır. 

Çox uzaq 1981-ci ildə, onun 44, mənim 10 yaşım olanda xərçəngdən vəfat etmiş böyük qardaşının dəfn mərasimindəki hönkürtüləri uşaqlığımın ən qorxulu xatirələrindəndir. Erkəyin ağlamağını ilk dəfəydi görürdüm. Əzabın dəyişdirdiyi üz cizgiləri, uşaq kimi dodaqlarını büzməyi, ovuclarıyla başına endirdiyi qapazlar və ətrafdakıların onu sakitləşdirmək "etiket”i: "Yekə adamsan, kəs səsini!”

Məktəb tətillərimi keçirdiyim o ucqar dağ kəndini onsuz təsəvür etmək çətindi. Bioqrafiyası hamıya məlumdu: necə baytarlıq öyrənmək üçün Zaqatalaya, kənd təsərrüfatı texnikumuna gəlib, necə burada Zaqatalanın ən gözəl qızlarından birinə vurulub, rədd cavabı almağına baxmayaraq bir dəfə həmin qızın nişanlısı ilə birlikdə əyləşdiyi skamyaya lövbərini salaraq söhbətlərinə müdaxilə etdiyinə görə döyülüb və necə o qızı şeirlə qarğıyıb: "Göydən min bir bəla yağsa, biri səndən yan keçməsin”. Nəticə odur ki, doğum evinin baş həkimi Əzizə hamıya övlad sevinci bəxş etdiyi halda özü övlada həsrət qalır. 

Səməndərin Qaşqaçay kəndi 3 kənddən ibarət sovetliyin mərkəzi sayılırdı. Bu, ona öz kəndinə metropoliya, digər ikisinə müstəmləkə kimi baxmaq bəhanəsi verir. İmperiya düşüncə tərzi. Bu da o düşüncənin poetik ifadəsi:

"Neytron bombası bu bizim kəndə 
Düşərsə, sağ qalmaz bircə nəfər də. 
Armudlu, Malaxın kasıb milləti 
Görəsən dilənər hansı şəhərdə?” 

Yalan-doğru, bu misralarına görə Armudlu və Malax sakinlərindən dəfələrlə kötək də alıb. 

Hər görüşümüzdə verdiyi ənənəvi sual: "Niyə sürücülər bu qədər çox bilirlər?”. Və cavab gözləmədən: "Çünki, çox gəzirlər, hər cür adamla rastlaşırlar”. Görünür, biliyə olan yanğısındandı ki, daima hərəkətdəydi - dağ-meşə, qonşu kəndlər, toy, yas... 

Hələ məktəbliykən beynimə taxılmış misraları: 

"İnsan yarandığı gündən əzəldən 
Onun ilk nəfəsi pula bağlıdır. 
İstər hərbin olsun, istərsə sülhün 
Hər iki cəbhəsi pula bağlıdır. 
Səməndər deyir ki, Marsa səs salan 
Bütün Yer kürəsi pula bağlıdır”. 

Və illər boyu ən böyük arzusu - kitabını nəşr etdirmək. Pul toplayıb bu ilin yayında ərsəyə gətirir. Son gördüyümdə, kitabını satmaqla məşğuldu.

Dekabrın 14-də zəng vurub dedilər ki, Səməndər meşəyə gedib və qayıtmayıb. Bütün kənd öz relikviyasını, onillərin simvolunu axtarmağa başlayır. 4 gün sonra tapırlar - ölüsünü. 

Beləcə, mənim tanıdığım ilk şair dünyadan köçür...

***

Adını eşitdiyim ilk şair zaqatalalı Yaşar Cavadov olub. Nə vaxt eşitmişəm - xatırlaya da bilmirəm. Sanki ağlım kəsəndən. 

İçki düşkünü olan aqronomun yerli "Qırmızı bayraq” qəzetində şeirləri çıxardı. İlk xatirələrimdən biri: günorta çağı qəzetdə onun "Tövbə a tövbə, bir də səni içsəm, araq” misraları ilə başlayan şeirini oxuyanlar həmin aşam sərxoş Yaşarla rastlaşırlar. Küçədə yıxılıb qalmış şairi anlaşılmaz moizələrini dinləyə-dinləyə evinə daşımaq qisməti bir dəfə mənim də taleyimə düşüb.

