Milli Kitab Mükafatı müsabiqəsi və siyahılar
Tənqid
- 08.02.2010
- 0 Şərh
- 888 Baxış
Növbəti yazını da sadə hesabdan başlayacam.
Təzəlikcə “Əli və Nino” Nəşriyyat Evi bir Milli Kitab Müsabiqəsi keçirdi və müasir ədəbiyyatın təklif elədiyi 20 kitab və əsərin adını müəyyənləşdirdi: Məqsəd Nur, hekayələr; Fəxri Uğurlu, hekayələr; Şərif Ağayar, “Kərpic kəsəın kişinin dastanı”- hekayə; İlqar Fəhmi, “Bakı haqqında kollaj”- roman; Rafiq Tağı, hekayələr; Taleh Şahsuvarlı, “Canlanma”- roman; Əjdər Ol, Portret hekayələr; Əlabbas Bağırov, “Qiyamçı”- roman; Eyvaz Əlləzoğlu, “Odunçu geri qayıdır”- roman; Nəriman Əbdürrəhmanlı, “Yalqız”; Yusif Şükürlü, “Çapa”- hekayə; Seyran Səxavət, “Yəhudi Əlifbası”- roman; Mövlud Süleymanlı, “Erməni adındakı hərflər” - roman; Kamran Nəzirli, hekayələr; Həmid Herisçi, “Əli. Nino” - roman; Elxan Qaraqan, “A”- roman; Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” – povest; Rəna Yüzbaşı: “Tselaya veçnost v adu” – povest; Azər Kamal: “Duel po Freydu” - novellalar toplusu; Rəhim Hüseynov: “Klüç doma tvoyeqo” – povest.
Bununla paralel “Qanun” nəşriyyatı bir proyekt irəli sürmüş: “Ən yeni ədəbiyyat” layihəsi çərçivəsində artıq iki kitab buraxmış: Aqşinin “Göləqarğısancan”; Pərvizin “Yad dildə” romanları; və mənim məlumatıma görə, daha biri – Nərmin Kamalın nəsr əsərləri çapa hazırlanır.
Lap ilin əvvəlinin söhbətidir, ötən ilə yekun vurmaq niyyətilə Kultaz da “İlin romanı” adlı bir sorğu keçirdi və müvafiq siyahı çıxardı ortaya: Taleh Şahsuvarlının “Canlanma”; Əli Əkbərin “Artuş və Zaur”; Aqşinin “Göləqarğısancan”; Seymur Baycanın “Körpüsalanlar”; Varisin “Sonuncu ölən ümidlərdir”; Elçin Hüseynbəylinin “Şah Abbas” romanları.
Belə. Daha da öncəki illərə adlamadan əvvəl-əvvəl diqqəti siyahıların ümumi həcminə və mənzərəsinə çəkirəm: gör bir nə qədər proza yazanlarımız, roman, povest, hekayələrimiz var; Oxucu yoxluğundan şikayətləndiyimiz bir zamanda!
Daha sonra. Keyfiyyət məsələsinə qəti müdaxilə etmədən, diqqəti günümüz üçün çox vacib bir cəhətə yönəldirəm. Ən yeni ədəbiyyat siyahılarını ortaya qoyan kimlərdir: çağdaş bazarın (qoy olsun kitab bazarı və reklamının!) subyektləri – nəşriyyatlar, ədəbiyyat portalı... Keyfiyyətə hələ ki, qarışmamağın tutarğası da bu; zira indiki halda ədəbi məhsulun alıcıları (qoy olsun: sifarişçiləri) həmin subyektlərdir; deməli, bacardıqca keyfiyyətli məhsul almağa çalışacaqlar ki, onu konkret oxucu auditoriyalarına (kitab alıcılarına) təklif eləyə bilsinlər...
Bizimçün, tamamən yeni situasiyadır, deyilmi? İlkin rüşeymlər şəklində də olsa, “bazar”ın diktəsini, tələblərini ifadə eləməyə çalışan şərt-şəraitdir. Və əgər sabiq zamanlardan fərqi, üstəlik üstünlüyü də görmək istəsəniz, məsələn, sabiq dövrlərin ən fəal tənqidçilərindən Rəhim Əliyevin “Tənqid.net” jurnalının 6-cı sayında təkrar dərc etdiyim “Yazıçılar İttifaqı və sovet ədəbiyyatı” məqaləsinə baxa bilərsiniz (yazını həmçinin “adyazar” saytında və müəllifin “Taleyin sözü” kitabında oxumaq olar). Görəcəksiz ki, o əyyamlarda ədəbi qəzet və jurnallardan tutmuş, mövcud bir neçə nəşriyyatlara çıxmağa qədər əsərlərin, kitabların siyahısının ərsəyə gəlməsinin bir total qaydası vardı. Ki, onun da idarəçiliyi Yazıçılar İttifaqı ierarxiyasının əlində cəmlənmişdi. Yəni, keyfiyyətlə hələ işim yox, amma o siyahıların yanında bu siyahılar çox-çox plüralistikdir...
