MKM və ya Nobel nitqini yazan Aslan Quliyevin düşündükləri

MKM və ya Nobel nitqini yazan Aslan Quliyevin düşündükləri

Fikrət zəng elədi, kitab müsabiqəsinin keçirildiyini dedi, maraq göstərmədim,   Azərbaycanda müsabiqələr, həm də ədəbiyyat sahəsində keçirilən müsabiqələr riyakarlığın bariz nümunəsidir. Ən sonda  iştirak elədiyim Prozan N elektron müsabiqəsinə (Tehran Əlişanoğlu, Məqsəd Nur) «Rusiyadan gələn qardaş»la qatıldım, hekayə heç ikinci mərhələyə keçən 9 yaxşının siyahısına belə düşmədi. Yalnız bircə dəfə televiziya müsabiqəsində üçüncü yer tutmuşam. Onda da yazını bəyənən Mailə Muradxanlı mənim «Kommunist»də işləyən Aslan Quliyev olduğumu demişdi.

Necə oldusa, birdən-birə fikrimi dəyişdim, Əlbabbasa, Nəriman Əbdülrəhmanlıya zəng elədim. Nəriman dedi ki, mkm.az saytına gir, orda bütün qaydalar yazılıb. Sayta girdim, anketi tapmaq üçün bir qədər ilişdim, yenə Nəriman köməyə gəldi. Nəhayət anket tapıldı, Kultaz.Com da gedən «Mapmavi səma və ağappaq buludlar»ı yenidən işlədim, «Yağışı sevmirdi»yə isə toxunmadım və bu iki yazını göndərdim.

***

Yeri gəlmişkən vaxtı ilə «Kommunist»də işləyən Aslan Quliyevlə məni həqiqətən də qarışdıranlar olub. Bakıdan zəng eləyən qohumuma cavab verəndə, bir müddət dillənə bilmədi, sənsən, sağsan, qəribə sözlər mızıldanırdı.
- Səninlə danışıramsa…
- Mənimlə danışırsan, amma hardan danışırsan? «Vətəndaş həmrəyliyi»ndə öldüyünü yazıblar, yaxınlarına baş sağlığı veriblər.

İnanmadım, qəzeti təzəcə almışdım, açıb baxdım, haqlıydı, qəzetdə Aslan Quliyevin öldüyü yazılmış və bu münasibətlə əzizlərinə, doğmalarına başsağlığı vermişdlər. Qəzetin baş redaktoruna, mənə başsağılığı verənlərə zəng elədim, hamı çaşıb qalıb, məlum oldu ki, nə vaxtsa adı və soyadı karıma gələn adaşımdır rəhmətə gedən. Bu az şeyi dəyişir, bir ucdan zəng eləyirlər, ağıllı, ciddi adamlardan saçma-sapan sözlər eşidəsi oluram. Nə cür yəni ölməmişəm, o dünyadan necə danışıram, hətta biri kiminlə danışdığının fərqinə varmır. Elə beləcə birbaşa deyir, qəbrin nurla dolsun. Nə deyim, deyim dolmasın? Gənc yazıçı da zəng eləyir, altı aydır kitabını verib, heç cür özümü məcbur eləyib oxuya bilmirəm, bu, öldüyümdən xəbərsizdir, inadla kitabı haqda fikrimi soruşur.

- Sənin xəbərin yoxdur, - deyirəm, - mən atıq ölmüşəm.
- Nə danışırsınız? - özünü itirir, nəsə deyir.
- İnanmırsan, «Vətəndaş həmrəyliyi»nə bax, - deyib telefonu söndürürəm.
Bir azdan yenə zəng eləyir: «Bağışla, - deyir, - doğrudan da ölübmüşsən. Allah səni rəhmət eləsin!»
Xatırlamaq istəmədiyim günlərdəndir…

***

Mənə məktub göndəriblər.
«Salam,
Sizin qeyfiyyat nomresi - MKM-1109-0587».
Elə beləcə yazıblar, «qeyfiyyat nomresi»
Ekspertlər şurasında bu cür yazan adamlardan varsa, vəziyyət bərbaddır.