O Sovet Zaqatalasında yeriyən qiyamçını, sərhədlər və qınaq anlayışışlarını qəbul etməyən Yaşarı çox istəyirdilər. Yaxınlaşardı çayxanadakı masalara, bir neçə misra deyərdi, 1 manatını alıb yollanardı içməyə. Sui-istifadə də edərdi. Məsələn, bizə "Babək uşaqları” deyərdilər (qəzalı vəziyyətdə elan olunub buldozelə zorla dağıdılan "Babək” kinoteatrının adından). "Vağzal uşaqları” vardı, "Qaqarin uşaqları”, "Meydan uşaqları” və s. Hərəsinin də öz çayxanası. Gələrdi bizim məkanımıza - "Xıdılın çayxanası”na. Və məxsusi bizə qoşduğunu söyləyərək misralarını təqdim edərdi:

"Qurban olum Vətənimin şöhrətinə, şanına. Xüsusilə yer verirəm "Babək uşaqları”na...” 

Manatını götürüb gedərdi. Sonra eşidərdik ki, "Vağzal uşaqları”na da eyni misraları oxuyub, sadəcə "Babək” sözünü "Vağzal” (ya da "Qaqarin”, "Meydan”) sözü ilə əvəzləyib. İnciməzdik.

"Qırmızı bayraq”da çıxan şeirlərinin bəzilərini indi "dissident şair olmuşam” deyənlərin heç biri o vaxtlar yazmayıb. Səməd Vurğunun "Ceyran”ına bir nəzirəsi vardı, adı da "Müfəttiş” idi:

"Arifsən, seçirsən ağı qaradan. 
Bilirəm, rüşvətin gəlir haradan. 
Alanı aldınmı, tez çıx aradan. 
Yoxsa ki düşərsən tora, müfəttiş...” 

"Əclaf 90-cılar” gələndə daha Yaşar Cavadova verməyə pul, hörmət etməyə imkan da qalmadı. Atomlaşma, yadlaşma, bir tikə çörək savaşları... Və Yaşar Cavadov da sakit-sakit öldü. İllərlə sonra xəbər tutdum. 

***

Şeirlərini əzbərlədiyim ilk çap olunmayan şair kəlbəcərli Bəhmən Vətənoğlu olub. 1982-ci ilin sonları. Atamın dostlarından biri - Zimirxan dayı türmədən qayıdıb, özü ilə içində səliqəli xətlə şeirlər köçürülmüş qrmızı üzlüklü bir bloknot gətirib. Oradakı şeirləri türmə yoldaşı, şair Şücaətin dilindən köçürüb. Onun atamla söhbətlərindən öyrənirəm: Kəlbəcərdə bir qrup istedadlı şair var, onlar hətta quruluşu pisləyən şeirlər də yazırlar: Bəhmən, Şücaət, Kəmsavad, Mehdixan, İdris, Şamil Dəlidağlı (Kəlbəcər muzeyinin direktoru Şamil Əsgərov). 

Bloknotu oxumaq şərəfinə nail oluram, oradakıların hamısını əzbərləyirəm (O bloknot həyat yolumun hansısa dolanbacında düşüb itdi, ancaq şeirlər indi də əzbər yadımdadır). 

Uşaq marağı, o insanlardan əzabkeş və üsyançı obrazları düzəltməyim, fantaziyama güc verməyim. Və bir də atamdan xahişim-arzum: "Böyüyəndə, məni Kəlbəcərə apararsan? Onlarla tanış edərsən?”

Xəyalımda az qala gizli fəaliyyət göstərən, şeirləri əldən-ələ, yalnız inanılmış adamlar vasitəsilə yayılan şair dərnəyi təsəvvürü o vaxtdan kök atıb. Bloknotda ilk şeir isə Bəhmən Vətənoğlunun idi:

"Bəhmən Vətənoğlu, sür zaman atın. 
Ömrün qiyməti yox, alınmaz satın. 
İlki baldan şirin gözəl həyatın 
Sonu dönür zəhrimara, nədəndir?” 

