MÜSABİQƏ: Şahnaz Kamalova. Hekayə

MÜSABİQƏ: Şahnaz Kamalova. Hekayə

IV “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin “20-liy”i

Nigarançılıq


Son günlər ağrılarım lap güclənmişdi .Özümü əvvəlkindən  daha halsız ,daha yazıq hiss edirdim. Ölüm atı çaparaq üstümə gəlirdi. Hazır olmam lazımdır.

Həmişə düşünürdüm ki, görəsən insan  ölümünün yaxınlaşdığını hiss edəndə ,nə düşünür,kimi düşünür?      Anamın babası 90 yaşında öldü,bir həftə can verdi, ölə bilmirdi .Arvadlar deyirdilər ki  : ,,Kmdənsə nigarandır, ona görə öləmmir,,.  Xeyli düşündülər, daşındılar , axırda qərara gəldilər ki, qoca yəqin nəvəsindən nigarandır. Nəvəsi,yəni anamın əmisi  oğlu İsveçdə təhsil alırdı.Babasının da üzünü artıq yeddi il idi ki görmürdü. Ona görə yox ki, uzaqda  təhsil alır.Ona görə ki,onun atası ilə anası yeddi il idi ki,boşanmışdı.Valideyinləri boşandıqdan  sonra  uşaq babasını görə bilməmişdi. Bu illər ərzində kişi Bakıya getməmişdi .  Uşağı da anası kəndə gəlməyə qoymamışdı. Bütün bunları  bilən qohum-qonşu qərara gəldi ki, kişi nəvəsindən nigarandır deyə öləmmir . Yazıq nənəm ,qaçıb şəkil çemodanını töküb o nəvənin bir şəklini tapdı.Şəkli gətirib kişinin sinəsinə qoydu,qonşu qarı da qocanın əlinə bir daş qoyub : ,, Nüyən Arifdir , a Məmməd,,- dedi. Deyəsən elə bu sözdən sonra   kişi canını tapşırdı. Gözümlə gördüm bunları.

Sonra da babamı döşəməyə ,xalçanın üzərinə  qoydular və üstünə kəlağayı sərib ağlaşmağa başladılar. Molla   ölünün baş ucunda oturub ,,Quran,,oxuyurdu. Arvadlar ağlaşıb yorulanda anam onlara limonlu çay gətirdi.  Onlar  da  çaydan içə-içə anamın əmisinin  arvadından niyə boşandığını müzakirə etməyə başaladılar. Qadınların hamısı bizim kəndin adamı idi deyə,şübhəsiz ki,boşanma davasında kişini haqlı bildilər.Hər ağızdan bir avaz gəldi: ,,Azz o elə Qazax dəlisiydi,dana .Bilmirəm İsbəndər  sağ olmuş onu hardan tapıb gətirmişdi?,, , ,,Qapıya gələndə adamnan oturub söhbət də eləmirdi,,…
O gəlini   dumanlı da olsa xatırlayıram. Görkəmcə qəşəng,ortaboylu bir qadın idi.Hər yay kəndə dincəlməyə gəlirdilər.Mən də gedib onlarda, onun oğlanları ilə oynayırdım. Tez –tez  o gəlinin əri  ilə davasının şahidi olurdum.Davanın nədən  və necə başladığını bilməzdim,amma bir necə cümləni qulağım çalardı:

- Hamı yayda Türkiyəyə gedir,Nabranda dincəlir ,biz də gəlib bürüşürük bu kəndə…

-Qənbər kimdi ki,sən onun qabağında özünü uşaq kimi aparırsan? Mejdu proçim,o elimlər namizədir,sən professor…
- Kişi ol,bir dəfə də ürəyindən keçəni o əclafın üzünə de…

Və bir dəfə də onların həyətində uşaqlarla gizlənqaç oynayırdıq. Mən pillənkanların altında gizlənmişdim,evdən yenə də gəlinin səsi gəlirdi:
- Sən nə vaxt kişi olacan?
-Kişi,kişi,olmuram mən kişi.Əl çək!

