Mən onu

Mən onu "mənfi"ləri ilə sevdim

Xalq Artisti Fuad Poladovun əziz xatirəsinə

Sədaqət Əlixanova 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas


2000-ci ildə ADMIU-nun Teatrşünaslıq ixtisası üzrə magistraturasına daxil oldum. Qrup yoldaşlarımla müzakirələrdə hər kəs kimdən və ya nədən yazacağından danışırdı. Mənimsə ağlımda elə bir insan (mövzum ya bir aktyorun, ya hər hansı rejissorun yaradıcılığı, yaxud da, ölkədəki teatrlardan birinin yaradıcılıq fəaliyyətindən olmalı idi), sənətkar ilişib qalmışdı ki, ona baxdığımızda nə gulürdük, nə də Yaşar Nurini görəndə olduğu kimi üzümüzə təbəssüm qonurdu. Amma sənətkar deyəndə, ağlımıza ilk o gəlirdi nədənsə. Ciddi görünüşü, ağır danışığı və sirli pauzalarıilə... 

Bəli, düz taptınız, bu, Fuad Poladov idi. Haradan idi bizdə ona qarşı olan bu sevgi, görəsən? Bilmirdik, amma sevirdik. Mən uşaq vaxtı böyük teatrlarda olmamışdım. Ona görə də Fuad Poladovu ancaq televiziya ekranlarından izləmişdim. Tamaşalarını əlbəttə. Həm də mənfi obrazlarda ( O vaxtlar Akademik Dram Teatrda gedən tamaşaları televiziyada tekrar verirdilər). Mən uşaq ikən niyə axı mənfi obrazları canlandıran bu aktyoru bəyənməli idim, onu da anlamıram. O vaxtın "Səhər görüşləri” verilişindən izlədiyimiz aktyorlar var idi. Telman, Siyavuş, Yaşar, Arif, Nəsibə xanım, Hacıbaba... 

Demək ki, həm də mənfi obrazlarıyla hər təbəqədən olan tamaşaçılarıa özünü sevdirə bilmək idi aktyor istedadı. Yaraşıqlı idimi, o qədər də yox.. (yəni mənə görə, Rafael Dadaşov daha yaraşıqlı idi). Amma o, Fuad Poladov idi. Xarizması, səhnədə ağır davranışı və nitqində heç kimə  xas olmayan sirli aravermələri - pauzaları ilə. Yaddaşımda elə qalmışdı..
2001-ci ilin mayında görüşməliydik. Mən çox həyəcanlı idim. Görüşdən öncə haqqında oxumağa başladım. Ağır xasiyyətli, eyni zamanda mədəni insan olduğunu bilirdim. Evinə zeng etdim, hamımızı valeh edən o səs  "...Nə gözəldir, tazə tərdir qızılgüllər…” dediyi o misraları düşünə-düşünə telefonda da sanki o misraları eşidəcəkmişim kimi gözlədim. Bəli, həmən səslə: - Alo - dedi. 

-Fuad müəllim, salam.-dedim, birnəfəsə, magistraturada dissertasiya işimlə əlaqədar  görüşmək istədiyimi bildirdim.-”Buyurun gəlin” – dedi – "Mən Rus Dram Teatrında oluram”.
Nə zaman sagollaşıb dəstəyi asdığımı da bilmədim. Ağlımda bir şey qaldı: Niyə Rus Dram Teatrı? O fikirlə də yatdım.

Demək, dissertasiya işimin adı dəqiqləşdi. "Bədii obrazın səhnə poetikası (Fuad Poladov haqqında)”. Bəli, tam da belə idi adı. Amma Akademik Dram Teatrında oynadığı rollar haqqında…
Niyə Rus Dram Teatrı..? Bunu onun özündən soruşacaqdım. Bu haqda oxumaq da istəmədim, qoy özü öz diliylə desin niyəsini, düşündüm. Dissertasiya işimin 3-cü paragrafı "Fuad Poladov pauzalar ustadı kimi.." adlanırdı. Mən deyəsən nəsə tapmışdım. Pauzaları tapmışdım. Bu idi onu fərqləndirən, bəlkə də bizə sevdirən. Özünə xas pauzaları var idi səhnədə. Tam fərqli, sözlər arasında çox fərqli bir pauza edirdi... Ne gözəldir (pauza) tazə tərdir (pauza) qızıl güllər... F.P

May ayı idi. Bahar fəslinin tacı olan May ayı. Fuad Poladovun doğulduğu ay. Biz görüşdük. Rus Dram Teatrının qapısında. Məni qarşılamağa qapıya çıxmışdı. Bax, bu idi onu fərqləndirən cəhətlərdən biri, sadəlövh, böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı polad kimi Fuad. Bilmirəm, yəqin sizin üçün də elədir, hörmətli oxucu, o tam başqadır. Daxili mədəniyyət bu qədərmi yüksək olar bir insanda? Biz onunla bir saatadək danışdıq. Cürət edib bir sual verdim: Fuad müəllim, mənfi rollarınızı çox sevirsiniz, ya müsbət rollarınızı? (bu, kiçik bir uşaqdan "ananı çox sevirsən, yoxsa atanı” soruşmağa bənzədi). 

