Mətin Qarayev. Şeirlər

Mətin Qarayev. Şeirlər

Ölü sevgi
 
Hansı ağırdı görən
İlk ayrılıq, son görüş.
Qəlblərdə sevgi, nifrət
Son acı söz, ilk öpüş.

Ayrılıqla tanışlıq
Hərəsi bir şəhərdir.
Uzun gecə ayrılıq,
Tanışlıq bir səhərdir.
 
Uzun gecədən sonra
səhərləri sevmirəm.
Uzun şeirin sonunda
Nöqtələri sevmirəm.

Sevgi ürəkdən gələr
Sonra bir qəlbə girər
Ya o qəlbdə yaşayar
Ya da o sevgi ölər.
 
Ölü sevgilərin sayı çoxdur
Diri sevgilərin ömrü az.
İndiki sevgilər ölü sevgidi
Ölülük dərindi, dirilik dayaz.

Qoy o son öpüşün əsiri olum
Bununla bəzəyim bütün ömrümü.
Qoy o öpülən günün gecəsi olum
Qaranlıq bəzəsin bütün günümü.

Kimə könül verib sevdim ürəkdən
O mənim qəlbimdə qalası oldu,
Başımın üstünə tac etdim onu,
O isə başımın bəlası oldu.
              
Sanki ruhum onun xəstəsi kimi
Səsim səsi, nəfəsim nəfəsi kimi
Eşq dənizimin bərəsi kimi
Sevgi binamın ağası oldu.

Biri məni dəli Məcnun sana,
Cəfakeş Mətini gətirə yola,
Könlüm min fəryad etdi canana,
Lakin məni ağrıdan vəfası oldu.

 

GÖZƏLİM

 

      Gözəlim, nə gecəm var, nə gündüzüm,
      Gecəm yoxsa səhəri neynim?!
      Sevgimizdə qəm-qüssə var,
      Sevinc yoxsa qəhəri neynim?!

       İsti yoxsa sazaq gəlsin,
      Səndən hər gün soraq gəlsin,
      Sözün səndən qabaq gəlsin,
      Səndən gəlməz xəbəri neynim?!
 
      Sənsiz günüm olmaz olsun,
      Gülüm, gülün solmaz olsun,
      Könlüm sənsiz qalmaz olsun,
      Ayrılmışıq?! zəhəri neynim?!

      Sənsiz Bakı gözəl deyil,
      Gözəldirsə, özəl deyil,
      Qəlbim burda dözən deyil,
      Sən yoxsansa şəhəri neynim?!