Aynəbəndin qapısı şaqqıldadı və gəlin güllə kimi çölə çıxdı.Mən də qeyri –ixtiyari pillənkanların altından çıxdım.Yamanca utanmışdım,tutulmuşdum.O da məni görüb bir anlığa duruxdu,sonra əlini yelləyib surətlə bağa doğru getdi.Bir az sonra  onun bağdakı gilas ağacının altında oturub ağladığını gördüm.Həmin ili, Bakıya qayıdanda onlar boşandılar.
Mənə maraqlı o  idi ki,anam həmişə: ,,Zeynəb yaxşı gəlin idi,əmim bekar şeydi.Özünü hamının yanında uşaq kimi aparırdı.O boyda professordur,ancaq bir laborant qədər hörməti yoxdur.Zeynəb də bezdi, boşandı,düz də elədi.,,-deyirdi.
Lakin indi ,yas mərasimində anam Zeynəbin əleyhinə danışan qadınlara bir şey demədi.Yeri deyilmiş yəqin.
Mənim günümə bax,üç-beş dəqiqədən sonra ölürəm,oturub yüz ilin ölüsünü düşünürəm.Baxmayaraq ki,düşünməli,yada salmalı,dərdini çəkməli çox diri adam var.

Məsələn, elə ərim.İndi baş ucumda oturub saçımı sığallayır.Bəlkə də , o uzağı on dəqiqədən sonra bu dünyada olmayacağımı hiss etmir.Bilir ki,öləcəm,özü də tezliklə.Amma hiss etmir ki, o vaxt lap yaxınlaşıb.
Həkimlərin ,,xərçəng!,, deyib hökm oxumaqlarından bir il,iki ay on beş gün keçib. Və ərim də bu bir  il iki ay on beş gündə mənim  tezliklə öləcəyimi bilirdi.Dünən ona heç halım  qalmadığını dedim.Üzümə elə yazıq-yazıq baxdı ki… Özümdən çox ona yazığım gəldi.Mənə nə var? Mən hər vəziyyətdən çıxış yolu tapa bilirəm.İndi də güclü ağrıdan çıxış yolunu tapacam-ölümlə. Bəs o nə edəcək?

İndi də üzümə əlacsız-əlacsız baxır: ,,Sən ölsən mən nə edəcəm?,, Günümə bax,mən ölürəm,bu  öz dərdini çəkir.
Ərimlə bir kənddə böyümüşdük.Uşaq vaxtı aramızda məhəbbət-filan yox idi. Onu heç düzəməlli tanımırdım da . Məndən yeddi yaş böyük idi və məktəbi bitirən kimi də Bakıya getmişdi. Bakıda İnşaat Mühəndisləri Universitetinə qəbul olunmuş,dörd il gündüzlər Universitetdə , gecələr də maşın dayanacaqlarında qarovulçuluq  edə-edə gününü keçirmişdi. Yayda kəndə gəlsə də üzünü görməzdim. Düzü , görmək üçün xüsusi bir həvəsim də yox idi.Çox sakit,fağır,dinməz-söyləməz oğlan idi deyə,heç kimin,ələxsus da qızların nəzərini   cəlb etməzdi.Mənim də o vaxtlar,nənəm demişkən ,,gur-gur guruldayan,,vaxtım idi. Yetənə yetər,yetməyənə bir daş atardım. Elə sakit oğlanları heç adam siyahısına salmazdım.
Sonralar məktəbi bitirdim,tibb texnikumuna qəbul oldum.Günlərin bir -xoşbəxtmi deyim,bədbəxtmi deyim,bilmirəm- günüdə kəndimizə qayıdanda elə həmin  avtobusda kəndə gedən     Elçinlə rastlaşdım və… bir ay sonra biz nişanlandıq.Sonra da toyumuz oldu.

Dediyim kimi,ərimin koroğluluğu yox idi.Sakit,vücudca da,xaraktercə də zəif bir adam idi.Evləndiyimizdən beş ay keçəndə mənə elə isnişmişdi ki,sanki bələyini də mən bələmişəmmiş.Heç sevməzdim belə kişiləri.Hələ də öz - özümə təəccüb edirəm ki,onunla nə deyib evlənmişdim.

Toyumuzun ildönümünü üçlükdə qeyd etdik-qaragöz bir oğlumuz olmuşdu.