***

Hava mülayim olduğundan ağacların arasında oturub yeyib içirik, duman dağlardan enir, bizə doğru hirslə gəlir, amma bizə çatan kimi karıxıb qalır, parçalanır, yayılır, ağacların dibinə sərilərək, ağır-ağır, kədərlə yamac boyunca sürünməyə başlayır. Müsabiqələr haqqında nə düşündüyünü bilsəm də, buna danışıram. Gözlərini şübhə ilə qıyır:
- Müsabiqəni kim keçirdir, - qəfildən dönüb soruşur.
- Nigar Köçərli.
- Tanıyırsan?
- Yox, - deyirəm.
- Yeni addır… nə bilim… hər şey… - sonda nə dediyi anlaşılmır.

Bir-iki qədəh də içəndən sonra aqressivləşir. Yorulmadınmı, usanmadınmı? Sən bizdə nə cür müsabiqələr keçirildiyini bilmirsənmi? Onlar qalibləri tapandan sonra müsabiqəni elan eləyirlər. Sənin üçün ən yaxşı halda iki variant ola bilər. Birincisi adını heç uzun siyahıya də salmırlar. İkincisi, uzun siyahıya adın düşür, bu zaman mütləq və mütləq qısa siyahıya da düşəcəksən və səninlə orda vidalaşacaqlar.
Çox danışır, dinmirəm, müsabiqə haqqında buna danışdığım üçün artıq peşiman olmuşam. Vidalaşmadan ayrılırıq, deməyə sözümüz yoxdur. Arxamca qışqırır.

- «Mavi səma»nı da göndəribsən.
- Səma yerindədir, - yuxarını göstərirərm, - amma duman görünməyə qoymur.
- Öz səmanı. Mavi səmanı.
- Göndərmişəm.
- Gör sənə nə deyirəm… Hər halda onlar bunu eləməzlər… Azından mavi səmanın üzərindən xətt çəkməzlər.

Cavab vermədən geri dönüb gedirəm, gödəkçəmin boynunu qaldırıram, özüylə yovşan qoxusu gətirən çöl küləyi boyun-boğazıma dolur….

***

Moskvada  kiçik qardaşım Əhliman atamın divardan asdığı şəkliylə özüylə olduğu kimi danışır, dərdləşir. İşə gedəndə:
- Sağlıqla qal, ata, - deyir, - işə gedirəm. Çöldə  əsl çovğundur, küləyin vıyıltısı qulaq batırır.
Dünyada ən çox arxalandığım, güvəndiyim, özümə arxa, dayaq bildiyim, köməyinə, məsləhətinə, qayğısına ehtiyac duyduğum insan atam idi. İndinin özündə də nə vaxt sıxıntılı, çətin günlərim olursa, gecə yuxuma girir. Ömrünün son günlərinə qədər böyük ailəsinə və böyük tayfasına ağsaqqallıq elədi, bizdən çox bacısı, qardaşı uşaqlarının qayğısına qalar, hər işlərində yanlarında olardı. Ondan sonra birliyinə kimsənin zərrəcə şübhə eləmədiyi tayfa bağlarında da çatlar yarandı, artıq ailəmiz də əvvəllər olduğu kimi münətəzəm olaraq bir yerə yığışa bilmir, bunun üçün hər birimizin kifayət qədər səbəbi var, bizi bir yerə yığan, toplayan səbəb artıq yoxdur.

Əhliman işdən qayıdanda da üst-başının qarını çırpıb evə keçir, atamı salamlayır:
- Salam, ata! Çovğuna baxma, işlərim əla oldu. Hava da mülayimləşib, elə bizim yerlərin havasına oxşayır.

***

Haqsızlıqları çox gördüm, mənə daş atanları da… Lap çox…  Haqsızlıqlarla qarşılaşdımmı, ilk öncə meşələrimizdəki ağacları, yamyaşıl çöl otlarını, şırıltıyla axan dumduru suları, mamırlı daşları xatırlayıram. Bəlkə də həyatda əsla haqsızlıq eləməyənlərin də mövcudluğu ilə təsəlli tapdığıma görə. Üstünə gəlirlər, dişlərini qıcayırlar, qəddarlaşır, amansızlaşır, əsla və əsla haqqı, ədaləti yada salmırlar. Nəyə nail olurlar, qazancları nə olur? Ya da üstümdən sükutla keçirlər, məni görmürlər, sanki yoxam.
Mən varam.
İnsanlar, ay insanlar… məni eşidirsinizmi? Atdığınız daşlar yetməzmi?

