Mim və mimçilər barədə

Mim və mimçilər barədə

Tarixi və şərh

Pantomimanın əsas ifadə vasitələri jest, mimika, poza və hərəkətdir. Pantomima - yunan sözü olub ("Phantomimos”) hər şeyi ifadə edə bilmək bacarığı deməkdir. Pantomima söz qədər zəngin qeyri-adi ifadə vasitəsidir. Hərəkət- pantomimanın əsasını təşkil edir. Jest isə göstərmə zamanı hərəkətin əsas daşıyıcısıdır. İbtidai insan fikirlərini ifadə etmək üçün göstərməli, təqlid etməli idi. Bu baxımdan inkişaf jestin, hərəkətin inkişafına səbəb oldu. Şərqdə ən qədim teatrlardan biri Hind "Katxakali” teatrı pantomim elementləri ilə zəngin idi. İlk növbədə bu teatrda rəqsin ifadə vasitəsi öndə dururdu.
Pantomimanın vətəni Yunanıstan sayılır və Şərqdə olduğu kimi burada da rəqsə bağlanır.
Ümumiyyətlə, "Mim” sənəti nə deməkdir? Mim - Qədim yunan dilindən tərcümədə təqlid və ya təqlidçi anlamına gəlir. Mim - antik teatrda xüsusi nümayiş növüdür. Onun əsasını məişət və satirik səhnələr təşkil edir. Alleqoriklik "mim sənətinin” əsasını təşkil etdiyi halda mim sənəti də pantomimanın başlıca komponenti hesab olunur. İlk vaxtlarda xalq tərəfindən yaradılırdı və heç bir müəllif yaradıcılığından söz gedə bilməzdi. Qədim mim sənətinin aparıcıları təhkimlilər, qullar olurdu. Bu formada dialoqlardan və monoloqlardan da istifadə olunur. Bunlardan əlavə vokal mimlər də mövcud idi. Bu mimlərin əsasını rəqs təşkil edirdi. Aktyorlar maskasız oynayırdılar və tamaşalar meydanda göstərilirdi. İlk dəfə bu stilin professional səhnədə göstəricisi Marsel Marso olur.

Professional pantomima

XX əsrin 20-ci illərində Jak Koponun "Köhnə Göyərçin Yuvası Teatrı”nda apardığı eksperimentlər nəticəsində sözsüz, qrimsiz və dekorasiyasız tamaşalar meydana gəldi. Bu tamaşalar mimdən və səslərdən ibarət idi. Koponun qurduğu teatrın formulu çox sadə bir sözlə "xəsis” idi. Onun fikrincə teatr musiqiyə, dekorasiyaya, ədəbiyyata, hətta nə qədər parodoksal görünsə də, aktyor sənətinə də münasibətdə xəsis olmalı idi. Sonradan Koponun ideyasını Şarl Düllen davam etdirdi. Sonradan həmkarı olacaq Etyen Dekrü Fransada sözçülüyə qarşı çıxan rejissorlardan idi. Pantomim sənətinə daha böyük addımı Jan Lui Barro atdı. "Gizlini aşkar etmək” devizi altında pantomim axtarışlarını genişləndirirdi.
Marsel Marso məşhur Pantomim yaradıcıları Şarl Düllen və Etyen Dekrünün tələbəsi olub. 1940-cı ildə Dekrü Parisdə mim sənətinə dair məktəb yaradır və tələbələri ilə mim səhnəciklərində iştirak edir. Mimika üzrə Dekru bir çox teatrlarda müəllim kimi işləyib. Jan Lui Barro və Marsel Marso Etyen Dekrünün ən məşhur tələbələrindəndir. 1947-ci ildə Marso mim-aktyorlarının truppasını yaradır və Parisin bir çox teatrlarında çıxış edir. Onun ən məşhur obrazı gülməli, qəmgin "Bip”dir. Marso "Bip və kəpənək”, "Bip - şar satan”, "Bip - əsgər” və s. silsilə tamaşaları ilə məşhurlaşır. 1949-cu ildə Marsel Marso öz teatrının yaradır. Onun yaratdığı dörd dəqiqəlik "Uşaqlıq, gənclik, qocalıq və ölüm” miniatürü ona pantamim ustası kimi şöhrət qazandırdı. 1959-cu ildə Marso ən yaxşı pantomima tamaşasını səhnələşdirir - "Paris gülür, Paris ağlayır”. Burada da Bip qəhrəman obraz olaraq qalırdı. Pantomima səssiz kino ilə də qırılmaz tellərlə bağlıdır. Səssiz filmlərin kralı sayılan Çarli Çaplinin məhz, pantomim hərəktləri ilə məşhur olmağı danılmazdır. Marsel Marsonun Çaplinlə görüşü ona filmə çəkilməyə imkan verir. Marso həmişə xatırlayır: "Altı yaşım var idi. Uzun şalvarımı kəsmişdim, özümə bığ düzəltmişdim və Çaplin olurdum. Səkkiz yaşıma kimi bu mənim sevimli rolum olub. Pantomimada bədən - poeziyanın alətidir. O qəlbin rəngarəng hallarını ifadə etmək bacarığındadır”.