Yasamalda birotaqlı  kirayə mənzildə qalırdıq.Ərim mühəndis işləyib aldığı azacıq maaşı bütövcə evə gətirərdi.İçki içməz,siqaret çəkməzdi.Səhərlər işə gedər,axşam evə qayıdıb yeməyini yeyərdi.Evdə qırıq-sökük nəsə olarsa onu düzəldib, bir az da televizora baxıb yatardı.Nə qəzet oxumaz ,nə də hər hansı futbol klubuna fanatlıq etməzdi.Bu adamı işindən və evin içindəki sınıq –sökükdən başqa heç bir şey maraqlandırmazdı.Günləri bir-birindən yalnız dəyişən tarixlərlə fərqlənirdi.
Mənsə başqa cür idim. Həə,artıq ,,idim,,!

Poliklinikada tibb bacısı işləyirdim.Amma maaşım çox az idi, heç uşağın bağçasını bir ay idarə etməyə belə yetmirdi.Odur ki, əlavə qazanc xatırınə evlərə gedib xəstələrə iynə vurardım.

Bundan əlavə evdə yorğan da sırıyırdım.Qonşularımızın  bütün qızlarının cehiz yorğanını mən sırımışdım.
Bacardığım bir işi görüb pul qazanmaqdan heç vaxt utanmırdım.Həm də evi,uşağı da idarə etmək də lazımdır axı.Ərimlə mənim maaşımın ümidinə qalsaq acımızdan ölərdik.

Oğlumu uşaq bağçasına qoymuşdum.Ancaq bağçada normal yemək vermirdilər  deyə, evdən hər gün yemək, peçenye,pirojnalar qoyurdum çantasına.Müəllimə də ayda əlavə pul verib xahiş edirdim ki,uşağa nəzarət etsin.
Sonra bir qızımız  oldu.Yaşamımızda isə başqa bir ciddi dəyşiriklik olmadı.Yenə də kirayə mənzil,az maaş və qənaət.
Evin demək olar ki,bütün problemlərini mən həll edirdim.Kimin ad gününə getmək lazımdır,kimə yox, kimin toyuna nə qədər pul yazılmaq lazımdır …

Uşaqlar da elə vərdiş etmişdi ki, bir problem olanda mənim üstümə yüyürürdülər.
Mənsə hər işin öhtəsindən gəlirdim.Gündüzlər işləyir,gecələr ərimin xorultusunu dinləyə-dinləyə  qonşulara yorğan sırıyırdım.
Uşaqlar böyüyürdü. Qızı ər evinə kirayədən yox,öz ata evindən köçürək deyə ,illərlə yeməyimizdən,geyinməyimizdən kəsib yığdığım pula ev almaq istəyirdim.Lap pis ev olsun,tavanı damsın, əsas odur ki,öz evim olsun.Öləndə öz evimdən götürülüm.

Artıq ev almaq üçün pul toplaya bilmişdim.Qonum-qonşudan da soraqlaşırdım ki, kim ev satarsa mənə desinlər.
Günlərin bir günü növbəti xəstəyə evində iynə vurub gələndə yoldaşımı evdə gördüm.Başını əllərinin içinə alıb oturmuşdu.Rəngi elə avazımışdı ki,qorxdum.

-Nə olub? Uşaqlaramı bir şey olub?
-Yox,uşaqlar yaxşıdır.
-Bəs nə olub ? Niyə bu gündəsən?
-Niyazı tutublar,saxta sənəd düzəldirmiş.Çiçək gəlmişdi.
Niyaz ərimin qardaşı idi.Üzünü toyda-vayda görərdik.İmkanı bizdən yaxşı idi.Üçotaq evi,xarici maşını,qısası,normal dolanışığı vardı.
-Çiçək  bizə niyə gəlmişdi ki?
-Türmədən çıxartmağa pul lazımdı.
-Bizim pulumuzmu var?
-Evə yığdığımız puldan verdim.

Hələ də əlimdə tutduğum ,içində  kartof və kələm olan zənbil yerə düşdü.Dizlərimin taqətdən kəsildiyini hiss edib yerə çökdüm.Aman Tanrım!!!  İllərlə gecə-gündüz işləyib yığdığım pul bir anın içində hələ bir dəfə bir qəpiklik xeyir görmədiyim bir insanın frıldağının üstünü örtürülməyə verilmişdi.