***

Ekspertlər şurasının üzvlərinin adını açıqlamırlar, münsiflərin kim olacağı isə bəllidir. Çingiz Abdullayev, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Ramiz Fətəliyev, Elçin Şıxlı, Rəşad Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Balaş Qasımov, Elnur Baimov, Hamlet İsaxanlı, Rəbiyət Aslanova. Bu adlar mənim üçün yaxşı heç nə vəd eləmir. İkisi Yazıçılar Birliyinin üzvüdür, bu birliyin üzvü olsam da «Yazıçının savaşı» kitabım çapdan çıxanda birliyin foyesində satışına qadağa qoymuşdular. Gizlin niklərlə də adətən mənə «525-ci qəzet»dən atəş açırlar.

***

İki dənə soyutma kartof, bir tikə qızardılmış toyuq əti, acı bibər, pamidor, qara çörək, portağal şirəsi, bir şüşə araq götürüb pəncərənin qabağında otururam. Hisli şüşələrdən öz adi həyatını yaşayan şəhərin boz rəngiylə adamı sıxan darısqal küçəsi görünür. Məndən bir stol o tərəfdə əyləşmiş stolda kiminsə cib telefonundan «Axtarma məni» mahnısının sədaları balaca yeməkxanaya yayılır.
Bizim cavanlığın mahnısıydı. Məmmədbağır oxuyurdu.
Mirhüseyn də bu mahnını yaxşı oxuyurdu. İndiki kimi gözümün qabağındadır, qucağında bir dəstə çöl çiçəyi vardı, saçlarını külək oynadırdı, pöhrəlikdən çıxıb, şehli otların, çiçəklərin arasıyla gəlirdi və oxuyurdu. Üz-gözünə çiçək ləçəkləri yapışmış, şalvarının qıçları şehdən islanmışdı.

Sonra Bakıya getdi, oxuyur, Nizami parkında gözətçi qalırdı. Ona burda bir köşk vermişdilər. Biz də oxumağa gedəndə, gedəsi başqa yerimiz olmadığından Mirhüseynin köşkündə məskən saldıq.

Bir dəfə hay-küylə gəldi, baxışlarından alov saçılırdı, saçları dağınıq idi. Bir qadını soyublar, ona yol pulu lazımdır, rayona çatan kimi qaytaracaq. Artıq pulumuz nə gəzirdi, beş-on manat güclə tapıldı, bu qədər pulu qadına verməyi özünə sığışdırmadı, gəldiyi hay-küylə də çıxıb getdi. İdarəyə getmiş, nə demiş, neyləmişdisə, yetmiş manat aylıq əmək haqqının əlli manatını avans kimi ala bilmişdi. Gətirib qadına vermiş, onu yola salmışdı, uçmağa qanadı yox idi.
- Qadın haralıydı? - Nəzər soruşdu.
- Bilmədim.
- Ünvanını soruşmadın?
- Niyə də soruşmalıydım? - Mirhüseyn çaşıb qalmışdı.

Nəzər bir təhər söhbətdən yayındı, Mirhüseynə deməkmi olardı ki, qadın səni aldada bilər. Deməmişdik, amma nəsə hiss eləmişdi, əsib-coşurdu. Sizdə qəlb yoxdur, insanlıq hissləriniz ölüb, o, namuslu, vicdanlı Azərbaycan qadını idi, bu gün rayonlarına çatacaq, sabah da pulumu qaytaracaq.

Namuslu qadın pulu sabah da qaytarmadı, birisi gün də, bir həftədən sonra da. Mirhüseyn çaşıb qalmışdı, ola bilməz, özünə təsəlli verirdi, yəqin öldü, başına bir iş gəldi. Təskinlik tapmaq üçün məndən də soruşdu:
- Yəqin ölüb, hə?
- Yəqin, - dedim, onun inamını qırmaq istəmədim.

Gecələr də yata bilmirdi, qadının halına acıyırdı, yazığı burda soydular, rayona çatan kimi də öldü. Mən sakit qulaq asırdım, amma Nəzər dözə bilmədi:
- Ölməyib, - dedi.
- Necə yəni? - Mirhüseyin inamsızlıqla səsləndi.
- Ölməyib, səni aldadıb.
- Ola bilməz!
- Aldadıb, səni hələ çox aldadacaqlar.

