Məşədi haqda qeydlər

Məşədi haqda qeydlər

Musiqili Komediya Teatrında «O olmasın, bu olsun» komediyasının premyerası oldu

Aliyə

Elə bir komediyamız varmı ki, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» komediyası kimi bu qədər məşhur olsun? Elə komediya qəhrəmanları arasında da Məşədi İbad qədər məşhur olanı yoxdur. Yüz ilin qoca kişisinin bu qədər sevimliliyidir ki, ona dəfələrlə baxmağa həvəsimiz var? Yoxsa evlənmək həvəsli bu qocanın aldadılmaq əhvalatı bizə bu qədər xoş gəlir? Ya əhvalatın bunca şərq koloritidir bizi hayıl-mayıl edən? Yazıq Məşədinin günahı nədir ki? Kişi evlənmək istəyir və heç kimə zor etmədən qızın atasından müsbət cavab alır. Sonra bu vələdüznalar bu hörmətli kişini aldadıb gülünc edirlər. Bəs niyə camaat qızını aşkar şəkildə pula satan Rüstəm bəyə yox, «allahın əmri, peyğəmbərin şəriəti ilə» evlənmək istəyən Məşədiyə gülür? Məgər Məşədi yaşda evlənənlər azmı idi və azmıdır? Demək məsələ əhvalatın unikallığında, onun rəngarəngliyindədir. Hacıbəyov gülüş yarada bilən rakursdan əhvalata yanaşıb və bu rakursla da 100 ilin komediyasına həvəslə tamaşa edir və gülürük. Elə indinin özündə də əhvalat təzədir, pardon təzələnir - xalq artisti, rejissor Cənnət Səlimova Musiqili Komediya teatrında Hacıbəyovun «O olmasın, bu olsun» komediyasına quruluş verib. Teatr da mövsümü bağlahabağlada bu komediyanı tamaşaçılarına təqdim edib.

Təzələnən komediya

Təzələnməkdən danışmışkən, rejissor yozumunu xırdalamaq gərəkir. Əvvəla Cənnət xanım komediyanın məzmununa heç bir dəyişiklik etməyib, biləsiniz. Komediyanın üç əsas personajını Musiqili Komediya Teatrının üç ən güclü komediya sənətkarına tapşırıb - Ramiz Məmmədov Məşədi İbadı, Ələkbər Əliyev Rüstəm bəyi, Afaq Bəşirqızı qulluqçu Sənəmi oynayıb. Bu tamaşanın özəlliyi nə idi? O idi ki, hər bir aktyor Musiqildi Komediya Teatrının adəti üzrə qəhrəmanını gülüş xatirinə bəzəmirdi, yox, qəhrəmanının məramını istəyini anlayıb, o yolu tuturdu. Bax, məramlar toqquşanda, bura Hacıbəyovun məşhur musiqiləri qarışanda tamaşaçılar gülməkdən uğunurdular və gülüşün növlərini təqdim edən (noxudu, kişmişi və s.) Arif Quliyev məətəl qalırdı ki, bu camaat nə qədər ürəkdən gülür. Yeri gəlmişkən, Arif Quliyevin tamaşada yaratdığı hambal (qeyd edək ki, hambalın əla geyimi, o cümlədən palanı var idi) da əvvəl tanıdığımız hamballara bənzəmirdi. O, öz qəhrəmanının sadə və düzgün məntiqini çatdıra bilirdi - «Bəyəm hambal adam deyil?» deyə soran əzəli bir sualla. Bu hambal o qədər saf və sadə idi ki, tamaşaçılardan, personajlardan heç kimin ağlına gəlmirdi ki, sorsun: «Məgər hamamda müftə çimmək, toyda müftə-müsəlləm yeyib-içmək bir abbasını ödəmirdi?» Bu fikirləri də başqa bir məntiqlə yarıda kəsmək olurdu və bu yerdə məşhur bir rus məsəli adamın dadına yetirdi: «slujba-slujba, drujba-drujba», yəni dostluq ayrı, iş ayrı. Hambalın hamamda çimməyi, toyda iştirak etməyi dostluq xatirinə idi və bunun hesabını sormaq ədəb deyildi. Amma bir abbası onun zəhmət haqqı idi və bunu istəməkdən utanmaq lazım deyildi. Qaldı Məşədiyə, Məşədi doğrudan da bir abbasının hayında deyildi.