Milli pantomima

İslamdan əvvəl Azərbaycan ərazisində "yuğ” mərasimləri keçirilirdi. Dəfn mərasimindəki yuğçu rəqqaslar pantomim hərəkətlərlə ölmüş adamın igidliklərini göstərirdilər.
Xalq oyunlarının içərisində "Lal oyunu” da bu janra çox yaxındır. Plastik bədən hərəkətlərinin, him-cimin vasitəsi ilə mətləbi çatdırmaq əsas götürülürdü. Bunlardan əlavə jonqlyorlar, klounlar "hoqqabazlar” tərəfindən göstərilirdi.
Ötən əsrin 90-ci illərinin əvvəllərində milli pantomima sənətinə ilk addımlar atılır. Azərbaycana ilk dəfə professional pantomimanı gətirən Bəxtiyar Xanızadə "Yuğ” Teatrında Samuel Bekketin "Bir aktyor üçün him-cim oyunu” tamaşasını hazırlayır. Sonradan tamaşa "Ümid” adı ilə oynanılır. "Ümid” ilk pantomima oyunu, ilk sözsüz tamaşa kimi Azərbaycan teatr mədəniyyətinə daxil olur. Çox keçmədi ki, 1994-cü il mayın 16-sı "Dəli yığıncağı” pantomima teatr studiyasının açılışı olur. Təzəcə fəaliyyətə başlayan studiya Bəxtiyar Xanızadənin quruluşunda "Pantomima buketi”ni hazırladı. Bir-birinin ardınca premyeraları ilə özünün yeni üslub axtarışlarını təstiqlədi. "Nağaraçılar”, "Kvaksafon”, "Vətənpərvərlər”, "Pantomima klounada” və s. 1995-ci il Bəxtiyar Xanızadə yeni bir stildə pantomim tamaşa hazırlayır. Məhəmməd Füzulinin "Leyli və Məcnun” poeması motivlərində pantomima-balet stilində "Gəldim ki, olam ğəmin hərifi” tamaşasını hazırlayır. Hər dəfə yeni axtarışlar gələcək pantomimanın mükkəmməl formalaşmağına dəlalət edir. 2000-ci ildə "Dəli yığıncağı” pantomim studiyasına dövlət statusu verilir. Dövlət Pantomim Teatrı ilk premyerasını Əbdül Qəyyum Moxtar və Bəxtiyar Xanızadənin hazırladığı "Uçuşun məntiqi” tamaşası oldu. Sufi Şeyx Əttarın poemasının motivləri əsasında hazırlanan tamaşa tam yeni bir pontomimanın triumfu idi. Burada artıq fəlsəfi ospektlər və daha dərin məntiqi fikirlər tamaşaçını heyran etməyə bilməzdi. Sufi məntiqində mənəvi təmizlənmə parametrləri pantomim sənətinə çox yaxınlaşdı. Bununla Bəxtiyar Xanızadə bəyan etdi ki, pantomima ilə dünyanın fəlsəfi dərinliklərini aşılamaq da mümkündür. Bədən daha güclü ifadəyə malikdir. Bəzən dilin ifadə edə bilmədiyini bədən asanlıqla göstərməyə qadirdir.
Studiya dövlət stausu alana qədər "Karol xofu”, "Şəngül, şüngül, məngül”, "Kimdir müqəssir?” tamaşalarını hazırlamışdı. "Uçuşun” ardınca Çinciz Aytmatovun ("Əsrə bərabər gün”) romanı əsasında "Manqurt” tamaşası hazırlandı. 2002-ci ildən bu günə qədər Pantomim Teatrının "Dulusçu”, "Zibillik pərvanələri”, "Eşq”, daha sonra "Yad”, "Kölgə”, "Maska”, "Foto Bahar” və s. tamaşalar yeni istiqamətləri ilə yadda qaldı. Bundan əlavə Pantomim Teatrı bir çox festivallarda iştirak etdi və mükafatlar aldı. Ümumilikdə hazırlanan tamaşaların bir çoxunun müəllifi Bəxtiyar Xanızadənin özüdür.