Bu dəfə Mirhüseyn hirslənmədi. Görünür Nəzərin ona həqiqəti dediyini başa düşdü. Üz-gözünə tutqun kölgə çökdü, yaz yağışlarından sonra torpaq yollarda göyərib baş qaldıran, kənd qızları kimi utancaq, sadəlöv otların, çiçəklərin üzəriylə keçib şəhərə gəlmişdi sadəlövh Mirhüseyn, otlara inandığı qədər insanlara da inanırdı, inamını qırdılar, qırıldı, sındı. Artıq ömrünün qürubuna doğru gedir, amma hələ də o tutqun kölgə üzündən, gözündən çəkilməyib, hələ də üz-gözündə oynaşır.
Ayağa qalxıram, araq şüşəsi yarımçıq qalıb, tək içməyi sevmirəm. Məmmədbağır   bənzərsiz səsi ilə oxuyur:

Gəz dolan dünyanı, gəz dolan mənsiz,
Peşiman olsan da, axtarma məni.

***

Münsiflər heyəti üzvlərinin siyahısına bir də baxıram. Yox, bu adamlardan  keçə bilmərəm. Deyək ki, biri elə Afaq Məsud. «525-ci qəzet»dəki son yazısında iki cildlik «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyində müəllifin təsadüfən mənim adımı çəkməsinə etirazını sual işarəsi ilə bildirib. «Aslan Quliyev(?)» Yəni bu kimdir belə, nə haqla adını dərslikdə çəkirsiniz? Çaşıb qalırsan. Afaq xanım, biz müasir Azərbaycan ədəbiyyatında yoxuqmu? Bəs onda hardayıq? Afrika ədəbiyyatındayıq? Bu sizə çoxmu göründü, başa düşmədim, dərslik tərtib eləyənlər orda kiminsə adını ötəri də olsa çəkməkdən ötrü sizdənmi icazə almalıydılar? Afaq xanım, siz Meyxoş Abdullayevin, Fəxri Uğurlunun, Aslan Quliyevin hansı əsərini oxuyubsunuz? Afaq xanım, pəncərələrinizi geniş açın, bir çölə baxın, görün hansı dövrdür, kimlərinsə hökmü, işarəsi ilə kimlərinsə adının silinməsi, yox edilməsi mexanizmi artıq əvvəlki dəqiqliyi ilə işləmir. Belə işlər  sizlərin arzu, istəyinizlə olmur, mexanizmin bəzi boltları laxlayıb, düşüb, siz bununla barışmalısınız. Buyur, azmış kimi, Aslan Quliyevin varlığını sual işarəsiylə şübhə altına alan münsiflər heyətinin üzvünə Aslan Quliyevin yazısını oxumaq üçün verirlər və mən Afaq xanımın səsini aydınca eşidirəm: «De…mək belə! Yenə də sən?! Gəl bu…ura görüm!»

***

Payız bağında oxuyan hansısa qızın bircə misrası: «Mənim səsim oxşar səni, yorar səni…» Levitanın aylarca yadından çıxmırdı. Bəzən  oxuduğum hansısa misra, bənd, eşitdiyim hansısa mahnı həftələrlə fikirlərimi, düşüncülərimi məşğul eləyir, unuda bilmirəm. Salamın şeiri məhz böyrək «pristup»ları ilə əlbəyaxa olanda başımdan çıxmırdı.

Mən öləndə yağış yernən,
Buludlar göynən ağlasın.
Dirimi ağlayan anam
Ölümü eynən ağlasın.

Ağrıların əlindən divara dırmaşırsan, bu misralar da qulaqlarında təkrar-təkrar səslənir.
Əli-Bayramlıya getmişdik, ordan da Bakıya gedəcəkdim. Həkimə getdim, nəsə anlaşılmaz sözlər dedi, bir şey başa düşmədim, çölə çıxandan sonra məni gözləyən qardaşlarıma dedim, səfər təxirə salındı, gedib bir yerdə oturaq.

Oturmuşuq, pəncərədən bulanıq sulu kanal görünür, şoran torpaqda bitən dəvətikanları qayğısız halda titrəşir, mənimsə gözlərimin önündən uşaqlığım, cavanlıq illərim kino lenti kimi keçib gedir. Bir dünya da var, orda yağışlar yernən, buludlar göynən ağlayır,   anam da oturub ölümü ağlayır, dirimi ağladığı kimi.

Gecə yenə də  lənətə gəlmiş ağrı tutdu, maşına birtəhər oturdub təcili yardıma apardılar. İçəri girib bizə tərəf gələn həkimi görən kimi də sərxoş olduğunu başa düşdüm, ayaq üstə güclə qalırdı. «Hə, qardaş, ürəyimdə dedim, bitdi sənin işin. Mənzil başına çatdın!»