Bu çox zəruri hesabla(ş)malardan sonra keçək konkretliyə. Bugün Azərbaycan kitab bazarında kim professional üstünlük qazanarsa, Ədəbiyyat bazarının sabahı da onun əlində olasıdır! Nigar xanım Köçərlinin təşəbbüsü ilə “Əli vəNino” Kitab Evi bir Milli Kitab Müsabiqəsi keçirdi; və mənə tanış olduğu qədər, buna ən böyük etirazlardan birincisi buydu ki: bir Nəşriyyat evinin keçirdiyi müsabiqə necə “Milli” sözünə iddia edə bilər. Şərh edirəm: əgər total maraqlar dövrünü (ki, Millət adından danışmaq hüququ yalnız kimlərəsə həvalə olunurdu) yaddan çıxarsaq, olar; bir Nəşriyyat Evi “milli kitab”a maraq oyatmaq niyyətilə belə bir müsabiqə keçirir; ikinci birisi “ən yeni ədəbiyyat” seriyasına iddia edir; qoy üçüncü birisi “milli roman” mükafatı təsis etsin; dördüncüsü “milli şeir” yarışmasına sahib dursun və s. Amma buradaca reaksiyalar içərisində MKM-ə (Milli Kitab Mükafatı müsabiqəsinə) indidən yeganəlik donu geyindirmək həvəsində olanlara da rast gəldim; bax bu, pisdir, arzuolunmazdır, total vərdişlərimizdən irəli gəlir...
Reaksiyalar içərisində belə bir məqama da rast gəldim; nədən MKM-ə yaşlı yazarlar da qatılmış və yaxud əksinə, nədən gərəyincə qatılmamış... Mənim şərhim: məncə, ikinci irad daha tutarlıdır. Əgər müsabiqənin şərtinə görə, söhbət son on ilin əsərlərindən gedirsə, doğrusu, mən ilk siyahıdan: “Yəhudi Əlifbası”, “Erməni adındakı hərflər”lə yanaşı, “Yarımçıq əlyazma”, “Dolu”, “Ağ qoç, qara qoç”, “Bayraqdar”, “Kəpənək modeli. 102” və daha neçə belə əsərin adını gözləyirdim; hətta fikirləşirdim ki, R.İbrahimbəyov, Ç.Abdullayev, Afaq Məsud, Rəşad Məcid kimi Münsiflər Heyətində yer alan yazarlar bəs necə olsun, onlar müsabiqədə iştirak etməyəcəklərmi; məgər bu, “milli kitab” yarışması deyilmi?! Bu hesabla birinci müsabiqənin nəticələrində sonda gələn gənclərə heç yer olmamalıydı; amma artıq bəlli olduğu kimi, MKM-in 20-lik “uzun siyahısı” ədəbi ictimaiyyət üçün xeyli dərəcədə gözlənilməz, üstəlik yaşca daha gənc yazarların xeyrinə oldu...
Elə buradaca müsabiqəyə maraq daha da artaraq (kəmiyyətdən keyfiyyətə keçərək), indiyənəcən “Azərbaycanda keçirilən bütün ədəbi müsabiqələr”in bəlası: qiymətləndirmə nə dərəcədə obyektiv, ya subyektiv olubdur? – müstəvisinə keçdi. Obyektivliyin xeyrinə ən azından bu arqument ortadaydı ki: 20-liyi ümumən bəyənməyənlər vardısa da, çox azdı; demək, nəticələr sevindiriciydi. Subyektivlik söhbəti orda başlayırdı ki, daha nə qədər dəyərli əsərlər kənarda qalmışdı; “nədən bu əsər yox, məhz o əsər?” şübhələri ortaya çıxdı (məsələn, Kultaz-da müsabiqə ətrafındakı şərhlərə baxmaq olar). Mənim şərhim: Əslində, ikinci məqam da müsabiqənin xeyrinədir; deməli, əsərlər var, kitablar var, hətta bəlkə 20-liyi 30-luq siyahıya qaldırmaq olardı; bu isə indidən gələcək müsabiqələrin gərəkliyini müjdələyir. Digər tərəfdən, müsabiqənin Ekspertlər mərhələsi başa çatdıqdan sonra, analizlər gedişində güman ki, ekspertlər özləri tənqidi iradlara daha səhih cavablar verəsidirlər...
Amma qabağa qaçaraq, məsələn, 525-ci qəzetin məhz qalib 20-lərdən “müsabiqənin obyektivliyi” barədə rəy alması və asanlıqla: “müsabiqəyə əsər təqdim edən müəlliflərin əksəriyyəti ilkin mərhələnin nəticələrinin obyektivlikdən xəbər verdiyini bildirirlər” qənaətinə gəlməsi (bax: 525-ci qəzet, 06.02..2010) heç də işin xeyrinə deyil (ələlxüsus nəzərə alanda ki, qəzetin baş redaktoru münsiflərdən biri - Rəşad Məciddir); müsabiqəyə münasibəti qəti iki yerə bölməklə (20-liyə düşməyənlər “qeyri-obyektivdir” deyirsə, təbii ki, qaliblər “obyektiv”liyə səs verəcək), analitik yanaşmalara əngəl olur. Bu isə dünəndən qalma vərdişlərə daha da rəvac verə bilər: biz və onlar; qaliblər və məğlublar; nikbinlər və bədbinlər...