-Nə qədər verdin?-zarıdım.
-Beş min.
İçimdə nəyinsə qırıldığını hiss etdim.Balalarımın ac yatdığı gecələr,qolu dirsəyə çatana qədər geyindiyi paltolar və pencəklər,pulsuzluq ucbatından həmişə yoldaşlarından seçildikləri üçün axıtdıqları göz yaşları gözümün qabağına gəldi:
-Sən əclafsan!
-Bilirəm.Heç bilmirəm necə oldu ,verdim. Qaytararlar, yəqin ki.
-Hmm.Qaytaracaqlar.Bu iyirmi ildə onlardan bir qəpik görmüsən? Sənin balan qırx qızdırmada yananda üstünə getdin: “Antaliyaya gedəsiyik, pulun hamısını biletə vermişəm,”- deyib,  səni üzü üstə geri qaytardığı yadından çıxıb? Onda o qardaş deyildi?
-Mən böyüyəm,ata əvəziyəm.
-Nə əvəz? Sən hələ bir öz doğma balalarına atalıq et.

Bütün arzularımın üstündən xətt çəkilmişdi.İndi ən azı iki il daha işləməliydim ki, pul toplayıb ev ala bilim.
Sonralar özümü heç yaxşı hiss etmirdim.Tez-tez başım gicəllənir, başımda heç bir dərmanla keçməyən küt ağrılar yaranırdı.

Niyazı rüşvət verib qurtardılar.Verdiyimiz pulu qaytarmağı bir yana,heç quru “sağ ol”  da demədi.
Oğlum məktəbi bitirdi,tikintidə fəhlə işləməyə başladı.Qızımı isə saç ustasının yanına qoydum.Sənət yaxşı şeydir.İşini yaxşı bacarsan ömür boyu çörəyin olar.

Ev də aldıq, iki  balaca otağı və mətbəxi olan həyət evi.Amma evi alanda heç sevinmədim . Sanki, illərlə heç bu günü gözləmirəmmiş. Artıq yorulmuşdum. Həyatdan ,yaşamaqdan,heç zaman bitməyən baş ağrılarından yorulmuşdum.
Həkimə getməyə üzüm heç ağ deyildi, baxmayaraq ki,özüm tibb bacısı idim.Amma ağrılar elə intensivləşmiş,dözülməz olmuşdu ki,məcbur oldum.Əvvəlcə öz poliklinikamızın həkiminə müraciət etdim.O da müqavilə bağladığı aptekin 5-10 dərmanını reseptə yazıb əlimə verdi.Bundan ağlım bir şey kəsmədi.Düşündüm ki,yenə gəlmələr yaxşı olar.Hərdən Bakıya Türkiyədən,İrandan həkimlər gəlirdilər.Ancaq qəbulları çox baha olurdu.Yenə sağ olsun yaxşı adamlar.Qonşum Sənubər xanım özəl klinikada işləyirdi,onlara da Türkiyədən həkimlər gəlirdi.Ona dərdimi danışdım, dedi ki, gəl,danışaram,bəlkə qəbulu  bir az ucuz da edə bildik.

Getdim.Müxtəlif müainələr,analizlər və sonda diaqnoz-xərçəng!

Bilirdim belə olacağını.Hiss etmişdim hər şeyin yarımçıq qalacağını.Yenə yaxşı ki,qızı köçürə bildim,anasız gəlin köçmək ona lap çətin olardı.

Off,bu ağrılar… Canımda elə  kəskin ağrı hiss edirəm ki, az qalıram hönkür-hönkür ağlayam.Əslində ağlayıram da, ancaq səssiz. Üzümdə gilələnən göz yaşlarımı ərim dəsmalla silir.Hərdən də onun göz yaşı üzümə tökülür.Sanki yazda navalçadan yağış damır- arabir.

Yorğan-döşəyə düşdüyüm gün onun saçlarının ağardığını gördüm. Deyəsən, daha o mənim sağalacağıma, diaqnozumun yanlış olduğuna özünü inandıra bilmirdi. İşə də getmirdi.Bütün günü dünyanın ən bədbəxt bir cüt gözlərini üzümə dikib dururdu. Onun dərdindən də ağrılarım tutanda mümkün qədər özümü sıxırdım ki,qışqırmayım.Yazıqdır Elçin,qanbağır olur.
Eh,daha halım qalmayıb.Gedirəm,dədəmin,anamın yanına gedirəm, həmişəlik. Ancaq nigaran gedirəm,Elçindən nigaranam.