Onun "Pul” şeiri isə nəzərlərimdə meydan oxumaq, radikal etiraz idi (Nədənsə, keçmiş "dissident” konformistlərdə bu tip şeirlərə rast gəlmədik, hətta "sandıq ədəbiyyatı” kimi də):   

"Varsız kim yetişdi bir həqiqətə? 
Tanrı da baş əyir altun-sərvətə. 
A Bəhmən, ha gəzib düşmə zəhmətə, 
Ədalət cibində pul olandadır”.   

Şeirlərini əzbərlədiyim ilk şair qaçqın düşüb həsrət içində dünyadan köçəcəkdi...

*** 

Pul verib kitabını aldığım ilk şair Ağasən Bədəlzadə olub. 

8 yaşım var, sürücü işləyən, maşınından Stalinin şəklini asan Nəzir dayım (anamın dayısı) sanki bütün övlad sevgisini mənə salıb (Həmin il - 1979-da elə subay da dünyadan köçəcəkdi). Bütün hədiyyələrinin birbaşa təhsilə aidiyyatı var. Hər gələndə pul verir: "Get kitab al”. Mən də ifrat xoşbəxtlik hissiylə hazırda türk dönərxanasına çevrildilmiş ikimərtəbəli kitab mağazasına yollanıb qoltuğumda kitablarla qayıdıram. Kitablar onsuz da ucuzdur, mən isə üstəlik kəmiyyət dalınca qaçıram: daha çox kitab. 1 manata 8-10-unu aldığım vaxtlar olub. Bir dəfə isə yanılaraq eyni kitabdan ikisini almışam və bütün günü hirsdən özümə yer tapa bilmirəm. 

Ağasən Bədəlzadənin balaca, nazik üzlü "Yanmaq ona deyərəm ki...” kitabçası da o vaxtlarda qarşıma çıxır. İç səhifədən mənə qarabuğdayı, yaşı (indiki təsəvvürüm görə) 35-40 arasında olan birisi baxır - gənclik yaraşığını bu gün də saxlamış tarzən Ağasəlim Abdullayevə bənzəyir. 

Bu da kitabdakı birinci şeirdən misralar: 

"Yanmaq ona deyərəm ki, 
Yanan ancaq ürək olsun, dil olmasın. 
Alovlanan bir insanın 
Yanmadığı ay olmasın, il olmasın. 
Yanan ürək alışdıqca 
Közə dönsün, kül olmasın. 
El qızınsın istisinə, 
Kor olmasın tüstüsünə. 
Tüstü oddan artıq olub 
Asimana yol almasın”. 

Və həmin kitabdakı başqa şeirdən 4 misra:

"İllər öz yolunda. Bizik tələsən. 
Qaçmaqla çptmazsan son mənzilə sən. 
Ömrü arzulara bölə biləsən, 
Ömrü aya, ilə bölməyə nə var”. 

Kitabını aldığım ilk şairin - Ağasən Bədəlzadənin sonrakı taleyindən (və ümumiyyətlə, bioqrafiyasından) xəbərim yoxdur. Bilən varsa, mənə də desə, sevinərəm.

*** 

Olsun ki, kimsə bu şeirlərdə mükəmməllik, dərin məna, üslub bitkinliyi tapmayacaq. Olsun. Söhbət sadəcə Sovet nəslinə məxsus 8-10 yaşlı uşağın ilk rastlaşdığı şeirlərdən və şairlərdən gedir. Bir xatirə, bir reallıq kimi. Və indiki 8-10 yaşlı uşaqların ilkin olaraq rastlaşdığı şeirlərlə müqayisə edəndə, üstünlüyü öz dövrümə verirəm. 

Və bir də - ən əsası: Mən xəlqilikdən danışdım. O xəlqilikdən ki, termin kimi də, anlayış kimi də hazırda yoxa çıxıb. Və o şairlərdən ki, onların yazdıqlarını sırımırdılar, özümüz tapır, oxuyur, yayır, hafizəmizə yazırdıq. Bütün qüsurları və çatışmazlıqları ilə. 

O şairləri heç kitab halına salmağa da ehtiyac yox idi. Onlar şifahi yayılırdı və bu yayılmanın əhatə dairəsinin nə qədər geniş olduğu müəlliflərin heç ağlına da gəlmirdi... 

Kult.az