Məşədi ibad - Milli seks-simvol

Cənnət xanımın yozumunda Məşədi İbad Gülnaz xanım və qulluqçu Sənəmlə görüş zamanı xanımı unudub qulluqçuya bənd olmuşdu. Gülnaz xanım səhnənin bir küncündə unudulub qalmışdı, Sənəmlə Məşədi dərdləşib qurtarandan sonra yada düşəcəkdi. Nə etməli, yaxşı bir türk şərqisində deyildiyi kimi- «könül fərman dinləmiyor». Afaq Bəşirqızı Sənəmini eyhamlarla, xırda-para naz-qəmzələrlə, azından əlli illik qadın təcrübəsiylə doldurub, şərqlilərin sevəcəyi tərzdə, ətli-canlı, dolu-molu bir xanım etmişdi ki, əsl şərq kişisi olan Məşədi də o nərmənazik-cüllüt Gülnazı yox, Sənəmi bəyənmişdi. Amma noolsun, axı Gülnazdan ötrü bir ətək pul vermişdi, məgər o pulları küçədən tapmışdı ki, Gülnazdan imtina etsin?
Bilənlər bilir ki, komediyanın kulminasiya nöqtələrindən biri də (dramaturgiyada bu məqamlar peripetiya adlanır) Məşədinin toy axşımıdır. Üzü örpəkli gəlinin ərafında rəqs edən məşədiyə Cənnət xanım melə mizanlar vermişdi ki, bu kişinin seksuallığına, özü demişkən canısululuğuna heç kimin şəkki-şübhəsi qalmamışdı. Məşədi İbad rəqs edə-edə qurşağını açıb ilgək düzəldir, bir ucunu gəlinin başına atıb, intim bir həyəcanla onun dövrəsinə fırlanmağa və addım-addım gəlinə-vüsala yaxınlaşmağa başlayır. Amma deməyəsən, vüsal-zad nə gəzir, örpəyin altından Sərvər çıxır və bu duzsuz gədənin üzündən komediyanın bundan  o tərəfəsi maraqlı olmur.
Bayaq Məşədinin seksuallığı barədə elə-belə yazmadım. Xeyli illər əvvəl müəllimim Aydın Talıbzadənin dəyərli məqalələrindən birində «həmən bu məşədi İbad» haqqında oxumuşdum və belə bir cümləyə rast gəlmişdim - «Məşədi İbad keçəldir və keçəllik seksuallıq əlamətidir». Deyəsən komediyanın, Məşədi İbadın bu qədər sevilməsinin yazının əvvvəlində axtardığımız bir səbəbini tapdıq. Həm də bu səbəbi Cənnət xanım tamaşada xüsusilə vurğulamışdı.

Qəzetçi rzalar, intellegent həsənlərə qarşı…

Tamaşanın başqa personajlarına gəlincə isə iki qəhrəmanı xüsusilə qeyd etmək istəyirəm. Bunlar qəzetçi Rza (Elçin Həmidov) və İntiligent Həsəndir (Elxan Əhədzadə). Azərbaycan ziyalısını, mətbuatını təmsil edən bu ac həriflər cəmiyyəti təsvir etmək üçün əvəzolunmaz personalardır ki, Üzeyir bəy bunu bilirdi. Bir qarın yeməyə əqidəsini satan (Hansı əqidəsini? Məgər onların əqidəsi vardı?) bu «ziyalılar» Məşədinin evlənmək əhvalatında da ötəri, gülüş yaratmaq üçün gərək olur. Zatən onların missiyası bundan artıq ola bilməzdi. Üzeyir bəyin yumoru da, gülüşü də özü üçün deyil, ictimai motivlidir. Yəni, bu göz yaşları, gülüşlər - faciələr, komediyalar tək kəlmə ilə xalqına həsr olunub. Üzəyir Hacıbəyovdan, Mirzə Cəlildən tutmuş, Cənnət Səlimovayadək Azərbaycan ziyalılarının missiyası bitmək bilmir. Üst-üstə gələndə uzun bir ziyalı ömrü alınır. Bu ömür bu xalqa həsr olunub. Təsadüfə baxın, qarşımdakı şagird dəftərinə əyri-üyrü xəttlə yazılmış sevgi şerini belə onların dilindən xalqa ünvanlamaq olur:

Səninçün ağladım, səninçün güldüm,
Səninçün yaşadım, səninçün öldüm.
Əritdim yolunda bu ömrümü mən,
Qədrimi heç zaman bilmədin ki, sən…