MKM-in təşəbbüsçüsü, “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar xanım Köçərli ilkin nəticələrdən razıdır: “Şəxsən mən bu siyahının tərkibindən çox razıyam. Burada ədəbi rəngarənglik təmin olunub. Siyahıda xalq yazıçısı ilə yanaşı hərbi xidmətdə olan gənc yazar da var. Bundan başqa əyalətdə yaşayan yazıçı da siyahıda yer alıb. Bu siyahı cəmiyyətdə təhlil olunur, müxtəlif fikirlər səslənir. Əlbəttə, bəzilərinin narazı qalmalarına da təbii yanaşmaq lazımdır. Çünki 265 əsərdən cəmi 20-si seçilib. Ekspertlər Şurasının peşəkarlığına və obyektivliyinə çox inanıram, onların düzgün seçim etdiyinə əminəm...”
Başlıcası, budur; sonra ekspertlər 20-dən daha 10-unu seçəcək, həmin əsərlər nəşr olunaraq, kitabxanalara, məktəblərə paylanacaq; konkret nümunələr əsasında zövqlər itilənəcək; oxucuların kitaba marağı, kitab alıcılığı daha da intişar tapacaq və s.
Deyəcəksiz, nə uzaq məqsəd oldu; amma yox, artıq iki onildir, yaxını pusa-pusa biz neçə oxucu nəsillərini itirmişik; Nigar xanım davam edir: “...Əslində ədəbi mühit də razılıq və narazılıqların fonunda formalaşır, dirçəlir. Bütün hallarda biz qarşıya qoyduğumuz məqsədlərə nail olduq; neçə vaxtdır ədəbiyyatdan, kitabdan danışılır, əvvəllər əsasən “525-ci qəzet”də kitabın, ədəbiyyatın təbliğatı aparılırdı. Mükafatın təsisindən sonra digər qəzetlər, informasiya agentlikləri də bundan yazır. Ədəbi prosesdə canlanma hiss olunur. Kitab mövzusu artıq yarım ildir ki, gündəmdədir, ədəbiyyatın sosial önəmi artıb” (525-ci qəzet, 06.02..2010).
Və mənim şərhim: məncə, tələsmək lazım deyil; ilkin uğurlar heç də çaşdırmamalıdır. Eh, Nigar xanım, bizim ədəbi proses o qədər belə canlanmalar görüb ki; ardıcıl olamazsa, daha yarım il keçər, baxıb-görərik yenə haman hamam, haman tas. Əgər MKM sadəcə bir kampaniya səciyyəsi daşıyacaqsa, ardınca nəticələrin ciddi analizi, önəmi, dəyərləndirilməsi gəlməzsə; məhz nəzərdə tutulduğu kimi, qalib əsərlərin reklamı, təbliğatı, şöhrətləndirilməsi baş tutmazsa; ən nəhayət oxucu auditoriyaları və kitab bazarı bu müsabiqənin nəticələrinə biganə qalarsa... – tezdir, sevinmək tezdir, çox tezdir. Hərçənd bütün bu məqamların intizarında ikən, daha bir nöqtə diksindirdi məni: bu “xalq yazıçısı”, bu “gənc yazar”, bu “əyalət yazıçısı”... – olmaya-olmaya, MKM əvvəlcədən hansısa ustanovkalara köklənə və bu da Ekspertlərin işinə təsir edə (?). Ədəbiyyat belə yanaşmaları heç vəch bağışlamır; uzun sovet dönəmində o sosiallığın bəlasını çox çəkmiş; ciddi Ədəbiyyatın bir ölçüsü var: ədəbi-bədii dəyərlik; məhz daha üstün bədii əsər önə keçməlidir! Əks halda nəinki Ədəbiyyat, heç bazar qanunları da işləməz ki: şornan balın qiymətində bir fərq olmalıdır, yox?; nə fərqi var ki, onu cavanmı ya qoca yazıçı bazara çıxarıb; əyalətdən gəlibsə, daha yaxşı, keyfiyyətinə minnət...
Yenə gəlib çıxdım sıfır nöqtəsinə; yəni o məqama ki, məhz ədəbi tənqidin işidir. Qarşımızda kitab bazarının (nəşriyyatların, kitab reklamının) təklif elədiyi canlı siyahılar durur; bu əsərlər bizə nə deyir; onlarla, hətta yüzlərlə ədəbi kağız məmulatı içərisindən niyə məhz bu əsərlər seçilmiş, seçilmişlər olmuş? Bu barədə yazmağın vaxtı çatmamışmı; təbii ki, çatmış. Öz borcumu unudub, sosioloq və jurnalistlərin işinə müdaxilə etməyim, güman ki, yetər. Ya bəlkə azca səbr edib, bismillaha elə MKM-in təklif etdiyi 10-luqdan başlayasan? Yəqin ki, bu, daha effektli olar.
Tehran Əlişanoğlu
07.02.2010