Qeydlər:
XX əsrin ortalarından başlayan professional pantomimanın ifadə vasitəsi təbii olaraq jestin, mimikanın, hərəkətin dəqiqliklə göstərilməsi idi. Pantomimada hərkətlər gerçəkliyin olmadığı bir məkanda baş verir. Səhnə tam mənası ilə boş olur. Marso bu yöndə mim yaradıcılığını zirvəyə qaldırdı. Onun məşhur olması bəlkə də "Kamedi Del Arte”də (XVI-əsr İtaliyanın maska teatrı) olduğu kimi xüsusi personajların kütlə tərəfindən sevilməsi və həmin personajların müxtəlif situasiyalarda görünməsi idi. Təkcə bu istiqamətdə durub dayanmaq da qeyri mümkün idi. Çünki, danılmaz faktdır ki, Marso gözəl bədən ifadəsinə, maraqlı hərəkətləri ilə professional olduğunu dəfələrlə sübut edib. Bu dövr mim sənəti sırf məişətin və satira ilə müşayət olunurdu. Pantomim aktyoru həm rejissor, həm də dramaturq da ola bilir. Marsel Marso bütün tamaşalarını özü yazır və özü səhnələşdirirdi. Axtarışların yalnız bir istiqamət götürməsi pantomimanı durğunlaşdıra bilərdi. Əsrin ortalarını əhatə edən pantomim sənəti çərçivələrdən çıxa bilmirdi.
XX əsrin sonlarında Bəxtiyar Xanızadə bütün çərçivələri dağıtdı və sübut etdi ki, pantomim janrında daha dərin mənaları göstərmək mümkündür. Bu halda pantomima modernləşdi yeni stillər axtarışında yeni nailiyyətlər əldə etdi. Bədənin imkanları daha fərqli axtarışlara tərəf yönəldi. Əvvəlcə, "Eşq”də insan sevgisini əks etdirən damcıların rəqsində bədənin imkanlarını geniş müstəviyə çıxartdı. "Maska” tamaşasında isə, personajların xarakterlərini simvollaşdırdı. Məişətin sonucda qloballaşması ortaya atıldı. Sonu yüksək dərəcəli nəticə. İnsan halının bədənə köçürülməsi və ən əsası psixoloji-emosional halın bədəndə modern təzahürü. İnsanın emosional hissindən doğan qeyri adi hərəkətlər. Bütün bunlar azəri-pantomimasının gerçək nailiyyətləridir.
Amma, təkcə demək olmaz ki, bu bizdədi və heç kəs bunu edə bilmir. Hal-hazırda Avropa teatrları da belə modern axtarışlardadır. Sadəcə, istiqamətlər və yozumlar fərqlidir.

Əli.Ə