- Böyrəyimdə ağrı… bir…
Güclə deyə bildim. Huşumu itirdim, amma hardansa uzaqdan gələn qız səsini eşidirdim. «Sən onu öldürərsən, heç bilirsən o kimdir, onda səni…» Dibsiz bir boşluğa yuvarlandım. Ayılanda kiminsə köynəyimin qollarını düymələdiyini hiss elədim, çiynimə yun şal örtürdülər. Başımı qaldırıram, duman  arxasından mehriban bir qız sifəti görürəm, sifəti yellənir, saçları yırğalanır. Qız ağlayırdı.

Duman tədricən çəkilir. Qızı tanıyıram, qonuşuluğumuzda olurdu, Əli-Bayramlıya köçmüşdü. Bir gör harda rastlaşırıq. Qızın məni belə köməksiz, aciz vəziyyətdə görməsini əsla istəməzdim, bu qızın qarşısında ağlamayım deyə Allaha yalvarıram.
Ayrılanda qız şalını da vermək istəyir, almıram, minnətdarlıq üçün söz tapıb deyə bilmirəm.

***

Cavanlıqda dəbə hədsiz aludə idim, köynəyin arxasında neçə tikiş olması, kəmərin toqqasının rəngi, şalvarın balağının neçə sm. olması, saçın necə daranması, hardan olması az qala həyati önəm daşıyırdı. Tələbə büdcəsinin bütün bəndlərinə ciddi qənaət tətbiq edilsə də, bu aludəçiliyi təmin eləyəcək bəndə heç bir limit yox idi, elə buna görə də büdcəni hər il kəsirlə, ziyanla başa vururdum. Fransız köynəyi almışdım, səthi nahamar olan, rəngli kvadratlarla örtülən köynəyi Mirhüseynə də göstərdim, görürsən necə köynəkdir, su keçirməyəndir. Palıd ağacının dibindən keçəndə başıma bir vedrə soyuq su tökdülər, Mirhüseyn imiş, köynəyin su keçirib keçirmədiüini yoxlamaq istəyirmiş.

Mirhüseyn başını yuyur, Güloğlan da su tökürdü. Güloğlanın qabağındakı ilıq sulu vedrə idi, bir vedrə də böyründəki plitkanın üstündə qaynayırdı. İşlər qaydasınca gedirdi, şairliyindən çox huşsuzluğu ilə ad çıxartmış Güloğlan işinin öhdəsindən məharətlə gəlirdi, kefi kök olan Mirhüseyn də başını yumaqla məşğul olsa da, oxumağından da qalmırdı: «Alır bu canımı şuri-nəvası bülbülümün!» Birdən Mirhüseyn vəhşi bağırtı ilə bağıraraq bir sıçrayışla çölə sıçradı və onun bağırtısı bir müddət kəsilmədi, dalğa-dalğa gəlirdi, mən başa düşəni çöldə özünü ağaclara çırpırdı. Şair vedrələri qarışdırmışdı, məlum işdir, o da Mirhüseynin arxasınca çölə vıyıldadı və bir də Mirhüseyn yatandan sonra qayıtdı. «Mən neyleyim, vedrələr yadımdaydı, amma o zənguləyə keçəndə çaşdım». «Sakitcə uzan yat, - Nəzər xəbərdarlıq elədi, -     oyansa işini bitirəcək».

Güloğlanın şeirləri bizim yerlərdə əsən isti küləklər kimi idi, hərdənbir əsirdi. Əsdimi hamını isindirir, təbəssümə boyayırdı. Məşhur şeiri var idi: «Qoyunu qurda verdim, bilmədim harda verdim, nə fərsiz oğlanam mən». Sonunu da Fikrət tamamlamışdı. «Bilnəli Güloğlanam mən». «Zapı» almışdı, sürə bilirdi, bircə şüşəsilənlərdə ilişmişdi, bir də görürdün yayın cırhacırında şıdırğı işləyirlər, Güloğlan neyləyirdisə bu tuği lənətləri saxlaya bilmirdi. Göydən yağıb ələnəndə isə nə illah eləyirdisə, işə düşmürdülər. Məcbur qalıb satmağa qərar verdi, ancaq alıcılar maşına yaxınlaşan kimi   şüşəsilənlər işə düşürdü. «Boş şeydir, yorulub dayanacaqlar, - Güloğlan alıcını dilə tuturdu, - sən təki al». «Sən bunu dayandır. Sonra alım da», - alıcı inad edirdi. «Dayandıra bilsəydim, niyə satırdım?» - Güloğlan da yanıqlı-yanıqlı deyirdi.
«Zapı» erası arxada qaldı, bahalı xarici maşın alıb, amma problemi həməndir. Bir də görürsən Bakıdan kiçik yaşlı oğluna zəng eləyir, bunları necə dayandırım?

