Milli ədəbiyyatımızın erotika şöbəsi

Milli ədəbiyyatımızın erotika şöbəsi

Rüfət Əhmədzadə
Milli ədəbiyyatımızın erotika şöbəsi

Əksər oxucular xatırlayar: bir zamanlar Azərbaycanda "İnterpark” adında qəzet çıxırdı. Sonra taleyi necə oldu, bilmirəm. Amma bu qəzet yüksək tirajla satılırdı. Səhifələrində cinsi orqanlar olan hissələri "ulduzlanmış” şəkillər, bir də kəmistedad yazarların ağızlarına gələn söz yığınından ibarət erotik hekayələr yer alırdı. Şəkillər barədə danışmayacam. Söhbətimin mövzusu o hekayələr olacaq.

Məhləmizdə məndən 3-4 bayram böyük olan qonşunun oğlu dükan açmışdı. Pis oğlan deyildi, kitab oxumağa marağı olduğuna görə, söhbətimiz tuturdu, ara-sıra kitabxanadan götürdüyüm kiril əlifbasında olan kitablardan qoltuğuma vurub onun yanına gedirdim. Bu kitabları bir yerdə oxuyurduq. Oxuduğumuz da Sovet ədəbiyyatı idi: məzmunu və mahiyyəti hamıya məlum. Zamanla, gördüm ki, qonşunun oğlu daha mənim kitab sovqatlarıma maraq göstərmir. Belə şey olar? Bir gün gedib yanında oturdum, bir az ordan-burdan söhbət elədik, müştərilər gələndə dostum onlara vaxt ayırdı… Alverin ölü vaxtında isə şok!

Dükanın bir küncündə yığdığı kardon qutuların arasından bir qəzet çıxardı. Və mənə məhəl qoymadan, keçib "raskladuşka”da uzandı, mənə də "gələn olsa, xəbər edərsən” dedi. Boylanıb, onun oxuduğu qəzetin səhifələrinə baxdım. Uzun bir hekayənin abzasları arasına lüt qadın şəkilləri yerləşdirilmişdi. Amma dostum bu şəkillərə yox, hekayəyə diqqət kəsilmişdi. Hekayənin adı yadımda deyil, amma qəzetin adı – "İnterpark” mənə maraqlı gəldi. Oturduğum tabureti ona yaxınlaşdırdım.

Nə oxuduğu ilə maraqlandım. O isə "imkan ver, hekayəmi oxuyum” deyərək, məni dirsəkləyirdi. Bəxtimdən, beş dəqiqədən bir yenə müştərilər gəlməyə başladı və onun "raskladuşka”nın üstünə atdığı qəzeti götürüb, hekayəni oxudum. O vaxt mənə çox maraqlı gəldi. Amma elə də güclü bədii üslubu və mənası olmayan, oğlanla qızın tanış olması və sonra da sevişməsi kimi süjetlərdən ibarət hekayələrdən biri idi.

Belə hekayə heç oxumamışdım. Bu, əsl inqilab idi! Seksual inqilab! Di gəl ki, bizim inqilabçı yazar da öz hekayəsində çox seksuallıq etməyə qorxmuş, aşıq yaradıcılığının priyomları ilə erotika yaratmışdı: "Onun şamama döşlərini əmdim”, "Tezliklə, mənim aslanım onun ceyranıyla qovuşdu”, "Boz qurd öz mağarasına girdi” və s.

Niyə gizlədim, 13-14 yaşlı Rüfət üçün o tip hekayələr maraqlı gəlmişdi və artıq, sevdiyim yazıçılar – Qorki, Tolstoy, Lermontov, Fərman Kərimzadə, Sabir Əhmədli, Salam Qədirzadə mənim üçün arxa plana keçmişdi. Tezliklə, dostumla bu qəzet məsələsində də ortaq dil tapdıq. O, hardansa bu cür qəzetlər gətizdirir, bir yerdə oxuyur, hətta xoşumuza gələn səhnələri şaqqanaq çəkərək bir-birimizə ucadan səsləndirirdik. Bəzən öz aramızda, xoşumuza gələn bəzi qızların ünvanına aslan-ceyran fantaziyaları da qoşub əylənirdik.

Aslan və ceyranın sevgi nağılları nə qədər primitiv olsa da, erotik ədəbiyyatın Azərbaycana gəlişi baxımından yenilik idi. Və insanlar belə cəfəngiyatları acgözlüklə oxuyurdular.

İl olub 2014… Bu növ ədəbiyyat hələ də öz ciddi yerini tuta bilmədi.  Və aslanla ceyran sal qayanın arxasına keçərək, bir-biri ilə son dəfə qucaqlaşdılar. Sonra isə ayrıldılar. Nə bir gərgin süjet oldu, nə ayrılığın səbəbləri bəlli oldu, nə də müəllifin demək istədikləri…

İdeya yoxdursa, seviş, ha seviş…

Qaynar.info