-"Mən oynadığım rollarımı heç vaxt müsbət və ya mənfiyə ayırmamışam"-dedi, Fuad Poladov, ardınca pauza verib, davam etdi - "onların hamısı mənə əzizdir" 
Düşündüm, nə yaxşı ki, Fuad Poladov haqqında yazmağa qərar vermişəm.  

-Niyə Rus Dram Teatrı? – soruşdum. -  Siz dogma dilimizdə, doğma teatrımızda gözəl rollar ifa edə bilərdiniz (yalnış anlaşılma olmasın lütfen, Rus Dram Teatrında çox istedadlı aktyorlarımız var). 

-Rəhbərliklə fikir ayrılığı yaşadıq o zamanlar - dedi, - mən də bu teatra gəlməyə qərar verdim.

Bir neçə il əvvəl Akademik Dram Teatrda bir gənc aktyorla da buna bənzər hadisə yaşanmışdı. Həmin aktyor Hikmət Rəhimov idi. Demək ki, Fuad Poladov da gəncliyində eyni vəziyyətlə üzləşib. Bu səbəbdən Fuad müəllim Hikməti daha yaxşı anlamışdı, ona dəstək olaraq Akademik Dram Teatrı tərk etmişdi(ikinci dəfə). Belə bir insan idi Fuad Poladov. Polad kimi güclü idi, əyilməz, qırılmaz polad kimi əzimli sənətkar. Sözü bir, dəyişməz, qürurlu, mərd. Mən onu belə tanıdım. Söhbətimiz bitdi, mənə özü haqqında qəzetlərdə nə yazı çıxmişdısa, hamısını verdi (təbii ki, qaytarmaq şərtilə). Hətta məni bir neçə gün sonra Rus Dram Teatrının səhnəsində oynanılacaq "Napaleon 1" (F.Brukner) tamaşasına da  dəvət elədi. Sonra yenə də məni qapıyadək yola saldı…

Yol boyu onun haqqında düşünürdüm:  Görəsən Fuad müəllim bir də Akademik  Dram Teatrının səhnəsində oynayacaqmı? Hansi rola dəvət olunarsa geri gələr (həyəcandan bu sualları ona verməmişdim)? 

Üstündən neçə il keçmişdi. Akademik Dram Teatrının önündən keçirdim, "Hamlet" tamaşasının afişasını gördüm. Fuad Poladovun adı gözümə dəydi. Bəli, "Hamlet” obrazının qarşısında Fuad Poladovun adı yazılmışdı. "Demək ki, Fuad Hamlet kimi geri dönmüşdü  ata ocağına. Həm də "Napoleon”dan sonra. İki möhtəşəm obraz”- düşündüm… 

Nədənsə onu çox qısqanırdılar. Yazılarımda barəsində "korifey sənətkar” yazdığıma görə mənə irad tutanlar da oldu. Adam mütləq ölməlimiydi korifey olmaq üçün. O sağ ikən korifey idi, fenomen idi. Bəli, səhnələrin Qacarı, Hamleti, Napoleonu və s…

Daha sonralar müsbət xarakterləri də ifa etdi. Amma mən onu "mənfi" ləriylə sevdim. O sevilməyəcək sənətkar deyildi. Məncə, Azərbaycan teatr səhnəsində (heç kim məndən inciməsin) her şeyi özündə tam cəmləşdirən yeqanə aktyor idi Fuad Poladov. Xarizma, qürur, mədəniyyət və s. Onu yalnız Allahdan gələn xəstəlik zəiflədə bilərdi. 

İlk dəfə ağır xəstəliyin nə olduğunu anam xəstələnəndə anladım. Və bir də anamın sağalmayacağını biləndə. Az qalmışdı Allaha üsyan edim o vaxt. Mənə təsəlli üçünmü, ya nə üçünsə o zaman yaşlılardan biri dedi ki, "Allah hər insana ağır xəstəlik vermir. Rəbbimiz yalnız çox sevdiyi insanları bu dünyada ağır xəstəliklə imtahan edir”. Ağlaya-ağlaya sorusdum ki, nədən axı? Dedi, "Yaradan istəyir ki, o insan maddi dünyada bütün sıxıntılarından qurtularaq axirət dünyasına qovuşsun”. Bu təsəlli məni sakitləsdirmişdi nədənsə. Fuad Poladov da o xəstəliklə dünyadan köçdü. Allah onu bu dünyaya necə təmiz bəxş etmişdisə, elə də geri götürdü. Heç bir çirkaba, "virus"a yoluxdurmadan…
Allah o dünyasını versin Inşallah! 

Məncə Rəbbimiz Fuad Poladovun timsalında bizə bir mesaj da Verdi: Mənim yaratdığım yalnız mənim qarsımda əyilə bilər. 

Belə bir həyat yolu keçdi Fuad Poladov. Mayda gəldi dünyaya, may ayında da getdi dünyadan… 
 
May 2020 - Antalya