Mirhüseyn qatı leninçi idi, sosializmin uğurlarına, qələbəsinə qeydsiz-şərtsiz inanırdı, Leninin hansısa dediyini şübhə altına almaq onun nəzərində küfr eləmək kimi bir şeydi. Yazılarımı oxuyurdu, onun üçün yad, özgə idilər, qəbul eləmirdi, oxuduqlarına da, oxumadıqlarına da düşmən münasibət bəsləyirdi. Özü isə fəlsəfi yazılar yazmaqla məşğuldu, Marksın yarımçıq qoyduğu işləri tamamlamaq istəyirdi. Amma azərbaycanlı Marksın əməyini qiymətləndirən yox idi…

***

Bu gün Nigar Köçərlinin müsahibəsini oxudum, inana bilmirəm, müsabiqəyə 260 əsər təqdim olunub. 260! Bizdə indi yazı-pozuyla məşğul olan bu qədər adam olduğunu heç təsəvvür eləməzdim.

Oxuduqlarım isə məni daha çox heyrətləndirir. Məlum olur ki, müsabiqə elan olunan həftə münsiflər heyətinin bir üzvünə on nəfər zəng vurub, dəstək istəyib. Nigar xanıma da zənglər eləyiblər, hətta pul təklif eləyənlər də olub?!

Nigar xanım münsiflər heyətinin bu üzvünün adını açıqlamır.
Ona zəng eləyənlərin də.
Pul təklif eləyənlərin də.

Nigar xanım, sizin Azərbaycanımızın fikir dünyasında, ədəbi mühitində əsl inqilab eləmək şansınız, fürsətiniz var idi! Siz bunu eləyə bilərdiniz. Açıqlardınız bu adamların adını, onda bütün xalq görərdi, on illərdir pulu, imkanları, adamları sayəsində utanmadan, qızarmadan, xəcalət çəkmədən  başqalarının haqqına sahib olmağa cürət eləyənlər kimlərdilər? Bir daha kimsə insanlıq adına ləkə olan belə çirkin işlə məşğul olmağa cürət eləməzdi.
Siz bunu eləmədiniz.

Onlar yenə də başqaların haqqlarına halalca haqları kimi sahib olacaqlar.
Əsla sizi cəsarətsizlikdə qınamıram, şərtlər və şərait iradəsini diqtə eləyir, cəsarətli ola bilmək üçün müstəqil ola biləcək qədər asılı olmamalısan.

***

Mənim üçün yaz çölü səslərlə, hərəkətlərlə doludur, orda quşlar uçur, böcəklər, həşaratlar, qarışqalar qaynaşır, kəpənəklər uçuşur, arılar vızıldaşır, sular axır, küləklər əsir, yarpaqlar xışıldayır, otlar pıçıldaşır…

Bir dəfə Mirhüseyn dən daşıyan qarışqanın ardınca düşüb getmişdi, neçə dərə, təpə aşmış, gedib meşənin ətəyindəki qarışqa yuvasına çıxmışdı. Qayıdanda artıq qaranlıq düşmüşdü. Qoyunları itirmişdi, Mirhüseyn…

Torpaq yolun sonunu tapmaq üçün mən də çox getmişəm, mənim kənd təsəvvürümcə bu yolun sonu yox idi, gedib şosse yoluna, ordan da dünya yollarına qovuşurdu…

Təzə qalsınlar deyə Mirhüseyn qaloşlarını basdırmışdı, amma sonra harda basdırdığını unutmuşdu, bir il baxışlarında ümid, həsrət, baxışlarında alov, saçları dalğalanan Mirhüseyn çölləri dolaşıb qaloşlarını axtardı.

Mən torpağa, ota, çölə, bağlı birisiyəm. Rəhimsə az qala yurda bağlılığı it psixologiyası ilə izah eləyir.

