Modernizm və postmodernizm

Modernizm və postmodernizm

Elxan Nəcəfov


Hər bir cərəyan özündən əvvəlki cərəyanın ya inkarı, ya da təsiri ilə yaranır. Uzunmüdətli və müxtəlif xalqlara məxsus cərəyanlardan olan modernizm daha çox klassizmlə müqayisədə qavranıla bilir. Modernizmi isə inkar edən cərəyan, adından da göründüyü kimi postmodernizm (modernizmdən sonra)  cərəyanı oldu. Modernizm klassizmlə rahat şəkildə müqayisə edilə bildiyi kimi, postmodernizmi də modernizmlə müqayisə etmək yerinə düşər.  Postmodernizmin tarixi və yazarları haqqında deyil, mahiyyəti haqqında danışacağıq…

 Klassizmdən modernizmə

Modernizm  ənənəvi olanı  yeniyə  tabe etmə üsuludur. Vərdiş edilmiş olanı  yeni meydana  çıxmış şəkildə ifadə olunmasına əsaslanan düşüncə tərzidir. Modernizm obyektlərin, varlıqların, vəziyyətlərin göründükləri kimi olmadıqları düşüncəsinə əsaslanır. Klassik (ənənəvi) roman xarici dünyaya, ətrafa və ictimai olana əhəmiyyət verir. Modernizm dünyabaxışı isə fərdin daxili dünyasına, ruhuna, şüuraltına əyilir.

Klassik yazıçı daha çox xarici dünyanı, ictimai və siyasi hadisələri önə çəkir. Modernist yazıçı isə həqiqətin xarici dünyada deyil, insanın daxili dünyasında gizli olduğuna inanır və ictimai olana deyil, psixoloji olana üstünlük verir.

Modernist yazıçı təhkiyədə dialoq və nağıletmə yerinə psixoloji düşüncənin açılmasına üstünlük verir,  şüur axışanı oxucuya açmağa çalışır. Dolaşıq və kompleks izahat üsullarından istifadə edir.  İşarələrə, mifologiyaya, əfsanələrə, mistisizmə, nihilizmə və fantaziyalara  inam göstərir. Süjetdəki hadisələrin açılmasında kənar ünsürlərdən köməkçi vasitə kimi istfadə edir. Hadisələrin qurulması  estetik qayğı ilə və insana xas bir həqiqəti ifadə etmək üzrə tənzimlənir.

Ənənəvi roman məzmuna, hadisənin danışılmasına əhəmiyyət verdiyi halda,  modernist ədəbiyyat formaya əhəmiyyət verir. Modernist roman klassik romandan məqsəd baxımından da fərqlənir.  Burada obrazların psixoanaliz düşüncə tərzi və hadisələrin  zəif süjet şəklində təsviri  verilir. Əsərdəki nəticə kimin və necə qavramasından və ya qəbul etməsindən asılı olur. Konkret dünya həqiqəti yerinə mücərrəd həqiqət meydana çıxmış olur.

 Modernizmdən   Postmodernizmə

Postmodernizm  hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi (həmçinin beynəlmiləl) dəyərləri rədd edir.  Postmodernizmdə  həqiqət ünsüründən daha çox xəyalpərəstlik  ön plandadır. Yazıçı hər hansı ittifaqa, qrupa üzv olmağa qarşıdır və təşkilatlanmağın əleyhinədir. O, öz fərdiliyini müstəqil qurmaqda maraqlıdır.

Postmodernist  romanlarda sonluq ümumiyyətlə naməlumdur. Ənənəvi təhkiyələrdəki sonluğu sonluğu görmək olmur. Hadisələrin yekunu oxucunun beynində bitir. Postmodern əsərlərdə ənənəvi romanlardan fərqli olaraq, süjet kollaj və montaj prinsipləri ilə seçilir. Belə əsərlər bir mövzudan, bir dünyagörüşündən bəhs etmir; çoxyönlü, müxtəlif dinli, fərqli mədəniyyətlər, fərqli baxış bucağı olan obrazlardan ibarət olur.

Postmodernizm üçün bütövlüyün inkarı, xaotikliyin, müxtəlifliyin  təzahürü xarakterikdir. Vərdiş edilmiş həqiqətlə mücərrəd həqiqət iç-içə verilir. Hadisələrə qarşı münasibətdə ciddilik əvəzinə lağlağı münasibət önə çıxır. Tənqid edilən məqamlar ironik  bir üslubla izah edilir. Yazıçı əsərinin hər yerindədir. O, sərbəstdir. İstədiyi zaman həm oxucusu ilə, həm də obrazı ilə söhbət edə bilir. Sanki gözlənilmədən müəllifin peyda olması ədəbi priyomdur. Bütün bunlarla bərabər, müəllif əsərinin içində yorucu deyil. Sadəcə oxucusunun beynində yer almağa qərarlıdır.

Posmodernist yazıçıya görə həyat bir oyundur.  Həqiqi həyatda qarşılaşılan şəxslərlə xəyal dünyasında olan və ya nağıl qəhrəmanları əsərin içində yer ala bilir. Mətnin forma sabitliyi olmadığı üçün fərqli ədəbi növlərdən isitfadə edilir.  Yəni romanın içərisində gözlənilmədən esse, lətifə və s. kimi janrlardan istifadə olunur. Zaman və məkan anlayışları klassik və modern ədəbiyyatdakı kimi konkret olmur. Klassizmdə və modernizmdə vərdiş etdiyimiz ədəbi növ və janr xüsusiyyətləri burada pozulmuş olur. Başqa dillə desək, postmodernizm sabit ədəbi düsturları inkar edir, sərbəstliyə meyilli olur.

Ədəbiyyatın əsas ifadə vasitəsi olan sözdən postmodernizmdə məqsədli şəkildə ifadəyə məhdudiyyət yoxdur: məhəlli, vulqar sözlərə, jarqonlara istənilən halda yer verilə bilir.Söz oyunundan, dilin ifadə imkanlarından tam sərbəst şəkildə istifadə olunur. İstər ədəbi dil, istərsə də məhəlli dildən isitfadə baxımdan postmodernistlər özlərini sərbəst aparırlar.

Dünya ədəbiyyatında geniş yayılan və son dövrlərdə Azərbaycan ədəbiyyatına da sürətlə nüfuz edən bu ədəbi cərəyan tənqidsiz ötüşməmişdir. Ədəbi tənqidçilərin əlində daha çox tənqidi vasitə yaradan səbəblərdən biri də postmodernistlərin bu sərhədsiz sərbəstliyidir.


//senet.az