Otdan, daşdan, ağacdan, çöldən aralı düşdümmü, ayağım altda öz torpağımız olmadımı, özümü öz boşqabımda hiss eləmirəm…

***

Fikrəltlə Güloğlan eyni məktəbdə, sonra da incəsənət institunda oxumuşdular. Dövlət imtahanına müəllim onların hərəsindən bir toğlu istəyir. Güloğlan yerlə-göylə oynayan bir qoç aparır, Fikrət isə ölüvay bir quzu. Güloğlan deyir, Fikrət, müəllim bəlkə də sənə qiymət yazacaqdı, amma bu quzunu görəndən sonra yer göyə də dəysə, yazmaz. Müəllimin bağında Fikrət Cüloğlanın qoçundan yapışıb bir təhər maşından düşürdür, Güloğlan da Fikrətin quzusunun boynundan yapışıb sürüyərək atır hasardan içəri.
Səhərisi imtahan başlayır, müəllim Güloğlanın üzünə də baxmır, birinci Fikrəti çağırır qabağa, heç soruşmamış beş yazır, hələ bir tərifləyir də. Güloğlanın da növbəsi çatır, nə danışırsa, müəllim başını yırğalayır, dözə bilmir: «Müəllim, - deyir, - kənd təsərrüfatını inkişaf elətdirmək lazımdır». «Güloğlan, - müəllim yenə də başını yırğalayır, - mədəniyyəti inkişaf elətdirmək lazımdır, mədəniyyəti. Mədəniyyət olmayandan sonra təsərrüfatın inkişafı nəyimizə lazımmış?»

İşlər şuluqdu, müəllim aşkarca ona qiymət yazmaq fikrində deyildi. Güloğlan danışır, arada da müəllimin yadına salır, müəllim, kənd təsərrüfatı inkişaf eləyəndə qoyunçuluq da inkişaf eləyir, toğlu, qoç.  Bir də təkrar eləyəndə, müəllim başına çımxırır: «Güloğlan, özünü yorma, qoyunçuluğun inkişafının sənə dəxli yoxdu, toğlu öldü, sabaha çıxmadı! İnkişaf eləsəydi, ölməzdi!» «Onda bəs Fikrətə niyə beş yazdın?» Gücbəla işin nə yerdə olduğunu başa sala bilmişdi.


İnstitutu qurtarandan sonra mədəniyyət şöbəsində işləyir, çayın sahilindəki köhnə bir evdə kirayə qalırdılar. Qonşuluqda davakar, dili acı bir qız olurdu, qızın Güloğlanla     söhbətləri alınmırdı. Bir dəfə qız iri bir hinduşka gətirdi, kəsdirmək istəyirdi, əlinizdən bir iş gələn deyil, amma bəlkə bacardınız? Fikrət imtina elədi, Güloğlan özünü irəli verdi, niyə gəlmir, nəyimizdi bizim? Güloğlan hinduşkanın qıçından yapışdı və məlum oldu ki, bayaqdan qızın qucağında sakit dayanmış bu quş hinduşka yox, qanadlı əjdaha imiş. Azından iki metr olan qanadlarını açıb şiddətələ Güloğlanın baş-gözünə çırpırdı, çaynaqlarını da işə salmışdı. Güloğlan quşla birlikdə yerə yumalandı, fırlana-fırlana, sürünərək çaya doğru gedirdilər, gah quş üstdə qalırdı, gah da Güloğlan, Güloğlan quşu çoxdan buraxmışdı, quş Güloğlanı buraxmırdı. Güloğlan da yerdən bir daş götürüb quşun başına-başına, harasına gəldi vururdu. Sürünüb çaya düşdülər, nəhayət çayda quş sakitləşdi. Güloğlan ayağa qalxdı, qorxunc görkəmi var idi, üz-gözündə salamat yer yox idi, başdan-ayağa qan  içində idi.
- Kəsdin? - qız şübhəylə soruşdu.
- Nəyi? - Güloğlan gözlərini döyürdü.
- Sən nəyi kəsməliydin, hinduşkanı.
- Öldü.
- Nə öldü?
- Hinduşka.
- Bəs sən onu niyə öldürdün?
- Görmədin, - Güloğlan   deməyə söz tapa bilmirdi.

Qız əsib coşurdu, Güloğlan da pərt halda mızıldanırdı. Narahat olma sənin üçün hinduşka alaram, ondan da irisini. Mən neyləyim, birdən atıldı üstümə. Lazım deyil sənn hinduşkan, gözlənilmədən qız güzəştə getdi, günah məndədir ki, sənə hinduşka kəsdirirəm. Get, üz-gözünü yu, yoxsa elə bilərlər baş-gözünü yarmışam.
Bir müddət bu əhvalat Fikrətin dilindən düşmədi, hey Güloğlanı cırnadırdı, sən haçandan hinduşka kəsən olubsan?

***

Mirhüseyn rus dilinin qatı təbliğatçısı, eyni zamanda da öz dilini fanatikcəsinə sevən alovlu vətənpərvər idi. Rus dilinin incəlikləri haqda saatlarla mühazirələr oxuyub bizi təngə gətirər, küçəyə çıxan kimi də ilk işi ona dükanlarda rusca cavab verən qızlarla tutaşmaq olardı. Sözlə təsvir edilməyəcək dərəcədə tərs, inadkar idi, tez-tez mərcləşərdik və tez-tez də uduzardı, həm də rus dilinin incəliklərində ilişərdi və mən bu incəliklərin sayəsində çox yeyib içmişəm. Kənddə bir yerdə müəllim işləyəndə də mərcləşdiyimiz çox olardı, bura Bakı deyildi, restoranı yox, yeməkxanası yox, cücədən, hinduşkadan mərcləşərdik. Bir də görərdin qadasın aldığım Mirhüseyn hinduşkanı vurub qoltuğuna küləyə sinə gərərək gəlir, küləy yaxasından girib pencəyini qabardardı.

Qəribə kəşfləri, ideyaları var idi. Anam, bacısı uşaqlarından ən çox onun xətrini istəyir, mübahisələrimizdə həmişə onun tərəfini saxlayardı. Amma bir dəfə Mirhüseyn lap uzağa getmişdi, anama demişdi ki, yer kürəsi fırlanır, amma arada bir-iki dəfə də mayallaq aşır. Anam inanmamışdı, mən gəlib çıxanda da Mirhüseyn dediyini deyirdi. Uzatmağa nə hacət, bir hinduşka da mayallaq aşmağın güdazına getdi.

***

Əskərilikdə meşədə işləyirdik. Meşənin içərisindən paravoz fit çalaraq çıxırdı, qapqara borusundan gur tüstü burumları qalxır, qabaqdan vuran külək tüstünü qatarın arxasına qədər yayır, orda isə küləyin təsiri azaldığından tüstü yayılır, seyrəlir, meşəyə çökürdü. Mənə elə gəlirdi tüstü şaxtaya təslim olmuş meşəni azacıq da olsa qızdırır.

Yoldəyişən qızın bizə rəhmi gəlir, bizi balaca köşkünə çağırır, isti çaya qonaq eləyirdi. Köşkdə odun sobası uğultu ilə yanırdı, tünd qətran qoxusu, yanan şam odunlarının qoxusu divarlara belə hopmuşdu. Sobanın üzərinə kartof qoyur, üstündən də aliminium əskər qazançasını keçirirdik. Balaca pəncərəsi qarla örtülmüş rus meşəsinə baxan, qətran qoxulu o köşk indiyə qədər gördüyüm ən rahat, ən işıqlı, ən isti yer olub mənim üçün, sobanın üstündə bişən kartof da yediyim ən ləzzətli yemək.
Köşkdən çıxıb hər şeyi, ağızdan çıxan nəfəsi belə donduran şaxtada donmuş çınqılların üzəriylə meşəyə getmək necə də əzablı olurdu!
Rus qızları eynən ağcaqayınlara oxşayırlar.

***

Uzun siyahini elan eləyiblər, mənim adım yoxdur orda. «Mavi səma»nın üzərindən xətt çəkiblər. Zəng eləyir.
- Adın siyahıda varmı?
- Yoxdur, - deyirəm.
- Demək, yenə aldatdılar?
- Aldatmadılar. Belə olacağını bilirdim.
- Aldatdılar! - qışqırır. - Səni hələ çox aldadacaqlar!

İllər öncəsi bu ədəbiyyatın uzaq və ögey qohumu olduğumu düşünürdüm. Yanılırmışam. Mənim bu ədəbiyyatla heç bir qohumluq əlaqəm yoxdur. Yadam. Özgəyəm. Tamam özgə.

Birdən qərara alıram müsabiqəyə yazı göndərdiyim gündən ara-sıra yazdığım bu qeydləri Zahir Əzəmətə göndərim. Qoy bu yazını da, müsabiqəyə göndərdiyim yazıları da versin, oxucular özləri işin nə yerdə olduğunu bilsinlər.
Belə də eləyirəm.

Burdan Oxuyun:
Yağışı sevmirdi (povest)
Mapmavi səma və ağappaq buludlar (hekayə-rekviyem)